Məhkəmə qərarları › İş №1(101)-963/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-963/2023

08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-963/2023 08.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X5 ibarət tərkibdə, X1 və X6 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Kamandar Nəsibov və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1999-cu ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Lürən kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik maddəni satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İR-nin vətəndaşı «Əsgər» adlı şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xx.xx.2022-ci il tarixdə axşam saatlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yolun kənarında gizlədilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 01:00-da Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 115 saylı orta məktəbin yaxınlığında saxlanılıb oradan ünvan ünvanda yerləşən 4-cü Polis şöbəsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 17,511 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, o, «İnstagram» sosial şəbəkəsi vasitəsilə Əsgər adında İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, onun kartına pul göndərməklə ondan narkotik vasitələr əldə etmişdir. Əsgər adlı şəxs bir dəfə ona təklif etmişdir ki, pul qarşılığında onun dediyi ünvandan narkotik vasitələri götürüb başqa yerlərdə yerləşdirsin. O da pula ehtiyacı olduğu üçün həmin şəxsin təklifi ilə razılaşmış, 2022-ci il oktyabr ayının 5-də Əsgər adlı şəxsin dediyi yerdən narkotik vasitəni götürüb sonuncunun ona göndərdiyi ünvanda yerləşdirmişdir. Oktyabr ayının 12də o, Əsgər adlı şəxsdən narkotik vasitələri yerləşdirməyinin qarşılığında ona vəd edilmiş pulu tələb etmiş və artıq bu işlə məşğul olmaq istəmədiyini və ona yalandan guya tutulduğunu demişdir. Əsgər adlı şəxsə yalan deməsinin səbəbi, daha bu işlə məşğul olmaq istəməməsi olmuşdur. Əsgər adlı şəxs isə ona bu məsələ ilə maraqlandığını və onun tutulmadığını öyrəndiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, tutulan zaman üzərində Əsgərin ona göndərdiyi narkotik vasitədən qalan, şəxsi istifadəsi üçün saxladığı 10 qr narkotik vasitə qurudulmuş marixuana olmuş, o, 12 oktyabr 2022-ci il tarixdə qalan narkotik vasitələri Əsgərə qaytararaq artıq bu işlə məşğul olmaq istəmədiyini bildirmişdir. Birinci dəfə bu işlə məşğul olanda 2 kq çəkidə marixuananı müəyyən pul qarşılığında Əsgərin dediyi yerlərə yerləşdirmişdir. Həmin narkotik vasitələri alan şəxslər onun kartına müəyyən məbləğlərdə pul göndərmişlər. O, Əsgərlə «Whatsapp» sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamış, onların yazışmaları olmuşdur. Adlarını bilmədiyi 3 nəfər polis əməkdaşı tərəfindən gecə saat 22-23 radələrində saxlanılmışdır. Ona tanımadığı nömrədən zəng gəlmiş, həmin şəxs «Travmatologiya İnstitutu»ndan zəng etdiyini və qardaşının qəza keçirdiyini deyib, onu həmin yerə çağırmışdır. O da «Travmatologiya İnstitutu»na getdikdə orada polis əməkdaşları onu tutmuşlar. Video çəkiliş zamanı onun üzərindən narkotik vasitədən başqa, mobil telefon və pul qabı çıxmışdır. O, sonuncu dəfə Əsgərlə 12 oktyabr 2022-ci il tarixdə danışmış, qalan narkotik vasitələri də elə həmin gün Əsgərə qaytarmışdır. O, tutulduğu gün üzərinə baxış keçirilmiş, üzərindən telefon və «nəşə» aşkar edilmişdir. Video çəkiliş zamanı üzərindən aşkar olunmuş narkotik vasitə tərəzidə çəkilməmişdir. Onu səhərə kimi bölmədə saxlamışlar. Səhər polis əməkdaşları ona demişlər ki, yenidən video çəkiliş aparılan zaman evində 500 qram narkotik vasitə olduğunu desin, o da bununla razılaşmamışdır. Polis əməkdaşları əgər həmin narkotik vasitələrin ona məxsus olduğunu boynuna almasa, qardaşını da tutacaqları ilə onu hədələmişlər. O, 4-cü polis bölməsinə keçirilən zaman oradan qaçmış, onu tutan əməliyyatçı ona zəng edərək qardaşını tutduqlarını, əgər gəlməsə qardaşını da həbs edəcəklərini demişdir. O, ikinci çəkiliş zamanı Əsgəri 1 aydır tanıdığını, evində 500 qram narkotik vasitə olduğunu, Azadlıq prospektində narkotik vasitəni yerləşdirən zaman tutulduğunu demiş, onun həmin çıxışı «Youtube» sosial şəbəkəsinə yerləşdirilmişdir. O, oktyabr ayının 14-dən 15-nə keçən gecə tutulmuş, oktyabr ayının 19-da bölmədən qaçmışdır. 16 oktyabr 2022-ci il tarixdə səhər saatlarında çəkiliş olmuşdur. Polis əməkdaşları ona mənəvi təzyiq etmiş, lakin döyməmişlər. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 4-cü PŞ-nin baş əməliyyat müvəkkilidir. 2022-ci il oktyabr ayının 15-i bölməyə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs 4-cü polis şöbəsinə gətirilmiş, üzərinə baxış keçirilən zaman şalvarının sağ cibindən bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, əməliyyat məlumatı şəxsən ona daxil olmuş, məlumat təqsirləndirilən şəxsin narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barədə olmuş, Təqsirləndirilən şəxs saxlayan zaman əməliyyatda 2 nəfər iştirak etmişdir. Təqsirləndirilən şəxsi 4-cü polis şöbəsinə gətirəndə heç bir etiraz etməmiş, Amilin üzərindən marixuanaya bənzər narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və ya psixi təsir göstərməmişdir. Təqsirləndirilən şəxs 115 saylı orta məktəbin yanında saxlamışlar, Təqsirləndirilən şəxs üzərində 2 kiloqram narkotik vasitə olduğunu, cibindəkilərindən başqa qalanlarını satdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Kərimov X2 Azad Azər oğlunun ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qismən etirafedici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması barədə» 15 oktyabr 2022ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə Binəqədi RPİ-nin 4-ü PB-nin inzibati binasında videoçəkiliş aparılmaqla, hüquq və vəzifələri izah olunduqdan sonra şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman ona üzərində olan əşyaları təqdim etmək təklif olunmuş, bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim etmiş, həmin bükümə baxan zaman yaşıl rəngli bitki şəkilli narkotik vasitəyə bənzər kütlə olması müəyyən olunmuşdur. Tədqiq olunan həmin protokoldan görünür ki, təhqiqatçı tərəfindən verilmiş müvafiq suala cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin narkotik vasitə «qurudulmuş marixuana» olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı Əsgər adlı şəxsdən aldığını, Əsgərin xx.xx.2022-ci il tarixdə narkotik vasitəni qoyduğu Bakı şəhəri Binəqədi rayonu «Novxanı» qəsəbəsində yol kənarından götürdüyünü, bir hissəsini Əsgərin dediyi yerlərə qoyduğunu, bir hissəsini də öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Tədqiq olunan protokoldan həmçinin görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm qablaşdırılaraq götürülmüşdür. (cild İ, i/v 30-31). Məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən «DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə» 17 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, 01 ədəd CD diskdə videogörüntü vardır. Videogörüntüyə baxış zamanı şəxsin üzərinə axtarış istintaq hərəkəti xx.xx.2022-ci il tarixdə saat 02:45-də başlanılır. Şəxsi axtarışın keçirilməsi ilə əlaqədar baş təhqiqatçı polis mayoru Şəhliyar Hacıyev tərəfindən şübhəli şəxsin hüquq və vəzifələri izah edilir. Baş təhqiqatçının iş otağında sağ tərəfdə stulda polis əməkdaşları, onun sol tərəfindəki stulda Təqsirləndirilən şəxs əyləşmişdir. Onlar özlərini təqdim etdikdən sonra baş təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə axtarış aparılmasında videoçəkiliş edilməsinə etirazının olmadığını öyrəndikdən sonra ona üzərində qeyri-qanuni və dövriyyəsi qadağan olmuş vasitə olub-olmamasını, varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü və həmin cins şalvarın sol yan cibindən özünə məxsus 01 ədəd «Samsung» markalı mobil telefonunu çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olubolmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra onun göy rəngli cins şalvarının ciblərini açmağı tələb olunduqda onun şalvarın ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ondan üzərindən aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisindən aşkar olunmuş yaşılımtıl rəngli maddənin narkotik vasitə olan «qurudulmuş marixuana» olduğunu bildirmiş və o, həmin maddəni xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu, Novxanı qəsəbəsində olan zaman özünü ona İran İR vətəndaşı kimi təqdim edən «Əsgər» adlı şəxs «Whatsapp» sosial şəbəkəsi vasitəsilə ona narkotik vasitənin olduğu yeri özündə əks etdirən xəritə və şəkil atmış, o, qeyd olunan ünvanda olan zaman «Əsgər» adlı şəxsin göndərmiş olduğu çəkisi 2 kiloqram olan narkotik vasitə qurudulmuş marixuananı götürüb sonuncunun tapşırığına əsasən dediyi müxtəlif ünvanlara qoymuş, qalan narkotik vasitə olan qurudulmuş marixuananı isə üzərində saxlamışdır. Bundan sonra keçirilən şəxsi axtarış zamanı aşkar edilən şəffaf rəngli sellofana bükülmüş bükülüdə olan yaşılımtıl rəngli kütlə, yəni narkotik vasitəyə bənzər vasitələr qablaşdırılaraq zərfə qoyulur və üzəri möhürlənərək imzalanır. Bundan sonra keçirilən hərəkət protokolaşdırılır və şəxslər tərəfindən imza edilir. Şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti xx.xx.2022-ci il tarixdə saat 03:15-də yekunlaşır (cild 1, i/v 55-56). İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş DVD-R formatlı disk məhkəmə iclasında nümayiş etdirilməklə bilavasitə tədqiq edilmiş və həmin videogörüntülərin tədqiq olunmuş «Şəxsi axtarış və götürmə aparılması haqqında» 15 oktyabr 2022-ci il tarixli protokolun və «DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə» 17 oktyabr 2022-ci il tarixli protokolun məzmunu ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «ifadənin yerində yoxlanması haqqında» 16 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək İran İR-nin vətəndaşı «Əsgər» adlı şəxs tərəfindən gizlədilmiş narkotik vasitə olan «qurudulmuş marixuana»nı əldə etdiyi yeri göstərib əyani təsvir etmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i/v 53-54). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «baxış keçirilməsi haqqında» 04 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan «Samsung Galaxy A52» markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, «Samsung Galaxy A52» markalı mobil telefondur, korpusun arxa hissəsi qara rənglidir, ekran hissəsi sensorlu olmaqla qara rənglidir, mobil telefonun istehsal bütövlüyünün pozulması müşahidə olunmur, telefonun sağ yan hissəsində yerləşən düyməcik vasitəsi ilə onu işlək vəziyyətə gətirdikdə telefonun «Samsung» sözü əks olunma videofraqment ekrana gəldikdən sonra telefonun «iş masası» ekranda görünür. İş masası üzərində yerləşən «Whatsapp Business» proqramına daxil olduqda orada həmin proqramın Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatda keçməsi və «Whatsapp» proqramında «Bextiyar Moto» adı ilə qeyd edilmiş kontaktdan xx.xx.2022-ci il tarixdə «Usaq tema istiyir 1 dene duz qos eiiye bilersen», «+99***-***-**-**» adı ilə qeyd edilmiş kontaktdan xx.xx.2022-ci il tarixdə «Təzə tema olsa xəbər elə, 4-5 dene de ot gecə hamsını çəkdim», «Foto Qalareya» bölümünə daxil olan zaman müxtəlif çəkidə olan narkotik maddələrin və həmin narkotik maddələrin elektron tərəzidə əks olunan fotoşəkillərin olması aşkar olundu. Həmin yazışmalara baxış keçirən zaman «Əsgər» adı ilə qeyd edilmiş «+**********99, +**********63» saylı mobil nömrələrdən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə məzmunlu mesajın göndərilməsi müşahidə olunmuşdur Həmin protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilmişdir ki, «Esgər İran» adı altında qeyd edilmiş mobil nömrə ilə işarələnmiş yerlərin fotoşəkilləri paylaşılmışdır. Eyni zamanda «+99***-***-**-**» adı ilə qeyd edilmiş kontaktdan xx.xx.2022-ci il tarixdə «Ama toz zəifdi; Təzə tema olsa xəbər elə diri tema; Hə okey. Yoxe a hamsın camaatın puluna goturrəm ona görə; 4-5 dene de ot gecə hamsın çəkdim; təzə olsa xəbər at» məzmununda smslər daxil olmuşdur (cild 1, i/v 153-158). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 15 oktyabr 2022-ci il tarixli 7/1180 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs … Təqsirləndirilən şəxs» yazılar və imzalar olan zərfdə 1 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi -17,511 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır (cild İ, i/v 37-38). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin 11 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan «qurudulmuş marixuananı» şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşı «Əsgər» adlı şəxsdən aralarında olan razılığa əsasən satış məqsədi ilə əldə etməsi sübuta yetirilsə də, sonuncunun şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır (cild İ,i/v 135) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 30 yanvar 2023-ü il tarixli, 482 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild İ, i/v 137-138). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Hüquqi Şəxsin ambulator məhkəmə psixiatrik ekspertizasının 04 fevral 2023-ü il tarixli, 259 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild İ, i/v 139- 140). İbtidai istintaq orqanının işdə olan və məhkəmədə tədqiq edilmiş 05 fevral 2023-cü il tarixli «cinayət işi üzrə sübutların qiymətləndirilməsi və maddi sübutun tanınması haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana, həmçinin «Samsung Galaxy A52» markalı mobil telefon maddi sübut qismində tanınaraq saxlanılması üçün Binəqədi RPİnin anbarına təhvil verilmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman aparılmış videoçəkilişin olduğu 01 ədəd DVD formatlı disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild İ, i/v 166-176). Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət işinin məhkəmə baxışı zamanı üzərində cəmi 10 qram narkotik vasitə qurudulmuş marixuana olması, polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qalması, təzyiq altında guya evində 500 qram narkotik vasitə olması ilə bağlı ondan izahat almaları, onun bölmədən qaçması və yenidən saxlanılması barədə ifadələrinə iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslərin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Belə ki, təqsirləndirilən şəxs öz ifadəsində guya polis əməkdaşlarının ona psixoloji təzyiq göstərərək mənzilində 500 qram narkotik vasitə marixuana olduğunu deməyə məcbur etdiklərini və həmin məzmunda izahatının alınıb, video görüntüsünün «Youtube» sosial şəbəkəsinə yerləşdirildiyini bildirsə də, təqsirləndirilən şəxsə yalnız üzərindən aşkar edilmiş 17,511 qram narkotik vasitə qurudulmuş marixuana ilə bağlı ittiham irəli sürülmüş, onun mənzilinə baxış keçirilməmiş, mənzilindən hər hansı bir narkotik vasitə aşkar edilməmiş, habelə cinayət işinin materiallarında təqsirləndirilən şəxsin guya onun mənzilində 500 qram narkotik vasitənin olması ilə bağlı izahatının və ya ifadəsinin olmadığı müəyyən edilmiş, bundan əlavə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsində istinad etdiyi «Youtube» sosial şəbəkəsində yerləşdirilmiş videoçarxa məhkəmə iclasında bilavasitə baxış keçirilmiş, lakin həmin videoçarxda təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi məzmunda müsahibəsi yer almamışdır. Təqsirləndirilən şəxsin polis bölməsindən qaçması və yenidən saxlanılması ilə bağlı isə cinayət işinin materiallarında ümumiyyətlə heç bir qeyd mövcud deyildir. Bundan başqa onun üzərində cəmi 10 qram narkotik vasitə qurudulmuş marixuana olması ilə bağlı təqsirləndirilən şəxsin ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə videomüşahidə altında baxış keçirilmiş, onun üzərindən aşkar edilmiş bir büküm maddə qanuna müvafiq qaydada qablaşdırılaraq ekspertizaya göndərilmiş və ekspertiza tədqiqatı nəticəsində onun üzərindən aşkar edilmiş bükümdəki maddənin 17,511 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadələrini səmimi qəbul etmir, onu özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı məsələyə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Əsgər» adlı şəxs ilə qabaqcadan əlbir olub, əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yolun kənarında gizlədilmiş 5 kq çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, müəyyən məbləğ qarşılığında həmin narkotik vasitədən hissə-hissə adıçəkilən şəxsin göstərişi əsasında onun müəyyən etdiyi müxtəlif ünvanlara yerləşdirmiş, həmçinin yerləşdirdiyi narkotik vasitələrin əvəzində alıcı olan şəxslər təqsirləndirilən şəxsin bank kartına müəyyən məbləğlərdə pullar köçürmüşdür. Məhkəmə işin qeyd olunan fakitiki halları baxımından təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 31-ci maddəsinə əsasən «İki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır». Qanunun qeyd olunan normasında iştirakçılığa verilən anlayış özündə üç əlaməti – cinayətin edilməsində iki və ya daha artıq şəxsin iştirakını, cinayətin edilməsində iki və ya daha artıq şəxsin birgə iştirakını və onların qəsdən törədilən cinayətdə qəsdən birgə iştirakını ehtiva edir. Hər hansı cinayət əməli baş verən zaman hər üç əlamət ardıcıl qaydada mövcud olduğu təqdirdə şəxsin əməli cinayətdə iştirakçılığın növü və ya forması baxımından tövsif edilə bilər. Cinayətin iştirakçılığının birinici və ikinci əlamətinə görə cinayətdə iştirakçılıqda ən azı iki nəfər olmalıdır və həmin şəxslərin hərəkətləri «birgə» olmalıdır. Cinayətin birgə edilməsi anlayışı özündə üç tərkib ünsürünü – cinayətin hər bir iştirakçısının hərəkəti digər iştirakçının edəcəyi hərəkətə kömək etməsini; bütün iştirakçıların hərəkəti vahid nəticəyə doğru istiqamətlənməsini; iştirakçıların hər birinin hərəkəti ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmasını ehtiva edir. Cinayətdə iştirakçılığın sonuncu əlaməti – cinayətin qəsdən törədilməsinə yönələn qəsdən birgə fəaliyyətdə ifadə olunur. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitə – qurudulmuş marixuananın Azərbaycan Respublikasının ərazisində satılmasında şəxsiyyəti məlum olmayan İran İRnin vətəndaşı «Əsgər» adlı şəxsə kömək etməsini, hər iki şəxsin niyyətinin vahid nəticəyə doğru, yəni narkotik vasitənin satışına istiqamətlənməsini, təqsirləndirilən şəxsin ona verilən narkotik vasitələri müvafiq ünvanlara yerləşdirməsinin qarşılığında pul əldə etməsini nəzərə alaraq hesab edir ki, onların hər birinin hərəkəti ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmuş və buna görə də, təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən düzgün olaraq iştirakçılığa, yəni qabaqcadan əlbir olan bir qrup şəxs əlamətinə görə tövsif olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 12-ci sətrinə əsasən qurudulmuş – marixuana narkotik vasitələr hesab edilir, həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram, külli miqdarının aşağı həddi isə 500 qramdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9cu bəndinin ikinci abzasına əsasən «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. Məhkəmə, İran İslam Respublikasının vətəndaşı Əsgər adlı şəxsin nə vaxt və hansı şəraitdə Azərbaycan Respublikasının ərazisinə keçirilməsi məlum olmayan narkotik vasitənin Azərbaycan Respublikasının ərazisində satışını məhz Təqsirləndirilən şəxs vasitəsi ilə təmin etməsini, təqsirləndirilən şəxsin mobil telefonunda narkotik vasitələrin satışı ilə bağlı kifayət qədər aydın məzmunda sms yazışmalarının olmasını, müxtəlif şəxslərin ondan narkotik vasitə istəmələrini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni məhz satış məqsədi ilə əldə etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş və onun əməli düzgün tövsif edilmişdir. Ona görə də təqsirləndirilən şəxs CMnin yuxarıda qeyd olunan maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası DİN BƏSİİ-nin əməliyyat-sorğu arayışı və müvafiq məhkəmə qərarı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-424/2022 saylı 1 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilindiyi əməli CM-nin 128-ci maddəsinə tövsif edilmiş və CM-nin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməklə, barəsində olan cinayət təqibinə xitam verilmişdir (cild İ, i/v 113-114, 116-134). Beləliklə, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 482 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməməsi ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməməli, o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq, onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 15 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 15 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 oktyabr 2022-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 15 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild İ, i/v 20, 85-89). Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Binəqədi RPİ-nin məsul saxlancında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 17,491 qram narkotik vasitə -qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, 1 ədəd «Samsung Galaxy A52» markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.- ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 32 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Kamandar Nəsibov və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi 192 (bir yüz doxsan iki) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 15 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 17,491 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, 1 ədəd «Samsung Galaxy A52» markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Kamandar Nəsibov və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi 192 (bir yüz doxsan iki) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar