Məhkəmə qərarları › İş №1(101)-963/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-963/2025

05.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-963/2025 05.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X4 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi –Azərbaycan Respulikasının Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, psixoloq-mütəxəssis X2 iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2-ci, 29,120.2.4-cü və 29,120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, 08 mart 2024-cü il tarixdə gecə saat 04 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni yaşayış sahəsindəki evdə, onunla birgə qeyri-rəsmi yaşayan Qanuni nümayəndə gecə vaxtı yemək hazırlamasını tapşıran zaman sonuncunun səhər açılanda yemək hazırlayacağını bildirməsi kimi cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə, guya həmin cavaba görə sonuncunu övladına zərər vurmaqla cəzalandırmaq üçün günün əlverişli olan digər vaxtlarından istifadə etmək əvəzinə əksəriyyətin yatmış olduğu günün gecə vaxtını seçib, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq, azğınlıq, qəddarlıq, kənar şəxslərə hörmətsizlik göstərən eqoizmini nümayiş etdirərək, habelə insanlar arasında bərqərar olmuş birgəyaşayış, davranış, əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlərlə, həmin saatda Qanuni nümayəndə azyaşlı övladları 2016-ci il təvəllüdlü Şahid1 və 2018-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yatdığı otağa keçərək, hər ikisinin yatdıqlarını qət edib, səsküyə oyansalar belə, otaqların qaranlıq və az işıqlı olduğunu bilib hücum edəcəyi şəxsin müqavimət göstərmək imkanını tamamilə və ya qismən itirəcəyini nəzərə alaraq, köməksiz vəziyyətdə olduğunu bilə-bilə, həmçinin seçdiyi üsulla zərərçəkmiş şəxsin yaxın adamlarına, yəni qardaşına qarşı bacısına, övlada qarşı valideynə xüsusi əzab verəcəyini dərk edərək, törətmək niyyətində olduğu əməlin cinayət xarakterini və hüquqaziddliyini, bu əməlin törədilməsi ilə zərərçəkmişin ölümünə səbəb olacaq ictimai təhlükəli nəticələrin baş verməsini qabaqcadan görərək və bunları arzu edərək, sonuncunun qəsdən öldürülməsinə yönəlmiş bilavasitə niyyətlə hərəkət edərək, azyaşlı Zərərçəkmiş şəxs hücum edib, cinayətkar niyyətini həyata keçirmək üçün müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirib, vahid qəsdlə əhatə olunan qəsdən öldürmək niyyəti ilə sonuncuya baş və sinə nahiyələrinə çoxsaylı əl-ayaq (yumruq və təpik) zərbələri vuraraq həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid qapalı kəllə beyin travması, postravmatik komatoz vəziyyət, baş-beyinin və beyin kötüyünün ağır əzilməsi və sıxılması, baş-beyinin sağ alın-təpə-gicgah paylarında kəskin subdural hematoması, hər iki beyin yarımkürəsinin diffuz ödemi və sıxılması, dislokasiyon sindromu, hər iki ağciyərin kontuziyası xəsarətləri yetirib, sonuncunun vaxtında xəstəxanaya çatdırılaraq üzərində təxirəsalınmadan cərrahi əməliyyatlar aparılması nəticəsində həyatı xilas edildiyindən, zərərçəkmişin həyatdan məhrum edilməsinə yönəlmiş qəsdini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, xüsusi amansızlıqla, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, bu evliliyindən əvvəl başqa bir evliliyi olmuşdur. Daha sonra aliment məsələləri ilə bağlı problemi olduğu üçün Əminə xanımla rəsmi olmayaraq ailələrin razılığı ilə ailə qurmuşlar. Maştağa qəsəbəsində bir evi olmuş, Əminə ondan həmin evi satmağını, atasının evinə daha yaxın evdə yaşamaq istədiyini bildirmişdir. O da həmin evi satmış, yeni aldığı ev də onun mülkiyyətində olmuşdur. Əminə özü də əmək müəllimi kimi fəaliyyət göstərmişdir. Hadisə günü - 07 mart 2024-cü il tarixdə o, kirayədə qaldığı evdən torpaq aldıqları yerə əşyaları daşımaq üçün maşına yerləşdirmişdir. Axşam saat 11-12 radələrində Əminə ona uşağın pilləkənlərdən yıxıldığını demişdir. O, uşaq yıxılan zaman onun yanında olmamışdır. Uşağın anadangəlmə göz zəifliyi problemi olmuşdur. Daha sonra saat 7-8 radələrində onlar uşağı 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına, orada qəbul edilmədikdən sonra Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparmışlar. Orada Zahid adlı həkim Samir adlı həkimlə birlikdə uşağı müayinə edib əməliyyat etmişdir. Əməliyyat uşağın kəllə-beyin nahiyəsi üzrə həyata keçirilmişdir və uğurlu keçmişdir. Neyrocərrahiyyə Xəstəxanasından uşağı çıxardıqdan sonra hamı anasıgilə gedib orada qalmışlar. 12 iyul tarixdə Mərdəkan qəsəbəsində yerləşən X8 Xəstəxanasına yemək aparmışdır. Həmin gün Əminənin atasıgilə getmiş, söhbət zamanı lazım gəlsə, Türkiyədə müalicə almağı üçün çalışacağını da bildirmişdir. O, sentyabr ayının 22-si bağda olmuş, həmin ayın 23-ü Əminənin atası maşınla onu götürərək bağa aparmış, bağda birlikdə təmizlik etmişlər, 24 sentyabrda isə o, hüquq-mühafizə orqanları tərəfindən tutulmuşdur. Qaynının oğlu reanimasiyada olduğundan Əminənin atası ondan 12 oktyabr 2023-cü il tarixdə 20 min manat məbləğində borc pul almışdır. Sonuncuya evini sataraq həmin məbləğdə pul vəsaitini borc qismində verə bilmişdir. Ona elan edilmiş ittiham həmin borcun qaytarılmaması ilə əlaqədar zərərçəkmiş şəxsin şikayətinə əsaslanmışdır. Belə ki, o, 20 min manat borcu qaynatasından tələb etmişdir. Qaynatası isə uşaq xəstəxanadan çıxan gün onun xalasının yoldaşına “əgər bizə hansısa məbləğdə pul ödəsəniz şikayətimizi geri götürərik” demişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, hadisə 07 mart 2024-cü il tarixdə, axşam saat 11-12 radələrində baş vermişdir. Uşaq yıxılan zaman təcili tibbi yardım çağırmamışlar, martın 8-i xəstəxanaya aparmışlar.Əminə Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə ərizə yazaraq hadisənin ətraflı araşdırılmasını tələb etmişdir. Uşaq Respublika Neyrocərrahiyyə Xəstəxanasında martın 8-dən may ayının 23-nə qədər müalicə almışdır. Daha sonra 10-15 gün anasıgildə qalmışlar, iyun ayında isə 12-13 gün müddətində X8 Xəstəxanasında müalicə almışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə göstərmişdir ki, təqsirləndirilən şəxs onun övladına əvvəllər də işgəncə vermişdir. Təqsirləndirilən şəxs qış fəslində oğlunu çöldə saxlayıb onun üzərinə su tökmüş, oğlunun ayağını da yandırmış, oğlunu otağa salıb ona işgəncələr vermişdir. Hadisə günü təqsirləndirilən şəxs gecə saat 4 radələrində ona yemək hazırlamağını tələb etmiş, o da gecə olduğunu və yuxulu olduğunu bildirsə də Rəşada yemək hazırlamağa başlamışdır. Lakin Rəşad onun sözlərinə əsəbiləşərək uşaqların yatdığı otağa daxil olub oğlunu təpiklə vura-vura evin həyətinə çıxartmış, oğlunu döyməyə davam etmişdir. Oğlu huşunu itirdikdən sonra Rəşad onu vurmağı dayandırmışdır. O, Rəşada oğlunu xəstəxanaya aparmaq barədə yalvarsa da Rəşad tutulmaqdan qorxduğu üçün bu təklifinə qarşı çıxmışdır. Oğlunu həkimə apardıqdan sonra həkimlər oğlunun təcili olaraq əməliyyat olmalı olduğunu bildirmişlər. Oğlu 20 gün komada qalmışdır. Rəşad oğlunun müalicəsini edəcəyi barədə ona söz vermişdir. Xəstəxanada olan zaman qızı atasının evində olmuşdu. Qızı babasının yanında olanda oğlunun bu halda olmasına səbəb Rəşadın hərəkətləri olduğunu bildirmişdir. Bundan sonra atası “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları ona zəng edərək hadisənin doğru olub-olmamasını soruşduqda o, hadisələrin doğru olduğunu bildirmişdir. Qanuni nümayəndə məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Rəşad ona qarşı da fiziki təzyiq göstərmişdir. Lakin ondan qisas almaq üçün daha çox oğluna işgəncələr vermişdir. Həkim onlara oğlunun müalicəsi üçün 4500 manat pul lazım olduğunu demişdir. Rəşad müalicə pulunu qarşılayacağına söz verdiyi üçün ondan şikayət etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, təqsirləndirilən şəxs anası ilə tanış olduqdan sonra onların evinə gəlmişdir. Rəşad və anası gecə radələrində evdə mübahisə etmişlər. O və qardaşı evdəki sas-küyə oyandıqdan sonra Təqsirləndirilən şəxs qardaşını təpiklə döyə-döyə çölə çıxartmışdır. Bundan sonra qardaşı huşunu itirmişdir. Şahid1 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Təqsirləndirilən şəxs anası ilə mübahisə etdikdən sonra həmişə qardaşını döymüşdür. Anası qardaşını xəstəxanaya aparmaq lazım olduğunu bildirdikdə Təqsirləndirilən şəxs “icazə ver ölsün” deyə cavab vermişdir. Təqsirləndirilən şəxs evdəki oyuncaqları yığışdırmadıqda onu da çöldə saxlamışdır. Təqsirləndirilən şəxs qardaşını təpiklə vurmuş, qardaşının üzərinə də çıxmışdır. Təqsirləndirilən şəxs və anası hər gün mübahisə etmişlər. Hadisə günü Təqsirləndirilən şəxs qardaşının başını döşəməyə çırpmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, onun yanına gətirilən zərərçəkmiş şəxs 5-6 yaşlı oğlan uşağı olmuşdur. Zərərçəkmiş şəxs gecə saat 23:00 radələrinə təcili tibbi yardım şöbəsinə olduqca halsız komatoz vəziyyətdə gətirilmiş,zərərçəkmiş şəxsdə qapalı kəllə beyin travması əlamətləri müşahidə olunmuşdur. Başında təpə nahiyyəsində əzik olmuş, amma açıq olmamışdır. Şahid2 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, uşağın vəziyyəti ilə bağlı qeydiyyat aparıb neyrocərraha yönləndirmişlər. Zərərçəkmiş şəxs ətrafa reaksiya verməmiş və bir qadının qucağında gətirilmişdi. Qadın zərərçəkmiş şəxsin stoldan yıxıldığını demiş, amma xəsarət stoldan yıxılmağa bənzəməmişdir. Zərərçəkmiş şəxs küt travma almış, başında əzilməyə məxsus göyərti və şişkinlik olmuşdur. Bədəndə göyərti izinə rast gəlməmişdir.Təcili olaraq neyrocərrahın müayinəsindən keçməli olduqlarını bildirmişdir. Xəsarət küt əşyayla alınmış travmaya bənzəmişdir. Təcili tibbi yardımın uşağı aparmasını məsləhət görsələr də uşağı xəstəxanaya qucağında gətirən qadın uşağı özlərinin aparacağını bildirmişdir. Təqsirləndirilən şəxsin hadisə zamanı xəstəxanada olub-olmadığını xatırlamır. Məhkəmə iclasında Şahid3 elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, 14 fevral 2012-ci ildən daxili işlər orqanlarında, 16 fevral 2024-cü tarixdən hazıradək Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsində yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. 2018-ci il təvəllüdlü Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla, sonuncunun ailə üzvləri və qohum-əqrabasından hər hansı şəxslə arasında hər hansı bir düşmənçilik və ədavət olmamışdır. 08 mart 2024-cü il tarixdə saat 12:00 radələrində 1-ci Polis Şöbəsinə “Respublika Neyrocərrahiyə Xəstəxanası”ndan məlumat daxil olmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Yeni yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan 2018-ci il təvəllüdlü Zərərçəkmiş şəxs başın sağ tərəfli gematoması diaqnozu ilə həmin xəstəxanaya gətirilmişdir. Daxil olmuş məlumat üzrə ilkin araşdırmanın aparılması ona tapşırılmış, məlumat üzrə araşdırma aparmaq məqsədi ilə 2018-ci il təvəllüdlü Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə izahat verməsi üçün Polis Şöbəsinin inzibati binasına dəvət etmişdir. Qanuni nümayəndə izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə oğlu Zərərçəkmiş şəxs birgə yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Yeni yaşayış massivi, nömrəsiz fərdi evdə öz ehtiyatsızlığı ucbatından yıxılaraq xəsarət almış, daha sonra övladını 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına aparmış, lakin övladının səhhəti pis olduğundan həmin xəstəxanadan həkimlər tərəfindən ona övladını “Respublika Neyrocərrahiyə Xəstəxanası”na aparması tövsiyə olunmuşdur. Qanuni nümayəndə 1-ci Polis Şöbəsində verdiyi izahatında əlavə olaraq bildirmişdir ki, oğlu Turan birgə yaşadıqları evdə öz ehtiyatsızlığı ucbatından yıxılaraq xəsarət aldığından məhkəmə-tibbi ekspertizası müayinəsindən keçirilməsindən imtina edir. Həmçinin Qanuni nümayəndə baş vermiş hadisədə hər hansı bir şəxsin günahı və təqsiri olmadığını bildirərək, oğlu Turanın xəsarət alması ilə bağlı kimsədən hər hansı bir şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə, Qanuni nümayəndə izahatında qeyd etdiyi xüsusatların düzgünlüyünə inanaraq və 2018-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xəsarət almasında heç bir cinayət tərkibinin əlamətlərinin olmadığı qənaətinə gəlinərək bu səbəbdən xx.xx.2024-cü il tarixdə tərəfindən arayış tərtib olunaraq toplanmış sənədlər işə alınmışdır (cild 1, iş vərəqə 244-247). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 19 iyul 2024-cü il tarixli Qanuni nümayəndə tərəfindən Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, Qanuni nümayəndə xx.xx.2024-cü il tarixdə gecə saat 04:00 radələrində Xəzər rayonu, Türkan qəsəbəsi, yeni saəhədə yaşadığı evdə baş vermiş münaqişə zəmnində həyat yoldaşı Təqsirləndirilən şəxs birinci nigahından olan oğlu Zərərçəkmiş şəxs Məmmədli oğlunun baş nahiyyəsinə təpiklə zərbələr vurmaqla qəsdən bədən xəsarətləri yetirdiyini, həmin vaxt Rəşad onu ölümlə hədələdiyi üçün bu barədə Polis İdarəsinə müraciət edə bilmədiyini qeyd etmişdir (cild 1, iş vərəqə 7). Respublika Neyrocərrahiyə X7 şəxsin xəstənin stasionar tibbi kartından 545 nömrəli çıxarışından görünür ki, Zərərçəkmiş şəxs Məmmədli oğlu “Müştərək travma. Qapalı kəllə beyin travması. Baş beynin və beyin kötüyünün ağır əzilməsi və sıxılması. Sağ alın-təpəgicgah nahiyyələrdə kəskin subdural hematoma, hər iki beyin yarımkürəsinin diffuz ödemi və sıxılması.Dislokasiyon sindrom.Hər iki ağciyərin kontuziyası. Sağ budun spastik çıxığı. Cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozu ilə xx.xx.2024-cü il tarixdə Respublika Neyrocərrahiyə Xəstəxanasına daxil olmuş, həmin tarixdə “sağ alın-təpə-gicgah bazal nahiyyəsinin geniş kranioektmiyası. Kəskin subdural hematomanın xaric edilməsi.Sərt qişanın plastikası” cərrahi əməliyyatı icra olunmuşdur.Bundan başqa çıxarışda sağ təpə gicgah nahiyyəsində əzilmələr, hər iki periorbital toxumalarda şişkinlik, iki dizində sıyrılmış yaralar, hər iki əllərində sıyrılmış yaralar, sağ xayanın sıyrılmış yaranın olması göstərilmişdir (cild 1, iş vərəqə 16-17). 12 avqust 2024-cü il tarixli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, 2018-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – qapalı kəllə beyin travması, postravmatik komatoz vəziyyət, baş-beynin və beyin kötüyünün ağır əzilməsi və sıxılması, baş-beynin sağ alın-təpə-gicgah paylarında kəskin subdural (sərtqişaaltı) hematoması, hər iki beyin yarımkürəsinin diffuz ödemi və sıxılması, dislokasiyonun sindromu, hər iki ağciyərin kontuziyası küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “Respublika Neyrocərrahiyyə Xəstəxanası” X14 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddirlər. Rəylə təsdiq olunmuşdur ki, hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin müxtəlif şəraitdə, o cümlədən kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur (cild 1, iş vərəqə 47-51). 25 sentyabr 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Qanuni nümayəndə arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Qanuni nümayəndə ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir( cild 1, iş vərəqə 83-85). 12 oktyabr 2024-cü il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizasıın rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər-hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər-hansı bir psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır.Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cianyət Məcəlləsinin 21ci maddəsinin təsiri altına düşmür.Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur(cild 1, iş vərəqə 170-171). 28 noyabr 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni yaşayış sahəsindəki fərdi yaşayış evidir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 209-222). 28 noyabr 2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, şahid Həsənzadə X6 İsmayılovun 08 mart 2024-cü il tarixdə gecə saat 04 radələrində yaşadığı evdə azyaşlı qardaşı Zərərçəkmiş şəxs çoxsaylı yumruq və təpik zərbələri ilə vurduğu yeri əyani olaraq göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 223-227). 28 noyabr 2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, şahid Qanuni nümayəndə ifadəsində bildirdiyi xüsusatları bir daha əyani şəkildə hadisə yerində göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 228-235). 29 noyabr 2024-cü il tarixli kompleks ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Şahid1 hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Şahid1 xx.xx.2024-cü il tarixdən əvvəlki və sonrakı müddətdə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılı və ya sair psixi xəstəlik keçirməmişdir. Şahid1 əqli və psixi inkişafı normaya uyğundur.Emosionallıq, həssaslıq, fəallıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Şahid1 sensor perseptiv prosesləri, fərdi-psixi xüsusiyyətləri və hadisə şəraitini nəzərə alınmaqla iş üçün əhəmiyyətli halları düzgün qavraya bilməsi müəyyən edilmişdir. Şahid1 hadisənin baş verdiyi şəraitin malik olduğu qıcıqlandırıcıları duymaq və qavramaq iqtidarındadır. Şahid1 təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə müəyyən edilməmişdir. Şahid1 özündən uydurmağa meyillilik aşkar edilməmişdir. Bundan başqa ekspertiza rəyinin məhkəmə psixoloji ekspertizası üzrə tədqiqi hissəsində Şahid1 hadisə barəsində soruşulduqda Rəşadın anası ilə həkimdə tanış olduğunu, sonra onların evləndiyini və onların Rəşadın kirayədə yaşadığı evə köçdüklərini, Rəşadın çox əsəbi olduğunu, qardaşı Turanı döyüb incitdiyini, onu soyuqda saxladığını, bir dəfə də isti su töküb qardaşını yandırdığını, saçından tutub göyə qaldırıb ona əziyyət etdiyini, anasını da döydüyünü, bəzən ona mane olmasın deyə anasını otağa salıb qapını bağladığını, qardaşının və onun Rəşaddan qorxduğunu, qardaşını döyəndə qorxusundan ağladığını bildirmişdir (cild 2, iş vərəqə 19-22). 29 noyabr 2024-cü il tarixli kompleks ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Qanuni nümayəndə hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Qanuni nümayəndə xx.xx.2024-cü il tarixdən əvvəlki və sonrakı müddətdə xroniki psixi xəstəlik, psixi fəaliiyətin müvəqqəti pozulması, kəmağıllılı və ya sair psixi xəstəlik keçirməmişdir. Qanuni nümayəndə əqli və psixi inkişafı normaya uyğundur.Emosional sabitlik, ünsiyyətçillik, konfliktə meyilli olmamaq xarakterik xüsusiyyətlərə malikdir. Qanuni nümayəndə sensor perseptiv prosesləri, fərdi-psixi xüsusiyyətləri və hadisə şəraitini nəzərə alınmaqla iş üçün əhəmiyyətli halları düzgün qavraya bilməsi müəyyən edilmişdir. Qanuni nümayəndə hadisənin baş verdiyi şəraitin malik olduğu qıcıqlandırıcıları duymaq və qavramaq iqtidarındadır. Qanuni nümayəndə təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə müəyyən edilməmişdir. Qanuni nümayəndə özündən uydurmağa meyillilik aşkar edilməmişdir. Bundan başqa ekspertiza rəyinin məhkəmə psixoloji ekspertizası üzrə tədqiqi hissəsində Qanuni nümayəndə hadisə barəsində soruşulduqda Rəşadla birlikdə yaşamağa başladıqdan təxminən bir ay sonra davranışının dəyişdiyini, azyaşlı oğlu Turanı incitməyə başladığını, onu şbaqata oturtduğunu, dərs öyrətmək adı ilə döydüyünü, soyuqda çöldə saxladığını, tərbiyə etmək adı ilə uşağa zülm etdiyini, bir dəfə isti su ilə onu yadırdığını, bir dəfə də xayasına iynə soxub “qoy gələcəkdə övladı olmasın” dediyini, oğlunu müdafiə etmək istədikdə onu boğduğunu, döydüyünü, öldürəcəyi ilə hədələdiyini, 8 mart tarixində, gecə saat 4 radələrində ondan yemək istədiyini, o da bu vaxt yemək olar deyə ona yemək verə-verə deyindiyini, bu zaman yatılı vəziyyətdə olan oğlunu vurub yuxudan oyadıb təpiklə vurduğunu, uşağın özündən getdiyini, beyninə qan sızdığını, qızıilə ona bu barədə heçkimə deməməyi tapşırıb onları qorxutduğunu, buna görə də həkimlərə oğlunun yıxıldığını dediyini bildirmişdir (cild 2, iş vərəqə 24-27). 16 dekabr 2024-cü il tarixli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, 2018-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – qapalı kəllə beyin travması, postravmatik komatoz vəziyyət, baş-beynin və beyin kötüyünün ağır əzilməsi və sıxılması, baş-beynin sağ alın-təpə-gicgah paylarında kəskin subdural (sərtqişaaltı) hematoması, hər iki beyin yarımkürəsinin diffuz ödemi və sıxılması, dislokasiyoun sindromu, hər iki ağciyərin kontuziyası küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “Respublika Neyrocərrahiyyə Xəstəxanası” X14 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin müxtəlif şəraitdə, o cümlədən kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Zərərçəkmiş şəxs aralıq nahiyəsində, xaya kisəsində və cinsi orqanında travmatik mənşəli patologiya aşkar olunmamışdır. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən sonra qısa müddətdə məqsədyönllü hərəkətlər etmək iqtidarında olunması istisna olunmur. Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər onun bədənin müxtəlif duruş vəziyyətlərində (uzanıqlı, oturaq, yarıoturaq və ya ayaqüstü və s.) yetirilə bilərdi. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər insan həyatı üçün təhlükə törətdiyindən ağır dərəcəli zərərvurmaya aiddirlər. Həyat üçün təhlükləli xəsarətlər dedikdə adi gedişində ölümlə nəticələnə biləcək xəsarətlər başa düşülür (cild 2, iş vərəqə 31-37). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş 262 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsi X5 göstərmişdir ki, məlum hadisədən əvvəlki dövrlərdə Zərərçəkmiş şəxs boyun və alın nahiyələrində xəsarət izlərinin olduğunu aşkar etmişdir.Bununla bağlı Turanın anası Qanuni nümayəndə ilə danışdıqda o, Turanın nadinc olduğundan evdə teztez yıxılaraq xəsarətlər aldığını bildirmişdir.Əminə Turanın anası olduğundan onun sözlərinə inanmışdır.Məlum hadisə baş verdikdən və Turan məktəbəqədər hazırlıq qruplarına gəlmədikdən sonra eşitmişdir ki, Turanın anası Əminə ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Turanı döyərək bədəninin mütəlif nahiyələrinə vurmuş, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə növbəti dəfə Turanı döyərək sonuncuya daha ağır xəsarətlər yetirmişdir. Dərs müddətində uşaqların bütün davranışlarına nəzarət olunmuşdur, buna görə də uşaqların arasında hər hansı bir davadalaşın baş verməsi halı mümkünsüzdür (cild 1, iş vərəqə 237-239). 26 avqust 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X7 Şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 59). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 23 may 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.5-ci maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqə 60, 119-124). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Ağırlaşdırıcı hal kimi xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə ( yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) əməlinin törədilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə, xüsusi amansızlıqla qəsdən adam öldürmə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi öldürmə Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 2-ci bəndinə əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin qərarın 3-cü bəndində göstərilir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək) Həmin qərarın 8-ci bəndində göstərilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Həmin qərarın 13-cü bəndində göstərilir ki, CM-nin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları ilə, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Belə ki, həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında şahidlər Qanuni nümayəndə və Şahid1 ifadələrindən görünür ki, 08 mart 2024-cü il tarixdə, gecə saat 04:00 radələrində Təqsirləndirilən şəxs Qanuni nümayəndə ona gec yemək hazırlaması kimi cüzi səbəbi əsas götürərək, yatdıqlarını qət edib, səs-küyə oyansalar belə, otaqların qaranlıq və az işıqlı olduğunu bilib hücum edəcəyi şəxsin müqavimət göstərmək imkanını tamamilə və ya qismən itirəcəyini nəzərə alaraq, köməksiz vəziyyətdə olan azyaşlı Zərərçəkmiş şəxs başına ayaq zərbələri ilə vuraraq onu oyadıb əl və ayaq zərbələri ilə başına və bədən nahiyələrinə vurmuş, sonra isə başından tutaraq onu divara çırpmış, Turan zərbələrə dözməyib bərkdən ağlayaraq qışqırmış, Turanın özündən getməsinə, Qanuni nümayəndə Rəşada yalvarmasına baxmayaraq sonuncu uşağın baş nahiyəsinə təpik zərbələri vurmaqda davam etmiş, artıq Turan tam şəkildə özündən getdikdən sonra buna baxmayaraq Rəşad uşağı sürüyüb çölə çıxararaq orada da vurmağa davam etmişdir. Həmçinin şahid Qanuni nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsində Rəşada qışqıraraq “qonşuları və polisi çağıracam, uşaqdan əl çək” dediyini, Rəşadın onun polis çağıracağından qorxduğu üçün uşağı vurmağı dayandırdığını, əks halda uşağı vuraraq öldürəcəyini, Rəşada “təcili uşağı həkimə aparaq” dedikdə sonuncunun “lazım deyil qoy ölsün, deyərik ki, pilləkəndən yıxılıb ölüb” dediyini, onun yalvarışından sonra Rəşadın həkimə aparmağa razılıq verdiyini, lakin Rəşadın ona dəfələrlə “xəstəxanada deyirsən ki, uşaq pilləkəndan yıxılıb, əks halda səni və uşaqlarını öldürəcəm” dediyini göstərmişdir. Məhkəmə, ibtidai istintaq zamanı Qanuni nümayəndə və Şahid1 barələrində keçirilmiş 29 noyabr 2024-cü il tarixli kompleks ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı iş üçün əhəmiyyətli halları düzgün qavraya bilməsi, özündən uydurmağa meyillilik əlamətlərinin aşkar edilməməsi, başqalarının təsiri altında hərəkət etməyə müəyyən edilməməsi kimi halları, habelə X3 məlum hadisədən əvvəlki dövrlərdə Zərərçəkmiş şəxs boyun və alın nahiyələrində xəsarət izlərinin olduğunu aşkar etməsi, dərs müddətində uşaqların bütün davranışlarına nəzarət olunduğunu, buna görə də uşaqların arasında hər hansı bir dava-dalaşın baş verməsi halının mümkünsüz olduğu barədə ifadələrini, o cümlədən zərərçəkmiş şəxsin 8 mart 2024-cü il tarixdə Respublika Neyrocərrahiyə X7 şəxsi tərəfindən müayinəsi zamanı həqiqətən də sağ xayasının sıyrılmış yara izlərinin aşkar edilməsi kimi xüsusatı əsas götürərək Qanuni nümayəndə və Şahid1 ifadələrinin mötəbər olması qənaətinə gəlir. Bundan başqa 16 dekabr 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyində Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin –küt əşya (əşyalar) təsirindən törəndiyi, aşkar olunmuş xəsarətlərin müxtəlif şəraitdə, o cümlədən kənar şəxs tərəfindən yetirilməsi istisna olunmadığı, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlərin onun bədənin müxtəlif duruş vəziyyətlərində (uzanıqlı, oturaq, yarıoturaq və ya ayaqüstü və s.) yetirilə biləcəyi göstərilmişdir. Həmçinin ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər insan həyatı üçün təhlükə törədən, yəni adi gedişində ölümlə nəticələnə biləcək xəsarətlər olmaqla ağır dərəcəli zərərvurmaya aid olmuşdur. Məhkəmə qeyd edir ki, şahidlərin ifadələrinin və məhkəmə-tibbi, kompleks ambulator məhkəmə psixiatrik ekspertiza rəylərinin mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə əsasən şübhə altına alınması üçün əsaslar müəyyən edilməmiş, azyaşlı Zərərçəkmiş şəxs xəstəxanaya çatdırıldıqdan sonra həkimlərin müdaxiləsi nəticəsində həyatı xilas olunduğu üçün Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərdən zərərçəkmiş şəxsi həyatadan məhrum etməyə yönəlmiş hərəkətlərini başa çatdıra bilməməsi yuxarıda göstərilən sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2-ci, 29,120.2.4-cü və 29,120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci, 29,120.2.4-cü və 29,120.2.9-cu maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən xüsusilə ağır cinayətdir. Qeyd olunan əməl təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2ci, 29,120.2.4-cü və 29,120.2.9-cu maddələrinin sanksiyası həddində həmin Məcəllənin 63.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Cinayət Məcəlləsinin 29,120.2.2-ci, 29,120.2.4-cü və 29,120.2.9-cu maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanının 12 avqust 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş (cild 1, iş vərəq 52), 24 sentyabr 2024-cü il tarixdə tutulmuş (cild 1, iş vərəqə 63), Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 24 sentyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 110-115). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmə zamanı onun hüquqları dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2-ci, 29,120.2.4-cü və 29,120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 29,120.2.2-ci, 29,120.2.4-cü və 29,120.2.9-cu maddələri ilə 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 24 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəmə mərhələsində göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar