Məhkəmə qərarları › İş №1(101)-960/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-960/2023

01.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-960/2023 01.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X3 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Verdiktum” Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx xxxxxxx 1998-ci ildə Tər-Tər şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşgul olmuş, əvvəllər məhkum olunmuş və məhkumlugu götürülmüş, Tər-Tər rayonu, Tər- Tər şəhəri, Nizami kücəsi, ev 40 mənzil 10 da qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa Davud adı ilə məlum olan şəxslə internet informasiya ehtiyatlarından istifadə etməklə narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında istintaqla müəyyən edilməyən vaxtda 1 ədəd bükümdə olmaqla təmiz çəkisi 1,915 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini, 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 50,047 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1 ədəd bükümdə təmiz çəkisi 100,05 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 26 oktyabr 2022-ci il tarixdə saat 00:15 radələrində ünvan 2 ünvanın qarşısında DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək videoçəkilişdən istifadə etməklə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 1,915 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüş, istintaq hərəkətlərinin davamı olaraq 26 oktyabr 2022-ci il tarixdə saat 2:30-da yaşadığı ünvan 5 ünvanında yerləşən mənzildə müdafiəçinin iştirakı və videoçəkilişdən istifadə etməklə keçirilmiş baxış və götürmə zamanı yataq otağında olan taxta konstruksiyalı dolabın içərisindən 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 50,047 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 100,05 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd üzərində narkotik vasitə heroinin izləri olan “CAS CUX 420H” markalı elektron tərəzi və 1 ədəd “Kapital Bank”-ın 4169 7413 4744 5650 nömrəli plastik bank kartı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 oktyabr 2022-ci il tarixdə saat İran vətəndaşından 100 qram marixuana almışdır. 26 oktyabr 2022-ci ildə ünvan 6 ünvanında yerləşən evdə polislər onu tutaraq Xətai RPİnin 34-cü PŞ-nə gətirib orada döymüşlər. İttiham aktında qeyd edilmiş 100 qram marixuana ona məxsusdur, 50 qram heroin və 2 qram metafetamin onun deyildir. Metafetamini polis əməkdaşları cibinə qoymuş, heroin isə evdə axtarış zamanı aşkar edilmişdir. 100 qram marixuanın bir hissəsini istifadə etdiyi üçün 90 qrama yaxın marixuananın ona məxsus olduğunu etiraf etmişdir. Aşkar edilmiş elektron tərəzi və plastik kartlar ona məxsus deyildir. Mobil telefonuna baxış keçirilən zaman narkotik vasitələrin satışı ilə bağlı heç bir yazışma aşkar edilməmişdir. Marixuanadan istifadə etmiş, 100 qram marixuananı şəxsi istifadəsi üçün əldə etmişdir. Onu ünvan 6 ünvanında əmisigilin kirayə yaşadığı evin içində tutmuş, sonra polis şöbəsinə gətirmiş, daha sonra isə yenidən Xətai rayonu, Telnov küçəsi ev 7 ünvanına gətirmişlər. Sonra videoçəkilişlə evə baxış keçirilmiş, evdən 100 qram marixuana və 50 qram heroin aşkar edildiyi ittiham aktında qeyd edilsə də, 50 qram heroin ona məxsus olmamışdır. İran vətəndaşı ilə “instagram” sosial şəbəkəsində tanış olmuşdur. Həmin şəxs “WhatsApp” vasitəsilə ona narkotik vasitənin yerləşdirildiyi ərazinin şəklini göndərmiş, o da narotik vasitəni həmin ərazidən götürmüşdür. Onu ünvan 6 ünvanında saxlamış və həmin vaxt qohumları da evdə olmuşdur. 2 qram metafetamin sellofan bükümdə olmuşdur. Şahid1 və digər polis əməkdaşları tərəfindən ünvan 6-də saxlanılmış, polislər onu tutduqdan sonra mobil telefonuna baxış keçirmişlər. Onu ünvan 6 ünvanına gətirib evdə yenidən axtarış aparmış, axtarış zamanı aşkar edilmiş 50 qram heroin ona məxsus deyildir. Onu həm bölmədə, həm də evdə döymüşlər. BNMİ-də təhqiqatçının yanında döyülmüş, lakin həmin şəxsin adını xatırlamamışdır. Polis əməkdaşları ona fiziki təzyiq göstərdiyi üçün üzərinə keçirilən şəxsi axtarış zamanı narkotik vasitələrin ona məxsus olduğunu demişdir. Qollarını ulduz şəklində qandalla bağlayaraq bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuşlar. Şəxsi axtarışda müdafiəçi də iştirak etmişdir. Polis əməkdaşları onu elə vururmuşlar ki, heç bir xəsarət yaranmamışdır. X11 yerinə, nə də Bakı İstintaq Təcridxanasına daxil olarkən xəsarət aldığını deməmişdir. Polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı heç bir dövlət orqanına şikayət etməmişdir. Bakı İstintaq Təcridxanasına daxil olan zaman bədənində xəsarət aşkar edilməmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmiş, ibtidai istintaqda məhkəmə istintaq zamanı verdiyi ifadələrinə uyğun ifadələr versə də, dindirmə protokolunda qeyd edilməmişdir. Şahid1 ona fiziki təsir göstərməmiş, polis əməkdaşları onu evdə tutmuşlar. Cinayət işinin materiallarında olan cild 1, iş vərəqə 24-25-də şəxsi axtarış protokolunda olan imzalar ona məxsus olmuş, cild 1, iş vərəqə 54-56, 69-71 və 184- 186-da dindirmə protokollarında olan imzalar ona məxsus olmamışdır. Sənədlərə imza etsə də, dindirmə protokolunda olan imzalar ona məxsus olmamışdır. Saxlanılan zaman Şahid2 orada olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 26 oktyabr 2022-ci il tarixdə saat 00:15 radələrində yaşadığı ünvan 6 ünvanının yanında olan zaman 2 nəfər mülki qeyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib xidməti vəsiqələrini təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarla onu tanış etdikdən sonra onlarla birlikdə Xətai RPİ-nin 34-cü PŞ-nə getmişldir. Orada hüquqlarını müdafiə edəcək vəkil dəvət edilmiş, vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutularaq Azərbaycan Respublikasının CPM-də sadalanan hüquqları elan edilmiş və o, bu barədə bildirişi imzalayıb almışdır. Bundan sonra təhqiqatçı Yelmar müəllim elan etmişdir ki, üzərində axtarış və götürmə aparılacaqdır. O, razılığını verdikdən sonra təhqiqatçı təklif etmişdir ki, üstündə olan qanunsuz əşyaları könüllü şəkildə təqdim etsin. O, gizlətməyin heç bir mənasının olmamasını başa düşərək üstündə olan əşyaları təqdim etmişdir. Əynində olan şalvarının sağ yan cibindən gəzdirdiyi 1 ədəd bükümdə olan psixotrop maddə metafetamini təqdim edərək qarşısında olan masaya qoymuşdur. Daha sonra əynində olan şalvarının sağ yan cibindən istifadə etdiyi 1 ədəd “Xiaomi Redmi” markalı mobil telefon və 1 ədəd açar aşkar edilərək götürülmüşdür. Təqdim etdiyi metafetamin elektron tərəzidə çəkilərək qablaşdırılıb möhürlənmiş və üzəri tədbir iştirakçıları tərərindən imzalanmışdır. Telefon da götürülmüş, açar isə ona qaytarılmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, üstündən aşkar edilmiş metafetamini anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşı olan və 1 aya yaxın bir müddətdə sosial şəbəkədə tanış olduğu “Davud” adlı şəxsin vasitəsilə 3 gün əvvəl Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən əldə etmiş, sonuncunun göstərişi ilə əvvəlcədən bildirilmiş ünvanlara narkotik vasitələri qoymaqla bu işə görə “Davud” adlı şəxs ona 500 manat pul verəcəkdir. Daha sonra polis əməkdaşlarına bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu ərazisində yaşadığı mənzildə də narkotik vasitələr var və həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmir. Sonra yaşadığı mənzilə getmişlər. Yaşadığı mənzilə çatan kimi ona təklif olunmuşdur ki, evdə saxladığı narkotik vasitələri könüllü olaraq təqdim etsin. Bu təklifdən dərhal sonra mənzildə olan yataq otağındakı taxtalı dolabın içərisindən 1 ədəd bükümdə heroini, 1 ədəd bükümdə marixuananı, plastik bank kartını və 1 ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitələr elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq möhürlənmiş və üzəri proses iştirakçıları tərəfindən imzalanmışdır. Tutulma, şəxsi axtarış və götürmə, mənzilində aparılmış tədbirər zamanı polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki və ya mənəvi zorakılıq və ya təzyiqlər olmamışdır. Davudun əsl adını bilmir, şəxsən tanımır və onun anket məlumatlarını da bilmir. İşi son 1 ay ərzində Bakı şəhərinin ayrı-ayrı yerlərində olan narkotik vasitə və psixotrop maddələri ona əvvəlcədən atılan yer əsasında götürərək evində saxlamaq, daha sonra isə lazım olan ünvanlara daşımaqdan ibarət olmuşdur. Tutulmazdan 3 gün əvvəl Abşeron rayonunda dəqiq yerini xatırlamadığı bir yerdən narkotikəri götürərək evə aparmışdır. Daha sonra isə həmin narkotikləri payladıqdan sonra Davud ona 500 manat pul verməli idi. Özü arabir patıdan (metafetamindən) istifadə etmişdir. “Davud” adlı şəxs öz göstərişlərini “WhatsApp” vasitəsilə ona bildirmiş, narkotik kuryeri kimi onun təşkil etdiyi sifarişləri lazım olan ünvanlara çatdırmış, əvvəlcədən göstərilmiş şəkillərin və geolokasiya mesajlarının köməyi ilə Davudun sifarişlərini götürərək faktiki yaşadığı mənzilə aparmışdır. Həmin mənzildə Davudun bağlamalarında olan narkotikləri və psixotrop maddələri bükümlərə, yəni dozalara bölmüşdür. Davud ilə özü istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlamışdır. Davudun işlətdiyi nömrə yadında qalmasa belə, xarici nömrə olmasından əmindir (cild 1, iş vərəqə 54-56, 69-71 və 184-186). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 25 oktyabr 2022-ci il tarixdə BNMİ-nə qərəzsiz mənbədən Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlanılması üçün rəhbərlik tərəfindən dərhal əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o və BNMİ-nin əməliyyat müvəkkili Şahid2 daxil edilmişdir. Bundan sonra əməliyyat tədbirləri keçirilərək Xətai rayonu, Telnov küçəsi 7 ünvanının qarşısında Təqsirləndirilən şəxs piyada getdiyini görərək ona yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Təqsirləndirilən şəxs bildirmişlər ki, qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarla tanış olsun, qərarı ona təqdim etmiş, sonra da onlarla birlikdə Xətai RPİ-nin 34-cü PŞ-nə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs həmin polis şöbəsinə gətirdikdən sonra onun hüquqlarını müdafiə edəcək vəkil dəvət edilmiş, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və hüquq və vəzifələri elan edilmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində axtarış aparılacağını bildirmişdir. Təqsirləndirilən şəxs razı olduqdan sonra təhqiqatçı təklif etmişdir ki, üstündə olan qanunsuz əşyaları könüllü şəkildə təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan şalvarının sağ yan cibindən 1 ədəd bükümdə olan psixotrop maddə metafetamini təqdim edərək qarşısında olan masaya qoymuş və sonra metafetamin qablaşdırılmışdır. Daha sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üstündən aşkar edilmiş metafetamini anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşı olan və 1 aya yaxın bir müddətdə sosial şəbəkədə tanış olduğu “Davud” adlı şəxsin vasitəsilə əvvəlcədən təyin edilmiş yerdən əldə etdiyini, sonuncunun göstərişi ilə əvvəlcədən bildirilmiş ünvanlara narkotik vasitələri qoymaqla bu işə görə “Davud” adlı şəxs ona 500 manat pul verəcəkdir. Daha sonra bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu ərazisində yaşadığı mənzildə də narkotik vasitə var və həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmir. Bundan sonra həmin tarixdə gecə saat 2:30-da Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 7, mənzil 9-da faktiki yaşayan Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə həmin mənzildə baxış keçirilmişdir. Təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs həmin mənzildə saxladığı narkotik vasitələri və psixotrop maddələri təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs həmin narkotik maddələri təqdim edə biləcəyini demişdir. Baxış və götürmə iştirakçıları mənzilə daxil olduqdan sonra sol tərəfdə olan yataq otağına keçdikdə Təqsirləndirilən şəxs sol tərəfdə olan taxta dolabın alt siyirməsindən içərisində ağ sellofan büküm olan çantanı çıxarıb masanın üzərinə qoymuşdur. Büküm açıldıqda içərisində açıq qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər maddə və 1 ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, bundan başqa çantanın içərisində 1 ədəd bank kartı və elektron tərəzi aşkar olunmuşdur. Aşkar edilmiş narkotik vasitə heroinə və qurudulmuş marixuanaya bənzər maddələr və eletron tərəzi təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, Bakı şəhərinin ayrı-ayrı yerlərində olan narkotik vasitə və psixotrop maddələri ona əvvəlcədən atılan yerdən götürərək evində saxlamalı, daha sonra isə “Davud” adlı şəxsin bildirəcəyi ünvanlara daşımalıdır. Təqsirləndirilən şəxs narkotik vasitələri “Davud” adlı şəxsin vasitəsilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs başqa heç bir şəxs saxlanılmamışdır. Narkotik vasitələri payladıqdan sonra “Davud” adlı şəxs Səxavətə 500 manat pul verməliymiş. Narkotik vasitələrdən əlavə elektron tərəzi də aşkar edilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmiş, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Cəmyyət oğlu Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması” haqqında 26 oktyabr 2022-ci il tarixli və “diskə baxış keçirilməsi haqqında” 1 fevral 2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 1 ədəd “DVD-R” formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristalşəkilli maddə olan 1 ədəd büküm, sol cibindən isə “Xiaomi Redmi” markalı mobil telefon və 1 ədəd açar aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 24-25 və 152-153). Cinayət işinin materiallarında olan “mənzilə baxış keçirilməsi və götürmə” haqqında 26 oktyabr 2022-ci il tarixli və “diskə baxış keçirilməsi haqqında” 1 fevral 2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsinin görüntüsü olan 1 ədəd “DVD-R” formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı yerə baxış keçirilən zaman taxta dolabın aşağı siyirməsindən içərisində qəhvəyi rəngli 1 ədəd büküm, içərsində yaşıl rəngli ota bənzər maddə olan 1 ədəd büküm, 1 ədəd elektron tərəzi və 1 ədəd “Kapital Bank”-ın 4169 7413 4744 5650 nömrəli plastik bank kartı aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 28-29 və 154-155). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 oktyabr 2022-ci il tarixli 7/1224 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr və 1 ədəd elektron tərəzi” yazılan çantada 1 ədəd üzəri şəffaf yapışqanlı lentlə yapışdırılmış sellofan bağlamada təmiz çəkisi 100,05 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin çantada olan 1 ədəd gümüşü rəngli elektron tərəzinin səthində bitki mənşəli narkotik vasitə hissəcikləri yoxdur. Marixuana (kannabis) Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: marixuananın ümümi təmiz çəkisi 100,05 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 100 qram, cild 1, iş vərəqə 36-38). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 oktyabr 2022-ci il tarixli 7/6196 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” və s. yazılar və imzalar olan paketdə 1 ədəd bükümdə təmiz çəkisi 1,915 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr və elektron tərəzi...” və s. yazılar və imzalar olan çantada 1 ədəd bükümdə təmiz çəkisi 50,047 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd elktron tərəzinin üzərində narkotik vasitə heroinin izləri müəyyən edilmişdir. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metafetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. (Qeyd: heroinin ümümi təmiz çəkisi 50,047 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 49,947 qram, metafetaminin ümümi təmiz çəkisi 1,915 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 1,815 qram, cild 1, iş vərəqə 41-43). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 7 yanvar 2023-cü il tarixli 55 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 132-133). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan 2 fevral 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkiləri 100 qram olan narkotik vasitə marixuana, 49,947 qram olan narkotik vasitə heroin, 1,815 qram olan psixotrop maddə metafetamin və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 2 ədəd “DVD-R” disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 158-169). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayon məhkəməsinin 28 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 1 (bir) il 1 (bir) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli “Amnistiya” Qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmiş və həmin qərara əsasən məhkumluğu götürülmüşdür (cild 1, iş vərəqə 107-108). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli “Amnistiya” Qərarına əsasən Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayətə görə cəzadan azad edilməklə məhkumluğu götürüldüyündən bu hal residiv müəyyən edilən zaman nəzərə alınmır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 16). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 26 oktyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 82-85). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 26 oktyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 198 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkiləri 100 qram olan narkotik vasitə marixuana, 49,947 qram olan narkotik vasitə heroin, 1,815 qram olan psixotrop maddə metafetamin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -2 ədəd “DVD-R” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 26 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 198 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkiləri 100 qram olan narkotik vasitə marixuana, 49,947 qram olan narkotik vasitə heroin, 1,815 qram olan psixotrop maddə metafetamin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -2 ədəd “DVD-R” disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar