Məhkəmə qərarları › İş №1(101)-965/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-965/2022

20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-965/2022 20.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Verdiktum” Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, 18 avqust 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda - ümumi təmiz çəkisi 5090 qram təşkil edən qurudulmuş marixuananı əldə etmiş, yaşadığı ünvan 1 ünvanda saxlamış, 23 dekabr 2021-ci il tarixdə saat 11:40 radələrində Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və onun yaşadığı həmin ünvana baxış keçirilərkən evin qonaq otağındakı televizorun arxa hissəsindən 06 ədəd karton qutuda ayrı-ayrılıqda təmiz çəkiləri 630 qram, 670 qram, 765 qram, 70 qram, 1055 qram, 1900 qram olmaqla külli miqdarda - ümumi təmiz çəkisi 5090 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, təxminən 4 ildir ki, narkotik vasitə marixuanadan istifadə edir. Əvvəllər marixuananı müxtəlif üzdən tanıdığı, lakin adını, soyadını və yaşadığı ünvanı bilmədiyi şəxslərdən almışdır. Maddi durumu yaxşı olmadığından marixunaya pul verməmək üçün onu özü əkmək qərarına gəlmişdir. Bu məqsədlə də hər dəfə istifadə etmək üçün aldığı marixuananın içərisindən toxumlarını tapıb ayıraraq toplamışdır. 17 ədəd toxumu topladıqdan sonra 2021-ci ilin aprel ayının 7də Maştağa qəsəbəsindəki «Sovxoz Maştağa» yaşayış massivində yerləşən iki hektar torpaq sahəsinin bir kənarında həmin 17 ədəd toxumu əkmişdir. Daha sonra həmin toxumlara qulluq etmiş və toxumlardan 11 ədədi böyümüşdür. 2021-ci ilin sentyabr ayının 17-dən sonra çətənə bitkilərini toplamış, onları həmin bağ sahəsində yerləşən taxtadan düzəltdiyi tikilidə qurutmuşdur. Bitkiləri tam qurutduqdan sonra əldə etdiyi marixuananı 6 ədəd karton qutulara toplamış və onları gətirərək yaşadığı Maştağa qəsəbəsi, Neftçilər küçəsi 2 ünvandakı evinin qonaq otağında yerləşən televizorun arxasında saxlamışdır. 23 dekabr 2021-ci il tarixində saat 11:30 radələrində Maştağada Neftçilər küçəsində olduğu zaman iki nəfər şəxs ona yaxınlaşmışdır. Onlar özlərini təqdim edərək Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polislər onlarla birlikdə Polis Bölməsinə getməyi təklif etmişlər. O, bölməyə aparılmasının səbəbini soruşmuş, polislər də qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşımada şübhəli bilindiyini demişlər. Bundan sonra polis əməkdaşları ilə razılaşaraq bölməyə getmiş, orada onun istifadəçi qismində şübhəli şəxs kimi tutulması barədə sənədləşmələr aparılmış, hüquq və vəzifələri izah edilmiş, vəkil çağırılmışdır. Bundan sonra təhqiqatçı ona yaşadığı evdə videoçəkilişlə baxış keçiriləcəyini bildirmişdir. O, heç bir etirazının olmadığını bildirdikdən sonra yaşadığı evə getmişlər. Polis əməkdaşları baxışın keçirilməsinə başlamazdan əvvəl evdə qanunsuz nəsə varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra o, evin qonaq otağında saxladığı 6 ədəd karton qutuya yığdığı marixuananı çıxardıb polislərə vermişdir. Bundan sonra polislər evə baxış keçirtmişlər və evdə başqa qanunsuz heç nə aşkar edilməmişdir. Yaşadığı evdən aşkar edilmiş marixuana qablaşdırılmış, protokol tərtib edilmiş, qablaşmanın üzəri və həmin protokol o və polislər tərəfindən imzalanmışdır. Daha sonra yenidən Polis Bölməsinə getmişlər. Bölmədə təhqiqatçı üstünə videoçəkilişlə şəxsi axtarış da keçirmiş, amma qanunsuz heç nə tapılmamışdır. Bu barədə yenə protokol tərtib olunmuş və imzalanmışdır. Aşkar edilmiş marixuananı şəxsi istifadəsi üçün hazırlayıb saxladığının nəzərə alınaraq məhkəmədən istifadəçi kimi məhkum olunması barədə qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadələrində əsasən oxşar məzmunlu ifadə vermiş, bununla bərabər aşkar edilmiş marixuana ilə bağlı həm də göstərmişdir ki, o, borcunun çox olması səbəbindən çətənə bitkisini əkərək becərməyi, daha sonra onları qurudaraq həm özü istifadə etməyi, həm də sataraq əldə edəcəyi pulla borclarını qaytarmağı planlaşdırmışdır (cild 1, iş vərəqə 68-70). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 23 dekabr 2021-ci il tarixdə etibarlı və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması ilə bağlı məlumat daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilmiş, onun və Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş məlumat əsasında saat 11:30 radələrində qeyd edilən ünvana çatmışlar və Təqsirləndirilən şəxs orada dayandığını görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edərək həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər, daha sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Polis Bölməsinə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs əvvəlcə bölməyə aparılmasının səbəbini soruşmuş, onlar da sonuncuya qanunsuz olaraq narkotik vasitə əldə etmə, üzərində saxlama və daşımada şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə bölməyə gəlmişdir. Bölmənin baş təhqiqatçısı Ramin Güləliyevə həvalə edilmişdir. Ramin Güləliyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, ona hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əvvəlcə yaşadığı evə videoçəkiliş vasitəsilə baxış keçiriləcəyi və bununla bağlı etirazının olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs etiraz etmədikdən sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə onun yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Neftçilər küçəsində yerləşən 2 nömrəli evə getmişlər. Fərdi evin qarşısında təhqiqatçı təkrarən Təqsirləndirilən şəxs fərdi evə baxış keçiriləcəyini bildirmiş və bununla bağlı etirazının olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra təhqiqatçı sonuncudan yaşadığı evdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşmuşdur. Təqsirləndirilən şəxs evdə narkotik vasitə saxladığını bildirmiş və onu təqdim edə biləcəyini demişdir. Bundan sonra evə daxil olunmuş və Təqsirləndirilən şəxs evin qonaq otağında olan televizorun arxasından 06 ədəd karton qutuları çıxardaraq təqdim etmişdir. Qutulara ayrı-ayrılıqda baxış keçirilmiş və qutularda narkotik vasitə olan marixuanaya bənzər ot kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş ot kütlələrinin nə olduğu, haradan, nə məqsədlə əldə etdiyi soruşulmuş, sonuncu da həmin ot kütlələrinin marixuana olduğunu və öz istifadəsi üçün əkib-becərərək qurudub saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş kütlələr qablaşdırılaraq götürülmüş və yenidən Təqsirləndirilən şəxs ilə birlikdə Polis Bölməsinə qayıtmışlar. Bölmədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı olmadan videoçəkiliş vasitəsilə şəxsi axtarış keçiriləcəyi izah edilmiş, heç bir etirazı olmayan Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs isə üzərində qanunsuz əşya və ya maddə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və qanunsuz heç nə aşkar edilməmişdir. Qeyd edilən hərəkətlərlə bağlı təhqiqatçı tərəfindən protokollar tərtib edilmiş, bütün iştirakçılar həmin protokollarla tanış olmuş və hər kəs tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin digər əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Həyətyanı sahəyə baxış keçirmə və götürmə haqqında 23 dekabr 2021-ci il tarixli protokoldan və həmin prosessual hərəkətin keçirilməsinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında 25 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi evə baxış keçirilmiş, Təqsirləndirilən şəxs yaşadığı fərdi evdə qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən maddə, əşya və ya predmet olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs yaşadığı fərdi evdə narkotik vasitə marixuana olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs fərdi evin qonaq otağında olan televizorun arxa hissəsindən 06 ədəd karton qutunu təqdim etmiş, qutular açıldıqda içərisindən bitki kütlələri aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin bitki kütlələrinin marixuana olduğunu, onları özünün əkib becərərək qurutduğunu bildirmişdir (cild 1, iş vərəqə 29-31, 72 ). Məhkəmə-bioloji ekspertizasının 23 dekabr 2021-ci il tarixli, 7/1314 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində “Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan üç ədəd ağ rəngli sintetik torbalardakı 06 ədəd karton qutularda, ayrıayrılıqda təmiz çəkiləri 630 qram, 670 qram, 765 qram, 70 qram, 1055 qram, 1900 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 5090 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 5089,4 qram təşkil etmişdir (cild 1, iş vərəqə 45-48 ). Diskə baxış keçirilməsi haqqında 19 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, “**********48.txt”, “**********48_SMS.txt”, “abuneciler.xlsx” və “antenna.xlsx” 4 faylın olduğu müəyyən edilmişdir. Həmçinin faylların içərisinə baxış zamanı a) “**********48.txt” - adlı fayla baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı olduğu, Təqsirləndirilən şəxs mütəmadi olaraq ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**- **, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** ***-***-**-** mobil telefon nömrələri ilə əlaqə saxladığı, onlardan zənglər qəbul etdiyi müəyyən edilmişdir. b) “**********48_SMS.txt” - adlı fayla baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan sms mətnləri olduğu, Təqsirləndirilən şəxs mütəmadi olaraq ***-***-**-**, ***-***-**-**, 050-522 -23 -24, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** ***-***-**-** mobil telefon nömrələrinə smslər yazdığı və onlardan smslər qəbul etdiyi müəyyən edilmişdir. c) “abuneciler.xlsx”-adlı fayla baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən çıxan və daxil olan zənglərin edildiyi mobil telefon nömrələrinin bəzilərinin kimlərə məxsus olması barədə məlumatlar olduğu müəyyən edilmişdir. d) “antenna.xlsx”-adlı fayla baxış zamanı faylın Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin anten əhatə dairəsinə dair məlumatların olduğu müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim olunmuş CD diskdə olan “**********48.txt”, “**********48_SMS.txt”, “abuneciler.xlsx” və “antenna.xlsx” adlı fayllardan müvafiq çıxarışlar edilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 99-262 ). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 03 fevral 2022-ci il tarixli 488 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 299-300 ). Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbə ilə bağlı ibtidai istintaq orqanının 10 mart 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 315). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 93-94) Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin ikinci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 500 qramdan artıq çəkidə qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etməməsinə dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, o cümlədən özünün satış məqsədinin etirafı ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi və SMS yazışmaları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, özünü qismən təqsirli bilməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 dekabr 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 23 dekabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 11, 78-80). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 23 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 5089,4 qram təşkil edən marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı fərdi evə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd CD disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim olunmuş, Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin, sms yazışmalarının əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 46, 362). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” 24.12.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 5089,4 qram təşkil edən marixuana məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı fərdi evə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd CD disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim olunmuş, Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin, sms yazışmalarının əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın; Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar