Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-944/2025 12.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X7 və X ibarət tərkibdə, məhkəmə iclas katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1997-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Oğlanqala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində 1 (bir) azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməyən, Naxçıvan Muxtar Respublikası Şərur rayonu Oğlanqala kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Ramana Gülçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 12 mart 2025-ci il tarixdə, saat 11:15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3,246 qram psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımış, 28 sentyabr 2024-cü il tarixdə, saat 23:30 radələrində özünü şübhəli apardığına görə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin (bundan sonra mətndə - Sabunçu RPİ-nin 14-cü PŞ) əməkdaşları tərəfindən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsində nömrəsiz evin qarşısında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Sabunçu RPİ-nin 14-cü PŞ-nin inzibati binasına gətirilmiş, orada 29 sentyabr 2024-cü il tarixdə, saat 01:29 radələrində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sol yan cibindən iki bükümdə təmiz çəkisi 1,621 qram və 1,625 qram olmaqla, ümumi 3,246 qram çəkidə külli miqdarda kütlələr - kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və tərəflərin dəlilləri:
2. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs 22 yanvar 2025-ci il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək davam edən sonrakı məhkəmə baxışı üzrə məhkəmə iclaslarında ifadəsində göstərdi ki, o, ittihamda qeyd olunan tarixdə, vaxtda və yerdə üç nəfər polis əməkdaşı tərəfindən saxlanılmış, saxlanılarkən üzərində yalnız sosial şəbəkədə tanış olduğu iranlı “Yusif Leyla”dan əldə edərək Savalan yaşayış massivindən götürdüyü bir bükümdə yarım qram psixotrop maddə metamfetamin olmuş, həmin maddəni istifadə etmək üçün əlverişli yer axtarmış, ittihamda guya üzərindən aşkar olunmuş kimi qeyd edilən həmin külli miqdarda psixotrop maddə ona məxsus olmamış və həmin maddəni polis əməkdaşları təzyiq göstərməklə ona məxsus olmasını boynuna almasını tələb edərək üzərinə qoymuşdur. Onun saxlanılmasında iştirak edən polislər onu təhqir edib döyərək üzünə şillə vurub boğmuş, ondan pul istəmiş, o isə hər hansı məbləğdə pul verməkdən imtina etmişdir. Polis əməkdaşlarının ona qarşı göstərdikləri təzyiqlər nəticəsində bədəni üzərində hər hansı xəsarət izi yaranmamış, bu barədə hər hansı hüquq-mühafizə orqanına və ya digər səlahiyyətli şəxsə şikayət etməmişdir. O, narkotik vasitələrdən istifadə etsə də, heç kimə pul müqabilində narkotik vasitə satmamışdır. İbtidai istintaq dövründə müdafiəçi qismində iştirak etmiş vəkil ona təqdim olunmuş sənədləri imzaladıqdan sonra gəldiyindən şəxsi axtarış istintaq hərəkətindən əvvəl polis əməkdaşları onu hədələmiş, bu səbəbdən videoçəkiliş zamanı sonuncuların dediklərini olduğu kimi təkrar etmişdir. İş materiallarında guya onun şəxsi axtarış istintaq hərəkətindən əvvəl müdafiəçinin iştirakından imtina etməsinə dair yazılı ərizəsi əlavə edilsə də, o heç vaxt müdafiəçidən imtina etməmiş, bu barədə ümumiyyətlə ərizə yazmamışdır. Onun adından tərtib olunmuş sənədlərdə olan bəzi imzalar ona məxsus olmamış, lakin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair tərtib edilmiş protokolu, ifadələrinin sonunda qeyd olunan, həmçinin 30 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində dindirmə protokolundakı imza və əlyazmalar, eləcə də, 6 dekabr 2024-cü il tarixli dindirmə protokolundakı “İtina edirəm” və “Teksiri Bilmrem” sözləri onun tərəfindən icra olunmuşdur. Lakin iş materiallarında olan ifadələri ona sonradan oxunmamışdır. “Yusif Leyla” ona özlərini ər-arvad kimi təqdim etdiyindən mobil telefonunda sonuncuların adlarını həmin formada qeyd etmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən məlumat daşıyıcısındakı görüntülərdə göstərilən psixotrop maddələr ona məxsus olmamış, polislər onda olan yarım qram psixotrop maddənin üzərinə əlavələr edib psixotrop maddənin çəkisini artırmışdır. O, Türkiyədə olarkən sənədsiz aldığı mopedi satdığına görə sonradan oğurluğa görə tutulmuşdur. ***- ***-**-** saylı mobil telefon nömrəsi onun istifadəsində olmuşdur. Mobil telefonunda olan vatsapdakı “Leyla Yusif”, Yusif Leyla və digər iran nömrələri ilə olan nömrələr narkotik vasitə aldığı iranlı şəxslərdir. Mobil telefonundakı vatsapın kodunu istintaqda aça bilməmişlər. Telefon nömrələrinə daxil olan və çıxan smslər narkotik vasitə və psixotrop maddələrin istifadəsi ilə bağlıdır. Polis əməkdaşları Şahid2 və Şahid1 ona təzyiq göstərməklə üzərində aşkar edilmiş psixotrop maddənin çəkisini artırmış, habelə videoçəkiliş zamanı onların dediklərini təkrar etmələrini tələb etmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs himayəsində yaşlı valideynləri və bir azyaşlı uşağının olduğunu, şəxsi problemləri ilə əlaqədar depressiyada olması ilə əlaqədar narkotik vasitələrin istifadəsinə başladığını, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, həbsdə saxlanıldığı müddətdə islah olunduğunu, narkomaniya xəstəliyindən müalicə olunaraq sağaldığını, özünü təqsirli bildiyi əmələ münasibətdə çox peşman olduğunu bildirərək valideynlərinin yaşlı olmasını, sağlam həyat tərzinə geri qayıtmaq istədiyini və himayəsində hazırda Türkiyədə olan bir azyaşlı uşağının olmasını bildirərək məhkəmədən ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan ədalətli cəza təyin edilməsini xahiş etdi.
3. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi həmin ifadələrində ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 2023-cü ilin axırlarından müxtəlif növdə narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. Uzun müddətdir özünə məxsus olan ***-***-**-** saylı sim nömrəni işlədir, həmçinin özünə məxsus “Redmi” markalı mobil telefon aparatında yüklədiyi vatsap proqramında da ***-***- **-** saylı nömrəni istifadə edir. Uzun müddət İstanbul şəhərində yaşamış, orada törətdiyi cinayət əməllərinə görə əvvəllər məhkum olunmuş, cəzasını tam çəkib qurtarandan sonra Azərbaycana qayıtmışdır. Narkotik vasitələri və psixotrop maddələri tanımadığı şəxslərdən alır. 2024-cü ilin sentyabr ayının ortalarında sosial şəbəkədə İran İslam Respublikasının vətəndaşı ilə tanış olaraq ondan narkotik vasitə almaq istəmiş, bu səbəbdən həmin şəxslə vatsap vasitəsi ilə əlaqə saxlamışdır. O, iranlı şəxsin +98 905 ***-**-** saylı mobil telefon nömrəsini öz telefonunun yaddaş kitabçasında “Yusif Leyla” kimi qeyd etmişdir. 28 sentyabr 2024-cü il tarixdə 4 qram çəkidə psixotrop maddə metamfetamin almaq məqsədi ilə həmin şəxslə vatsap vasitəsi ilə əlaqə saxlamışdır. Həmin şəxs ona xatırlamadığı “M10” hesabı göndərmiş, o da xatırlamadığı ödəmə terminalı vasitəsi ilə sonuncuya 200 manat göndərmişdir. O, iranlı şəxsin Savalan qəsəbəsində göndərdiyi lokasiya əsasında psixotrop maddə metamfetamini 28 sentyabr 2024-cü il tarixdə axşam saatlarında götürmüşdür. Psixotrop maddə metamfetamin 2 bükümdə olmuşdur. Psixotrop maddəni götürdükdən sonra onu qəbul etmək üçün əlverilişli şərait axtarmışdır. 28 sentyabr 2024-cü il tarixdə, saat 23:30 radələrində Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsində gəzişərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək ondan şəxsiyyətini təsdiq edən sənədi istəmişdir. Üzərində psixotrop maddə metamfetamin olduğundan polis əməkdaşlarından uzaqlaşmağa çalışmış, lakin həmin vaxt sonuncular onu saxlayıb Sabunçu RPİ-nin 14-cü PŞ-yə aparmış, orada polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuşdur. Ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdə üzərində psixotrop maddə metamfetamin saxladığından vəkilin həmin axtarışda iştirak etməsini istəməmişdir. Vəkil xidməti otaqdan çıxdıqdan sonra üzərinə videoçəkilişlə axtarış keçirilmiş, axtarış zamanı əynində olan şalvarının sol yan cibindən iki bükümdə psixotrop maddə metamfetamin götürülmüşdür. Suallara cavab olaraq üzərindən aşkar olunmuş maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni öz şəxsi istifadəsi üçün İran İslam Respublikasının tanımadığı vətəndaşından 200 manata aldığını bildirmişdir. Həmin psixotrop maddə metamfetamin ondan aşkar olunaraq götürülməklə ekspertizaya göndərilmiş, bu barədə tərtib olunmuş protokol və zərfi imzalamışdır. Həmçinin üzərinə keçirilmiş şəxsi axtarış zamanı ondan özünə məxsus olan bir ədəd “Redmi” markalı ***-***- **-** saylı nömrə ilə istifadə etdiyi mobil telefon aparatı götürülmüşdür. Həmin telefonla özünü İran İslam Respublikasının əməkdaşı kimi təqdim edən şəxslə vatsap vasitəsi ilə əlaqə saxlamışdır. Ondan aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamini öz istifadəsi üçün əldə etmişdir. Əldə etdiyi psixotrop maddə metamfetamini başqa şəxsə satmaq fikri olmamış, özü üçün əlverişli anda qəbul etməkdən ötrü almışdır. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur. Polis şöbəsinə gətirilərkən, eləcə də polis əməkdaşları tərəfindən saxlanılarkən ona təzyiq olmamış, heç bir bədən xəsarəti almamış, onu polis bölməsində döyən olmamışdır (Cild 1, i.v. 26; 41- 43; 52-54; 120-122;).
4. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
5. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
6. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 Mayıl oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 28 sentyabr 2024-cü il tarixdə, saat 23:30 radələrində o, Sabunçu RPİ-nin 14-cü polis şöbəsinin əməliyyat müvəkkili Şahid1lə birlikdə inzibati ərazidə xidmətdə olarkən Sabunçu rayonu Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsində özünü şübhəli aparan bir nəfər şəxsi görmüş, həmin şəxs zahiri görünüşünə və davranışlarına görə narkotik vasitə və psixotrop maddələrin istifadəçisinə oxşadığından həmin şəxsə yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib şəxsiyyət vəsiqəsini istədikdə sonuncu üzərində sənəd olmadığını bildirərək iti addımlarla oradan uzaqlaşmağa başlamışdır. Həmin şəxsin hərəkətləri şübhə yaratdığından onu saxlayıb Sabunçu RPİ-nin 14-cü PŞ-yə gətirmiş, orada həmin şəxsin şəxsiyyəti müəyyən edilərək Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tərəflərindən tutulub polis şöbəsinə gətirilərkən üzərində hər hansı qeyri-qanuni əşya varsa tullaya bilməməsi üçün ciddi nəzarətdə olmuşdur. Sabunçu RPİnin 14-cü PŞ-nin xidməti otağında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmaqla dövlət tərəfindən vəkillə təmin olunmuşdur. Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üzərinə axtarış keçirilmiş, istintaq hərəkətindən əvvəl Ərkan ərizə ilə müraciət edərək axtarışı vəkilin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən iki ədəd sellofan büküm aşkar olunmuşdur. Həmin bükümdə ağ kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq ondan aşkar olunaraq götürülmüş iki ədəd bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün həmin gün vatsap vasitəsi ilə əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşından 200 manata alıb öz üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd “Redmi” markalı mobil telefon aparatı götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə metamfetaminə bənzər maddələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Bu barədə protokol tərtib edilərək təhqiqatçı tərəfindən ucadan oxunmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Ekspertiza tədqiqatından sonra Təqsirləndirilən şəxs götürülmüş maddənin psixotrop maddə metamfetamin olması məlum olmuşdur. Təqsirləndirilən şəxs tutulandan sonra ətrafında keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun tutulmamışdan əvvəl narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilmişdir.
7. Verilən suallara cavab olaraq Şahid2 ifadəsinə əlavə edərək göstərdi ki, 28 sentyabr 2024-cü il tarixdə, axşam saat 23-24 radələrində Şahid1lə xidməti ərazidə baş vermiş oğurluq, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin yaxalanması ilə əlaqədar xidmət apararkən M.Hüseynzadə küçəsində yolun qaranlıq hissəsində bir nəfər şəxsin dayandığını görüb həmin şəxsə yaxınlaşmış, sonuncunu baş vermiş hadisələrlə bağlı sorğu-sual edərkən onun suallardan yayınmağa çalışdığını görüb üzərində narkotik vasitə olma ehtimalından şübhələnib onu Sabunçu RPİ-nin 14-cü PŞ-yə dəvət etmişlər. Bu barədə raportla məruzə edildikdən sonra şəxsin üzərində axtarış və götürmə istintaq hərəkəti aparılmış, təhqiqatçının təklifinə uyğun könüllü şəkildə üzərindəki iki ədəd bükümdə psixotrop maddə metamfetamini və 1 ədəd mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş psixotrop maddə metamfetamini İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Ramana ərazisindən sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat əldə edilmiş, lakin həmin maddələri konkret olaraq kimə satması barədə məlumat əldə etmək mümkün olmamışdır. Xatırladığına görə Ərkanın tutulması barədə ailə üzvlərinə zəng edib məlumat verərkən atası narkotik vasitələrə aludəçiliyi ilə əlaqədar Ərkanın əlindən bezdiyini bildirmişdir.
8. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edib əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən aşkar olunmuş psixotrop maddəni öz şəxsi istifadəsi məqsədilə əldə etdiyini bildirsə də, sonradan onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatlar daxil olmuşdur. Təqsirləndirilən şəxs qarşı tərəflərindən hər hansı formada fiziki və psixi təzyiq göstərilməmişdir.
9. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
10. “Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” 29 sentyabr 2024cü il tarixli qərardan görünür ki, 28 sentyabr 2024-cü il tarixdə, saat 23:30 radələrində Təqsirləndirilən şəxs saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sol yan cibindən 2 (iki) bükümdə təmiz çəkisi 1,621 qram və 1,625 qram, ümumi təmiz çəkisi 3,246 qram çəkidə külli miqdarda kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi faktına görə Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X12 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).
11. Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 tərəfindən birgə tərtib olunmuş 29 sentyabr 2024-cü il tarixli raportdan görünür ki, 28 sentyabr 2024cü il tarixdə, saat 23:30 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsində yerləşən inzibati ərazidə xidmətdə olan zaman bir nəfər şəxsin şübhəli olduğunu görərək ona yaxınlaşmışlar. Həmin şəxsə özlərini təqdim edərək şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etdikdə həmin şəxs sənədlərinin üzərində olmadığını bildirərək onlardan yayınmağa çalışmışdır. Bu onlarda həmin şəxsin nəsə gizlətməsi barədə şübhələr yaratmışdır. Həmin şəxs onlara dağınıq cavablar verdiyindən onun nədənsə narahat olmasını və tez bir zamanda onlardan yayınaraq getmək istədiyini görmüşlər. Onun barəsində araşdırma aparılması üçün Sabunçu RPİ-nin 14-cü PŞ-yə dəvət etmişlər. Şöbədə həmin şəxsin xx xxxxxxx 1997-ci il təvəllüdlü, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi, Gülçülük sovxozu yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs ilə söhbət zamanı üzərində narkotik vasitə olduğunu etiraf etmişdir (Cild 1, i.v.3;).
12. “Şübhəli şəxsin tutulması haqqında” 29 sentyabr 2024-cü il tarixli qərar və bu barədə müvafiq protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli bilinərək Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən 28 sentyabr 2024-cü il tarixdə, saat 23:30 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsində saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PŞ-yə gətirilmiş, 29 sentyabr 2024-cü il tarixdə, saat 00:45-də həmin şöbənin baş təhqiqatçısı polis mayoru X1 tərəfindən müdafiəçisi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 28 sentyabr 2024-cü il tarixdə, saat 23:30 dəqiqədən tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 5; 13;).
13. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçisi X3 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün Sabunçu RPİ-nin 14cü PŞ-nin baş təhqiqatçısı polis mayoru X1 tərəfindən həmin şöbənin əməliyyat müvəkkilləri Şahid2 Mayıl oğlu və Şahid1 iştirakı ilə həmin gün, saat 01:13-dən 01:29-dək Sabunçu RPİ-in 14-cü PŞ-nin inzibati binasında xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona özünü təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri ətraflı izah edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 2 ədəd şəffaf sellofan bükümün içərisində metamfetaminə bənzər maddəni və həmin şalvarın sağ yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetamini adını və yaşadığı ünvanı bilmədiyi İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs tərəfindən Maştağa qəsəbəsi Savalan yaşayış massivində “konum” vasitəsilə götürdüyünü, həmin metamfetamini 200 manata aldığını və şəxsi istifadəsi məqsədilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə olan metamfetaminə bənzər maddə və 1 ədəd “Redmi” markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 2 ədəd kağız zərfdə qablaşdırılmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə gecə vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə protokol tərtib edilmiş, protokolda “Samsung” markalı mobil telefondan istifadə edilməklə videoçəkilişin aparılması, videoyazının əks olunduğu məlumat daşıyıcısının protokola əlavə edilməsi qeyd edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir. Həmçinin protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi X4 həmin protokolu imzalayaraq tanış olduğunu qeyd etmişdir (Cild 1, i.v. 22; 24-25;).
14. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 sentyabr 2024-cü il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD-R” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olmaqla məhkəmədə tədqiq edilən və müddəti 7 dəqiqə 42 saniyə olan həmin videogörüntünün əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq Orxan Səmədov tərəfindən baxış keçirilməsinə dair 29 sentyabr 2024-cü il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, sərbəst olmaqla suallara ətraflı və rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 39-40;).
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 3-16-16/2-6/4744 saylı, 29 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: AR DİN “Zərflər üçün №100” möhürü və “Təqsirləndirilən şəxs narkotik vasitə; Saxlanılan : /imza/ Təqsirləndirilən şəxs, İştirakçılar: /imza/ Şahid2; /imza/ V.Əliyev; Qablaşdırdı: /imza/ S.Allahverdiyev” yazıları olan zərfdəki 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1,621 qram, 1,625 qram, ümumi təmiz çəkisi 3,246 qram olan ağ rəngli, kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, həmin metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi – 3,246 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 3,146 qramdır. Aparılmış tədqiqatın dəyərinin 60 (altmış) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 30-34;).
16. “İstintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 29 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin baş təhqiqatçısı polis mayoru X1 tərəfindən Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetamin aşkar edilməsinə dair toplanmış material araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (Cild 1, i.v.36;).
17. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 30 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (Cild 1, i.v. 44-45;).
18. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 4(008)- 601/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 28 sentyabr 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ona ittiham edilmiş cinayətdə (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində) özünü təqsirli bilərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini məhkəmədən xahiş etmişdir. Həmin məhkəmənin 19 dekabr 2024-cü il tarixli, 4(008)-751/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 12 yanvar 2025-ci il tarixədək uzadılmışdır (Cild 1, i.v.60-62; 153- 156;).
19. “Mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” 30 sentyabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Redmi” markalı mobil telefon aparatına baxış keçirilərkən həmin mobil telefon aparatında ***-***-**-** saylı sim nömrə olması, habelə kontaktlar bölməsində “+989 14 519 55 95 Leyla”, “+989 14 *** ** ** Leyla Yusuf”, “+98 914 *** ** ** Yusif Le”, “+989 05 *** ** ** Yusuf Leyla”, “+989 04 *** ** ** İ” cəmi 5 ədəd İran İslam Respublikasının mobil operatorlarına məxsus nömrələrin olması müəyyən olunmuşdur. Mobil telefon aparatının vatsap bölməsində daxil olduqda həmin tətbiqin əlavə olaraq şifrələnməsi (ikiqat mühafizə ilə şifrələnməsi) müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin vatsap tətbiqinin şifrəsini verməkdən imtina etdiyinə görə vatsap proqramının hansı nömrə ilə istifadə olunmasını müəyyənləşdirmək, o cümlədən çatlara baxış keçirmək mümkün olmamışdır. Baxış zamanı istintaq marağı kəsb edən digər xüsusatlar aşkar edilməmişdir. Baxış zamanı 2 ədəd fotoşəkil protokola əlavə olunmuşdur (Cild 1, i.v. 65-67;).
20. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 9 oktyabr 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs X6 52-ci Cinayət Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli hökmü ilə X15 142.2-ci maddəsinin 1-ci hissəsi, 51.1-ci maddəsinin A-C-D-E bəndləri ilə (oğurluq) təqsirli bilinib 4 (dörd) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X6 43-cü Cinayət Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli hökmü ilə X18 142/1-ci maddəsinin E.1 bəndi ilə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X17 Məhkəməsinin 30 mart 2021-ci il tarixli hökmü ilə TCM 292.1, 58.6, 58.7, 53.1-ci maddələri ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin həmin hökmlərin Azərbaycan Respublikasında tanınması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir (Cild 1, i.v. 83-84;).
21. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X14 15 oktyabr 2024-cü il tarixli, 12696 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə qeyd olunan xəstəxanada müalicədə olmamışdır (Cild 1, i.v. 86;).
22. “Sənədlərə baxış keçirilməsi haqqında” 28 oktyabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, mobil operator "xxxx" MMC-dən müvafiq məhkəmə qərarı əsasında əldə olunaraq istintaqa təqdim edilmiş, özündə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan danışıq və smsləri əks etdirən 1 ədəd CD yaddaş daşıyıcısına müstəntiq tərəfindən baxış keçirilmişdir. Həmin smslərə məhkəmə istintaqı zamanı proses iştirakçılarının iştirakı ilə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması müəyyən edilmişdir (Cild 1, i.v. 91-99;).
23. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 21 oktyabr 2024cü il tarixli, 6921 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların və kannabiodlərin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs özünün deməsinə görə 10 ildir psixotrop maddə metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Həmçinin 10 ildir narkotik vasitə marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir (Cild 1, i.v.100-101;).
24. “Maddi sübut kimi tanınması haqqında” 1 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 2 bükümdə ümumi təmiz çəkisi 3,246 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmaqla ekspertiza tədqiqatından sonra psixotrop maddə metamfetaminin 3,146 qram çəkidə olan qalıq hissəsi təqsirləndirilən şəxs maddi sübutlarla tanış edildikdən sonra saxlanılması üçün Sabunçu RPİ-yə təhvil verilməsi, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 1 (bir) ədəd “DVD” diskin iş üzrə maddi sübut kimi tanınmaqla saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (Cild 1, i.v.102-103;).
25. “İş üzrə toplanmış sübutlara qiymət verilməsi haqqında” 5 dekabr 2024-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilməsi, ********* saylı cinayət işinin materiallarından qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs satmış naməlum şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə digər cinayət işinin ayrılması barədə qərar qəbul edilməsi, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Redmi” markalı mobil telefon və üzərində olan ***-***-**-** sim nömrə istintaq üçün sübut əhəmiyyət kəsb etdiyindən məhkəmənin hökmünə qədər Sabunçu RPİ-nin İŞ-də saxlanılması qərara alınmışdır (Cild 1, 106-110; 142;).
26. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 6 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmaqla hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v. 112-113;).
27. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 8 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs satmış naməlum şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başqa cinayət işinin ayrılması və ayrılmış cinayət işi üzrə istintaqın ********* nömrə altında davam etdirilməsi qərara alınmışdır (Cild 1, i.v.130-132;).
28. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq O.A.Səmədov tərəfindən 16 dekabr 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 19 dekabr 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.143-149;).
29. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarına əsasən cinayət işi məhkəmə baxışına təyin edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilmişdir (Cild 2;).
30. “Doğum sertifikatı”ndan görünür ki, Sevda və Ərkanın Aysel adında qızı 13 iyun 2018-ci il tarixdə Türkiyə Respublikasında “X11 Tıp Merkezi” xəstəxanasında anadan olmuşdur (Cild 2;).
31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən Təqsirləndirilən şəxs adına tərtib edilmiş 7932/2024 saylı məhkumun tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 1 oktyabr 2024-cü il tarixdə həmin təcridxanaya gətirilmiş və tibbsanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xəsarət almadığını bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində göstərilmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs yeni zədə-xəsarət izləri aşkar edilməmişdir (Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:
32. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
34. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
35. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
36. CM-in 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
37. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İİ siyahısının 118-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 400 qram olması müəyyən edilmişdir.
38. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı iki bükümdə olmaqla 3,246 qram psixotrop maddə metamfetaminin miqdarının şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunla müəyyən edilmiş xeyli miqdarından təxminən 21 dəfədən, külli miqdarından isə təxminən 1,6 dəfədən artıq olması, satış üçün külli miqdarda psixotrop maddəni ayrı-ayrı bükümlərdə qablaşdırması, istifadəsində olan mobil telefon nömrəsində narkotik vasitə və psixotrop maddələrin satışına dair smsyazışmalarının aşkar edilməsi, eləcə də mobil telefonundakı vatsap mobil tətbiqində beş ədəd İran İslam Respublikasına məxsus mobil operatorların istifadəçilərinin telefon nömrələrinin aşkar edilməsinə baxmayaraq, təqsirləndirilən şəxsin həmin vatsap tətbiqi ikiqat şifrə ilə mühafizə olunması və həmin şifrəni istintaqa təqdim etməməsi ilə əlaqədar aparılmış yazışma və danışıqlara baxış keçirilməsinin mümkün olmaması, habelə, müvafiq ərazinin əməliyyat müvəkkiləri vəzifələrində işləyən polis əməkdaşlarının sonradan Təqsirləndirilən şəxs barəsində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatlarının daxil olması barədə ifadələrində göstərdikləri və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.
39. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin çəkisinin artırılaraq törətdiyi cinayət əməlinin daha da ağırlaşdırılmasını, üzərində yalnız bir bükümdə yarım qram psixotrop maddə metamfetamin olmasını, videoçəkiliş zamanı ondan əvvəl polis əməkdaşları tərəfindən göstərilən fiziki və psixi təzyiqlər nəticəsində sonuncuların dediklərinə uyğun ifadə verməsini, məhkəməyədək icraat zamanı ifadə verdikdən sonra ifadələri ilə tanış olmamasını, şəxsi axtarış və götürmə istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan keçirilməsinə dair ərizə yazmamasını, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamasını, yalnız öz şəxsi istifadəsi məqsədilə əldə etdiyi psixotrop maddələri saxlaması üçün əlverişli yer axtarması ilə bağlı ifadəsində göstərdiyi ziddiyyətli xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən və cəzadan yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
40. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki, psixi təzyiqlərə, o cümlədən hədələrə məruz qalması, ibtidai istintaq zamanı verdiyi ifadələri ilə tanış olmaması, ümumiyyətlə ifadələrinin ona oxunmaması, iş materiallarında olan bəzi sənədlərdəki imzanın onun tərəfindən icra olunmaması, şəxsi axtarış və götürmə istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan keçirilməsinə dair ərizə yazmaması ilə bağlı verdiyi ziddiyyətli ifadələrinə tənqidi yanaşaraq qeyd edir ki, sonuncunun ifadəsində göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun olmamaqla özünün ağır cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan və cəzalanmaqdan yayındırmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövrünün bütün mərhələlərində özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək həm videoçəkiliş zamanı, həm də müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində sərbəst şəkildə öz mövqeyini tam ifadə etmiş, habelə həmin ifadələrinin sonunda öz əlyazması ilə ifadələrinin düzgün yazılmasına dair müvafiq qeydlər aparmış, o cümlədən sonuncu dindirmə protokolunda müdafiəçisi tərəfindən verdiyi ifadəsi ona ucadan oxunmuş, lakin Təqsirləndirilən şəxs özünün ifadəsini təsdiq etməsinə baxmayaraq özünü CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bildiyindən həmin protokolu imzalamaqdan imtina etmiş, eləcə də ibtidai istintaq dövründə təkidlə özünü narkotoik vasitə və psixotrop maddələrin satışında təqsirli bilməməsinə, eləcə də daim istintaq hərəkətlərinin həyata keçirilməsində fəal olmasına baxmayaraq iş materiallarında olan hər hansı sənədin özü tərəfindən icra olunmamasına dair ümumiyyətlə hər hansı məsələ qaldırmamış, əksinə istintaq və prosessual sənədlərdə öz əlyazmaları ilə apardığı qeydlərlə həmin sənədlərə dair öz fikrini hərtərəfli şəkildə bildirmişdir. Bundan başqa, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair yazışmaların olduğu vatsap mobil tətbiqinin şifrəsini ibtidai istintaq orqanına hər hansı səbəb göstərmədən təqdim etməkdən imtina etmişdir. Qeyd olunanlar nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz psixotrop maddələrin satışı ilə məşğul olması iş materiallarında olan bu və digər mötəbər sübutların məcmusu ilə mübahisəsiz olaraq bir daha öz təsdiqini tapmışdır.
41. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
42. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, hökmün 13-14, 18 və 31-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına alına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Məhkəmə xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri məsələsinə qapalı məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən və sonradan həmin qətimkan tədbiri uzadılarkən, Təqsirləndirilən şəxs ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair, eləcə də ibtidai istintaq orqanı tərəfindən üzərindən aşkar edilməsi iddia edilən psixotrop maddənin miqdarına dair hər hansı etirazını bildirməmişdir.
43. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur.
44. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
45. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.
47. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin və ya psixotrop maddənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.
48. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbərliyi şübhə doğurmayan çoxsaylı sübutlarla onun qeyd edilən cinayət əməlini, yəni ona istinad edilən cinayət əməlini törətməsi mübahisəsiz olaraq tam sübuta yetirilir.
49. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
50. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
51. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
52. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.4.3cü maddəsi ilə tövsif edilmiş və o həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.
53. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
54. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
55. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
56. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
57. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, CM-in 59.2-ci maddəsinin tələbinə əsasən özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olmasını, 27 yaşında olmaqla narkomaniya xəstəliyindən müalicə olunaraq tam sağalmaq istəməsini bildirməsini və məhkəmə icraatı zamanı davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
58. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.
59. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
60. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
61. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
62. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
63. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
64. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 28 sentyabr 2024-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 19 dekabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 12 yanvar 2025-ci il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
65. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır.
66. Məhkəmə hökmün 23-cü bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
67. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
68. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Sabunçu RPİ-də saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 3,146 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, üzərində ***-***-**-** saylı sim nömrə olan 1 (bir) ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə onun ailə üzvlərinə və ya digər qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd disk və "xxxx" MMC-yə məxsus 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
69. CPM-yə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
70. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
71. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
72. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
73. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
74. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 28 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 3,146 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin, üzərində ***-***-**-** saylı sim nömrə olan 1 (bir) ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə onun ailə üzvlərinə və ya digər qohumlarına qaytarılsın və 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.