Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-965/2024 04.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X4, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X5 və Dövlət ittihamçısı, müdafiəçi –32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Sabirabad rayonunda doğulmuş, orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, Sabirabad rayonu, Mürsəlli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclas zalında saat 11:50-də açıq məhkəmədə baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “İsa” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqla müəyyən edilməyən vaxtda “İsa” adlı şəxsin göstərişi ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda 1002,5 qram çəkidə narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamaqla daşımış, 24 iyun 2023cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 23:10-da Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi ilə D.Əliyeva küçələrinin kəsişməsində saxlanılaraq 22-ci Polis Şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 1002,5 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 24 iyun 2023-cü il tarixdə axşam saat 11-12 radələrində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb şöbəyə aparılmış, həmin polis şöbəsində baxış keçirilən zaman üzərində qeyri-qanuni hər hansı əşya aşkarlanmasa da, polis əməkdaşları ona 1 kiloqram narkotik vasitənin ona məxsus olduğunu videoçəkilişdən istifadə edilməklə aparılacaq istintaq hərəkəti zamanı bildirməsə, üzərindən silah çıxardacaqlarını, ailəsini də əlbir edəcəklərini deyərək ona psixoloji təzyiq göstərilmişdir. Polis əməkdaşlarının psixi təzyiqləri nəticəsində 1 kiloqram narkotik vasitə olan heroinin ona məxsus olduğunu deməyə məcbur olmuş, daha sonra ailəsinə şübhəli şəxs qismində saxlanıldığı barədə məlumat verilmişdir. O, baş verənlərin səbəbini bilməmiş, qan analizi təmiz olsa da, narkotik vasitədən istifadə etməsi ilə bağlı ittiham aktında qeyd aparılmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs saxlanılmazdan 5-6 ay əvvəl psixotrop maddə olan metamfetamin istifadə etdiyini, hər hansı müalicə müəssisəsində müalicə almadığını, narkotik maddədən istifadəni özünün tərgitdiyini, aşpaz işlədiyini, 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Kövkəb Səfərəliyeva küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində narkotik vasitəni götürməyə macal tapmadan saxlanıldığını, baxış zamanı həmçinin mobil telefonun aşkarlandığını, 1000 manat pulun qarşılığında “İsa” adlı şəxsdən narkotik vasitəni alıb müəyyən yerə yerləşdirilməsi barədə razılığa gəldiyini, pulun da 5 dəfəyə bank kartına yükləniləcəyini, “İsa” adlı şəxsin dediyi yerdən narkotik vasitə tapmadığını, “İsa” adlı şəxslə sosial şəbəkə vasitəsilə əlaqə saxladığını, K.Səfərəliyeva küçəsi ilə D.Əliyeva küçəsinin kəsişməsində götürdüyü maddənin narkotik vasitə əvəzinə 1 kiloqram şəkər tozunun olduğunu görüb yerə tulladıqdan 2 dəqiqə sonra polis əməkdaşları tərəfindən saxlanıldığını, polis əməkdaşları tərəfindən boyun nahiyəsinə fiziki zor tətbiq edildiyini, “İsa” adlı şəxsi dostu vasitəsi ilə tanıdığını, sonuncunun xarici ölkənin mobil nömrəsindən istifadə etdiyini bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 1 ildir ki, psixotrop maddə metamfetamindən istifadə edir. “Whatsapp” tətbiqi vasitəsilə tanıdığı İran İslam Respublikasının vətəndaşı “İsa” adlı şəxslə danışarkən sonuncu ona narkotik vasitələrin satışı ilə məşğul olduğunu deyib onun da narkotik vasitənin satışı ilə məşğul olacağı təqdirdə pul qazana biləcəyini dedikdə razılaşmış, “İsa” adlı şəxs “Whatsapp” tətbiqi vasitəsilə ona 1 kiloqram çəkidə narkotik vasitə heroin atacağını, həmin narkotik vasitəni götürüb başqa bir ünvana aparmalı olduğunu dedikdə razılaşmışdır. 24 iyun 2023-cü il tarixdə saat 23 radələrində “İsa” adlı şəxsin söylədiyi yerə gedib 01 bükümdə narkotik vasitəni götürərək Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi ilə D.Əliyeva küçəsinin kəsişməsində piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşları olduğu deyərək özlərini təqdim etdikdən sonra barəsində əməliyyat məlumatı olduğu üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə dəvət etmişlər. O polis əməkdaşları ilə birlikdə 22-ci Polis Şöbəsinə getmiş, orada xidməti otaqların birində hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman əynindəki şalvarının cibindəki 01 bükümdə narkotik vasitə heroini, metamfetamin istifadə etmək üçün olan qabı, bir ədəd qara rəngli “Samsung J2” markalı mobil telefonu və metro kartını çıxarıb masanın üzərinə qoymuşdur. O, həmin narkotik vasitəni əvvəlcədən İran İslam Respublikasının vətəndaşı “İsa” adlı şəxsin dediyi ünvanlara çatdırmaq məqsədi ilə və özü istifadə etmək üçün “İsa” adlı şəxsin atdığı yerdən götürdüyünü, narkotik vasitəni deyilən ünvana çatdırdıqdan sonra “İsa” adlı şəxsin onun bank hesabına 5 dəfəyə 1000 manat pul vuracağını, təqdim etdiyi qab vasitəsilə metafemtamindən istifadə etdiyini bildirmiş, bundan sonra büküm zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Əldə etdiyi narkotik vasitədən istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şamil oğlu ifadəsində göstərdi ki, o, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməliyyat müvəkilli vəzifəsində xidmət etməklə, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 24 iyun 2023-cü il tarixdə, saat 23-24 radələrində Təqsirləndirilən şəxs müəyyən edilməklə saxlanılıb Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə dəvət olunaraq təhqiqatçıya təqdim olunmuşdur. Videoçəkilişdən istifadə edilməklə aparılmış şəxsi axtarış və baxış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd mobil telefon, metamfetamin istifadə etmək üçün nəzərdə tutulmuş qab və 1 ədəd sellofan bükümdə narkotik vasitəyə bənzər maddə aşkar edilmiş, aşkarlanmış həmin maddə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etməsi ilə bağlı məlumat verib-vermədiyini xatırlamadığını, Təqsirləndirilən şəxs saxlanıldığı zaman müqavimət göstərmədiyini, Təqsirləndirilən şəxs qarşı o və ya digər polis əməkdaşları tərəfindən zorakılıq edilmədiyini, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində aşkarlanmış narkotik vasitənin özünə məxsus olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından əldə etdiyini söylədiyini, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi ilə D.Əliyeva küçəsinin kəsişməsində saxlanıldığını, Təqsirləndirilən şəxs videoçəkiliş zamanı nümayiş etdirməsi üçün narkotik vasitənin təqdim olunmadığını, o, yaradılmış əməliyyat qrupunun rəhbəri olmaqla, əməliyyat qrupunun digər üzvlərinin 22-ci Polis Şöbəsinin əməkdaşları Şahid3 və Şahid1 olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməliyyat müvəkilli vəzifəsində xidmət etməklə, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Bakı şəhəri, Nəsimi rayonunda “Rəşad” adlı şəxsin narkotik vasitə və psixotrop maddəni əldə edib saxlamaqla daşıması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, 24 iyun 2023-cü il tarixdə, saat 23:10 radələrində keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi ilə D.Əliyeva küçəsinin kəsişməsində Təqsirləndirilən şəxs saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə dəvət olunmuşdur. Həmin polis şöbəsində videoçəkilişdən istifadə edilməklə müdafiəçisinin iştirakı ilə təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və qab aşkar olunub qablaşdırılaraq ekspertizaya göndərilmiş, saxlanılarkən Təqsirləndirilən şəxs hər hansı fiziki və ya psixi zor tətbiq olunmamışdır. Başqa hansısa predmetin aşkarlanıbaşkarlanmadığını xatırlamır. Məhkəmə iclasında verilən suallara cavab olaraq şahid Təqsirləndirilən şəxs əməliyyat qrupunun 3 üzvünün olduğunu, Təqsirləndirilən şəxs saxlanıldığı vaxtdan uzun müddət keçdiyindən, aşkarlanmış narkotik vasitənin olduğu sellofanın rəngini xatırlamadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 şahidlər Şahid2 Şamil oğlu və Şahid1 məhkəməyə verdikləri ifadələrə oxşar məzmunda ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonunda “Rəşad” adlı şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib saxlamaqla daşıması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 3) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və protokoldan görünür ki, “Rəşad” adlı şəxsin şəxsiyyətinin müəyyən edilib onun cinayət əməlinin ifşa olunması və cinayət başında yaxalanması məqsədi ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 4-5) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:10 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi ilə D.Əliyeva küçələrinin kəsişməsində saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 8) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 20-21; 24-26) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, müvafiq qərara əsasən, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin inzibati binasında xidməti otaqda videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs əlindəki bir ədəd böyük bükümü təqdim edərək içərisindəkinin “kakos” deyilən narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni tanımadığı İran İslam Respublikasının vətəndaşı ilə “Whatsapp” tətbiqi vasitəsilə danışıb əldə etdiyini, həmin narkotik vasitə olan bir ədəd bükümü 1 kiloqram adı ilə götürdüyünü, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi ilə D.Əliyeva küçəsinin kəsişməsində olan zaman narkotik vasitə ilə birlikdə polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirildiyini, həmin narkotik vasitənin üstündən 100 qramını özünə götürəcəyini, qalanını isə İran İslam Respublikası vətəndaşı deyən yerə qoymalı olduğunu, deyilən ünvanlara çatdıracağını və bunun müqabilində İran İslam Respublikası vətəndaşının onun kartına 1000 manat pul ödəyəcəyinə söz verdiyini, həmin bükümdən özünə yalnız 100 qramını saxlayacağını, qalanlarını isə başqa ünvana qoyaraq oradan əlavə pul alacağını, bir il müddətində psixotrop maddə olan metamfetamindən istifadə etdiyini, əvvəllər də həmin İran İslam Respublikasının vətəndaşından “onlayn” qaydada Biləcəri qəsəbəsində dəfələrlə 50 manata 2 qram psixotrop maddə olan metamfetamin alaraq özü və dostları ilə istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində başqa nə olduğunu soruşduqda bir ədəd qara rəngli “Samsung J2” markalı içərisində “***-***-**-**” saylı nömrə olan mobil telefon və bir ədəd metamfetamin istifadə etmək üçün nəzərdə tutulmuş qab və bir ədəd “Bakıkart” metro kartını təqdim etmiş, həmin sellofan torbanın içərisində olan narkotik vasitəyə bənzər maddə və metamfetamin istifadə etmək üçün nəzərdə tutulmuş qab ekspertizaya təqdim edilməsi üçün 01 ədəd kağız zərfdə qablaşdırılıb “190” nömrəli möhürü ilə möhürlənmişdir. (Cild 1, iş vərəqə 42-43; 46-53) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/3541 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...V.Rəşad (imza)...” sözləri olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 1002,5 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Bir ədəd şüşə borucuqda psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 1002,5 qram olmuş, 0,100 qram tədqiqata sərf edildikdən sonra 1002,4 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 60-61) xx.xx.2023-ci il tarixli “Əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 74) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 76-77) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-337/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdır. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(006)-516/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 13 noyabr 2023-cü il tarixədək uzadılmışdır (Cild 1, iş vərəqə 93-97) Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 6957 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmuş, lakin keçirilmiş əməliyyat tədbirlərinə baxmayaraq onun kimlərə narkotik vasitə satması və narkotik vasitələri əldə etdiyi “İsa” adlı şəxsi müəyyən etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqə 108) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X6 xx.xx.2023-cü il tarixli, 13365 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 122) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (Cild 1, iş vərəqə 123-124) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli, 114951 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs stasionar müalicə üçün həmin xəstəxanaya müraciət etməmişdir. (Cild 1, iş vərəqə 125) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X6 xx.xx.2023-cü il tarixli, 6570 nömrəli ekspert rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 130- 131) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə təmiz çəkisi 1002,5 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və metamfetamin istifadə etmək üçün olan qab maddi sübut kimi tanınmaqla, ekspertiza tədqiqatından sonra 1002,4 qram narkotik vasitə heroin və metafetamin istifadə etmək üçün qab saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və işdə olan digər istintaq materialları, şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən 1 ədəd CD disk iş üzrə sübut növü kimi qiymətləndirilmiş, hazırki cinayət işindən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin əldə etdiyi “İsa” adlı şəxs barədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqə 132-139) xx.xx.2023-cü il tarixli “Cinayət işinin materiallarından ayrıca icraata cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, hazırki cinayət işinin materiallarından “İsa” adlı şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. (Cild 1, iş vərəqə 141-142) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/38/2-224/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirildikdən sonra ilkin tibbi müayinə zamanı onun bədənində xəsarət aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində olan 6569/2023 nömrəli tibbi kitabçasının kserosurətindən görünür ki, həmin kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12-ci qrafasında “inkar edir” yazısı, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında “aşkar olunmadı” yazısı, “Obyektiv müayinə” adlı 14-cü qrafasında “daxili orqanlarda hal-hazırda şikayəti yoxdur” yazısı qeyd edilmişdir. Bakı şəhəri Nəsimi rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli, 87-xid-24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məhkəməyədək icrrat zamanı fiziki və ya psixi zorkılığa məruz qalması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olmamış, bu barədə araşdırma aparılmamışdır. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirməsinin səbəblərini araşdırmış, müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin zorakılığın təsiri altında alınması ilə əlaqələndirmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində ibtidai istintaq zamanı təzyiq altında ifadə verdiyini, polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edildiyini desə də, şahidlər Şahid2, Şahid1 və Şahid3 məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və ya sonra heç bir fiziki və psixi zorakılıq edilmədiyini bildirmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona edilmiş fiziki və psixi zorakılıqla bağlı məhkəməyədək icraat zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət etmədiyini bildirmişdir. Habelə, Bakı şəhəri Nəsimi rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli, 87-xid-24 nömrəli məktubuna əsasən, Təqsirləndirilən şəxs işgəncə və qeyri-insani rəftara məruz qalması ilə bağlı rayon prokurorluğunda hər hansı araşdırma aparılmadığı müəyyən edilmişdir. Bundan başqa, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarətin olub-olmadığını müəyyən etmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına müraciət edilmiş, həmin təcridxananın xx.xx.2024-cü il tarixli, 3-16-17/38/2-224/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən ilkin tibbi müayinəsi zamanı bədənində xəsarət aşkar edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O, bu barədə məhkəməyədək icraatda qaldırmadığı halda məhkəmə baxışında bildirmiş, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona qarşı fiziki və ya psixi zorakılıq edilməsi barədə məhkəmədə verdiyi ifadəsi şahid ifadələri, eləcə də digər sənədlərlə öz təsdiqini tapmamışdır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən saxlanılıb üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman qeyri-qanuni əşya aşkarlanmadığı halda, polis əməkdaşlarının ona 1 kiloqram narkotik vasitə heroinin ona məxsus olduğunu videoçəkilişdən istifadə edilməklə aparılacaq istintaq hərəkəti zamanı deməsinin tələb edildiyini, ailəsi ilə psixoloji təsirə məruz qaldığını, qan analizi təmiz olsa da, narkotik vasitədən istifadə etməsi ilə bağlı ittiham aktında qeydin aparıldığını, “İsa” adlı şəxslə sosial şəbəkə vasitəsilə əlaqə saxlayıb K.Səfərəliyeva küçəsi ilə D.Əliyeva küçəsinin kəsişməsində götürdüyü maddənin narkotik vasitə əvəzinə 1 kiloqram şəkər tozunun olduğunu görüb yerə tulladıqdan 2 dəqiqə sonra polis əməkdaşları tərəfindən saxlanıldığını bildirsə də, şahidlər Şahid2, Şahid1 və Şahid3 ifadələrində Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların doğru olmadığını, sonuncuya qarşı hər hansı formada zorakılıq edilmədiyini, Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi ilə D.Əliyeva küçəsinin kəsişməsində saxlanıldıqdan sonra Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə aparıldığını, həmin polis şöbəsində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs içərisində narkotik vasitə heroin olan əlindəki bir ədəd böyük ölçülü bükümü və psixotrop maddə metamfetamin istifadə etmək üçün qabı könüllü olaraq təqdim etdiyini, aşkarlananların qablaşdırılıb möhürləndikdən sonra ekspertizaya göndərildiyini söyləmişlər. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, şahid ifadələrindən, eləcə də məhkəmə baxışı zamanı müvafiq videoçəkilişə cinayət prosesinin tərəflərinin iştirakı ilə baxışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əlindəki narkotik vasitə heroin və metamfetamin istifadə etmək üçün qabı istintaq hərəkəti zamanı könüllü olaraq təqdim etmiş, aşkarlanan predmetlər kağız zərfdə qablaşdırılıb möhürlənmişdır. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazının tədqiqindən də görünür ki, videogörüntüdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Həmin protokollardan görünür ki, aşkar olunanlar qablaşdırılaraq “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 190 nömrəli möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/3541 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş predmetlər “Azərbaycan Respublikası DİN Zərflər üçün № 190” dairəvi möhür əksləri olan kağız paketdə təqdim olunmuş, həmin kağız paketin tamlığının pozulması ilə bağlı hər hansı qeyd aparılmamışdır. Ekspertiza nəticəsində 1 ədəd bükümdə təmiz çəkisi 1002,5 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin olması müəyyən edilmiş, bir ədəd şüşə borucuqda isə psixotrop maddə metamfetaminə məxsus izlərin olduğu aşkarlanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqi tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallar hər hansı dəlillərə söykənməmiş, həmin halları təsdiq edən sübut olmamışdır. Bununla bağlı əsaslı şübhələr yoxdur. Bu səbəbdən, məhkəmə həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirərək onun göstərdiyi xüsusatları rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Odur ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təsvir olunanlara zidd olaraq dəlil kimi göstərdiyi hallar mötəbər sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin həmin hissələrdə verdiyi ifadəsini şübhə altına alır və ifadəsində göstərdiyi həmin xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, özünümüdafiə xarakterli hesab edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittihamda təsvir olunanlara zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsini əsas götürür. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsini, şahidlər Şahid2, Şahid1 və Şahid3 həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə baxışında verdikləri ifadələrini, ekspert rəylərini, digər istintaq hərəkəti protokollarını və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə görə, qabaqcadan əlbir olaraq satış məqsədilə qanunsuz olaraq narkotik vasitə əldə etdikdə, saxladıqda, hazırladıqda, istehsal etdikdə, emal etdikdə, daşıdıqda, göndərdikdə, yaxud qanunsuz olaraq narkotik vasitəni satdıqda müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, narkotik vasitələr- BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər aiddir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 83-cü bəndinə əsasən, narkotik vasitə olan heroin təmiz halda 0,15 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 2 qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə saxlanıldıqdan sonra üzərinə baxış keçirilən zaman ümumi çəkisi 1002,5 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və metamfetamin istifadə etmək üçün qab aşkarlanmışdır. Məhkəmə aşkar olunmuş maddələrlə bağlı qeyd edir ki, həmin vaxt Təqsirləndirilən şəxs aşkarlanmış heroinin ümumi təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan təxminən 6683,3 dəfə çoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bundan başqa, həmin Plenum qərarından görünür ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. İbtidai istintaq orqanı xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarı ilə hazırki cinayət işindən təqsirləndirilən şəxsin əlbir olduğu “İsa” adlı şəxsin müəyyən edilərək istintaqının aparılması üçün ayrıca cinayət işi ayrılmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə baxışının gedişində İran İslam Respublikasının vətəndaşı “İsa” adlı şəxslə əlaqə qurub narkotik vasitə əldə etdiyini, sonuncunun göstərişi ilə həmin narkotik vasitəni 1000 manat müqabilində müəyyən yerlərə qoyacağını bildirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə olan heroinin çəkisinin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitə olan heroinin həcminə, metamfetamindən istifadə etmək üçün nəzərdə tutulmuş qabın mövcudluğuna, onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatına, qabaqcadan əlbir olduğu “İsa” adlı şəxsin göstərişinə əsasən 1000 manat müqabilində müəyyən yerlərə qoyacağını Təqsirləndirilən şəxs bildirməsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin çəkisini, həmin narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını, metamfetamindən istifadə etmək üçün nəzərdə tutulmuş qabın mövcudluğunu, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, onlara Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 24 iyun 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1002,4 qram heroin və metamfetamin istifadə etmək üçün qab məhv edilməlidır. Şəxsi axtarış və götürmə zamanı istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X6 xx.xx.2023-cü il tarixli, 6570 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 24 iyun 2023-cü il tarixdən hesablansın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilsin. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1002,4 qram heroin və metamfetamin istifadə etmək üçün nəzərdə tutulmuş qab məhv edilsin. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-965/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-965/2024
04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver