Məhkəmə qərarları › İş №1(101)-969/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-969/2025

03.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-969/2025 03.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ BAKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Pənahov Babək Əkbər oğlu (sədrlik edən) Kamranov Hafiz Eldar oğlu və X1 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxsin X5 hüquqi varisi: Zərər çəkmiş şəxsin hüquqi Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili varisinin nümayəndəsi: Nümayəndə Müdafiəçi: Bakı şəhəri 15 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1997-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Cəlilabad şəhəri, Mehdi Hüseyn küçəsi, ev 17, mənzil 12də qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 02 iyul 2024-cü il tarixdə, saat 20:40 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin İV hissəsinin (Velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir) tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan, texniki cəhətdən saz vəziyyətdə olan, idarə etdiyi “VAZ-2106” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində dəniz yolu istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Qanunun 36cı maddəsinin İ hissəsinin 3-cü bəndinə (yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar) əməl etməklə diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamaqla, hərəkət hissəsinin sağ kənarı ilə hərəkət edən piyadadan hərəkətin təhlükəsizliyini təmin edən lazımi yan məsafə saxlayaraq onun yanından keçib getməli və bununla da yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, qanunun tələblərini pozaraq bunlara əməl etməmiş, mövcud şəraitdə idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə onunla eyni istiqamətdə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan vurub 67 metr məsafədə avtomobilin kapot hissəsində irəli aparıb yolun qarşı tərəfinə çıxardaraq yerə yıxmaqla ona alın nahiyyəsinin, burunun, üst dodağın, sağ ağız bucağının, sol bazunun aşağı üçdə birindən saidin orta üçdə birinədək davam edən, sağ saidin aşağı üçdə birinin arxa səthinin, sağ əlin arxa-iç səthinin, döş qəfəsinin ön səthinin sol yarısının, sağ kürək nahiyyəsinin, sağ qalça darağı proyeksiyasının, sağ va sol budun, sol dizin ön səthinin, sağ va sol baldırın yuxarı üçdə birinin sıyrıqları; sağ saidin aşağı üçdə birinin arxa səthinin, sol qasıq nahiyyəsinin, sağ budun aşağı üçdə birinin arxa səthinin əzilmiş yaraları; ağır travmatik və hemorragik şokla müşayiət olunan burun sümüyünün açıq sınığı; sağ Vİ, Vİİ, Vİİİ qabırğaların orta körpücük xətt üzrə qapalı, az yerdəyişən sınıqları; sağ bazu sümüyünün qapalı yerdəyişən sınığı; sağ said sümüklərinin qapalı yerdəyişən sınığı; sol bud sümüyünün qapalı sınığı; sağ bud sümüyünün açıq qəlpəli yerdəyişən sınığı; kəskin daxili qanitirmə ilə nəticələnmiş qaraciyərin və dalağın cırılması ilə müşayiət olunan, həyat üçün təhlükəli olan, sağlamlığa ağır dərəcəli zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yol-nəqliyyat hadisəsini törətmiş, nəticədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə yerində aldığı travma kompleksi nəticəsində ağır travmatik və hemorragik şokdan ölmüş, eyni zamanda “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İV hissəsinin (nəqliyyat vasitəsini yerindən tərpətməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli və bu orqanın əməkdaşlarının gəlməsini gözləməlidir və s.) tələblərinə əməl etmədən hadisəsi yerindən qaçmışdır. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisədən təxminən bir il əvvəl Zirə qəsəbəsində yaşayan Valeh adlı şəxsdən “VAZ-2106” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili alıb təmir etdirmiş və onunla tullantı dəmir əşyalarını yığıb aidiyyəti üzrə təhvil verirdi. Eyni zamanda, avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmamışdır. 02 iyul 2024-cü il tarixdə, təxminən saat 20:30 radələrində bu maşınla Zirə qəsəbəsində dəniz yolu istiqamətində 70 km/saat surətlə hərəkət etmiş, avtomobildə yaxın münasibətdə olduğu Fatimə adlı qadın və sonuncunun uşağı da olmuşdur. Hərəkətdə olarkən qarşı tərəfdən öz yolu ilə hərəkət edən nəqliyyat vasitəsinin uzaq işıqlarla gəldiyini görüb özü maşınının işıqlarını yandırıb-söndürməklə ona işarə vermişdir ki, maşının işığını yaxın işığa keçirsin. Lakin, həmin maşının sürücüsü yaxın işığa keçməmişdir. “Toyota Prado” markalı bu avtomobil onun yanından keçən kimi 2 metr məsafədən görmüşdür ki, yolun sağ kənarında 3 nəfər piyada hərəkət edir. Bu zaman o, əyləci sıxmağa macal tapmayıb öz maşınını sola fırlatmış, lakin buna baxmayaraq maşının qabaq sağ qanad hissəsi ilə piyadanı vurmuş, nəticədə qadın yolun sol tərəfinə düşmüşdür. O da maşını sağa çəkib saxlamışdır. Avtomobildən düşən kimi tez qadının yanına gedəndə görmüşdür ki, o, tərpənmir. Qadının yanında oğlu və başqa kişi qohumu da olmuşdur. Orada kömək istəyib qadını xəstəxanaya aparmaq istəsə də, onun oğlu və ətrafda olan digər şəxslər onu tərpətməməyi söyləmişlər. Təxminən 40 dəqiqə sonra hadisə yerinə atası İlham gəlmiş və təcili yardıma zəng vurmuşdur. Təcili yardım gələndən sonra ona məlum olmuşdur ki, qadın artıq ölüb. Bundan sonra hadisə yerində olan qadının qohumlarını ona hücum çəkmək istədiklərini görüb tanımadığı maşınla Fatimənin oğlu ilə birlikdə “20 Yanvar” dairəsinə getmiş, oradan uşağı taksi ilə Xocasən qəsəbəsinə nənəsigilə yola salmış, özü isə bir gecə oteldə qalıb ertəsi günü Lerik rayonunun Boy kəndində yaşayan Samir adlı tanışının yanına gedib ailəsində problem olduğunu deyib 5 gün onun evində yaşamışdır. Daha sonra Bakıya qayıdıb atası ilə əlaqə saxlayan zaman polisin onu axtardığını eşitmişdir. Hadisədən hələ də özünə gələ bilmədiyi üçün metronun “Koroğlu” stansiyanının yaxınlığında gündəlik kirayə verilən evlərdə qalmış, ayın 18-də isə artıq gizlənməsinin mənasının olmadığını düşünüb polisə təslim olmuşdur. Hazırda zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Məhkəmədə zərər çəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadı olmuş, ailəsi ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Bağlar massivi deyilən yerdə yaşayırlar. 02 iyul 2024-cü il tarixdə qardaşı oğlu onun evinə ailəsi ilə qonaq gəlmiş, daha sonra o əvvəlcə onları dəniz kənarına aparmış və evə qayıdıb arvadı Çimnazı, oğlu İzzəti və qardaşı Fizulini də gətirmək istəmişdir. Elə bu müddətdə digər qardaşı oğlu İlkin Əliyə zəng edib demişdir ki, yolda Çimnazı maşın vurub. O da dərhal həmin yerə gələndə görmüşdür ki, arvadı yerdə keçinib, onu vuran “VAZ- 2106” markalı avtomobil isə kənarda saxlanılıb. Oğlu İzzətdən hadisə barədə soruşanda, sonuncu demişdir ki, hadisədən əvvəl yolun sağ kənarı ilə üzü dəniz istiqamətində piyada gedərkən arxadan kənd tərəfdən yüksək sürətlə hərəkət edən “VAZ-2106” markalı avtomobil arvadını vurub sürüyərək yolun əks tərəfinə atmışdır. Hadisə yerində həmin maşının sürücüsü Sadiq olmamış, onun atası İlham isə guya Sadiqin polisə təslim olmağa getdiyini söyləmişdir. Lakin, məlum olmuşdur ki, Sadiq qaçıb gizlənib və yalnız televiziyada məsələ yayımlandıqdan sonra o, tapılmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun anasıdır. 02 iyul 2025-ci il tarixdə əmisigil onların yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Bağlar massivində olan evə qonaq gəlmişlər. Sonra atası Rasim onları dəniz kənarına aparmışdır. O isə anası və əmisi Fizuli ilə evdə qalmışlar ki, əmisi oğlu İlkin qayıdıb onları da maşınla dəniz kənarına aparsın. Lakin sonra onlar saat 20:30 radələrində evdən çıxıb yolun kənarı ilə piyada üzü dəniz istiqamətinə yollanmışlar. Hardasa 10 dəqiqə hərəkət etdikdən sonra arxadan kənd tərəfdən yüksək sürətlə hərəkət edən “VAZ-2106” markalı avtomobil anasını vurub sürüyərək yolun sol tərəfinə atmış və anası aldığı ağır xəsarətlərdən yerində ölmüşdür. Hadisədən bir qədər sonra atası və əmisi oğlu İlkin onların yanına gəlmişdir. Bir müddət sonra hadisə yerində anasını vuran sürücü Sadiq yoxa çıxmış, onun atası isə guya onu polisə təslim olmağa getdiyini söyləmişdir. Təcili tibbi yardım maşını gəldikdən sonra isə anasının meyiti aparılmışdır. Məhkəmədə Şahid1 digər Şahid2 ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol, fotoşəkillər və sxemdən görünür ki, hadisə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Dəniz yolu istintaqamətində yerləşən avtomobil yolunda baş vermişdir. Yolun örtüyü asfaltdır. Yolun eni 8 metrdir. Hərəkət istiqamətini ayıran xətt yoxdur. Yolun çiyinləri torpaq örtüklüdür. Hər iki tərəfdən yol baş sahə ilə əhatə olunmuş, hadisə yerində yolun asfalt örtüyü üzərində yol kənarından 1 metr məsafədə qadın meyidi var. Meyid piyadanın vurulma yerindən 67 metr məsafədə yerləşir. Meyiddən 20 metr aralıda yolun torpaq örtüyünün üzərində “VAZ 2106” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil var. Yolda hərəkət istiqamətini və ya surət həddini göstərən hər hansı nişan aşkar olunmur. Meyiddən 67 metr məsafədə yolun sağ çiynində “VAZ 2106” markalı avtomobilin buferinin sınmış hissələri və bir ədəd qırmızı rəngli qadın tərliyi aşkarlanmışdır. Hadisə yerində tormoz izləri aşkar edilməmişdir. İşıqlandırma sistemi yoxdur. Hadisə yerində müşahidə kamerası müəyyən edilməmişdir (cild İ, i.v.03-11); - 02.07.2018-ci il tarixli baxış keçirilməsi haqqında protokol və ona əlavə olunmuş fotoşəkilllərə görə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yolun sağ çiynində torpaq örtükdə dayanmış vəziyyətdə olan “VAZ 2106” markalı, **- BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfinin kapot və qanad hissəsində əziklər, qabaq sağ işığının sınığı, qabaq buferin sağ tərəfinin sınıqları və avtomobilin alın şüşəsinin sınığı aşkarlanmışdır (cild İ, i.v.12-15); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2024-cü il tarixli, 88 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – alın nahiyyəsinin, burunun, üst dodağın, sağ ağız bucağının, sol bazunun aşağı üçdə birindən saidin orta üçdə birinədək davam edən, sağ saidin aşağı üçdə birinin arxa səthinin, sağ əlin arxa-iç səthinin, döş qəfəsinin ön səthinin sol yarısının, sağ kürək nahiyyəsinin, sağ qalça darağı proyeksiyasının, sağ va sol budun, sol dizin ön səthinin, sağ va sol baldırın yuxarı üçdə birinin sıyrıqları; sağ saidin aşağı üçdə birinin arxa səthinin, sol qasıq nahiyyəsinin, sağ budun aşağı üçdə birinin arxa səthinin əzilmiş yaraları; ağır travmatik və hemorragik şokla müşayiət olunan burun sümüyünün açıq sınığı; sağ Vİ, Vİİ, Vİİİ qabırğaların orta körpücük xətt üzrə qapalı, az yerdəyişən sınıqları; sağ bazu sümüyünün qapalı yerdəyişən sınığı; sağ said sümüklərinin qapalı yerdəyişən sınığı; sol bud sümüyünün qapalı sınığı; sağ bud sümüyünün açıq qəlpəli yerdəyişən sınığı; kəskin daxili qanitirmə ilə nəticələnmiş qaraciyərin və dalağın cırılması küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni xx.xx.2024-cü il tarixdə hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığı ağır dərəcəli zərərvurmanm əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində ağır travmatik və hemorragik şok olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə osasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs meyitinin meyitxanada müayinəsindən 4-6 saat əvvəl baş vermişdir (cild İ, i.v.58-64); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 8/2492 saylı rəyinə görə istintaq tərəfindən taqdim olunmuş məlumatlara əsasən “VAZ-2106” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs İham oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil edir (cild İ, i.v.146-149); - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-111507/24 nömrəli məktubundan görünür ki, baş idarənin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmiş, eyni zamanda onun adında və ya etibarnamə ilə istifadəsində olan nəqliyyat vasitəsi yoxdur (cild İ, i.v.85); - “Axtarışda olunan şəxsin könüllü təslim olması barədə” xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin günü saxlanılaraq Xəzər Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir (cild İ, i.v.65); - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(003)- 291/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay 21 gün həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 iyul 2025-ci il tarixdən hesablanmışdır (cild İ, i.v.115-117); - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(003)- 430/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina olunaraq o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir (cild İ, i.v.137-141); - xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild İ, i.v.142-143); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild İ, i.v.45-46); - Notariat qaydasında təsdiq olunmuş xx.xx.2025-ci il tarixli ərizəyə əsasən X2 Təqsirləndirilən şəxs qarşı heç bir tələbi, şikayəti və iddiası yoxdur (cild İİ). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, həmin Məcəllənin 263-1.1ci maddəsi bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, bu Məcəllənin 263-1.3-cü maddəsi isə eyni əməllərin ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətini müəyyən edir. Cinayət Məcəlləsinin 264-cü maddəsi bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçmasına görə cinayət məsuliyyətini nəzərdə tutur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa görə: - Velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir (33-cü maddənin İV hissəsi); - Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar (36-cı maddənin İ hissəsinin 3-cü bəndi); - Mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli və bu orqanın əməkdaşlarının gəlməsini gözləməlidir və s. (37ci maddənin İV hissəsi). “Yol hərəkəti haqqında” Qanunun qeyd olunan müddəalar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarla da üst-üstə düşür. Belə ki, Azərbaycan Respublikasının 29 aprel 1997-ci il tarixli Qanunla qoşulduğu “Yol hərəkəti haqqında” Beynəlxalq Konvensiyanın (8 noyabr 1968-ci il tarixdə Vyanada imzalanmışdır) 31-ci maddəsi yol-nəqliyyat hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir. Buna görə, sürücünün və ya yol-nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol-nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri məhv etməmək vəzifəsi də qoyulur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, mənası universal xarakter daşıyan Cinayət Məcəlləsinin 264-cü maddəsinin məqsədi yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yol-nəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Müvafiq olaraq, cinayət qanununun həmin müddəası yol-nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə fəal və pozitiv öhdəlik qoyur ki, dərhal hadisədən sonra hadisə yerində qalsın, onu tanımaq və mülki hüquqların təmin edilməsi məqsədilə sonradan tapılmasını yüngülləşdirmək üçün lazımi məlumatları bildirsin. Belə məlumatlar sağlamlığına zərər vurulmuş şəxsə, bu mümkün olmadıqda isə onun maraqlarını təmin edəcək digər şəxsə verilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərər çəkmiş şəxsi tibb müəssisəsinə aparması da onu öz şəxsiyyəti barədə məlumatları bu və ya digər vasitə ilə zərər çəkmiş şəxsə (tərəfə) çatdırmaq öhdəliyindən azad etmir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarında göstərilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir (3-cü bənd); Cinayət Məcəlləsinin 263-cü, 263-1-ci və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir (11-ci bənd); bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir (12-ci bənd); avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun (13cü bənd); “Yol hərəkəti haqqında” Qanuna müvafiq olaraq sürücü yol-nəqliyyat hadisəsindən zərər çəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, “təcili tibbi yardım” maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur (“Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İV hissəsi). Qanunun bu tələbindən irəli gələn vəzifələri yerinə yetirməyən sürücülərin məsuliyyət məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması müvafiq olaraq Cinayət Məcəlləsinin 263-cü və ya 263-1-ci maddələri ilə yanaşı, həm də Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır (15-ci bənd); yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yolnəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir (19-cu bənd); törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır (21-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi özü tərəfindən inkar olunsa da, məhkəmə istintaqında tədqiq olunmuş şahid ifadələri və digər sübutlarla tam təsdiq olunur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli və “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə olunmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda, onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanın yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü və 264-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə uyğun cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Bu Məcəllənin 66.3-cü maddəsinə görə сinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı, təyin olunacaq əlavə və əsas cəzalar qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 03 ay 20 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hökm elan olunduğu xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal həbsə alınmalı və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, ekspertiza tədqiqatının dəyəri 85 manat pul Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Bununla bağlı X6 məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 15 saylı Vəkil bürosunun vəkili Müdafiəçi “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına (xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklər nəzərə alınmaqla) müvafiq olaraq 30 saat üçün (4 məhkəmə iclası ilə bağlı hər saata 6 manat, 6 məhkəmə iclası üzrə hər saata 11 manat) ümumilikdə 270 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 264-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanılmaqla ona qəti olaraq 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 03 (üç) ay 20 (iyirmi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay 10 (on gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 03 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın, bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Abdullayev X3 xidmətin Konvoy taboru vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 15 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 270 (iki yüz yetmiş) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Babək Pənahov Hakimlər: Hafiz Kamranov Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar