Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-958/2025 28.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X5 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi, “Femida” Vəkil bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçi, “Yusifbəyli və partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhərində kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 2024-cü ilin sentyabr ayının 19-dan 2024-cü ilin oktyabr ayının 17-nə kimi olan müddət ərzində xadimə işlədiyi Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən mənzildə təmizlik işləri apardığı müddətdə istintaqla müəyyən edilməyən günlərdə mənzilin yataq otağından Zərərçəkmiş şəxs məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 17000 manat dəyərində tək almaz qaşlı qızıl nişan üzüyünü, 01 ədəd 3930 manat dəyərində “ROBERTO COİN” firmasına məxsus bilərziyi, 01 cüt 10890 manat dəyərində “ROBERTO COİN” firmasına məxsus sırğanı, 01 ədəd 10620 manat dəyərində “MESSİKA” firmasına məxsus boyunbağını, 01 ədəd 10620 manat dəyərində “MESSİKA Move Classique” firmasına məxsus boyunbağını, 01 ədəd 4350 manat dəyərində “MESSİKA” firmasına məxsus “Lucky Eye” bilərziyiyi, 01 ədəd 7325 manat dəyərində “MESSİKA” firmasına məxsus “Move Noa” ağ qızıl üzüyü, 01 ədəd 33410 manat dəyərində “PASQUALE BRUNİ” firmasına məxsus “Giardini Secretis” qızıl üzüyü, 01 cüt həmin dövrün məzənnəsi ilə 47626 manat 73 qəpik təşkil edən 25190 avro dəyərində “PASQUALE BRUNİ” firmasına məxsus “Giardini Secreti” qızıl sırğanı, 01 ədəd həmin dövrün məzənnəsi ilə 2125 manat təşkil edən 1250 ABŞ dollar dəyərində “Cartier” firmasına məxsus “X10” qızıl üzüyü, 01 ədəd həmin dövrün məzənnəsi ilə 3298 manat təşkil edən 1940 ABŞ dollar dəyərində “Cartier” firmasına məxsus “Love Ring” qızıl üzüyü, 01 ədəd həmin dövrün məzənnəsi ilə 6970 manat təşkil edən 4100 ABŞ dollar dəyərində “Cartier” firmasına məxsus “Rose gold” üzük, 01 cüt həmin dövrün məzənnəsi ilə 7395 manat təşkil edən 4350 ABŞ dollar dəyərində “Cartier” firmasına məxsus qızıl sırğanı, 01 ədəd həmin dövrün məzənnəsi ilə 13600 manat təşkil edən 8000 ABŞ dollar dəyərində “Cartier” firmasına məxsus “X12” qolbağı, 01 ədəd həmin dövrün məzənnəsi ilə 15719 manat 20 qəpik təşkil edən 7000 funt sterlinq dəyərində “Van Cleef” firmasına məxsus bilərziyi, 01 ədəd həmin dövrün məzənnəsi ilə 20210 manat 40 qəpik təşkil edən 9000 funt sterlinq dəyərində “Van Cleef” firmasına məxsus boyunbağını, 01 cüt həmin dövrün məzənnəsi ilə 24701 manat 60 qəpik təşkil edən 11000 funt sterlinq dəyərində “Van Cleef” firmasına məxsus sırğanı, 01 ədəd 5000 manat dəyərində “MESSİKA” firmasına məxsus bilərziyi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs külli miqdarda 244790 manat 93 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, iş axtararkən Zərərçəkmiş şəxs evində dayə işləyən Vüsalə ona təmizlik işlərinin görülməsinə dair iş təklif etmiş, o da razılaşmış və sentyabr ayında Zərərçəkmiş şəxs evində işləməyə başlamışdır. Övladı ağır xəstə olduğu üçün bu əməli törətmiş, çox peşman olmuşdur. Evi təmizləməyə gedəndə zinət əşyalarının olduğu qab yerə düşmüş, içindəki bütün qızıllar da ətrafa səpələnmişdir. İttiham aktında qeyd olunan bütün qızıl-zinət əşyalarını götürdüyünü etiraf edir. Bəzi qızıllar tozsoranın içərisinə girmiş və tozsoranın içərisində qırılmışdır. O, həmin qızılları götürüb cibinə qoymuş, sonra da “28 May” metrostansiyası yaxınlığında bir mağazada İbrahim adlı şəxsə satmışdır. Satdığı bütün qızıl əşyalara görə İbrahim ona təxminən 3000-3500 manat məbləğində pul vermişdir. İbrahim qızılları lom qiymətinə almışdır. Qızılları oğurlayan zaman evdə yaşayan şəxslərin bundan xəbəri olmamışdır, Vüsalə də bu əməli törətdiyini bilməmişdir. Qızılların qırıqlarını da satmışdır. Evdən götürdüyü qızılların hamısı zərgər İbrahim tərəfindən geri qaytarılmışdır. İbrahim qızılları müstəntiq Zaur müəllimə gətirib vermişdir, sonradan hamısı ekspertizaya göndərilmişdir. Qızılların hamısı geri qaytarıldıqdan sonra 26000 manat məbləğində ödənilməmiş ziyan qalmışdır. Həmin məbləğ tozsoranın arasında qırılan qızıllar, həmçinin İbrahimin yoxlamaq məqsədilə qırdığı sırğa hesabına yaranmışdır. Sonradan Zərərçəkmiş şəxs ilə aralarında barışıq yaratmaq istəyən Şahin müəllim onları danışığa dəvət etmişdir. Danışıq zamanı onun ilkin olaraq 10000 manat ödəməyi barədə razılığa gəlmişlər. O, 6000 manat bankdan kredit çəkmiş, 4000 manat da faizə pul götürmüş, 10000 manatı tam hazır edib Zərərçəkmiş şəxs ödəmişdir, pulu ödədiyinə dair qəbz də almışdır. Hal-hazırda onun 16000 manat borcu qalmışdır. Həmin 16000 manatı da aybaay hissə-hissə ödəməyi barədə razılaşmışlar. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məhkum olunmuşdur. Böyük qızı xərçəng xəstəsidir. Əməlinin oğurluq olduğunu bilsə də, övladı üçün etməyə məcbur olmuşdur. Götürdüyü qızılların elə yüksək məbləğli olduğunu bilməmişdir. Qızılları İbrahimə satanda öz qızılları olduğunu demişdir. Saleh boyunbağı üçün ona 900 manat pul vermişdir. Saleh həmin qızılı müstəntiqə təhvil vermişdir. Bütün qızılları İbrahimə satmışdır, sadəcə boyunbağını Salehə satmışdır. Saleh bəy İbrahim bəyin mağazasının yaxınlığında işləmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, yaşadığı evin təmizlənməsi üçün xanım işçi axtarmış, evində dayə işləyən Vüsalə xanım evin təmizlik işlərini görməsi üçün Ruhiyyə xanımı çağırmışdır. Ruhiyyə xanım evində sentyabr ayında işləməyə başlamış, təxminən 1 ay işləmişdir. Keçən ilin oktyabr ayının ortalarında o, evdə bəzi qızılların itdiyini aşkar etmişdir. İndiyə qədər başına belə hadisə gəlmədiyi üçün qızılların itdiyini görən kimi Ruhiyyədən şübhələnmişdir. Növbəti dəfə ev təmizliyi üçün gələndə Ruhiyyədən qızılları onun götürüb-götürmədiyini soruşmuş, soruşan kimi Ruhiyyə qızılları götürdüyünü etiraf etmişdir. Bundan sonra polisə məlumat vermişdir. İtmiş qızılların siyahısını tərtib etmiş, internet vasitələrindən müstəntiqlə birlikdə həmin qızılların bazar qiymətini müəyyənləşdirmişdir. Evindən cəmi 18 ədəd qızıl-zinət əşyası oğurlanmışdır. Polis əməkdaşları sonradan ona qızıl-zinət əşyalarının 13 ədədinin aşkar edildiyini bildirmişlər. 05 ədəd qızıl-zinət əşyası hələ də tapılmamışdır. Tapılmayanlara görə ona dəymiş ziyan, təxminən 32000-35000 manat məbləğində olmuşdur, amma Ruhiyyə ilə danışıq aparan zaman onun 26000 manat ödəməsi barədə razılığa gəlmişlər. Ruhiyyə 26000 manatın 10000 manatını ödəmiş, 16000 manatın ödənilmə qaydası barədə də hələ razılığa gəlməmişlər. Aralarında barışıq əldə olunmamışdır. Əgər Ruhiyyə ilə 16000 manatın ödənilmə qaydası barədə razılığa gəlsələr, dəymiş ziyan tam ödənilsə, bu halda barışığa razı olar. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmuş ifadəsində evindən oğurlanmış qızıl-zinət əşyalarının qiyməti ilə bağlı göstərmişdir ki, həmin qızılların ümumi dəyəri təxminən 244790 manat olmuşdur. Belə ki, həmin qızıllardan onun tərəfindən alınmış 01 ədəd tək almaz qaşlı qızıl nişan üzüyünün dəyəri 17000 manat, 01 ədəd “ROBERTO COİN” firmasına məxsus bilərziyin dəyəri 3930 manat, 01 cüt “ROBERTO COİN” firmasına məxsus sırğanın dəyəri 10890 manat, 01 ədəd “MESSİKA” firmasına məxsus boyunbağının dəyəri 10620 manat, 01 ədəd “MESSİKA Move Classique” firmasına məxsus boyunbağının dəyəri 10620 manat dəyərində, 01 ədəd “MESSİKA” firmasına məxsus “Lucky Eye” bilərziyinin dəyəri 4350 manat, 01 ədəd “MESSİKA” firmasına məxsus “Move Noa” ağ qızıl üzüyün dəyəri 7325 manat, 01 ədəd “PASQUALE BRUNİ” firmasına məxsus “Giardini Secreti” qızıl üzüyün dəyəri 33410 manat, 01 cüt “PASQUALE BRUNİ” firmasına məxsus “Giardini Secreti” qızıl sırğanın dəyəri həmin dövrün məzənnəsi ilə 47626 manat 73 qəpik təşkil edən 25190 avro, 01 ədəd “Cartier” firmasına məxsus “X10” qızıl üzüyün dəyəri həmin dövrün məzənnəsi ilə 2125 manat təşkil edən 1250 ABŞ dolları, 01 ədəd firmasına məxsus qızıl sırğanın dəyəri 3298 manat, 01 ədəd “Cartier” firmasına məxsus “X12” qolbağın dəyəri həmin dövrün məzənnəsi ilə 13600 manat təşkil edən 8000 ABŞ dolları, 01 ədəd “Van Cleef” firmasına məxsus bilərziyin dəyəri həmin dövrün məzənnəsi ilə 15719 manat 20 qəpik təşkil edən 7000 funt sterlinq, 01 ədəd “Van Cleef” firmasına məxsus boyunbağının dəyəri həmin dövrün məzənnəsi ilə 20210 manat 40 qəpik təşkil edən 9000 funt sterlinq, 01 cüt “Van Cleef” firmasına məxsus sırğanın dəyəri həmin dövrün məzənnəsi ilə 24701 manat 60 qəpik təşkil edən 11000 funt sterlinq, 01 ədəd “MESSİKA” firmasına məxsus bilərziyin dəyəri 5000 manat olmuşdur (cild 1, iş vərəqi 38-41). Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 3 ildir ki, Zərərçəkmiş şəxs evində dayə işləyir. Bağ mövsümündən qayıtdıqdan sonra zərərçəkmişin arvadı Səmra xanım ona evin təmizlənməsi üçün yaxşı xanım işçi axtardığını demişdir. Onlar həmişə yeni işçiləri tanışlarından, yaxınlarından maraqlanıb seçmişlər. O da işlədiyi evin yanındakı mənzildə dayə kimi işləyən tanışı Nailədən təmizlik işi görəcək etibarlı xanım işçi tanıyıb-tanımadığını soruşmuş, Nailə də ona bacısı ilə bir yerdə təmizlik işlərinə gedən Ruhiyyə adlı xanımı məsləhət görmüşdür. O, bu barədə Səmra xanıma məlumat vermiş, Səmra xanım da həmin qadını evə dəvət etməyini, əl işinə baxdıqdan sonra seçib-seçməyəcəyini bildirmişdir. O, Ruhiyyə xanımı evə dəvət etmiş, ilkin tanışlıq olmuş, evdə görməli olduğu işləri izah etmişdir. Səmra xanım Ruhiyyəyə evin təmizliyini, yemək bişirməyi, ütü işini tapşırmışdır, o da bütün işlərin hamısını Ruhiyyəyə ətraflı şəkildə izah etmişdir. Daha sonra Ruhiyyənin etdiyi təmizlik işlərinə, bişirdiyi yeməklərə baxılmış, Səmra xanım bəyəndiyi üçün də işə qəbul etmişdir. O, Səmra xanımın evində gecə-gündüz dayəsi işləmişdir, sadəcə həftənin bir günü evinə getmişdir. Qızılların oğurlanması barədə xəbəri də evində olan zaman almışdır. Səmra xanım bazar günü evində olanda ona zəng edərək qızıllarının itdiyini bildirmişdir. Həmin gün evində olduğundan yanına gedə bilməmiş, amma səhərisi gün evə gedəndə Səmraya polisə məlumat verməli olduğunu demişdir. Bundan sonra Ruhiyyə yenidən evdə təmizlik işi görməyə gələndə zərərçəkmiş Əmir bəy ondan qızılları götürüb-götürmədiyini soruşmuş, bu zaman Ruhiyyə inkar etmədən qızılları götürdüyünü, qızının xəstə olduğunu, bu səbəbdən məcbur qaldığını demişdir. Qızılları götürdükdən sonra nə etdiyi barədə məlumatı olmamış, çünki həmin ərəfədə uşaqlarla məşğul olduğundan gedən söhbətə qulaq asa bilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 bildirdi ki, Ruhiyyə hər gün Səmra xanımın otağını yığışdırmışdır. Qızıllar olan qab həmişə açıq şəkildə kamodun üzərində olmuşdur. Ruhiyyənin özü qızılları götürdüyünü etiraf etmişdir. Səhv etmirsə, Ruhiyyə qızılları “28 May” metrostansiyası yaxınlığındakı bir mağazada satdığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin arvadı Şahid1 ifadəsində göstərdi ki, Ruhiyyə Vüsalənin vasitəsilə onun evinə təmizlik işlərinin görülməsi və lazım olduqda yeməklərin bişirilməsi üçün gəlmişdir. Qızıl əşyaları yataq otağında kamodun üzərində qabın içərisində olmuşdur. Ruhiyyə artıq 2-3 həftə imiş ki, evinə təmizlik işlərinin görülməsi üçün gəlib-getmişdir. O, mücrüdəki qızıllarını səliqəyə salmaq üçün sıralayanda bəzi qızılların olmadığını görmüşdür. Bu barədə həyat yoldaşına məlumat vermişdir. Həyat yoldaşı Ruhiyyədən qızıllar barədə soruşanda Ruhiyyə götürdüyünü etiraf etmişdir. Qızılların harada olduğunu soruşanda Ruhiyyə satdığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ruhiyyə xanım payız aylarında onun “28 May” metrostansiyası yaxınlığında, ünvan 4 ünvanında yerləşən mağazasına gəlmişdir. O, əvvəllər həmin mağazada telefonların satışı ilə məşğul olmuş, sonradan fəaliyyətini dəyişib qızıl-gümüş zinət əşyalarının alış-satışı ilə məşğul olmağa başlamışdır. Ruhiyyə mağazaya qızıl gətirib özünə aid olduğunu demiş, o da baxıb 750 əyar olaraq qiymətləndirmişdir. Ruhiyyə bir qızıl sırğa gətirmişdir, o da heç qızıla oxşatmadığı üçün yoxlamaq istəmişdir. Ruhiyyənin icazəsini aldıqdan sonra sırğanı kəsmiş, qızıl olduğuna əmin olandan sonra qiymətləndirmişdir. Bundan sonra Ruhiyyə fərqli-fərqli vaxtlarda ona boyunbağı, sırğa, qolbaq gətirmişdir. Brilliant daş-qaşlı zinət əşyaları da olmuşdur. Ruhiyyənin gətirdiyi zinət əşyalarının hamısı üçün 3000 manata yaxın pul verdiyi yalandır. Təxminən 10-12 ədəd zinət əşyası gətirilmiş, bəziləri üçün 500- 600 manat, hətta 2000 manat belə verdiyi vaxtlar olmuşdur. Ruhiyyənin gətirdiyi zinət əşyalarının hamısını özündə saxlamışdır, polis əməkdaşları yaxınlaşan zaman hamısını təhvil vermişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunan ifadəsində Şahid3 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 5 ünvanda yerləşən mağazada kiçik bir yer götürərək həmin yerə görə mağazanı icarəyə götürən Yaşar adlı şəxsə hər ay 700 manat pul ödəyir və həmin yerdə qızıl alqı-satqısı ilə məşğul olur. Bununla bağlı vergi ödəyicisi kimi qeydiyyatdadır və VÖEN-i vardır, 19 sentyabr 2024-cü il tarixdə günorta saatlarında mağazada olarkən bir nəfər başı bağlı qadın gələrək bir ədəd qızıl boyunbağı satmaq istədiyini bildirmişdir. O, həmin qadının təqdim etdiyi boyunbağıya baxdıqda boyunbağının üzərində qırmızı gül formasında naxışların olduğunu görmüşdür. Daha sonra həmin boyunbağını ölçmüş və çəkisi 13 qram gəlmişdir. Boyunbağının əyar damğasına baxdıqda isə 585 yazıldığını görmüşdür. Daha sonra o, həmin boyunbağını 960 manata, yəni qızılın qramını 73 manatdan qiymətləndirmişdir. Daha sonra həmin qadından şəxsiyyət vəsiqəsini istəmiş və qadın ona şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra qadının soyad, ad və ata adını kağız parçasında qeyd etmişdir. Həmin qadının soyad, ad və ata adı Təqsirləndirilən şəxs olmuşdur. Daha sonra o, ağ kağız parçasında qızılın həmin qadın tərəfindən satılması və özünə məxsus olması barədə qeydlər aparmış və qadına həmin kağız parçasında imza etdirmişdir. Daha sonra qadına 960 manat pul verib qızıl boyunbağını almışdır. O, Təqsirləndirilən şəxs ona satdığı qızıl boyunbağının oğurluq olmasını bilməmişdir. Ruhiyyə adlı qadın boyunbağının özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir (cild 1, iş vərəqi 88-90). Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs evində çalışan Ruqiyyə adlı şəxsin qızıl və brilliant zinət əşyaları oğurlaması barədə məlumat vermiş və polisin yaxınlaşmasını istəmişdir (cild 1, iş vərəqi 5). - hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən mənzildir. Baxışda iştirak edən ev sahibi Zərərçəkmiş şəxs sözlərinə görə yataq otağında olan qızıl qabının içərisindən müxtəlif brend firmalara məxsus qızıl-zinət əşyaları oğurlanmışdır (cild 1, iş vərəqi 6-9). - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 34). - Şahid2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs aldığı qızılları istintaqa təqdim etmək istəyir (cild 1, iş vərəqi 55). - götürmə aparılması və baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid2 təqdim etdiyi qızıllar sarı rəngli, üzərində “Cartier 750 16 c YN3365” adlıq və damğası olan 01 ədəd qolbaq (X11 Clou), sarı rəngli, üzərində “OR VCA Au 750 SE829165” kod və damğası olan 01 cüt sırğa (X9), sarı rəngli, üzərində “Cartier 750 54 VM786” adlıq və damğası olan 01 ədəd üzük, üzərində 3 ədəd rəngsiz şəffaf qaşı, həmçinin “Cartier 750 56 OD521” adlıq və damğası olan, sarı rəngli 01 ədəd üzük, sarı rəngli, üzərində tünd qırmızı rəngli gül formalı elementləri, həmçinin “VCA au 750” damğası olan 01 ədəd qolbaq, üzərində şəffaf rəngsiz qaşı, həmçinin “MESSİKA Au 750 J75000” adlıq və damğası olan, sarı rəngli 01 ədəd boyunbağı, üzərində şəffaf rəngsiz qaşı, həmçinin “MESSİKA BY 6161 ADİD 750 B85755” adlıq və damğası olan, gümüşü rəngli 01 ədəd qolbaq, üzərində şəffaf rəngsiz qaşı, qırmızı rəngli qaşı, həmçinin “RC 18KT” adlıq və damğası olan, sarı rəngli 01 cüt sırğa, üzərində şəffaf rəngsiz qaşı, həmçinin “La maqouise 750” adlıq və damğası olan 01 ədəd üzük, üzərində şəffaf rəngsiz qaşı, həmçinin “MESSİKA” yazısı olan 01 ədəd üzük, üzərində şəffaf rəngsiz qaşı, həmçinin “PASQUALE BRUNİ 750” adlıq və damğası olan 01 cüt sırğa, üzərində şəffaf rəngsiz qaşı, həmçinin “PASQUALE BRUNİ 750” adlıq və damğası olan 01 ədəd üzükdən ibarətdir. Baxışda iştirak edən Şahid2 təqdim etdiyi qızılları Təqsirləndirilən şəxs aldığını bildirmişdir (cild 1, iş vərəqi 56-58). - baxış keçirilməsi haqqında 24 oktyabr 2024-cü il tarixli protokoldan və əlavəsindən görünür ki, X1 təqdim etdiyi “qızıl və brilliantların alışının akt kitabı”na baxış zamanı müəyyən edilmişdir ki, qızıl və brilliantların alışının akt kitabında olan vərəqlərdə AA******* nömrəli şəxsiyyət vəsiqəsi təqdim edən Təqsirləndirilən şəxs 19 sentyabr 2024-cü il tarixdə 33 qram qızılın alınması, 21 sentyabr 2024-cü il tarixdə 11 qram qızılın alınması, 23 sentyabr 2024-cü il tarixdə 5,92 qram və 14,28 qram qızılın alınması, 24 sentyabr 2024-cü il tarixdə 5,8 qram qızılın alınması, 26 sentyabr 2024-cü il tarixdə 14 qram qızılın alınması, 30 sentyabr 2024-cü il tarixdə 5,95 qram qızılın alınması, 04 oktyabr 2024-cü il tarixdə 32 qram qızılın alınması, 09 oktyabr 2024-cü il tarixdə 8,5 qram qızılın alınması, 11 oktyabr 2024-cü il tarixdə 5,95 qram qızılın alınması, 13 oktyabr 2024-cü il tarixdə 6 qram qızılın alınması, 17 oktyabr 2024-cü il tarixdə 5,97 qram qızılın alınması ilə bağlı qeydlərin aparılması müəyyən edilmişdir. Baxışda iştirak edən Şahid2 jurnalda olan qeydləri özünün apardığını, həmin qeydləri Təqsirləndirilən şəxs qızılları alan zaman qələmlə yazdığını və Təqsirləndirilən şəxs hər dəfə imza etdirdiyini bildirmişdir (cild 1, iş vərəqi 59-67). - Azərbaycan Respublikası Mərkəzi Bankının AZN məzənnələrinə dair https://cbar.az saytından çıxarışdan görünür ki, oğurluq hadisəsi baş verən tarixə 1 Avro 1.8907-1.9033 manat aralığında, 1 ABŞ dolları 1.70 manat, 1 funt sterlinqi 2.2456-22757 manat aralığında kurs təşkil etmişdir (cild 1, iş vərəqi 68-70). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 71-73). - başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin azad edilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlandığı Müvəqqəti Saxlama yerindən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 82-85). - Şahid3 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs aldığı bir ədəd qızıl boyunbağını istintaqa təqdim etmək istəyir (cild 1, iş vərəqi 91). - götürmə aparılması və baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid3 təqdim etdiyi bir ədəd boyunbağı sarı rəngli metaldan olmaqla üzərində qırmızı rəngli gül formasında naxışlar vardır, boyunbağının üzərində əyarını göstərən “750” yazısı həkk olunmuşdur. Baxışda iştirak edən Şahid3 təqdim etdiyi qızıl boyunbağını ona Təqsirləndirilən şəxs satdığını bildirmişdir (cild 1, iş vərəqi 92-93). - baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid2 və Şahid3 təqdim etdiyi qızıllara Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, Şahid2 təqdim etdiyi qızıllar sarı rəngli, üzərində “Cartier 750 16 с YN3365” adlıq və damğası olan 01 ədəd qolbaq (X11 Clou), sarı rəngli, üzərində “OR VCA Au 750 SE829165” kod və damğası olan 01 cüt sırğa (X9), sarı rəngli, üzərində “Cartier 750 54 VM786” adlıq və damğası olan 01 ədəd üzük, üzərində 3 ədəd rəngsiz şəffaf qaşı, həmçinin “Cartier 750 56 OD521” adlıq və damğası olan, sarı rəngli 01 ədəd üzük, sarı rəngli, üzərində tünd qırmızı rəngli gül formalı elementləri, həmçinin “VCA au 750” damğası olan 01 ədəd qolbaq, üzərində şəffaf rəngsiz qaşı, həmçinin “MESSİKA Au 750 J75000” adlıq və damğası olan, sarı rəngli 01 ədəd boyunbağı, üzərində şəffaf rəngsiz qaşı, həmçinin “MESSİKA BY 6161 ADİD 750 B85755” adlıq və damğası olan, gümüşü rəngli 01 ədəd qolbaq, üzərində şəffaf rəngsiz qaşı, qırmızı rəngli qaşı, həmçinin “RC 18KT” adlıq və damğası olan, sarı rəngli 01 cüt sırğa, üzərində şəffaf rəngsiz qaşı, həmçinin “La maqouise 750” adlıq və damğası olan 01 ədəd üzük, üzərində şəffaf rəngsiz qaşı, həmçinin “MESSİKA” yazısı olan 01 ədəd üzük, üzərində şəffaf rəngsiz qaşı, həmçinin “PASQUALE BRUNİ 750” adlıq və damğası olan 01 cüt sırğa, üzərində şəffaf rəngsiz qaşı, həmçinin “PASQUALE BRUNİ 750” adlıq və damğası olan 01 ədəd üzükdən ibarətdir. Şahid3 təqdim etdiyi qızıl sarı rəngli, üzərində tünd qırmızı rəngli gül formalı elementləri, həmçinin “750” damğası olan 01 ədəd boyunbağıdan ibarətdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs qızılları nəzərdən keçirib, həmin qızılların məhz evindən oğurlanmış qızıllar olduğunu, lakin qızılların bəzilərinin hazırkı qızılların arasında olmadığını bildirdi (cild 1, iş vərəqi 94). - materialların məhkəmə ekspertizasının, məhkəmə iqtisad ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/5246-9/9389 nömrəli rəylərindən görünür ki, tədqiqata təqdim edilən zərgərlik məmulatları brend mallara məxsus olmadığı halda 2024-cü ilin sentyabroktyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 36632,00 manat müəyyən edilir. Tədqiqata təqdim edillən 02 adda zərgərlik məmulatları brend mallara məxsus olduğu halda yeni vəziyyətdə 2024-cü ilin sentyabr-oktyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 17525,00 manat müəyyən edilir. Digər 11 adda zərgərlik məmulatlarının satışı və qiyməti barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil edir (cild 1, iş vərəqi 112-116). - Zərərçəkmiş şəxs verdiyi qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus olan 01 ədəd tək almaz qaşlı qızıl nişan üzüyünü, 01 cüt “ROBERTO COİN” firmasına məxsus sırğanı, 01 ədəd “MESSİKA” firmasına məxsus boyunbağını, 01 ədəd “MESSİKA” firmasına məxsus “Move Noa” ağ qızıl üzüyü, 01 ədəd “PASQUALE BRUNİ” firmasına məxsus “Giardini Secreti” qızıl üzüyü, 01 cüt “PASQUALE BRUNİ” firmasına məxsus “Giardini Secreti” qızıl sırğanı, 01 ədəd “Cartier” firmasına məxsus “X10” qızıl üzüyü, 01 ədəd “Cartier” firmasına məxsus “X12” qolbağı, 01 ədəd “Van Cleef” firmasına məxsus bilərziyi, 01 ədəd “Van Cleef” firmasına məxsus boyunbağını, 01 cüt “Van Cleef” firmasına məxsus sırğanı, 01 ədəd “MESSİKA” firmasına məxsus bilərziyi, 01 ədəd “Cartier” firmasına məxsus “Rose gold” üzüyü baş müstəntiq Zaur Tağıyevdən təhvil almış, bununla bağlı heç bir şikayət və tələbi olmamışdır (cild 1, iş vərəqi 120). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şahid2 götürülmüş 01 ədəd üzərində “Cartier 750 16 c YN3365” adlıq və damğası olan qolbaq (X11 Clou), 01 cüt üzərində “OR VCA Au 750 SE829165” kod və damğası olan sırğa (X9), 01 ədəd üzərində “Cartier 750 54 VM786” adlıq və damğası olan üzük, 01 ədəd üzərində 03 ədəd rəngsiz şəffaf qaşı, həmçinin “Cartier 750 56 OD521” adlıq və damğası olan üzük, 01 ədəd üzərində tünd qırmızı rəngli gül formalı elementləri, həmçinin “VCA au 750” damğası olan qolbaq, 01 ədəd üzərində şəffaf rəngsiz qaşı, həmçinin “MESSİKA Au 750 J75000” adlıq və damğası olan boyunbağı, 01 ədəd üzərində şəffaf rəngsiz qaşı, həmçinin “MESSİKA BY 6161 ADİD 750 B85755” adlıq və damğası olan, gümüşü rəngli qolbaq, 01 cüt üzərində şəffaf rəngsiz qaşı, qırmızı rəngli qaşı, həmçinin “RC 18KT” adlıq və damğası olan sırğa, 01 ədəd üzərində şəffaf rəngsiz qaşı, həmçinin “La maqouise 750” adlıq və damğası olan üzük, 01 ədəd üzərində şəffaf rəngsiz qaşı, həmçinin “MESSİKA” yazısı olan üzük, 01 cüt üzərində şəffaf rəngsiz qaşı, həmçinin “PASQUALE BRUNİ 750” adlıq və damğası olan sırğa, 01 ədəd üzərində şəffaf rəngsiz qaşı, həmçinin “PASQUALE BRUNİ 750” adlıq və damğası olan üzük, Şahid3 götürülmüş 01 ədəd üzərində qırmızı gül formasında naxışlar olan boyunbağı tərəfimdən maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarıldığı nəzərə alınmışdır (cild 1, iş vərəqi 120). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının 1-ci, 2-ci, 7-ci və 27-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Məhkəmə Təqsirləndirilən şəxs oğurladığı qızıl-zinət əşyalarının qiyməti ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşır. Belə ki, ibtidai istintaq orqanı həmin əşyaların qiymətini müəyyən edərkən onların tanınmış brend firmalar tərəfindən istehsal edildiyini nəzərə almış və zərərçəkmiş şəxsin həmin əşyalar alınarkən ödədiyi pul məbləği barədə ifadələrində göstərdiklərini əsas götürmüşdür. Ona görə də ibtidai istintaqın gəldiyi həmin nəticə məhkəmədə heç bir şübhə doğurmur. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla oğurluq etməsi kifayət qədər sübuta yetirilir, o, həmin cinayəti törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 02 (iki) il 05 (beş) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Sumqayıt şəhər Probasiya şöbəsindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, qeyd edilən cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir (cild 1, iş vərəqi 110-111, 123-130). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətə görə cəzadan azad edildiyi gündən bir il keçdiyinə görə, məhkəmə onu məhkumluğu olmayan şəxs hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə, əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cəza təyin edilməsinin ümumi əsaslarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndiriyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və müstəntiqin qərarından görünür ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, barəsində 25 oktyabr 2024cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və həmin gün həbsdən azad edilmişdir (cild 1, iş vərəqi 26, 82-85). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində tutulduğu üç gün ona təyin ediləcək cəzadan çıxılmalı və cəza çəkməsinin başlanğıcı hökmün elan olunduğu gündən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübutlar - Şahid2 götürülmüş 01 ədəd üzərində “Cartier 750 16 c YN3365” adlıq və damğası olan qolbaq (X11 Clou), 01 cüt üzərində “OR VCA Au 750 SE829165” kod və damğası olan sırğa (X9), 01 ədəd üzərində “Cartier 750 54 VM786” adlıq və damğası olan üzük, 01 ədəd üzərində 03 ədəd rəngsiz şəffaf qaşı, həmçinin “Cartier 750 56 OD521” adlıq və damğası olan üzük, 01 ədəd üzərində tünd qırmızı rəngli gül formalı elementləri, həmçinin “VCA au 750” damğası olan qolbaq, 01 ədəd üzərində şəffaf rəngsiz qaşı, həmçinin “MESSİKA Au 750 J75000” adlıq və damğası olan boyunbağı, 01 ədəd üzərində şəffaf rəngsiz qaşı, həmçinin “MESSİKA BY 6161 ADİD 750 B85755” adlıq və damğası olan, gümüşü rəngli qolbaq, 01 cüt üzərində şəffaf rəngsiz qaşı, qırmızı rəngli qaşı, həmçinin “RC 18KT” adlıq və damğası olan sırğa, 01 ədəd üzərində şəffaf rəngsiz qaşı, həmçinin “La maqouise 750” adlıq və damğası olan üzük, 01 ədəd üzərində şəffaf rəngsiz qaşı, həmçinin “MESSİKA” yazısı olan üzük, 01 cüt üzərində şəffaf rəngsiz qaşı, həmçinin “PASQUALE BRUNİ 750” adlıq və damğası olan sırğa, 01 ədəd üzərində şəffaf rəngsiz qaşı, həmçinin “PASQUALE BRUNİ 750” adlıq və damğası olan üzük, Şahid3 götürülmüş 01 ədəd üzərində qırmızı gül formasında naxışlar olan boyunbağının Zərərçəkmiş şəxs qaytarıldığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 128 (yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 3 (üç) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli hökmün elan olunduğu 28 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Şahid2 götürülmüş 01 ədəd üzərində “Cartier 750 16 c YN3365” adlıq və damğası olan qolbaq (X11 Clou), 01 cüt üzərində “OR VCA Au 750 SE829165” kod və damğası olan sırğa (X9), 01 ədəd üzərində “Cartier 750 54 VM786” adlıq və damğası olan üzük, 01 ədəd üzərində 03 ədəd rəngsiz şəffaf qaşı, həmçinin “Cartier 750 56 OD521” adlıq və damğası olan üzük, 01 ədəd üzərində tünd qırmızı rəngli gül formalı elementləri, həmçinin “VCA au 750” damğası olan qolbaq, 01 ədəd üzərində şəffaf rəngsiz qaşı, həmçinin “MESSİKA Au 750 J75000” adlıq və damğası olan boyunbağı, 01 ədəd üzərində şəffaf rəngsiz qaşı, həmçinin “MESSİKA BY 6161 ADİD 750 B85755” adlıq və damğası olan, gümüşü rəngli qolbaq, 01 cüt üzərində şəffaf rəngsiz qaşı, qırmızı rəngli qaşı, həmçinin “RC 18KT” adlıq və damğası olan sırğa, 01 ədəd üzərində şəffaf rəngsiz qaşı, həmçinin “La maqouise 750” adlıq və damğası olan üzük, 01 ədəd üzərində şəffaf rəngsiz qaşı, həmçinin “MESSİKA” yazısı olan üzük, 01 cüt üzərində şəffaf rəngsiz qaşı, həmçinin “PASQUALE BRUNİ 750” adlıq və damğası olan sırğa, 01 ədəd üzərində şəffaf rəngsiz qaşı, həmçinin “PASQUALE BRUNİ 750” adlıq və damğası olan üzük və Şahid3 götürülmüş 01 ədəd üzərində qırmızı gül formasında naxışlar olan boyunbağının Zərərçəkmiş şəxs qaytarıldığı nəzərə alınsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 128 (yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Aygün Qurbanova Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-958/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-958/2025
28.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver