Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-942/2023 12.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, Masallı rayonu, Şərəfə ərazi dairəsi, Şərəfə kəndində qeydiyyatda olmaqla Binəqədi rayonu, Xocəsən qəsəbəsində fərdi yaşayış evində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, 10 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə “20 Yanvar” dairəsinə çatmamış yolun sağ hissəsində ağacın dibində istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Teymur” adlı şəxs tərəfindən gizlədilmiş yerdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 3,886 qram olan külli miqdarda ağ rəngli kristalşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 11 oktyabr 2022-ci il tarixdə saat 23:20-də Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Binəqədi rayonu, Xocasən qəsəbəsi, “Ay işığı” restoranının yaxınlığında saxlanılıb oradan ünvan 1 ünvanda yerləşən 40-cı Polis bölməsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman tünd boz rəngli şalvarının sağ yan cibindən bir bükümdə təmiz çəkisi 3,886 qram olan külli miqdarda ağ rəngli kristalşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildi, qeyd etdi ki, ona qarşı irəli sürülən ittihamda narkotik vasitənin göstərilmiş miqdarı ilə razı deyildir və ifadəsində göstərdi ki, o, hadisə günü mağazadan çıxanda polis əməkdaşları ona yaxınlaşmışlar. Həmin zaman onun üzərində öz istifadəsi üçün aldığı 1 qram psixotrop maddə olmuşdur. Polislər onu polis bölməsinə aparmışlar. Əvvəl o, polislərin onun boynuna qoymaq istədikləri psixotrop maddəni qəbul etməkdən imtina etmiş, lakin polislər onu sadəcə 1 büküm psixotrop maddə olduğuna və onu götürməsinə inandırmışlar. Ona görə də polis əməkdaşlarının təqdim etdikləri sənədləri imzalamış, lakin sonradan orada psixotrop maddənin miqdarının çox göstərildiyini görmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, polislər tərəfindən ona qarşı fiziki və psixi təsir göstərilmiş, onu döymüşlər. Onu döyən polislərdən birinin adı Babək olmuşdur. Hətta adını bilmədiyi başqa polis əməkdaşı onu döyərkən öz barmağı sınmış və xəstəxanaya getmişdir. Onun hər hansı İran İslam Respublikası vətəndaşı ilə əlaqəsi olmamışdır. Psixotrop maddəni “20 Yanvar” ərazisində taksi sürücüsü olan adını bilmədiyi bir şəxsdən almışdır. Psixotrop maddə metamfetamindən 1-2 ay ərzində istifadə etməyə başlamışdır. İstintaq təcridxanasına gedərkən onun bədəninə baxış keçirilmiş və bədənində qalan bəzi zədələr aşkar edilərək qeyd edilmişdir. İstintaq təcridxanasında zədələr aşkar olunan zaman onu polislərin döydüyünü bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində 11 oktyabr 2022-ci il tarixdə narkotik vasitədən istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun rəhbəri o, təyin edilmişdir. O, əməliyyat qrupuna daxil olan digər əməkdaş Rəcəb ilə birlikdə Binəqədi rayonu, Xocasən qəsəbəsində “Ay işığı” restoranının yanında xarici görkəmi əməliyyat məlumatında göstərilən şəxsə oxşadığı üçün Təqsirləndirilən şəxs yaxınlaşıb, onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində təhqiqatçının otağında videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni İran vətəndaşından aldığını və öz istifadəsi üçün daşıdığını bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs psixotrop maddəni İran vətəndaşı olan Teymur adlı şəxsdən aldığını bildirmişdir. Əməliyyat məlumatı narkotik vasitə və psixotrop maddənin saxlanılması, gəzdirilməsi və satılması barədə olmuş, lakin onun narkotik vasitəni satması faktı təsdiq edilməmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi təsir olmamış, o, başqa kimsə tərəfindən də fiziki və ya psixi təsir göstərilməsinin şahidi olmamışdır. Polis bölməsində Babək adında şəxs yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 həm ifadə verərkən, həm də ibtidai istintaqa verdiyi ifadəsi elan edildikdən sonra eyni məzmunlu ifadəsi ilə Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təzyiq göstərilməmişdir, İşlədiyi polis bölməsində Babək adlı şəxs yoxdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1984-cü ildə Masallı rayonunda anadan olmuş, Masallı rayonunun Şərəfə kəndində qeydiyyatda olan, Binəqədi rayonu, Xocəsən qəsəbəsi fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlaması, gəzdirməsi və satması bildirilmişdir (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 4-5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1984-cü ildə Masallı rayonunda anadan olmuş, Masallı rayonunun Şərəfə kəndində qeydiyyatda olan, Binəqədi rayonu, Xocəsən qəsəbəsi fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:20 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, “Ay işığı” restoranının yaxınlığında piyada olduğu zaman əlverişli şərait yarandığı üçün saxlanılaraq 40-cı Polis bölməsinə gətirilmişdir (cild 1, iş vərəqi 8). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və diskdən görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü və sol yan cibindən “Huawey P20” markalı mobil telefonu təqdim etmiş, sorğu zamanı bildirmişdir ki, həmin bükümün içərisində olan kütlə “patı” kimi tanınan psixotrop maddə metamfetamindir. Həmin psixotrop maddəni 10 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində Teymur adlı şəxsin “Şamaxinka” adlanan ərazidə ağacın dibinə qoyduğu yerdən götürmüşdür. Həmin maddəyə görə Teymur adlı şəxsin bank hesabına 60 manat pulu “E-manat” ödəniş terminalı vasitəsilə köçürmüşdür. Sonra həmin büküm zərfə qoyularaq qablaşdırılmış, DİN-in 234 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 33-35). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5876 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün dairəvi möhür əksi və “...Cəfərov E - imza, ...üç imza ...Hüseynov K - imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 3,886 qram olan ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil edir (cild 1, iş vərəqi 40-44). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı lentə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirdilmiş, baxış zamanı müəyyən edilmişdir ki, DVD diskdə 02 ədəd videofayl vardır. Həmin videofaylda olan videogörüntü xx.xx.2022-ci il tarixdə lentə alınmağa başlanmışdır. Həmin videogörüntüdə ümumilikdə qapalı məkan olmaqla, xidməti iş otağı, içərisində masalar, stullar və kompüter dəsti, şəxslər müşahidə olunur. Videogörüntü başladıqda, özünü Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin təhqiqatçısı polis baş leytenantı Kamal Hüseynov kimi təqdim edən şəxs iştirakçıları təqdim edib polis əməkdaşları olduqlarını bildirir. Sonra otaqda olan Təqsirləndirilən şəxs ayağa durması və üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşyalar varsa, onları təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş büküm və həmin şalvarın sol yan cibindən özünə məxsus olan 1 ədəd “Huawei P20” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyur. Ondan sonra onun tünd boz rəngli cins şalvarının ciblərini açmağı tələb olunduqda başqa hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ondan aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisindən aşkar olunmuş ağ rəngli maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmiş və o, həmin psixotrop maddə metamfetamini xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Teymur adlı İran İslam Respublikası vətəndaşından 60 manata şəxsi istifadəsi üçün aldığını və həmin məbləği “Emanat” ödəniş terminalı vasitəsilə ödədiyini bildirmişdir. Bundan sonra büküm olduğu kimi bağlanılaraq təhqiqatçı tərəfindən boş zərfə qoyularaq qablaşdırılır və möhürlənir, sonda zərfin üstü ardıcıllıqla iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülür (cild 1, iş vərəqi 80-81). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cüil tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd "Huawei P20" markalı mobil telefonda olan məlumatlara baxış keçirilmiş, baxış zamanı məlumatlar arasında iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 104). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 320 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 114-115). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 218 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 116-117). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli, 061-4869-1223 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini İran vətəndaşı Teymur adlı şəxsdən satış məqsədi olmadan əldə etməsi, həmçinin mənbəni müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 113). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 93). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini əldə etdiyi şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşı Teymur adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 129-130). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 3,886 qram metamfetamin, habelə Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, disk cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 3,786 qram metamfetamin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 119-127). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılarkən üzərində cəmi 1 qram psixotrop maddə olması, qalan maddənin polislər tərəfindən onun üzərinə qoyulması, polislərin ona fiziki və psixi təsir göstərməsi və bunun nəticəsində onun məcbur olub bütün psixotrop maddəni öz üzərinə götürməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis bölməsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı o, tutulmuş və ifadələri alınmışdır. Habelə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ifadələr verərkən üzərindən aşkar edilmiş həmin bükümün içərisində olan kütlə “patı” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni 10 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində Teymur adlı şəxsin “Şamaxinka” adlanan ərazidə ağacın dibinə qoyduğu yerdən götürdüyünü, həmin maddəyə görə Teymur adlı şəxsin bank hesabına 60 manat pulu “E-manat” ödəniş terminalı vasitəsilə köçürdüyünü bildirmişdir. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilərkən Təqsirləndirilən şəxs ona isnad edilən cinayəti törətdiyini etiraf etmiş və əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə eyni zamanda məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə dindirilərkən, nə də ki, barəsində qətimkan tədbiri seçilərkən Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən hər hansı təzyiq edilməsi barədə heç nə bildirməmişdir. Buna baxmayaraq, məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı Bakı İstintaq təcridxanasından onun tibbi kitabçasının surətini əldə etmiş və həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilmişdir. Kitabçanın “həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri” bölməsində təqsirləndirilən şəxsin xəsarət almadığını bildirməsi barədə qeyd vardır. Digər bölmədə təqsirləndirilən şəxsin bədənində, yəni sol bazunun ön səthində bənövşəyi qançır, sol dizdə üzəri qərtməkli yara, alnında sıyrıq olması qeyd edilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən Bakı şəhəri Binəqədi rayon prokurorluğundan daxil olmuş 16 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş zədələrlə bağlı Bakı İstintaq təcridxanasından daxil olmuş məlumat əsasında müvafiq araşdırma aparılmış, araşdırma zamanı onun izahatı alınmışdır. İzahatında Təqsirləndirilən şəxs həmin zədələrlə bağlı qeyd etmişdir ki, tutulmazdan bir neçə gün qabaq yaşadığı evdə yıxılmış və xəsarət almış, polis əməkdaşları tərəfindən ona zorakılıq göstərilməmişdir. Araşdırma nəticəsində prokurorluq o nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin əmələ gəlməsi polis əməkdaşlarının qəsdi və ya ehtiyatsızlığı ilə əhatə olunmamış, bu səbəbdən toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib daşıyaraq üzərində saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olumasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 13 oktyabr 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı 11 oktyabr 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 21, 88-91). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı 11 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 3,786 qram metamfetamin məhv edilməlidir. Digər maddi sübut – Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı 11 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 3,786 qram metamfetamin məhv edilsin. Digər maddi sübut – Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 92 (doxsan iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-942/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-942/2023
12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver