Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-945/2025 17.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X7 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibləri X4 və X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, lakin məhkumlluğu ödənilmiş, işləməyən, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi İlqar Quliyev küçəsi döngə 1 ev 8-də qeydiyyatda olan, Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Dadaş Vasif küçəsində nömrəsiz evdə yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda istintaqa məlum olmayan «İlqar» adlı şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşınma və satması barədə razılığa gəlib, həmin cinayəti həyata keçirilməsi üçün «İlqar» adlı şəxsdən, digər naməlum şəxslərə satmaq məqsədi ilə istintaqa məlum olmayan vaxtda və ünvandan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 1990,0 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlayaraq daşımış, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 14 sentyabr 2024-cü il tarixdə saat 20.10 radələrində Sabunçu RPİ-nin 14-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Nizami küçəsində yerləşən nömrəsiz evin qarşısında saxlanılaraq ünvan 1 ünvanda yerləşən Sabunçu RPİ-nin 14-ci polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində saxladığı qara rəngli torbada təmiz çəkisi 1990,0 qram külli miqdarda bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ittiham aktında yazılanlar səhvdir. İlqar adlı şəxs ona zəng vuraraq bir nəfərin 200 qram marixuana verəcəyini demiş və onun həmin marixuananı gedib götürməsini xahiş etmişdir. O da taksi ilə həmin narkoik vasitəni götürmək üçün getmişdir. Lakin narkotik vasitənin qoyulduğu yerə çatanda bağlamanın böyük olduğunu gördüyü üçün onu götürməmişdir. Narkotik vasitə su borusunun yanında olmuşdur. Qayıtmaq istəyərkən polislər onu tutmuş və bölməyə aparmışlar. Bölmədə döyüldüyü üçün nakotik vasitələri üzərinə götürmüşdür. İlqarın qardaşı da narkotik vasitə əldə etməyə görə tutulmuş, lakin polislərə pul verərək azad olunmuşdir. İlqarın qardaşına məxsus olan narkotik vasitəni ona “yükləmişlər”. Ona CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcəyi bildirildiyi üçün ittihamı qəbul etmişdir. Onun saxlanıldığı yer çöllük ərazidə yerləşir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, Narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi işə məşğul olduğuna görə o 2020-ci ilin yanvar ayında məhkum olmuşdur və bir il müddətində azadlıqdan məhrum edilmişdir. Azadlığa çıxandan sonra o nadir hallarda narkotik vasitələrin istifadəsi ilə məşğul olurdu. Azadlığa çıxandan sonra o ***-***-**-** saylı nömrəni istifadə etməyə başladı. Həmin nömrəni təxminən 3 ildir ki, istifadə edir. İstifadə etdiyi mobil telefon aparatında votsap tətbiqi quraşdırılmadığına görə o qardaşı Dəyanətə məxsus olan ***-***-**-** nömrə ilə işlənilən «Samsung A33» markalı mobil telefon aparatında istifadə edir. Həmin telefonu o votsap proqramı ilə istifadə edir. 13 sentyabr 2024-cü il tarixdə tanışı İlqar adlı şəxs xatırlamadığı nömrəsindən istifadəsində olan ***-***-**-** saylı nömrəsinə votsap vasitəsi ilə zəng vurub ona bildirdi ki bir nəfər ona narkotik vasitəni göndərməlidir və ondan xahiş etdi ki, həmin narkotik vasitəni götürüb ona çatdırsın, o da həmin narkotik vasitə qurudulmuş marixuanadan ona pay kimi şəxsi istifadəsi üçün verəcək. İlqar səhəti ilə bağlı olaraq gəzə bilmir və İlqar gəzə bilmədiyinə görə ondan xahiş etmişdir ki, ona göndərilən narkotik vasitəni götürüb ona çatdırsın. O razılaşdı və 14 sentyabr 2024-cü il tarixdə İlqar ona votsap vasitəsi ilə narkotik vasitə qurudulmuş marixuananın olduğu yerin lokasiyasını göndərmişdir. Narkotik vasitə qurudulmuş marixuana qara rəngli torbada olmuşdur. O 14 sentyabr 2024-cü il tarixdə saat 20 radələrində İlqarın ona göndərdiyi lokasiya üzrə ünvana, yəni Sabunçu rayonu Maştağa qəsəbəsi Nizami küçəsində nömrəsiz evin qarşısına gedib orada küçədə qara rəngli selofan torbasını götürüb bir neçə metr aralanandan sonra ona 3 nəfər mülkü geyimdə olan şəxslər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib onu 14-cü polis şöbəsinə dəvət etdilər. Bölmədə narkotik vasitə qurudulmuş marixuana ilə olan selofan torbası əlində olmuşdur. Polis şöbəsinin inzibati binasında o polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olundu. Vəkil bölmənin xidməti otağından çıxanda üzərinə videoçəkilişlə axtarış keçirildi və axtarış zamanı əlində olan qara rəngli torbanı masanın üzərinə qoyub polis əməkdaşlarına bildirdi ki, həmin torbada olan maddə narkotik vasitə qurudulmuş marixuanadır. Bundan sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən üzərində ***-***-**-** nömrə olan bir ədəd «Samsung A33» markalı mobil telefon aparatı aşkar olunaraq götürüldü. O, axtarış zamanı əlində saxladığı qara rəngli torbanı içərisindən aşkar olunmuş maddənin narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Həmin maddəni o tanışı İlqar adlı şəxsin xahişi ilə ona göndərilən yerdən götürüb İlqara çatdırmaq üçün ona aparırdı və bunun müqabilində İlqar ona həmin narkotik vasitədən öz istifadəsi üçün bir hissəsini verməli idi. Həmin narkotik vasitə qurudulmuş marixuana ondan aşkar olunaraq götürülmüş və ekspertizaya göndərilmişdir. Bu barədə protokol tərtib olundu. Protokolu və zərfi o imzaladı. Polis bölməsinə gətirilən zamanı və polis əməkdaşları tərəfindən saxlanılan zamanı ona təzyiq olunmayıb, o heç bir bədən xəsarətlərini almamışdır, onu polis bölməsində döyən olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni özünün istintaq zamanı verdiyi ilkin ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Fazil adlı şəxsin narkotik vasitə istifadəçisi olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş məlumat əsasında 14 sentyabr 2024-cü il tarixdə axşam 7-8 radələrində Sabunçu rayonu, Nizami küçəsində Fazil adlı şəxsi saxlayaraq Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinə dəvət etmişlər. tutulduqdan sonra bölməyə aparılması təxminən 10-20 dəqiqə çəkmişdir. Bölməyə aparılan kimi müdafiəçi ilə təmin edilmişdir. Bölmədə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı Fazilin üzərindən sellofanın içində qurudulmuş marixuana aşkar olunmuşdur. Saxlanılarkən Fazil borunun yanı ilə üzü yuxarı istiqamətdə qaçmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq edilməmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi saxlanılarkən tanımamışdır. Sentyabrın ortaları axşam saat 8 radələrində şəxsin narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında onu Nizami küçəsində şəxsi saxlamışlar. Fazilin saxlanılmasında o və Şahid1 iştirak etmişdir. Saxlanılan zaman qaçmağa cəhd göstərsə də, o, Fazilə mane olmuşdur. Fazil qaçarkən əlindəki narkotik vasitəni atmamş, əksinə əlindən düşməməsi üçün bərk saxlamışdır. Sonuncunu saxlayan kimi dərhal bölməyə aparmışlar. Bölmədə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı Fazil Cəfərovun üzərindən marixuana aşkar edilmişdir. Həmçinin bölmədə Fazilin hüquqlarını müdafiə etmək üçün müdafiəçi də dəvət edilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq edilməmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. 14 sentyabr 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə narkotik vasitənin qanunsuz istifadəsində və daşınmasında şübhəli bilinən xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi İlqar Quliyev küçəsi döngə 1 ev 8-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs saat 20:10-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində saxlanılmış və 20:25də 14-cü PB-ə təhvil verilmişdir. (Cild 1 i.v. 8) 14 sentyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin gün saat 20:35-də (faktiki tutulma 20:10-da) Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1 i.v. 18) 16 sentyabr 2024-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək barəsində həb qətimkan tədbirnin seçilməsinə etiraz etmişdir. (Cild 1 i.v 65-70) 11 dekabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. (Cild 1 i.v 125) 14 sentyabr 2024-cü il tarixli şəxsi axtarış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində saxladığı qara torbanın içindən bir bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər olan maddə aşkar olunaraq götürülür. Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən isə bir ədəd ***-***-**-** nömrə ilə işlənilən «Samsung A33» markalı mobil telefon aparatı götürülür. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə qurudulmuş marixuananın olduğunu bildirib, həmin maddəni öz göndərilmiş lokasiya vasitəsi ilə götürdüyünü və «İlqar» adlı şəxsə verəcəyini, bunun müqabilində həmin narkotik vasitənin bir hissəsini Özünədə şəxsi istifadəsi üçün götürmək istədiyini etiraf etmişdir. Həmçinin şəxsin axtarış zamanı aşkar olunmuş mobil telefon aparatın isə özünə məxsus olduğunu bildirmişdir. (Cild 1 i.v. 29-30) 16 sentyabr 2024-cü il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, bir ədəd «Samsung A33» markalı mobil telefon aparatına baxış keçirilərkən müəyyən olmuşdur ki, həmin mobil telefon aparatının üzərində ***-***-**-** saylı sim nömrəsi var, votsap tətbiqinə daxil olduqda votsap proqramının silindiyi müəyyən olunmuduğuna görə çatlara baxış keçirmək mümkün olmadı. Həmin mobil telefon aparatın fotoşəkillər qalereyasına daxil olduqda 2 ədəd fotoşəkil müəyyən olundu. Həmin fotoşəkilin üzərində Fazil Cəfərovdan aşkar olunaraq götürülmüş qara rəngli torbanın yaşıl xətlə işarələnmiş halda borunun yanında olduğu müəyyən olunur. Həmin mobil telefon aparatının iki ədəd fotoşəkli çəkilib protokola əlavə olundu. (Cild 1 i.v. 71) Məhkəmə-bioloji ekspertizasının 15 sentyabr 2024-cü il tarixli 3-16-16/2-7/1537 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 1990,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonra qurudulmuş marixuananın qalıq çəkisi 1989,95 qram təşkil edir. (Cild 1 i.v. 36-38) Məhkəmə-narkoloji ekspertizasının 6558 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPOİDLƏRİN psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yararan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1 i.v. 115-116) Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” PHŞ-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1 i.v. 84) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Sabunçu rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törətməsində təqsirli bilinib 01 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (Cild 1 i.v. 85-86) 01 noyabr 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus ekspertiza tədqiqatından sonra qalıq qalmış 1989,95 qram çəkidə narkotik vasitə marixuana Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. (Cild 1 i.v. 87-88) 10 dekabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung A33” markalı mobil telefon Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. (Cild 1 i.v. 123) Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə daxil olan və çıxan smslərin əks olunduğu CD disk məhkəmədə tədqiq edilmiş və müəyyən edilmişdir ki, onun mobil nömrəsinə “4 maşın torpağ 4 maşın daş 70 dən”, “abim gelib goturecem sennen saba axsamusdu senede dediymi hell edecem pulu men verecem pul tutag”, “atdim 5de gelende verecem yoldayam qerdes”, “ay rat danis gelimde pis gundeyem agriyiram gelim oturaqda brat olurem tez xeber ele cixim”, “gecede olsa kola de”, “4169 7388 5755 2586 kapitaldi qaqaş 20 manat atarsan bidene qaqaş” və s. məzmunlu smslər yazılmış, həmçinin kart hesabları atılmışdır. (Cild 1 i.v. 89-114) 19 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs bədən xəsarətlərinin aşkar olunması barədə məumat üzrə Xidməti araşdırmalar idarəsində toplanmış 2165-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş Təqsirləndirilən şəxs məxsus tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və həbs olunmamışdan əvvəl zədə aldığını bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əlində saxladığı qara torbanın içindən bir bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər olan maddə aşkar olunaraq götürülür. Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən isə bir ədəd ***-***-**-** nömrəli «Samsung A33» markalı mobil telefon aparatı götürülür. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə qurudulmuş marixuananın olduğunu bildirib, həmin maddəni öz göndərilmiş lokasiya vasitəsi ilə götürdüyünü və «İlqar» adlı şəxsə verəcəyini, bunun müqabilində həmin narkotik vasitənin bir hissəsini özünə də şəxsi istifadəsi üçün götürmək istədiyini etiraf etmişdir. Həmçinin şəxsin axtarış zamanı aşkar olunmuş mobil telefon aparatının isə özünə məxsus olduğunu bildirdi. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 2-ci siyahısının 109.1-ci bəndinə əsasən - təmiz halda 500 (beş yüz) qramdan 5000 (beş min) qramadək çəkidə qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıbaparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olub-olmamasını araşdırmağı zəruri hesab edir. CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, 14 sentyabr 2024-cü il tarixli şəxsi axtarış videoçəkilişlə aparılmış və orada təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində olan qurudulmuş marixuananı könüllü təqdim etmişdir. O, məhkəmə baxışı zamanı narkotik vasitə istifadəçisi olduğunu bildirsə də, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qaldığı üçün külli miqdarda narkotik vasitənin ona məxsus olduğunu etiraf etdiyini, 200 qram çəkidə narkotik vasitəni götürmək üçün getdiyini və həmin vaxt polis əməkdaşları tərəfindən saxlanıldığını göstərməklə ona qarşı irəli sürülmüş ittihamı bu hissədə mübahisələndirmişdir. Bu hissədə qeyd edilməlidir ki, cinayət işinin materialları ilə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarəyə aparıldıqdan sonra orada müdafiəçi ilə təmin olunmuş və nədə şübhəli olması ona elan edilməklə müdafiəçisinin iştirakı şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra isə o, könüllü şəkildə ərizə təqdim etməklə üzərinə şəxsi axtarışın müdafiəçinin iştirakı olmadan keçirilməsinə etiraz etməmiş və həmin ərizəni imzalamışdır. O, şəxsi axtarış zamanı üzərinə olan marixuananı təqdim etmiş, barəsində həbs qətimkan tədibiri seçilməsi məsələsinə baxılarkən də özünü təqsirli bilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs müdafiəçisi şəxsi axtarış və götürmə barədə protokolla tanış olmuş və sonuncunun iştirakı ilə 15 sentyabr 2024-cü il, 16 sentyabr 2024-cü il və 11 dekabr 2024-cü il tarixdə etirafedici ifadələr vermişdir. Müdafiə tərəfi şəxsi axtarış zamanı müdaifəçinin iştirak etməməsini təqsirləndirilən şəxsin müdafiqə hüququnun pozulması kimi qiymətləndirsə də, məhkəmə bu hissədə qeyd edir ki, CPM-nin 246-cı maddəsi şəxsi axtarış zamanı müdafiəçinin iştirakını məcburi hal kimi qeyd etməmiş, bundan əlavə Təqsirləndirilən şəxs özü könüllü şəkildə ərizə ilə müraciət etmiş və sözügedən istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan aparılmasını xahiş etmişdir. Müdafiə tərəfinin mübahisələndirdiyi digər bir məsələ isə narkotik vasitələrin çəkisi ilə bağlıdır. Bu hissədə məhkəmə qeyd edir ki, məhkəmə-bioloji ekspertizasının 15 sentyabr 2024-cü il tarixli 3-16-16/2-7/1537 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd qara rəngli sellofan bağlamadakı bitiki mənşəli kütlə “AR DİN zərflər üçün 100” məzmunlu ştamp əksi ilə təqdim edilmiş, təqdim edilən kütlənin çəkisi “CAS” markalı elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 1990,0 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı qeyd edilməlidir ki, ibtidai araşdırma zamanı qeyd edilən hallar barədə araşdırma aparılmış, araşdırma zamanı X5 qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və fiziki və psixi zorakılığa məruz qalması təsdiq olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin məhkəmə qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş ifadəsi daha mötəbər və inandırıcıdır. Belə ki, üzərindən marixuana aşkar edilməsi ilə bağlı istintaq zamanı vermiş olduğu ifadəsi digər sübutlarla - videoçəkiliş zamanı aparılmış şəxsi axtarış protokolları, barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən vermiş olduğu ifadəsi, şahidlərin ifadələri də dəstəklənmişdir. Həmçinin o, da qeyd edilməlidir ki, inandırıcılığın əsas meyarı ayrıntıdır. Burada önəmli olan təqsirləndirilən hadisənin ayrıntılı bir şəkildə anlada bilməsidir. Hazırki iş üzrə də görünür ki, Təqsirləndirilən şəxs isintaq zamanı ifadəsində və videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı hadisə ilə, yəni narkotik vasitəni əldə edilməsi, saxlanılması bağlı halları bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmış, özü könüllü şəkildə narkotik vasitəni təqdim etmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasında satış məqsədi subyektiv cəhətin zəruri əlaməti kimi nəzərdə tutulmuş və məhkəmə bu halın hazırki işdə sübuta yetirilib-yetirilmədiyini araşdırmalıdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə satış məqsəsilə bağlı ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrə daxil olan və çıxan mesajlar məhkəmə istintaqında tədqiq olunmuş, həmin mesajların narkotik vasitələrin satışı ilə bağlı olması, eyni zamanda Təqsirləndirilən şəxs tərəfindən çoxsaylı müxtəlif nömrələrə kart məlumatlarının göndərilməsi müəyyən edilmişdir. Göstərilən mesajların mahiyyəti və məzmunu ona dəlalət edir ki, təqsirləndirilən şəxs qurudulmuş marixuananı satış məqsədilə əldə etmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsindən də aydın olduğu kimi narkotik vasitənin götürülüb çatdırılması müqabilində bir hissəsi ona vəd edilmişdir. Yəni Təqsirləndirilən şəxs marixuana qismində qazanc əldə etmək məqsədi güdmüşdür. Məhkəmə həmçinin onu da qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən qurudulmuş marixuana şəxsi istifadə üçün müəyyən edilmiş miqdardan dəfələrlə çox olmuşdur ki, bu da Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədilə əldə etməsinə dəlalət edir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən də aydın olur ki, o, “İlqar” adlı şəxsin xahişi ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən nömrəsiz fərdi evin qarşısına gedərək qurudulmuş marixuananı götürərək İlqara çatdıracağını, bunun müqabilində marixuananın bir hissəsini özünə götürəcəyini bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etməmişdən əvvəl onun götürülməsi və hansı formada realizə edilməsi barədə razılığa gəlmiş və sonuncudan götürməklə faktiki olaraq narkotik vasitəni əldə etmə, daşıma və saxlamadan ibarət hərəkətlər hər ikisinin hakimiyyəti altında olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli qərarına göstərilmişdir ki, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 aprel 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri nin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun faktiki tutulduğu vaxtdan, yəni 14 sentyabr 2024-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Sabunçu RPİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 1989,95 qram çəkidə narkotik vasitə marixuana məhv edilməli, 01 ədəd “Samsung A33” markalı mobil telefon Təqsirləndirilən şəxs, razılığı olduğu halda yaxın qohumlarına qaytarılmalı 2 (iki) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında salanılmalıdır. İş üzrə məhkəmə-bioloji ekspertizasına sərf edilmiş 72 (yetmiş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona həmin maddələr üzrə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 14 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Sabunçu RPİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 1989,95 qram çəkidə narkotik vasitə marixuana məhv edilsin, 01 ədəd “Samsung A33” markl mobil telefon Təqsirləndirilən şəxs, razılığı olduğu halda yaxın qohumlarına qaytarılsın, iki (ədəd) disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-bioloji ekspertizasına sərf edilmiş 72 (yetmiş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-945/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-945/2025
17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver