Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-967/2024 16.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X5, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 19 aprel 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 2,302 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini əldə edib üzərində saxlamaqla daşımış, 19 aprel 2023-cü il tarixdə saat 19:00-da Yasamal rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri çərçivəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq 26-cı Polis bölməsinə gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 2,302 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, 2-3 ildir ki, narkotik vasitədən istifadə edir. Yaşadığı yerdə çox adam onun narkotik vasitələrdən istifadə etdiyini bilməmiş, özü də bilinməsini istəməmişdir. Buna görə, başqa yerlərə gedib narkotik vasitə hesab edilən heroindən istifadə etmişdir. Hadisə günü narkotiki “Papanin” adlanan ərazidən almış, oradan çıxan zaman polislər onu tutub 26-cı Polis bölməsinə aparmışlar. Narkotik vasitə onun cibində olmuşdur. Ondan aşkar olunan narkotikin miqdarı o qədər olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 bildirdi ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi ilə bağlı olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmış, Turqutu yaşadığı Axundov küçəsində mənzilinin qarşısında saxlayaraq bölməyə dəvət etmişlər. Bölmədə Turqut özü səmimi etiraf edərək narkotik vasitələrin istifadəsinə yeni başladığını bildirmiş, narkotiki 20 manata “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunan ifadəsində digər polis əməkdaşı - Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyini tam təsdiq etmişdir (cild 1, iş vərəqi 62-64). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitələr və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilmişdir (cild 1, iş vərəqi 9). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 11-12). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, 19 aprel 2023-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələr və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilmiş və o, həmin tarixdə 19:00 dəqiqədə ünvan 5 ünvanının qarşısında piyada hərəkət edən zaman saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin inzibati binasına gətirilmişdir (cild 1, iş vərəqi 8). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə və videçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, müvafiq təklifdən sonra Təqsirləndirilən şəxs geyindiyi mavi rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofan bükümü çıxardaraq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs geyindiyi paltarlarında şəxsi axtarış nəticəsində gələcəkdə iş üzrə sübut əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Onun təqdim etdiyi şəffaf sellofan bükümü açıb içərisində baxarkən orada qəhvəyi rəngli, toz şəkilli və spesifik iyə malik narkotik vasitəyə oxşar maddə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu, 19 aprel 2023-cü il tarixdə saat 15:00 radələrində Nəsimi rayonu ərazisində “Papanin” deyilən yerdə tanımadığı şəxsdən 20 manat pul vəsaiti müqabilində əldə edərək geyindiyi şalvarın cibində saxlayıb daşımaqla gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş həmin şəffaf sellofan bükümdə olan narkotik vasitəyə oxşar maddə gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürülmüş, istintaq hərəkətinin bütün iştirakçılarına nümayiş etdirilmiş, qablaşdırılmış və “Zərflər üçün №170” möhürü ilə möhürlənmişdir (cild 1, iş vərəqi 37-38). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2331 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №170” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 2,302 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 44-48). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Yasamal rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 19 aprel 2023-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 50). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, təqdim edilmiş 01 ədəd diskdə Təqsirləndirilən şəxs üzərinə sonuncunun hüquqlarını müdafiə edən vəkil X2, Yasamal rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin əməliyyat müvəkkilləri polis mayoru Şahid1, polis kapitanı Şahid2 iştirakları ilə şəxsi axtarış və götürmə aparılarkən mobil telefon vasitəsi ilə qeydə alınmış videogörüntülər vardır. DVD markalı diskin yaddaşına videogörüntülər 01 ədəd faylda yerləşdirilmişdir. Həmin faylda yerləşdirilmiş videogörüntü izlənilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarının Yasamal rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin baş təhqiqatçısı Elnur Heydərov tərəfindən izah olunmaqla ona üzərində olan hər hansı bir qanunsuz əşyanın könüllü təqdim olunması təklif edilmiş və bundan sonra Təqsirləndirilən şəxs əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli bükümü çıxararaq təqdim etmişdir. Daha sonra baş təhqiqatçı Elnur Heydərov şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş və hər hansı sübut əhəmiyyətli əşya və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddənin nədən ibarət olması, haradan, kimdən, nə məqsədlə əldə etdiyi sual edilmiş, Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Nəsimi rayonu “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 20 manat müqabilində aldığını, özünün şəxsi istifadəsi üçün əynindəki şalvarının cibində gizlətməklə saxlayıb gəzdirdiyini bildirmişdir. Baş təhqiqatçı Elnur Heydərov şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi Rasim Almuradov və polis əməkdaşlarının iştirakında həmin bükümü açaraq baxış keçirdikdə içərisində qəhvəyi rəngli, toz şəkilli maddə aşkar edilmişdir. Aşkar olunmuş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (cild 1, iş vərəqi 58). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 65-66). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yasamal rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin mənbəyini müəyyən etmək məqsədilə müvafiq əməliyyat axtarış tədbirləri keçirilmiş, onun şübhəli yaxınlıq əlaqələri yoxlanılmış, həmçinin onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması barədə məlumat əldə edilməsi istiqamətində tədbirlər keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir (cild 1, iş vərəqi 99). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4500 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 128-129). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 07.08 2023-cü il tarixli, 2185 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmşinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür (cild 1, iş vərəqi 130-132). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 2,302 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş 01 ədəd CD disk maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq çəkisi 2,252 qram narkotik vasitə heroin saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc kamerasına verilmiş, 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 145-155). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 96). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılarkən üzərində ittiham aktında qeyd olunan qədər narkotikin olmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis şöbəsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə o tutulmuş, daha sonra videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini çıxarıb təqdim etmiş, təqdim edilmiş maddə müvafiq qaydada zərfdə qablaşdırılaraq zərfin üzəri “Zərflər üçün №170” möhürlə möhürlənmiş və ekspertizaya təqdim edilmişdir. Müvafiq ekspertizanın verdiyi rəylə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş zərfdə olan maddə təmiz çəkisi 2,302 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Rəydə zərfin tamlığının pozulması barədə hər hansı qeyd mövcud deyildir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı narkotikin çəkisi hissəsində mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq və cəzasını yüngülləşdirmək məqsədini güdür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və cavan olmasını məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 aprel 2023-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 aprel 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 27, 83-87, 124-127, 141-144, 197-198). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 19 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutları saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,252 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 19 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutları saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,252 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Digər maddi sübut - 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-967/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-967/2024
16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver