Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-955/2020 16.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirhəşimov Pərviz Böyükağa oğlunun, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1979-cu il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2rəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş, həmçinin özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib özgənin əmlakını ələ keçirərək quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədilə xx xxxxx 2020ci il tarixində, saat 20 radələrində üzünə ağ rəngli tibbi maska taxaraq, başına qara rəngli kepka və göy rəngli kapüşon geyinərək evdən çıxmış, niyyətini həyata keçirmək üçün əlverişli məqam və yer axtararkən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 6 ünvanında yerləşən “Vita” adlı aptekə yaxınlaşmış, həmin aptekin ətrafında müşahidə aparmağa başlamış, aptekdə müştərilərin olmamasını müəyyən etdikdən sonra həmin aptekdən özgə əmlakını ələ keçirmək qərarına gələrək aptekə daxil olmuş və bu məqsədlə özü ilə gətirdiyi, aptekdə əczaçı işləyən Zərərçəkmiş şəxs1 odlu silah tapança olduğunu güman etdiyi tapança formalı alışqanı Zərərçəkmiş şəxs1 nümayiş etdirib hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsilə basqın etmiş, aptekdə olan pulların yerini göstərmək tələbinə əsasən Zərərçəkmiş şəxs1 pulların saxlanıldığı ağ rəngli piştaxtanın üst siyirməsini göstərdikdən sonra həmin siyirməni açaraq orada olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2-yə məxsus 702 manat məbləğində pulu ələ keçirib apteki tərk etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2-yə ümumilikdə 702 manat məbləğində maddi ziyan vurub quldurluq etmişdir. Bundan başqa o, təxminən 2020-ci ilin aprel ayının ortalarında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq tərkibində narkotik maddələr olan toxumları əldə edib, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İİ Tramvay küçəsində yerləşən nömrəsiz evin iş otağında 4 (dörd) tərəfi taxtadan, üzəri elektrik lampaları bərkidilmiş penoplastla örtülü qutunun içərisində tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini əkib yetişdirməklə qanunsuz kultivasiya etmiş və xx xxxxx 2020-ci il tarixində onun iştirakı ilə keçirilən axtarış istintaq hərəkəti zamanı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İİ Tramvay küçəsində yerləşən nömrəsiz evin iş otağından 6 (ədəd) plastmas qabda Təqsirləndirilən şəxs qanunsuz kultivasiya etdiyi xeyli miqdarda, yəni 6 (altı) ədəd kultivasiyası qadağan edilmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İİ Tramvay küçəsində nömrəsiz evdə tək yaşayır, həmin ev dostu Elməddinə məxsusdur, Elməddin həmin evi 1 ildirki kirayə götürüb. Onun təxminən 1 aydırki yaşamağa başqa yeri olmadığı üçün Elməddin ona həmin evdə yaşamağa icazə verib. O, təxminən 6 ildirki narkotik vasitələrin istifadəçəsidir. Narkotik vasitə heroini bişirərək maye halında damara inyeksiya yolu ilə qəbul edir. Əvvəllər Azərbaycan Respublikasında Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə məhkum olunub. Daha sonra İran İslam Respublikasında külli miqdarda narkotik vasitə daşıdığına görə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunsa da, 5 ildən sonra əfv olunub. xx xxxxx 2020-ci il tarixində təxminən saat 20:00 radələrində evdə olduğu vaxt narkotik vasitə tələbatına görə bədənində güclü ağrılar başlayıb. O, necə olursa olsun narkotik vasitə əldə etmək qərarına gəlib. Eləcə də hər hansı yerə qanunsuz daxil olaraq pul götürməyi də nəzərdə tutub. Evdə göy rəngli kapüşonlu idman geyimini, onun üstündən qara rəngli gödəkçəni geyinib, başına göy rəngli, ortasında göy rəngli xətti olan kepkanı taxıb, üzərindən kapüşonu keçirib. Üzünə isə uzun müddət əvvəl başqa aptekdən aldığı ağ rəngli tibbi maskanı taxıb. O, bütün bunları tanınmamağı, üzünün görünməməsi üçün edib. Həmçinin o, dostu Musadan təxminən 3-4 gün əvvəl götürdüyü qara rəngli, tapança formalı alışqanı da götürüb, həmin tapança formalı alışqanı əynindəki şalvarın ön hissəsinə, üst geyimi ilə şalvarın arasına keçirib. Onun həmin alışqanı götürməkdə əsas məqsədi həmin tapança formalı alışqanla kimisə qorxudub pul götürmək olub. Təxminən 30 dəqiqə küçədə gəzib, qanunsuz daxil olmaq, pul götürmək üçün obyekt axtarıb. Eyni zamanda bir neçə dəfə alış-veriş etdiyi, spirt, iynə və sair əşyalar aldığı Zabrat qəsəbəsində yerləşən yol polisi şöbəsinin yaxınlığında adını bilmədiyi apteki də nəzərində saxlayıb. Həmin aptekdə əlverişli şəraitin olmayacağı təqdirdə, daxil olmaq üçün başqa yer axtarmağı planlaşdırıb. Həmin aptekin içərisi küçədən görünüb, içəridə bir nəfər qadın dayanıb, həmin qadın içəridə sağ tərəfə əyləşərək mobil telefonla məşğul olub. Aptekin içərisində 1 nəfər qadının olmağı onu bir az da ürəkləndirib. Çünki həmin aptekdə həmişə iki nəfər qadın əczaçı olub. O, bir qədər aptekin qarşısında avtomobil yolunun digər tərəfində dayanıb gözləyib və siqaret çəkərək apteki izləməyə başlayıb. Onun orada gözlədiyi müddətdə aptekə fasilələrlə iki nəfər kişi müştəri daxil olub və çıxıb. Bu müştərilərdən biri polis geyimli şəxs olub və həmin şəxs aptekdən uşaq bezi alıb. Digər müştəri isə avtomobildən düşüb içəri daxil olduqdan sonra çıxıb. O, artıq içəridə heç kimin olmadığını görüb aptekə daxil olub. Aptekə daxil olan kimi normal addımlarla ağ rəngli taxtadan hazırlanmış piştaxtanın arxasına keçmək və ona yaxınlaşan əczaçı qadın nəsə dedikdə onun əlindəki tapança formalı alışqanı görərək qorxub arxaya çəkilmiş, o isə həmin qadından “kassa haradadır, pullar haradadır” deyərək soruşub, həmin qadın heç bir söz demədən ona piştaxtanın arxasında, yuxarıda olan siyirməni göstərmiş, o, həmin siyirməni açıb, siyirmənin sol tərəfində 3 dəstə şəklində düzülmüş, “1 manat”, “5 manat”, “20 manat” və sair əskinaslı kağız pulları sol əli ilə götürüb, gödəkçəsinin sol yan cibinə qoyub və aptekdən çıxıb sağ tərəfdən aptekin arxasına keçib, sağ əlindəki tapança formalı alışqanı gödəkçəsinin sağ yan cibinə qoyub aptekin yanından uzaqlaşaraq bir avtobusa minib tapança formalı alışqanı Musanın yaşadığı evə gedib alışqanın xarab olduğunu düzəlməsi mümkün olmadığını bildirib özünə qaytarmış, aptekdən taladığı pulları öz məqsədlri üçün, o cümlədən narkotiklərə xərcləmişdir. xx xxxxx 2020-ci il tarixində səhər saatlarında Zabrat qəsəbəsində «Əli» market adlı mağazanın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış, müstəntiq ondan ifadəsini aldıqdan sonra müdəfiəçinin iştirakı ilə Zabrat qəsəbəsində yerləşən aptekdə yoxlanılarkən o, əvvəl verdiyi ifadəni orada bir daha təsdiq etmişdir. Bundan sonra onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, İİ Tramvay küçəsində yerləşən evdə axtarış aparılmış, orada otaqlardan birində otağın girişi ilə üzbəüz divarın solunda toxumlarını taparaq əkib-becərdiyi, üzəri elektrik enerjili işıqla təchiz olunmuş, taxta qutuda yerləşən 6 ədəd narkotik tərkibli çətənə bitkisi 6 ədəd plastik butulkanın kəsiyində torpağa basdırılmış vəziyyətdə aşkar edilmiş, bu səbəbdən axtarış dayandırılaraq aqronom dəvət olunmuş, aqronom gəldikdən sonra axtarış davam etdirilərkən aqronom həmin bitkilərin çətənə şitilləri olduğunu, toxumlarından cücərdiyini, onlara aqrotexniki qaydada qulluq olunduğunu bildirmişdir. Həmin çətənə şitilləri ekspertizaya təqdim edilməsi üçün karton qutuda qablaşdırılaraq götürülmşdür. Həmin çətənə yetişəndən sonra qurudub özü istifadə etmək istəmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanıyır. Belə ki, o, Zərərçəkmiş şəxs2-yə məxsus və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 6 ünvanında yerləşən aptekdə çalışır. xx.xx.2020-ci il tarixdə təxminən saat 20:30-da aptekə hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs aptekə daxil olub sürətli addımlarla kassaya yaxınlaşıb arakəsmədən keçərək onun üzərinə gəlmişdir. O, qorxaraq arxaya çəkildikdə həmin şəxs gödəkçəsinin sol iç cibindən sağ əli ilə qara rəngli tapança çıxarıb və ona tuşlayıb, “pulların yerini de” demişdir. O, Təqsirləndirilən şəxs əlindəki əşyanın həqiqi tapança olmasını düşünərək çox qorxmuş və kassada olan pulu verməyəcəyi təqdirdə onun ona atəş atacağından ehtiyatlanaraq içərisində pullar olan kassanın aşağısındakı siyirməni çəkərək pulların burada olduğunu deyib kənara çəkilmişdir. Təqsirləndirilən şəxs siyirmənin ortasından tutub çəkib, siyirmənin sol aşağı küncündə olan 3 yanbayan dəstədə 702 manat pulu sol əli ilə götürüb cibinə qoyub sürətli addımlarla apteki tərk etmişdir. Hadisə ümumi olaraq təxminən 2 dəqiqə davam etmişdir. O İlqarın arxasınca küçəyə çıxsa da, küçədə onu görə bilməmiş, aptekə qayıdaraq mühafizə polisinə zəng edib hadisə barədə məlumat vermişdir. Təxminən 2-3 dəqiqə sonra Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşları aptekə gələrək araşdırmaya başlamışlar, o cümlədən aptekdə olan müşahidə kameralarına baxış keçirmişlər. Məhkəmə iclasında zərər çəkmiş şəxs olan hüquqi şəxs Zərərçəkmiş şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır, lakin Zərərçəkmiş şəxs1 şirkətə məxsus ünvan 3 ünvanında yerləşən “Vita” adlı aptekdə əczaçı işləyir. xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 hadisədən təxminən 20 dəqiqə sonra ona zəng edərək ona qarşı quldurluq cinayətinin baş verdiyini bildirmişdir. O dərhal aptekə getmiş, ora çatdıqda görmüşdür ki, polis əməkdaşları artıq aptekdədirlər. Polis əməkdaşlarının xahişi əsasında aptekin təhlükəsizlik kameralarının görüntülərini diskə köçürüb onlara təhvil vermişdir. Bundan qısa müddət sonra məlumat almışdar ki, aptekdən quldurluq yolu ilə 702 manatı talamış Təqsirləndirilən şəxs artıq yaxalanmışdır. Lakin buna baxmayaraq təqsirləndirilən şəxs tərəfindən şirkətə vurulmuş zərər ödənilməmişdir. Bu səbəbdən zərərin ödənilməsini təqsirləndirilən şəxsdən tələb edir. Əlavə etmək istəyir ki, Esmira ilə söhbət zamanı sonuncu bildirmişdir ki, Təqsirləndirilən şəxs tapança ilə onu hədələyərək pulları aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Hər ikisi Əhmədli qəsəbə sakini olmaqla, aralarında yaxşı münasibətlər olmuşdur. lqar Paşayev onun evinə də gəlib-gedirdi. Neçə il əvvəl özünə, siqaret istifadəçisi olduğu üçün, tapança formasında olan alışqan almışdır. Həmin alışqanın maye qazı bitdiyi üçün onu istifadə etmirdi və İlqar 2020-ci ilin aprel ayının əvvəllərində onlara qonaq gələndə həmin alışqanı görərərək maraqlanmış, o da İlqara alışqanın qaz mayesi qurtardığını, istifadəyə yararsız olduğu üçün saxladığını bildirmişdir. Bu zaman İlqar alışqanı təmir edəcəyini deyərək həmin alışqanı ondan istəmişdir. Belə ki, İlqar alışqanı təmir etdirib qaytaracağını demişdir. Bundan bir neçə gün sonra İlqar axşam radələrində onun evinə gələrək alışqanı təmir etdirə bilmədiyini deyərək qaytarmışdır. xx xxxxx 2020-ci il tarixdə polis əməkdaşları onun evinə gələrək alışqanla maraqlanmış və o alışqanı polisə təqdim etmişdir. O zaman bilmişdir ki, Təqsirləndirilən şəxs həmin alışqanı istifadə edərək aptekə basqın etmişdir. Təqsirləndirilən şəxs cinayəti barədə ona kimi xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, Təqsirləndirilən şəxs yaşadığı ünvanda evində axtarış keçirilməsində iştirak etmişdir. Məlumatı var idi ki, Təqsirləndirilən şəxs bir-neçə gün əvvəl aptekə silahlı basqın etmiş, xx.xx.2020-ciil tarixdə saxlanılmışdır. Müstəntiqin qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İİ Tramvay küçəsində yerləşən evində axtarış aparılmaqda iştirak etmişdir. Axtarış videoçəkiliş aparılmaqla keçirilmişdir. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs müstəntiqə axtarışın keçirilməsinə heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkilişlə axtarışa başlanmışdır. Təqsirləndirilən şəxs yaşadığı fərdi evin darvazasını sonuncu öz açarı ilə açmış, axtarışın iştirakçıları həyətə daxil olduqda həyətin özündə maraq doğuran bir şey aşkar etməmiş, bu səbəbdən onlar evin qarşısına gəlmiş, həmin evin giriş qapısını da Təqsirləndirilən şəxs özündə olan açarla açıb və iştirakçılar evə daxil olmuşlar. Ev girişlə üzbəüz mətbəxdən, girişdən sol tərəfdə yerləşən qonaq otağından, ondan sonra olan yataq otağından, həmin yataq otağının çıxışından sağ tərəfdə yerləşən hamam otağından ibarət olmuşdur. Həmin otaqlarda keçirilmiş axtarış bir nəticə verməmişdir. Müstəntiq Təqsirləndirilən şəxsla sorğu-sual etdikdə İlqar bildirmişdir ki, hamam otağından sol istiqamətdə yatmaq üçün istifadə etdiyi otaq vardır. Axtarışın iştirakçıları həmin otağa daxil oldular. Həmin otaqda dolablar, 1 ədəd televizor, masa, yataq və s. məişət əşyaları var idi. Otağın girişlə üzbəüz, sol divarının qarşısında, televizorun yanında taxtadan hazırlanmış, üzəri elektrik lampaları ilə təchiz olunmuş penoplast parçası ilə örtülmüş qutu aşkar edilmişdir. Müstəntiqlə birlikdə həmin qutunun içərisinə baxış keçirdikdə qutunun içərisində 6 ədəd plastmas butulkaların kəsiyində yerləşən yaşıl yarpaqlı, narkotik tərkibli bitki çətənəyə bənzər bitki şitillərin olmasını müəyyən etmişlər. Təqsirləndirilən şəxsla bu barədə sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bitkinin toxumlarını özünün əkdiyini, onların marixuana olduğunu düşündüyünü, həmin bitkilərə su verməklə qulluq etdiyini bildirmişdir. Bundan sonra müstəntiq aqronom dəvət edilməli olduğunu bildirib və videoçəkiliş dayandırılıb. Aqronom dəvət olunmuş və aqronom gəldikdən sonra özünü təqdim etmiş, ona dəvət olunmasının səbəbi izah edilmiş və 6 ədəd plastmas butulkaların kəsiyində yerləşən yaşıl yarpaqlı, narkotik tərkibli bitki çətənəyə bənzər bitki şitillər təqdim edilmişdir. Bu zaman videoçəkiliş yenidən davam etdirilmişdir. Aqronom bitkiləri nəzərdən keçirərək bitkilərin çətənə bitkisi cücərtiləri olduğunu və onlara aqrotexniki qaydada qulluq olunduğunu qeyd etmişdir. Bundan sonra aşkar olunmuş 6 ədəd bitki yerləşdikləri butulkalarla birlikdə müstəntiq tərəfindən qablaşdırılmış, möhürlənmiş, bütün iştirakçılar tərəfindən qablaşdırılan qutunun üzərinə imzalar qoyulmuşdur. Həmin otaqdakı masanın üzərində içərisində kristallik maddələr olan 1 ədəd qara rəngli sellofan paket aşkar edilərək nə olması Təqsirləndirilən şəxs soruşulduqda sonuncu bildirmişdir ki, paketin içərisində 4 ədəd kiçik ölçülü ağ və sarı rəngli sellofan paketlərdə olan bükümlərin və kristallik formalı maddələrin adi duzdur. Buna baxmayaraq 1 ədəd qara rəngli sellofanda aşkar olunmuş kristallik formalı maddələr psixotrop maddə metamfetaminə bənzədiyi üçün ekspertizaya göndərilməsi məqsədilə müstəntiq tərəfindən zərfdə qablaşdırılıb, möhürlənib və iştirakçılar tərəfindən imzalanmışdır. Bunlardan başqa həmin evdən sübut əhəmiyyətli heç bir əşya aşkar olunmadığı üçün həmin evi tərk edib polis idarəsinə qayıtmışlar. Sabunçu Rayon Polis İdarəsinin inzibati binasında, müstəntiqin xidməti otağında axtarış və götürmə ilə bağlı protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs tanıyır. Astara rayonunun Şüvü kənd sakini olsa da son son illər ünvan 4 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində kirayədə yaşayırdı. Təqsirləndirilən şəxsla isə təxminən 8 ildirki tanışdır, aralarında dostluq münasibətləri olmuşdur. İlqarın yaşamağa evi olmadığı üçün o,karantinlə əlaqədar öz kəndinə qayıtdıqda İlqarın xahişi ilə özünün kirayə götürdüyü evdə yaşamasına icazə vermişdir. Düşünmüşdür ki, həm ev nəzarətsiz qalmaz, həm də İlqara yaxşılıq etmiş olar. xx.xx.2020-ci il tarixdə işləri ilə əlaqədar Bakı şəhərinə gəlib Zabrat qəsəbəsində yerləşən evinə baş çəkdikdə İlqarı evdə görmüşdür. O, İlqara 29 marta – yəni karantin rejiminin sonuna qədər Astara rayonunda olacağını bildirib rayona qayıtmışdır. Təxminən xx xxxxx 2020-ci il tarixdə o, Astara rayonunda olarkən ev sahibi Əli ona zəng edərək İlqarın yaşadığı evə polis əməkdaşlarının gəldiyini, İlqarın quldurluq cinayəti törətdiyini, həmçinin yaşadığı evdə narkotik vasitə əkib-becərdiyini demişdir.O, bunu eşidən kimi dərhal İlqarla mobil telefon vasitəsilə əlaqə saxlamağa çalışmış, lakin İlqar zəngə cavab verməmişdir. Onun İlqarın narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi özünün, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsi və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu PRİ-nin 15-ci PB-nin rəisinə ünvanlanan xx.xx.2020-ci il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2020ci il tarixdə, saat 20:30 radələrində Sabunçu rayon MPX-nin məsul növbətçisi Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, DYPŞ-nin yaxınlığında olan aptekə silahlı basqın olunması barədə məlumat vermişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs1 Bakı şəhəri Sabunçu PRİnin 15-ci PB-nin rəisinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsindən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə, saat təxminən 20:30 radələrində Zabrat qəsəbəsi, ünvan 6 ünvanında yerləşən müdiri olduğu aptekdə tək olan zaman tanımadığı, əynində qara rəngli gödəkcə, başında göy rəngli kapşon və kepka,üzərində ağ rəngli tibbi maska olan bir nəfər şəxs aptekə daxil olmuş, sağ əlində saxladığı tapançaya bənzər əşyanı onun üzərinə tutaraq pul verməyini tələb etmişdir. Həmin vaxt aptekdə tək olduğu üçün qorxmuş və aptekin giriş qapısı ilə üzbəüz piştaxtanın siyirməsində olan pulların yerini göstərmiş, həmin şəxs siyirmədən təxminən 700 manat nəğd pulu götürərək apteki tərk etmişdir. Məhkəmədə elan edilib araşdırılmış «hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən aptekdir. Aptekin giriş qapısından sol tərəfdə rəflərdə dərman preparatları, uşaq yeməkləri və bezləri yerləşən vitrin yerləşir. Vitrin divarın sonuna qədər davam edir. Girişlə üzbəüz şüşə və ağ rəngli taxtadan ibarət piştaxta vardır. Piştaxta perpentikulyar formalı sağ divara qədər davam edir. Piştaxtanın üzərində sellofan paketdə çox sayda qəpiklər, dərman pereparatları və tibbi vasitələr vardır. Piştaxtanın satıcı olan hissəsində 2 ədəd və ayrıca 1 ədəd siyirmədən, üzərində dərman preparatları olan rəflərdən ibarətdir. Birinci və yuxarıdakı siyirmə yarımaçıq vəziyyətdədir, üzərində «752,20», «47» ədədləri yazılan kvadrat formalı ağ kağız, bir neçə 1 manatlıq pul əskinazları, qəbzlər, kağız pulları, sarı rəngli rezin yerləşir. Otağın sağ yuxarı küncündə anbar və nəzarət otağı kimi istifadə olunan otağa giriş qapısı yerləşir. Həmin otaqda video görüntülərə nəzarət monitoru və yaddaş qurğusu yerləşir. Aptekdə içəridə 3, küçədə 2 ədəd video müşahidə kamerası var. Məhkəmədə elan edilib araşdırılmış «tutma haqqında» xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2020-cu il tarixli, 4(008)-226/2020 saylı qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış «götürmə haqqında» xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əynində olan geyimlər, 01 ədəd qara rəngli parçadan olan gödəkçə, 01 ədəd göy rəngli parçadan ibarət, kapüşonlu üst geyimi, 01 cüt göy rəngli idman ayaqqabısı götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış “ifadənin yerində yoxlanılması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 6 ünvanında yerləşən “Vita” adlı aptekini göstərək bildirmişdir ki, xx.xx.2020-ciil tarixdə, təxminən saat 20:30t radələrində əynində göy rəngli kapüşonlu idman geyimini, onun üstündən qara rəngli gödəkçəni geyinib, başına göy rəngli, ortasında göy rəngli xətti olan kepkanı taxıb, üzərindən kapüşonu keçirib. Üzünə isə uzun müddət əvvəl başqa aptekdən aldığı ağ rəngli tibbi maskanı taxıb, əynindəki şalvarının ön hissəsi ilə üst geyiminin arasında tapança formalı alışqan olarkən həmin aptekin qarşısına gəlmiş, bir neçə dəqiqə aptekin qarşısında dayanıb müştərilərin çıxmasını gözləmişdir. Aptekin içərisi küçədən görünmüş, içəridə bir qadın olmuşdur. O, aptekə daxil olan kimi normal addımlarla ağ rəngli taxtadan hazırlanmış piştaxtanın arxasına keçmiş və sağ əli ilə şalvarının ön hissəsində olan tapança formalı alışqanı çıxarmışdır. Bu zaman ona yaxınlaşan əczaçı qadın nəsə dedikdə onun əlindəki tapança formalı alışqanı görərək qorxub və arxaya çəkilmiş, Təqsirləndirilən şəxs həmin qadından “kassa haradadır, pullar haradadır” deyərək soruşmuş, həmin qadın heç ona piştaxtanın arxasında, yuxarıda olan siyirməni göstərmişdir. O, həmin siyirməni açıb, siyirmənin sol tərəfində 3 dəstə şəklində düzülmüş, “1 manat”, “5 manat”, “20 manat” və sair əsginaslı kağız pulları sol əli ilə götürüb, gödəkçəsinin sol yan cibinə qoyub və aptekdən çıxaraq qaçmışdır. Aptekdən çıxıb sağ tərəfdən aptekin arxasına keçmiş, sağ əlindəki tapança formalı alışqanı gödəkçəsinin sağ yan cibinə qoyub və şəhər istiqamətinin əksi istiqamətində yol boyu qaçmağa başlamışdır ki, marşrut avtobusu və ya taksi gələndə minsin. O, təxminən 20-30 metr qaçdıqdan sonra nömrəsini və rəngini xatırlamadığı marşrut avtobusu gəlib və o, həmin avtobusa minərək oradn uzaqlaşmışdır. Məhkəmədə elan edilib araşdırılmış “axtarış və götürmə barədə” xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İİ Tramvay küçəsində yerləşən nömrəsiz evdə axtarış keçirilmişdir. Otaqlardan birində üzərinə elektrik lampaları bərkidilmiş penoplastla örtülü qutu, qutunun içərisində 6 (altı) ədəd plastmas butulkanın gövdə kəsiyinin içərisindəki torpaqda xarici əlamətlərinə görə çətənə bitkisinə bənzəyən yaşıl rəngli, yarpaqlı bitki zoğları aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkini özündə olan toxumları “marixuana” olduğunu fikirləşərək əkdiyini, onları sulayaraq qulluq etdiyini bildirdi. Daha sonra axtarış və götürmə istintaq hərəkətinə dəvət edlmiş mütəxəssisaqronom X2 iştirakı ilə davam etdirilmiş, aqronom həmin bitkilərin çətənə bitkisinin cücərtiləri olduğunu, onlara qulluq edildiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “könüllü təqdim etmə haqqında” xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Şahid1 könüllü olaraq qara rəngli tapança formalı 1 ədəd alışqanı təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokollardan müəyyən olunur ki, Şahid1 təqdim etdiyi 01 ədəd tapança formalı alışqan tanıması üçün Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqdim edilmiş, onlar təqdim olunan tapança formalı alışqanı tanımış, quldurluq cinayəti törədilərkən istifadə olunan tapança formalı əşya olduğunu bildirmişlər. Məhkəmədə elan edilib araşdırılmış “şəxsin tanınması haqqında” xx.xx.2020-ciil tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs tanıması üçün Zərərçəkmiş şəxs1 təqdim edilmiş, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tanımış, çalışdığı aptekdə ona qarşı quldurluq cinayətini törədən şəxsin məhz o, olduğunu bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 7/163 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş karton qutudakı altı ədəd plastmas qabda olan ümumi sayı 06 (altı) ədəd bitki şitilləri eyni növ narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Aqronomun rəyinə əsasən, təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020ci il tarixli, 1419 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 1242 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi anda öz hərəkətlərini dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Buna görə Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində məcburi tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-ballistik ekspertizasının xx.xx.2020ci il tarixli, 3/465 saylı ekspert rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet zavod üsulu ilə tapança formasında hazırlanmış alışqandır, odlu, qaz silahı hesab edilmir. Məhkəmədə elan edilib araşdırılmış Respublika Narkoloji Mərkəzinin xx/xx-4818 saylı, xx.xx.2020-ci il tarixli məktubudan müəyyən olunur ki, Təqsirləndirilən şəxs mərkəzdə qeydiyyatda olmayıb. Məhkəmədə elan edilib araşdırılmış Respublika Psixatriya Xəstəxanası” X7 3643 saylı, xx.xx.2020-ci il tarixli məktubudan müəyyən olunur ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə göstərilən xəstəxanada qeydiyyatda olmayıb. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X6 xx xxxx 2020-ci il tarixli, 016-54070-1220 saylı məktubundan müəyyən olunr ki, Təqsirləndirilən şəxs adında və ya etibarnamə əsasında istifadəsində nəqliyyat vasitəsi qeydiyyatdan keçməyib. Məhkəmədə elan edilib araşdırılmış “diskə baxış keçirilməsi barədə” xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, “239-5” adlı videogörüntüdə yuxarı sol küncdə göstərilən tarixə və saata görə xx.xx.2020-ci il, saat 20:52:37-də Zərərçəkmiş şəxs1 həyəcanlı şəkildə aptekə daxil olur və piştaxtanın arxasına keçir. Onun ardınca 1 nəfər kişi cinsli şəxs daxil olaraq onunla danışır. Daha sonra həmin şəxs 2 ədəd məhsul alır. Zərərçəkmiş şəxs1 həmin məhsulları ona verərkən bir az əvvəl aptekə hücum etmiş şəxsin toxunduğu siyirmənin mərkəzinə saat 20:53:08-də hər iki əli ilə toxunaraq həmin siyirməni açır.” Məhkəmədə elan edilib araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd göy rəngli, kapüşonlu üst geyimi, 01 cüt idman ayaqqabısı, Şahid1 götürülmüş 01 ədəd tapança formalı alışqan, 06 (altı) ədəd kultivasiyası qadağan edilmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, Zərərçəkmiş şəxs1 qarşı quldurluq cinayətinin törədilməsi barədə videogörüntünü əks etdirən 01 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci tarixli qərarı ilə 09 (doqquz) ay 13 (on üç) gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs bu məhkumluğu ödənilmişdir. X9 Respublikasının Qəzvin şəhər İnqilab Prokurorluğunun xx.xx.2014-cü il tarixli hökmü ilə heroin narkotik maddəsinin saxlanılmasında iştirak etdiyinə görə ömürlük həbs cəzasına məhkum olunmuş, İran İslam Respublikasının Qəzvin şəhər 1-ci İctimai (cəza) Hökmlərin İcrası tərəfindən ömürlük həbs cəzası dəyişdirilərək 15 (on beş) il 10 (on) gün müddətinə həbs cəzasına və 560 milyon riyal nağd cəriməyə endirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx/xx-7555 saylı, xx.xx.2020-ci il tarixli məktubundan İİR-nın məlumatına istinadən bildirilir ki, Təqsirləndirilən şəxs əfv olunaraq cəza çəkməkdən azad edilmiş, Təqsirləndirilən şəxs ölkəmizə verilməsi barədə icraata xitam verilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarına görə, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1.2-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 521-ci maddəsinin müddəalarına uyğun olaraq, yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə xarici dövlətlərin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluğun Azərbaycan Respublikasının məhkəmələri tərəfindən cəza təyin edilərkən nəzərə alınmasına yol verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 521-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının icrası məsələlərinə bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına müvafiq olaraq baxırlar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 31/33 nömrəli, xx xxxx 2020ci il tarixli məktubuna görə, Təqsirləndirilən şəxs barəsində xarici ölkə hökmünün və ya qərarının tanınması haqqında məhkəmənin icraatında iş və ya material olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törətməsi özünün, zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilir. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən Azərbaycan Respublkası CM-nin 237.1-ci maddəsi az ağır cinayətlərə, CM-nin 15.4-cü maddəsinə əsasən CM-nin 181.1-ci maddəsi isə ağır cinayətlərə aiddir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini barəsində həbs qətimkan tədbiri seçilmiş xx.xx.2020-ci il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” x xxxx 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd göy rəngli, kapüşonlu üst geyimi, 01 cüt idman ayaqqabısı, Şahid1 götürülmüş 01 ədəd tapança formalı alışqan və 06 (altı) ədəd kultivasiyası qadağan edilmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri məhv edilməli, cinayət işini materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 qarşı quldurluq cinayətinin törədilməsi barədə videogörüntünü əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 310,18 (üç yüz on manat on səkkiz qəpik) manat məbləğində pul Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X4 (hesabat arayış c.1, i/v 86), məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X4 üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosunun nəfinə 390 (üç yüz doxsan) manat, müdafəçi Müdafiəçi üçün isə 220 AZN (iki yüz iyirmi manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə 05 (beş) il müddətə, CM-nin 237.1ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd göy rəngli, kapüşonlu üst geyimi, 01 cüt idman ayaqqabısı, Şahid1 götürülmüş 01 ədəd tapança formalı alışqan və 06 (altı) ədəd kultivasiyası qadağan edilmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri məhv edilsin, cinayət işini materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 qarşı quldurluq cinayətinin törədilməsi barədə videogörüntünü əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 310,18 (üç yüz on manat on səkkiz qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X4 üçün 390 (üç yüz doxsan) manat pul Bakı şəhəri 7 saylı Vəkil Bürosunun, məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı isə Müdafiəçi üçün 220 AZN (iki yüz iyirmi manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-955/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-955/2020
16.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver