Məhkəmə qərarları › İş №1(101)-959/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-959/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-959/2024 23.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X9 ibarət tərkibdə, X2 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan (Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan başqa cinayət işi ilə əlaqədar) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib, saxlayaraq, daşımış və satmışdır. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama, daşıma və satma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Ramiz” adlı İİR vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək kart hesabına pul ödədikdən sonra 15 iyun 2023-cü il tarixdə günorta saatlarında naməlum şəraitdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən gizlədilmiş Binəqədi rayonu, A.Məmmədov küçəsində yolun kənarındakı kolluqdan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,666 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, həmin tarixdə əldə etdiyi külli miqdarda narkotik vasitə heroinin 0,725 qram çəkidə hissəsini tanışı Şahid3 10 manata, 0,607 qram çəkidə hissəsini tanışı Şahid4 5 manata satmış, 15 iyun 2023-cü il tarixdə saat 17:00 radələrində Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Şahid3 və Şahid4 ilə birlikdə ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3a yerləşən Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə gətirilmiş, orada Şahid3 üzərindən təmiz çəkisi 0,725 qram, Şahid4 üzərindən təmiz çəkisi 0,607 qram və saat 18:20-də onun üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki boz rəngli şalvarın ön sağ yan cibindən 01 ədəd ağ kağıza bükülmüş halda təmiz çəkisi 1,334 qram olan öz aralarında kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, tutulduğu gün səhər saatlarında evdən çıxıb 9-cu mikrorayon ərazisinə getmiş, həmin zaman üzərində 10 manat pul olmuşdur. Eyni zamanda Turalla Namaz da zəng edərək, narkotik vasitəyə ehtiyaclarının olduğunu bildirərək birlikdə alaraq istifadə etməyi təklif etmişlər. Namaz onun qonşusu olmuşdur. Onların üçünün birlikdə 48 manat pulu olmuş, o, həmin pulu karta köçürərək verilən ünvana gedərək narkotik vasitəni götürmüşdür. Namazla Tural onu maşında gözləmiş, o, üzərində cəmi 0,1 qram narkotik vasitə daşımışdır. O, maşına çatanda polis əməkdaşları onları həbs edərək bölməyə aparmışlar. Bölmədə onun üzərindən yalnız 0,1 qram narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, narkotik vasitə aludəçisidir. Belə ki, o, hər gün 0,1-0,2 qram narkotik vasitə qəbul edir. O, mebel ustasıdır, tutulan ərəfədə də, hal-hazırda da işləyir. Namaz onun qonşusu, Tural isə taksi sürücüsüdür. Səhər o, özü durub narkotik vasitə üçün getmişdir. Adətən pulu olan şəxs digər istifadəçilərə zəng edərək narkotik vasitə əldə etmək üçün köməklik etməsini və birlikdə istifadə etməyi təklif edirlər. Namaz və Tural da həmin gün saat 11.00-11:30 radələrində ona ayrı-ayrı zəng edib, narkotik vasitə lazım olduğunu demişlər. Onlar 9-cu mikrorayonda “Bolmart”da görüşmüş, o, pulu götürüb gedib karta köçürmüş, ümumi 48 manat məbləğində pul köçürmüşdür. Onun götürdüyü narkotik vasitə 1 bükümdə olmuş, Namaz və Tural da “Bolmart”ın qarşısında maşında onu gözləmişlər. O, 9-cu mikrorayona Namaz və Turalla bir maşında getməmiş, özü tək getmiş, Namaz və Tural onu maşında gözləmişlər. O, heç bir yerə maşınla getməmiş, piyada getmişdir. O, pulu Namaz və Turaldan götürüb karta köçürmüş, gedib narkotik vasitəni alıb gəlmişdir. Onlar lazım olan yerdə görüşmüş, narkotik vasitəni satan şəxs ona zəng etmiş, narkotik vasitənin yerini ona demiş, o da gedib götürmüşdür. Bu müddət ərzində Turalla Namaz onu maşında gözləmişlər. O, narkotik vasitəni götürüb maşına yaxınlaşanda tutulmuşdur. O, maşınla heç bir yerə getməmiş, Namaz və Tural pulu ödədiyi yerin ətrafında olmuşlar. Polis əməkdaşları onları tutub bölməyə aparmışlar. Onun üzərindən 0,1 qram narkotik vasitə aşkar olunmuş, digər şəxslərin üzərindən isə heç nə aşkar olunmamışdır. Daha sonra ona vasitəçi olduğunu və narkotik vasitəni satdığını demişlər. O isə onların hər birinin narkotik vasitə istifadəçisi olduğunu, əgər satıcı olsa üzərində 10 manat pulun olmasının mümkünsüz olduğunu demişdir. Polis əməkdaşları onları ayırmış, digər şəxsləri başqa otağa aparmış, onu döymüş, daha sonra guya narkotik vasitə satması ilə bağlı izahat almışlar. O, istintaq təcridxanasına gedən zaman qabırğasının altı əzilmişdir. O, digər şəxslərə heç nə verməmiş, götürdüyü narkotik vasitə ondan aşkar olunmuşdur. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, onu saxlayanda saat günorta 15:00-16:00 radələri olmuşdur. Onun üzərini yoxlayanda müdafiəçi iştirak etməmiş, lakin videoçəkiliş zamanı müdafiəçi iştirak etmişdir. 0,1 qram narkotik vasitəni 3 nəfər birlikdə istifadə etməyi planlamışlar, 10 manat onun, 5 manat Namazın, 33 manat isə Turalın pulu olmuşdur. O, narkotik vasitə almağa gedəndə başqa şəxslərə məlumat vermir, sadəcə hər gün narkotik vasitə istifadə edən şəxsdir, ona görə də tanışları onunla əlaqə saxlayaraq özü üçün narkotik vasitə alan zaman onlara da almasını istəmişlər. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində bildirmişdir ki, o, taksi sürücüsü kimi fəaliyyət göstərmiş, Təqsirləndirilən şəxs müştəri kimi götürmüş və bu yolla da tanış olmuşlar. O, arada narkotik vasitə istifadə etmişdir. Tutulan gün Fuadla zəngləşmiş, onlar birlikdə narkotik vasitə götürərək birlikdə istifadə etmək üçün getmişlər. Onların yanında Namaz adlı şəxsə də olmuş, onlar birlikdə narkotik vasitəni götürmək üçün getmişlər. Namaz və o, maşında gözləmiş, Fuad narkotik vasitəni qoyulduğu yerdən götürüb maşına doğru gələn zaman polis əməkdaşları onu tutmuş, həmçinin onu və Namazı da tutub bölməyə aparmışlar. Bölməyə aparılan zaman onun üzərində heç bir narkotik vasitə olmamışdır. Fuadın üzərində isə götürdüyü həmin narkotik vasitə olmuşdur. O, CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs götürdüyü narkotik vasitəni istifadə etmək niyyəti ilə getmişdir. Mən taksi sürücüsü kimi fəaliyyət göstərirdim, Fuadı da müştəri kimi tanımış, bu yolla da münasibətləri yaranmışdır. Fuadla münasibətlərinin yaranma səbəbi narkotik vasitə olmuşdur. O, Fuadın mobil nömrəsini götürmüş, narkotik vasitə ilə əlaqədar onunla əlaqə saxlamışdır. Fuad ona narkotik vasitə təşkil etməmiş, sadəcə zəngləşib bir yerdə narkotik narkotik vasitə istifadə etmişlər. Narkomanlar adətən narkotik vasitə əldə edə bilməyəndə bir-biri ilə əlaqə saxlayırlar. Tutulduğu gün də onun əli narkotik vasitəyə çatmamış, buna görə də Fuadla əlaqə saxlamışdır, elə həmin gün də tutulmuşlar. O, ilk dəfə həmin gün Fuada müraciət etmiş, həmin gündən əvvəl belə bir hal yaşanmamışdır. Zəngləşdikdən sonra onlar razılaşmışlar ki, bir yerdə gedib narkotik vasitə götürərək istifadə etsinlər. O, Fuada narkotik vasitə əldə etmək məqsədi ilə zəng etmiş, Fuad da əldə edə biləcəyini demiş, birlikdə gedib götürməyi təklif etmişdir. O, pulu Fuada vermiş, Fuad da “gözləyin, gedim götürüm gəlirəm” demişdir. Onlar narkotik vasitəni şəxsi istifadələri üçün əldə etmək istəmişlər. Tutulan zaman onun üzərində heç nə olmamışdır. Barəsində Binəqədi rayon Məhkəməsinin hökmü elan olunmuş, o, məhkum olunmuşdur. Tutulan zaman orada ondan başqa Namaz adlı şəxs də olmuş, o, Namazı əvvəllər tanımamış, həmin gün orada görmüşdür. Fuad ona narkotik vasitə satmamış, sadəcə o Fuada 10 manat, digər şəxs isə 5 manat verərək narkotik vasitəni əldə etməkdə onlara köməklik etməsini xahiş etmişlər. O, fuadın özünün nə qədər pul qoyduğunu bilmir, lakin güman edir ki, Fuad da pul qoymuşdur. O, fuadın narkotik vasitənin qramını neçə manata, kimdən və ya haradan alacağını bilməmişdir. Onlar narkotik vasitəni götümək üçün 9-cu mikrorayon, M.Cəlal küçəsində “Bolmart”ın qarşısına getmiş, o, maşında olmuş, Fuadın hara getdiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində bildirmişdir ki, polis əməkdaşları onları Binəqədi rayonu, “Bolmart” marketinin yanında tutmuşlar. Həmin zaman orada Tural adlı şəxs də olmuşdur. Belə ki, onlar Fuada pul vermişlər, Fuad da onlar üçün narkotik vasitə götürmüşdür. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, bir məhəlləli kimi tanımışdır. Belə ki, Fuad onlardan bir küçə aşağıda yaşamışdır. O, Fuada narkotik vasitə alası olsa, o da götürmək istədiyini demişdir. Fuad narkotik vasitə satmamış, özü üçün narkotik vasitə əldə edəndə onlar üçün götürmüşdür. Onlar yalnız bir dəfə, tutulan zaman birlikdə narkotik vasitə götürmüşlər. Həmin gün o, Tural adlı şəxslə maşında oturub gözləmiş, Fuad isə narkotik vasitəni götürməyə getmişdir. Həmin gün o, işləmiş, Fuadgilin məhəlləsinə getmiş, ona yaxınlaşaraq narkotik vasitə tapa biləcəyini soruşmuş, Fuad da ona “çalışaram” demişdir. Fuad həmin vaxt işləməmişdir. O, Fuadla saat neçədə görüşdüyünü xatırlamır. O, əvvəllər narkotik vasitədən istifadə etməmişdir. Onlar pulu verəndən sonra “Bolmart” marketinin yanında maşında gözləmişlər, bu zaman polislər yaxınlaşmışdır. Onlar pulu Fuada verdikdən sonra, Fuad onlara gözləmələrini tapşırmış, bir qədər sonra gələcəyini demişdir. O, Yasamal rayonunda pasport qeydiyyatındadır, hal-hazırda isə İsmayıllı rayonunda yaşayır. O, tutulan zaman Yasamal rayonunda kirayədə qalmış, Fuad da əvvəllər Yasamal rayonunda yaşamış və onunla məhəlləli kimi tanış olmuşlar. Fuad, Tural və o, 9-cu mikrorayona.bir yerdə getmişlər. Hadisə günü Fuadı köhnə məhəlləsi Yasamalda görmüş, o, oraya tək gəlmiş, gələn kimi Fuadla görüşmüşdür. Tural maşınla olmuş və sonradan gəlmişdir. O, Turalı əvvəllər tanımamışdır. Onlar “Bolmart” marketinin yanına yaxınlaşmış, Fuad narkotik vasitəni götürüb onlara yaxınlaşmaq istəyəndə polis əməkdaşları onları tutmuşlar. Tutulan zaman onun üzərində narkotik vasitə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və digər iki nəfər şəxs barəsində əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında əməliyyat qrupu yaradılmış və məlumatda qeyd olunan yerdən 3 nəfəro cümlədən Təqsirləndirilən şəxs saxlanılaraq bölməyə aparılmışlar. Bölmədə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 büküm aşkar edilmiş, o, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin üç nəfər şəxs tutulan zaman heç bir müqavimət göstərməmiş və qaçmağa cəhd etməmişlər, o cemlədən həmin şəxslərə qarşı heç bir təzyiq göstərilməmişdir. Onlar Təqsirləndirilən şəxs və digər iki nəfər şəxsi bölməyə dəvət etmiş, onlar da heç bir etiraz etmədən bölməyə getməyə razılıq vermişlər. Daxil olmuş əməliyyat məlumatı narkotik vasitələrin istifadəsi və qanunsuz satışı ilə bağlı olmuş, Təqsirləndirilən şəxs barəsində əvvəllər də əməliyyat məlumatı daxil olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq olunmuş Şahid2 ifadəsindən görünür ki, o, Binəqədi RPİ-nin 7-ci PB-nin CA üzrə əməliyyat müvəkkili işləyir, polis leytenantı rütbəsi daşıyır. Təqsirləndirilən şəxs, Şahid3, Şahid4 qanunsuz olaraq narkotik vasitə və psixatrop maddələri əldə edərək daşıması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 15 iyun 2023-cü il tarixdə əməliyyat qrupu təşkil olunmuş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin günü, yəni 15 iyun 2023-cü il tarixdə saat 17:00 radələrində ünvan 2 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs, Şahid4 və Şahid3 yaxınlaşıb özlərini təqdim etmişlər və onlarla birlikdə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə gəlməyə dəvət etmişlər, həmin şəxslər etiraz etməyərək Polis Bölməsinə gəlmişlər, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsində xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması bildirilmiş, şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmiş, bundan sonra Təqsirləndirilən şəxs təklif edilmiş ki, üstündə hər hansısa qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sol yan cibindən 1 ədəd içərisində ***-***-**-** GSM nömrəsi olan “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, həmin mobil telefonun özünə məxsus olmasını bildirdikdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən ağ kağız bükümü çıxarıb masanın üzərinə qoyaraq bildirmiş ki, həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin vardır. Təqsirləndirilən şəxs həmin bükümü şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, qanunla qadağan edilmiş hər hansısa bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə müvafiq rəy alınması üçün qablaşdırılaraq möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qismən etirafedici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: - «şəxsi axtarış və götürmə aparılması haqqında» 15 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən «Samsung» markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoyaraq telefonun ona məxsus olduğunu, üzərində ***-***-**-** saylı GSM nömrəsi olduğunu bildirmiş, şalvarının sağ yan cibindən 1 (bir) ədəd ağ kağız bükümünü çıxarıb təqdim etmiş, içərisində kakos adı ilə tanınan narkotik vasitə heroin olduğunu bildirmişdir. (cild İ, i/v 40-42). - «diskə baxış keçirilməsi haqqında» 03 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmə və götürmə barədə video çəkiliş görüntüləri olan CD formatlı diskə baxış keçirən zaman müəyyən edilmişdir ki, Binəqədi RPİ-nin baş təhqiqatçısı polis mayoru X1 RPİ-nin 7-ci Polis Bölməsinin inzibati binasında yerləşən xidməti otaqların birində şübhəli şəxs Təqsirləndirilən şəxs, Binəqədi RPİ- nin 7-ci PB-nin, CA üzrə ə/m polis mayoru, Şahid1, Binəqədi RPİ-nin 7-ci PB-nin, CA üzrə ə/m polis leytenantı, Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirir. Üzərinə şəxsi axtarış və götürmə keçirilən şəxsə özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində hər hansısa bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sol yan cibindən 1 ədəd içərisində ***-***-**-** GSM nömrəsi olan “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyur. Həmin mobil telefonun özünə məxsus olmasını bildirdikdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən ağ kağız bükümü çıxarıb masanın üzərinə qoyaraq bildirir ki, həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin vardır. Təqsirləndirilən şəxs həmin bükümü şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə heroinə bənzər maddə qablaşdırılıb üzəri möhürlənərək götürülmüşdür. Bundan sonra şəxsi axtarışın çəklişi təhqiqatçı tərəfindən dayandırılmışdır. (cild İ, i/v 84). Maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş CD diskdə olan video görüntülər məhkəmə iclasında nümayiş etdirilməklə bilavasitə tədqiq olunmuş və müəyyən edilmişdir ki, videogörüntülər «şəxsi axtarış və götürmə aparılması haqqında» və «videogörüntülərə baxış keçirilməsi haqqında» protokolların məzmunu ilə uyğundur. - «mobil telefona baxış keçirilməsi haqqında» 24 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd Samsung markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı həmin mobil telefonun qara rəngli olması müəyyən edilmişdir. Telefonu açdıqda mobil telefonun üzərində 1 ədəd olmaqla ***-***-**-** saylı mobil telefon nömrəsi olması müəyyən edilir. Bundan başqa mobil telefonda “menyu” bölməsinin həmin bölmədə daxil olan çıxan zənglərin olması, sms mətnlərinin olması, parametrlər bölməsinin olması müəyyən edilmişdir. Daxil olan sms mətnləri bölməsinə baxış zamanı ***-***-**-** saylı mobil telefon nömrəsindən daxil olmuş mesajda aşağıdakılar yazılmışdır: - Ay fudjik olurem men anamcanig pulm indi duzelb ata mene komek elede qaqamsan. Bundan başqa ***-***-**-** saylı mobil telefon nömrəsindən daxil olmuş smsdə aşadıkalar qeyd edilmişdir: - Neynirsen? Daw duzelmedi qaqawg? (cild İ, i/v 90). - Bakı şəhər Binəqədi RPİ-nin 7-ci PB-nin 28 iyul 2023-cü il tarixli məktubundan görünür ki, cinayət işi üzrə verilmiş əməliyyat tapşırığı üzrə bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, tapşırıqda qeyd edilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamış, lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq satışı ilə məşğul olması barədə əməliyyat məlumatları əldə etmişlər. (cild İ, i/v: 91) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixatriya Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubundan görsənir ki, xx.xx.1981-ci il təvəllüdlü ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə olmayıb. (cild İ, i/v: 178) - Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2023-cü il tarixli 6/3365 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs.imza” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-1,334 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (cild İ, i/v 49-53). - Məhkəmə fiziki-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2023-cü il tarixli 3-16-16/2— 6/4614 saylı rəyindən görünür ki, 3 ədəd qəhvəyi rəngli kağız paketdə qablaşdırılmış üzərlərində “...Təqsirləndirilən şəxs.imza”, “...imza Şahid4...”, “...imza Şahid3...” yazılar olan zərflərdəki heroinlər öz aralarında kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynidirlər. (cild İ, i/v:168-171) - Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin verdiyi 02 avqust 2023-cü il tarixli, 4917 №-li rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostumulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild İ, i/v 121-122). İstintaq orqanının «sübutların qiymətləndirilməsi haqqında» 07 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1,334 qram narkotik vasitə heroin, 01 ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin qərardan həmçinin görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitə heroinin ümumi təmiz çəkisinin 2,666 qram olması müəyyən olunmuşdur. (cild İ, i/v 187-201). İbtidai istintaq orqanının işdə olan «cinayət işinin materiallarından ayrıca icraata cinayət işinin ayrılması haqqında» 08 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır (cild İ, i/v 203-205). Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən onun məhkəmə iclasında verdiyi ifadəsi ilə bağlı bəzi məqamlara diqqət çəkməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində məhkəməni narkotik vasitələrin satışı ilə məşğul olmadığına, yalnız narkotik vasitədən istifadə edən digər yoldaşları ilə birlikdə narkotik vasitə alıb birlikdə istifadə edəcəklərinə inandırmağa çalışsa da, təqsirləndirilən şəxsin həmin ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid3 ifadələri arasında olan bəzi ziddiyyətlər Təqsirləndirilən şəxs əməlinin mahiyyətini aydın şəkildə göstərir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs özünün 9-cu mikrorayona tək getdiyini, Namaz və Turalın ayrı-ayrılıqda ona zəng edərək onlar üçün də narkotik vasitə götürməsini xahiş etdiklərini, həmin şəxslərlə “Bolmart”ın qarşısında görüşdüyünü, pulları bir yerdə yığıb bank kartına köçürdüyünü, göndərilən ünvandan narkotik vasitəni götürüb gətirən zaman tutulduğunu bildirmişdir. Halbuki, məhkəmə iclasında dindirilən şahidlər Şahid4 və Şahid3 ifadələri ilə müəyyən edilmişdir ki, onlar hər biri narkotik vasitə əldə etmək məqsədi ilə Təqsirləndirilən şəxs yanına gələrək onunla görüşmüş, daha sonra onlar birlikdə narkotik vasitəni qoyulduğu yerdən götürmək məqsədi ilə ünvana getmişlər. Başqa sözlə Təqsirləndirilən şəxs əməli narkotik vasitədən istifadə edən şəxslərlə toplanıb birlikdə narkotik vasitədən istifadə etməkdən ibarət olmamış, o, faktiki olaraq narkotik vasitə əldə etmək şəxsləri narkotik vasitə ilə təmin etmişdir. Məhkəmə hesab edir ki, bir-birini tanımayan iki ayrı şəxsin (Namaz və Tural) eyni vaxtda narkotik vasitə əldə etmək üçün məhz Təqsirləndirilən şəxsla əlaqə saxlamaqları artıq özü-özüyündə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasının göstəricidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, Şahid3 öz ifadəsində həmçinin bildirmişdir ki, o, Təqsirləndirilən şəxsla təzəlikcə tanış olmuş, taksi sürücüsü olmaqla Təqsirləndirilən şəxsla tanış olmasını, onun mobil nömrəsini məhz narkotik vasitə əldə etmək məqsədi ilə götürdüyünü və bu yolla da əlaqələrinin yarandığını bildirmişdir. Məhkəmə nəzərə alır ki, hər iki şəxs narkotik vasitələrin istifadəçisi olsa da, Şahid3 heç vaxt tanımadığı bir şəxslə sırf birlikdə narkotik vasitədən istifadə etmək məqsədi ilə tanış olmasını, sonradan da ona zəng etməsini məntiqli və ağlabatan davranış deyil. Bundan başqa təqsirləndirilən şəxsə məxsus mobil telefon nömrəsinə daxil olmuş sms yazışmalarından da görünür ki, müxtəlif şəxslər ona sms yazaraq narkotik vasitə verməsini istəmişlər. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin üzərindən cəmi 0,1 qram narkotik vasitə aşkar olunması ilə bağlı ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxs ifadəsində bir tərəfdən gündəlik dozasının 0,1-0,2 qram olduğunu, digər tərəfdən də tutulan gün 3 nəfər birlikdə pul toplayıb birlikdə istifadə etmək məqsədi ilə narkotik vasitə əldə etdiklərini bildirmişdir. Belə olan halda 0,1 qram narkotik vasitənin üç nəfər tərəfindən istifadə olunmasını inandırıcı hesab etmir. Eyni zamanda həm təqsirləndirilən şəxsin, həm də Şahid4 və Şahid3 üzərində video müşahidə altında şəxsi axtarış keçirilmiş və onların üzərindən aşkar edilmiş narkotik vasitələrin ümumi təmiz çəkisinin 2,666 qram olması müəyyən edilmişdir. Eyni zamanda cinayət işi üzrə şahidlər Şahid3 və Şahid4 məhkum olunmasına dair məhkəmə hökmləri cinayət işinin materiallarına əlavə edilmiş və həmin şəxslərin məhkum olunmasına dair məhkəmə hökmləri ilə həm Şahid3, həm də Şahid4 üzərindən aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs 5 və 10 manat müqabilində əldə etmələri müəyyən edilmiş, həmin fakt məhkəmənin qanuni qüvvəsini almış hökmü ilə öz təsbitini tapmışdır. Başqa sözlə, yuxarıda qeyd olunan məhkəmə hökmləri ilə müəyyən edilmiş hallar məhkəmə üçün preyudisial əhəmiyyət daşımaqla yenidən sübut etmənin predmetini təşkil etmir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs, Şahid3 və Şahid4 üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 2,666 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin külli miqdar həddindən artıq miqdarda olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini külli miqdarda əldə edib, daşıyıb saxlaması, həmin maddələri müəyyən məbləğ qarşılığında tanışları Şahid3 və Şahid4 verməsi, habelə narkotik vasitələrin satışı ilə bağlı onun mobil əlaqələri, sms yazışmaları, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Azərbaycan Respublikası CM-nin 31-ci maddəsinə əsasən «İki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır». Qanunun qeyd olunan normasında iştirakçılığa verilən anlayış özündə üç əlaməti – cinayətin edilməsində iki və ya daha artıq şəxsin iştirakını, cinayətin edilməsində iki və ya daha artıq şəxsin birgə iştirakını və onların qəsdən törədilən cinayətdə qəsdən birgə iştirakını ehtiva edir. Hər hansı cinayət əməli baş verən zaman hər üç əlamət ardıcıl qaydada mövcud olduğu təqdirdə şəxsin əməli cinayətdə iştirakçılığın növü və ya forması baxımından tövsif edilə bilər. Cinayətin iştirakçılığının birinici və ikinci əlamətinə görə cinayətdə iştirakçılıqda ən azı iki nəfər olmalıdır və həmin şəxslərin hərəkətləri «birgə» olmalıdır. Cinayətin birgə edilməsi anlayışı özündə üç tərkib ünsürünü – cinayətin hər bir iştirakçısının hərəkəti digər iştirakçının edəcəyi hərəkətə kömək etməsini; bütün iştirakçıların hərəkəti vahid nəticəyə doğru istiqamətlənməsini; iştirakçıların hər birinin hərəkəti ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmasını ehtiva edir. Cinayətdə iştirakçılığın sonuncu əlaməti – cinayətin qəsdən törədilməsinə yönələn qəsdən birgə fəaliyyətdə ifadə olunur. Məhkəmə təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətməsi ilə bağlı ittihamla əlaqədar qeyd edir ki, təqsirləndirilən şəxsin narkotik vasitəni Ramiz adlı İran İslam Respublikasının vətəndaşı ilə əvvəlcədən razılaşmaqla və onun vasitəsi ilə əldə etməsi, götürdüyü narkotik vasitələrin Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirməsi, başqa sözlə onların hər ikisinin hərəkətinin ortaq nəticəyə yönəlməsi onların cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələrinə dəlalət edir. Buna görə də, təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən düzgün olaraq iştirakçılığa, yəni qabaqcadan əlbir olan bir qrup şəxs əlamətinə görə tövsif olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla, saxlamaqla və satmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşımaqla, daha yüngül maddə üzrə cinayət məsuliyyətinə cəlb edilməsinə nail olmağa yönəlmişdir. Buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə bu hissədə tənqidi yanaşır və inandırıcı hesab etmir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 01 il 07 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarına əsasən cəzası 06 ay azaldılıb və cəzasını çəkmiş hesab edilərək cəzadan azad edilmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan ambulator məcburi-narkoloji yoxlama üzrə 02 avqust 2023-cü il tarixli, 4917 nömrəli rəy əsas götürülməli, narkoloji müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin tibbi rəyin tövsiyələrinə uyğun olaraq o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsini, əməlinin cinayətlərin residivini yaratması, yeni cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 23 may 2024-cü il tarixdən hesablanmalı, onun ibtidai istintaq zamanı həbsdə olduğu 4 (dörd) ay ona təyin edilmiş cəzadan çıxılmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 15 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 17 iyun 2023-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 15 iyun 2023-cü il tarixdən hesablanmışdır. Bundan sonra cinayət işi məhkəməyə göndərilən ərəfədə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin başa çatması ilə əlaqədar o, həbsdən azad olunmuş və 16 oktyabr 2023-cü il tarixli qərarla təqsirləndirilən şəxsin barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 15 iyun 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməli və həmin 04 (dörd) ay müddət ona təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri altında olsa da, onun barəsində Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi ilə əlaqədar həbs olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki olaraq həbsdə olmasını, həmçinin onun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1, 334 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsə məxsus olub, şəxsi axtarış zamanı götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon sahibinə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 135 (yüz otuz beş) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X6 420 (dörd yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 15 iyun 2023-cü il tarixdən 15 oktyabr 2023-cü il tarixədək həbsdə olduğu 04 (dörd) ay ona təyin olunmuş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində 05 (beş) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 23 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,334 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 135 (yüz otuz beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X6 420 (dörd yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar