Məhkəmə qərarları › İş №1(101)-955/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-955/2021

31.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-955/2021 31.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxxxxx 1981-ci ildə Cəlilabad rayonunun Üçtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Cəlilabad rayonu, Üçtəpə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında faktiki yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən külli miqdarda 2,892 qram çəkidə narkotik vasitə olan heroini və 1,376 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 noyabr 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 11:00-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 7-ci massiv, ev 10 ünvanının yaxınlığında saxlanılıb Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis bölməsinin inzibati binasına gətirilərək saat 12:20-dən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarının sağ yan cibindən bir ədəd “Winchester" markalı siqaret qutusunun içərisində satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,656 qram, 0,513 qram, 0,595 qram, 0,515 qram və 0,613 qram olmaqla ümumilkdə külli miqdarda 2,892 qram çəkidə narkotik vasitə heroin və bir ədəd bükümdə 1,376 qram çəkidə pisxotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, narkotik vasitə tiryəkdən arabir istifadə edir. Narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə etmişdir. Narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. 12 noyabr 2020-ci il tarixdə axşam saatlarında yaşadığı Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Qaradağ” restoranının qarşısında olan zaman əvvəllər tanımadığı bir nəfərin narkotik vasitə satdığını görmüş, həmin şəxsə yaxınlaşmış və ondan beş ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd bükümdə psixotrop maddə metamfetamin almışdır. Həmin şəxsə 70 manat pul vermiş və yaşadığı evə qayıtmışdır. Ertəsi gün, 13 noyabr 2020-ci il tarixdə saat 11:00 radələrində yaşadığı ünvan 4 ünvanında olarkən mülki geyimli polis əməkdaşları evə daxil olub onu Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis bölməsinə aparmışlar. Evdən çıxan zaman bir gün əvvəl əldə etdiyi maddələri istifadə etmək məqsədilə siqaret qutusunun içərisinə yığmışdır. 10-cu bölmədə ona dövlət hesabına müdafiəçi təyin edilmiş, daha sonra o, şübhəli şəxs qismində tutulmuş və üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı müvafiq təklifə o, əynində olan idman şalvarının sağ yan cibindən bir ədəd “Winchester” markalı siqaret qutusunu, şalvarın sol yan cibindən isə özünə məxsus şəxsiyyət və sürücülük vəsiqələrini, “Nokia” markalı mobil telefonunu təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusunun içərisinə baxış keçirilən zamanı şəffaf sellofanın içərisində bir ədəd sarı rəngli kağız bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metemfetamin, beş ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə olan heroin aşkar olunmuşdur. Bundan sonra üzərindən aşkar edilmiş bükümlər zərfə qoyulmuş, möhürlənmiş və zərfin üzərinə o və digər iştirakçılar imza etmişlər. Daha sonra bu barədə protokol tərtib edilmişdir. Bundan sonra o, baş verənlər barədə izahat yazmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, üzərindən aşkar edilən bükülülərin sayı ilə razı olsa da, çəkisi ilə razı deyil. Belə ki, şəxsi axtarış zamanı ondan aşkar olunan narkotik vasitənin çəkisi 2,892 qram deyil, 0,5 qram olmuşdur. Tərəzi olmadan belə üzərindəki narkotik vasitənin çəkisinin 0,5 qram olduğunu təxmin edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri ilə bağlı etiraflarını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis polkovnikleytenantı xüsusi rütbəsini daşıyır. 13 noyabr 2020-ci il tarixdə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri Sumqayıt şəhəri ərazisindən satış məqsədilə əldə etməsi və Qaradağ rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq 13 noyabr 2020-ci il tarixdə baş əməliyyat müvəkkili Şahid2 Nurəddin oğlu və əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Eldəniz Sadıqovun yaşadığı Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi 7-ci massiv küçəsi ərazisinə getmiş və saat 11:00-da Eldənizi qeyd olunan ünvanın yaxınlığında piyada hərəkət edərkən saxlamışlar. Özlərini təqdim etdikdən sonra onun da şəxsiyyətini müəyyən etmiş və barəsində qəbul edilmiş qərarla tanış etmiş, bundan sonra Təqsirləndirilən şəxs Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinə dəvət etmiş, Eldəniz də, etiraz etmədən bölməyə gəlmiş, bölmənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Nizami Omarov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən də, istifadə edilmiş, şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədlər varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sol yan cibindən özünə məxsus şəxsiyyət və sürücülük vəsiqələrini, bir ədəd “Nokia” markalı mobil telefonunu və həmin şalvarının sağ yan cibindən bir ədəd “Winchester” markalı siqaret qutusunu təqdim edərək masanın üzərində qoymuş, həmin siqaret qutusunun içərisinə baxış zamanı şəffaf sellofanın içərisində 1 ədəd sarı rəngli kağız bükümdə, ağ rəgli, kristal şəkilli, psixotrop maddə olan metanfetaminə bənzər kütlə, 5 ədəd ağ rəngli kağız bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Yaşar oğlunun üzərinə şəxsi axtarış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamış, daha sonra həmin bükümlər elektron tərəzidə çəkilmiş və içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Nokia” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqələri bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, “Winchester” markalı siqaret qutusu isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitə olan metamfetaminin və heroin bağlamaların özünə məxsus olduğunu, həmin kütlələri tanımadığı şəxsdən 12 noyabr 2020-ci il tarixdə axşam saatlarında Qaradağ rayonu, Lökbatan dairəsində 70 manat məbləğində pul verərək əldə etdiyini bildirmiş, daha sonra şəxsi axtarış keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol təhqiqatçı tərəfindən ucadan oxunduqdan sonra, iştirakçılar tərəfindən irad və təklif irəli sürülmədiyindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, daxil olan məlumatda Təqsirləndirilən şəxs həm Lökbatan qəsəbəsində, həm də Mərdəkan qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olması bildirilmişdi. Məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdi. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunan ifadəsində Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etmişdir (cild 1, iş vərəqi 141- 144). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması barədə 13.11.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskin məzmunundan görünür ki, həmin tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs saat 11:00-da ünvan 5 ünvanın yaxınlığında saxlanılaraq Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis bölməsinə gətirilmiş, orada videoşəkiliş aparılmaqla üzərinə aparılan şəxsi axtarış zamanı ondan 05 (beş) ədəd bükümdə ümumi çəkisi 2,91 qram narkotik vasitə heroinə bənzər kütlə və 01 (bir) ədəd bükümdə 1,33 qram çəkidə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 29-32). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 13.11.2020-ci il tarixli, 6/2480 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,656 qr, 0,513 qr, 0,595 qr, 0,515 qr, 0,613 qr., ümumi təmiz çəkiləri 2,892 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - heroindir, bir ədəd bükümdə təmiz çəkisi 1,376 qram olan ağ rəngli kristallik hissəciklərindən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı l) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı l) daxildir. Aparılmış tədqiqatın dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 39-45). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 18.01.2021-ci il tarixli, 136 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 145-146). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin 03.12.2020-ci il tarixli, 8433 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb (cild 1, iş vərəqi 113). İşdə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17.11.2020-ci il tarixli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi, polis polkovniki İslam Hümbətov tərəfindən təsdiq edilmiş 13.11.2020-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 176-178). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06.11.2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 3 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin cəza 2 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmişdir. 27.11.2017-ci ildə şərti sınaq müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqi 107-108, 172-174). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər törətdiyi az ağır cinayətə görə şərti məhkum edildiyindən və barəsində sınaq müddəti başa çatdığından onun məhkumluğu ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. İşdə olan maddi sübut hesab etmə haqqında 18.11.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 1,326 qram psixotrop maddə metamfetamin və 2,792 qram narkotik vasitə heroin maddi sübut qismində tanınmış və saxlanılması üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 96-97, 114, 214). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 09.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntü olan 01 ədəd DVD disk maddi sübut hesab edilmiş və iş materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 181-188). İşdə olan Cəlilabad RİHB-nın Üçtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində Yaşar və Anar adlı iki oğlu var, Cəlilabad rayon Üçtəpə kəndində qeydiyyatdadır, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Barəsində nümayəndəliyə ərizə və şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 119-120). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı narkotik vasitə və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından dəfələrlə artıqdır. Bu hal, habelə narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, işin digər halları, yuxarıda şərh olunan sübutların məcmu halda müqayisəli təhlili məhkəməyə o nəticəyə gəlməyə əsas verir edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Təqsirləndirilən şəxsin ondan aşkar olunan narkotik vasitələri və psixotrop maddələri heç kimə satmaq fikrinin olmaması barədə məhkəmədə verdiyi ifadələrinə məhkəmə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki uşağının olmasını, qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 13.11.2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən barəsində 14.11.2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 noyabr 2020-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 20, 84-88, 202-204). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 13 noyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 1,326 qram psixotrop maddə metamfetamin və 2,792 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntü olan 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 13 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan maddi sübutlar - ekspertiza tədqiqatından sonra qalıq qalan 1,326 qram psixotrop maddə metamfetamin və 2,792 qram narkotik vasitə heroin məhv edilsin. Şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntü olan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə təyin edilsin və o, ərazi ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar