Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-939/2025 24.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X11 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X8 və X9, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1998-ci ildə Gədəbəy rayonunun Arıqdam kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Gədəbəy rayonunun Arıqdam kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş və özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 24 fevral 2024-cü il tarixdə saat 20 radələrində ofisiant işlədiyi Şəmkir rayonu Şəmkir-Zəyəm avtomobil yolunun kənarında yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi “Rusiya kafesi” adlı kafedə iş yerində spirtli içki qəbul etdiyinə görə Zərərçəkmiş şəxs2 ona bildirdiyi iradını qəbul etməyib, bunu cüzi səbəb kimi bəhanə edərək, özünün üstünlüyünü nümayiş etdirmək, kafedə olan çoxsaylı müştərilərin gözü qarşısında, ictimai yerdə, əsaslı səbəb olmadan ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış və etik qaydaları, əxlaq normalarını kobud sürətdə pozub, cəmiyyətin üzvlərinə qarşı açıqcasına hörmətsizlik, ictimai qaydaya etinasızlıq ifadə edən hərəkətlər etməklə, habelə xeyli müddət ərzində kafenin iş fəaliyyətini pozaraq Zərərçəkmiş şəxs2 qəsdən yumruqla sifət nahiyəsindən vuraraq sol almacıq nahiyəsinin dərialtı hematoması ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma və sol sağrı nahiyəsinin qançırı ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla 12 avqust 2024-cü il tarixdə saat 23:45 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən “Nihat” kafesinin yaxınlığında vətəndaş Zərərçəkmiş şəxs1 basqın edib Zərərçəkmiş şəxs1 yumruq və təpiklə döyüb ağrı simptomu ilə müşayiət olunan çənə nahiyəsinin dərialtı hematoması və həmin səviyyədə üst dodağın əzilmiş yarası, sol yanağın iç səthinin və sol baldır nahiyəsinin əzilmiş yaraları, sol dirsək və sağ diz oynağı nahiyələrinin sıyrıqları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaqla 100 manat nağd pulunu və 140 manat dəyərində olan bir ədəd “Samsung A10” markalı mobil telefonu ələ keçirməklə Zərərçəkmiş şəxs1 240 manat ziyan vurub quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1 və 221.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, Rəsul və Əfqan adlı dostları ilə Şəmkir rayonunda adını bilmədiyi kafedə oturub yeyib-içmişlər və sonradan oradan çıxıb getmişlər. Orada dava-dalaş olmamışdır. Sabunçu rayonu ərazisindəki epizodla bağlı bildirir ki, o, zərərçəkən şəxsi vurmuş, lakin telefonuna, puluna, heç nəyinə dəyməmişdir. Zərərçəkəni vurmağının səbəbi aralarında mübahisənin yaranması olmuşdur. Həmin şəxsi kafedə işləyərkən görmüş və 1-2 gün ərzində tanmışdır. Həmin vaxt özündə olmadığından həmin şəxslə mübahisələrinin nə üstündə düşdüyünü də xatırlamır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə məhkum olunduğunu, Şəmkirdəki kafedə dava etmədiyini, kafedə 4-5 nəfər olduqlarını, nəyə görə digər 4-5 nəfərdən deyil, məhz ondan şikayət olunduğnu bilmədiyini, quldurluq epizodu üzrə zərərçəkəndən pul və telefon götürmədiyini, zərərçəkənə ancaq bir yumruq vurduğunu, qalan yazılanların hamısının yalan olduğunu, zərərçəkənin yerə yıxıldığı vaxt təpiklə vurması barədə dediklərinin yalan olduğunu, onu yumruqla bir dəfə vurduğunu, zərərçəkmiş şəxs özündən getdikdən sonra onun da çıxıb getdiyini, zərərçəkənlə mübahisələrinin nə üstündə düşdüyünü indi xatırlamadığını, telefon və 100 manat pulu götürmədiyini, orada heç kimin olmadığını, zərərçəkənlə ikisinin olduğunu, onun öz mobil telefonunun olduğunu, polis şöbəsində müstəntiq həmin mobil telefonunu götürdüyünü, onun da həmin telefonunu zərərçəkənə verdiyini, mobil telefonunun markasının nə olduğunu bilmədiyini, telefonlardan başının çıxmadığını, cəzaçəkmə yerlərində olduğundan heç istifadə də edə bilmədiyini, ibtidai istintaq zamanı təzyiq altında ifadə verdiyini, onun qarşısına narkotik vasitə və silah qoyduqlarını, döydüklərini, bədəninin üzərində xəsarət izləri olmadığını, heç yerə şikayət etmədiyini bildirdi. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, təhsilini Azərbaycan dilində almışdır, latın qrafikası ilə sərbəst yazıb oxuya bilir, əvəllər cinayət törətdiyi üçün 2019-cu il tarixdə Şəmkir Rayon Məhkəməsi tərəfindən həbs edilmiş və 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2023-cü ilin noyabr ayında o, 4 il 3 ay cəza çəkdikdən sonra həbsdən azad edilmişdir. Bundan sonra o, yaşadığı Gədəbəy rayonuna gedib orada həyatına davam etmiş, sonradan Şəmkir rayonuna getmiş və orada “Rusiya kafesi” adlı kafedə Zərərçəkmiş şəxs2 yanında ofisiant olaraq işləməyə başlamışdır. Zərərçəkmiş şəxs2 həmin kafeni icarəyə götürüb işlədirmiş. 24 fevral 2024-cü il tarixdə o, kafedə bir balaca pivə içdiyi üçün Mirzə kişi ona “səni işdən qovacam” demiş, ona görə də o, da əsəbiləşmiş, Mirzə kişini yumruqla sifət nahiyəsindən vurub yerə yıxmış və kafedən çıxıb Gədəbəy rayonuna qaçıb getmişdir. O, Zərərçəkmiş şəxs2 vursa da, qapı və pəncərəni sındırmamışdır. Şəmkir rayonunda ifadə verən zaman tanımadığı bir-iki nəfər ona Mirzə kişinin qapı pəncərəninin onun tərəfindən sındırıldığını yazamasını, boynuna alacağı halda köməklik olunacağını demişlər. Kafenin qapı və pəncərəsi əvvəldən sınıq olmuş, o, sındırmamışdır. 07 avqust 2024-cü il tarixdə o, iş tapmaq məqsədi ilə Gədəbəy rayonundan Bakı şəhərinə gəlmiş və Sabunçu rayonu ərazisində yerləşən fəhlə bazarında dayanıb günəmuzd işləmiş, həmin ərəfədə isə müxtəlif yerlərdə günü 1 manat olan yerlərdə gecələmişdir. Hadisə baş verməmişdən bir-iki gün əvvəl o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Nihat” kafesinə gəlib müştəri kimi əyləşib pivə içmiş, orada ofisiant işləyən İntiqamla aralarında “salam-sağ ol” yaranmışdır. 12 avqust 2024-cü il tarixdə saat 23 radələrində o, həmin kafeyə gəlib pivə içmiş, saat 23:30 radələrində kafedən çıxan zaman ofisiant işləyən İntiqamın getdiyini və əlində mobil telefon olduğunu görmüşdür. O, fikirləşmişdir ki, İntiqama yaxınlaşıb telefonunu əlindən alıb satıb pul edib rayona getsin. Saat 23:45 radələrində o, İntiqamı səsləyib saxlatmış və bir neçə saniyə onunla söhbət edən zaman mobil telefonu yenə İntiqamın əlində görmüş və İntiqama bir yumruq sifət nahiyəsinə vurmuş, İntiqam yerə yıxılmış, mobil telefonu isə yerə düşmüşdür. O, dərhal İntiqamın mobil telefonunu götürüb çıxıb getmiş, tanımadığı bir taksi avtomobili ilə avtovağzala gedib səhər saatlarında, yəni 13 avqust 2024-cü il tarixdə Gəncə avtobusuna minib Gəncə şəhərinə getmiş, Gəncədə avtobusun pulunu verə bilmədiyi üçün məcbur qalıb İntiqama məxsus döyüb ələ keçirdiyi “Samsung” markalı mobil telefonu tanımadığı şəxsə 45 manata satmış və 15 manat avtobus pulunu vermişdir. 30 manata isə siqaret və su alıb qalan pula isə oradan Gədəbəy rayonuna getmişdir (cild 1, iş vərəqi 249-252). İfadəsi elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs məcburiyyətdən müstəntiqin diktəsi ilə bu cür ifadə verdiyini bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Niyaməddin əslində çox sakit uşaq olmuş, onun yanında işləməyə başlayanda nə iş tapşırsa, canla-başla yerinə yetirmişdir. Niyaməddin kabab çəkib, ağacları sulamış, çox zəhmətkeş uşaq olmuşdur. Gördüyü işlərin əvəzində Niyaməddinə günlük əmək haqqı verilmişdir. Axşam saatlarında Niyaməddin işlərini yerinə yetirdikdən sonra qəfildən onun başına zərbə ilə yumruq endirmiş, sonra da qapını sındırmış, pəncələri qırmış, hər yeri dağıtmağa başlamışdır. Niyaməddin onun başına iki dəfə yumruq atmış, yumruq dəyən yerlərdə zədələr yaranmış, bununla bağlı tibbi ekspertiza da keçirilmişdir. Heç özü də Niyaməddin niyə belə hərəkət etdiyini başa düşməmişdir. Yumruq atandan bir neçə müddət sonra Niyaməddin əməlindən çox peşman olmuş, ondan üzr istəmişdir. Başına yumruq atan zaman Niyaməddinin içkili olub-olmadığını hiss etməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxs Ağayev X3 10-15 gün davamlı olaraq onun yanına gələrək iş axtardığını, onun yanında işləmək istədiyini dediyini, ən sonda Niyaməddini yanında işə götürmək qərarına gəldiyini, Niyaməddinin onun yanında işləyən zaman ondan heç bir narazılığının olmadığını, Niyaməddinə günlük olaraq əmək haqqı verdiyini, Niyaməddinin onun yanında işlədiyi müddət ərzində harada yeyib-içdiyinə dair heç bir məlumatının olmadığını, Niyaməddinin içki içdiyinə nə şahid olduğunu, nə də işlədiyi müddət ərzində bunu hiss etdiyini, Niyaməddinə ağacların dibindəki zibillərin təmizlənməli olduğunu dediyini, Niyaməddinin də əsəbi halda onun üzərinə doğru yaxınlaşıb başına zərbə ilə iki dəfə yumruq endirdiyini, Niyaməddinin ona yumruq vuran zaman yanlarında iki qadının olduğunu, həmin qadınlardan birinin onun yanında aşpaz kimi işlədiyini, Niyaməddin ona iki yumruq vuran kimi yerə yıxıldığını, qadınların tələsik şəkildə yanına gəldiklərini, hava alması üçün pəncərəyi açdıqlarını, Niyaməddinin gözaltı nahiyəsinə vurmadığını, təzyiqi, şəkəri, ürək xəstəliyi olduğu üçün Niyaməddinin başına vuran kimi yerə yıxıldığını, bir müddət özünə gələ bilmədiyini, sonra Niyaməddinin qapı, pəncərəni sındırmağa başladığını, Niyaməddinin üç qapı, bir pəncərə sındırdığını, hətta pəncərəni sındıranda əlini kəsdiyini, hər yeri dağıtdıqdan sonra çıxıb getdiyini, bir neçə gün keçdikdən sonra anası ilə birlikdə yanına gəldiyini, üzrxahlıq etdiyini, anası oğlunu bağışlamağı üçün çox yalvardığını, maddi imkanları yaxşı olmadığı üçün, eləcə də, yaşlı anasına yazığı gəldiyindən Niyaməddini bağışladığını, onlara da bu barədə polis əməkdaşlarına məlumat verməyəcəyini dediyini, Niyaməddin onu yumruqla vuran zaman iki qadın işçidən əlavə kafedə müştərilər də olduğunu, deyəsən, həmin şəxslərdən birinin polisə Niyaməddinin əməli ilə bağlı məlumat verdiyini, bunun nəticəsində də, polis əməkdaşlarının baş verən hadisədən xəbərləri olduğunu, Niyaməddin ona yumruq atan zaman onun heç bir müqavimət göstərmədiyini bildirdi. Bununla yanaşı, Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, əvvəllər Şəmkir-Zəyəm avtomobil yolunun kənarında yerləşən “Rusiya kafesi” adlı kafeni icarəyə götürüb işlədirmiş. Rəsmi sənədlərdə adı Mirzə olsa da onu dostlar arasında Kamran kimi çağırırlar. Təqsirləndirilən şəxs həmin kafedə ofisiant olaraq işləmişdir. Niyaməddin kafedə işlədiyi müddət ərzində mütəmadi olaraq spirtli içkilər qəbul etmiş və o, da Niyaməddinə iş vaxtı spirtli içkilər qəbul etməməsini bildirmişdir. 24 fevral 2024-cü il tarixdə o, Niyaməddinin yenə də içki qəbul edib özünü apara bilmədiyni görmüş, o, artıq sərt şəkildə Niyaməddinə belə getsə işdən çıxarılacağı barədə irad bildirmişdir. Niyaməddin isə onun dediklərindən nəticə çıxartmaq əvəzinə heç bir səbəb olmadan kafedə olan bir neçə tanımadığı müştərilərin gözləri qarşısında yumruqla onun sol sifət nahiyəsindən vurmuşdur. O, Niyaməddinin zərbəsi nəticəsində yerə yıxılmış, yerdə olan zaman Niyaməddin onu döyməyə davam etmişdir. Kafedə olan tanımadığı müştərilər onu Niyaməddinin əlindən güclə almışlar. Bu hadisədən sonra o, polisə rəsmi olaraq müraciət etmişdir. Hadisə vaxtı kafedə işçilər Ülkər, Gülbəniz və tanımadığı bir neçə müştəri olmuşdur, Niyaməddin həmin müştərilərin istirahətini pozmuşdur. Kafenin qapısı çoxdan xarab və sınıq olmuş, şüşə isə hadisədən bir gün əvvəl sınmışdır, o, Niyaməddinin onu iş yerində müştərilərin gözləri qarşısında yumruqla vurduğuna görə ən ağır cəza ilə cəzalandırılmasını istəmişdir, ona görə belə bir ərizə və ifadə vermişdİr. Əslində qapı və şüşə pəncərəni Niyaməddin qırmamışdır, həmin vaxt o, özünü təhqir olunmuş hesab etmiş və çox əsəbi olduğu üçün işçiləri Ülkər və Gülbənizdən Niyaməddinin kafenin qapı və şüşəni sındırmasını deməsini xahiş etmişdir. O, bu gün də Niyamədinin onu heç bir səbəb olmadığı halda yumruqla vurub xəsarət yetirməsinə görə ağır cəza ilə cəzalanmasını istəmiş, lakin hazırkı ifadədə reallıq necə olmuşdursa elə də qeyd etmişdir (cild 1, iş vərəqi 104-107). İfadəsi elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, iş vaxtı Niyamədinin içki içdiyini gördüyünü, yaxınlaşıb “əgər içki içirsənsə, işə gəlmə, çıx get, başqa yerdə içkini iç” dediyini, Niyaməddinin ona 1200 manat məbləğində ziyan vurduğunu, kafedə üç qapı və bir pəncərə sındırdığını, hazırda təqsirləndirilən şəxsə qarşı iddia və tələbinin olmadığını bildirdi. Verilən çarpaz suallara cavab olaraq Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin düzgün danışdığını bildirdi. Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir maddi tələbinin və iddiasının olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən “Nihat” kafesində ofisiant işləmişdir. O, hər gün səhər saat 07:30-da işə gəlir və axşam saat 00 radələrinədək işdə olur. Təqsirləndirilən şəxs işlədiyi kafedən tanımışdır, belə ki, Niyaməddin həmin kafenin müştərisi olmuş və aralarında “salam-sağ ol”dan başqa heç bir münasibət olmamışdır. 12 avqust 2024-cü il tarixdə axşam saatlarında Niyaməddin həmin kafeyə gəlib pivə içmişdir. O, həmin tarixdə saat 23:30 radələrində işdən çıxıb evə gedən zaman saat 23:45 radələrində Niyaməddin onu arxadan çağırıb ona özü üçün pivə almağını tələb etmişdir. O isə Niyaməddinə "mən nəyə görə sənə pivə almalıyam” demiş, bu zaman Niyaməddin qəfildən yumruqla onun sifət nahiyəsindən vurub onu yerə yıxmış və yerdə onu təpiklə, yumruqla döyməyə başlamışdır. O, ayıldıqdan sonra Niyaməddin olmadığını və sonuncunun onun 140 manat dəyərində olan “Samsung A10” markalı mobil telefonu və 100 manat nağd pulunu göturub apardığını görmüşdür. O, çıxıb evə getmiş, bir az özünə gəldikdən sonra 13 avqust 2024-cü il tarixdə səhər tezdən Sabunçu RPİ-nin 13cü Polis şöbəsinə gedərək bu barədə ərizə vermişdir. Niyaməddinin bu cinayəti nəticəsində ona 240 manat maddi ziyan dəymişdir (cild 1, iş vərəqi 25). İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində Şahid1 göstərmişdir ki, o, 2023- cü ildən Şəmkir rayonunda yerləşən “Rusiya kafesi” adlı yerdə ofisiant kimi işləmişdir. Həmin kafeni Zərərçəkmiş şəxs2 işlətmişdir. Təqsirləndirilən şəxs isə həmin kafedə ofisiant olaraq işləyirmiş. 24 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs spirtli içki qəbul etdiyi üçün Mirzə ona irad bildirmiş və Niyaməddin heç bir səbəb olmadan kafedə olan müştərinin gözü qarşısında Mirzəni yumruqla vurub döymüşdür. Daha sonra orada müştərilərlə birlikdə Mirzəni Niyaməddinin əlindən almışlar (cild 1, iş vərəqi 113-115). İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etmişdir (cild 1, iş vərəqi 116-118). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bünyatzadə küçəsində kirayədə yaşayan, Quba rayonu, Növdu kəndində qeydiyyatda olan Zərərçəkmiş şəxs1 Sabunçu RPİ-nin 13-cu Polis şöbəsinə ərizə ilə muraciət edərək Niyaməddin adlı şəxsin onu döyərək bədən xəsarəti yetirdiyini, həmin şəxs barəsində qanuni tədbir görülməsını xahış etmişdir (cild 1, iş vərəqi 3). - Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, təxminən 10 gün olar kı, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən “Nihat” kafesində ofisiant işləyir, hər gün səhər saatlarından gecə saatlarınadək kafedə olur. Niyaməddin adlı şəxsi kafedən tanıyır, Niyaməddin hərdən kafeyə gəlib çay və pivə içir. Niyaməddinlə heç bir münasibəti yoxdur. xx.xx.2024-cu il tarixdə o, gecə saat təxminən 23:45 radələrində işdən çıxıb evə getmiş, siqaretinin olmadığını görüb siqaret almaq üçun yenidən “Nihat” kafesinin qarşısında olan köşkə gəlmiş, siqaret alıb gedərkən Niyaməddinin yolun kənarında olduğunu görmüşdür. Niyaməddin ona yaxınlaşıb özünə bir bokal pivə almağını istəmiş, o, pulunun olmadığını bildirmiş, sonra yaşadığı evə tərəf getmiş, dəmiryol stansiyasına yaxınlaşanda arxadan onu kiminsə çağırdığını eşitmiş, çönub geri baxanda Niyaməddinin olduğunu görmüşdür. Niyaməddin ona yaxınlaşıb niyə pivə almadığını bildirmiş, o, başa salmışdır ki, pulu yoxdur. Həmin vaxt qəflətən Niyaməddin onun sol sifət nahiyəsinə yumruqla bir dəfə vurmuş, o, özünü itirib yerə yıxılmış, həmin vaxt əlində olan mobil telefonu yerə düşmüşdür. Yerdə uzanıqlı vəziyyətdə də Niyaməddin onun bədəninin müxtəlif yerlərinə əli və ayağı ilə vurmuş, özünə gələndə Niyaməddinin yanında olmadığını, özünün yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Qaranlıq olduğu üçün əlindən düşən telefonu tapa bilməmiş, oradan durub evə getmişdir. Bu barədə araşdırma aparıb qanuni tədbir görülməsini xahiş etmişdir (cild 1, iş vərəqi 7). - hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bünyatzadə küçəsində kirayədə yaşayan Zərərçəkmiş şəxs1 Niyaməddin adlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixə gecə saatlarında döyülüb xəsarət alması ilə əlaqədar müraciəti əsasında xx.xx.2024-cü il tarixdə, saat 08:30 radələrində hadisənin baş verdiyi Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində Dəmiryol relsinin yanında qaz borularının ətrafına baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilb protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 12-13). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1995 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ağrı simtomu ilə müşayiət olunan çənə nahiyəsinin dərialtı hematoması və həmin səviyyədə üst dodağın əzilmiş yarası, sol yanağın iç səthinin və sol baldır nahiyəsinin əzilmiş yaraları, sol dirsək və sağ diz oynağı nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (cild 1, iş vərəqi 20-21). - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 22). - xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsini təsdiq edərək qarşısında əyləşən Təqsirləndirilən şəxs Ziyəddin oğlunun üzünə qarşı bildirmişdir ki, o, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən “Nihat” kafesində ofisiant işləyir. O, hər gün səhər saat 07:30-da işə gəlir və axşam saat 00 radələrinədək işdə olur. Təqsirləndirilən şəxs işlədiyi kafedən tanıyır, belə ki, Niyaməddin həmin kafenin müştərisi olmuş və aralarında “salam-sağ ol”dan başqa heç bir münasibət olmamışdır. 12 avqust 2024-cü il tarixdə axşam saatlarında Niyaməddin həmin kafeyə gəlib pivə içmiş və o, həmin tarixdə saat 23:30 radələrində işdən çıxıb evə gedirmiş, bu zaman saat 23:45 radələrində Niyaməddin onu arxadan çağırıb ona özü üçün pivə almağını tələb etmişdir. O isə Niyaməddinə "mən nəyə görə sənə pivə almalıyam” demiş, bu zaman Niyaməddin qəfildən yumruqla onun sifət nahiyəsindən vurub onu yerə yıxmış və yerdə onu təpiklə, yumruqla döyməyə başlamışdır. O, ayıldıqdan sonra Niyaməddin olmadığını və onun 140 manat dəyərində olan “Samung A10” markalı mobil telefonunu və 100 manat nağd pulunu göturub apardığını görmüşdür. O, çıxıb evə getmiş, bir az özünə gəldikdən sonra 13 avqust 2024-cü il tarixdə səhər tezdən Sabunçu RPİ-nin 13-cü Polis şöbəsinə gedərək bu barədə ərizə vermişdir. Niyaməddinin bu cinayəti nəticəsində ona 240 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 dediklərini eşitmiş və qismən razı olmuşdur. Bildirmişdir ki, 07 avqust 2024-cü il tarixdə iş tapmaq məqsədi ilə Gədəbəy rayonundan Bakı şəhərinə gəlmiş və Sabunçu rayonu ərazisində yerləşən fəhlə bazarında dayanıb günəmuzd işləmiş, həmin ərəfədə isə müxtəlif yerlərdə günü 1 manat olan yerlərdə gecələmişdir. Hadisə baş verməmişdən bir-iki gün əvvəl o, Bakıxanov qəsəbəsində yerləşən “Nihat” kafesinə gəlib müştəri kimi əyləşib pivə içirmiş və orada ofisiant işləyən İntiqamla aralarında “salam-sağ ol” yaranmışdır. 12 avqust 2024-cü il tarixdə saat 23 radələrində o, həmin kafeyə gəlib pivə içmiş və saat 23:30 radələrində kafedən çıxan zaman ofisiant işləyən İntiqamın getdiyini və əlində mobil telefon olduğunu görmüşdür. O, fikirləşmişdir ki, İntiqama yaxınlaşıb telefonunu əlindən alıb satıb pul edib rayona getsin. Saat 23:45 radələrində o, İntiqamı səsləyib saxlatmış və bir neçə saniyə onunla söhbət edən zaman mobil telefonu yenə əlində görmüş və İntiqamın sifət nahiyəsinə bir yumruq vurmuş, İntiqam yerə yıxılmış, mobil telefonu isə yerə düşmüşdür. O, dərhal İntiqamın mobil telefonunu götürüb çıxıb getmiş və tanımadığı bir taksi avtomobili ilə avtovağzala gedib səhər saatlarında, yəni 13 avqust 2024-cü il tarixdə Gəncə avtobusuna minib Gəncə şəhərinə getmiş və Gəncədə avtobusun pulunu verə bilmədiyi üçün məcbur İntiqama məxsus döyüb ələ keçirdiyi “Samsung” markalı mobil telefonu tanımadığı şəxsə 45 manata satmış və 15 manat avtobus pulunu vermişdir. 30 manata isə siqaret və su alıb qalan pula isə oradan Gədəbəy rayonuna getmişdir. Zərərçəkmiş şəxs1 100 manat pulu götürməmiş, sadəcə mobil telefonunu götürüb qaçmış, İntiqamı bir yumruqla vurmuş, təpiklə vurmamışdır (cild 1, iş vərəqi 40-41). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 1, iş vərəqi 42-43). - Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu avtomobil yolunun kənarında yerləşən işlətdiyi kafedə işləyən Təqsirləndirilən şəxs yumruqla onu vurmuş, daha sonra qapının pəncərəsinə və qapısına ziyan vurmuşdur (cild 1, iş vərəqi 73). - baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəmkir rayon avtomobil yolunun kənarında olan kafeyə baxış keçirilmiş, baxışda iştirak edən həmin kafeni işlədən Zərərçəkmiş şəxs2 kafenin mətbəx hissəsində orada işləyən Təqsirləndirilən şəxs yumruqla onu vuraraq yerə yıxdığını, daha sonra isə pəncərəsinin şüşəsini sındırdığını, mətbəxin və otağın qapılarına maddi ziyan vurduğunu və hadisə yerindən getdiyini bildirmişdir. Baxış zamanı digər sübut əhəmiyyəti kəsb edən əşya və dəlillər aşkar edilməmişdir (cild 1, iş vərəqi 76-80). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 187 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər - sol almacıq nahiyəsinin dərialtı hematoması və sol sağrı nahiyəsinin qançırı küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 25 fevral 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol almacıq nahiyəsinin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmama səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, sol sağrı nahiyəsinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir (cild 1, iş vərəqi 90-91). - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 97). - Gədəbəy rayon Arıqdam kənd inzibati ərazi dairəsi üzrə nümayəndiliyinin verdiyi məktub və xasiyyətnamədən görünür ki, Arıqdam kənd sakini xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs RİH başçısının Arıqdam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən 05 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 48-ci səhifəsinə, 394 nömrəli şəxsi hesaba əsasən qeyd edilmişdir. Hazırda nümayəndəlik ərazisində yaşamır. Quliyev X1 yaşadığı müddətdə onun haqqında Arıqdam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə heç bir cinayət tərkibli şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 124-125). - Gədəbəy rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Gədəbəy rayon Arıqdam kənd sakini Quliyev X2 şöbəsinin narkoloji kabinetində qeydiyyatda durmur. Vətəndaş Təqsirləndirilən şəxs psixiatrik kabinetdə qeydiyyatda durur. DZ: Mülayim dərəcə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu (cild 1, iş vərəqi 126). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 1, iş vərəqi 170). - ambulator məhkəmə-psixitarik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3603 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlini faktiki xarakterini və icitmai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ilə istintaq hərəkətləri aparılması mümkündür (cild 1, iş vərəqi 229- 231). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 24 fevral 2024-cü il tarixdə kafedə zərərçəkmiş Zərərçəkmiş şəxs2 döyən zaman kafenin qapı və pəncərəsini sındırması xüsusatı öz təsdiqini tapmadığından həmin xüsusat üzrə Təqsirləndirilən şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq rayon prokurorluğuna göndərilmişdir (cild 1, iş vərəqi 234-237). - təqsirləndirilən şəxs qismində cəlb etmə və yenidən ittiham elan etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.1 və 221.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan olunmuşdur (cild 1, iş vərəqi 243-244). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1 və 221.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 7-ci bəndində qeyd edilir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Həmin Qərarın 23-cü bəndində məhkəmələrə tövsiyə olunur ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarında göstərilən tövsiyələrini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs sərbəst ifadə verərkən xuliqanlıq cinayətini ümumiyyətlə törətmədiyi, quldurluq cinayəti üzrə isə zərərçəkmiş şəxsə yalnız bir yumruq vurduğu, sonuncunu təpiklə döymədiyi, telefon və pulunu götürmədiyi, ibtidai istintaq zamanı təzyiq altında ifadə verdiyi, döyülməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun həmin ifadələri elan edilmiş ağır cinayət məsuliyyətindən və cəzadan yayınmaq məqsədi güdür, özünümüdafiə xarakteri daşayır və cinayət işi üzrə toplanmış mötəbər subutlarla təkzib olunduğundan inandırıcı hesab olunmur. Belə ki, zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələrindən, habelə cinayət işinin digər materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu ərazisində Zərərçəkmiş şəxs2 işlətdiyi “Rusiya kafesi” adlı kafedə iş yerində spirtli içki qəbul etdiyinə görə Zərərçəkmiş şəxs2 ona irad bildirmiş, o, haqlı olan iradı qəbul edib ondan nəticə çıxarmaq əvəzinə ictimai qaydanı kobud sürətdə pozub Zərərçəkmiş şəxs2 qəsdən yumruqla sifət nahiyəsindən vuraraq sol almacıq nahiyəsinin dərialtı hematoması ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma və sol sağrı nahiyəsinin qançırı ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Həmin hallar barədə məhkəmədə zərərçəkmiş şəxs ifadə verdikdən sonra təqsirləndidlən şəxs törətdiyi cinayəti etiraf etdi. Bundan başqa, Quliyev X6 rayonu ərazisində fəaliyyət göstərən “Nihat” kafesinin yaxınlığında vətəndaş Zərərçəkmiş şəxs1 basqın edib Zərərçəkmiş şəxs1 müxtəlif bədən xəsarətləri yetirməklə sağlamlığına yüngül zərər vurmaqla 100 manat nağd pulunu və 140 manat dəyərində olan bir ədəd “Samsung A10” markalı mobil telefonu ələ keçirməklə quldurluq etmişdir. Döyülməsi barədə təqsirləndirilən şəxsin iddiasını yoxlamaq məqsədilə məhkəmə onun saxlandığı İstintaq təcridxanasından tibbi kitabçasının surətini əldə etmiş, həmin sənədə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, təcridxanaya daxil olarkən Təqsirləndirilən şəxs döyülməsini inkar etmiş, habelə müayinə zamanı onun üzərində yeni xəsarətlər aşkar olunmamışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin müdafiə məqsədilə məhkəmədə verdiyi ifadəsini həqiqətə uyğun olmayan hallar kimi qəbul edir. Məhkəmə zərəçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrini, həmin ifadələr törədilmiş cinayətlərin təfərrüatını tam açıqladığından, eyni zamanda həmin ifadələr məhkəmədə hər hansı şübhə yaratmadığından sübut kimi qəbul edir. Məhkəmə eyni zamanda həm xuliqanlıq, həm də quldurluq cinayəti ilə bağlı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini, həmin ifadələr müvafiq hissələrdə iş üzrə toplanmış digər sübutlarla uzlaşdığından sübut kimi qəbul edir. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutları məcmu halında qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etməsi və özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib quldurluq etməsi tam sübuta yetirilir, o, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.1-ci maddəsi ilə təqsirli bilinib 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının 02 ay 04 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir (cild 1, iş vərəqi 62-63, 110-111). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ağır cinayətə görə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən altı il keçmədiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Beləliklə, Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi ağır cinayətə görə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətdiyindən onun əməlində cinayətlərin təhlükəli residivi mövcuddur. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən biri ilə barışmasını və həmin zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 181.1-ci maddəsiin sanksiyasında dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 221.1ci maddəsinin sanksiyasında min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər müvafiq olaraq ağır və böyük ictimai təhlülkə törətməyən cinayətlər kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan, məhkəmənin və müstəntiqin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 21 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 may 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə o, Şəmkir rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerindən azad olunmuş, 31 avqust 2024-cü il tarixdə yenidən şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində 02 sentyabr 2024-cü tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 31 avqust 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 32-33, 55-60, 144, 148-149, 182-183, 216-220, 277-281). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 21 may – 23 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub saxlanıldığı 3 (üç) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalı, cəza çəkməsinin başlanğıcı onun tutulduğu 31 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı 3 (üç) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində 5 (beş) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 31 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Aygün Qurbanova Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-939/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-939/2025
24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver