Məhkəmə qərarları › İş №1(101)-961/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-961/2022

10.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-961/2022 10.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Fazil adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, aralarında olan razılığa əsasən sonuncu tərəfindən Bakı şəhəri, Nizami rayonu ərazisində gizlədilmiş külli miqdarda ümumi təmiz çəkisi 509,844 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 150 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki 22 yanvar 2022-ci il tarixdə qanunsuz olaraq əldə edib daşımaqla üzərində və kirayə yaşadığı Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli qəsəbəsi, X5 küçəsi, ev 51 ünvanında saxlamış, 24 yanvar 2022-ci il tarixdə saat 23:50 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli qəsəbəsi, X5 küçəsi, ev 51 ünvanın yaxınlığında piyada hərəkət edərkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq hava və əməliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanların vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və orada 25 yanvar 2022ci il tarixdə müdafiəçinin iştirakı və video çəkilişlə üzərində şəxsi axtarış keçirilən zaman, həmin narkotik vasitə heroinin bir qismi əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 9,844 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürüldükdən sonra, əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə saat 02:20 dəqiqədə Təqsirləndirilən şəxs könüllü razılığı əsasında yaşadığı Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli qəsəbəsi, X5 küçəsi, ev 51 ünvanına baxış keçirilərkən evin girişindən sol tərəfdə yerləşən çarpayının üstündəki sellofan torbanın içərisindən, 01 ədəd bükümdə üzərindən aşkar olunmuş narkotik vasitə heroinlə eyni tərkibli, külli miqdarda təmiz çəkisi 500 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 150 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyə malik maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, 01 ədəd üzərində heroin izləri olan gümüşü rəngli elektron tərəzi, 02 ədəd narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı qeydlər əks olunmuş dəftər aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, 24 yanvar 2022-ci il tarixdə saat 23:50də yaşadığı ünvanın yaxınlığında, Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli qəsəbəsi, X5 küçəsi ev 51 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər və xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu BNMİ-yə aparmışlar. Polis əməkdaşları onu BNMİ-ə apararkən əllərini ciblərinə salmağa imkan verməmişlər. BNMİ-də dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla dövriyyəsi qadağan olunmuş əşya olduğu halda həmin əşyanı təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, çıxılmaz vəziyyətdə olduğunu görüb əynində olan şalvarın sağ yan cibindən l(bir) bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan gödəkçənin sağ yan cibindən l(bir) ədəd açar, əynində olan şalvarın sol yan cibindən ona məxsus şəxsiyyət vəsiqəsi, 20 (iyirmi) manat pul və içərisində ***-***-**-** və ***-***-**-** GSM mobil nömrə olan “Texno” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və heroinin çəkisi qablaşdırma ilə birlikdə 11 (on bir) qram olmuşdur. Sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Texno” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi bu barədə ona izah verildikdən sonra götürülmüş, l(bir) ədəd açar və 20 (iyirmi) manat pul isə özünə geri qaytarılmışdır. Polis əməkdaşlarına üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Fazil” adlı şəxsin vasitəsi ilə iki gün bundan əvvəl “Xalqlar dostluğu” metrostansiyası yaxınlığında deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, gördüyü işin qarşılığında sonuncunun ona hər kiloqram narkotik vasitələrə görə 1000 (min) manat pul ödəyəcəyini, indiyə kimi “Fazil” adlı şəxsdən 3(üç) dəfə narkotik maddələr götürdüyünü, həmçinin yaşadığı Bakı şəhəri, Xətai rayonunda yerləşən evində də narkotik maddə saxladığını, həmin narkotik maddələri təqdim edə biləcəyini, yaşadığı evdə qiymətli qızıl-zinət əşyalarının olmadığını, evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə vermişdir. Sonra yaşadığı evə getmişlər. Orada o baxış və götürülmə aparılması haqqında qərarla tanış olmuş və ona yaşadığı evdə saxladığı narkotik vasitələri təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, evin girişindən sol tərəfdə yerləşən çarpayının üzərindən içərisində 1 büküm heroin, 1 büküm tiryək və 1 ədəd elektron tərəzi olan sellofan torbanı təqdim etmişdir. Aşkar edilmiş kütlələr çəkilərinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkildi və heroinin çəkisi qablaşdırma ilə birlikdə 533(beş yüz otuz üç) qram və tiryəkin çəkisi qablaşdırma ilə birlikdə 156( yüz əlli altı) qram olmuşdur. Sonra həmin kütlələr və elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş,üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsini özündə əks etdirən iki ədəd dəftər aşkar olunaraq götürülmüşdür. Polis əməkdaşlarına yaşadığı evdən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı “Fazil”adlı şəxsin vasitəsi ilə iki gün öncə «Xalqlar Dostluğu» metrostansiyası yaxınlığından deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, gördüyü işin qarşılığında sonuncunun ona hər kiloqram narkotik vasitələrə görə 1000 (min) manat pul ödəyəcəyini, indiyə kimi “Fazil” adlı şəxsdən 3(üç) dəfə narkotik maddələr götürdüyünü, elektron tərəzini isə həmin kütlələrin çəkilərini müəyyən etmək üçün istifadə etdiyini, yaşadığı evdə qiymətli qızıl-zinət əşyalarının olmadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, səmimi və doğru cavablar verdiyini bildirmişdir. O, üzərindən və yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “FaziF’adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu ərazisində qoyulduğu yerlərdən götürmüş və bir neçə dəfə Fazilin göstərişi ilə ona bildirilmiş ünvanlara aparıb qoymuşdur. Yaşadığı Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli qəsəbəsi. X5 küçəsi ev 51 ünvanına şəxsi axtarış keçirilən zaman aşkar olunmuş 02 ədəd dəftərdə “K”, “P”, “Q” və “M40” başlığı altında müxtəlif rəqəmlərin yazılaraq hesablanma aparılması qeyd edilmiş dəftərdə İran İslam Respublikasının vətəndaşı olan “Fazil” adlı şəxsin ona bildirdiyi yerlərdən götürdüyü narkotik vasitələrin və psixotrop maddələrin hesabatını aparmışdır. Narkotik vasitələrin el arasında adlandırılan kimi qısa olaraq baş həriflərini, yəni kakos, (K) Patı, (P). Metadon həbləri (M40) adı ilə qeyd etmişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 yanvar 2022-ci il tarixdə onun tərəfindən xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli qəsəbəsi, X5 küçəsi ev 51 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Xətai rayonu ərazisində küllü miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə edilmişdir. Bununla əlaqədar daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə onun tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Ondan və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis nəfəri, polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. O və Yengibar birlikdə məlumat əsasında xx.xx.2022-ci il tarixdə saat 23:50 radələrində Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli qəsəbəsi, X5 küçəsi, ev 51 ünvanın yaxınlığına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də, özünü xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli qəsəbəsi, X5 küçəsi ev 51 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Həzrətə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu saxlamışlar. Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Həzrət də buna etiraz etmədikdən sonra sonuncunu Baş Narkotiklərlə Mübarizə İdarəsinə apararaq barəsində araşdırma aparılması üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısına təhvil vermişlər. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Həzrətə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Həzrət də əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun əynində olan gödəkcənin sağ yan cibindən 01 ədəd açar, əynində olan şalvarın sol yan cibindən Həzrətə məxsus şəxsiyyət vəsiqəsi, 20 manat pul və 01 ədəd “Texno” markalı mobil telefon aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 11 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Fazil adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu ərazisində qoyulduğu yerdən götürdüyünü və həmin maddələrin bir hissəsinin kirayə yaşadığı mənzildə saxladığını, həmin maddələri də təqdim edə biləcəyini bildirmişdir. Sonra axtarış iştirakçılarının iştirakı ilə Həzrətin üzərindən aşkar olunmuş kütlə zərfə qoyaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Həzrət tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli qəsəbəsi, X5 küçəsi ev 51 ünvanına baxış keçirilməsi üçün sonuncudan ərizə alınmışdır. Sonra o, Yebgibar Qasımov, şübhəli şəxs kimi saxlanılan Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçi Tufan Kərim birlikdə Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli qəsəbəsi, X5 küçəsi ev 51 ünvanına getmişlər və orada video çəkilişlə onları iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı mənzilə daxil olaraq baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildə qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli qəsəbəsi. X5 küçəsi ev 51 ünvanında girişdən sol tərəfdə yerləşən çarpayının üstündən içərisində 01 bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütlə, 01 bükümdə tünd qəhvəyi rəngli, narkotik vasitə olan tiryəkə bənzər kütlə və 01 ədəd elektron tərəzi olan sellofan torbanı təqdim etmişdir. Aşkar edilmiş kütlələrin çəkilərinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 533 qram, tiryəkə bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 156 qram olması aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirilən zaman 02 ədəd narkotik vasitələrin qanunsuz dövriyyəsini özündə əks etdirən dəftər aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikasının vətəndaşı “Fazil’ adlı şəxsin vasitəsi ilə “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığından deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, gördüyü işin qarşılığında Fazilin ona hər kiloqram narkotik maddələrə görə 1000 manat pul ödəyəcəyini, indiyə kimi “Fazil” adlı şəxsdən 3 dəfə narkotik maddələr götürdüyünü, elektron tərəzini isə həmin kütlələrin çəkilərini müəyyən etmək üçün istifadə etdiyini bildirmidir. Bundan sonra baxış iştirakçılarının iştirakı ilə Həzrətin yaşadığı mənzildən aşkar olunmuş kütlə zərfə qoyaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Həzrət tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verərək onun dediklərini bir daha təsdiqləmişdir. Cinayət işinin 29-30-cu vərəqlərində olan xx.xx.2022-ci i tarixli '‘şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda bildirilir ki, 25 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan şalvarın sağ yan cibindən içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd bükümün aşkar olunmuş, həmin bükümün elektron tərəzində çəkilən zaman qablaşdırma ilə birlikdə 11 qram olması müəyyən edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Cinayət işinin 33-34-cü vərəqlərində olan xx.xx.2022-ci i tarixli “Evə baxış keçirilməsi və götürmə haqqında” protokolda bildirilir ki, 25 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli qəsəbəsi, X6 Ağa küçəsi ev 51 ünvanına baxış keçirilən zaman evin girişindən sol tərəfdə yerləşən çarpayının üstündəki sellofan torbadan 01 ədəd bükümdə içərisində açıq qəhvəyi rəngli, heroinə bənzər, 01 ədəd bükümdə içərisində tünd qəhvəyi rəngli, tiryəkə bənzər kütlələr, 01 ədəd elektron tərəzi, evin digər hissəsində içərisində narkotik vasitələrin qanunsuz dövriyyəsini əks etdirən 02 ədəd dəftər aşkar edilmiş, həmin bükümlər elektron tərəzidə çəkilən zaman 01 ədəd içərisində aşıq qəhvəyi rəngli, heroinə bənzər kütlə olan bükümün qablaşdırma ilə birlikdə 533 qram, 01 ədəd içərisində tünd qəhvəyi rəngli, tiryəkə bənzər kütlə olan bükümün qablaşdırma ilə birlikdə 156 qram olması müəyyən edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İş üzrə maddi subut olan DVD disklərə məhkəmə iclasında baxış keçirilmişdir. DVD disklərdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 40-46-cı vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2022ci il tarixli, 6/479 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs təqdim etdiyi yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi təmiz çəkisi 9,844 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir . Tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs baxış zamanı təqdim etdiyi” yazısı və imzalar olan polietilen paketdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 500 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 150qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyə malik maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir və bir ədəd “gümüşü” rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasım müəyyən etmək mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 509,844qram təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin, tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına İ siyahısına daxildir. Cinayət işinin 87-90-cı vərəqlərində olan qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 9,844 qram və 500 qram olan narkotik vasitə heroin, 150 qram narkotik vasitə olan tiryək və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və qalıq qalmış 9,744 və 499,8 qram çəkidə narkotik vasitə olan heroin, 149,8 qram çəkidə narkotik vasitə tiryək, 01 ədəd elektron tərəzi saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 121-122-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1001 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 128-129-cu vərəqlərində olan protokolda bildirilir ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 9,844 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Cinayət işinin 130-131-ci vərəqlərində olan protokolda bildirilir ki, istintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli qəsəbəsi, X5 küçəsi, ev 51 ünvana baxış keçirilən zaman evin girişindən sol tərəfdə yerləşən çarpayının üstündəki sellofan torbanın içərisində 01 ədəd bükümdə külli miqdar hesab edilən təmiz çəkisi 500 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 150 qram olan xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, 02 ədəd elektron tərəzi, evin digər hissəsindən isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı apardığı qeydlərin əks olunduğu 02 ədəd dəftər aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Cinayət işinin 166-180-ci vərəqlərində olan qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsinin görüntüsü olan 02 ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.İş üzrə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 02 ədəd dəftər maddi sübut kimi tanınaraq istintaq materiallarına əlavə edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Həmin siyahının 19-cu bəndinə əsasən 0.5 qram və daha artıq narkotik vasitə olan tiryək külli miqdar hesab edilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 20 və 70-73-cü vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 117-118-ci vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 25 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar-Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 9,844 qram və 500 qram tədqiqatdan sonra qalıq qalmış 9,744 və 499,8 qram çəkidə narkotik vasitə olan heroin, ilkin təmiz çəkisi 150 qram, tədqiqatddan sonra qalıq qalmış 149,8 qram narkotik vasitə olan tiryək və 01 ədəd elektron tərəzi məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. 2 ədəd DVD disk və 2 ədəd dəftər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 25 yanvar 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 9,844 qram və 500 qram tədqiqatdan sonra qalıq qalmış 9,744 və 499,8 qram çəkidə narkotik vasitə olan heroin, ilkin təmiz çəkisi 150 qram, tədqiqatddan sonra qalıq qalmış 149,8 qram narkotik vasitə olan tiryək və 01 ədəd elektron tərəzi məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. 2 ədəd DVD disk və 2 ədəd dəftər cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Məhəmməd Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar