Məhkəmə qərarları › İş №1(101)-938/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-938/2024

10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-938/2024 10.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili X1, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxxx 1994-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, natamam orta təhsilli, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 ay 26 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci ildə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmış, məhkumluğu ödənilməmiş, Ağdam rayonu, Cəvahirli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullyaev küçəsi, ev 35-də yaşamış, “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 18 iyun 2023-cü il tarixdə saat 01 radələrində ünvan 1 ünvanında tanışı Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərinin təsiri altında özündə olan deşici-kəsici alətlə (bıçaqla) Zərərçəkmiş şəxs qarın və sol sağrı nahiyələrindən iki dəfə və sol sağrı nahiyəsindən bir dəfə qəsdən vuraraq ona “sol sağrı nahiyəsinin nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası" xəsarəti ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər, “mədənin yaralanmasına səbəb olan qarının sağ yarısının ön-yan divarının qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası" xəsarəti ilə müşayiət olunan, Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, siqaret köşkündə işləyir və siqaret satır. Zərərçəkmiş şəxs ilə yaxın tanış münasibəti var və əvvəllər aralarında hər hansı bir hadisə baş verməmişdir. 17 iyun 2023-cü il tarixdə saat 23:30 radələrində təmiz hava almaq üçün küçəyə çıxmışdır. O, küçədə gəzişdikdən sonra yaxınlıqda yerləşən çayxanaya gedib çay içməyi və sonra evə qayıtmağı qərara almışdır. O, piyada olaraq “Qəmlo” adlı çayxanaya getmiş və çayxananın zalında əyləşib çay sifariş vermişdir. Saat 01 radələrində o çayxanadan çıxıb çayxananın qarşı tərəfində siqaret çəkməyə başlamışdır. Bir neçə dəqiqə sonra Turab da çayxanadan çıxaraq ona yaxınlaşıb bir ədəd siqaret istəmişdir. Lakin, Turab sərxoş vəziyyətdə imiş. O, siqareti qurtardığı üçün Turaba siqaret verə bilməmiş və Turaba siqaretinin qurtardığını, axırıncı qalan bir ədədini özünün çəkdiyini demişdir. Turab ona nalayiq söyüş söyərək yalan dediyini bildirmişdir. O, Turabı sakitləşdirməyə çalışsa da, buna nail ola bilməmişdir. Turab üstünə gələrək onunla dalaşmağa çalışmış və onu yerə yıxmışdır. O, Turabı zərərsizləşdirmək üçün üzərində olan və iş yerində istifadə etdiyi bıçaqla Turaba doğru bir dəfə zərbə endirmişdir. Zərbə Turabın qarnının sağ tərəfindən dəymişdir. Turab üstünə düşəndə əlindəki bıçaq Turabın qarın hissəsinə yenidən dəymişdir. Lakin, o, ikinci zərbənin Turaba dəydiyini bilməmişdir. Turab xəsarəti hiss etdiyi üçün ondan aralaşmışdır. O, əməlindən çox peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən bir il əvvəldən tanıyır, yaxın münasibətləri olmasa da heç vaxt aralarında hər hansı bir hadisə, dava-dalaş olmamışdır. O, 17 iyun 2023-cü il tarixdə axşam saatlarında Sabunçu qəsəbəsində yerləşən “Qəmlo” adlı kafeyə getmişdir. Orada spirtli içki qəbul etmişdir. O, kafedən çıxarkən içkili imiş. Yolda yeriyərkən Təqsirləndirilən şəxs görüb ondan çəkmək üçün bir ədəd siqaret istəmişdir. Lakin, Təqsirləndirilən şəxs bildirmişdir ki, siqareti qurtarıb, içkili olduğu üçün bu ona pis təsir etmiş və aralarında mübahisə yaranmışdır. Nəsibin dedikləri onu əsəbləşdirmiş və o Nəsibə əl qaldırıb yumruqla başından vurmuşdur. Həmin vaxt Nəsib onun xəbəri olmadan bıçaqla ona xəsarət yetirmişdir. O, qan axdığını görəndə bilmişdir ki, bıçaqlanmışdır. Bundan sonra o həmin küçədən ayrılmışdır. Qardaşı Rail gələrək onu idarə etdiyi avtomobillə 3 saylı Sabunçu xəstəxanasına aparmışdır. Bu davanın səbəbkarı o olmuş, çünki o içkili imiş. Təqsirləndirilən şəxs tərəfindən bütün müalicə xərcləri ödənmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şiakyət və tələbi yoxdur. O, Təqsirləndirilən şəxsla barışmışdır. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxsla davaya o başlamışdır. Təqsirləndirilən şəxs anası xəstəxanaya teztez gələrək ona baş çəkmişdir. Ətrafda onlardan başqa heç kim yox imiş. Davanın təşəbbüskarı o olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır. 18 iyun 2023-cü il tarixdə evdə olarkən qardaşı Turab ona zəng edərək 15-20 dəqiqəyə Sabunçu qəsəbəsində yerləşən “Qəmlo” adlı çayxanadan onu avtomobillə götürməyini istəmişdir. O, küçəyə enərkən qardaşı Turabın içkili olduğunu və qarnını tutduğunu, paltarının qana boyandığını, qan içində olduğunu görüb dərhal Turabı avtomobilə əyləşdirib yaxınlıqda yerləşən 3 saylı Sabunçu xəstəxanasına aparmışdır. O, hadisənin şahidi olmamış, o, hadisəni sadəcə qardaşından eşitmişdir. Təqsirləndirilən şəxs ailəsi tərəfindən qardaşının müalicə xərcləri qarşılanmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 12-ci PŞ-nin məsul növbətçisi, polis kapitanı Tural Məmmədovun 18 iyun 2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü ildə saat 01:30 radələrində 3 saylı Tibb Mərkəzindən zəng edərək Zərərçəkmiş şəxs qarın nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarəti alması barədə məlumat vermişdir. Cinayət işinin 6-10-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 iyun 2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri hesab olunan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsinə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs 18 iyun 2023-cü il tarixdə saat 01 radələrində tanışı Zərərçəkmiş şəxs ilə həmin küçədə dalaşıb bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı aşkar etmək və götürmək mümkün olmamışdır. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 87-88-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 Sabunçu rayon şöbəsinin 23 iyun 2023-cü il tarixli, 1425 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs alın nahiyəsinin əzilmiş yarası müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə törənə bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Cinayət işinin 90-92-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 Sabunçu rayon şöbəsinin 10 iyul 2023-cü il tarixli 1576 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs mədənin yaralanmasına səbəb olan qarının sağ yarısının ön-yan divarının qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd, sol sağrı nahiyəsinin nüfuz etməyən 1 (bir) ədəd (ümumilikdə 2 ədəd) deşilmiş-kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən mədənin yaralanmasına səbəb olan qarının sağ yarısının ön-yan divarının qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol sağrı nahiyəsinin nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pzulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiyana görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 104-105-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 sentyabr 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsini göstərib, 18 iyun 2023-cü il tarixdə saat 01 radələrində orada tanışı Zərərçəkmiş şəxs ondan çəkmək üçün bir ədəd siqaret istədiyini, siqareti olmadığı üçün Turaba siqaret vermədiyini, Turabın ona nalayiq söyüş söydüyünü, Zərərçəkmiş şəxs orada yumruq və təpiklə onu vurduğunu, yumruqla başından vurduqdan sonra xəsarət alıb yerə yıxıldığını bildirərək, baş vermiş hadisəni əyani şəkildə göstərmişdir. Cinayət işinin 100-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 12-ci PŞ-dən daxil olmuş 28 avqust 2023-cü il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında baş vermiş hadisə zamanı ətrafda başqa şəxs olmamış, hadisəni hər hansı bir şəxs görməmişdir. Cinayət işinin 108-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 30 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə ilə müraciət edərək, Zərərçəkmiş şəxs ona xəsarət yetirməsi ilə bağlı ondan şikayət və tələbi olmadığını bildirmişdir. Cinayət işinin 112-119-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X2 02 oktyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərəfindən xəsarətlər yetirilməsi barədə, sonuncu barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə görə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-145-ci maddələrini rəhbər tutaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlini ibtidai istintaq orqanı Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə tövsif edərkən haqlı olmamışdır. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən ağır dərəcəli bədən xəsarəti yetirməsi əməlini heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə törədilmiş əməl kimi, yəni CM-nin 126.2.4-cü maddəsi ilə tövsif etmişdir. Lakin cinayət işinin materiallarından görünür ki, baş vermiş cinayət hadisəsi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs siqaret istəməsi, sonuncunun siqaret olmamasını bildirdiyi üçün ona nalayiq ifadələr işlətməsi və yumruq vurması ilə bağlı, yəni zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında yaranmış mübahisə zamanı baş vermişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndinin mənasına görə xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurmanı mübahisə və dalaşma zəminində sağlamlığa ağır zərər vurmadan fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişin sağlamlığına ağır zərər vurmaq məqsədi ilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqazidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə sağlamlığa ağır zərər vurma cinayətində təqsirli bilinə bilməz. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı 12 dekabr 2002-ci il tarixli qərarında göstərilən xuliqanlıq niyyəti ilə bağlı xüsusatlar eyni zamanda qəsdən sağlamlığa ağır zərər vurmaya da şamil edilməlidir. Məhkəmə iş üzrə toplanmış biri digərini tamamlayan mötəbər və mümkün sübutları müqayisəli şəkildə tədqiq edib araşdıraraq onlara məcmu şəkildə qiymət verməklə belə hesab edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs küt alətlə vuraraq sağlamlığına ağır zərər vurması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmışdır. Belə ki, Zərərçəkmiş şəxs və təqsirləndirilən Təqsirləndirilən şəxs bir birini uzun müddət tanımış, aralarında hər hansı bir münaqişə olmamışdır. Məhkəmə iclasında dindirilərkən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki,məhz o özü hadisənin səbəbkarı olmuş, çünki o içkili imiş. Təqsirləndirilən şəxs siqaret istəmiş, sonuncu siqaretin qurtardığını bildirmiş, içkili olduğu üçün bu söz ona təsir etmiş və Təqsirləndirilən şəxs yumruqla vurmuşdur. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid da bildirmişdir ki, qardaşı Zərərçəkmiş şəxs həmin vaxt içkili halda görmüşdür. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sağlamlığa ağır zərər vurma o vaxt xuliqanlıq niyyəti ilə yetirilmiş hesab edilə bilər ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun. Göründüyü kimi hadisə vaxtı zərərçəkmiş şəxsin davranışı və işlətdiyi ifadələr münaqişə və mübahisəyə gətirib çıxarmışdır. Həmçinin, cinayət işinin 87-88-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 Sabunçu rayon şöbəsinin 23 iyun 2023-cü il tarixli, 1425 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs alın nahiyəsinin əzilmiş yarası müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə törənə bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Məhkəmə təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışını hərtərəfli araşdırıb buna qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra polis şöbəsinə gedərək törətdiyi əməli etiraf etmiş, həmçinin, hadisədən sonra Zərərçəkmiş şəxs müalicə xərcləri də Təqsirləndirilən şəxs və ailəsi tərəfindən qarşılanmışdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsində təqsirsizlik prezumsiyasının dörd ünsürü nəzərdə tutulmuşdur ki, həmin ünsürlərdən biri də şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilməməsi prinsipidir. Burada əsaslı şübhələr dedikdə şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. İş üzrə toplanmış sübutlarda Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurması öz təsdiqini tapmamışdır. Belə olan halda, aradan qaldırılması mümkün olmayan şübhələr Azərbaycan Respublikası Konstitusiyasının 63-cü və Azərbaycan Respublikası CPM-nin 21-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 338.1.2-ci maddəsinin tələblərinə əsasən hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibdtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Azərbaycan Respublikası CPM-nin 145.3 maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 28.5 maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5 və 349.5.1-ci maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı iş üzrə qərarda qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbara, Messege və Harbordo İspaniyaya qarşı işi üzrə qərarda da qeyd olunmuşdur ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X7rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 318.1.-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirməklə belə hesab edir ki, Təqsirləndirilən şəxs 18 iyun 2023-cü il tarixdə saat 01 radələrində ünvan 1 ünvanında tanışı Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərinin təsiri altında, zərərçəkmiş şəxsin ona nalayiq ifadələr işlədib, yumruqla xəsarət yetirməsi səbəbindən özündə olan deşici-kəsici alətlə (bıçaqla) Zərərçəkmiş şəxs qarın və sol sağrı nahiyələrindən iki dəfə və sol sağrı nahiyəsindən bir dəfə qəsdən vuraraq ona “sol sağrı nahiyəsinin nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası" xəsarəti ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər, “mədənin yaralanmasına səbəb olan qarının sağ yarısının ön-yan divarının qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası" xəsarəti ilə müşayiət olunan, Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1ci maddəsinə tövsif olunmalı və, o, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 109-110-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 01 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 ay 26 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci ildə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə görə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə görə, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsaəsn qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və cinayətin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs əməli cinayətlərin təhlükəli residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsini nəzərə alır. Belə ki, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Cinayət işinin 111-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 01 oktyabr 2023cü il tarixli, 13435 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 53-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış iş üzrə Zərərçəkmiş şəxs 19 iyun 2023-cü il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iş üzrə Zərərçəkmiş şəxs 06 dekabr 2023-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə dəftərxana vasitəsilə daxil olmuş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 iyun 2023-cü il tarixli şəxsin könüllü gəlib təqsirini boynuna alması haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq 12-ci polis şöbəsinin növbətçi hissəsinə gələrək 18 iyun 2023-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində tanışı Zərərçəkmiş şəxs ilə dalaşıb bıçaqla ona xəsarət yetirdiyini bildirib təqsirini boynuna almışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, könüllü gəlib təqsirini boynuna alma heç bir məcburiyyət olmadan təqsirkar şəxsin könüllü olaraq öz-özünü istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına təqdim etməsini, törədilmiş və ya hazırlanan cinayət və ya həmin cinayətdə iştirak etməsi barədə bu orqanlara dürüst məlumat verməsini ehtiva edir. Həmçinin cinayətin açılmasına fəal kömək göstərmək törədilmiş cinayətlə əlaqədar şəxsin ona məlum olan bütün hallar haqqında istintaq zamanı düzgün ifadə verməsində, cinayətin iştirakçılarının, habelə cinayət yolu ilə əldə edilmiş predmetlərin, yaxud alət və vasitələrin tapılmasında, cinayətin izinin aşkar edilməsində istintaq orqanlarına kömək göstərməsində ifadə olunur. Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini isə Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətin təhlükəli residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Lakin, Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivinin olması sonuncunun vəziyyətini ağırlaşdıran hal olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri Təqsirləndirilən şəxs şamil edilə bilməz. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Bundan başqa, cinayət işinin 23-cü vərəqəsində olan 18 iyun 2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 72-74-cü vərəqələrində olan Bakı şəhəri Sabunçu rayon prokuroru, baş ədliyyə müşaviri İbrahim Ləmbəranskinin 20 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilmişdir. Cinayət işinin 76-77-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X2 19 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs 18 iyun 2023-cü il tarixdən 20 iyun 2023-cü il tarixədək olan 02 (iki) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsə alınmışdır. Buna görə də, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı 01 noyabr 2023-cü il tarixindən hesablanmalıdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 18 iyun 2023-cü il tarixdən 20 iyun 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli 01 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar