Məhkəmə qərarları › İş №1(101)-944/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-944/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-944/2024 03.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Pro Bono" Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını təşkil etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Ramin” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında əldə olunmuş razılığa əsasən müəyyən ünvanlara çatdırmaq üçün istifadəsində olan (055) ***-**-** nömrəli mobil telefonuna WhatsApp ani mesajlaşma proqramı vasitəsilə Ramin adlı şəxs tərəfindən +98 990 *** **** mobil nömrədən göndərilmiş fotoşəkillərə uyğun olaraq istintaqa məlum olmayan vaxtda və yerdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumilikdə təmiz çəkisi 531,075 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda 20,396 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib həmin narkotik vasitənin bir hissəsini özündə, narkotik vasitənin qalan hissəsini isə psixotrop maddə metamfetamin ilə birlikdə kirayə yaşadığı mənzilə daşımaqla saxlamış və Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 10 iyul 2023-cü il tarixdə saat 22:10da ünvan 2 ünvanın yaxınlığında saxlanılıb ünvan 3əşən Azərbaycan Respublikası DİN-in BNMİ-nin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkişlə şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda təmiz çəkisi 11,075 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, şalvarının sol yan cibindən (055) ***-**-** nömrəli “Samsung” markalı Galaxy A 12 modelli mobil telefon və 4098 5844 7185 2234 nömrəli “Unibanka” aid “Leobank” kartı aşkar edilib götürüldükdən sonra əməliyyat tədbirlərinin davamı olaraq xx.xx.2023-cü il tarixdə saat 01:30-da onun kirayə yaşadığı ünvan 4 ünvanında müdafiəçinin iştirakı ilə baxış keçirilərkən qonaq otağında taxta konstruksiyalı dolabdan bir ədəd şəffaf rəngli sellofan torbanın içərisində külli miqdarda iki bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 180,0 qram və 340,0 qram, ümumi təmiz çəkisi 520,0 qram olan üzərindən götürülən və mənzilindən aşkar olunan hər üç bükümdə olmuş xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 20,396 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ittihamda qeyd edilənlər doğrudur. Üzərindən ittihamda qeyd edilən miqdarda narkotik vasitə heroin, yaşadığı ünvanda da ittihamda qeyd edilmiş miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Uzun müddətdir ki, narkotik vasitə heroin, psixotrop maddə metamfetamin istifadə edir. Təxminən 3-4 aya yaxın müddətdir ki, narkotik vasitələrin satışı ilə məşğul olur. Narkotik vasitələri tanımadığı İran İslam Respublikası vətəndaşı “Ramin” adlı şəxsdən alır. 10 iyul 2023-cü il tarixdə, saat 22:10-da ünvan 2 ünvanın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərib, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyəsində şübhəli olduğunu bildirib, barəsində əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edərək onu BNMİ-nin inzibati binasına dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olundu və buna dair bildiriş təqdim edildikdən sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş əşya varsa onları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroin kütləsini təqdim edərək masanın üzərinə qoymuş, bundan sonra üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd özünə aid şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 1 (bir) ədəd “UNİ” banka aid “4098 5844 7185 2234” nömrəli plastik bank kartı, 1 (bir) ədəd içərisində ***-***-**-** BakCell nömrəsi olan “Samsung” markalı A12 modelli mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, heroinin çəkisi 12.16 (on iki tam yüzdə onda altı) qram olmuşdur. Aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri onun, müdafiəçinin və təhqiqatçının imzaları ilə imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı A 12 modelli mobil telefon, 1 (bir) ədəd “UNİ” banka aid olan plastik bank kartı və 1 (bir) ədəd özünə aid şəxsiyyət vəsiqəsi bu barədə izah verildikdən sonra götürülmüşdür. Üzərindən qeyd edilən əşyalardan başqa kirayə yaşadığı ünvan 2, mənzil 101 saylı mənzilin açarı qalmış və həmin ünvanda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra müdafiəçi və polis əməkdaşları ilə birlikdə kirayə yaşadığı ünvanda yerləşən mənzilə getmişlər. O, müdafiəçi və polis əməkdaşları ilə birlikdə mənzilə daxil olduqdan sonra baxış keçirilməsinə başlanmışdır. Mənzilə baxış zamanı o, yaşadığı mənzilin qonaq otaqında taxta konstruksiyalı dolabda gizlətdiyi 2 (iki) ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroini və 1 (bir) bükümdə ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Həmin 2 (iki) ədəd açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroin tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 527,53 qram olmuşdur. Daha sonra isə 1 (bir) ədəd ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilmiş, metamfetaminin çəkisi 22,33 qram olmuşdur. DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri onun, müdafiəçinin və təhqiqatçının tərəfindən imzalanmışdır. Yaşadığım evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Üzərindən və kirayə yaşadığı ünvandan aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütləni təxminən 3-4 ay bundan əvvəl sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Ramin” adlı şəxsin ona göndərdiyini bildirmişdir. Ramin adlı şəxs 2023-cü il ərzində həmin maddələri Bakı şəhəri, Xətai rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerə qoyduraraq ona WhatsAppani mesajlaşma proqramı vasitəsi ilə həmin məkanı göndərib orada sellofan torbada narkotik maddələr olduğunu bildirmişdir. O, həmin qeyd olunan ünvana getdikdə həqiqətəndə sellofan torbanın olduğunu görmüş, torbanı götürdükdən sonra onu kirayə yaşadığı evə gətirərək heç kimin xəbəri olmadan dolabın içərisində gizlətmişdir. Ramin ona etibar etdiyi üçün həmin maddələri dediyi ünvanlara çatdırmaq müqabilində onun istifadəsində olan plastik karta hər bir qram narkotik vasitəyə görə 1 manat pulu köçürtmüşdür. O, maddi çətinliyi olduğu üçün Raminin dediyi ilə razılaşmışdır. Fikirləşmişdir ki, həmin maddələri Bakı şəhərində müxtəlif yerlərə qoymaqla həm pul qazanar, həmdə özü üçün istifadə edər. Onun işi yalnız Raminin ona WhatsAppani mesajlaşma proqramı vasitəsi ilə göndərdiyi məkanlara narkotik vasitələri qoyub şəkilini ona göndərmək idi. “Ramin”-də öz növbəsində həmin şəkilləri Bakı şəhərində narkotik istifadəçilərinə göndərirdi. Həmin pulları o, öz şəxsi ehtiyaclarına xərcləyirdi. Başqa heç bir yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, yaşadığı mənzilə daha əvvəl baxış keçirilmədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Xətai rayonu ərazisində küllü miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə edilmişdir. Buna görə də əməliyyat qrupu yaradılmışdır. Bundan sonra o, əməliyyat qrupunun üzvi baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 22:10-da Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi ev 23 ünvanının yaxınlığına getmişlər. Təqsirləndirilən şəxs saxlayaraq idarəyə gətirmişlər. Video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, onun üzərindən 1 (bir) bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə, 1 (bir) ədəd “Samsung” markalı Galaxy A 12 modelli mobil telefon, “UNİ” banka aid olan **********852234 nömrəli bank kartı, sonuncuya məxsus sürücülük və şəxsiyyət vəsiqəsi və 1 (bir) ədəd mənzil açarı aşkar olunmuşdur. Bundan sonra Abdulla, müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə ünvan 6 ünvanına getmişlər. Təqsirləndirilən şəxs yaşadığı mənzildən 2 (iki) bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, 1 (bir) bükümdə, ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, məhkəmədə elan olunaraq tədqiq edilmiş cinayət işinin materiallarından görünür. Şübhəli şəxsin tutulması haqqında 10 iyul 2023-cü il -ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 20-22). xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında və xx.xx.2023cü il tarixli mənzilə baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən təmiz çəkisi 11,075 qram və bunun davamı olaraq yaşadığı ünvanda aşkar olunmuş təmiz çəkisi 180,0 qram və 340,0 qram ümumi təmiz çəkisi 520,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 20,396 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsini əks etdirən görüntü olan 2 (iki) ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmiş və istintaq zamanı həmin CD disklərə baxış keçirilərək müvafiq protokol tərtib olunmaqla cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 28-31). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2023-cü il tarixli, №3-16-16/2-6/3737 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 11,075 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd sellofan torbada iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 180,0 qram, 340,0 qram ümumi təmiz çəkisi 520,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 20,396 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqdim edilmiş üç ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir (cild 1, iş vərəqi 43-48). Məhkəmə-narkoloji ekspertizasının 09 sentyabr 2023-cü il tarixli 5798 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 124-125). Mobil telefona baxış keçirilməsi haqqında protolokdan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı Galaxy A 12 modelli mobil telefonda olan məlumatlara baxış keçirilərkən müəyyən olundu ki, istintaqa təqdim olunan bir ədəd “Samsung” markalı Galaxy A 12 modelli sensorlu telefondur, korpusun arxa hissəsində Samsung sözü yazılmış, ekran hissəsi qara rənglidir, ekran hissədə ön kamera və qulaqlıq yerləşir, arxa hissəsinin kamera qurğusu vardır, telefonun istehsal bütövlüyünün pozulması müşahidə olunmur, telefonun arxa hissəsində olan boyanın yeyilməsi müşahidə olunur. Mobil telefon yaşıl rəngli qobura keçrilmişdir. “Samsung” markalı Galaxy A12 modelli mobil telefon aparatının sağ hissəsində yerləşən düyməcik vasitəsi ilə onu işlək vəziyyətə gətirərək WhatsApp mobil tətbiqi proqramına daxil olduqda Təqsirləndirilən şəxs +98 990 *** **** mobil nömrənin sahibinin İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Ramin adlı şəxsin mobil nömrəsi olduğunu bildirdi. Təqsirləndirilən şəxs ilə Ramin adlı şəxsə məxsus olan +98 990 *** **** mobil nömrə arasında olan SMS yazışmalarına baxmaq istəyərkən +98 990 *** **** mobil nömrənin sahibinin 10 iyul 2023-cü il tarixdə saat 20:44-də, 20:52də, 21:06 və 04 avqust 2023-cü il tarixdə saat 20:53-də zəng etməsi müəyyən olundu. Mobil telefonun «Galereya» bölməsində olan şəkillər baxış keçirmək istəyərkən qovluqun boş olması aşkar olundu (cild 1, iş vərəqi 137-140). Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(011)-451-2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 76-78). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən və Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə Suraxanı rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası CM-in 83.3.4cü maddəsinə əsasən az ağır cinayətə görə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs azad edilməsindən 10 il keçmişdir. Ona görədə Azərbaycan Respublikası CM-in 18.4.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilən hesab edilmiş və onun əməli residiv kimi qiymətləndirilməmişdir (cild 1, iş vərəqi 92-100). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr)» əsasən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə heroinin ümumilikdə təmiz çəkisi 530,920 qram olmaqla, psixtrop maddə metamfetamin isə ümumilikdə təmiz çəkisi 20,346 qram olmaqla külli miqdar təşkil edir. Qeyd olunanlar bir daha sübut edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq saxlamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi işin faktiki halları, iş üzrə toplanmış sübutlar və özünün etirafedici ifadələri ilə tam sübuta yetirilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməklə səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi, onun barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini istisna edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməklə peşman olması cəzasını yüngülləşdirən hal olmasını, cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini və işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 10 iyul 2023-cü il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının 09 sentyabr 2023-cü il tarixli 5798 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə-bioloji ekspertizasının 11 iyul 2023-cü il tarixli, №3-16-16/2-6/3737 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxsn üzərindən və evə baxış zamanı aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Xətai RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 530,925 qram narkotik vasitə heroin və 20,346 qram psixotrop maddə metamfetam məhv edilməli, 4 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə. . hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Xətai RPİ-in maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 530,925 qram narkotik vasitə heroin və 20,346 qram psixotrop maddə metamfetam məhv edilsin, 4 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar