Məhkəmə qərarları › İş №1(101)-961/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-961/2020

18.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-961/2020 18.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5 və X6, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 və ədliyyə müşaviri Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi, döngə 5, ev 12 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarına əsasən barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və məhkəmənin xx xxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs naməlum mənbədən əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını 2020-ci il fevral ayının 23-də yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi, döngə 5, ev 12 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində saxsı qablarda qanunsuz olaraq külli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkilərini əkib yetişdirərək, onlara aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 əməkdaşları tərəfindən xx xxx 2020-ci il tarixdə saat 22:50 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi, döngə 5, ev 12 ünvanında yerləşən həyətyanı sahəyə baxış keçirilərkən Təqsirləndirilən şəxs qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi yaş vəziyyətdə ümumi çəkisi 615 qram olan ümumilikdə 75 (yetmiş beş) ədəd, yəni külli miqdarda əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxx 2020-ci il tarixdə saat 22:40 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi N.Abbasov küçəsi, döngə 5, ev 12 ünvanda yerləşən yaşadığı evin yaxınlığında olan zaman özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər ona yaxınlaşaraq onun narkotik vasitələrin kultivasiyasında şübhəli olduğunu bildirmişlər. Ona yaşadığı evə baxış keçiriləcəyi izah olunmuş, o, bu barədə razılıq ərizəsi yazdıqdan sonra videoçəkiliş aparılmaqla baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı o, yaşadığı evin həyətyanı sahəsində çətənə bitkilərinin kultivasiyası ilə məşğul olduğunu bildirmiş və yaşadığı evin arxa tərəfindəki həyətyanı sahədə olan dibçəklərdə əkibbecərdiyi çətənə kollarını təqdim etmişdir. Həmin kollar ilkin mərhələdə dibçəklərdə, daha sonra kökü ilə birlikdə dibçəklərdən çıxarıldıqdan sonra sayılmış və çətənə kollarının ümumi sayı yetmiş beş ədəd olmuşdur. Daha sonra həmin yetmiş beş ədəd çətənə kolları içi boş olan ağ rəngli torbaya qoyulmuş, möhürlənib qablaşdırılmış, üzərində müvafiq qeydlər aparıldıqdan sonra götürülmüşdür. Sonra polis işçiləri yaşadığı evin həyətyanı sahəsinin digər hissələrinə, yaşadığı evin dəhlizinə, yataq otağına, qonaq otağına, mətbəxə, sanitar qovşağa baxış keçirilmiş və əlavə olaraq hər hansı əşya, predmet və maddə aşkar olunmamışdır. Həmin vaxt ona verilən suallara cavab olaraq baxış keçirilən evdə tək yaşadığını, təqdim etdiyi yetmiş beş ədəd çətənə kollarını ağrıları olduğu üçün şəxsi istifadə məqsədilə dibçəklərdə əkib-becərdiyini və aqro-texniki qulluq göstərdiyini, bundan heç kimin xəbəri olmadığını bildirmişdir. Həmçinin o, çətənə bitkisinin toxumunu 11 il əvvəl Bakı şəhəri ərazisindən əldə etdiyini, hər il şəxsi istifadəsi üçün çətənə bitkisinin kultivasiyası ilə məşğul olduğunu sözlərinə əlavə etmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Baş X3 gəlmiş və orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, lakin heç bir qanunsuz əşyalar üzərindən aşkar edilməmişdir. Ona polis idarəsində heç kim fiziki və ya psixi güc tətbiq etməmişdir. O, narkotik vasitə olan el arasında “nəşə” deyilən marixuanadan istifadə etdiyini, başqa heç bir narkotik vasitədən istifadə etmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs bel-oma nahiyələrində və başında həmişə güclü ağrılar olduğunu, həmin ağrılarından qurtulmaq üçün narkotik vasitə marixuanadan istifadə etdiyini, narkotik vasitəni almaq üçün maddi imkanı olmadığına görə özünün az şəkildə əkib-becərdiyini və sonradan həmin narkotiki qurudub istifadə etdiyini, törətdiyi əməldən peşman olduğunu ifadəsinə əlavə etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 Təhqiqat Qrupunun təhqiqatçısı Şahid1 ifadəsində göstərdi ki, xx xxx 2020-ci il tarixdə alınmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fərdi evdə yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra o, digər polis əməkdaşları Şahid2, Şahid4, Şahid3 və mütəxəssis qismində dəvət olunmuş X4 ilə həmin ünvana yollanmışlar. Saat 22 radələrində yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs müəyyən etdikdən sonra ona yaxınlaşıb saxlamışlar və özlərini təqdim edərək Baş X2 əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmuş, əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar ona elan edilmiş, yaşadığı evə baxış keçirilməsi zərurəti izah olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı olmadığın bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Baxış Təqsirləndirilən şəxs yaşadığı fərdi evin qapısının qarşısından başlanmış və baxış zamanı videoçəkiliş aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə iştirakçılarla birlikdə daxil olmuşlar. Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfindəki həyətyanı sahədə olan dibçəklərdə əkib-becərdiyi tərkibində narkotik maddələr olan çətənə bitkisinə oxşar kolları təqdim etmişdir. Həmin kollar ilkin mərhələdə dibçəklərdə, daha sonra kökü ilə birlikdə dibçəklərdən çıxarıldıqdan sonra sayılmış və çətənə bitkisinə oxşar kolların ümumi sayı yetmiş beş ədəd olmuşdur. Daha sonra həmin çətənə kolları ağ rəngli torbaya qoyulmuş, möhürlənib qablaşdırılmış, üzərində müvafiq qeydlər aparıldıqdan sonra götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinin digər hissələrinə, yaşadığı evə baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən başqa hər hansı əşya, predmet və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs suallara cavab olaraq həmin fərdi evdə tək yaşadığını, təqdim etdiyi yetmiş beş ədəd çətənə kollarını şəxsi istifadəsi üçün özünün dibçəklərdə əkib-becərdiyini və aqrotexniki qulluq göstərdiyini, bundan heç kimin xəbəri olmadığını, çətənə bitkisinin toxumunu 11 il əvvəl Bakı şəhəri ərazisindən əldə etdiyini, hər il şəxsi istifadəsi üçün çətənə bitkisinin kultivasiyası ilə məşğul olduğunu bildirmişdir. Həmin vaxt baxışda iştirak edən aqronom X10 Mirzoyevin təqdim etdiyi dibçəklərdə əkilmiş kolların tərkibində narkotik maddələr olan çətənə bitkiləri olduğunu, həmin çətənə kollarına aqrotexniki qaydada qulluq olunmaqla məqsədli şəkildə əkildiyini və onların yabanı halda bitmədiyini qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Baş X3 gətirilmiş və şübhəli şəxs qismində tutulduqdan sonra vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmış, lakin bu zaman onun üzərindən qanunsuz heç nə aşkar edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri müvafiq qaydada protokollaşdırılmış və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında dindirilmiş şahidlər Şahid4 və Şahid3 Şahid1 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında Şahid2 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan və tədqiq edilərkən onun Şahid1 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 109-111). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxx 2020-ci il tarixli evə baxış və götürmə haqqında protokoluna əsasən, Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfindəki həyətyanı sahədə olan dibçəklərdə əkib-becərdiyi tərkibində narkotik maddələr olan çətənə bitkisinə oxşar kolları təqdim etmişdir. Həmin kollar ilkin mərhələdə dibçəklərdə, daha sonra kökü ilə birlikdə dibçəklərdən çıxarıldıqdan sonra sayılmış və çətənə bitkisinə oxşar kolların ümumi sayının yetmiş beş ədəd olduğu müəyyən edilmişdir. Daha sonra həmin yetmiş beş ədəd çətənə bitkisinə oxşar kollar içi boş olan ağ rəngli torbaya qoyulmuş, möhürlənib qablaşdırılmış, üzərində müvafiq qeydlər aparıldıqdan sonra götürülmüşdür. İstintaq hərəkətlərinin gedişini özündə əks etdirən videogörüntülərin olduğu bir ədəd disk iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 16-17). İş materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının xx xxx 2020-ci il tarixli 7/246 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı...” yazıları və imzalar olan 1 (bir) ədəd ağ rəngli sintetik torbadakı ümumi sayı 75 (yetmiş beş) ədəd yaş vəziyyətdə ümumi çəkisi – 615 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Təqdim edilmiş çətənə (kannabis) bitkiləri eyni növə aiddir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir (cild 1, iş vərəqi 46-47). Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 1443 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 106-107). İbtidai istintaq orqanının xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə Təqsirləndirilən şəxs həyətindən götürülmüş yaş vəziyyətdə ümumi çəkisi 615 qram olan 75 ədəd narkotik təbiətli çətənə bitkiləri maddi sübut kimi tanınmış və tədqiqatlardan sonra qalıq çəkisi 613,5 qram olan 75 ədəd narkotik təbiətli çətənə bitkilərinin məhkəmənin hökmünə qədər Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılması nəzərə alınmış, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evin həyətində baxış zamanı və üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərin olduğu 1 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 131-137). İş materiallarında olan xx.xx.2020-ci il tarixli 008-2332-1220 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 22:40 dəqiqədə saxlanılaraq Baş X2 inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan xx.xx.2020-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi, döngə 5, ev 12 ünvanında qeydiyyatda olmaqla yaşayır, ərazi üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 101-102). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 alınmış xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir dəfə məhkum olunsa da, hazırda onun məhkumluğu ödənilmişdir (cild 1, iş vərəqi 119-120). Yuxarıda sadalanan sübutları qiymətləndirən məhkəmə kollegiyası Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs iş üzrə obyektiv həqiqətin müəyyən edilməsinə köməklik göstərməsini, törətdiyi əməldən peşman olmasını və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı şübhəli şəxs qismində tutulub saxlandığı xx xxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən, həmin tarixdə adı çəkilən şəxs Azərbaycan Respublikası DİN Baş X2 təhqiqat qrupu tərəfindən şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarına əsasən barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və məhkəmənin həmin tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə maddi sübutlar - Bakı şəhəri, Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs həyətindən götürülmüş yaş vəziyyətdə ümumi çəkisi 615 qram olan 75 ədəd narkotik təbiətli çətənə bitkilərinin tədqiqatlardan sonra qalıq çəkisi 613,5 qram olan 75 ədəd narkotik təbiətli çətənə bitkiləri məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, iş üzrə məhkəmə məsrəfləri hesab edilən 69,82 (altmış doqquz manat) 82 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 1443 nömrəli rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunsa da, onun hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması nəzərə alınaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından ona məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İbtidai araşdırma zamanı onun həbsdə və ev dustaqlığında saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbir təyin edilməsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübutlar - Bakı şəhəri, Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs həyətindən götürülmüş yaş vəziyyətdə ümumi çəkisi 615 qram olan 75 ədəd narkotik təbiətli çətənə bitkilərinin tədqiqatlardan sonra qalıq çəkisi 613,5 qram olan 75 ədəd narkotik təbiətli çətənə bitkiləri məhv edilsin. Məhkəmə məsrəfləri hesab edilən 69,82 (altmış doqquz) manat 82 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar