Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-968/2023 08.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16:25-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, məhkumluğu olmayan, Neftçala rayonu, Aşağı Qaramanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,511 qram narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 14 oktyabr 2022-ci il tarixdə saat 11:15-də ünvan 1 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sağ yan cibindən 01 ədəd bükümdə, təmiz çəkisi 2,511 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 6 ildir ki, narkotik vasitə olan “kakos”-dan istifadə edir. 13 oktyabr 2022-ci il tarixində Sovetski adlanan yaşayış sahəsindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 (iyirmi) manat müqabilində 0,2 qram narkotik vasitə heroin almışdır. Aldığı narkotik vasitədən bir qismini, yəni 0,1 qramını həmin günü axşam istifadə etmiş, qalan hissəsini isə özündə saxlamışdır. 14 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində Nəsimi rayonu, A.Qurbanov küçəsi ilə piyada hərəkətdə olan zaman tanımadığı iki nəfər polis geyimində olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra kimliyini sorğu-sual etmişlər. Bundan sonra o, həmin polis əməkdaşları tərəfindən polis bölməsinə dəvət edilmişdir. Polis bölməsinə gətirildikdən sonra xidməti otaqların birində vəkillə təmin olunmuş, həmçinin üzərinə videoçəkilişlə baxış keçiriləcəyi bildirilmişdir. Bundan sonra 14 saylı Vəkil Bürosundan X1 müdafiəçi təyin olunmuş, üzərinə baxış keçirilməsində vəkilin iştirakının olmamasına etiraz etməmişdir. Videoçəkilişdən öncə onun üzərindən çıxmış 0,1 qram çəkisi olan narkotik vasitənin olduğu büküm dəyişdirilmişdir. Polis əməkdaşları ona AR CM-in 234.1-ci maddəsi ilə ittiham irəli sürüləcəyini bildirdiklərindən, o, razılaşmış və həmin bükümün dəyişdirilməsinə etiraz etməmişdir. Beləliklə də, polis bölməsində xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirilən zaman üzərində olan əşyaları təqdim etməyi bildirildikdə əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə olan "kakos" adlanan narkotik vasitə heroini masanın üzərinə qoymuş və bundan sonra polis əməkdaşı tərəfindən üzərinə baxış və axtarış keçirilmişdir. Şəxsi baxış və axtarış zamanı, təqdim etdiyi bükümdən əlavə heç bir əşya və maddə aşkar edilməmişdir. Sonradan təqdim etdiyi 01 ədəd bükülünün içərisində nə olması sual edildikdə, hər şeyi olduğu kimi etiraf etmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd bükümdə olan "kakos" adlanan narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, imzalanmış və möhürlənmişdir. Onun üzərində ittihamda qeyd edildiyi kimi 2,511 qram çəkidə narkotik vasitə heroin olmamışdır. O, saxlanılan zaman onun üzərində 0,1 qram çəkidə narkotik vasitə heroin olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinin sahə inspektoru polis baş leytinantı Şahid1 ifadəsində göstərdi ki, 14 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində bölmənin sahə rəisi Şahid2 ilə birgə xidməti ərazidə olan zaman Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi 45 ünvanında 1 nəfər əvvəllər tanımadığı şəxsin hərəkətləri diqqət çəkdiyi üçün ona yaxınlaşmışlar. Bundan sonra ona polis əməkdaşları olduqlarını deyib xidməti vəsiqələrini təqdim etmişlər. Həmin şəxsin kim olmasını soruşduqda narkotik vasitənin təsiri altında olmasından əsaslı şübhələr olduğuna görə üzərinə baxış keçirilməsi üçün PB-nə dəvət etmişlər. PB-nə gəldikdən sonra aidiyyatı əməkdaşlara göstəriş verilməsi üçün raportla rəhbərliyə məruzə olunmuşdur. Bölməyə gəldikdən sonra müvafiq hərəkətlərin keçirilməsi Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı, polis mayoru Şahin Fərhadova həvalə edilmiş, saxlanılan şəxs isə Təqsirləndirilən şəxs olmuşdur. Şahin Fərhadov saxlanılan şəxs Təqsirləndirilən şəxs müdafiə hüququnu izah edib, vəkillərin siyahısını vermişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil təyin edildikdən və həmin vəkil inzibati binaya gələrək, şübhəli şəxsə təqdim edildikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və daha sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış video kameranın müşayiəti ilə keçirilmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibində 1 ədəd şəffaf sellofan büküm aşkar olunmuşdur. Həmin bükümün içərisinə baxan zaman heroinə bənzər maddə aşkar edilmişdir. Ondan haradan əldə etməsi soruşulan zaman Təqsirləndirilən şəxs 13 oktyabr 2022-ci il tarixdə axşam saatlarında Sovetski adlanan yerdə tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Onun təqdim etdiyi heroinə bənzər maddə sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən protokol imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinin sahə rəisi, polis mayoru Şahid2 da 21-ci polis bölməsinin sahə ihispektoru polis baş leytinantı Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 14 oktyabr 2022-ci il tarixli. 6/5948 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN "Zərflər üçün №188" möhür əksi, “Şübhəli şəxs:... Təqsirləndirilən şəxs..." və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,511 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. (iş vərəqə 55-57) İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 7021 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 119-120) İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizanın xx.xx.2022-ci il tarixli, 3309 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyac yoxdur. (iş vərəqə 121-122) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngi maddə olan 1 (bir) ədəd bükümü təqdim etmiş, təqdim etdiyi maddənin “kakos” olmasını bildirmiş və həmin maddəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında “Sovetski” kimi tanınan ərazidə, tanımadığı şəxsdən, şəxsi istifadəsi üçün 20 manata almasını bildirmişdir. Həmçinin, 14 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində ünvan 3 ünvanının qarşısında Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları tərəfindən saxlanaraq polis bölməsinə gətirilməsi zamanı və bölmədə olduğu müddətdə ona qarşı heç bir zorakılığın olmamasını qeyd etmişdir. (iş vərəqə 46-49) İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı müdafiəçinin iştirakını tələb etməmiş və müdafiəçinin iştirakı olmadan şəxsi axtarış və baxış keçirilməsinə etirazı olmamışdır. (iş vərəqə 45) Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək, onun üzərində ittihamda qeyd edildiyi kimi 2,511 qram narkotik vasitə olmaması, yalnız 0,1 qram çəkidə narkotik vasitə heroin olması, 2,511 qram narkotik vasitənin olduğu bükümün polis əməkdaşı tərəfindən ona verilməsi ilə əlaqədar ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi məsuliyyətini yüngülləşdirmək məqsədi daşımaqla, həqiqəti əks etdirməyərək, iş üzrə şahidlərin ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 14 oktyabr 2022-ci il tarixli. 6/5948 nömrəli rəyi, xx.xx.2022-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokol və digər mötəbər sübutlarla tam təkzib edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə qeyd edir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 2,511 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir. Beləliklə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini satış məqsədi olmadan əldə etmiş və üzərində saxlamaqla daşımışdır. Odur ki, Təqsirləndirilən şəxs AR CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Şirvan rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən 03 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin cəza 02 il sınaq müddəti təyin olunmaqla şərti hesab edilmişdir. xx.xx.2019-cu il tarixdə cəzası tam çəkib qurtardığına görə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 02 (iki) il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrini rəhbər tutaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(006)-560/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 14 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 20-21, 50-53) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2022-ci il tarixli, 7021 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə AR Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş 2,511 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspertiza tədiqatından sonra qalıq qalmış 2,411 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə şəxsi axtarış və götürmə protokolunun videoyazısı olan 01 ədəd DVD disk cinayət işinin materialarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş 2,511 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspertiza tədiqatından sonra qalıq qalmış 2,411 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə şəxsi axtarış və götürmə protokolunun videoyazısı olan 01 ədəd DVD disk cinayət işinin materialarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu gündən, Təqsirləndirilən şəxs isə təqdim edildiyi gündən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-968/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-968/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver