Məhkəmə qərarları › İş №1(101)-955/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-955/2024

12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-955/2024 12.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X15 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxansında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, istintaqa məlum olmayan mənbədən istintaqa məlum olmayan tarixdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda olmaqla, təmiz çəkisi 2,422 qram olan narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində ünvan 2 ünvanının qarşısında Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan mavi rəngli şalvarının sağ yan cibindən 01 ədəd gümüşü kağız bükümdə, təmiz çəkisi 2,422 qram, külli miqdarda olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinə aparılmışdır. 18-ci Polis şöbəsində polis əməkdaşları narkotik vasitənin ona məxsus olduğunu etiraf etmək üçün ona fiziki təzyiq etmişlər. Polis əməkdaşları onu döyərək narkotik vasitələri onun boynuna qoymuşlar. Halbuki o, 18-ci Polis şöbəsinə aparılarkən onun üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşlarının fiziki təzyiqi nəticəsində o, videoçəkiliş vasitəsilə keçirilən şəxsi axtarış zamanı narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Şəxsi axtarış istintaq hərəkətinə dair protokolda onun üzərində guya 66 manat olduğu qeyd edilmişdir. Lakin həmin vaxt onun üzərində cəmi 40 manat olmuşdur. O, X7 aparılarkən də üzərində 40 manat olmuşdur. Onun barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. O, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Mehriban Əfəndizadəyə polis əməkdaşları tərəfindən zorakılığa məruz qaldığını bildirdikdə, hakim ona bu hallların araşdırılacağını demişdir. O, 18-ci Polis şöbəsinin 1-ci və 2-ci otaqlarında döyülmüşdür. Daha sonra onu 18-ci Polis şöbəsinin rəisinin otağına aparmışlar. Rəisin otağına aparılmazdan əvvəl həmin bölmənin əməkdaşları ona rəisin tapşırığına əməl etməli olduğunu və narkotik vasitəni boynuna götürməli olduğunu demişlər. O, 18-ci Polis şöbəsinin rəisinin otağına girdikdə, polis əməkdaşları onun ayağının altına badalaq qoyaraq onu yerə yıxmışlar və orada bir daha demişlər ki, “boynuna qoyulan narkotik vasitəni götürməlisən, rəis nə deyirsə, o da olacaq”. Sonra 18-ci Polis şöbəsinin rəis müavini olan ağ saçlı, mülki geyimli şəxs salfet kağızının içində olan narkotik vasitəni onun cibinə qoymaq istəmişdir. O, buna mane olmaq üçün rəis müavinin əlini tutmuşdur. Buna görə polis əməkdaşları onu yenə vurmuşlar və narkotik vasitələri boynuna götürməli olduğunu ona demişlər. Bundan sonra isə o, məcburiyyət qarşısında qalaraq polis əməkdaşları tərəfindən onun boynuna qoyulan narkotik vasitənin ona məxsus olduğunu qəbul etmişdir. Sonra müstəntiq ona hansısa sənədləri təqdim etmiş, o da həmin sənədlərə qol çəkmişdir. O, həmin sənədləri heç oxumamış, çünki yazıb-oxuya bilmir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan edilmiş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, onlar Təqsirləndirilən şəxs Nərimanov rayonu ərazisində saxlamışlar və Təqsirləndirilən şəxs saxladıqdan sonra Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinə aparmışlar. Onlar Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinə gətirdikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar olunan 01 ədəd bükümdəki narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini məhkəmədə təsdiq etdiyindən onun ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi məhkəmədə elan edilməklə tədqiq edilmişdir. Belə ki, Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə ünvan 6 ünvanının qarşısında xidmətdə olarkən bir nəfər şəxsin hərəkətləri, gözlərinin forması, bədən quruluşu və davranışları, həmin şəxsin narkotik vasitə aludəçisi olmasına şübhə yaratdığına görə onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib həmin şəxsdən kimliyini soruşmuşlar. Həmin şəxs isə onların suallarını cavablandırmaqdan yayınmağa başladığından onlar həmin şəxsi saxlayıb Nərimanov RPİnin 18-ci Polis şöbəsinə gətirmişlər. Şöbədə yoxlama zamanı həmin şəxsin xx.xx.1996-cı il təvəllüdlü, ünvan 7 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Sonra onlar bu barədə raport yazıb şöbə rəisinə məruzə etmişlər. 18-ci PŞ-nin rəisinin təliqəsi ilə həmin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması şöbənin baş təhqiqatçısı, polis mayoru X5 həvalə edilmişdir. Təhqiqatçı tərəfindən ərazi üzrə 25 saylı Vəkil Bürosundan vəkil X8 dəvət olunmaqla, təhqiqatçının xidməti otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması və axtarışda iştirak edənlər elan edilmiş, sonra üzərində şəxsi axtarış aparılacaq Təqsirləndirilən şəxs Azərbacan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və ya maddə varsa, könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan tünd mavi rəngli şalvarının sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Təhqiqatçı həmin bükümü açmış və bükümdə olan kütləni iştirakçılara göstərmişdir. Həmin bükümün içərisində qəhvəyi rəngdə, toz halında kütlə olması görünmüşdür. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən 66 manat pulu, üzərində «Prima» yazılmış və içərisində siqaret gilələri olan siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üst geyim paltarları, ayaqqabısı çıxarılmaqla ayaqqabıları yoxlanılmış, lakin hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə nə olmasını soruşduqda, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümdə narkotik vasitə heroin olduğunu, həmin heroini 03 gün əvvəl “Keşlə” qəsəbəsində, «Dəniz» restoranının yanındakı dayanacaqdan tapıb şəxsi ehtiyacı üçün üzərində saxladığını, eləcə də həmin heroini satmaq məqsədinin olmadığını, uzun müddətdir ki, narkotik vasitə qəbul etdiyini və xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində ünvan 8 ünvanının qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bundan sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi və içərisində narkotik vasitəyə bənzər kütlə olan bükümü boş zərfə qoyaraq qablaşdırmış və həmin zərfin üzərində qeydlər edilməklə iştirakçılar tərəfindən imzalanmışdır. O da iştirakçı kimi həmin zərfə imza etmişdir. X9 şübhəli şəxs Təqsirləndirilən şəxs, bundan əvvəl üzərində şəxsi axtarış aparılıb-apanlmadığını soruşduqda, Təqsirləndirilən şəxs üzərində əvvəl şəxsi axtarış aparılmadığını və hər hansı formada zor tətbiq edilmədiyini bildirmişdir. Sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin başa çatmasını elan etmiş və bu barədə tərtib edilmiş protokol onlara oxunduqdan sonra həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, iş yoldaşı Şahid2 ilə birlikdə “Nərimanov” metrosu ətrafında xidmətdə olarkən bir nəfər şəxs onlarda şübhə yaratmışdır. Onlar həmin şəxsin narkotik vasitə aludəçisi olmasından şübhələnmişlər. Sonra onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs isə onların verdikləri suallardan yayınmağa çalışmışdır. Sonra onlar həmin şəxsi saxlayaraq 18-ci Polis şöbəsinə aparmışlar. Polis şöbəsinə çatdıqdan sonra onlar bu barədə rəhbərliyə raportla məlumat vermişlər. Bundan sonra 18-ci Polis şöbəsinin rəisi saxlanılan şəxsin üzərinə şəxsi axtarış keçirilməsini şöbənin baş təhqiqatçı X5 həvalə etmişdir. 25 saylı Vəkil Bürosundan vəkil dəvət olunduqdan sonra həmin şəxsin üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı saxlanılan şəxs, yəni Təqsirləndirilən şəxs boz rəngli kağıza bükülmüş narkotik vasitəni könüllü şəkildə təqdim edərək bildirmişdir ki, “üzərimdə olan budur”. Səhv etmirsə, Təqsirləndirilən şəxs üzərində “Prima” yazısı olan siqaret qutusu da olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, həmin gün saat 14.00 radələrində ünvan 9 ünvanının qarşısında Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinin əməkdaşları tərəfindən bir nəfər şəxsin hərəkətləri, gözlərinin forması, bədən quruluşu və davranışları narkotik vasitə alüdəçisinə bənzədiyindən saxlanılaraq 18-ci Polis şöbəsinə aparılmış, orada isə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 6) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 16-17) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 28) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 29-30) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynindəki tünd mavi rəngli şalvarının sağ yan cibindən gümüşü rəngli kağıza bükülmüş büküm, şalvarının sol yan cibindən 66 manat pul və üzərində “Prima” yazısı olan siqaret qutusu aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli qəbzdən (cild 1, iş vərəqə 34) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 66 manat pul və üzərində “Prima” yazısı olan siqaret qutusu ona geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/2742 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 41-42) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «AR DİN Zərflər üçün №224» dairəvi möhür əksi ilə, «...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə; Şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, iştirakçılar: iki imza, Tərtib etdi: E.Quliyev-imza» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 2,422 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı 1) daxildir. xx.xx.2023-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 56) görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 58-59) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 708/2023 saylı qərarından (cild 1, iş vərəqə 78-82) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanıma barədə qərardan (cild 1, iş vərəqə 87) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,372 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc otağına təhvil verilmiş, eləcə də onun üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 1 (bir) ədəd disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 98-99) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsin 4985 nömrəli məcburi-narkoloji ekspertiza rəyindən (cild 1, iş vərəqə 106-107) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioiddlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburim müəlicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 111) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. xx.xx.2023-cü il tarixli Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinin cavab məktubundan (cild 1, iş vərəqə 112) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasına dair əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 121-131) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, onun əldə etdiyi narkotik vasitənin mənbəsinin müəyyən etmək məqsədi başqa cinayət işinin ayrıca icraata ayrılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 1335/2023 saylı qərarından (cild 1, iş vərəqə 154-157) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli ittiham aktının təsdiq edilməməsi və cinayət işinin əlavə ibtidai araşdırmaya qaytarılması haqqında qərardan (cild 1, iş vərəqə 159-160) görünür ki, Bakı şəhəri Nərimanov rayon prokuroru X2 Orxan Əkrəm oğlunun barəsində tərtib edilmiş ittiham aktını təsdiq etməmiş və cinayət işi üzrə əlavə ibtidai araşdırma aparılması üçün Nərimanov RPİ-nə qaytarılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 məhkəmə-psixiatrik ekspertizası haqqında 2685 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 183-184) görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. İİ. Yekun hissəsi. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgıləi aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarət etmək iqtidarındadır. Təqsirləndirilən şəxs qərarda qeyd edjilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəlliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. H.Ə.Hüseynov öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 1401/2023 saylı qərarından (cild 1, iş vərəqə 177-181) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 185-182) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 194-195) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Quba Rayon Məhkəməsinin 1(027)-66/2023 saylı hökmündən (cild 2, iş vərəqə 22-24) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinmiş və həmin maddə ilə 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəlinin hesablanması isə onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablanması hökm edilmişdir. xx.xx.2023-cü il tarixli Quba Rayon Məhkəməsinin cavab məktubundan (cild 2, iş vərəqə 21) görünür ki, Təqsirləndirilən şəxs barəsində Quba Rayon Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli 1(027)-66/2023 saylı məhkəmə hökmü xx.xx.2023-cü il tarixdə qüvvəyə minmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından (cild 2, iş vərəqə 38-41) görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülüb-döyülməməsi ilə bağlı məhkəmə qərarına əsasən prokurorluq orqanında araşdırma aparılmış, araşdırma zamanı canlı şəxsin ekspertizası təyin edilmiş, ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, onun üzərində tutulduğu günə təsadüf edən xəsarət olmamış, nəticədə fakt öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar vermiş, habelə irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı dəfələrlə etirafedici ifadə versə və məhkəmədə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilsə də, faktiki olaraq məhkəmədə inkaredici ifadə verməklə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə heroin olmamış, polis əməkdaşları tərəfindən saxlanılıb 18-ci Polis şöbəsinə aparıldıqdan sonra ona məxsus olmayan narkotik vasitənin ona məxsus olması ilə bağlı polis əməkdaşları ona fiziki təzyiq etmişlər, əvvəlcə ona aid olmayan narkotik vasitənin ona məxsus olmasını qəbul etməmiş, sonradan 18-ci Polis şöbəsinin rəisinin otağına aparılmış, orada polis əməkdaşları tərəfindən ona yenidən fiziki təzyiq edilmiş, hətta 18-ci Polis şöbəsinin rəis müavini onun cibinə narkotik vasitə qoymağa cəhd etmiş, lakin həmin rəis müavinin əlini tutduğundan yenidən polis əməkdaşları tərəfindən ona təzyiq edilmiş, bu səbəbdən də fiziki təzyiqə dözməyərək ona məxsus olmayan narkotik vasitənin ona məxsus olmasına dair etirafedici ifadə verməklə müstəntiq tərəfindən təqdim edilmiş bütün sənədləri imzalamışdır. Göründüyü kimi təsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə ona qarşı irəli sürülmüş ittihamın qanuniliyini və əsaslılığını 2 (iki) dəlil üzrə mübahisləndirmişdir. Birinci dəlil ondan ibarətdir ki, Təqsirləndirilən şəxs məhkəmədə iddia etmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə heroin olmamış, digər dəlil isə ondan ibarətdir ki, 18-ci Polis şöbəsinə aparıldıqdan sonra polis əməkdaşları onu döyərək fiziki təzyiq etmişlər və nəticədə o, məcbur qalaraq ona məxsus olmayan narkotik vasitə heroinin ona məxsus olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs ittihamın qanuniliyini və əsaslılığını mübahisələndirsə də, polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtı, yeri və şəraiti mübahisələndirməmişdir. Bu səbəbdən də onun xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində ünvan 2 ünvanının qarşısında Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq 18-ci PŞ-nin inzibati binasına aparılması və orada üzərinə şəxsi axtarış keçirilməsi cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs göstərdiyi 2 (iki) dəlil iş üzrə əhəmiyyət kəsb etdiyindən bu halların aydınlaşdırılması zəruridir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə heroin olmamasını, eləcə də şəxsi axtarış zamanı üzərində 66 manat deyil, 40 manat məbləğində pul vəsaitinin olmasını iddia etsə də, məhkəmə hesab edir ki, onun iddia etdiyi hallar cinayət işinin hallarına ziddir. Belə ki, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarışın keçirilməsinə dair protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan mavi rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 2,422 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı və ibtidai araşdırmanın sonunadək o, üzərindən aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini və həmin vasitənin olduğu bükümün sayını mübahisələndirməmişdir. Eyni zamanda cinayət işinə əlavə edilmiş qəbzdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 66 manat məbləğində pul vəsaiti sonradan ona geri qaytarılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra döyüldüyünü və işgəncəyə məruz qaldığını iddia etdiyindən bununla bağlı məhkəmə tərəfindən qərar qəbul edilməklə səlahiyyətli prokurorluq orqanına müraciət edilmişdir. Məhkəmə qərarı əsasında Nərimanov rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı canlı şəxsin ekspertizası keçirilmiş və ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs saxlanılması üçün istintaq təcridxanasına təhvil verilən zaman tibbi müayinədən keçirilmiş, lakin həmin vaxt onun üzərində xəsarət izi aşkar edilməmiş, habelə ekspertiza keçirilən zaman onun tutulduğu vaxta (tarixə) uyğun gələn xəsarət izi müəyyən edilməmişdir. Fakt təsdiqini tapmadığından prokurorluq orqanı tərəfindən döyülmə və işgəncə ilə bağlı cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəffaf şəkildə şəxsi axtarış keçirilməsi, onun iddia etdiyi kimi üzərindən 40 manat deyil, 66 manat pul vəsaitinin aşkarlanması, aparılmış araşdırma zamanı onun polis əməkdaşları tərəfindən döyülməməsi və üzərində saxlanıldığı vaxta uyğun gələn xəsarət izinin olmaması öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, o, məhkəmədə işin halları ilə bağlı ifadə verərkən səmimi olmamış, əksinə məhkəmədə yalan ifadə verməklə qanunsuz əməllərinin ört-basdır edilməsinə nail olmaq istəmişdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə, saat 14:00 radələrində ünvan 2 ünvanının qarşısında Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq 18-ci PŞ-nin inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt əynində olan mavi rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 2,422 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdə olan külli miqdarda narkotik vasitə heroin ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqında onun haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt həmin narkotik vasitə heroini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı ibtidai istintaq orqanı tərəfindən bu hissədə heç bir araşdırma aparılmamışdır. Lakin xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və həmin vaxt onun üzərindən 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 2,422 qram olan narkotik vasitə heroinin aşkar edilməsi öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən istintaqa məlum olmayan tarixdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda olmaqla, təmiz çəkisi 2,422 qram olan narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində ünvan 2 ünvanının qarşısında Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan mavi rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə, təmiz çəkisi 2,422 qram, külli miqdarda olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və qadağan edilmiş sair vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək sübutlar əldə edilib cinayət işinə əlavə edilməmişdir. Göstərilənləri həm məcmu halda, həm də ayrı-ayrılıqda təhlil edib və əldə olunan nəticəni nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədi olmadan külli miqdarda narkotik vasitə heroini qanunsuz şəkildə əldə edib üzərində saxlamaqla daşımış və üzərində şəxsi axtarış keçirilərkən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,422 qram təşkil edən narkotik vasitə heroin aşkar edilmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, evli və 1 (bir) azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, işin digər hallarını, eləcə də aşkar edilmiş narkotik vasitənin çəkisini (nisbətən az olmasını) və onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəza olduğundan Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(027)- 66/2023 saylı hökmü ilə ona təyin edilmiş, lakin çəkilməmiş 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı iş üzrə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanmalı və Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(027)-66/2023 saylı hökmü ilə ona təyin edilmiş, lakin çəkilməmiş 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası toplanmış əsas cəzaya Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən birləşdirilməklə ona cinayətlərin məcmusu qaydasında qəti olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona qəti olaraq təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin ediləcək qəti əsas cəzaya daxil edilməli və qəti əsas cəzanın əvvəli xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs opioiddlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburim müəlicəyə ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırkı məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,372 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(027)-66/2023 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(027)-66/2023 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən toplanmış əsas cəzaya birləşdirilməklə ona cinayətlərin məcmusu qaydasında qəti olaraq 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət qəti əsas cəza müddətinə daxil edilsin və qəti əsas cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 11 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,372 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar