Məhkəmə qərarları › İş №1(101)-955/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-955/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-955/2025 09.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş (FİN №: xxxxxxx), orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixdə hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 69.3-cü maddəsi ilə 1 il 10 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, M.S.ünvan 1 ünvanda yaşamış, 28 iyun 2024-cü il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 30 iyun 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti “Əli” kimi məlum olan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs qrupun digər naməlum üzvləri tərəfindən məlum olmayan vaxtda ünvan 2 ünvanda divara quraşdırılmış istilik qurğusunun içərisində gizlədilmiş 1 ədəd torbada xüsusilə külli miqdarda - təmiz çəkisi 970 qram təşkil edən narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olması barədə Yasamal rayon Polis idarəsinin 26-cı Polis bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 28 iyun 2024-cü il tarixdə saat 19:50-də ünvan 3 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ, 26-cı Polis bölməsinin inzibati binasına gətirilib, həmin gün saat 21:30-dan etibarən xidməti otaqların birində üzərində şəxsi axtarış aparılan zaman əlində saxladığı qara rəngli selofan torbanın içərisindən 1 bükümdə təmiz çəkisi 970 qram təşkil edən kustar üsulla hazırlanmış xüsusilə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər öz həyətində şəxsi öz istifadəsi üçün marixuana əkmiş və bu hərəkətinə görə tutulmuşdur. Türmədən çıxandan sonra sosial şəbəkədə İran vətəndaşı ilə tanış olmuş, onunla əlaqə saxlayaraq özünə 50 qram nəşə lazım olduğunu demişdir. Daha sonra həmin İran vətəndaşı ona “konum” ataraq narkotikin gizlədildiyi yer barədə məlumat vermiş, o da, gedib həmin nəşəni oradan götürmüşdür. Narkotiki götürüb qayıdarkən polis əməkdaşları onu saxlayıb bölməyə aparmışlar. Sualları cavablandıran Təqsirləndirilən şəxs iranlıya 50 qram marixuana sifariş verdiyini, razılığa görə narkotikin pulunu növbəti ayın 1-də verəcəyinə razılaşdıqlarını, əvvəllər həmin iranlıdan narkotik vasitə almadığını, istintaqda verilən ifadələrlə tanış olmadığını və heç bir ifadəni təsdiq etmədiyini, iranlıya marixuana istəməsi barədə səs atdığını, həmin narkotiki sifariş verərkən onun satış fikri olmadığını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Həmin ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, artıq bir neçə müddətdir narkotik vasitə aludəçisi olduğu üçün müxtəlif vaxtlarda həmin maddələrdən istifadə etmişdir. Narkotik vasitələri qəbul etməyi ona heç kim məcbur etməmiş, özü könüllü olaraq istifadə etmişdir. O, bir neçə gün əvvəl sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının Əli adlı vətəndaşı ilə aralarında olan söhbət zamanı həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilib həmin şəxsə narkotik vasitələrdən istifadə etdiyini etiraf etmişdir. Bununla bağlı aralarında olan razılığa əsasən həmin şəxsin Yasamal rayonu, N.Nərimanov prospekti 9 ünvanının həyətyanı sahəsində divara quraşdırılmış istilik qurğusunun qutusu içərisində yerləşdirdiyi qara rəngli selofan torbanın içərisində olan narkotik vasitə heroin maddəsi ilə dolu bağlamanı 28 iyun 2024-cü İl tarixdə saat 19:45 radələrində oradan götürərək əldə etmişdir. Lakin, o, həmin narkotik vasitəyə görə 2000 manat məbləğində ödənişi sonradan hissə-hissə ödəyəcəyini bildirmişdir. Həmin gün artıq saat 19:50 radələrində oradan kənarlaşmaq istədiyi zaman polis əməkdaşları onu saxlamış və 26-cı Polis bölməsinə aparmışlar. Polis bölməsində ona müdafiəçi təqdim olunmuş, sonra videoçəkliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Bundan əvvəl polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış zamanı ona üzərində hər hansı qadağan olunmuş əşya və ya predmet olacağı təqdirdə, könüllü təqdim etmək təklif olunmuş, o da, sağ əlində saxladığı qara rəngli selofan torbanın içərisində narkotik vasitə ilə dolu olan bağlamanı və özünə məxsus bir ədəd "Redmi" markalı smartfonu təqdim etmişdir. Təqdim etdiyi bağlamanı açıb içərisinə baxdıqdan sonra orada narkotik vasitəyə oxşar maddə aşkar edildiyi üçün qara rəngli selofan torba içərisində olan həmin bağlama və özünə məxsus bir ədəd smartfon polis əməkdaşları tərəfindən götürülərək, orada olan şəxslərin iştirakı ilə ayrı-ayrılıqda qablaşdırılmış və 170 saylı möhürlə möhürlənmişdir. Şəxsi axtarış zamanı onun üzərindən başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir (cild 1, iş vərəqi 70-72). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların və sonda yazılmış qeydin ona məxsus olduğunu, lakin həmin ifadəni təsdiq etmədiyini, özünün heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yazılmış protokolu oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal RPİ, 26-cı Polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 28 iyun 2024-cü il tarixdə xidmət etdiyi polis bölməsinə Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatı yoxlamaq məqsədi ilə ondan və 26-cı Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 Sərdar oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə onlar məlumat əsasında Yasamal rayonu, N.Nərimanov prospekti, 9 ünvanının qarşısına gəlmiş və orada Təqsirləndirilən şəxs gəldiyini, quraşdırılmış qızdırıcı qutunun içərisindən qara rəngli selofan torbada nəsə götürdüyünü görərək onu saxlamışlar. Şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək 26-cı Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində təhqiqatçı tərəfindən onların və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şübhəli şəxsə üzərində qanunsuz əşyalar olduğu təqdirdə onları təqdim etmək təklif olunduqda, Təqsirləndirilən şəxs əlində saxladığı bir ədəd qara rəngli selofan torbanı və bir ədəd "Redmi” markalı mobil telefonu təqdim etmişdir. Həmin torbanı açıb içərisinə baxarkən orada şəffaf yapışqan vasitəsi ilə ağ rəngli kağıza bükülmüş bağlama aşkar edilmiş, bağlamanın içərisində isə qəhvəyi rəngli, tozşəkilli və spesifik qoxuya malik heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bağlamanın içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotiki sosial şəbəkədən tanıdığı Əli adlı İran vətəndaşı vasitəsilə 28 iyun 2024-cü il tarixdə saat 19:45 radələrində Yasamal rayonu N.Nərimanov prospekti 9 ünvanının həyətyanı sahəsində divara quraşdırılmış qızdırıcı qurğunun yerləşdiyi qutunun içərisindən götürdüyünü bildirmişdir. Ceyhunun sözlərinə görə, Əli adlı həmin şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğundan qeyd olunan narkotik vasitəni ümumilikdə 2000 manat məbləğində ödənişi sonradan hissə-hissə ödəmək şərti ilə əvvəlcədən həmin yerə yerləşdirmişdir. Daha sonra həmin narkotik vasitəyə bənzər maddə və bir ədəd “Redmi” markalı telefon əhəmiyyət kəsb edə biləcəyindən qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid - Bakı şəhəri, Yasamal RPİ, 26-cı Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 Sərdar oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən onun 28 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, üzərinə şəxsi axtarış xüsusilə külli miqdarda narkotik vasitə heroinin aşkar edilərək götürülməsi tədbirində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyi, həmkarı Şahid1 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 109-112). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 28 iyun 2024-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs həmin tarixdə keçirilmiş əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 9 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ, 26-cı Polis bölməsinin inzibati binasına gətirilmiş, həmin gün saat 21:30-dan etibarən xidməti otaqların birində polis əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılarkən sağ əlində saxladığı qara rəngli selofan torbanın içərisindən 1 bağlamada narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 39- 41). Şəxsi axtarış və götürmə aparılması videogörüntülərinin yükləndiyi 1 ədəd DVD diskə istintaq orqanı tərəfindən baxış keçirilərkən həmin görüntülərin şəxsi axtarış və götürmə aparılmasına dair protokolla uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur (cild 1, iş vərəqi 116). Məhkəmə-kimyəvi ekspertizasının 29 iyun 2024-cü il tarixli 6/3407 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün 170" dairəvi möhür əksi, "şübhəli şəxs Təqsirləndirilən şəxs (imza) N.Hüseynov" yazısı və imzalar olan bağlamadaki təmiz çəkisi 970 qram olan maddə kütləsi kustar üsulla hazırlanırmış narkotik vasitə heroindir, Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin" İ siyahısına daxildir (cild 1, iş vərəqi 48-52). Ambulator-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 6439 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannaboidlərin qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 142-143). Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 3067 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 144-146). Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli qərarı ilə Yasamal RPİ, 26-cı Polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 28 iyun 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 95). Cinayət işində olan mobil telefona baxış keçirilməsi haqqında 16 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs məxsus “Redmi" markalı mobil telefonun “Whatsapp” mobil tətbiqində sonuncunun +98 930 *** **** mobil nömrəsi ilə narkotik vasitələrin alqı-satqısına dair yazışmalar aparıdığı müəəyən olunmuşdur. Həmin yazışmalarda Təqsirləndirilən şəxs İran mobil operatoruna məxsus telefon nömrəsi ilə aşağıdakı məzmunda səsli yazışmalar aparmışdır: “kakosu sat bir nəfərdən alacağım var sabah patı da göndərəcəm. Sən sat pulunda ol mən burdan sən ordan hoqqa verəcəyik”. Daha sonra Təqsirləndirilən şəxs yazışmaları sildiyini və konumun (məkanın) şəklini yenidən atmağını xahiş edir, nömrənin sahibi məkanı və üstündə ox olan məkan şəklini yenidən Təqsirləndirilən şəxs göndərmişdir. Təqsirləndirilən şəxs ondan nəyin içində olmağını soruşmuş və həmin şəxs cavab olaraq “bu qabdı da sizdə nə deyirlər onun içərisindədir” deyir. Təqsirləndirilən şəxs yazışmalarda bildirir ki, “yanımda adam var istəmirəm bilsin. Nə qədərdi orda. Daş qoymamısan içinə?” Həmin şəxs cavab olaraq bildirir ki, ona zəng etsin. Təqsirləndirilən şəxs məhəllədə olduğunu və kiminsə bilməsini istəmədiyini bildirərək, “Daş var içində yoxsa elə kakosdu” sualını verir. İranlı şəxs «elə kakos» olduğunu bildirdikdə Təqsirləndirilən şəxs “Dəqiq bir kilodu yoxsa çoxdu” sualını verir. Cavab olaraq həmin iranlı şəxs bildirir ki, “elə kakosdu dedim nə varsa atsın o da onu atıb. Dəqiq 1 kilo kakosdu”. Bundan sonra Təqsirləndirilən şəxs «kakos» adlanan maddəni götürdüyünü və problem olub-olmayacağını soruşur. İranlı cavab olaraq bildirir ki, “götürdünsə get evə onları bükümlərə ayır mənə xəbər elə bugün sat heç olmasa mənə pul göndər.” Cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, “qorxuram ama hotel neynirem goturecem." Daha sonra İran vətəndaşı bildirir ki, “mənə atsan şəhidləri, İlhamı söydüyün videonu paylaşacam”. Daha sonra həmin videonu şəxsə göndərir. Həmin videoya baxdıqda Təqsirləndirilən şəxs videonun aşağı hissəsində şəxsiyyət vəsiqəsinin şəkli olmaqla danışığı görünür. Videoda Təqsirləndirilən şəxs bildirir ki, “Mən Əlinin malını yesəm cındıram, peysərəm.” Əgər Əlini aldatsam sözündən sonra Təqsirləndirilən şəxs şəhidlərə və İlham adlı şəxsin ünvanına nalayiq ifadələr işlədir (cild 1, iş vərəqi 117-119). İbtidai istintaq orqanının 24 dekabr 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 970 qram olan xüsusilə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 969,8 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri, Yasamal RPİ-nin Növbətçi hissəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 159-166). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs 30 may 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 69.3-cü maddəsi ilə 1 il 10 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 114-116, 150-158). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya idarəsinin xx.xx.2025-ci il tarixli 3-16-21-1/2-38631/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli hökmü xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmiş, Təqsirləndirilən şəxs həmin hökmlə təyin olunmuş 1 il 10 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsini çəkməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, iranlı kimi tanıdığı şəxsdən 50 qram marixuana istədiyini, daha sonra həmin İran vətəndaşı ona “konum” ataraq narkotikin gizlədildiyi yer barədə məlumat verdiyini, o da, gedib həmin narkotiki götürdüyünü, istintaqda verilən ifadələrlə tanış olmadığını və heç bir ifadəni təsdiq etmədiyini, həmin narkotiki sifariş verərkən onun satış fikri olmadığını bildirib öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi bütün ifadələrində ondan aşkar edilmiş narkotik vasitə heroinin özünə məxsus olduğunu, həmin narkotiki 28 iyun 2024-cü il tarixdə saat 19:45 radələrində Əli adlı İran vətəndaşının göndərdiyi “konum” əsasında sonradan satıb pulunu ödəmək razılığı ilə Yasamal rayonu, N.Nərimanov prospekti 9 ünvanının həyətyanı sahəsində divara quraşdırılmış istilik qurğusu qutusunun içərisindən götürdüyünü, həmin yerdən aralaşmaq istəyərkən polis əməkdaşlarının onu saxlayaraq 26-cı Polis bölməsinə gətirdiklərini, polis bölməsində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitəni polis işçilərinə təqdim etdiyini, polis əməkdaşları onu saxlayarkən, həmçinin 26-cı Polis şöbəsinə aparanda və polis şöbəsində olan zaman ona qarşı hər hansı formada zor tətbiq edilmədiyini bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Cinayət işinə əlavə olunmuş diskə yüklənmiş videogörüntülərə, həmçinin mobil telefondakı SMS yazışmalarına baxış keçirilməsi haqqında 16 sentyabr 2024-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs Əli adlı şəxsdən narkotik vasitə götürdüyünü etiraf etmiş, ona «pul atmayacağına» dair söz vermiş, onun üçün kuryerlik etdiyini etiraf etmiş, eyni zamanda həmin videogörüntüdəki çıxışında şəhidləri və ölkə rəhbərliyini təhqir etməsi müəyyən olunmuşdur. Həmçinin SMS yazışmalarında Təqsirləndirilən şəxs İran mobil operatoruna məxsus mobil nömrə ilə səsli yazışmalar aparması, həmin yazışmalarda iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə heroinin gizlədildiyi yer, narkotik vasitənin Təqsirləndirilən şəxs tərəfindən götürüldükdən sonra xırda bükümlərə bölüb onun dediyi müxtəlif yerlərə qoymaq və satıb pulunu iranlıya göndərmək barədə bir nəfər şəxslə danışıqlar apardığı təsdiq olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmaması, iranlıdan yalnız öz istifadəsi üçün 50 qram marixuana istəməsi, istintaqdakı ifadələrini təsdiq etməməsi barədə məhkəmə iclasında gətirdiyi dəlilləri təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 30 may 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 69.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il 10 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhər Probasiya idarəsinə verilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində Xəzər Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli hökmü xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmiş, məhkum həmin hökmlə təyin olunmuş 1 il 10 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsini çəkməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə görə, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunan müddəaya əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədənə qədər məhkum edilsə də, həmin məhkumluq cinayətlərin residiv yaratmır. Lakin ona təyin olunmuş və çəkilməmiş cəza cinayət qanunvericiliyinin müddəalarına əsasən azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilməli və hazırkı hökmlə təyin olunacaq cəzaya həmin cəzanı qismən birləşdirmək yolu qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Cinayət qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 1 il 10 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzası 11 (on bir) ay 6 (altı) gün azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli hökmü üzrə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasını qismən birləşdirmə yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 28 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Yasamal RPİ, 26-cı Polis bölməsi tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin, Təqsirləndirilən şəxs 28 iyun 2024-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 6439 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs kannaboidlərin qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Yasamal RPİ-nin Növbətçi hissəsinə təhvil verilmiş maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 969,8 qram çəkidə narkotik vasitə heroin məhv edilməli; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi videogörüntülərinin yükləndiyi bir ədəd DVD disk, həmçinin mobil telefona baxış zamanı çəkilmiş görüntülərin yükləndiyi bir ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 114 (yüz on dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş qalan 1 il 10 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 11 (on bir) ay 6 (altı) gün azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin olunmuş 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli hökmü üzrə müəyyən edilmiş 11 (on bir) ay 6 (altı) gün azadlıqdan məhrum etmə cəzasını qismən birləşdirmə yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28 iyun 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Bakı şəhəri, Yasamal RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 969,8 qram çəkidə narkotik vasitə heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin yükləndiyi bir ədəd DVD disk, həmçinin mobil telefona baxış zamanı çəkilmiş görüntülərin yükləndiyi bir ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar