Məhkəmə qərarları › İş №1(101)-954/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-954/2025

25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-954/2025 25.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə, xx xxxxxxxx 1989-cu il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Gəncə Ağır Cinayətlər Məhkəməsinin 6 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 5 ay 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş), məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışını təşkil etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Mikayıl” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında əldə edilmiş razılığa əsasən müəyyən ünvanlara çatdırmaq üçün həmin şəxsin +**********93 nömrəsindən onun istifadəsində olan +**********513 mobil nömrəyə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə göndərilən fotoşəkillərə uyğun Bakı şəhəri ərazisində müvafiq yerlərə qoyulmuş bir ədəd torbada külli miqdarda təmiz çəkisi 36,147 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda ümumi təmiz çəkisi 54,274 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Azərbaycan Respublikasının ərzisində dövriyyəsi məhdudlaşdırılmış 7 ədəd üzərində “Methadone 40” göstəriciləri olan 70 ədəd açıqqəhvəyi rəngli “F/M 40” göstəricili dərmən həbləri külli miqdarda metadonun təsir maddəsinin ümumi miqdarı 2,8 qram külli miqdar olan narkotik vasitə və ümumi təmiz çəkisi 408 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşımaqla kirayə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Mirzə Davud küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində saxlamış, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğul olmasına dair daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12 sentyabr 2024-cü il tarixdə saat 00:11-də keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanın yaxınlığında saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarın sağ yan cibindən “Samsung” markalı ***-***-**-** nömrəli mobil telefon, şalvarın sol yan cibindən 3 ədəd yaşadığı mənzilin açarları aşkar edilmiş, həmin gün saat 00:25-dən 00:42-dək videoçəkilişdən istifadə edilməklə Xətai rayonu, Mirzə Davud küçəsi fərdi yaşayış evin 2-ci mərtəbəsində yataq otağında çarpayının alt hissəsində qara rəngli çantada bir ədəd polietilen bağlamada bir ədəd sellofanın içərisində təmiz çəkisi 293 qram bitki mənşəli kütlə və həmin sellofanın içərisində öz aralarında tərkiblərinə görə eyni olan iki ədəd sellofan kəsiyində hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 40 qram və 75 qram olmaqla, ümumi çəkisi 408 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir bükümdə külli miqdarda təmiz çəkisi 36,147 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 40,884 qram, 13,390 qram, ümumi təmiz çəkisi 54,274 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, Azərbaycan Respublikasının ərzisində dövriyyəsi məhdudlaşdırılmış 7 ədəd üzərində “Methadone 40” göstəriciləri olan blisterdə 70 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin olması əsas təsir edici maddəsi metadon və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 2,8 qram külli miqdar təşkil edən narkotik vasitə və üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 12 sentyabr 2024-cü il tarixdə Xətai rayonu ərazisində NZS qəsəbəsindən Keşləyə gedən yolda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman üzərindən hər hansı narkotik vasitə aşkar olunmamışdır. Sonra polis əməkdaşları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Mirzə Davud küçəsində yerləşən evinə getmişlər. Polis əməkdaşları evə baxış keçirən zaman 200 qram narkotik vasitə olan marixuana aşkar etmişlər. Sonra polis əməkdaşları onu DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Daha sonra isə Xətai RPİ-nin MSY-yə yerləşdirilmişdir. Narkotik vasitəni əldə etmək məqsədi ilə əlaqə saxladığı “Mikayıl” adlı şəxlə 200 qram narkotik vasitə olan marixuana qarşılığında onun kartına pul göndərəcəyi barədə razılıqları olmuşdur. Hadisə yerinə gəlib bükümü götürmüş və oradan uzaqlaşmışdır. Ancaq bir qədər sonra bağlamanı açdıqda içərisində danışdıqlarından daha çox miqdarda narkotik vasitə olduğunu görmüşdür. İbtidai istintaq dövründə verdiyi ifadədə də məqsədinin şəxsi istifadəsi üçün 200 qram narkotik vasitə olan marixuana əldə etmək olduğunu bildirmişdır. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərdi ki, əvvəllər narkotik vasitə istifadəçisi olmuşdur. O, həmin əraziyə ittihamda göstərilən miqdarı əldə etmək məqsədi ilə getməmiş, məqsədi şəxsi istifadəsi üçün 200 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə etmək olmuşdur. Bağlamanı açdıqda içərisində danışılandan əlavə narkotik vasitələr olduğunu görmüşdür. Bağlamanın içərisində olan narkotik vasitəni qəbul etməmişdir. Evə baxış keçirilən zaman videoçəkiliş aparılmışdır. Bağlamanın içərisində başqa narkotik vasitələr və dərman həbləri olduğu ona məlum olduqdan sonra o, “Mikayıl” adlı şəxslə əlaqə saxlamaq istəmiş, ancaq həmin vaxt şəbəkə olmadığından bu məsələni aydınlaşdıra bilməmişdir. Əldə etdiyi bağlamanın qarşılığında 1200 AZN məbləğində pul ödəmişdir. Bildiyi qədər 200 qram marixuananın satış qiyməti 1200 AZN-dir. Üzərinə axtarış keçirildikdən sonra polis əməkdaşları onun evinə baxış keçirtməyi təklif etmiş və o, polislərin təklifi ilə razılaşmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. İbtidai istintaq zamanı adından yazılmış ifadəni oxumadan imzalamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, uzun illərdir “nəşə” kimi tanıdığı narkotik vasitədən istifadə edir. 2018-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 14 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilmiş və Qaradağ rayon məhkəməsində barəsində məhkəmə istintaqı aparılır. Təxminən bir ay öncə +**********93 nömrəsi ilə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxs “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə istifadəsində olan +**********513 mobil nömrəsinə zəng edib onda narkotik vasitələr olduğunu və onun işləmək istəyibistəmədiyini maraqlandıqda özü üçün 200 qram “nəşə” kimi tanıdığı narkotik vasitə istədiyini bildirmişdir. Təxminən bir həftə öncə İran İslam Respublikası vətəndaşı “Mikayıl” adlı şəxsin verdiyi hesab nömrəsinə Xətai rayonu 8 noyabr prospektində yerləşən “Rahat” marketin qarşısında quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə 1200 manat pul köçürmüşdür. Dəqiq tarixi bilmədiyi vaxtda “Mikayıl” adlı şəxsin “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə göndəridyi narkotik vasitənin olduğu yeri bildirən xəritə və şəkillərə uyğun olaraq Babək prospektində yerləşən Daxili Qoşunların hərbi hissəsi ilə üzüzə yerləşən məhələdə məişət tullantıları qabının yanında qara rəngli bağlamanı götürüb yaşadığı Xətai rayonu, Mirzə Davud küçəsi nömrəsiz fərdi tikilmiş evə gəlib həmin qara rəngli sellofan paketi açdıqda içərisində müxtəlif çəkidə “kakos”, “şüşə”, dərman həbləri və 400 qram “nəşə” kimi tanıdığı narkotik vasitə omasını görmüşdür. “Mikayıl” adlı şəxsə zəng edərək ondan 200 qram “nəşə” istədiyini, lakin, həmin sellofan bağlamada digər narkotik vasitələrin olmasını bildirmişdir. “Mikayıl” adlı şəxs “nəşə”ni götürməsini, digərlərini isə hara qoysa oranın xəritəsini və şəkilini ona göndərməsini, öz adamları vasitəsilə həmin bağlamanı götürəcəyini bildirmişdir. 12 sentyabr 2024-cü il tarixdə, saat 00:11-da ünvan 4 ünvanının yaxınlığında olarkən 3 nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirib, üzərində narkotik vasitə olub olmadığını, varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra əynindəki şalvarın sağ yan cibindən üzərində ***-***-**-** nömrə olan bir ədəd Samsung markalı mobil telefonu, 37 (otuz yeddi) manat pulu və həmin şalvarın sol yan cibindən üç ədəd açarı təqdim etdikdən sonra üstü yoxlanılmış, başqa heç bir əşya aşkar edilməmişdir. Mobil telefondan başqa pul və açarlar geri qaytarılmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə narkotik vasitəni gizlətdiyi yaşadığı Bakı şəhəri, Xətai rayonu, Davud Mirzə küçəsində yerləşən nömrəsiz fərdi evə gedib ikinci mərtəbədəki yataq otağında olan çarpayının alt hissəsindən qara rəngli çantanı təqdim etmişdir. Həmin çantanın içərisindən iki ədəd bağlamada qurudulmuş marixuana, bir ədəd bükümdə heroin, iki ədəd bükümdə metamfetamin, yetmiş ədəd metadon həbləri və bir ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə qablaşdırma ilə birlikdə çəkildikdə qurudulmuş marixuana ümumilikdə 432 qram, metamfetamin ümumilikdə 57 qram, heroin 39 qram olmuşdur. Aşkar olunmuş predmetlər qablaşdırılıb üzəri möhürlənib götürülmüşdür. Evin digər otaqlarına və hissələrinə baxış keçirildikdə əlavə olaraq əşya predmet aşkar edilməmişdir. Verilən suallara cavab olaraq yaşadığı ünvandan aşkar olumuş bükümləri İran İslam Respublikası vətəndaşı “Mikayıl” adlı şəxsin vasitəsi ilə 1 həftə əvvəl Babək prospekti ərazisindən götürməsini bildirmişdir. Daha sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edərək gətirib hüquqalarını müdafiə etməsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutub Xətai RPİ-nin Müvəqqəti Saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 80-82). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilidir. ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 5i evdə kirayə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 12 sentyabr 2024-cü il tarixdə saat 00:11-də DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri, polis mayoru Şahid2 və polis kapitanı Şahid3 ilə birlikdə keçirdikləri əməliyyat tədbiri zamanı ünvan 6 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlayıb polis vəsiqələrini təqdim edərək saxlama səbəbini bildirərək hüquq və vəzifələrini izah edib, üzərində qanunla qadağan olunmuş əşyalar olduğu halda təqdim etməsini təklif etdikdən sonra Təqsirləndirilən şəxs saxlanıldığı yer insanların sıx toplaşdığı yer olduğundan və avtomobillərin intensiv hərəkət etməsi səbəbindən orada yoxlanılması mümkün olmadığından təxminən 50 metr aralıda yoxlamanı davam etdirmişlər. Bu zaman tərəflərindən aparılan videoçəkilişlə Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən üzərində ***-***-**-** nömrə olan bir ədəd “Samsung” markalı mobil telefonu, 37 manat pulu, şalvarın sol cibindən 3 ədəd açarı təqdim etdikdə mobil telefon tərəflərindən yoxlanılması üçün götürülmüş qalan əşyalar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvanda narkotik vasitə saxladığını və evə baxış keçirilməsinə etiraz etmədiyini bildirdikdən sonra həmin ünvana videoçəkilişlə baxış keçirilərkən sonuncu tərəfindən ikinci mərtəbədə yataq otağında çarpayının altındakı qara rəngli çantanı təqdim edib içərisində iki bağlamada açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar yaşıl rəngli kütləni, bir ədəd bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər, iki ədəd bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələri, üzərində metadon sözləri yazılmış 70 ədəd həb və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Bunlardan 432 qram marixuanaya bənzər kütlə, iki bükümdə cəmi 57 qram metamfetaminə bənzər maddə, 39 qram heroinə bənzər kütlənin olması tərəzidə çəkilməklə müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitələr, psixotrop maddələrə bənzər kütlələr və 1 ədəd elektron tərəzi qablaşdırılaraq üzərləri imzalanmaqla möhürlənmişdir. Göstərilənlərlə əlaqədar Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq yaşadığı ünvandan aşkar edilərək götürülmüş narkotik maddələri İran İslam Respublikasının vətəndaşının “Mikayıl” kimi tanıdığı şəxsdən bir həftə əvvəl Xətai rayonu Babək prospekti ərazisində götürdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edərək yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə, psixotrop maddə və 1 ədəd elektron tərəzi ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin xidməti otaqlarının birinə gətirib təhqiqatçı polis mayoru X1 təhvil verilmişdir. Baş İdarənin Yelmar Vahabov tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş bükümlərə baxış keçirilərək elektron tərəzidə çəkildikdə qablaşdırma ilə birlikdə marixuanaya bənzər kütlənin ümumi çəkisi 458 qram, metamfetaminə bənzər kütlənin 58 qram, heroinə bənzər kütlənin 40 qram olması müəyyən edilmişdir. Təqdim onunan narkotik vasitə, psixotrop maddə və 1 ədəd elektron tərəzi qablaşdırılaraq imzalanıb möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı ünvana axtarış və götürmə keçirməsini özündə əks etdirən 2 ədəd DVD-R formatlı diskə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün dəvət olunmuş 22 saylı vəkil bürosunun vəkilinin iştirakı ilə barəsində şübhəli şəxsin tutulması haqqında protokol tərtib olunaraq şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 215-218). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş şahidlər Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, onlar Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər (cild 2, iş vərəqi 220-223 və 225-228). Cinayət işinin materiallarında olan 12 sentyabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və evə baxış keçirilməsinə dair” və “təqdim olunan əşyaya baxış keçirilməsinə və götürmə haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Mirzə Davud küçəsi, fərdi yaşayış evinin 2-ci mərtəbəsində yataq otağında çarpayının alt hissəsində qara rəngli çantadan bir ədəd polietilen bağlamada bir ədəd sellofanın içərisində təmiz çəkisi 293 qram bitki mənşəli kütlə və həmin sellofanın içərisində olan iki ədəd sellofan kəsiyində hər birinin ayrıayrılıqda təmiz çəkisi 40 qram və 75 qram olmaqla, ümumi çəkisi 408 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 36,147 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda iki ədəd bükümda ayrı-ayrılıqda təmiz çəkiləri 40,884 qr., 13,390 qr., ümumi təmiz çəkisi 54,274 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, Azərbaycan Respublikasının ərzisində dövriyyəsi məhdudlaşdırılmış 7 ədəd üzərində “Methadone 40” göstəriciləri olan blisterdə 70 ədəd açıq-qəhvəyi rəngli “FM40” göstəricili dərman həblərinin olması əsas təsir edici maddəsi metadon olmaqla həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 2,8 qram külli miqdar təşkil edən külli miqdarda narkotik vasitəni və psixotrop maddə metamfetamin aşkar edilərək götürümüşdür (cild 1, iş vərəqi 16-17 və 21-22). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının 12 sentyabr 2024-cü il tarixli 3-16-16/2-6/4535 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri olan bağlamanı açdıqda içərisində bir ədəd bükümdə təmiz çəkisi 36,147 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 40 884 qr., 13,390 qr. ümumi təmiz çəkisi 54,274 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamindir, 7 ədəd üzərində “Methadone 40” göstəriciləri ölan blisterdə 70 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin olması əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 2,8 qram külli miqdar təşkil edir. Bir ədəd elektron tərəzidə psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir (cild 1, iş vərəqi 57-60). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə bioloji-kimyəvi ekspertizasının 12 sentyabr 2024-cü il tarixli 3-16-16/2-7/1524 nömrəli rəyindən görünür ki, üzərində “...Təqsirləndirilən şəxs...” yazı və imzalar olan 1 (bir) ədəd polietilen bağlamada bir ədəd sellofanın içərisində təmiz çəkisi 293 qram bitki mənşəli kütlə və həmin sellofanın içərisində olan iki ədəd sellofan kəsiyində hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 40 qram və 75 qram olmaqla, ümumi çəkisi 408 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş təmiz çəkisi 40 qram və 75 qram olan marixuanalar öz aralarında tərkiblərinə görə eyni olub, təmiz çəkisi 293 qram olan marixuanadan fərqlənir. Təqdim edilmiş bağlamanın içərisində olan bir ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitə hissəcikləri yoxdur (cild 1, iş vərəqi 48-54). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 23 sentyabr 2024-cü il tarixli 6438 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqi 237-238). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, yaşadığı evə baxış götürmə və yaşadığı evdən aşkar edilmiş bükümlərə baxış keçirilməsinin görüntüsü olan üç ədəd DVD-R formatlı diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Mirzə Davud küçəsi, 51 nömrəli evin ikinci mərtəbəsində yataq otağında çarpayının alt hissəsində qara rəngli çantadan bir ədəd polietilen bağlamada bir ədəd sellofanın içərisində təmiz çəkisi 293 qram bitki mənşəli kütlə və həmin sellofanın içərisində olan iki ədəd sellofan kəsiyində hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 40 qram və 75 qram olmaqla, ümumi çəkisi 408 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 36,147 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 40,884 qr., 13,390 qr., ümumi təmiz çəkisi 54,274 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, Azərbaycan Respublikasının ərzisində dövriyyəsi məhdudlaşdırılmış 7 ədəd üzərində “Methadone 40” göstəriciləri olan blisterdə 70 ədəd açıq-qəhvəyi rəngli “FM 40” göstəricili dərman həblərinin olması əsas təsir edici maddəsi metadon olmaqla həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 2,8 qram külli miqdar təşkil edən külli miqdarda narkotik vasitəni və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd eletron tərəzi aşkar olunaraq götürülməsi öz təsdiqini tapmışdır (cild 2, iş vərəqi 10-14). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş üzərində +**********513 mobil nömrə olan “Samsung” markalı mobil telefona baxış keçirilərkən telefonun “Qalereya” bölməsinə daxil olduqda Leo banka məxsus 4098 5844 6811 2055 hesab nömrəli kartı, 1 ədəd 800 manat, 1 ədəd 500 manat və 1 ədəd 150 manat ödəniş qəbzlərinin şəkillərinin olması müəyyən edilmişdir. Telefonun Whatsapp ani mesajlaşma sisteminə daxil olduqda ***-***-**-** mobil nömrə istifadəçisi Təqsirləndirilən şəxs “xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 500 manat ödəniş edilməsini bildirən 2 ədəd qəbzin şəkil, “səsli mesaj-İqdam xala oğlu bir dənə bax üçünən dördünə keçən gecə saat 00:32-də bir dənə bax özüdə mən bu çeki həmin günüdə məcdiova atdım mən səhv eləmirəmsə sənin uje onda telefonun yox idi o gedəynən savaşmışdın səhv eləmirəmsə, səsli zənglər, Ay qaqa sən hardasan bə hələ bir mənə cavab ver, səsli zənglər, məkan bildirən xəritə, səsli zənglər”. Təqsirləndirilən şəxs istifadəsində olan +**********513 saylı mobil nömrədən 055-555- 44-84 mobil nömrə istifadəçisinə “səsli zənglər, 4169 7388 2677 3495 E.AM qızı At basqa pulda var cixardaq, səsli zənglər, konum at, 4169 7388 0400 0028 Kapital bank Çeki at mənə, səsli zənglər”. ***-***-**-** mobil nömrə istifadəçisi “Elvin bibioğlu” kimi qeyd olunmuş şəxs Təqsirləndirilən şəxs “Birez artiq varsa mene ver sabah pulunu verecem, Gozduyurem gel, məkan bildirən xəritə, İkidene olsun 07 ele, gucnen sağlaisam bunu, İkidene 03 03 ele Qalani mene verirsen bildinde elebil 3 yere bol, səsli zənglər, məkan bildirən xəritə, səsli zəng”. Təqsirləndirilən şəxs istifadəsində olan +**********513 saylı mobil nömrədən 055- 240- 21-02 mobil nömrə istifadəçisi “Elvin bibioğlu” kimi qeyd olunmuş şəxsə “Salam, səsli zənglər, Yari goturerem, səsli zənglər, 07+03?, səsli mesaj-qaqa gəlirəm taksidəyəm, səsli zənglər”. ***-***-**-** mobil nömrə istifadəçisi Təqsirləndirilən şəxs “qaqa men neqede pul düzeldmelyem sen mene niye cavab vermsen, səsli zəngler, qaqa cxdın, ok, səsli zənglər, qaqa o neqederdi, səsli zəng”. Təqsirləndirilən şəxs istifadəsində olan +**********513 saylı mobil nömrədən 055-961- 57-97 mobil nömrə istifadəçisinə “səsli mesaj-hə qaqa indi çıxdım qaqaş darıxma qoy sa dejəm harda görüşək biz tərəfə gələ bilsən gəl biz tərəfə prostu tək gəlirsənsə gəl kimnənsə maşınan gəlmədə özüdə qabaqda görüşək elə ki burda bir iki dənə narahat qonşu var ona görə gələnin gedənin qabağını kəsirlər, amma hələ çıxma mən deməmiş çıxma qoy əynimi geyinim inidicənə bu dəyqə çıxmışam əynimi geyinim onu hazırlıyım sonra, səsli zənglər, 20”. ***-***-**-** mobil nömrə istifadəçisi “Elvin” kimi qeyd olunmuş şəxs Təqsirləndirilən şəxs “səsli mesaj-qaqa bir azdan deyəcəm kartyoliuyum yaxşı qaqa, səsli zəng, səsli mesaj-qaqa 800 manat yolladım indi çekini atıram sənə, 800 manat ödəniş edilməsini bildirən 1 ədəd qəbz, video və səsli zənglər”. Təqsirləndirilən şəxs istifadəsində olan +**********513 saylı mobil nömrədən 055-858- 18- 38 mobil nömrə istifadəçisi “Elvin” kimi qeyd olunmuş şəxsə “səsli mesaj-qaqa sən neynirsən bu gün mənə pul vura biləssən heç olmasa bir azda olsa ora pul verməliyəm Allaha and olsun məni day boğaza yığıb hər gün pul istiyir yaman ora yüklənmişəm öl Elvin Allaha and olsun onada gərək bir az yendirəm ki aynoyun verə şakalıya düşmür sən öl saldınız (nalayiq ifadə) gör neyniyə bilirsən mənə nəsə bu günlərim hə yox denən, 4098 5844 9473 7248 hesab nömrəli bak kartının şəkili, səsli mesaj-qaqa sən nəqədər vaxta vura bilərsən buna pul elişin kartıdı elişnən bir yerdəyəm nə qədər vaxta vura bilərsən mən onu çıxartdım götürüm, səsli zəng, çeki at mene, səsli zəng-qaqa sən nə qədər vaxta pulu vurursan çöldə qalmışam pul vurmalıyam o üzə bu üzə onun dərdindən evə gedə bilmirəm mənə bir söz denən mən bilimdə görüm neyniyirəm çoxda qalada bilmirəm çöldə bayırda biz tərəfdə yoxdu aparat gərək çıxardam M10-a vuram, səsli zənglər, qaqa leo bank, sağol qaqa”. ***-***-**-** mobil nömrə istifadəçisi Təqsirləndirilən şəxs “səsli mesaj- Sabirxan zəng eləmişdi qonşum ağrıyırdım xəstə idim vəziyətim yaxşı deyildi axşam görüşək çörək yeyək məndə bilmirəm nədi nə deyil”. Təqsirləndirilən şəxs istifadəsində olan +**********513 saylı mobil nömrədən 070-506- 20-41 mobil nömrə istifadəçisinə “səsli mesaj-hə məndə danışmışam 200 manat pul göndərdi axşam bayaqda zəng elədim danışdım dedi axşamda nəsə pul verəcək görək heçnə demədim ona prosta onun nisyəsinin qabağım bağlıyacam belə qonaqlığa mən gedirəm işim var gedəcəm aralı gedəcəm səhərdə zatda nə desənis edəy”. ***-***-**-** mobil nömrə istifadəçisi “Temir” adı ilə qeydiyyat edilmiş şəxs Təqsirləndirilən şəxs “he emsi geldi, emsi catdim al marketin yandan gellem, yaxşı, səsli mesaj-əmisi mən çatdım bura yol dirəndidə bura hansı ev idi sən çıxırsan özün qapıya, ağ qazel var birda, səsli zəng, salam emsi necesen?, emisi men dunen sene dasin pulun vermemiwem bide kart atarsan emsi ataram pulun, men emsi ela yaxsiyam, emisi karta atacam hansi bankdi, yaxşı atiram indi, 150 manat pul köçürülmüəsini bildirən qəbzin şəkili, atdim emsi çatıb?, emisi derman yaxşı dərmandır?, he bildim emisi mene pula atmaladirlan pulum alinsa sabah torpagida duzeltmey olar?, oldu emisi seher inşallah əlaqə saxlayarig, sabahun xeyr emsi, səsli zəng, sağol qaqa emsi, səsli zəng”. Təqsirləndirilən şəxs istifadəsində olan +**********513 saylı mobil nömrədən 051-921- 12-98 mobil nömrə istifadəçisi “Temir” adı ilə qeydiyyat edilmiş şəxsə “məkan bildiriən xəritə, axirki, gel qaqa gel, gel, səsli zəng, salam qaqa sağol yaxsiyam sennetetsen R, səsli zəng, 4169 7388 2677 3495 E.AM qızı, kapital, ok, ok, səsli mesajqaqa vallah mənim ondan başım çıxmır mən onu atmamışam heç amma o gün dostum var ona verdim dedi yaxşıdır bir az nəm çəkən fason idi mən elə bildim nəşə şey olar dedi parasını atdım bomba kimidi yaxşıdı, he qaqa, səsli zəng, məkan bildirən xəritə, get gözləyir, sağol, səsli zənglər” müəyyən edilmişdir. Həmin mesaj mətnləri şəkil formatında protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 103-111). Cinayət işinin materiallarında olan 20 dekabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan və raportdan görünür ki, Təqsirləndirilən şəxs evindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 36,147 qram narkotik vasitə heroin, təmiz çəkisi 54,274 qram metamfetamin, əsas təsiredici maddəsi 2,8 qram metadon olan üzərində “Methadone 40” göstəriciləri olan 7 ədəd blisterdə 70 ədəd “F/M 40” göstəricili dərman həbləri təmiz çəkisi 408 qram qurudulmuş marixuana maddi sübut kimi tanınmış və aparılmış tədqiqatlardan sonra qalıq çəkisi 36,047 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 54,174 qram olan psixotrop maddə metamfetamin, üzərində “Methadone 40” göstəriciləri olan 7 ədəd blisterdə 68 ədəd “F/M 40” göstəricili dərman həbləri, qalıq çəkisi 407,85 qram narkotik vasitə qurudulmuş marixuana saxlanması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmişdir, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung” markalı mobil telefon, onun üzərinə şəxsi axtarış, yaşadığı evə baxış, götürmə və yaşadığı evdən aşkar edilmiş bükümlərə baxış keçirilməsinin görüntüsü olan 3 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 34-47 və 91). Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2024-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqi 32). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 12 sentyabr 2024-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqi 97-100). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 6 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinib 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 5 ay 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 1 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 il 9 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (cild 1, iş vərəqi 138-139 və 140-181). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş əvvəlki cinayəti və Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilmiş hazırkı cinayəti həmin Məcəllənin 15.4-cü maddəsinin tələbinə görə “ağır” cinayətlər təsnifatına aiddirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzanı çəkib qurtardıqdan sonra 6 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivi vardır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasından nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasının yuxarı həddinin üçdə ikisindən, yəni səkkiz ildən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddələrinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, məhkəmə təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən əvvəlki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və əməlində cinayətlərin residivi olduğundan ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 12 sentyabr 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 151 (yüz əli bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xətai RPİ-də saxlanılan Təqsirləndirilən şəxs evindən aşkar olunaraq götürülmüş və tədqiqatlardan sonra qalıq çəkisi 36,047 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 54,174 qram olan psixotrop maddə metamfetamin, üzərində “Methadone 40” göstəriciləri olan 7 ədəd blisterdə 68 ədəd “F/M 40” göstəricili dərman həbləri, qalıq çəkisi 407,85 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş 1 ədəd “Samsung” markalı mobil telefon qohumlarına qaytarılmalı, -Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, yaşadığı evə baxış, götürmə və yaşadığı evdən aşkar edilmiş bükümlərə baxış keçirilməsinin görüntüsü olan 3 ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş 1 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən əvvəlki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 8 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 12 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 151 (yüz əlli bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xətai RPİ-də saxlanılan Təqsirləndirilən şəxs evindən aşkar olunaraq götürülmüş və tədqiqatlardan sonra qalıq çəkisi 36,047 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 54,174 qram olan psixotrop maddə metamfetamin, üzərində “Methadone 40” göstəriciləri olan 7 ədəd blisterdə 68 ədəd “F/M 40” göstəricili dərman həbləri, qalıq çəkisi 407,85 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş 1 ədəd “Samsung” markalı mobil telefon qohumlarına qaytarılmalı, -Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, yaşadığı evə baxış, götürmə və yaşadığı evdən aşkar edilmiş bükümlərə baxış keçirilməsinin görüntüsü olan 3 ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar