Məhkəmə qərarları › İş №1(101)-963/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-963/2021

26.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-963/2021 26.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxxx 1993-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zəngilan rayonunun Alıbəyli kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Binəqədi rayonu, F.Vəliyev küçəsi, dalan 1-də nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.5-ci və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e tdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə bir qrup şəxs halında hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib soyuq silah hesab edilən bıçaq tətbiq etməklə quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 24 noyabr 2020-ci il tarixdə saat 10 radələrində özgənin əmlakını ələ keçirmə məqsədi ilə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Firdovsi Vəliyev küçəsində yerləşən qəbirstanlığın qarşısında Zərərçəkmiş şəxs idarə etdiyi “Kia Cerato” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Xırdalan dairəsi adlanan yerdə yerləşən yanacaqdoldurma məntəqəsindən yanacaq alıb qayıdarkən Binəqədi şossesi, 4-cü keçiddə Zərərçəkmiş şəxs avtomobilin sürücü oturacağından arxa sərnişin oturacağına keçməsi üçün qeyrisi zor tətbiq edib əli ilə boğazından tutaraq sıxıb bədəninin müxtəlif nahiyyələrinə, o cümlədən baş nahiyyəsinə zərbələr endirmiş və Zərərçəkmiş şəxs müqavimət göstərdikdə Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı, qatlanan ov bıçaqlarına uyğun gələn və kəsici-deşici xassəyə malik soyuq silah hesab edilən bıçağı çıxararaq hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək Zərərçəkmiş şəxs hər iki ayaq nahiyyəsindən bir neçə dəfə qəsdən vurmuş, sonuncunu avtomobilin arxa oturacağına keçirdikdən sonra həm də əlləri ilə bədəninin müxtəlif nahiyyələrinə qəsdən vurmuş, nəticədə ona sağ baldırın deşilmiş yaraları kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilməyən, ənsə nahiyyəsinin hematomaları və sol baldırın deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, daha sonra Zərərçəkmiş şəxs cibində olan 100 manat pulu, avtomobilin sürətlər qutusunun qarşısında olan açıq hissədəki pul kisəsindən 45 manat pulu və həmin yerdən üzərində 450 manat dəyərində ***-***-**-** mobil nömrəsi olan 2100 manat dəyərində “Samsung Galaxy S20+” markalı və üzərində 100 manat dəyərində ***-***-**-** mobil nömrəsi olan 180 manat dəyərində “İphone 6” markalı mobil telefonları ələ keçirmiş, Balaxanı yolu ilə Suraxanı rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsi, “A” yaşayış sahəsində yerləşən 13 saylı ünvanın qarşısına gəlib orada yolun qurtarması və ətrafda heç kimin olmamasından istifadə edərək avtomobildən düşüb qaçaraq Zərərçəkmiş şəxs ümumilikdə 2975 manat məbləğində ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.5-ci və 228.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, fərdi şəkildə özünə məxsus “Renault Tondar” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Cahangiri məlum hadisədən təxminən iki-üç ay əvvəldən tanımışdır. Cahangir bir neçə dəfə onun avtomobilinə sərnişin kimi mindiyindən aralarında yaxşı münasibət yaranmışdır. Razi adlı şəxsi isə Cahangirin vasitəsilə tanımış və onunla da yaxşı münasibətləri olmuşdur. Hər üçünün arasında yaranmış yaxın, faktiki dost münasibətlərinə görə arabir görüşərək üçü bir yerdə vaxt keçirmişlər. Zərərçəkmiş şəxs isə hadisədən təxminən bir ay əvvəldən tanımışdır. Qafurla elə bir yaxın münasibəti olmamışdır. O, 23 noyabr 2020-ci il tarixdə saat 18 radələrində Cahangir və Razi ilə Binəqədi qəsəbəsində yerləşən “vayonkomat” adlanan yerin yaxınlığında görüşmüşdür. Dostları onun idarə etdiyi avtomobilə əyləşdikdən sonra birlikdə Razinin Binə qəsəbəsində yaşayan adını xatırlamadığı tanışının evinə gedərək gecəni orada qalmışlar. 24 noyabr 2020-ci il tarixdə səhər saatlarında Cahangir və Razi ilə birlikdə oradan çıxıb ailəsinə məxsus Binəqədi şossesində yerləşən fermaya getmişlər. Belə ki, fermanın yaxınlığında Cahangirin torpağı olmuş və o, həmin torpağa baxmaq istəmişdir. Onlar həmin torpağa baxdıqdan sonra Cahangirlə Razini aparıb evlərinə çatdırmaq istəmiş, lakin həmin fermanın yaxınlığında yerləşən dikə çatdıqda avtomobilin yanacağı qurtarmışdır. Ona görə də Qafura zəng edərək yanacağının qurtardığını deyib yanına gəlməsini və birlikdə onunla yanacaq doldurma məntəqəsinə gedərək avtomobilinə benzin almasını xahiş etmişdir. Səmimi şəkildə onunla razılaşan Qafur az sonra onların olduğu yerə gəlmiş və o, benzin almağa getmək üçün Qafurun idarə etdiyi “Kia Cerato” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağına əyləşmişdir. Cahangir onun arxasında, Razi isə onun yanında olmaqla arxa oturacaqda əyləşmişlər. Qafur onları Xırdalan dairəsində yerləşən yanacaq doldurma məntəqəsinə aparmış və orada Qafur ona özü benzin almış, həm də kömək kimi cibinə 10 manat pul qoymuşdur. Bundan sonra onlar Qafurun avtomobili ilə onun avtomobilini saxladığı dik deyilən yerə qayıdıb gəlmişlər. Həmin dikə çatmağa az qalmış Cahangir ilə Qafurun arasında sözlə mübahisə yaranmış, amma bir-birlərinə əl-qol atmamışlar. Dikə çatdıqdan sonra anidən Cahangir avtomobildən düşüb sürücü tərəfdən avtomobilin qapısını açmış və Qafura arxaya keçməsini, avtomobili özünün idarə edəcəyini bildirmişdir. Qafur etiraz etdikdə Cahangir zorla iki əli ilə Qafurdan yapışıb onu arxa oturacağa atmışdır. Qafur arxa oturacaqda əyləşmiş Razinin üstünə düşmüş və Razi əlləri ilə Qafuru sıxıb saxlayaraq tərpənməsinə imkan verməmişdir. Sonra Cahangir sükan arxasına keçib avtomobili idarə etməyə başlamışdır. Həmin vaxt Cahangir maşınla Balaxanı yolunda yaşlı sürücünün idarə etdiyi “Opel” markalı avtomobili arxa bufer hissəsindən vurmuşdur. Həmin avtomobilin sürücüsü onların avtomobilinə yaxınlaşmış və Cahangir yalandan avtomobilin özünə məxsus olduğunu deyərək Qafura məxsus olan sənədləri həmin vurduğu avtomobilin sürücüsünə vermişdir. Amma sürücü sənədləri götürməmiş və yol polisini çağıracağını bildirmişdir. Cahangir polis çağırılacağını eşidən kimi avtomobili hərəkətə gətirib oradan uzaqlaşmışdır. “Opel” markalı avtomobilin sürücüsü də onlardan əl çəkməmiş və onların əyləşdiyi avtomobili təqib etməyə başlamışdır. Cahangir isə “Opel” markalı avtomobilin sürücüsündən qaçmaq üçün avtomobili sürətlə yaxşı tanımadığı yollarla idarə etmişdir. Bir qədər hərəkət etdikdən sonra yaşayış evlərinin arasında yol qurtarmış və hər tərəf yaşayış evləri olduğu üçün Cahangir məcbur qalıb avtomobili saxlamışdır. Arxa oturacaqda saxlanmış Qafur isə onlardan çıxıb getmələrini xahiş etmiş və təqib edən sürücü ilə məsələni özünün qaydasına qoyacağını, heç yerə də şikayət etməyəcəyini bildirmişdir. Onlar üçü də avtomobildən düşüb qaçaraq oradan uzaqlaşmışlar və sonradan Ramana qəsəbəsi ərazisində ağ rəngli “VAZ 2106” markalı avtomobili taksi kimi saxlatdırıb əyləşərək Binə qəsəbəsinə - Razinin bir gün əvvəl qaldıqları tanışının evinə gəlmişlər. Həmin gün də orada qalmış və səhərisi gün tezdən taksi ilə öz avtomobilini saxladığı yerə gəlmiş, avtomobilinə yanacaq dolduraraq öz evinə getmişdir. Şəxsən o, Qafura xəsarət yetirməmişdir. Yalnız hadisədən sonra Cahangirin danışdıqlarına əsasən ona məlum olmuşdur ki, Cahangir avtomobili idarə edən zaman Qafurun ona müqavimət göstərməsi və qazdan ayağını çəkməməsi səbəbindən sonuncu özü Qafurun ayağından bıçaqla vurmuşdur. Cahangirdə həmişə bıçaq olduğunu bilsə də hadisə vaxtı onda bıçaq görməmişdir. Qafurun avtomobilindən sonuncuya məxsus əşyaların götürülməsindən xəbəri olmamışdır. Ancaq hadisədən sonra Cahangir ona Qafura çatdırması üçün “İphone 6” markalı markalı mobil telefon vermiş və onlardan şikayət etməməsi üçün Qafura qaytarmasını tapşırmışdır. Tutularkən də həmin telefon üstündən çıxmışdır. Qafurdan başqa hansısa əşyaların və pulun götürülməsindən məlumatı olmamışdır. Məhkəmədən himayəsində iki azyaşlı övladının olmasının nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, ailəlidir və himayəsində iki azyaşlı övladı vardır. Məlum hadisədən təxminən 6 ay əvvəldən etibarən “Kia Cerato” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə alaraq idarə etmiş, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olub ailəsini saxlamışdır. Hadisədən təxminən 20 gün əvvəl Xırdalan dairəsi adlanan yerdəki yanacaqdoldurma məntəqəsində olarkən bir nəfər şəxs ona yaxınlaşıb onun avtomobilindən xoşu gəldiyini deyərək qiymətini, avtomobilin şüşəsinin plyonkasını harada vurdurduğunu soruşmuşdur. Bununla da özünü Murad kimi təqdim edən həmin şəxslə aralarında tanışlıq münasibəti yaranmışdır. Həmin vaxt Murad onun mobil telefon nömrəsini götürmüşdür. Sonrakı günlərdə Murad bir neçə dəfə onunla telefon əlaqəsi saxlasa da nədənsə bu şəxslə görüşmək istəmədiyindən hər dəfə bir bəhanə gətirərək görüşməkdən yayınmışdır. Amma istər-istəməz həmin şəxslə bir neçə dəfə təsadüfən rastlaşmış və maddi vəziyyətinin yaxşı olmadığını bildirdiyi üçün hər dəfə Muradın cibinə kömək kimi pul da qoymuşdur. 24 noyabr 2020-ci il tarixdə saat 10 radələrində avtomobili ilə Masazır qəsəbəsi istiqamətində hərəkətdə olarkən Murad özünün ***-***-**-** saylı mobil nömrəsindən onun ***-***-**-** saylı mobil nömrəsinə zəng etmiş və benzini qurtardığı üçün avtomobili ilə yolda qaldığını deyərək onun olduğu yerə gələ bilib-bilməyəcəyini soruşmuşdur. O da tanışı yolda qaldığı üçün dərhal ona kömək etməyə razılaşmış və təxminən 10-15 dəqiqədən sonra Muradın olduğu Binəqədi şossesində yerləşən “dik” adlanan yerə getmişdir. Həmin yerə çatanda Muradın qara rəngli “Renault” markalı avtomobilin yanında dayandığını görmüşdür. Öz avtomobilindən düşərək həmin avtomobilə yaxınlaşdıqda arxa oturacaqda daha iki nəfər tanımadığı şəxsin oturduğunu müşahidə etmişdir. Murad əlində iki ədəd plastik butulka ilə gəlib onun avtomobilinin qabaq sərnişin oturacağında əyləşmişdir. Bu zaman tanımadığı həmin iki nəfər oğlan da “Renault” markalı avtomobilin arxa oturacağından düşüb onun avtomobilinə yaxınlaşmış və avtomobilinin arxa oturacağında əyləşmişlər. Murad həmin iki nəfər şəxsin “sarı turbalar” deyilən yerdə düşəcəklərini bildirmişdir. Onları avtomobili ilə “sarı turbalar” deyilən yerə kimi gətirmiş, amma tanımadığı arxada oturan oğlanlardan biri avtomobildən düşməyərək bir nəfərin guya onu buradan götürməli olduğunu, lakin gəlmədiyini, buna görə də onlarla birlikdə yanacaqdoldurma məntəqəsinə gedəcəyini bildirmişdir. O, avtomobili hərəkətə gətirərək Xırdalan dairəsi adlanan yerdəki yanacaqdoldurma məntəqəsinə getmişdir. Orada Muradın pulunun olmadığını düşünərək öz cibindən 4 manat pul verib 4 litr benzin alaraq Murada vermiş, sonra isə cibindən daha 10 manat pul da çıxararaq gizlincə Muradın cibinə qoyub ehtiyaclarına xərcləməsi üçün verdiyini demişdir. Həmin şəxsləri təkrarən Binəqədi şossesində dik deyilən yerə kimi gətirmişdir. Həmin vaxt adının Cahangir olduğunu sonradan bildiyi oğlan heç bir səbəb olmadan ona guya onu tutdurmaq üçün plan qurduğunu demiş, o isə buna etirazını bildirərək onu tutdurmaq niyyətinin olmadığını demişdir. Lakin Cahangir sözlə mübahisə edərək onunla çox kobud şəkildə danışmağa başlamışdır. Həmin vaxt avtomobilin arxa oturacağında əyləşmiş Cahangir onları təkrar geriyə - “sarı turbalar” deyilən yerə aparmasını tələb etmiş, o da razılaşaraq onları həmin yerə aparmışdır. Orada Cahangir ondan avtomobili yolun kənarında deyil, ara məhəllədə, sakit bir yerdə saxlamasını istəmişdir. Avtomobili idarə edərək həmin yerdən sağa tərəf dönüb təxminən 10 metr hərəkət etdikdən sonra bir də sağa tərəf dönüb avtomobili saxlamışdır ki, düşüb getsinlər. Bu zaman avtomobilin arxa oturacağında əyləşmiş tanımadığı oğlan “niyə mənə problem yaradırsınız?” deyərək avtomobildən düşmüş və qaçaraq oradan uzaqlaşmışdır. Bundan sonra arxa oturacaqda əyləşmiş Cahangir qəflətən avtomobildən düşərək onun əyləşdiyi qapını açmış və onun boğazından tutub sıxmışdır. Həmin vaxt Murad da onun saçından tutmuş və birlikdə onu avtomobilin arxa oturacağına doğru itələməyə başlamışlar. Lakin, avtomobilin sükanından bərk tutduğu üçün onu arxaya çəkə bilməmişlər. Onu bir qədər avtomobilin arxa oturacağına tərəf çəkdikdən sonra müqavimət göstərdiyini görən Murad qara tünd rəngli tutacağı olan bıçağı çıxarıb əvvəlcə sağ ayağından bir neçə dəfə vurmuşdur. O, qışqıraraq onlara müqavimət göstərdiyi üçün Murad bu dəfə sol ayağından bir dəfə bıçaqla vurmuşdur. Murad bıçağı ayağından çıxartmayaraq qəsdən bıçağı ayağına batmış vəziyyətdə hərəkət etdirərək ayağına xəsarət yetirmişdir. Bu, ona şiddətli ağrı verdiyi üçün qışqırmağa başlamışdır. Bu zaman Murad onun heç gözləmədiyi bir hərəkətə yol vermişdir. Belə ki, Murad bıçağı ayağından çıxararaq əlini bıçaqla kəsdiyi yerə soxmuşdur. Muradın etdiyi bu hərəkətdən sonra dəhşətli ağrıları yaranmışdır. Bu şəxslərə ürəyində qüsur olduğunu deyərək onu buraxmaları üçün yalvarmışdır. Lakin Cahangir onun yalvarışlarına məhəl qoymayaraq qolları ilə boğazından sıxaraq onu boğmuş və ürək nahiyəsindən basmışdır. Ürəyi zəif olduğu üçün huşunu itirməyə yaxın olmuşdur. Hərəkət etməməsi və qışqırmaması üçün Cahangir əlində olan dəqiq görmədiyi hansısa bərk alətlə onun ürək nahiyyəsindən bir neçə dəfə vurmuşdur. Bundan sonra o, tam halsızlaşdığı üçün hərəkət edə bilməmişdir. Bu zaman sürücü oturacağında əyləşmiş Cahangir dirsəyi ilə onun bıçaq xəsarəti aldığı ayağından vurmağa başlamışdır. Həmçinin qabaq sərnişin oturacağında əyləşən Murad da əlində olan dəqiq görmədiyi hansısa alətlə onun sağ ayağından vurmuşdur. Aldığı xəsarətlərdən tam halsız vəziyyətə düşmüşdür. Buna baxmayaraq hərəkət edə bilməməsi üçün Murad əlləri ilə onu bərk tutmuşdur. Yolla gedərkən onu Balaxanı qəsəbəsində yerləşən neft buruqlarına apardıqlarını bildirmişlər. Balaxanı yolunda olan zaman Murad ondan üzərində olan pulları verməsini tələb etmiş, o da qorxduğu üçün cibində olan 100 manat pulu çıxarıb şəxsən Murada vermişdir. Bundan sonra avtomobilin sürətlər qutusunun qarşısında olan oyuq hissədən pul kisəsinin içərisindəki 45 manat pul, üzərində ***-***-**-** saylı mobil nömrə olan “Samsung” Galaxy S20+” markalı və üzərində ***-***-**-** saylı mobil nömrə olan “İphone 6” markalı mobil telefonları həmin şəxslər tərəfindən götürülmüşdür. O, yolda polis avtomobili görən kimi qışqırdığı üçün həmin şəxslərin hər ikisi bütün yol boyu onu əlləri ilə döyə-döyə Balaxanı yoluna kimi gətirmişlər. Avtomobili idarə edən Cahangir Balaxanı yolunda “Akkord” şirkətinin beton zavoduna çatmamış qarşı hərəkət zolağına çıxmış, lakin qarşıdan yüksək sürətlə avtomobil gəldiyi üçün təkrar öz yoluna qayıdarkən o, fürsətdən istifadə edib ayağı ilə sükanı burmuşdur ki, avtomobil hansısa başqa avtomobilə dəysin və həmin şəxslərin hər ikisi avtomobildən düşüb qaçsınlar. Həmin vaxt avtomobil qarşı tərəfdə olan “Opel” markalı avtomobilin arxa hissəsi ilə toqquşmuş və Cahangir avtomobili yolun kənarında saxlamışdır. Toqquşduğu avtomobilin orta yaşlı sürücüsü avtomobilə yaxınlaşdıqda Murad və Cahangir avtomobildən düşməmişlər. Cahangir guya onun xəstə olduğunu və təcili xəstəxanaya çatmalı olduğunu deyərək ona məxsus sənədləri guya özünün sənədləri kimi təqdim edərək həmin kişiyə vermişdir. Lakin həmin sürücü ona sənəd lazım olmadığını deyərək yol polisinə zəng edəcəyini bildirmişdir. Cahangir yol polisi adını eşidən kimi avtomobili sürətlə idarə edərək oradan uzaqlaşmışdır. Bu zaman toqquşduqları avtomobilin sürücüsü öz avtomobili ilə onları təqib etməyə başlamışdır. Cahangir həmin yolu yaxşı tanımadığı üçün ara küçə yolları ilə avtomobili Ramana qəsəbəsinə kimi idarə etmiş, Ramana qəsəbəsində ara yollardan birinə girib bir qədər irəli getdikdən sonra isə yol bitmişdir. Qarşıda, eləcə də sağda və solda yalnız yaşayış evləri olduğundan Murad və Cahangir avtomobildən düşüb qaçaraq oradan uzaqlaşmışlar. Həmin vaxt Murad avtomobilin salonundan, içərisində benzin olan iki ədəd plastik butulkanı da özü ilə götürmüşdür. O, həmin an huşunu itirmiş, bir az sonra ayıldıqda orada olan tanımadığı bir qadının ona su içirtdiyini görmüşdür. Bundan sonra o, ətrafda olan şəxslərdən Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək bu barədə məlumat verməsini xahiş etmişdir. Ətrafdakı tanımadığı şəxslərdən biri “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, eyni zamanda kimsə təcili tibbi yardım xidmətinə zəng etmişdir. Lakin təcili yardım avtomobili gec gəldiyi üçün hadisə yerində olan şəxslərdən tanımadığı kimsə onu öz avtomobilinə əyləşdirib 3 saylı şəhər kliniki xəstəxanasına aparmışdır. Xəstəxanada ayağı əməliyyat olunmuşdur. O, xəstəxanada qalmaq istəmədiyini, evə getmək istədiyini bildirmişdir. Həmin vaxt polis əməkdaşları onunla əlaqə saxlamışlar və xəstəxanaya gəlib onu Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə aparmışlar. O, Polis Bölməsində baş verən hadisəni olduğu kimi danışmışdır. Hadisə nəticəsində ona ümumilikdə 4545 manat maddi ziyan dəymişdir. Bundan başqa, avtomobili idarə edən Cahangir onu çox bərk və ehtiyatsız idarə etdiyi üçün və avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyi üçün maşınına təxminən ən azı 5000 manat maddi ziyan dəymişdir. Ona vurulmuş ziyan ittiham aktında müəyyənləşdirilmiş ziyan məbləğindən çoxdur. Halhazıradək Muradxan və ya digər şəxslər ona vurulmuş ziyandan bir qəpik belə ödəməmiş, barışıq üçün heç bir addım atmamış, hətta müalicə xərclərinə belə kömək etməmişlər. Ona görə də bu şəxsləri bağışlamır və barışmır, vurulmuş ziyanın tam ödənilməsini tələb edir, həmçinin məhkəmədən Təqsirləndirilən şəxs layiq olduğu cəzanın verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşı Şahid göstərdi ki, 25 noyabr 2020-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 24 noyabr 2020-ci il tarixdə quldurluq cinayəti törətmiş Təqsirləndirilən şəxs saxlanılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs 24 noyabr 2020-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu ərazisində Qafur adlı şəxsə qarşı quldurluq cinayəti törətdiyini etiraf etmişdir. Həmçinin Təqsirləndirilən şəxs özündə olan bir ədəd bıçağı və bir ədəd mobil telefonu təqdim edərək həmin bıçağın özünə məxsus olduğunu, 24 noyabr 2020-ci il tarixdə həmin bıçaqla Qafura xəsarət yetirdiyini, mobil telefonun isə Qafura məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq və bir ədəd mobil telefon sənədləşdirilərək götürülmüşdür. Bundan sonra həm Təqsirləndirilən şəxs, həm də maddi sübut aidiyyəti üzrə təhvil verilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Hadisə yerinə baxış keçirilməsi haqqında protokolda hadisənin baş verdiyi yer ətraflı təsvir edilmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 5-9). İbtidai istintaq zamanı ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs cinayət hadisəsinin faktiki hallarını və baş verdiyi yeri əyani olaraq ətraflı göstərərək ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 35-41). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təqsirləndirilən şəxsin üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqə 71-74). Əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim olunan mobil telefonlar arasından özünə məxsus “İphone 6” markalı mobil telefonu tanıyaraq həmin telefonun ona qarşı quldurluq cinayəti törədilən zaman avtomobilindən götürülmüş telefon olduğunu bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 75-76) Əşyanın tanınması protokolundan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunmuş bıçaqların arasından özünə məxsus olan bıçağı tanımışdır. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 77-78) Şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilən şəxslərin arasından Təqsirləndirilən şəxs tanıyaraq 24 noyabr 2020-ci il tarixdə ona qarşı quldurluq edən şəxslərdən birinin məhz həmin şəxs olduğunu bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokollara əlavə edilmişdir (cild 1, iş vərəqə 67-70). “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş bir ədəd diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, 24 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs adına olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında bir neçə dəfə telefon əlaqəsi olmuşdur (cild 1, iş vərəqə 161-162). Məhkəmə tibbi ekspertizasının 27 noyabr 2020-ci il tarixli 1070 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - ənsə nahiyəsinin hematomaları bərk küt əşya (əşyalar) təsirindən, sağ baldırın deşilmiş yaraları iti uclu əşya (alət) təsirindən, sol baldırın deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin, ola bilsin bıçaq) təsirindən törənmişlər, 24 noyabr 2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə hematomalar və deşilmiş-kəsilmiş yara həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, sağ baldırın deşilmiş yaracıqları isə zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir (cild 1, iş vərəqə 85-86). Kompleks məhkəmə tibbi-kriminalistik və trasoloji ekspertizasının 24 dekabr 2020-ci il tarixli 604-MTKŞ/2020 saylı rəyindən görünür ki, maddi sübutların məhkəmə-tibbikriminalistik tədqiqatına dair aşağıdakı nəticəyə gəlinmişdir: ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman şalvarının sol ön səthində bir ədəd dəlib-keçən zədə aşkar olunmuşdur. Bu zədə deşilmiş-kəsilmiş zədə olub, küpü, kafi itilikdə olan ülgüclü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənə bilərdi. Zərərçəkmiş şəxs məxsus idman şalvarının sol ön səthində aşkar edilmiş deşilmiş-kəsilmiş zədə ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs hadisə zamanı xəsarət yetirilən zaman, lokalizasiyasına görə demək olar ki, şəxs xəsarəti alan zaman müxtəlif vəziyyətlərdə olmaqla, xəsarəti yetirən şəxslə müxtəlif qarşılıqlı vəziyyətlərdə ola bilərdi, idman şalvarında olan zədə nahiyyəsi isə iz törədən alətə doğru yönəlmiş vəziyyətdə olmuşdur. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan ov bıçaqlarına uyğun gəlir və kəsici-deşici xassəyə malik soyuq silahdır (cild 1, iş vərəqə 175- 178). Kompleks məhkəmə tibbi-bioloji ekspertizasının 24 dekabr 2020-ci il tarixli 944/2020- MTBŞ saylı rəyindən görünür ki, maddi sübutların məhkəmə-tibbi tədqiqinə əsasən aşağıdakı nəticəyə gəlinmişdir: Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu: B-/İİİ/ (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus şalvar və iki ədəd pambıq topası üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Ləkələrdə qanın qrupu AB0 sistemi üzrə təyin edildikdə yalnız B antigeni alınmışdır. Bu qan ləkələri AB0 sistemi üzrə B-(İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Müvafiq metodik tövsiyələrə görə maddi sübutlar üzərindəki quru qan ləkələrində rezus faktorunun təyini zamanı qeyrispesifik nəticələr alındığı üçün təqdim edilən maddi sübutlar üzərindəki qan ləkələrinin rezus faktoruna görə fərqləndirilməsi məqsədəuyğun hesab olunmur (cild 1, iş vərəqə 180- 183). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 08 yanvar 2021-ci il tarixli 21 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyətin müvəqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müşahidə edilmir. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlilik dərəcəsini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs qeyd olunan emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmədiyindən onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 185-187). Məhkəmə-əmtəəşünamslıq ekspertizasının 05 mart 2021-ci il tarixli 9/1222 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd Çin istehsalı olan “İphone 6” markalı mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması, işlənmə dərəcəsi nəzərə alınmaqla 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti 180 manat müəyyən edilir (cild 1, iş vərəqə 207-210). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 142-143). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2015-ci il və 2017-ci il təvəllüdülü iki azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 243-244). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan əməl böyük ictimai təhlükə törətməyən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci maddələrində nəzərdə tutulan əməl isə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı bıçaq tətbiq etməməsi, ona məxsus pulu şəxsən ələ keçirməməsi və sair xüsusatlara dair inkaredici ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, cəzasını yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs məhz silah tətbiq etməklə zərərçəkmiş şəxsin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edərək quldurluq cinayətini törətmişdir. Basqın zamanı təqsirləndirilən şəxs zərərçəkmişin sağlamlığına zərər vurulmaqla basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranması faktını məhkəmə mübahisəsiz hesab edir. Təqsirləndirilən şəxs tətbiq etdiyi silahla bağlı müvafiq ekspert rəyinin mövcudluğu şəraitində onun əməlinin əlavə olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə də tövsif edilməsi qanuni və əsaslıdır. Qeyd olunan hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dairişlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli, 1 saylı Qərarında da ifadə olunmuşdur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.5-ci və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.5-ci və 228.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyasında bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması kimi alternativ cəzalar da nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi digər əməlin - ağır cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin cinayətlərin məcmusu üzrə cəzaların toplanmasının zəruri olmasını nəzərə almaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə də azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 noyabr 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 25 noyabr 2020-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 51-52, 83, 87-88, 112-114). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 noyabr 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin dəyəri olmadıqda məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmiş bir ədəd bıçaq məhv edilməli, 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, bir ədəd idman şalvarının və bir ədəd “İphone 6” markalı mobil telefonun ibtidai istintaq orqanı tərəfindən sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs hazırkı iş üzrə bu və ya digər tələblə bağlı mülki iddia verməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verməmiş həmin zərərçəkmiş şəxsə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlı olması izah edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 27.12.1996-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.5-ci və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci maddələri ilə 9 (doqquz) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmiş bir ədəd bıçaq məhv edilsin; - “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş bir ədəd disk cinayət işinin materiallarında saxlansın; - bir ədəd idman şalvarının və bir ədəd “İphone 6” markalı mobil telefonun qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verməklə ona vurulmuş ziyanı tələb etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar