Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-943/2021 07.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X5 oğlunun, iştirakları ilə, xx.xx.1972-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq psixotrop maddəni və külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetamin və külli miqdarda narkotik vasitə heroin alaraq əldə edib, əynindəki göy rəngli cins şalvarın sol yan cibində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 08 sentyabr 2020-ci il tarixdə saat 21:05-də ünvan 2 ünvanının qarşısında saxlanılıb Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 54 ünvanda yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilərək orada video çəkilişdən istifadə etməklə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə onunla bağlı şəxsi axtarış və götürmə aparılan zaman, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd dəmir qutunun içərisində 01 bükümdə təmiz çəkisi 0,040 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət kütlə psixotrop maddə - metamfetamin, 04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 3,100 qram, 4,310 qram, 2,250 qram və 0,030 qram, ümumi çəkisi 9,690 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və şalvarının sağ yan cibindən üzərində narkotik vasitə olan heroinin izləri müəyyən edilmiş elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitələri Bakı şəhəri ərazisində tanımadığı şəxslərdən alır. Belə ki, Bakı şəhərinin ərazisində gəzir və üzdən narkomana oxşar şəxslərə yaxınlaşıb narkotik vasitə istəyir. Həmin şəxslər isə pulla narkotik vasitələri ona satır. Son vaxtlar Arslan adlı şəxsdən narkotik vasitə almışdır. O, Arslana zəng edərək “Dozam qurtarıb, mal gətir” demiş və Arslan ona gətirmişdir. 08 sentyabr 2020-ci il tarixdə, yəni hadisə baş verən günü Arslan ona xatırlamadığı mobil telefondan zəng edərək onun evinə gələcəyini bildirmişdir. Arslan gələnə qədər onun evində bir büküm narkotik vasitə olmuş, hansını ki, təxminən 4- 5 gün əvvəl Aslandan şəxsi istifadəsi üçün almış, lakin istifadə etməmişdir. Bir qədər keçdikdən sonra Arslan onun yaşadığı evin qarşısına gəlmiş və zəng edərək evin qarşısında olduğunu bildirməklə onu qarşılamağı xahiş etmişdir. Arslanı qarşılayıb onunla birgə evə daxil olduqdan sonra həyətdəki it hürməyə başlamışdır. Arslandan onunla gələn şəxsin kim olduğunu soruşduqda o, sürücü olduğunu bildirmişdir. Arslan “Opel” markalı avtomobil ilə gəlmiş, həmin avtomobil taksi avtomobili olmuş və Arslan daima həmin taksidən istifadə etmişdir. Həyətə düşərək iti sakitləşdirmiş, lakin evə qalxdıqda it yenə hürməyə başlamışdır. Arslandan şübhələnərək daha kimi gətirdiyini soruşmuş, o, başqa şəxslərdən xəbərsiz olduğunu bildirmişdir. Digər otağa keçib pəncərədən baxdıqda qapının qarşısında 4 nəfər şəxsin olduğunu görmüşdür. Həmin şəxslərin polis əməkdaşları olmasını bilmiş və onlar içəri girdikdə onu şillə və təpiklə döyməyə başlamışlar. Arslan və onun sürücüsünü isə digər otaqda döymüşlər. Polis əməkdaşları onda olan 100 manat pulu və evdə olan bəzi əşyaları götürmüşlər. Bundan sonra polis əməkdaşları onu avtomobilə oturdurub polis bölməsinə aparmışlar. Orada xidməti otaqların birində narkotik vasitə olan bükümləri çıxarıb masanın üzərinə qoyaraq bükümləri cibinə qoymasını tələb etmişlər, onlara etiraz etdikdə isə onu döyməyə başlamışlar. Bu səbəbdən qorxaraq narkotik vasitələri cibinə qoymuş və video çəkiliş zamanı onları çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, narkotik vasitədən 2020-ci ilin mart ayından istifadə etməyə başlamış, ancaq “kakos”-dan (kustar üsulla hazırlanmış heroindən) istifadə etmişdir. Əvvəllər taksi fəaliyyəti göstərdiyi üçün və narkomanlar gediş haqqı müqabilində ona narkotik vasitələr vermişlər. Arslanı o uşaqlıqdan tanımış, onun özü də narkoman olmaqla yanaşı narkotik vasitələri ona satmışdır. Tutulan zaman onun 100 manat pulu olmuş və Arslan “kakos”-un (kustar üsulla hazırlanmış heroinin) bir qramını ona 40 manata satmağı söz vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs göstərdi ki, video çəkiliş zamanı narkotik vasitə və psixotrop maddələrin hər birinin ayrı-ayrılıqda adlarının nə olduğunu deməsinə baxmayaraq, sonradan bunların ona məxsus olmadığını bildirmiş, həmçinin istintaq zamanı verdiyi ifadələri oxumamış və heç bir sənədlə tanış olmamışdır. Polis bölməsinə gedərkən onun üzərində yalnız əvvəl Arslandan aldığı heroin olmuş, lakin onda tərəzi və psixotrop maddə metamfetamin olmamışdır. Arslanın narkotik vasitələrin satıcısı olduğu halda, alıcı kimi onun Arslanın evinə deyil, əksinə satıcının alıcının evinə gəlməsinin izah edilməsi ilə bağlı suala cavab olaraq Təqsirləndirilən şəxs qeyd etdi ki, Arslan əmiləri və əmisi uşaqları ilə bir evdə yaçadığı üçün onların evinə getməyə utanmışdır. Təqsirləndirilən şəxs ibtidai isitintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ifadələrində göstərmişdir ki, o, narkotik vasitə heroindən və psixotrop maddə olan “şüşə”-dən istifadə etmişdir. Heroini inyeksiya yolu ilə, “şüşə”-ni isə çəkmək yolu ilə qəbul etmişdir. Daha sonra o, qeyd etmişdir ki, Arslan onun evinə gəldikdə ona 5 qram “kakos” kimi tanıdığı narkotik vasitə verməsi üçün 200 manat pul vermiş, Aslan iki ədəd bükümü elektron tərəzi ilə çəkən zaman bir neçə nəfər içəri daxil olaraq özlərini Suraxanı RPİ-nin əməkdaşları kimi təqdim etmişlər. Onlar Arslanın cibindən bir neçə ədəd bükümü çıxarıb evə atmış, bundan sonra polis əməkdaşları onu xidməti avtomobilə qoyub polis bölməsinə aparmışlar. Polis bölməsinə gedərkən onun üzərində narkotik vasitə olmamış, yaşadığı mənzildə aşkar edilmiş narkotik vasitələrin bir bükümü ona məxsus olmuş, digər iki bükümü isə ona satmaq üçün Arslan gətirmişdir. Ona məxsus bir ədəd bükümü özü istifadə etmək üçün əldə etmiş, lakin dərmanlar da ona məxsus olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəbulu və alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat rəhbərliyə məruzə edilmiş və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasının qarşısının alınması və onun cinayət başında ifşa edilməsi məqsədi ilə 08 sentyabr 2020-ci il tarixdə 31-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və sahə inspektoru, polis baş leytenantı Şahid2 ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərlik ona həvalə olunmuşdur. Əməliyyat tədbirlərinin nəticəsində 08 sentyabr 2020-ci il tarixdə saat 21:05-də Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında, yəni Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi, ev 92 ünvanın qarşısında saxlanılaraq 31-ci PB-nin növbətçi hissəsinə təhvil verilmişdir. Bundan sonra 31-ci PB-nin inzibati binasında təhqiqatçı, polis kapitanı Namiq Binnətovun xidməti iş otağında onun və 31-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3, sahə inspektoru, polis baş leytenantı Şahid2 və Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Aydın Hüseynovun iştirakları ilə video çəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmadan əvvəl Təqsirləndirilən şəxs bu haqda qərarla tanış edilərək, ona üzərində ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin könüllü surətdə verilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd içərisində bükümlər və dərmanlar olan dəmir qutu, 1 ədəd qara rəngli “Nokia” markalı mobil telefon, sağ yan cibindən isə 1 ədəd tərəzini təqdim edərək həmin bükümlərdə narkotik vasitə və psixotrop maddə olmasını bildirdi. Həmin narkotik vasitə və psixotrop maddəni 08 sentyabr 2020-ci il tarixdə günorta saatlarında əvvəllər tanıdığı və mütəmadi olaraq narkotik vasitəni aldığı “Arslan” adlı şəxsdən öz yaşadığı evdə şəxsi istifadəsi üçün 200 (iki yüz) manata almasını, bir qismini istifadə etməsini, qalan hissəsini isə sonra istifadə etmək üçün üzərində daşımasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş bükümlər və dərmanlar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan götürülərək qablaşdırılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya maddə aşkar edilməmişdir. Bu haqda protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra verilən suallara cavab olaraq Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs evinin qarşısında tutmuşlar və onun evinə daxil olmamışlar. Təqsirləndirilən şəxs tutularkən tək olmuş, yanında digər şəxslər olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs evinə mütəmadi olaraq narkotik istifadəçilərinin gəlib-getməsi barədə məlumatlar daxil olmuşdur. Bu şəxslər tez-tez onun evinin yaxınlığına yığışmışlar. 08 sentyabr 2021-ci il tarixdə 31-ci PB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 ibarət birgə əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri Şahid1 təyin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi, ev 92 ünvanın qarşısında saxlanılaraq 31-ci PBnin növbətçi hissəsinə təhvil verilmişdir. Bundan sonra bölmədə onun, Şahid1 və Şahid3, eləcə də vəkilin iştirakı ilə video çəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Bu hərəkət aparılmadan əvvəl Təqsirləndirilən şəxs bununla bağlı qərarla tanış edilərək üzərində hər hansı bir narkotik vasitə və ya psixotrop maddənin, həmçinin digər qanunsuz əşyaların könüllü surətdə verilməsi ona təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs cibindən içərisində bükümlər və dərmanlar olan dəmir qutu, 01 ədəd qara rəngli “Nokia” markalı mobil telefon və 01 ədəd tərəzini təqdim edərək təqdim etdiyi bükümlərdə narkotik maddə və psixotrop maddə olmasını bildirmişdir. Həmin narkotik vasitələri və psixotrop maddəni 08 sentyabr 2020-ci il tarixdə əvvəllər tanıdığı və mütəmadi olaraq narkotik maddələr aldığı “Aslan” adlı şəxsdən öz yaşadığı evdə şəxsi istifadəsi üçün 200 manata almasını, bir qismini istifadə etməsini, qalan hissəsini isə sonra istifadə etmək üçün üzərində daşımasını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi dərmanlar və bükümlər ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Bununla bağlı protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra verilən suallara cavab olaraq Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs o, taksi sürücüsü kimi əvvəllər tanımışdır. Taksi sürücüsü kimi fəaliyyət göstərdiyi zamandan narkotik vasitələrdən istifadə etməsi məlum olmuşdur. Təqsirləndirilən şəxs evinin qarşısında tutulmuş, həmin vaxt onun yanında heç kəs olmamış və bölməyə dəvət edilərkən nə etiraz etmiş, nədə ki müqavimət göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 İnqlab oğlu şahidlər Şahid1 və Şahid2la oxşar məzmunlu ifadə verərək onların ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2005-ci ildən narkotik vasitə istifadəçisidir. Hazırda səhhətində güclü problemlər var, narkotik vasitədən daima istifadə etdiyi üçün bədənində çürümə prosesləri gedir. Daha sonra o, bildirdi ki, qonşuluqda yaşayan İqbalı uşaqlıqdan tanıyır, onunla münasibətləri normal olmuşdur. 07 sentyabr 2020-ci il tarixdə günorta saatlarında İqbalın yaşadığı evin qarşısından keçən zaman İqballa görüşərək, bədənində ağrıların olduğunu, lakin pulunun olmadığını söyləyərək, pulunu sonradan vermək şərti ilə ona “kakos” adlanan narkotik vasitə heroin verilməsini xahiş etmiş, İqbal isə sözünə əhəmiyyət verməyərək ona narkotik vasitə verməkdən imtina etmiş, bədənində ağrılar olduğundan əsəbləşərək İqbala “Eybi yox İqbal, gör sənin başına nə oyun açacağam” söyləmiş və çıxıb getmişdir. Bir müddətdən sonra İqbal yaşadığı evin qarşısında məhəllədə gedən zaman polis əməkdaşları tərəfindən saxlanılaraq üzərindən narkotik maddə aşkar olunduğu üçün həbs olunduğunu və Polis İdarəsində ifadə verən zaman guya üzərində olan narkotik maddəni ondan almasını bildirməsini eşitmişdir. Təqsirləndirilən şəxs onun barəsində yazdıqları yalan və böhtandır. İqbalı 07 sentyabr 2020-ci il tarixdə sonuncu dəfə görmüş, həmin zaman aralarında narazılıq baş vermiş, çox güman ki, məhz bu səbəbdən İqbal barəsində polisə onun məlumat verməsini zənn etmiş, bu səbəbdən də onun haqqında həqiqətə uyğun olmayan ifadələr vermişdir ki, qisas alsın. O, 08 sentyabr 2020-ci il tarixdə İqbalın yaşadığı evə taksi ilə getməmiş və ümumiyyətlə İqbalın tutulmasında iştirak etməmişdir. Daha sonra verilən suallara cavab olaraq Şahid4 bildirdi ki, yaşadığı Bülbülə qəsəbəsində Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Həmçinin, Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxs ona narkotik vasitə verməməsinə görə sonuncuya əsəbləşməsinə baxmayaraq, onun barəsində polis əməkdaşlarına o, məlumat verməmiş və bu haqda ümumiyyətlə xəbəri olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan 08 sentyabr 2020-ci il tarixli Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən Suraxanı RPİnin 31-ci PB-nin rəisinin adına yazılmış raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və satışında şübhəli bilinən 1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanının qarşısında saxlanılaraq polis bölməsinə gətirilmişdir. (cild 1, iş vərəqə 8) Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 08 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Suraxanı RPİ-nin 31-ci PB-nin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs Mustar oğluna üzərində olan narkotik vasitələri və ya dövriyyəsi qanunla qadağan edilmiş digər əşyaları təqdim edilməsi təklif olunmuş və bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd dəmir qutu və sağ yan cibindən 1 ədəd tərəzini təqdim edərək həmin dəmir qutunun içərisindən ikisi qara rəngli kristal, ikisi qəhvəyi rəngli kristal, bir ağ rəngli kristal halında, biri isə açıq qəhvəyi rəngli toz halında ümumilikdə 6 büküm təqdim edərək bildirmişdir ki, həmin bükülülərin içərisində olan bir ədədi “şüşə” kimi tanıdığı narkotik maddə, digərləri isə heroindir. Həmçinin o, göstərmişdir ki, narkotik vasitələri alanda onu aldatmasınlar deyə üzərində həmin tərəzini saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümlərdə olan maddə kütlələri ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, protokol tərtib olunmuş, həmin protokol Təqsirləndirilən şəxs özü və istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə video çəkilişlə aparılmış və video görüntülərin əks olunduğu “DVD” formatlı disk protokola əlavə edilmişdir. (cild 1, iş vərəqə 27-28) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 sentyabr 2020-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı video görüntülərin əks olunduğu diskə həm ibtidai istintaq zamanı, həm də məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. (cild 1, iş vərəqə 261) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 09 sentyabr 2020-ci il tarixli, 6/1824 №-li rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” və s. Qeydlər olan zərfdəki bükümlərdən: 4 ədəd bükümdəki ayrı-ayrılıqda təmiz çəkiləri 2,100qr (Ob.1); 4,310qr.(Ob.2); 2,250qr. (Ob.3); 0,303 qr. (Ob.5), ümumi təmiz çəkisi 9,690 qram olan maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin heroinlərdən 2 bükümdəki heroinlər (Ob-1) və (Ob-2) öz aralarında və digər 2 bükümdəki heroinlərdən (Ob.3 və Ob.5)-dən fərqlidirlər. Digər 2 bükümdə olan heroinlər (Ob.3 və Ob.5) tərkiblərinə görə eynidirlər. 1 ədəd bükümdəki təmiz çəkisi 0,670qram olan (Ob.4) maddə kütləsinin tərkibində narkotik, psixotrop və güclütəsiredici maddə yoxdur. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələtin siyahısına daxildir. 1 ədəd bükümdəki təmiz çəkisi 0,40 qram olan ağ rəngli kristal hisəciklərdən ibarət kütlə-psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahisina aiddir. (cild 1, iş vərəqə 36-42) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 30 noyabr 2020-ci il tarixli, 6/2512 №-li rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “200100479 Təqsirləndirilən şəxs götürülmüş elektron tərəzi” qeydləri olan kağız bükümdəki tərəzi üzərində narkotik vasitə olan heroinin izləri vardır. (cild 1, iş vərəqə 132-135) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji ekspertizasının 08 oktyabr 2020-ci il tarixli, 2788 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərinin tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 119- 120) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 23 oktyabr 2020-ci il tarixli, 2110 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Onda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Onda həmçinin ittiham olunduğu əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixoloji fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi yoxdur. (cild 1, iş vərəqə 122-123) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 10 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4 ədəd bükümdə təmiz çəkisi 9,690 qram narkotik vasitə heroin və 1 ədəd bükümdə təmiz çəkisi 0,040 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,640 qram təşkil edən narkotik vasitə heroin və 0,020 qram təşkil edən psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (cild 1, iş vərəqə 263-272) Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** mobil telefon nömrəsi ilə aparılan danışıqlarına və “sms” yazışmalarına dair “xxxx” MMC mobil rabitə operatorundan götürülən məlumatlardan və həmin məlumatların əks olunduğu “CD” formatlı diskə baxış keçirilməsinə dair 09 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Şahid4 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında zənglər və “sms” yazışmaları olmamışdır. (cild 1, iş vərəqə 233-260, 262) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə məlumat yoxdur. (cild 1, iş vərəqə 113-114) Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işindən, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin və külli miqdarda narkotik vasitə heroinin əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqə 274-275) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitənin cəmi bir bükümünün ona aid olması, narkotik vasitənin digər bükümlərinin və psixotrop maddənin, eləcə də tərəzinin ona aid olmaması və polis əməkdaşları tərəfindən döyülməsi və sair qanunsuz hərəkətlər nəticəsində üzərinə qoyulması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Suraxanı rayon prokurorluğunun müstəntiqi Azər Əbdulovun 29 yanvar 2021-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi xüsusatlarla bağlı, yəni polis əməkdaşları tərəfindən döyülməsi və ona qarşı sair qanunsuz hərəkətlərin edilməsi ilə bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılmış və qeyd edilən xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarla həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həm Suraxanı RPİ-nin MSYnə, həm də Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasına qəbul edilərkən onun bədəni üzərində hər hansı bir zədələr və ya xəsarətlər aşkar edilməmişdir. (cild 1, iş vərəqə 209-210) Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində aşkar edilmiş narkotik vasitənin cəmi bir bükümünün ona aid olması, narkotik vasitənin digər bükümlərinin və psixotrop maddənin, eləcə də tərəzinin ona aid olmaması və polis əməkdaşları tərəfindən döyülməsi və sair qanunsuz hərəkətlər nəticəsində üzərinə qoyulması kimi gətirdiyi dəlillər əsasızdı və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs ifadələrində öz müdafiəsi üçün gətirdiyi dəlillər iş üzrə digər bütün sübutların məcmusu ilə təkzib olunduğundan, həmin sübutlarla əksinə onun tərəfindən ittiham olunduğu cinayət əməlinin törədilməsi təsdiq olunduğundan, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən onun ifadələrini öz müdafiəsi üçün gətirdiyi dəlillər hissəsində mötəbər sübut kimi qəbul etmir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 14-cü bəndinə əsasən aşkar edilmiş narkotiklərin bir növünün külli miqdar, digərinin isə külli miqdar təşkil etmədiyi hallarda əməl cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası CM-in 234.2 və 234.4.3-cü maddələri ilə deyil, yalnız CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs 08 sentyabr 2020-ci il tarixdə saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilib video çəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə keçirilən zaman, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd dəmir qutunun içərisində 01 bükümdə təmiz çəkisi 0,040 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət kütlə psixotrop maddə metamfetamin, 04 ədəd bükümlərdə ayrı-ayırılqda təmiz çəkiləri 3,100 qram, 4,310 qram, 2,250 qram və 0,030 qram, ümumi çəkisi 9,690 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və şalvarının sağ yan cibindən üzərində narkotik vasitə olan heroinin izləri müəyyən edilmiş elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə və psixotrop maddənin bükümlərə bölünməsi, həmçinin cibindən üzərində narkotik vasitə olan heroinin izləri müəyyən edilmiş elektron tərəzinin aşkar edilməsi, onun həmin narkotik vasitə və psixotrop maddənin öz şəxsi istifadəsi üçün deyil, satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasına dəlalət edir. Bundan əlavə, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ sihahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı narkotik vasitə olan heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 66 dəfə, külli miqdardan isə təxminən 4 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun daha bir təzahürüdür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2020ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 08 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. Daha sonra Suraxanı rayon məhkəməsinin 05 yanvar 2021-ci il tarixli və 06 mart 2021-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 3 ayadək, yəni 08 aprel 2021-ci ilədək uzadılmışdır. (cild 1, iş vərəqə 19, 84-86, 185-188, 230-232). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərinin tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,640 qram təşkil edən narkotik vasitə heroin və 0,020 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, iş materiallarında olan 2 (iki) ədəd disk (1 ədəd “CD” və 1 ədəd “DVD” formatlı) cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 216 (iki yüz on altı) manat 92 (doxsan iki) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. (cild 1, iş vərəqə iş vərəqə 37, 133). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 42 iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri 2 saylı hüquq məsləhətxanasının hesabına 252 (iki yüz əlli iki) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 27.12.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,640 qram təşkil edən narkotik vasitə heroin və 0,020 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin, iş materiallarında olan 2 (iki) ədəd disk (1 ədəd “CD” və 1 ədəd “DVD” formatlı) cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 216 (iki yüz on altı) manat 92 (doxsan iki) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X3 üçün 252 (iki yüz əlli iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Fəhmin Hümb
Məhkəmə qərarları › İş №1(101)-943/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-943/2021
07.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver