Məhkəmə qərarları › İş №1(101)-936/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-936/2020

13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-936/2020 13.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçıları – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 145 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi ev 64, mənzil 41-də pasport qeydiyyatında olan və həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşya tətbiq etməklə, hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı basqın etməklə quldurluq etmişdir. Belə ki, o, alkoqollu içkilərin qəbulundan sərxoş halda tamah niyyətilə özgənin əmlakını ələ keçirmə məqsədilə xx xxxxxx 2019-cu il tarixdə saat 12:04-də Zərərçəkmiş şəxs1 QSC-nin ünvan 1 saylı ünvanında yerləşən mağazasına daxil olaraq əvvəlcədən üzərində gətirdiyi silah qismində istifadə etdiyi zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən mətbəx bıçağını tətbiq edib hücuma məruz qalmış, zərərçəkmiş şəxslər həmin mağazanın meneceri Zərərçəkmiş şəxs2 və satıcı Zərərçəkmiş şəxs3 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı basqın edib onlara mənəvi ziyan vurmuş, daha sonra mağazanın vitrinindən 1 ədəd bir litr həcmində olan 25 manat dəyərində “Alpha Line” markalı spirtli içki şüşəsini və satıcının ödənişləri qəbul etdiyi vitrin masasının arxasına keçməklə həmin masanın alt hissəsində olan qutunun içərisindən 950 manat nağd pulu ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs1 QSC-yə 975 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 10:30 radələrində yaşadığı ünvanda içkili vəziyyətdə olmuşdur. Həyətə düşüb evin yaxınlığında yerləşən parkda bir qədər gəzişdikdən sonra yenə spirtli içki əldə etmək istəmiş, lakin üzərində pul olmamışdır. Həmin park bir neçə gün əvvəl alış-veriş etdiyi Zərərçəkmiş şəxs1 şirniyyat dükanının arxasında yerləşirdi. Bu vaxt həmin gün Zərərçəkmiş şəxs1 şirniyyat dükanında ona qarşı hörmətsizlik edən meneceri görmüş və onun dayandığı yerə yaxınlaşmışdır. Həmin vaxt pilləkanda siqaret çəkən menecer onu görüb, çox güman ki, tanıyaraq narazıformada ona baxıb içəri keçmişdir. Ona görə də həmin mağazaya arxa anbar qapısı tərəfdən yaxınlaşıb dəmir qapını döymüş, qapını açan mağazanın işçisi olan qızdan meneceri çağırmasını tələb etmiş və həmin menecer ona yaxınlaşan zaman ona pul və araq vermələrini tələb etmişdir. Bu vaxt həmin şəxslər ondan qaçaraq uzaqlaşmış və o, faktiki olaraq dayandığı arxa otaqdan onların dalınca mağazanın əsas müştərilər üçün alış-veriş otağına keçmişdir. Həmin şəxslər ondan qorxaraq aralanmış və o, ilk əvvəl əsas giriş qapısının yanında yerləşən vitrindən bir ədəd böyük şüşə butulkada olan araq və mağazanın giriş hissəsi ilə üzbəüz olan kassa yerləşən masanın arxasına keçib orada olan bir bağlamada yığılmış nağd pulu götürmüş və mağazanı gəldiyi yolla tərk etmişdir. Oradan çıxıb yaşadığı ünvana tərəf gedərkən onu arxadan kiminsə səslədiyini eşitmiş və dayanmışdır. Bu vaxt mağazada işləyən oğlan ona yaxınlaşıb nəyə görə belə etdiyini soruşmuş, o, isə çörək pulunun olmadığını bildirmişdir. Həmin şəxs ona götürdüyü pulun özünə məxsus olmadığını, şirkətin pulu olduğunu demiş və o, götürdüyü pulla arağı həmin şəxsə geri qaytarmışdır. Buna baxmayaraq, həmin şəxs ona 3 manat pul vermişdir. O da oranı tərk edib getmişdir. Həmin vaxt içkili vəziyyətində olduğu üçün hadisəni tam xatırlamır. Həmin vaxt onun üzərində bıçaq olmamışdır. Daha sonra polis əməkdaşları onu saxlamışlar. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi hazırki ifadəsindən fərqli olaraq, ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 mağazasında menecer ona yaxınlaşan zaman əynində olan gödəkçəsinin sol iç cibindən üzərində olan bıçağı çıxarıb ona pul və araq vermələrini tələb etmişdir. Sonradan polis əməkdaşları onu saxlayarkən həmin bıçağı onlara vermişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 2 saylı ünvanda yerləşən “Zərərçəkmiş şəxs1 Cake House”-da 2019-cu ilin iyul ayından etibarən menecer vəzifəsində işləyir. xx xxxxxx 2019-cu il tarixdə həmişə olduğu kimi iş yerində olmuşdur. Ondan başqa iş yoldaşı olan satıcı işləyən Əsma da orada olmuşdur. Saat 11:50 radələrində mağazanın əsas zalında dayanan zaman eşitmişdir ki, Əsma xanım onu digər içəri otaqdan çağırır. O, Əsmanın səsinə gəlmiş və otağa daxil olanda görmüşdür ki, arxa qapıdan bir nəfər tanımadığı kişi cinsində olan yaşı təxminən 40-45 olan şəxs içəri daxil olur. O, həmin şəxslə salamlaşmış və həmin şəxs birdən-birə əynindəki gödəkçənin sol döş cibindən bir ədəd bıçaq çıxarıb nalayiq küçə söyüşləri söyərək onlardan pul və araq tələb etməyə başlamışdır. Bu minvalla həmin şəxs onlara doğru irəliləyərkən onlar geri çəkilmiş və əsas zala qaçıb sütunun arxasına keçmişlər. Həmin vaxt həmin şəxs zalda yerləşən kassa aparatının arxasına keçib orada ayrıca topada yığılmış 950 manat pul olan bağlamanı götürüb mağazanın əsas çıxışına tərəf keçmiş və həmin vaxt əsas girişin yanında olan spirtli içkilər vitrininə yaxınlaşıb oradan bir ədəd dəyəri 25 manat olan 1 litr həcmində olan “Alpha Line” arağını götürüb yenidən geri qayıdıb mağazanın köməkçi arxa girişindən bayıra çıxmışdır. O, bu vaxt həmin şəxsin mağazanı tərk etdiyini görüb arxasınca getmək qərarına gəlmiş və sonuncunu izləyərək uzaqlaşdığı trayektoriyanı öyrənmiş və işlədiyi mağazanın yanında fəaliyyət göstərən “Şərab Evi”-nə girib oradan kömək istəmişdir. Həmin vaxt orada bir nəfər cavan oğlan onun xahişi ilə bayıra çıxmış və onun izlədiyi şəxsi uzaqdan görüb tanıyaraq həmin şəxsin tez-tez buralara gəlib-getdiyini, mağazaya daxil olub özünü öldürəcəyi ilə hədələyərək işçilərdən 1-2 manat pul və ucuz araq tələb etdiyini, hətta yaşadığı binanı da tanıdığını bildirmişdir. Bundan sonra onlar ikisi mağazaya basqın etmiş şəxsə yaxınlaşmış və yanındaki olan cavan oğlan həmin şəxsi səsləyəndə həmin kişi dayanmış və onlara tərəf dönmüşdür. Bu vaxt yanında olan cavan oğlan həmin şəxsə “nəyə görə belə edirsən, camaatı bədbəxt etmək istəyirsən?” sözlərini demişdir. Həmin vaxt kişi ona cavab olaraq “acam, mənə yeməyə pul ver” sözlərini demiş və bir əlində tutduğu araqla digər əlində saxladığı pul bağlamasını onlara tərəf uzatmışdır. O isə həmin şəxsə “üzərində bıçaq var yoxsa yoxdur?” sualını vermiş və həmin şəxs üzərində bıçaq olmadığını deyəndən sonra onlar həmin kişiyə yaxınlaşmış və sonuncu ona araqla pulları geri qaytarmış və ondan xırda pul istəmişdir ki, gedib haradasa yemək yesin. O da həmin şəxsə 3 manat pul verib yola salmışdır. Bundan sonra DİN-in 102 xidmətinə zəng vurub baş vermiş hadisəni olduğu kimi izah etmişdir. Həmin şəxsin əlində olan bıçağın ölçülərinə görə böyük olduğunu, tutacağının sarınmış vəziyyətdə olduğunu, hadisə vaxtı xəsarət almadığını, həmin şəxsdə olan bıçağı görüb tanıya biləcəyini qeyd etmişdir. Hadisəni törətmiş Təqsirləndirilən şəxs əvvəllər tanımamış və həmin şəxsi ilk dəfə hadisə baş verən günü görmüşdür. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə göndərərək, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 2 saylı ünvanda yerləşən “Zərərçəkmiş şəxs1 Cake House”-da 2018-ci ilin avqust ayından etibarən satıcı vəzifəsində işləyir. xx xxxxxx 2019-cu il tarixdə o, həmişə olduğu kimi iş yerində olmuşdur. Ondan başqa iş yoldaşı olan menecer işləyən Ülvi də orada olmuşdur. Saat 11:50 radələrində mağazanın içəri otağında olmuş, belə ki, həmin ərəfədə mağazaya arxa qapıdan yeni tortlar gətirilmişdir. O da həmin otaqda olarkən eşitmişdir ki, mağazanın köməkçi çıxışı olan arxa qapını kimsə döyür. Düşünmüşdür ki, tortu gətirmiş sürücüdür, mağazada nəyisə yaddan çıxarıb. Ona görə də qapını açmış və bir nəfər tanımadığı kişi cinsində olan yaşı təxminən 40-45 olan şəxs onunla salamlaşıb meneceri ondan soruşmuşdur. O da Ülvini çağırıb həmin şəxsə orada gözləməsini xahiş etmişdir. Həmin şəxs də orada dayanıb gözləmişdir. Ülvi onlara yaxınlaşanda o, bir qədər arxaya keçmişdir. Ülvi həmin şəxslə salamlaşmış, aralarında təxminən yarım metr məsafə olmuş və həmin şəxs birdən-birə əynindəki gödəkçənin qabağını aralayıb sol döş cibindən bir ədəd bıçaq çıxarıb Ülviyə tərəf tuşlamışdır. O, bundan bərk qorxmuş və Ülvinin ona tərəf qaçdığını gördüyü üçün özü də zala tərəf qaçmış və zalda giriş qapısına yaxın bir yerdə dayanmışdır. Çölə çıxmaq istəmiş, lakin həmin şəxsin yavaş hərəkət etdiyinə görə gözü Ülvidə qalmışdır. Bu vaxt görmüşdür ki, həmin kişi zalda yerləşən kassa aparatının arxasından keçib mağazanın əsas çıxışına tərəf keçmiş və orada olan spirtli içkilər vitrinində yuxarı rəfdə olan bir ədəd dəyəri 25 manat olan 1 litr həcmində olan “Alpha Line” arağını götürüb yenidən geri qayıdıb mağazanın köməkçi arxa girişindən bayıra çıxmışdır. Ülvi də həmin şəxsin arxasınca qaçmışdır. Həmin şəxsin əyani olaraq pul götürməsini görməsə də Ülvinin hadisədən sonra mağazaya geri qayıdanda əlində bağlamada olan 950 manat pul və araq şüşəsi tutduğunu görmüş və həmin şəxsin mağazadan araq şüşəsindan başqa xırda pul əskinazları yığılmış ümumilikdə 950 manat təşkil edən bağlamanı da götürdüyünü bilmişdir. Zərərçəkmiş şəxs Əsma İbrahimov məhkəməyə ərizə göndərərək, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 şirniyyat dükanında xadimə kimi 2019-cu ilin iyun ayından etibarən işləyir. Əsas etibarı ilə həmin şirkətə məxsus 52 saylı Bakı şəhəri Nərimanov rayonu Xətai küçəsində yerləşən dükanda işləyir, lakin 2019-cu ilin noyabr ayının 15-dən 2020-ci ilin yanvar ayına kimi olan müddət ərzində ünvan 3 saylı ünvanda yerləşən şirkətin 49 saylı satış dükanında işləmişdir. Hadisə baş verən gün, yəni xx xxxxxx 2019-cu il tarixdə o, həmişə olduğu kimi iş yerində olmuş, ondan başqa iş yerində iş yoldaşı olan menecer işləyən Ülvi və satıcı Əsma da orada olmuşdur. Saat təxminən 11:50 radələrində o, mağazanın əsas zal otağında olan zaman arxa otaqdan səs gəldiyini eşitmişdir. İlk əvvəl elə zənn etmişdir ki, Ülvi ilə Əsma zarafat edirlər. Lakin sonradan görmüşdür ki, Əsma qaçaraq zala daxil olmuş və sürüşərək yerə yıxılmışdır. Əsmanın dalınca isə zala Ülvi qaçaraq keçmiş və onlar ikisi də zalın əsas giriş qapısı tərəfə keçmişlər. Bu vaxt köməkçi otaqdan bir nəfər tanımadığı, yaşı təxminən 50 yaşlı kişi cinsindən olan şəxs əlində bıçaqla zala daxil olmuş və Ülvigilin arxasınca keçmişdir. Həmin vaxt o özü zalda kassa olan masaların arxasında dayanmışdır. Bu vaxt əlində bıçaq olan şəxs mağazanın giriş hissəsinin sağ tərəfində yerləşən vitrindən bir ədəd araq şüşəsini götürüb kassa aparatının arxasına keçmiş və kassa aparatından bir bağlamada olan pul götürüb gəldiyi yolla da geri qayıtmışdır. Sonradan eşitdiyinə görə həmin vaxt orada 1000 manata yaxın pul olmuşdur. Sonra Ülvi həmin şəxsin arxasınca dükanın arxa girişindən çölə çıxmışdır. O da Əsmanı dükanda qoyub, özü də Ülvinin dalınca getmişdir. Bir qədər mağazadan uzaqlaşıb həyətdə bir nəfər şəxsi görüb xahiş etmişlər ki, dükandan pul və butulkanı götürüb getmiş şəxsin tutulmasında onlara kömək etsin. Həmin şəxs nə baş verdiyini ondan soruşanda o, həmin şəxsə Ülvidən qabaqda gedən şəxsi göstərib baş verənləri izah etmişdir. Bu vaxt o, hiss etmişdir ki, müraciət etdiyi şəxs dükanı qarət etmiş şəxsi tanıyır və beləliklə də həmin şəxsi səsləmişdir. Bu vaxt o, təxminən 35-40 metr aralıda dayanmışdır. Ülvi ilə həmin şəxs isə mağazadan araq şüşəsi və pulu götürmüş şəxsə yaxınlaşmışlar. O, həmin şəxsin Ülviyə pul və butulkanı geri qaytardığını görmüş və onlar birlikdə mağazaya qayıtmışlar. Onlardan 2-3 dəqiqə sonra həmin şəxs yenidən mağazaya daxil olmuş və Ülvidən nəsə xırda pul istəmiş, lakin sonradan nə baş verdiyindən xəbəri olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-trasoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 30662 saylı rəyinə görə tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Cinayət işinə əlavə olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 509 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hər-hansı xroniki psixi xəstəlik qeyd olunmur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlrəinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Nəsimi rayon xalq məhkəməsinin xx xxxxx 1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1 ci maddəsinin 1-ci hissəsi (köhnə redaksiyada qanunsuz olaraq narkotik vasitələr əldə etmə) və Nəsimi rayon xalq məhkəməsinin xx xxxxxxx 1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1 ci maddəsinin 2-ci hissəsi (köhnə redaksiyada qanunsuz olaraq narkotik vasitələr əldə etmə və saxlama), həmçinin Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx xxx 2006-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu xx xxx 2008-ci il tarixdə ödənildiyindən o, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə uyğun olaraq hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsi zamanı bıçaqdan istifadə etməməsini qeyd etsə də, məhkəmə hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır vaə ağır ittihamdan yayınmaq məqsədi daşıyır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli saxlanılan şəxsin üzərinə baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərindən bir ədəd ağ rəngli plastikdən istehsal olunmuş dəstəyi olan bıçaq aşkar edildiyi həmin bıçağa keçirilən baxış zamanı məlum olmuş ki, bıçağın ümumi uzunluğu 28 sm, tiyəsinin uzunluğu 14 sm təşkil edir. Bıçağın dəstəyi tünd yaşıl rəngli yapışqan lentlə sarınmışdır. Bıçağın tiyəsinin sol üz hissəsində balıq şəkili və “GKC” Solingen Made in Germany sözləri yazılmışdır. Baxış və götürmə zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bıçaq ona məxsusdur və o, sözügedən hadisəni məhz həmin bıçağı tətbiq etməklə törətmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, ünvan 3 saylı ünvanda yerləşən “Zərərçəkmiş şəxs1 Cake House” şirniyyat evində baş vermiş quldurluq hadisəsi ilə əlaqədar mağazada quraşdırılmış videomüşahidə kameraları tərəfindən fiksə edilmiş videogörüntülərin əks olunduğu bir ədəd DVD diskə iş üzrə Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən 14 saylı vəkil bürosunun müdafiəçisi Müdafiəçi iştirakı ilə Nəsimi RPİ-nin MSY-nin dindirmə otağında “HP” markalı masaüstü kompyuter vasitəsilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs həmin diskdə qeydə alınmış videogörüntüdə giriş qapısından içəri daxil olub qadın satıcı ilə söhbət edib sonradan ona mağazanın digər əməkdaşı yaxınlaşdıqdan sonra əynində olan gödəkçənin sol iç cibindən bıçağa oxşar aləti çıxarıb ondan qorxaraq qaçan mağazanın əməkdaşlarının arxasınca qaçan və sağ əlində bıçağa oxşar alət tutaraq mağazanın əməkdaşlarına tərəf gedən, sonradan vitrindən bir ədəd şüşə butulka götürüb kassa aparatına yaxınlaşaraq oradan predmet götürüb mağazanı tərk edən və əynində ağ rəngli beysbol tipli papaq olan şəxsin onun özü olduğunu bildirmişdir. İş üzrə keçirilmiş tanınma istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əlavə üç şəxslə birlikdə Zərərçəkmiş şəxs2 təqdim edilmiş, tanınma zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs göstərərək həmin şəxsin işlədiyi Zərərçəkmiş şəxs1 şirniyyat dükanına əlində bıçaqla basqın edib 950 manat nağd pul və “Alpha Line” markalı araq şüşəsini ələ keçirmiş şəxs olduğunu bildirmişdir. Fotoşəkil əsasında keçirilmiş tanınmaya təqdim etmə istintaq hərəkəti zamanı şahid qismində dindirilmiş Şahid, Təqsirləndirilən şəxs fotoşəkilini göstərərək həmin şəxsin 2019-cu ilin dekabr ayının 1-də işlədiyi Zərərçəkmiş şəxs1 şirniyyat dükanına əlində bıçaqla daxil olub hədələməklə nağd pul və araq şüşəsini ələ keçirmiş Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Cinayət işinə əlavə olunmuş Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin xx xxxxxxx 2020-ci il tarixli, 147/20 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 Qapalı Səhmdar Cəmiyyətinin Təqsirləndirilən şəxs şikayəti, idiası və digər tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını və zərər çəkmiş şəxslərlə barışmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli xx xxxxxxxx 2020ci il tarixdən hesablanmalı, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd Alpha Line markalı araq və 950 manat nağd pulun Zərərçəkmiş şəxs1 QSC-yə qaytarıldığı nəzərə alınmalı, cinayət işinə əlavə olunmuş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 64 manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş 60 saat hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-352, 353-354-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 07 (yeddi) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd Alpha Line markalı araq və 950 manat nağd pulun Zərərçəkmiş şəxs1 QSC-yə qaytarıldığı nəzərə alınsın. Cinayət işinə əlavə olunmuş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar