Məhkəmə qərarları › İş №1(101)-949/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-949/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-949/2023 29.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 15:10 Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi -Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Əzizbəyov Rayon Məhkəməsinin 18 may 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 17 mart 2007-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, R.S.Quliyev küçəsi, 8 nömrəli yataqxanada qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və pisxotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, o, naməlum mənbədən satış məqsədilə qanunsuz olaraq 06 ədəd bükümdə ümumi çəkisi 11,205 qram olan ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 02 ədəd bükümdə ümumi çəkisi 4,558 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin PPBX-nin əməkdaşları tərəfindən 04 noyabr 2022-ci il tarixdə saat 08:00 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz ünvanda yerləşən «X9» nin qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə aparılmış və orada təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd «Samsung Galaxy J6 Plus» markalı mobil telefon, sağ yan cibindən isə üzərində «Rothmans» yazılı boş siqaret qutusunun içərisində 07 ədəd şəffaf sellofan büküm, həmin bükümlərdən 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,198 qram; 1,417 qram; 8,504 qram; 0,696 qram; 0,114 qram və 1 ədəd ağ rəngli plastik qutunun içərisində təmiz çəkisi 0,276 qram olmaqla 06 ədəd bükümlərdə ümumi təmiz çəkisi 11,205 qram ağ rəngli, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,377 qram; 3,181 qram, ümumi təmiz çəkisi 4,558 qram, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Zeyqal oğlu ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təzəlikcə narkotik vasitədən istifadə edir. O, sadəcə yarım qramdan da az olmaqla metamfetamini şəxsi istifadəsi üçün 50 manata İran Respublikası vətəndaşından almışdır. 11 qram psixotrop maddə olan metamfetamin onda olmamışdır. Onu 04 noyabr 2022-ci il tarixdə məhz saat 00:00-da polis əməkdaşları Polis Bölməsinə aparıb və səhəri gün də onu evə aparıb evdə axtarış keçirmişlər. Lakin, evində polis əməkdaşları heçnə tapmamışlar. Polis əməkdaşları evindən drel, yeni aldığı kombi, təkər dolduran nasosu özləri ilə aparmışdır. Ona demişlər ki, bunları sübut kimi götürmüşlər. O, metamfetamini heç kimə satmayacaqmış. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onun həmin polis əməkdaşları ilə əvvəllər heç bir münaqişəsi olmamışdır. Onun üzərində axtarış keçirilərkən ağ rəngli dairəvi qabın içərisində metamfetamin var imiş. Digər narkotik vasitələr ona məxsus deyil. O, metamfetamini ağ şüşə qabda şalvarının cibinə qoymuşdur. Onun üzərinə narkotik vasitələri Suraxanı Rayon PB-də qoymuşlar. Həmin polis əməkdaşlarının adlarını bilmir, o, bu barədə şikayət etməmişdir. O, döyüldüyü üçün məcbur olub polis əməkdaşlarının dediyi sözləri videogörüntü zamanı demişdir. İstinaq Təcridxnasına yerləşdirilən zaman bədənində olan yaralar qeydə alınmışdır. 5 ay müddət keçdiyindən aldığı xəsarətlərin izi bədənində qalmamışdır. O, qətimkan tədbiri seçilən zaman məhkəmədə də indi danışdığı ifadəni vermişdir. Onun üzərində az miqdarda narkotik vasitə olması polis əməkdaşlarına sərf etməmiş, buna görə üzərinə artıq miqdarda narkotik vasitə yükləmişlər. Elan olunmuş cinayət işinin 26-27-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. O, protokolu təzyiq altında imza etmişdir. Elan olunmuş cinayət işinin 31-33-cü vərəqələrində olan evə baxış keçirilməsi haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. O, protokolu təzyiq altında imza etmişdir Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan olunmuş, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 28-29-cu vərəqələrində olan izahatında, 64-66-cı vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «... Təqribən 1 ilə yaxın müddətdir ki, narkotik vasitə olan heroini və pisxotrop maddə-metamfetamini falqada yandırıb, çəkmək yolu ilə qəbul edir. Narkotiki isə müxtəlif yollarla əldə edərək qəbul edir. Sonuncu dəfə, yəni, 03 noyabr 2022-ci il tarixində özünə məxsus mobil telefonunda «İnstaqram» sosial şəbəkəsində xatırlamadığı səhifədə «Şüşə» kimi bildiyi narkotik reklamı görüb, hal-hazırda xatırlamadığı xarici nömrəni özünün istifadə etdiyi (050) ***-**- ** saylı nömrəsinin «Votsap» proqramı vasitəsilə zəng edərkən İran İslan Respublikası vətəndaşı kimi bildiyi, lakin adını demədiyi şəxslə danışaraq ona «kakos» və «şüşə» lazım olduğunu demişdir. Həmin şəxs də ona öz telefonundan «Kapital Bank» a məxsus kart nömrəsini göndərmiş, həmin karta 150 (yüz əlli) manat nəğd pulu ödədikdən sonra narkotikin şəkilini çəkib, ona atmış və narkotiki ala biləcəyini demişdir. O da bankomat vasitəsilə 150 manat pulu onun kartına köçürdükdən sonra yenidən telefon əlaqəsi saxladıqda narkotik vasitə olan heroini və psixotrop maddə-metamfetamini Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən «Meyvəli Bazar» adlanan ərazidə yol kənarına qoyulacağını və həmin yerdən götürməyini bildirmişdir. O da saat 20 radələrində ona göndərmiş olduğu yerləşmə xəritəsi vasitəsilə qeyd etdiyi ünvana gəlmiş və orada həmin şəxsin üzünü görmədən daşın kənarına qoyduğu və yerini ona dediyi 01 ədəd “ROTHMANS” markalı siqaret qutusunda cəmi 07 bükümdə olmaqla 2 büküm «Kakos» kimi tanıdığı heroin, 05 bükümdə və 01 ədəd ağ rəngli plastik qutunun içərisində «şüşə» kimi tanıdığı nakotik maddə-metamfetamini götürüb, əynində olan cins şalvarının sağ yan cibinə qoyaraq üzərində saxlamışdır. Həmin günü gecə saatlarında Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu adlanan ərazidə yaşayan adını bilmədiyi qadınla görüşmək istəsə də ünvanı tapa bilməmiş və gecəni küçədə qalmışdır. 04 noyabr 2022-ci il tarixdə saat 08 radələrində Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu adlanan ərazidə yerləşən «X9»nin qarşısında tək dayanmış, bu zaman polisə məxsus avtomobil yanında dayanmış və üç nəfər polis geyimli şəxs avtomobildən düşərək ona yaxınlaşıb özlərini təqdim edərkən Suraxanı rayon polis idarəsinin post patrul xidmətinin işçiləri olduğunu bilmişdir. Bundan sonra onun şəxsiyyətini soruşaraq həmin ərazidə yaşamadığını demiş və onu Suraxanı polis idarəsinin 30-cu polis şöbəsinə dəvət etmişlər. ...Axtarış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. O da üzərində yəni əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən boş siqaret qutusunun içərisindəki 07 ədəd şəffaf sellofanda büküm, ağ plastik qutunun içərisində olan 01 ədəd bükümü və sol yan cibindən isə 1 ədəd “Samsung J6” markalı mobil telefonu çıxarıb, masanın üzərinə qoyaraq təhqiqatçıya təqdim etmişdir. Sorğu zamanı üzərindən aşkar edilmiş bükümlərin içərisində «kakos» və «şüşə» kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddəni bir gün əvvəl tanımadığı İran İslam Respublikasının vətəndaşından 150 manata olmaqla öz şəxsi istifadəsi üçün aldığını, bu narkotik maddələrin az qismini özü istifadə etdiyini, qalan hissəsini isə üzərində saxladığını demişdir. ...Saxlanılarkən və ya üzərində şəxsi axtarış aparılarkən ona qarşı hər hansı bir fiziki güc tətbiq olunmamış, həmçinin psixoloji təsirə məruz qalmamışdır. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imzalar onun imzasıdır. O, protokolu təzyiq altında imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin PPXB-nin polis nəfəri işləyir. O, Şahid3 və Şahid2 ilə birlikdə 04 noyabr 2022-ci ildə saat 20:00 radələrində Binə qəsəbəsində xidmətdə olan zaman “Məxməri” adlanan çayxanın yanında özünü şübhəli aparan şəxs olduğunu görüb avtomobildən düşərək həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və şəxsdən də özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxs nəzarət etdikləri ərazinin sakini olmadığı üçün onu sorğu-sual etməyə başlamışlar və həmin şəxs verilən suallara qeyri-adekvat cavablar verərək narahat şəkildə uzaqlaşmaq istəmişdir. Onlar Təqsirləndirilən şəxs narahat olmağının səbəbini soruşduqda o, narahatlığının səbəbini üzərində narkotik vasitə olması ilə izah etmişdir. Bu zaman ona üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib, İlqarı ərazi üzrə Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə 30-cu PŞ-nə gəlmişdir. 30-cu PŞ-də İlqarın şəxsiyyəti dəqiqləşdirilmiş, sonra isə xidməti otaqların birində hüquq və vəzifələri izah edilmişdir. Dövlət hesabına müdafiəçi dəvət edildikdən sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən üzərində “Rothmans” yazısı yazılmış boş siqaret qutusunu çıxarıb açaraq içərisində olan 07 ədəd bükümü, 01 ədəd plasmas qutunu və əynində olan şalvarın sol cibindən bir ədəd telefonu çıxarıb təqdim etmişdir. İlqardan təqdim etdiyi bükümlərin və plastik qabın içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşduqda, Təqsirləndirilən şəxs həmin bükümlərin və plastik qabın içərisində kokos və şüşə kimi tanıdığı narkotik maddələr olduğunu və həmin narkotik maddələrin onun özünə məxsus olmasını, həmin narkotik maddələri bir gün əvvəl sosial şəbəkədə tanış olduğu İR-nın vətəndaşı olan tanımadığı şəxsdən verdiyi kart hesabına 150 manat ödəniş etdikdən sonra alıb əldə etdiyini və sonra istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 07 ədəd büküm, telefon və plastmas qutu götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və bu zaman onun üzərindən qanunsuz başqa bir əşya və ya maddə aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinin zəruri olduğunu bildirərək evinə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs da yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə İlqarın yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, nömrəsiz ünvanda yerləşən evinə baxış keçirilmişdir. Baxış zamanı həmin evdən qanunsuz başqa bir əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 30-cu PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq şahid Əli Cabbarlı bildirmişdir ki, şəxs özü narkotik vasitə olduğu üçün narahat olduğunu demişdir. Bütün bükümlər şəxsin özünə məxsusdur. Polis əməkdaşlarında narkotik vasitə olmur.Kombi, drel və digər əşyaların götürülməsindən xəbərsizdir, məlumatı yoxdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 30-cu PŞ-də olduğu zaman İlqara qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Şəxsin Suraxanı Rayon Prokurorluğuna şikayətinin heç bir əsası yoxdur. İlqarın şəxsiyyət vəsiqəsi və digər sənədləri onlarda deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid2 ifadəsindən görünür ki, sonuncular eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin PPXB-nin polis nəfərləri E.Cabbarlı, Şahid2 və Şahid3 04 noyabr 2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci ildə saat 08 radələrində Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsi ünvanın yaxınlığında yerləşən çay evi istiqamətində xidmətdə olarkən, naməlum şəxsin şübhəli hərəkətləri diqqətlərini çəkmiş, sonuncudan şəxsiyyətini təsdiq edən sənədi istədikdə, həmin şəxsin onlardan uzaqlaşmaq istədiyini görüb, sorğu-sual etdikdə, həmin şəxs üzərində narkotik vasitə olduğunu demişdir. Bundan sonra, həmin şəxsi Suraxanı RPİ-nin 30-cu PŞ-nə təhvil vermişlər. Şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Cinayət işinin 25-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 04 noyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu üzərinə keçirilən şəxsi axtarış zamanı müdafiəçisinin iştirakını zəruri hesab etməmiş və müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 26-27-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsindən əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən üzərində “Rothmans” yazısı yazılmış boş siqaret qutusunu çıxarıb açaraq içərisində olan 07 ədəd ağ sellofan bükümü, 01 ədəd ağ rəngli plasmas qutunu və əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd qara rəngli üst ekran hissəsi sınmış halda olan “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Sorğu zamanı, Təqsirləndirilən şəxs bükümlərin içərisində kakos və şüşə kimi tanıdığı narkotik vasitə olduğunu, bu narkotik vasitələri bir gün əvvəl sosial şəbəkədə tanış olduğu İran vətəndaşından həmin şəxsin kart hesabına 150 manat pul ödəyərək aldığını və üzərində saxladığını bildirmişdir. Həmin bükümlərə baxış keçirdikdə, 06 ədəd bükümdə ağ kristal şəkilli, 02 ədəd bükümdə toz şəklində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Aşkar edilmiş bükümlər və mobil telefon qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “Samsung” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 30-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 04 noyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu yaşadığı Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, R.S.Quliyev küçəsi 8 nömrəli yataqxanada yerləşən nömrəsiz evə baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 31-33-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 noyabr 2022-ci il tarixli evə baxış keçirmə barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, R.S.Quliyev küçəsi 8 nömrəli yataqxanada yerləşən nömrəsiz evə baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin 29-43-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/6415 saylı 05 noyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,198 qram, 1,417 qram, 8,504 qram, 0,696 qram, 0,114 qram və 1 (bir) ədəd plastik qutuda təmiz çəkisi 0,276 qram, ümumi təmiz çəkisi 11,205 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,377 qram və 3,181 qram, ümumi təmiz çəkisi 4,558 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqdim olunmuş 5 (beş) ədəd bükümdə və 1 (bir) ədəd plastik qutuda olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Təqdim olunmuş 2 (iki) ədəd bükümdə olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 84-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 noyabr 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən üzərində “Rothmans” yazısı yazılmış boş siqaret qutusunu çıxarıb açaraq içərisində olan 07 ədəd bükümü, 01 ədəd plasmas qutunu və əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümlərin və plastik qabın içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulması, bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərin və plastik qabın içərəsində kokos və şüşə kimi tanıdığı narkotik maddələr olduğunu və həmin narkotik maddələrin onun özünə məxsus olmasını, həmin narkotik maddələri bir gün əvvəl sosial şəbəkədə tanış olduğu İİR-nın vətəndaşı olan tanımadığı şəxsdən onun verdiyi kart hesabına 150 manat ödəniş etdikdən sonra alıb əldə etdiyini və sonra istifadə etməsi üçün üzərində saxladığını bildirməsi, sonra aşkar edilmiş həmin 7 ədəd büküm, bir ədəd mobil telefon və bir ədəd plasmas qutunun götürülərək qablaşdırılması müəyyən olunmuşdur. Cinayət işinin 90-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 noyabr 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zamanı götürülmüş bir ədəd qara rəngli “Samsung” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 110-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 30-cu PŞ-dən daxil olmuş 26 yanvar 2023-cü il tarixli, 096-0811-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etdiyi mənbəyi müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 145-146-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik leytenantı X1 09 fevral 2023-cü il tarixli cinayət işinin materiallarından ayrıca icraata cinayət işi ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi üçün, ********* nömrəli cinayət işindən ayrıca icraata Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, onda çox az miqdarda narkotik vasitə olmuş, digər narkotik vasitələr ona məxsus deyil, onun üzərinə narkotik vasitələri Suraxanı Rayon PB-də qoymuşlar, həmin polis əməkdaşlarının adlarını bilmir, o, döyüldüyü üçün məcbur olub polis əməkdaşlarının dediyi sözləri videogörüntü zamanı demişdir. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadələr verib ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun məhkəmədəki ifadələrinin təkzib olunduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və onun məhkəmə iclasında verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir . Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, hazırki halda satış məqsədi ilə əldə edilməsi sübuta yetirilmiş narkotik vasitənin təqsirləndirilən şəxsin konkret kimə, nə vaxt narkotik vasitəni satmasının müəyyən edilməməsi onun həmin narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, maddənin dispozitiv şərtlərindən görünür ki, AR CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması üçün əsas şərt narkotik vasitənin satılması yox, məhz satış məqsədi ilə əldə edilməsi, saxlanılması və ya daşınmasıdır ki, həmin narkotik vasitənin kimə satılması, ümumiyyətlə satışın həyata keçirilib-keçirilməməsi əməlin tövsifi üçün əhəmiyyət kəsb etməyən hallardandır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar, metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. İlqar Suleymanovda aşkar olunaraq götürülmüş 11,205 qram olan narkotik vasitə metamfetamin şəxsi istelak miqdarından 74 dəfə çox, 4,558 qram olan narkotik vasitə heroin isə şəxsi istehlak miqdarından 30 dəfə çox olmuşdur ki, qeyd olunan hal da onun narkotik maddəni məhz satış məqsədi ilə əldə etdiyinə dəlalət edən hallardan biridir. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs üzərində külli miqdarda, yəni təmiz çəkisi 11,205 qram olan narkotik vasitə metamfetamini və 4,558 qram olan narkotik vasitə heroini satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımışdır. Bundan başqa, cinayət işinin 111-112-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburinarkoloji tibbi yoxlamasının 05 yanvar 2023-cü il tarixli 22 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsələhət görülür. Qeyd etmək lazımdır ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs işkəncəyə məruz qalması ilə əlaqədar müvafiq araşdırmalar aparılmış və təqsirləndirilən şəxsin həmin dəlilləri öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işinin 108-109-cu vərəqələrində olan Suraxanı rayon prokurorluğunun müstəntiqi, kiçik ədliyyə müşaviri X2 14 yanvar 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı göstərdiyi xüsusatlar yalan və əsassız olduğundan, 446 C-22 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Məhkəmə kolleqiyası, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrıayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qərarların tələbləri baxımından da əsaslı hesab edir. Belə ki,«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 93-94-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 23 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Əzizbəyov Rayon Məhkəməsinin 18 may 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 17 mart 2007-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 114-116-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 hüquqi şəxsinin 3220 nömrəli 03 dekabr 2022-ci il tarixli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin (yaddaş, diqqət, qavrama, təfəkkür və s.), intellektinin normaya uyğun olması müəyyən olunur. Psixi-emosional sferasında qıcığa qarşı həssaslıq aşkar olunur. Hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona itiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə edilməmişdir. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən edilmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs oğluna ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 04 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 15-ci vərəqəsində olan 04 noyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin cinayət işinin 76-77-ci vərəqələrində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 4(010)-637/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində həbsetmənin əvvəli 04 noyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,458 qram narkotik vasitə heroin, 10,905 qram psixotrop maddə metamfetamin məhv edilməli, bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,458 qram narkotik vasitə heroin, 10,905 qram psixotrop maddə metamfetamin məhv edilsin. 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar