Məhkəmə qərarları › İş №1(101)-95/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-95/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-95/2024 14.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Şəki şəhəri Ə.Sadıqov küçəsi, ev 1/6-da qeydiyyatda olmaqla, Abşeron rayonu Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, bina 9, mənzil 39 B-də yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Əjdər» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən «Əjdər» adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda 4.979,379 qram çəkidə narkotik vasitə heroini istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra, sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə narkotik vasitələrin qoyulduğu ünvandan «Əjdər» adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla satışını həyata keçirmək məqsədi ilə narkotik vasitə heroinin külli miqdarda 54,379 qram çəkidə hissəsini üzərində, qalan külli miqdarda 4.925 qram çəkidə narkotik vasitə heroini idarə etdiyi «Toyota Prius» markalı, **-UD-*** qeydiyyat nişanlı avtomobilin yük yerində daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 7 iyul 2022ci il tarixdə saat 21:34-də ünvan 1 ünvanının yaxınlığında idarə etdiyi «Toyota Prius» markalı, **-UD-*** qeydiyyat nişanlı avtomobilinin yanında piyada hərəkət edən zaman saxlanılaraq həmin avtomobil ilə birlikdə Baş İdarəyə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 54,379 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin şalvarın sol yan cibindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsindən əldə olunan 123 manat pul aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 7 iyul 2022-ci il tarixdə saat 23:30-dan etibarən Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə onun idarə etdiyi «Toyota Prius» markalı, **-UD-*** qeydiyyat nişanlı avtomobilinə Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyətində baxış keçirilən zaman həmin avtomobilin yük yerində olan bir ədəd qara rəngli idman çantasının içərisindən beş ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 990 qr, 985 qr, 975 qr, 990 qr və 985 qr olmaqla ümumi təmiz çəkisi 4.925 qram həm öz aralarında, həm də üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə xarici görünüş əlamətləri və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində narkotik vasitə heroinin izləri olan iki ədəd elektron tərəzi, bir ədəd qayçı və bir ədəd qaşıq aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tutulanadək özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş, gündəlik 30-40 manat pul qazanmışdır. Narkotik vasitə istifadəçisidir, təxminən il yarım psixotrop maddə metamfetamindən istifadə etmişdir. 7 iyul 2022-ci il tarixdə Sabunçu RPİ-nin 42-ci PB-dən ona zəng gəlmişdir. Həmin vaxt avtomobil idarə etmiş, sevgilisi Fidan da yanında olmuşdur. Sonuncu ilə birlikdə səhər 10 radələrində bölməyə getmişdir. Saat 14 radələrinə qədər bölmədə gözləmişdir. Daha sonra onları PPX avtomobili ilə Sabunçu RPİ-nə aparmışlar. 4-5 saat orada qaldıqdan sonra taksi ilə öz avtomobilinin yanına geri qayıtmışdır. Avtomobildən düşüb Xırdalan dairəsi adlanan yerdə ödəmə terminalı vasitəsilə pul yükləyərkən polis əməkdaşları yaxınlaşıb, onu öz avtomobillərinə oturtmuşlar. Onun avtomobilini isə polislərdən bir nəfəri sürmüşdür. Onun yaşadığı evdə və avtomobilində axtarış aparsalar da, heç nə aşkar olunmamışdır. Daha sonra o, BNMİnə aparılmışdır. Orada polis əməkdaşlarının fiziki təzyiqinə məruz qalmış, üzərinə və avtomobilinə narkotik vasitə heroin yerləşdirilmişdir. Videoçəkiliş aparılmaqla üzərində və avtomobilində baxış aparılarkən aşkar olunan narkotik vasitəyə etiraz etsə də, ona yenidən psixi və fiziki təzyiq göstərilmişdir. Odur ki, polislərə tabe olub, onların dediyi kimi hərəkət etmişdir. İttiham aktında göstərilən narkotik vasitə heroinin üzərinə və avtomobilinə kimin tərəfindən yerləşdirildiyini bilmir. Avtomobilində cəmi 1,5 qram psixotrop maddə metamfetamin olmuşdur. Heç vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. Üzərində ittiham aktında qeyd olunan miqdarda narkotik vasitə olmamışdır. Ona təzyiq göstərən polis əməkdaşlarının adlarını bilmir. ***-***-**-** saylı mobil telefon nömrəsi ona məxsus olmuşdur. Kontaktında olan şəxslər narkotik vasitə istifadəçiləri olmuşlar. Həmin şəxslərlə bir-birilərindən narkotik vasitə əldə etmək və birlikdə narkotik vasitə qəbul etmək üçün yazışmalar aparmışdır. Heç kimə narkotik vasitə satmamışdır. 8 iyul 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına aparılmış, orada müayinə edilərkən bədəni üzərində xəsarət olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. 7 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədi ilə əməliyyataxtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs ünvan 1 ünvanının yaxınlığında «Toyota Prius» markalı, **-UD-*** qeydiyyat nişanlı avtomobilin yanında 7 iyul 2022-ci il tarixdə saat 21:34-də saxlanılmış və BNMİ-nə aparılmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil də Baş İdarəyə aparılmışdır. Orada Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş və o, şübhəli şəxs qismində tutulmuşdur. Onun üzərində videoçəkilişlə şəxsi axtarış başlamışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarının sol yan cibindən bir ədəd avtomobil pultu, ona məxsus sürücülük vəsiqəsi, bir ədəd plastik bank kartı, bir ədəd «Samsung» markalı telefon və 123 manat pul aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyindən bir ədəd mobil telefon, bir ədəd sürücülük vəsiqəsi və bir ədəd plastik bank kartı götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 123 manat pulun narkotik vasitələrin satışından əldə olunduğunu bildirdiyindən həmin pullar da götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümü İran İslam Respublikası vətəndaşı «Əjdər» adlı şəxsin vasitəsi ilə iki gün əvvəl Abşeron rayonu Xırdalan şəhəri ərazisindən əvvəlcədən təyin edilmiş yerdən deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, gördüyü işin qarşılığında «Əjdər»in onun üzərindən aşkar olunmuş plastik bank kartına pullar göndərəcəyini, təxminən bir ildir ki, psixotrop maddə olan metamfetamindən istifadə etdiyini, həmçinin idarə etdiyi avtomobildə də narkotik maddələr saxladığını bildirmişdir. Bundan sonra müvafiq protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxışda Təqsirləndirilən şəxs saxlanılarkən yanında olan Şahid4 də iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin arxa baqaj hissəsini açaraq bir ədəd idman çantasını çıxarıb təqdim etmişdir. Həmin çanta açıldıqda içərisindən iki ədəd elektron tərəzi, beş ədəd bağlamada narkotik vasitə olan heroinə bənzər kütlə, bir ədəd qayçı və bir ədəd qaşıq aşkar edilmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Avtomobildən başqa heçnə aşkar edilməmişdir. Baxışda iştirak edən Şahid4 avtomobildən aşkar olunmuş narkotik maddələr barədə heç bir məlumatı olmadığını bildirmişdir. Sonda protokol tərtib olunmuş və iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə verdi. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid4 ifadəsindən görünür ki, 7 iyul 2022-ci il tarixdə, saat 21:34-də ünvan 1 ünvanının yaxınlığında «Toyota Prius» markalı, **-UD-*** qeydiyyat nişanlı avtomobilin yanında tanışı Təqsirləndirilən şəxs ilə birlikdə piyada hərəkət edərkən bir neçə nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Polis əməkdaşları Anarın külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu BNMİ-nə dəvət etmişlər. Anar etiraz etmədən polislərlə birlikdə baş idarəyə getmişdir. Həmin vaxt onu və Anarın «Toyota Prius» markalı avtomobilini də Baş İdarəyə aparmışlar. Baş İdarədə Anara müdafiəçi təyin edilmiş və o, şübhəli şəxs qismində tutulmuşdur. Sonra başqa bir otaqda Anarın üzərində şəxsi axtarış keçirilmişdir. Ona isə avtomobilə keçiriləcək baxışda iştirak edəcəyi bildirilmişdir. Anarın üzərində şəxsi axtarış başa çatdıqdan sonra idarənin həyətinə düşüb orada sonuncunun «Toyota Prius» markalı avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı Anar avtomobilin arxa yük hissəsini açıb bir ədəd qara rəngli idman çantasını təqdim etmişdir. İdman çantasının içərisinə baxdıqda oradan iki ədəd elektron tərəzi, beş ədəd bağlama, bir ədəd qayçı və bir ədəd qaşıq aşkar edilmişdir. Anar bağlamaların içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Polis əməkdaşları ilə birlikdə bağlamaların içərisinə baxanda narkotik vasitə heroin olduğunu görmüşdür. Aşkar olunmuş narkotik vasitələr elektron tərəzidə çəkilmiş, zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş bağlamaların özünə məxsus olduğunu, həmin bağlamaları İran İslam Respublikası vətəndaşı «Əjdər» adlı şəxsin vasitəsi ilə iki gün əvvəl Abşeron rayonu Xırdalan şəhəri ərazisindən əvvəlcədən təyin edilmiş yerdən deyiləcək ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, gördüyü işin qarşılığında «Əjdər» adlı şəxsin ona pullar göndərdiyini bildirmişdir. Bundan sonra baxış qurtarmış, protokol tərtib edilmiş, oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. İşin 43-46-cı vərəqlərindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8 iyul 2022-ci il tarixli, 6/3715 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7» dairəvi möhür əksləri olan bir ədəd zərfdə və bir ədəd qara rəngli çantada, üzərində «Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə..» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd sellofan bükümdə təmiz çəkisi 54,379 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində «Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi kütlələr...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd qara rəngli çantadakı beş ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 990 qram, 985 qram, 975 qram, 990 qram, 985 qram, ümumi təmiz çəkisi 4.925 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim olunmuş bir ədəd sellofan bükümdə olan beş ədəd sellofan bağlamalarda olan heroinlər xarici görünüş əlamətləri və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Təqdim edilmiş iki ədəd elektron tərəzilərin, bir ədəd qayçının və bir ədəd qaşığın üzərində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların maddə nümunələri ilə müqayisəli tədqiqat aparılmadı. Qeyd: Heroinin ümumi təmiz çəkisi - 4.979,379 qram, tədqiqata sərf edildi - 0,300 qram, qalıq - 4.979,079 qram. İşin 155-156-cı vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 8 avqust 2022-ci il tarixli 4347 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və psixoaktiv maddələrdən istifadə etmə halları olub. Lakin halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşin 146-152-ci vərəqlərindəki 25 avqust 2022-ci il tarixli anten məlumatlarına baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** sayli mobil nömrə olmuşdur. 30 yanvar 2022-ci il tarixdə saat 14:13:27-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «Qapidayam elave 05 pati», 30 yanvar 2022-ci il tarixdə saat 21:53:24-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «Brat gelim o terefe torpağ lazimdi», 31 yanvar 2022-ci il tarixdə saat 17:23:15də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «X1», 18 fevral 2022-ci il tarixdə saat 03:14:46-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «Bidene daş duz qoş qaqav bütöv qaqaşımsan», 28 fevral 2022-ci il tarixdə saat 19:08:29-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «QAQA. NECESEN. NİYE CAVAB VERMİRSEN? HARDASAN? MEN PAPANİNDEYEM. MENE. 05. TEMA LAZİMDİ ALİNAR?», 1 mart 2022-ci il tarixdə saat 01:10:24-də ***-***- **-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «QAQA VACİB 10. MANATLİQ TEMA LAZİMDİ. QONAQİM VAR. QAQA CANİ. HARDASAN YERVİ DE GELİM. QAQA BASVA DONUM VACİBDİ», 7 mart 2022-ci il tarixdə saat 01:58:36-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «25 man var pat lazımdı», 8 aprel 2022ci il tarixdə saat 22:03:01-də 070- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «Qaqa salam necesen? Nevar neyox haralardasan? Qaqa mene 20 liy das lazimdi», 24 iyun 2022-ci il tarixdə saat 17:21:38-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə «Qaqa menim 10 manatliq temami hazirla gelib goturecem senden», 24 iyun 2022-ci il tarixdə saat 17:21:39-da ***-***-**-** saylı mobil nömrədən 077-535-89- 89 saylı mobil nömrəyə «Qaqa menem killer 10m das lazmdi» tipli mesajlar yazılmışdır. Narkotik istifadəçiləri arasında yarı və bütöv narkotik vasitənin ölçüsünü, patıpsixotrop maddə metamfetamini, tema və daş-narkotik vasitə heroin mənasını verir. İşin 29-31, 34-36-cı vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması barədə və mənzilə baxış və götürmə aparılması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 7 iyul 2022-ci il tarixdə saat 21:34-də ünvan 1 ünvanının yaxınlığında idarə etdiyi «Toyota Prius» markalı, **-UD-*** qeydiyyat nişanlı avtomobilinin yanında piyada hərəkət edən zaman saxlanılaraq BNMİ-nə dəvət olunub şəxsi axtarış keçirilərkən əynində olan şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 7 iyul 2022-ci il tarixdə saat 23:30-dan etibarən Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə onun idarə etdiyi «Toyota Prius» markalı, **-UD-*** qeydiyyat nişanlı avtomobilinə Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyətində baxış keçirilən zaman həmin avtomobilin yük yerində olan bir ədəd qara rəngli idman çantasının içərisindən beş ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, iki ədəd elektron tərəzi, bir ədəd qayçı və bir ədəd qaşıq aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış, baxış və götürmə zamanı videoçəkiliş aparılmış və ayrı-ayrılıqda olmaqla 2 ədəd diskə köçürülmüşdür. Şəxsi axtarış, baxış və götürmə aparılmasını özündə əks etdirən 2 ədəd DVD disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 171-172-ci vərəqlərindəki qərardan görünür ki, hazırki cinayət işinin materiallarından mənbə xüsusatı ilə bağlı 2 sentyabr 2022-ci il tarixdə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. İşin 105-107-ci vərəqlərindəki Abşeron Rayon Məhkəməsinin 8 iyul 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili İbrahim Nəcəfov tərəfindən qəbul edilmiş 7 iyul 2022-ci il tarixli «Əməliyyat-axtarış tədbirlərinin həyata-keçirilməsi haqqında» qərar qanuni hesab edilmişdir. İşin 111-112-ci vərəqlərindəki maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 4.979,079 qram çəkidə narkotik vasitə heroin, üzərində narkotik vasitə heroinin izləri olan iki ədəd elektron tərəzi, bir ədəd qayçı, bir ədəd qaşıq iş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün BMCMİ-nə təhvil verilmişdir. İşin 115-116-cı vərəqlərindəki qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 123 manat pul maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-nin Maliyyə-Plan İdarəsinin depozit hesabına verilmişdir. İşin 159-169-cu vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, idarə etdiyi avtomobilə baxış keçirilməsinin videogörüntülərini özündə saxlayan iki ədəd DVD disk və iş üzrə Azerfon MMC-dən daxil olmuş bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 157-158-ci vərəqlərindəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşin 20-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 7 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdəki Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 8 iyul 2022-ci il tarixdə təcridxanaya gətirilmiş, ilkin tibbi müayinə zamanı bədəninə baxış keçirilərkən xəsarət aşkar edilməmişdir. Dövlət ittihamçısı məhkəmə baxışı gedişində Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibindən imtina etdiyindən Məhkəmənin 14 mart 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, onda cəmi 1,5 qram psixotrop maddə metamfetamin olduğunu, polis əməkdaşlarının fiziki təzyiqinə məruz qaldığını, üzərinə və avtomobilinə narkotik vasitə heroin yerləşdirildiyini, psixi və fiziki təzyiq nəticəsində polislərə tabe olub, onların dediyi kimi hərəkət etdiyini, ittiham aktında qeyd olunan narkotik vasitə heroinin üzərinə və avtomobilinə kimin tərəfindən yerləşdirildiyini bilmədiyini göstərmişdir. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri (i.v. 58-62, 73-76), məhkəmədə dindirilmiş və tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar, Bakı İstintaq Təridxanasından daxil olmuş məktub və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır, cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməli, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək qərara gəlir ki, ona təqirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 7 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 4.979,079 qram çəkidə narkotik vasitə heroin, üzərində narkotik vasitə heroinin izləri olan iki ədəd elektron tərəzi, bir ədəd qayçı, bir ədəd qaşıq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərindən aşkar edilib götürülərək DİN-nin Maliyyə-Plan İdarəsinin depozit hesabına verilmiş 123 manat pul xüsusi müsadirə olunmalı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, idarə etdiyi avtomobilə baxış keçirilməsinin videogörüntülərini özündə saxlayan iki ədəd DVD disk və iş üzrə "xxxx" MMC-dən daxil olmuş bir ədəd disk isə cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 7 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 4.979,079 qram çəkidə narkotik vasitə heroin, üzərində narkotik vasitə heroinin izləri olan iki ədəd elektron tərəzi, bir ədəd qayçı, bir ədəd qaşıq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Onun üzərindən aşkar edilib götürülərək DİN-nin Maliyyə-Plan İdarəsinin depozit hesabına verilmiş 123 manat pul xüsusi müsadirə olunsun. Onun üzərinə şəxsi axtarış, idarə etdiyi avtomobilə baxış keçirilməsinin videogörüntülərini özündə saxlayan iki ədəd DVD disk və iş üzrə Azerfon MMC-dən daxil olmuş bir ədəd disk isə cinayət işində saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar