Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-948/2023 22.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X4 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6 qızının, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 qanuni nümayəndəsi və zərərçəkmiş şəxs Qanuni nümayəndə, müdafiəçi – 12 saylı vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 20 avqust 1984-cü ildə Tovuz şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Tovuz rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 14 dekabr 2022-ci il tarixdə cəzasını icra edən orqanda qeydiyyata alınmaqla cəza çəkən, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqinin 06 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Əlçıraq qəsəbəsində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs kimi yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına və zərəçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdə saat 01:00 radələrində idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə və 21 aprel 2022-ci il tarixdə özünə məxsus sürücülük vəsiqəsinin müddətinin bitməsini bildiyi halda bununla da sürücülük hüququ olmadan texniki cəhətdən saz vəziyyətdə olan Zərərçəkmiş şəxs7 məxsus “Toyota Prius” minik markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Mehdiabad Balxanı yolu istiqamətində saatda 50 km sürətlə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbayacan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edib “Digah” qəsəbəsinə dönən yola 100 metr qalmış eyni istiqamətdə hərəkətini davam etdirərək «Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyərək yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət işitirakçılarına zərər vurmamalı olduğu halda, avtomobili qeyd olunan yol şəraitində hərəkət etdirərkən avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməyərək idarəetməni itiririb əks istiqamətdə Balaxanı Mehdiabad yolu ilə Novxanı qəsəbəsi istiqamətində öz yolunda hərəkətdə olan Zərərçəkmiş şəxs6 idarə etdiyi “Toyota Prius” minik markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş nəticədə sonuncu avtomobildə qabaq sağ oturacaqda oturmuş Zərərçəkmiş şəxs1 sol ağciyərin hər iki payının cırılmış yaraları ilə müşaiyət olunan sol tərəfli İ-Vİ qabırğaların ön qoltuqaltı xətti sınıqları, sağ tərəfli İ-İV qabırğaların körpücük xətti sınıqları, sağ diz oynağının qapalı sınığı, təpə nahiyəsinin, çənəaltı nahiyənin, sağ əlin V barmağının, sağ diz oynağı nahiyəsinin, sağ baldır nahiyəsinin sıyrıqları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəb əlaqəsi olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 hadisə yerində ölümünə səbəb olmuş, həmin avtomobilin arxa oturacağında oturmuş sərnişinlər Zərərçəkmiş şəxs2 ehtiyatsızlıqdan sol bud sümüyünün və sol qamış sümüyünün, sol bazu sümüyünün qapalı sınıqları, alt dodağın əzilmiş-cırılmış yarası ilə müşayiət olunmuş dərəcəsinə görə sağlamlığı uzun müddətə pozan sağlamlığa az ağır zərərvurmaya aid edilən zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edərək, özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək bildirmişdir ki, o, maşınla evə tərəf getmiş, evə tərəf dönməsinə 50 metr qalmış, yağlı asfalt yol ilə gedərkən maşının idarəetməsini itirdiyindən maşın sağa-sola sürüşmüş və qarşıdan gələn avtomobil ilə toqquşmuşdur. Avtomobil idarəetməsini itirdikdə, bir sürücü olaraq ilkin etməli olduğu hərəkəti edərək ayağını qazdan götürmüşdür ki, maşın düzəlsin. Həmin yolda olmalı olan surət 60 km/saat olmuş, onun surəti isə 60 km/saatdan az olmuşdur. Balaxanı yolunda əvvəllər də bu cür yol qəzaları baş vermişdir. Sürücülük vəsiqəsinin müddətinin bitməsinin sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olduğunu bilsə də özünə məxsus sürücülük vəsiqəsinin etibarlılıq müddətinin avqust ayında bitdiyini düşünmüşdür. İdarə etdiyi maşının sahibi ilə arasında hər hansı bir tələb və şikayət olmamışdır. İdarə etdiyi maşının sahibinə vurduğu ziyanı hissə-hissə özü, qarşı tərəfin maşınına vurduğu ziyanı isə sığorta şirkəti ödəyir. Müstəntiq sığorta ödənişi üçün qarşı tərəfin zərərçəkmişlərinə forma 4 sənədi vermişdir. Qəza nəticəsində bədən xəsarətləri alan və rəhmətə gedən zərərçəkmiş şəxslərin yaxın qohumları ilə barışıq əldə etmək üçün dəfələrlə onların yanına getməyə çalışmış, lakin onlar təqsirləndirilən şəxs və onun yaxınları ilə söhbətdən uzaqlaşmışlar. Hadisə baş vermədən 1 ay əvvəl tutulmuşdur və həmin vaxtdan narkotik vasitədən istifadə etmir. Onun üzərindən narkotik vasitənin hansı növünün aşkar edildiyini dəqiq bilmir. Gecə saat 01:00-da o, taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, özü də 2 ay xəstəxanada qalmış, hadisə baş verdikdən 2 ay sonra özünə gəlmişdir, buna görə də zərərçəkmiş şəxsləri müstəntiqin yanında görmüşdür. Özü də həmin zaman ərzində yataqda olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadə verərək bildirmişdir ki, hadisə baş verən zaman avtomobili o idarə etmişdir. Hadisə gecə saat 01:05 radələrində Laçın ticarət mərkəzi yaxınlığında yerləşən bacısıgildən qonaqlıqdan qayıdarkən baş vermişdir. Hadisə baş verən zaman onun hərəkətdə olma surəti 48-50 km/saat arası olmuşdur. Həmin yolda icazə verilən sürət həddi aşağı olduğundan hətta dünyasını dəyişən valideyni ona avtomobili aşağı surətlə sürməsini bildirmişdir. Hadisə baş verən yolun səthinin sürüşkən olması barədə təqsirləndirilən şəxsin ifadələri ilə razılaşmır, belə ki, həm onun yaxınları, həm də orada olan şəxslər hadisə baş verən ərazinin videogörüntülərini götürmüş, həmin görüntülərdə heç bir sürüşkənliyin olmadığı qeydə alınmışdır. Şəxs qarşıdan 100 metr və ya daha çox məsafədən sürüşərək onların üzərinə gəlmiş, o, maksimum səviyyədə yolun hərəkət hissəsindən sağa doğru qumluğun üzərinə doğru çıxmış və hadisə də məhz bu səbəblərdən qumluq ərazisində baş vermişdir. Hadisə onun yolundan da kənarda, piyada keçidi deyilən ərazidə baş vermişdir. O, təqsirləndirilən şəxsi çaşdırmamaq üçün yolun soluna çıxmamış, maksimum dərəcədə öz sağına doğru hərəkət etmişdir. Qəza isə qum olan hissədə baş vermişdir. Hadisənin videogörüntüləri müstəntiqə verilmişdir. Digər maşın qəza nöqtəsindən onu 7-8 metr arxaya atmışdır. Bu da ona dəlalət edir ki, qarşı tərəfin sürəti daha çox olmuşdur. Hadisədən sonra ilk öncə atasına baxış keçirmiş, atasının dünyasını dəyişdiyini görmüşdür. Ailə üzvlərinə baxdıqdan sonra qarşı tərəfin də avtomobilini yoxlamışdır. Şəxsi Sabunçu xəstəxanasına, ailə üzvlərini isə müxtəlif xəstəxanalara yerləşdirmişdir. Atasının yas məclisində iştirak edən təqsirləndirilən şəxsin valideynlərinə məclisin söhbət yeri olmadığını, sakitləşdikdən sonra gəlmələrini bildirmişlər. Üstündən xeyli müddət keçdikdən sonra anası da əməliyyat olunmuşdur. 10- 15 avqust tarixində Təqsirləndirilən şəxs valideynləri, xalası onlara yaxınlaşaraq üzrxahlıq etmişdirlər. Təqsirləndirilən şəxs valideynləri dəfn günündə onlara getmiş, ancaq həmin gün onlar emosional olduğuna görə onları yola salmışdırlar. Aralarında həmin zamanda heç bir konflikt olmamışdır. Şəxsin ailəsi də, Elnur bəy də bildirmişdirlər ki, bu hadisə onlarda 1-ci dəfə olmayıb, əvvəllər də Təqsirləndirilən şəxs avtoqəza törətmiş və həmin avtoqəzalar müəyyən üsullarla ört-basdır edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisidir, iş üzrə verilmiş ekspertiza rəyində əks olunmasa belə onun yaxınları hadisə baş verən zaman Rüstəmin heroin adlanan narkotik vasitədən istifadə etdiyini, özündə olmadığını bildirmişlər. Atasının ölümündən əlavə ona rəsmi olaraq 17000 azn, qeyrirəsmi olaraq 27000 azn maddi ziyan dəymişdir. O, hal-hazırda əlavə işlərdə işləyir ki, aldığı borcları ödəsin. Qənbər Rüstəmovun atası da bildirmişdir ki, onların dərdinə şərik olmaq üçün əlindən gələni edəcəklər. Anasının əməliyyat, körpə balasının müalicə xərclərinin onlar qarşılamalıdır, çünki oğullarının əməli nəticəsində bunların hamısı baş vermişdir. Sonradan o, Təqsirləndirilən şəxs valideynləri ilə danışdıqda ona bildirmişdirlər ki, nə etmək istəyirsiz edin, onun sizə verəcək bir qəpik pulu yoxdur. Bundan savayı təqsirləndirilən şəxs onun anasının şikəst olduğunu bilə-bilə ona yaxınlaşıb üzrxahlıq etməmişdir. Təqsirləndirilən şəxsi xəstəxanaya o, aparmasa da insanlıq xətrinə şəxsin arxasınca dayısı oğlunu göndərmişdir. Təqsirləndirilən şəxsin qardaşı artıq Təqsirləndirilən şəxsla bağlı ona zəng edilməməsini xahiş edərək maddi imkanı olacağı təqdirdə özünün onlarla əlaqə saxlayacağını bildirmişdir. O, təqsirləndirilən şəxsdən həm maddi ziyana görə, həm də qarşı tərəfin laqeyd münasibətinə görə şikayətçidir. Hadisə baş verən yer dörd yoldan Balaxanı ərazisi olan istiqamət olmuşdur. O, həmin yoldan keçəndə ərazidə hər hansı bir sürüşməni hiss etməmişdir. O, təqsirləndirilən şəxsin maşını ilə üzbəüz gəldikdə, həmin yolda onun yanından hər hansı bir maşın keçməmiş, yol boş olmuşdur. O, hadisə baş verən zaman huşunu itirməmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi maşının surəti 110 km/saat olduğunu düşünmüşdür. Hadisə vaxtı atası rəhmətə getmiş, digər ailə üzvləri, qızı, bibisi və o xəsarətlər almışdırlar. “Paşa sığorta” şirkəti qəza nəticəsində yaranan bədən xəsarətləri ilə bağlı müalicə xərclərini qarşılamışdır. Özü ilə bağlı yeganə şikayəti maşınına vurulmuş ziyandır. Təqribi olaraq 7300 manat maddi ziyanı var və onu Təqsirləndirilən şəxs tələb edir. Hadisədən əvvəl onun Təqsirləndirilən şəxsla heç bir tanışlığı olmayıb. Şəxsi ilk dəfə hadisə baş verəndən sonra görmüşdür. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, neçə aydır xəstəxanadan çıxmasına baxmayaraq təqsirləndirilən şəxs insanlıq naminə gedib onu ziyarət etməmişdir.Təqsirləndirilən şəxsdən şikayətçidir. Təqsirləndirilən şəxsdən oğlunun dediklərini tələb edir. Hadisənin baş vermə anını yuxuda olması səbəbindən görməmiş, zərbə ona dəydikdən sonra oyanmışdır. O, təqsirləndirilən şəxsin cəza çəkməsini istəyir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Qanuni nümayəndə ifadə verərək bildirmişdir ki, hadisə baş verən zaman o, maşının arxa oturacağında, qucağında övladı ilə ortada oturmuşdur. Başını qaldırarkən, qarşıdan gələn maşının onları vurduğunu, qaynatasının xəsarət almasını görmüşdür. O, maşınların toqquşma anını və yoldaşının maşını sağa tərəf çıxdığını xatırlayır. O, təqsirləndirilən şəxsin cəzasını çəkməsini və dəymiş olan maddi ziyanın ödənilməsini istəyir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, hadisə baş verən zaman yuxuda olmuş, oyananda artıq hadisə baş vermişdir. Sonra qardaşını görmüş və təcili tibbi yardım maşını gəlmişdir. O, ayaqlarından, qabırğalarından xəsarət almışdır. Təqsirləndirilən şəxs anasından eşitmişdir ki, sonuncu narkotik vasitənin kokos növündən istifadə etməklə abvtomobil idarə edir. O, Təqsirləndirilən şəxs şikayətçidir, tutulmağını istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək göstərmişdir ki, hadisədən 10 dəqiqə sonra o, hadisə yerinə qardaşını görmək üçün getmiş, qardaşını yolun kənarına uzatmışdırlar. Hadisə yerində də 3-4 təcili tibbi yardım maşını olmuşdur. Zərərçəkmiş şəxsin atasını da maşında görmüşdür. Həmin vaxt qardaşını maşına otuzduraraq xəstəxanaya apararkən onlara xəbər gəlmişdir ki, bir nəfər şəxs ölmüşdür. Onların dünyasını dəyişən şəxsin kim olduğundan, hadisədən və günahın kimdə olduğundan xəbəri olmamışdır. Hadisə baş verən gecə müstəntiq Sabunçu xəstəxanasına gəlmiş, qardaşının qanından analiz götürmüş və daha sonra çıxıb getmişdir. Məhkəmədə də qardaşının analizinin cavabı təmiz çıxdığı bildirilmişdir. Qardaşı özü də etiraf etmişdir ki,onun əvvəllər pis vərdişləri olub. Onlar qardaşının həmin vaxt narkotik vasitə istifadə edib-etmədiyini bilmirlər. Qardaşının analizi təmiz çıxıbsa deməli o hadisə baş verən gün narkotik vasitə qəbul etməyib. Qarşı tərəf onun qardaşının narkotik vasitədən istifadə etdiyini iddia etmiş, onlar da bu faktı danmamışdırlar. Onlar qardaşında pis vərdişlərin olmasını zərərçəkmiş şəxslərin evinə gedərkən də demişdirlər. Qardaşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tutulmuşdur. O, qarşı tərəflə də danışmış, maddi cəhətdən onlarla razılığa gəlməyə çalışmışdır. Zərərçəkmiş şəxslər onlara demişdirlər ki, onların ziyanını ödədikləri təqdirdə şikayətçi olmayacaqdırlar. Onun da zərəri ödəmək üçün imkanı olmadığına görə zərərçəkmiş şəxslərdən vaxt istəmişdir. Onlar zərərçəkmiş şəxslərlə razılığa gəlmişdirlər. Dünən maşınını banka girov qoyub pul götürməli olsa da alınmamışdır. O, maddi ziyanı boynuna götürərək ödəyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxslər maddi ziyana görə şikayətlərini götürəcəklərini bildirmişdirlər. Zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəmək üçün onlara vaxt lazımdır. Məhkəmədə zərərçəkmiş şəxsin hüquq varisi qismində dindirilmiş X5 ifadə verərək göstərmişdir ki, hadisənin iştirakçısı olmamışdır, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri vardır. O, təqsirləndirilən şəxsə heç bir güzəşt olunmamasını və onun qanunla nəzərdə tutulan ən ağır cəza almasını tələb edir. Təqsirləndirilən şəxs barəsində ədalətli qərar veriləcəyinə inanır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 19 iyul 2022-ci il tarixli raportdan görünür ki, 19 iyul 2022-ci il tarixdə 01:15 radələrində DİN-nin 102 zəng mərkəzindən Elməddin adlı şəxsin zəng vurması, Balaxanı rayonu Mehdiabad 4 yolunda avtomobillərin toqquşması və xəsarət alanların olması barədə məlumat daxil olmuşdur (cild 1, iş vərəqə 2). 19 iyul 2022-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, saat 01:30 - 02:45 radələrində hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Balaxanı yolu, Mehdiabad qəsəbəsi 4 yol adlanan ərazidə baş vermişdir. Hadisə yerində tormozlama izləri, nəqliyyat vasitələrinin hərəkət istiqamətləri və nəqliyyat vasitəsinin sınmış, itmiş hissələri və digər izləri aşkar edilməmiş, asfalt örtüyün vəziyyəti quru olmuş, hadisə yerinin sxemi müvafiq protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 3-10). 19 avqust 2022-ci il tarixli “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsinin rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədən səthində sol ağ ciyərin hər iki payının cırılmış yaraları ilə müşaiyət olunan sol tərəfli İ-Vİ qabırğaların ön qoltuqaltı xətti sınıqları, sağ tərəfli İ-İV qabırğaların körpücük xətti üzrə sınıqları, sağ diz oynağının qapalı sınığı, təpə nahiyəsinin, çənəaltı nahiyənin, sağ əlinin V barmağının, sağ diz oynağı nahiyəsinin, sağ baldır nahiyəsinin sıyırıqları xəsarətləri aşkar olunmuşdur. Qeyd edilən xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən Zərərçəkmiş şəxs1 ölümündən az əvvəl əmələ gəlmişdirlər, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinəsindən başlanandan (xx.xx.2022-ci il tarixdə saat 04:25-də meyitin müayinəsinə başlanmışdır) 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən aşkar olunmuş xəsarətlərin xarakterlərinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarda təsvir olunan tarixdə və şəraitdə, yəni 19 iyul 2022-ci il tarixdə sərnişini olduğu minik avtomobilinin digər minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb sol tərəfdən İ-Vİ qabırğaların sağ tərəfdən İ- İV qabırğaların, sağ diz oynağının qapalı sınıqları və sol ağciyərin hər iki payının cırılması ilə əlaqədar qanitirmə nəticəsində travmatik-hemorragik şok olmuşdur. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb sol tərəfdən İ-Vİ qabırğaların sağ tərəfdən İ-İV qabırğaların, sağ diz oynağının qapalı sınıqları və sol ağciyərin hər iki payının cırılması ilə əlaqədar qanitirmə nəticəsində travmatik-hemorragik şok olmuşdur. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanın məhkəmə-kiymyəvi tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar olunmamışdır (cild 1, iş vərəqə 70-73). 12 sentyabr 2022-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir (cild 1, iş vərəqə 115-118). 28 sentyabr 2022-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 19 iyul 2022-ci il tarixdə “X15” klinikasına müraciət edərək onun çiyin nahiyəsində səthi sıyrılmış yara aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün “X15” klinikasının müraciət etdiyi 19 iyul 2022ci il saat 03:15-dən bir qədər əvvəl əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. X8 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarda göstərilən tarixdə və şəraitdə, yəni 19 iyul 2022-ci il tarixdə sərnişini olduğu avtomaşının digər minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdi (cild 1, iş vərəqə 132-134). 28 sentyabr 2022-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Qanuni nümayəndə 19 iyul 2022-ci il tarixdə “X15” klinikasına müraciət edərəkən onda baş beyin silkələnməsi, üzdə, aşağı və yuxarı ətraflarda, belə əzilmiş, sıyrılmış yara izləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “X15” klinikasının müraciət etdiyi 19 iyul 2022-ci il saat 03:19-dan bir qədər əvvəl əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Qanuni nümayəndə bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarım nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə yəni 19 iyul 2022-ci il tarixdə sərnişini olduğu avtomaşının digər minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər (cild 1, 135-137). 28 avqust 2022-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər sol bud sümüyünün və sol qamış sümüyünün, sol bazu sümüyünün qapalı sınıqları, alt dodağın əzilmiş-cırılmış yarası bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “X13” PHŞ-nə müraciət etdiyi 19 iyul 2022-ci il saat 03:30-dan bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığı uzun müddətə pozan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə yəni 19 iyul 2022-ci il tarixdə sərnişini olduğu minik avtomaşınının digər minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər (cild 1, iş vərəqə 140-143). 16 dekabr 2022-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədən səthində aşkar olunmuş xəsarətlər sağ diz oynağı nahiyəsinin əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən 2-3 ay əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığı qısa müddətdə pozan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs3 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni 19 iyul 2022-ci il tarixdə sərnişini olduğu minik avtomaşınının digər minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs3 19 iyul 2022-ci il tarixdə “X14” RHŞ-nə müraciət edərkən onun “qarın boşluğunun küt travması” diaqnozu qoylmuşdur. Qeyd olunan diaqnoz xəsarətin obyektiv əlamətləri (qançır, sıyırıq və.s) ilə təsvir olunmadığından və eləcədə məhkəmə-tibbi mayinə zamanı təsdiq olunmadığından həmin diaqnozu sağlamlığa zərərvurma dərəcəsinin təyinində nəzərə almaq mümkün olmur (cild 2, iş vərəqə 2-4). 12 dekabr 2022-ci il tarixli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyindən görünür ki, Toyota Prius markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs Toyota Prius markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Toyota Prius markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs6 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur (cild 2, iş vərəqə 7-9). 16 dekabr 2022-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə idarə etdiyi minik avtomaşının digər minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər. Cinayət işi materiallarına əlavə edilmiş sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BCD” kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququnun verilməsinə dair sürücülük vəsiqəsinin müddəti 21 aprel 2022-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsi tərəfindən təqdim edilmiş məlumatdan görünür ki, Baş X16 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin komputer uçot bazasına əsasən Təqsirləndirilən şəxs 21 aprel 2022-ci ilədək etibarlı olan “BCD” kateqoriyası üzrə sürücülük vəsiqəsi verilmiş və həmin vəsiqənin dəyişdirilməsi barədə hər hansı məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqə 230). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Avtomobil nəqliyyat vasitəsini idarə edən, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasının ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması əməllərinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-ci maddəsində nəzərdə tutulur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarının 4-cü hissəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə bu hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər başa düşülür (məsələn, yalnız “B” kateqoriyasına aid olan avtomaşınları idarə etmək hüququna malik olub avtobusları idarə edən şəxslər). “Yol hərəkəti haqqında” 03 iyul 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 5-ci bəndinin 1-ci hissəsinə əsasən sürücülük vəsiqəsinin etibarlılıq müddəti qurtaran şəxslər sürücülük vəsiqəsi dəyişdirilənədək nəqliyyat vasitələrini idarə etmək hüququ müvəqqəti məhdudlaşdırılmış şəxs hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs etirafedici ifadələrini, zərərçəkmiş və şahid ifadələri, habelə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnun 21 aprel 2022-ci il tarixdə bitməsi və onun sürücülük vəsiqəsinin dəyişdirilməməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsi tərəfindən təqdim edilmiş məlumatı, Zərərçəkmiş şəxs1 ölümünə səbəb olan ağır xəsarətlərin, Zərərçəkmiş şəxs2 sağlamlığına vurulan az ağır xəsarətlərin sərnişinlləri olduqları minik avtomobilinin digər minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilməsini müəyyən edən məhkəmə-tibb ekspertiza rəyləri ilə birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə tövsif edilmişdir. Həmin əməl ehtiyatsızlıqdan törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurma və zərəçəkmiş şəxsin ölümünə səbəb olma əməllərinə görə ittiham irəli sürülsə də, təqsirləndirilən şəxsə istinad edilən əməl təsviri olunarkən sonuncu tərəfindən törədilən əməllə Qanuni nümayəndə baş beyin silkələnməsi, üzdə, aşağı və yuxarı ətraflarda, beldə əzilmiş, sıyrılmış yara izləri ilə nəticələnən dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aid edilən zərər, Zərərçəkmiş şəxs3 sağ diz oynağı nahiyəsinin əzilmiş yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aid edilən zərər, Zərərçəkmiş şəxs5 sol çiyin nahiyəsində səthi sıyrılmış yarası ilə müşaiyət olunan sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmayan xəsarət yetirməklə yanaşı, "‘Toyota Prius” minik markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobilə görə Zərərçəkmiş şəxs7 5000 manat və “Toyota Prius” minik markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə görə isə Zərərçəkmiş şəxs6 17420 manat maddi ziyan vurulması da göstərilmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarının 17-ci hissəsinin məzmunundan görünür ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların Cinayət-Prosessual Məcəlləsinin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin və yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının tələblərinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxsin, tərəfindən yol hərəkəti qaydalarını pozma əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun əməllərinin həmin Məcəllənin 263-1.1, 263-1.2, 263-1.3-cü maddəsində nəzərdə tutulan nəticələrə, yəni, zərərçəkmiş şəxsin və ya şəxslərin sağlamlığına az ağır və ağır xəsarət yetirilməsi və ya zərərçəkmiş şəxsin ölümü ilə nəticələnməli olmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, 16 dekabr 2022-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən Zərərçəkmiş şəxs3 sağlamlığına yüngül, 28 sentyabr 2022-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəyi ilə Qanuni nümayəndə sağlamlığına yüngül, eyni tarixli məhkəmə-tibbi ekspertizasının rəyi ilə Zərərçəkmiş şəxs5 dərəcəsi təyin edilməyən xəsarətlər yeririlməsinin müəyyən edilməsi, habelə Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 ümumiyyətlə fiziki xəsarət yetirilməməsi səbəbindən təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmaması əsası ilə “Qanuni nümayəndə baş beyin silkələnməsi, üzdə, aşağı və yuxarı ətraflarda, beldə əzilmiş, sıyrılmış yara izləri ilə nəticələnən dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aid edilən zərər, Zərərçəkmiş şəxs3 sağ diz oynağı nahiyəsinin əzilmiş yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aid edilən zərər, Zərərçəkmiş şəxs5 sol çiyin nahiyəsində səthi sıyrılmış yarası ilə müşaiyət olunan sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmayan xəsarət yetirməklə yanaşı, "Toyota Prius” minik markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobilə görə Zərərçəkmiş şəxs7 5000 manat və “Toyota Prius” minik markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə görə isə Zərərçəkmiş şəxs6 17420 manat maddi ziyan vurulması” hissəsi ona qarşı irəli sürülmüş ittihamdan xaric edilməli, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Qanuni nümayəndə, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində iştiraklarına xitam verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 oktyabr 2010-cu il təvəllüdlü və 03 fevral 2014-cü il təvəllüdlü iki azyaşlı övladı var (cild 1, iş vərəqə 152-153). Məhkəmə təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı övladlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin hüquq varisi X2 və Zərərçəkmiş şəxs2 ilə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, məhkəmədə etirafedici ifadələr verərək əməlindən səmimi peşmançılıq hissi keçirilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquq varisi X2 və Zərərçəkmiş şəxs2 ilə barışmasını, sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını, məhkəmədə etirafedici ifadələr verərək əməlindən səmimi peşmançılıq hissi keçirilməsini, himayəsində iki azyaşlı övladlarının olmasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə aşağı həddə azadlıqdan məhrum etmə növündə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə onu da qeyd edir ki, cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Tovuz Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən tutulduğu 3 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla , 6 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 24 (iyirmi dörd)gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır ( cild 1, iş vərəqə 248-255) . Cinayət işi materiallarına əlavə edilmiş 04 may 2022-ci il tarixli Sumqayıt şəhər probasiya İdarəsinin məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixində Sumqayıt şəhər Probasiya İdarəsində qeydiyyatdan keçmişdir. Onun 03 may 2022-ci il tarixinə cəzasının çəkilmiş hissəsi 04 ay 19 gün, çəkilməmiş hissəsi 01 il 07 ay 05 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Yuxarıda sadalananları nəzərə alaraq məhkəmə qeyd edir ki, Tovuz rayon Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1(bir) il 11(on bir) ay 24 (iyirmi dörd)gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı hökmlə təyin ediləcək cəza ilə qismən toplanılmalı, hökm çıxarılan günə çəkilmiş 5 (beş) ay 8(səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 2(iki) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hesab edilməklə ona təyin edilmiş qəti cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, o dərhal məhkəmə zalından həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona beş ildən çox müddətə azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyi təqdirdə təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, məhkəməyə qədər icraat dövründə Təqsirləndirilən şəxs barəsində tutulma prosessual məcburiyyət tədbiri həyata keçirilməmiş, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqinin 06 sentyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir(cild 2, iş vərəqə 47-48). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə minənədək cari hökmlə seçilmiş həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən, yəni 22 may 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub, Zərərçəkmiş şəxs7 qorunub saxlanılması üçün verilmiş “Toyota Prius” ** DY *** dövlət qeydiyyat nişanlı avtomobil onun sahibi Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6 qorunub saxlanılması üçün təhvil verilmiş, “Toyota Prius” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil isə Zərərçəkmiş şəxs6 qaytarılmalı, ibtidai istintaq dövründə “Toyota Prius” ** DY *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs7, “Toyota Prius” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs6 təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 2, iş vərəqə 137). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 33 iş saatı 20 dəqiqə həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi 12 saylı Vəkil Bürosunun hesabına 200 (iki yüz) manat məbləğində, pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri“ Yol hərəkəti haqqında” 03 iyul 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələbləri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş ) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Tovuz rayon Məhkəməsinin hökmü ilə üzərində saxlanılmış 1(bir) il 11(on bir) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası bir günə iki gün hesabı ilə 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla ona 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6(altı) il 2(iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Tovuz rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş və Təqsirləndirilən şəxs tərəfindən hökm çıxarılan günə çəkilmiş 5 (beş) ay 8 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası bir günə iki gün hesabı ilə 2(iki) ay 19( gün) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hesab edilməklə ona təyin edilmiş qəti cəza müddətinə hesablanaraq üzərində 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 11(on bir) ay 11(on bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə tədbiri ləğv edilsin. Barəsində həbs qətimkan tədbiri seçilsin. O, dərhal məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - “Toyota Prius” ** DY *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs7 , “Toyota Prius” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs6 qaytarılsın. İbtidai istintaq dövründə “Toyota Prius” ** DY *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs7, “Toyota Prius” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs6 təhvil verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Qanuni nümayəndə, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 iş üzrə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilsin. Həmin şəxslərə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi üçün müstəqil şəkildə, Zərərçəkmiş şəxs5 qanuni nümayəndə vasitəsilə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 200 (iki yüz) manat məbləğində pul köçürülsün. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-948/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-948/2023
22.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver