Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-965/2023 23.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Əhməd qızının iştirakı ilə, müəyyənetdi: 21 fevral 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmənin hazırlıq iclasının 3 mart 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxslər ittiham olunduğu həmin maddələrlə məhkəməyə verilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamaqla daşımışdır. İş üzrə keçirilmiş məhkəmə istintaqı zamanı ibtidai istintaq orqanının təqdim etdiyi sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmış, o cümlədən təqsirləndirilən şəxslər və şahidlər dindirilmiş, müvafiq sənədlər tədqiq olunmuşdur. Məhkəmə baxış iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə irəli sürülmüş ittihamdan imtina etmiş və cinayət təqibinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri üzrə davam etdirilməsini xahiş etmişdir. Dövlət ittihamçısı fikrini onunla əsaslandırmışdır ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə ittiham irəli sürülsə də təqsirləndirilən şəxs qeyd edilən əməli internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız fərdi rabitə əlaqəsi kimi istifadə etməklə törətdiyindən onun əməli kütləvilik əlamətini ehtiva etmir. Belə ki, məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs 01 ədəd şəffaf sellofona bükülmüş bükümdə təmiz çəkisi 6,693 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 02 ədəd şəffaf sellofona bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,108 və 0,435 qram psixotrop maddə metamfetamini İran islam Respublikası vətəndaşı ilə sosial şəbəkə vasitəsilə əlaqə saxlamaqla əldə etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2023-cü il tarixli Qərarından görünür ki, Cinayət Məcəlləsinin 234.4.4cü maddəsinin dispozisiyasının konstruksiyasında əsas yer məhz kütləvilik əlamətinə verilir. Burada qanunvericinin başlıca məqsədi Cinayət Məcəlləsinin 234.2, 234.3, 234.3- 1-ci maddələrində göstərilən əməllərin kütləvi auditoriyaya, qeyri-müəyyən sayda insanlara münasibətdə törədilməsinin, yəni narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı məlumatların qeyri-müəyyən sayda şəxslərə təqdimatı vasitəsilə satışının kriminallaşdırılmasından ibarətdir. Qanunverici, narkotik vasitələrin və ya psixotrop maddələrin satışına dair təkliflərin internet informasiya ehtiyatları və ya informasiya-telekommunikasiya şəbəkələri vasitəsilə qeyri-məhdud şəxslər dairəsinə ünvanlanmasına, həmin məlumatların çoxlu sayda şəxslər üçün əlçatan olmasına, bununla da narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən şəxslərin (istehsalçıların, satıcıların, ticarət vasitəçilərinin, istehlakçıların və s.), mütəşəkkil cinayətkar birliklərin sayının hədsiz genişlənməsinə şərait yaratdığı üçün Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsindəki əməllərin daha böyük ictimai təhlükə kəsb etdiyini nəzərə alaraq həmin əməllərə görə daha ağır cinayət məsuliyyətini də müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsindən irəli gələn cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi prinsipinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq həmin Məcəllənin 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindən ona istinad edilən cinayət əməlinin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədildiyindən həmin əməl mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilən cinayət kimi qiymətləndirilməməlidir. Odur ki, yuxarıda qeyd edilən Plenum qərarının tələblərinə əsaslanaraq təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə irəli sürülmüş ittihamdan imtina edilməli, digər ittihamla bağlı cinayət təqibi davam etdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 84.6.9cu maddəsinə görə həmin Məcəllənin bu Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət ittihamçısının təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək hüququ vardır. Məhkəmə, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə elan edilmiş ittihamdan məhkəmə baxışı zamanı imtina edən dövlət ittihamçısının mövqeyini Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü və 314.2-cü maddələrinin tələblərinə uyğun hesab edir və bu səbəbdən də belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə aparılan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə qəraraaldı: Dövlət ittihamçısı vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə irəli sürülmüş ittihamdan imtina etməsi əsası ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-965/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-965/2023
23.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver