Məhkəmə qərarları › İş №1(101)-953/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-953/2020

21.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-953/2020 21.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəmləsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X6, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə Gürcüstann Bolnisi rayonunda anadan olmuş, Gürcüstan vətəndaşı, subay, işləməyən, məhkum olunmamış, Gürcüstanın Bolnisi rayonunun Arakel kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıq yolu ilə keçirməklə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır: belə ki, o, tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmək, qaçaqmalçılıq yolu ilə keçirmək, saxlamaq, daşımaq və satmaq barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Hüseyn” adlı şəxs və qeyriləri ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən “Hüseyn” adlı şəxs İstintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda - 1.840 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda - 1.005 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satıb qazanc əldə etmək məqsədi ilə Təqsirləndirilən şəxs təhvil vermək üçün istintaqa məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıq yolu ilə keçirərək Bakı şəhəri, Suraxanı rayonu, 2-ci Mədən küçəsi, 60 saylı evin yaxınlığına daşıyıb və orada zibil qutularının yanında gizlədib saxlayaraq bu barədə Təqsirləndirilən şəxs məlumatlandırmış, bundan sonra sonuncu x xxx 2020-ci il tarixdə saat 21 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıqla keçirdikləri qeyd olunan külli miqdarda narkotik vasitələri gələcəkdə satışını həyata keçirmək məqsədi ilə həmin yerdən götürüb qanunsuz əldə edib üstündə saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşları tərəfindən x xxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 21:10- da Bakı şəhəri, Suraxanı rayonu, 2-ci Mədən küçəsi, 60 saylı evin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən sağ əlindəki üzərində “Bolmart” sözü yazılmış sellofan torbadan bir ədəd şəffaf sellofan bağlamada külli miqdarda 1.840 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və iki ədəd üzərləri şəffaf yapışqan lentlə bərkidilmiş sellofan bağlamalarda külli miqdarda 535 qram və 470 qram olmaqla ümumilikdə külli miqdarda 1.005 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 2018-ci ilin sonunda o, Azərbaycan Respublikasından İran İslam Respublikası ərazisinə Biləsuvar sərhəd keçid məntəqəsi vasitəsilə keçdikdə orada təsadüfən taksi fəaliyyəti ilə məşğul olan Hüseyn adlı İran vətəndaşı ilə tanış olmuş, onunla yaxın dost münasibətləri yaranmış, onun telefon nömrəsini götürüb Azərbaycana qayıtdıqdan sonra onunla “Whatsapp” proqramı vasitəsi ilə telefon əlaqəsi yaratmş, həmin şəxsin adının Hüseyn olmasına baxmayaraq sonuncunun xahişinə əsasən o, Hüseynin adını telefonunda Humay kimi qeyd etmiş, X10 Respublikası vətəndaşı olaraq İranda yaşamasına baxmayaraq Rusiya Federasiyasının mobil telefon operatoruna məxsus telefon nömrəsi istifadə etmişdir; o, tutulmamışdan təxminən beş-altı ay əvvəl mütamadi olaraq narkotik vasitə olan heroini yandırıb tüstüsünü çəkmək yolu ilə qəbul etməyə başlamış, bundan başqa 3-4 ay müddətdə vaxtaşırı narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurub yandıraraq tüstüsünü çəkmək yolu ilə qəbul etmiş, qəbul etdiyi narkotik vasitələri üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi Suraxanı rayon ərazisində təsadüfən rastlaşdığı şəxslərdən almış, təxminən iki ay əvvəl Azərbaycan Respublikası ərazisində koronavirus pandemiyası ilə bağlı karantin rejiminin tətbiq edilməsinə görə o, qəbul etdiyi narkotik vasitələri əldə edə bilməmiş, Azərbaycan Respublikasında satılan narkotik vasitənin İran İslam Respublikasından daxil olduğunu bildiyi üçün həmin ərəfədə Hüseynlə telefon əlaqəsi saxladıqda ona narkotik vasitə qəbul etdiyini, lakin karantin rejimi ilə bağlı narkotik vasitə tapa bilmədiyini və bunun nəticəsində ağrılarının olduğunu bildirib Hüseyn ona narkotik vasitə heroin göndərə bilib-bilmədiyini soruşmuş, Hüseyn ona səbrli olmağını və cavab verəcəyini demiş, təxminən 2-3 gün sonra aprel ayının əvvəllərində Hüseyn zəng edib narkotiki ona əlbəəl verə bilməyəcəyini deyib hara qoymaq lazım olduğunu soruşmuş, o, Hüseynə yaşadığı evin ünvanını izah edib ona göndərəcəyi narkotik vasitə heroini evin yaxınlığında yerləşən zibil qutularının yanına qoya biləcəyini demiş, bİr neçə saat sonra Hüseyn ona zəng edib göndərdiyi narkotik vasitəni onun dediyi yerə qoyulduğunu demiş, narkotikin kim tərəfindən qoyulduğunu deməmiş, bu barədə onun məlumatı olmamış, Hüseynin dediyi yerə gedib orada bir bükümdə təxminən 4 qram çəkidə narkotik vasitə heroin aşkar etmiş və həmin heroini özü qəbul etmiş, həmin narkotik vasitə yüksək keyfiyyətli heroin olmuş, bundan sonra aprel ayı ərzində bir dəfə 5 qram, bir dəfə isə 10 qram olmaqla Hüseyn ona özü qəbul etmək üçün narkotik vasitə heroin göndərmişdir; təxminən x xxx 2020-ci il tarixdə telefon danışıqlarının birində Hüseyn onun maddi çətinliklərlə qarşılaşdığını bilib ona narkotik vasitəni satışında köməklik etməyini xahiş etmiş, Hüseyn ona göndərdiyi narkotik vasitə heroini qoyduğu yerdən götürüb müştərisinə verdiyi halda ona 1000 manat pul verəcəyini demiş, o, maddi vəziyyəti pis olduğu üçün Hüseynlə razılaşmış, belə ki, x xxx 2020-ci il tarixdə 18 radələrində Hüseyn ona zəng edib söz verdiyi malı adını çəkmədiyi adamı vasitəsi ilə Azərbaycan Respublikasının sərhəddindən qaçaqmalçılıqla Azərbaycan Respublikasına keçirib yaşadığı evin yaxınlığında yerləşən zibil qutularının yanında gizlətdiyini deyib həmin maddəni götürməyini xahiş etmiş, Hüseyn həmin içərisində bir neçə kiloqram narkotik vasitələr olan bağlamanı “Mercedes” markalı dövlət qeydiyyat nişanı 864 ilə bitən avtomaşınla gələn şəxsin ondan götürəcəyini bildirmiş, o, Hüseynin sözlərinə əsasən yuxarıda qeyd etdiyi yerə gedərək x xxx 2020-ci il tarixdə saat 20 radələrində həmin yerdən bir ədəd torba tapıb götürüb əlində yaşadığı ev istiqamətində hərəkət edən zaman polis əməkdaşları tərəfindən saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuş, Baş İdarədə təqdim olunan vəkilin iştirakı ilə video çəkiliş aparılaraq üstünə axtarış aparılmış, sağ əlində tutduğu içərisində iranlı Hüseynin göndərdiyi narkotik vasitələr olan bağlamanı polislərə təqdim etmiş, həmin bağlamanın ümumi çəkisi təxminən 3 kiloqram olmuş, təqdim etdiyi bağlamaya polis əməkdaşları tərəfindən götürülərək baxış keçirilən zaman orada 2 büküm narkotik vasitə marixuana və 1 büküm narkotik vasitə heroin olması müəyyən edilmiş, ondan götürülmüş içərisində narkotik vasitələr olan bükümlər qablaşdırılaraq möhürlənmiş, bundan başqa üstündən “Samsung” markalı mobil telefon, içərisində 170 manat olan pul qabı, şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüş, pul vəsaiti özünə qaytarılmış, qalan əşyalar polislərdə qalmış, sorğu zamanı təqdim etdiyi narkotik vasitələri ona Hüseyn adlı iranlının göndərdiyini etiraf etmiş, narkotiki Hüseyinin dediyi şəxsə verdikdən bir neçə gün sonra Hüseyn ona 1.000 manat pul göndərəcəyini demiş, bundan sonra Baş İdarədə müvafiq protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunduqdan sonra o, və digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər, götürülmüş maddə, sənədlər və əşyalar protokola əlavə edilmiş, o, narkotik vasitələrin İran islam respublikasından Azəobaycan Respubliasına keçirilməsində iştirak etmədiyindən cinayət Məcəlləsinin 206.3.2-ci madəsi ilə özünü təqsirli bilmir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. İş üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşı Şahid1 ifadə verərək göstərmişdir ki, x xxx 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə X4 rayonunda qeydiyyatda olmaqla, ünvan 1-da yaşayan Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitələri qanunsuz olaraq əldə edib üzərində saxlaması və Suraxanı rayonu ərazisində satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, daxil olmuş məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə çıxarılmış qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət qrup yaradılmış, əməliyyat qrupunun üzvləri x xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal olunan Bakı şəhəri, Suraxanı rayonu, 2-ci mədən küçəsinə yollanmış, oraya gəldikdə əməliyyat mövqeyi seçilmiş, x xxx 2020-ci il tarixdə saat 21:10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, 2-ci mədən küçəsində Qabi Əliyevə oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmış, saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında qəbul edilmiş əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra o, Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş, sonuncunun Gürcüstan vətəndaşı olmasına baxmayaraq milliyətcə azərbaycanlı olduğunu və Azərbaycan dilini aydın şəkildə anladığını və latın əlifbası ilə oxuyub yaza bildiyini söyləmiş, bundan sonra Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında, əlindəki sellofan torbada və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, həmin təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı ağ rəngli, üzərində “Bolmart" sözü yazılmış sellofan torbanı masanın üzərinə qoyaraq həmin torbanın içərisində narkotik vasitə olduğunu söyləmiş, həmin sellofan torba açılmış və onun içərisində 3 ədəd şəffaf sellofana bükülmüş bağlamalar aşkar edilmiş, həmin sellofan bağlamalardan ikisinin içərisində yaşıl rəngli, narkotik vasitə olan marixuanaya bənzər maddə, 1 ədəd bağlamada isə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə olan heroinə oxşar maddə aşkar edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefonu, sağ yan cibindən isə bir ədəd qara rəngli pul qabını çıxararaq təqdim etmiş, həmin pul qabının içərisinə baxış keçirilərkən 170 manat nağd pul, Təqsirləndirilən şəxs məxsus Gürcüstan Respubliasında əldə etdiyi sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsi aşkar edilmiş, bundan sonra həmin pul kisəsinin digər ciblərinə baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir sübut aşkar edilməmiş, Təqsirləndirilən şəxs məxsus 170 manat pul onun özünə qaytarılmış, Təqsirləndirilən şəxs üzərində bundan sonra şəxsi axtarış keçirilmiş, lakin heç bir əşya aşkar edilməmiş, sorğu zamanı Təqsirləndirilən şəxs olan sellofan torbanın içərisində olan narkotik vasitəni sonuncuya X7 vətəndaşı kimi tanıdığı “Hüseyn” adlı şəxsin göndəridiyini söyləmiş, həmin “Hüseyn" adlı şəxslə təxminən bir il bundan öncə İrana keçərkən tanış olduğunu bildirmiş, Təqsirləndirilən şəxs özünün narkotik vasitələrin istifadəçisi olduğunu qeyd etmiş, Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı kimi bildiyi “Hüseyn” adlı şəxslə mobil telefonunda olan “Whatsapp” proqramı vasitəsilə əlaqə saxladığını, həmin “Hüseyn" adlı şəxsin əlaqə nömrəsini telefonunda qeyd etdiyini bildirmiş, Təqsirləndirilən şəxs qabaqcadan əldə olunmuş razılaşmaya əsasən “Hüseyn” adlı şəxsin ona tanımadığı şəxsə çatdırılması üçün göndərdiyi narkotik vasitəni yaşadığı ünvanın yaxınlığındakı zibil qutusunun yanından götürdüyünü bildirmiş, Qabil həmin şəxs ilə görüşüb həmin sellofan torbanın içərisindəki narkotik vasitəni verdikdən sonra “Hüseyn” adlı şəxsə bunu bildirməli və bunun müqabilində “Hüseyn” adlı şəxs Qabilə növbəti gün 1.000 manat pul göndərməli olmuş, Şəxsi axtarış yekunlaşdıqdan sonra Qabili Əliyevin əlindəki ağ rəngli sellofan torbanın içərisindən aşkar edilmiş 2 ədəd bağlamada olan yaşıl rəngli narkotik vasitə olan marixuanaya oxşar maddə kağız zərfdə qablaşdırılmaqla möhürlənmiş, həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs əlindəki ağ rəngli sellofan torbanın içərisində olan bir ədəd bağlama qablaşdırılmış, qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar maddə kağız zərfdə qablaşdırılmaqla möhürlənmiş və həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, qablaşdırılma yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs sol yan cibindən aşkar edilmiş 1 ədəd "Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etidyi üçün götürülmüş, bundan sonra müvafiq protokol tərtib edilərək ucadan oxunmuş və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş X1 digər əməkdaşı Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdirlər. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 6/725 №li ekspert rəylərində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 7” möhür əksi və “Şübhəli şəxs Gürcüstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs əlindəki sellofan torbadan aşkar edilmiş...” əl yazısı olan 1 ədəd kağız paketdəki 1 ədəd bağlamada təmiz çəkisi 1.840 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; qalıq: heroin 1.839,8 qram. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 7/202 №li rəylərində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs ...” yazısı və imzalar olan kağız paketdəki 2 (iki) ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 535 qram və 470 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; ümumi çəkisi - 1.005 qramdır (1 kq 5 qram) təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər; qalıq: heroin 1.004,8 qram (1-ci cild iş vərəqi 57-60). İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx xxxx 2020-ci il tarixli 2007 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur; narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji djispanserdə qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 149-150). İşdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəinin İİEƏTŞ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında x xxx 2020-ci il tarixli qərar qanuni hesab edilmişdir (1-ci cild iş vərəqi 124-125). İşdə olan Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvanlanmış tapşırığa cavab olaraq daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Hüseyn” adlı İran İslam Respublikasının vətəndaşı ilə daimi telefon əlaqəsi saxlayaraq narkotik vasitə və psixotrop maddə əldə etməklə digər şəxslərə verməsi, sonuncu dəfə “Hüseyn” adlı şəxslə telefon əlaqəsi saxladlqdan sonra Bakı şəhəri, Suraxanı rayonu, 2-ci mədən küçəsində zibil qutuların yaxınlığında əvvəlləcədən müəyyən edilmiş yerdən satmaq məqsədi ilə götürdüyü müəyyən edilmişdir (1-ci cild iş vərəqi 136). İşdə olan x xxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşları tərəfindən x xxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 21:10-da Bakı şəhəri, Suraxanı rayonu, 2-ci Mədən küçəsində saxlanılaraq ünvan 2 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən sağ əlindəki üzərində “Bolmart” sözü yazılmış sellofan torbadan bir ədəd şəffaf sellofan bağlamada külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və iki ədəd üzərləri şəffaf yapışqan lentlə bərkidilmiş sellofan bağlamalarda külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür (1-ci cild iş vərəqi 21-23). İşdə olan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefona aparatına baxış keçirilməsi haqqına x xxx 2020-ci il tarixli protokoldan görünür ki, “Samsung” markalı mobil aparatının içərisində bir ədəd “Azerfon” mobil telefon operatoruna məxsus sim kartı aşkar olunmuş, telefonun yaddaş kitabçasında “Humay” adı altından Rusiya Federasiyasının mobil telefon operatoruna məxsus +**********5 saylı telefon nömrəsinin qeydə alındığı müəyyən edilmişdir; telefonların menyu hissəsində “WhatsApp” proqramı aşkar edilmiş, proqram vasitəsi xx xxxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixdə saat 20:13-dək olan müddət ərzində “Humay” adı altında qeydə alınmış +**********5 nömrəsi ilə 4 çıxan və 11 daxil olan telefon danışığı aşkar edilmiş, bundan başqa mobil telefon cihazına baxış keçirilən zaman mobil telefon cihazlarında İran İslam Respublikasının mobil operatoruna məxsus hər hansı bir mobil telefon nömrəsi və “Hüseyn” adlı şəxslə telefon danışları, SMS mətn yazışmaları, telefon kontaktı aşkar edilməmişdir (1-ci cild iş vərəqi 117). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 alınmış xx xxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (1-ci cild iş vərəqi 197). İşdə olan şübhəli şəxsin tutulması haqqında x xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs x xxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-ci cild iş vərəqi 117). İşdə olan Nərimanov Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu x xxx 2020-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 91- 96). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıq yolu ilə keçirməklə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması tam təsdiqini tapmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı, narkotik vasitələr)» əsasən, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram, qurudulmuş marixuana narkotik vasitəsinin külli miqdarının aşağı həddi 500 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, saxladığı və daşıdığı narkotik vasitə heroinin çəkisi 1.840 qram, narkotiki vasitə qurudulmuş marixuananın çəkisi 1.005 qram olduğundan külli miqdar təşkil edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsinin sanksiyasında beş ildən səkkiz ilədək müddətə azalıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” xx xxxx 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən X3 Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 206.3.2 və 2034.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza çəkmələrinin başlanğıcı x xxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halın olmamasını, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının x xxx 2020-ci il tarixdən hesablanmasını, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübutlar - məhkəmə baxışına qədər saxlanılması üçün Azərbaycan Respublikası DİN-in maddi sübutların saxlanma kamerasına təhvil verilmiş iki ədəd kağız paketdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra qalıq qalan 1.839,8 qram (1 kq 839,8 qram) çəkidə narkotik vasitə heroin və 1.004,8 qram (1 kq 4,8 qram) çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir; cinayət işi materiallarına əlavə edilmiş 1 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri - 109,90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixliqərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğicı x xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar məhkəmə baxışına qədər saxlanılması üçün Azərbaycan Respublikası DİN-in maddi sübutların saxlanma kamerasına təhvil verilmiş iki ədəd kağız paketdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra qalıq qalan 1.839,8 qram (1 kq 839,8 qram) çəkidə narkotik vasitə heroin və 1.004,8 qram (1 kq 4,8 qram) çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin; cinayət işi materiallarına əlavə edilmiş 1 ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri - 109,90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bak Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar