Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-970/2021 18.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X2 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Yusifbəyli və Partnyorları» vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1979-cu ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlamaqla əldə edərək saxlamışdır. Belə ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmək məqsədi ilə məlum olmayan mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarını 2020-ci ilin may ayından etibarən ünvan 3-də yerləşən mərhum atasına məxsus olan evin həyətyanı sahəsində əkərək onlara aqrotexniki qaydada qulluq göstərib yetişdirmiş, həmin çətənə bitkilərinin hissələrini toplayıb qurudaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı hazırlamaqla əldə edib saxlamış, bu fakt 13 avqust 2020-ci il tarixdə saat 15:00-dan 16:30-dək olan müddət ərzində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində müəyyən edilmiş və həmin ünvandan yaş vəziyyətdə təmiz çəkisi 644000,0 qram (644,0 kq) olmaqla ümumilikdə 361 (üç altmış bir) ədəd əkib becərilməsi qanunla qadağan olunmuş külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkiləri, həmçinin həyətyanı sahədə yerləşən yardımçı tikilidən 14 ədəd sellofan, bir ədəd qəzet bükümdə olmaqla 15 ədəd (on beş) ədəd bükümlərdə, 3(üç) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri-6,111 qram, 14,106 qram, 5,692 qram, 20,527 qram, 18,390 qram, 25,726 qram, 2, 619 qram, 13, 618 qram, 3,130 qram, 18,924 qram, 19,951 qram, 25,234 qram, 135,0 qram 218,5 qram, 95,08 qram, 5,802 qram, 5,909 qram və 7,025 qram, ümumi çəkisi 641,344 qram olmaqla külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və üzərində marixuana hissəcikləri olan elektron tərəzi aşkar olunaraq götürülmüş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlamaqla əldə edərək saxlamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2020-ci ilin may ayının əvvəllərində ata evinin yaxınlığında yerləşən küçə ilə gedən zaman yolun kənarından bir ədəd sellofan torbanın olduğunu görmüşdür. O həmin torbanı yerdən götürərək içərisini açmış və bu zaman həmin sellofanın içərisində bir xeyli narkotik vasitə olan marixuananın tumlarının yəni toxumlarının olduğunu görmüşdür. Bundan sonra həmin sellofanı cibində saxlayaraq özü ilə bərabər ata evinə gətirmişdir. Həmin vaxtlar toxumların 361 ədədini həyətdə torpaqda əkmişdir. Bir neçə ay həmin toxumlara su verərək onlara aqrotexniki qaydada qulluq etməyə başlamışdır. Əkdiyi narkotikindən sellofon torbalara yığaraq həyətdəki yardımçı tikilidə gizlətmişdir. 13 avqsut 2020-ci il tarixdə günorta vaxtı ata evinin həyətində olan zaman qapının döyüldüyünü eşitmiş və hiss etmişdir ki, qapıya gələn polis əməkdaşlarıdır. O dərhal həyətdə əkdiyi narkotik xassəli bitkilərin bir hissəsini çıxararaq həyətdə yerləşən tövləyə yığmış və incir ağacına çıxıb hasarı aşaraq qaçıb getmişdir. Hasarı keçən zaman ayağı hasarın taxtasına ilişmiş və yerə yıxılmış, lakin polis əməkdaşları onu görməmişdir. Sonradan ona məlum olmuşdur ki, polis əməkdaşları tərəfindən evinin həyətinə bacısı Xalidənin iştirakı ilə baxış keçirən zaman həyətdə əkdiyi narkotik xassəli bitkilər və yardımçı tikilidə gizlətdiyi qurudulumuş marixuana aşkar edilərək götürülmüşdür. Ata evinin həyətində tərkibində narkotik maddələr olan bitkiləri əkməsi ilə bağlı bacısı Xalidənin məlumatı olmamış, Xalidə narkotikin nə olduğunu bilməmişdir. Xalidə həmin evdə yaşamamış, sonuncu subay olduğundan mərhum ataları dünyasını dəyişdiyi zamandan 10 ildir ki, qardaşları olan Rüstəmlə birlikdə yaşamışdır. O, həmin toxumları 2020-ci ilin may ayının əvvəllərində əkmişdir. Onun həmin bitkiləri əkməsindən nə ailə üzüvlərinin nə də ki, başqa şəxslərin məlumatları olmamışdır. Tapdığı narkotik tərkibli bitki toxumlarının sayını dəqiq deyə biməsə də təxminən 370 ədəd toxum olmuşdur. O sırf şəxsi istifadəsi məqsədilə həmin bitkiləri ata evinin həyətyanı sahəsində yetişdirmişdir. Narkotik vasitə olan qurudulmuş marixuananı həyətdə yerləşən yardımçı tikilidə saxlamaqda məqsədi şəxsi istifadəsi üçün olmuşdur. Elektron tərəzini əvvəllər almış və qurudulmuş marixuana ilə eyni yerdə olduqlarından üzərində qurudulmuş marixuananın hissəcikləri olmuşdur. O, əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 oğlu ifadəsində göstərmişdir ki, Xaçmaz RPŞ-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs bacısı Şahid1 yaşadığı Xaçmaz şəhəri Şəfəq küçəsi, 42 nömrəli evin həyətində qanunsuz narkotik tərkibli bitkiləri əkib becərməsi və narkotik vasitələri saxlaması barədə məlumat daxil olmuşdur. Bu barədə dərhal Xaçmaz RPŞ-nin rəisinə məruzə edilmiş və tərəfindən müvafiq qərar qəbul edilmişdir. Bundan sonra polis əməkdaşları və mütəxəssis aqronomun iştirakı ilə yuxarıda qeyd olunan ünvana getmişlər. Orada Şahid1 razılığı ilə evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı evin həyətyanı sahəsində əkilən tərkibində narkotik maddələr olan çətənə bitkisinin kolları aşkar edilmişdir. Belə ki, mütəxəssis həmin kollara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Həmçinin evin həyətyanı sahəsində olan köməkçi tikilidəki dolabların içərisindən müxtəlif ölçüdə içərisində narkotik vasitə qurudulmuş marixuana olan 14 ədəd sellofan bükümlər və bir ədəd kağız büküm aşkar edilmişdir. Bundan başqa eyni yerdən 3 ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusu və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Orada içərisi boş olan kibrit qutuları və sellofan bükümləri də olmuşdur. Həmçinin həyətyanı sahədə olan toyuq hininin içərisindən 19 ədəd kəsilmiş çətənə bitkisinin kolları aşkar edilmişdir. Şahid1 həmin tərkibində narkotik maddələr olan çətənə bitkisini qardaşının əkdiyini bildirmişdir. Həyətyanı sahədə əkilmiş vəziyyətdə olan 342 (üç yüz qırx iki) ədəd çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılmışdır. Belə ki, baxış zamanı 19 (on doqquz) ədəd çıxarılmış vəziyyətdə 342 ədəd isə əkili halda olmaqla ümumilikdə 361 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisi aşkar edilmişdir. Baxış zamanı aşkar edilmiş 14 ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan torba, 1 ədəd içərisində qurudulmuş marixuana olan kağız büküm, 3 ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusu, bir ədəd elektron tərəzi, 19 (on doqquz) ədəd çıxarılmış vəziyyətdə 342 (üç yüz qırx iki) ədəd isə əkili halda olmaqla ümumilikdə 361 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisi götürülmüşdür. Xalidə Cəbrayıloava çətənə bitkilərini qardaşı Təqsirləndirilən şəxs əkdiyini, narkotik vasitənin və elektron tərəzi barədə isə məlumatı olmadığını bildirmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və Xaçmaz RPŞ-nin PPB-nün polis nəfəri, polis serjantı Şahid4 eyni məzmunlu ifadələr verərək Şahid2 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişlər. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur O həmin ifadəsində göstərmişdir ki, heç vaxt ailə həyatı qurmamış, mərhum atası öldükdən sonra qardaşı Rüstəm Cəbrayılovla birlikdə yaşamışdır. Onun beş qardaşı olmuş və onların biri vəfat etmişdir. Qardaşı Ceyhun əvvəllər cinayət törətdiyinə görə məhkum olunmuşdur. 2020-ci ilin may ayında Ceyhunun ata evinin qarşısındakı bağda yerə toxumlar basdırıb bitkilər əkdiyini bilmiş, lakin həmin bitkilərin nə olmasını bilməmişdir. 13 avqust 2020-ci il tarixdə ata evinə özünə məxsus olan əşyaları götürmək məqsədilə getmişdir. Həmin evdə olduğu zaman polis əməkdaşları həmin evə gəmişlər. Polis əməkdaşları həmin ünvanda qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və narkotik vasitənin saxlanılması barədə daxil olmuş məlumat əsasında ünvana baxış keçirilməli olduqların bildirmişlər. O da polis əməkdaşlarına həmin ünvana baxış keçirmələrinə etiraz etməmişdir. Bundan sonra videogörüntü ilə polis əməkdaşları tərəfindən həmin ünvanda baxış keçirilmişdir. Baxış zamanı evin həyətyanı sahəsində qardaşı Ceyhun tərəfindən əkilmiş daha sonradan çətənə bitkisi olduğunu bildiyi 342 ədəd əkili halda bitkilər polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Evin yardımçı tikilisində olan dolabların içərisindən 14 ədəd müxtəlif ölçülü içərilərində bitki kütlələri olan sellofan bükümlər, 1 ədəd içərisində bitki kütləsi olan kağız büküm, bir ədəd elektron tərəzi və 3 ədəd içərisində bitki kütləsi olan kibrit qutuları aşkar edilmişdir. O, sonradan həmin bitki kütlələrinin narkotik vasitə olan qurudulmuş marixuana olmasını bilmişdir. Həmin yerə keçirilən baxış zamanı oradan içərisi boş olan sellofan torbaları və içərisində bitki kütlələri olmayan kibrit qutuları aşkar edilmişdir. Həmçinin baxış zamanı evin həyətində tikilmiş yardımçı tikilinin içərisindən 19 ədəd çıxarılmış halda bitki kolları aşkar edilmişdir. Baxış zamanı aşkar edilmiş ümumilikdə 361 ədəd çətənə bitkisinin kolları, içərisində qurudulmuş marixuana olan 14 ədəd sellofan və 1 ədəd kağız bükümlər və bir ədəd elektron tərəzi polis əməkdaşları tərəfindən götürülmüşdür. O, iş üzrə ilkin olaraq verdiyi ifadəsində elə düşünmüşdür ki, qadın olduğu üçün onu tutmazlar, ona görə də bitkiləri Ceyhunun yox özünün əkdiyini bildirmişdir. Əslində isə həmin bitkilərin hamısını qardaşı Ceyhun əkmiş onun həmin bitkilərin nə olmasından məlumatı olmamışdır. Həmçinin onun yardımçı tikilidən tapılan qurudulmuş marixuana barədə məlumatı olmamışdır. Bundan başqa kəsilmiş halda 19 ədəd çətənə kolunu qardaşı Ceyhun həmin yardımçı tikiliyə yığmışdır. O özü heç bir şəxsdən narkotik vasitə almamış və satmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi, iş üzrə ifadə vermiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında 17 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin qətimkan tədbirinin seçilməsi barədə 19 sentyabr 2020-ci il tarixli 4(067)-151/2020 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 17 sentyabr 2020-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Xaçmaz rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 4(067)-175/2020 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri dəyişdirilərək «həbs» qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 15 avqust 2020-ci il tarixli 7/515 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş 1 ədəd kağız 14 ədəd sellofan bükümlərdə olmaqla ümumilikdə 15 ədəd bükümlərdə və 3 ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri 6,111 qram, 14,106 qram, 5,692 qram, 20,527 qram, 18,390 qram, 25,726 qram, 2,619 qram, 13,618 qram, 3,130 qram, 18,924 qram, 19,951 qram, 25,234 qram, 135,0 qram, 218,5 qram, 95,08 qram, 5,802 qram, 5,909 qram, 7,025 qram olmaqla ümumilikdə 641,344 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindənn kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş yaş vəziyyətdə ümumi sayı 361 (üç yüz altmış bir) ədəd, 644000,0 qram (644.0 kq) olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli Çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Aşkar edilərək götürülmüş çətənə (kannabis) bitkiləri ilə yardımçı tikilidən aşkar edilərək götürülmüş 15 ədəd bükümdə və 3 ədəd kibrit qutusunda olan marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş elektron tərəzinin üzərində cüzi miqdarda marixuananın hissəcikləri vardır. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 03.02.2021-ci il tarixli, 324 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs oğlunda Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi pereparatlarından və psixatrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış 07.09.2020-ci il tarixli tələbnamədən və Sumqayıt Apellyasiya məhkəməsinin 16.12.2014-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 02.09.2014-cü il tarixdə Xaçmaz rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 228.1, 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi ilə əlaqədar olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16.12.2014-cü il tarixdə Sumqayıt Apelyasiya məhkəməsinin qərarı ilə cəzası 03 il 06 ay müddətinə endirilmiş, 22.09.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18 və 83-cü maddələrinə əsasən hazırda Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Xaçmaz RPŞ-nin TB-nin tədqiqatçısı X4 özünü təqdim edir və daxil olmuş məlumat əsasında ünvan 3 ünvanına baxış keçirilməsi prosesinə başlandığını bildirərək baxışda iştirak edən mütəxəssisi və polis əməkdaşlarını təqdim edirlər. Bundan sonra təhqiqatçı, həmin ünvanda yaşadığını bildirən Şahid1 qeyd olunan ünvanda tərkibində narkotik maddələr olan çətənə bitkisinin əkilməsi ilə bağlı Xaçmaz RPŞ-nə məlumatın daxil olmasını bildirir. Təhqiqatçı Şahid1 yaşadığı evdə baxış keçirilməsinə hər hansı bir etirazının olub-olmadığını soruşur. Şahid1 isə etiraz etmədiyini bildirir. Bundan sonra Şahid1, təhqiqatçı və iştirakçılar həyətyanı sahəyə daxil olurlar. Bir qədər irəli getdikdən sonra təhqiqatçı həyətyanı sahədə olan bitkilərin nə bitkiləri olmasını soruşur. Şahid1 həmin bitkilərin nə olmasını bilmədiyini və tanımadığını bildirir. Təhqiqatçı həmin bitkilərin çətənə bitkisinə bənzədiyini bildirərək Şahid1 həmin bitkilərin kim tərəfindən əkilməsini soruşur. Şahid1 həmin bitkiləri qardaşı Təqsirləndirilən şəxs tərəfindən əkildiyini bildirir. Verilən suallara müvafiq olaraq cavab verərək Təqsirləndirilən şəxs həmin ünvanda yaşamadığını və həmin ünvana gəlib gedərək əkdiyini bildirir. Şahid1 həmin bitkilərlə bağlı məlumatının olmadığını və qardaşının həmin bitkiləri nə məqsədlə əkməsini bilmədiyini bildirir. Bundan sonra mütəxəssis Əspəndiyev Əspəndi həmin bikilərin narkotik tərkibli çətənə kolları olmasını, həmin bitkilərə aqrotexniki qaydada qulluğ olunduğunu, suvarıldığını və dibinin becərildiyini bildirir. Şahid1 qardaşının harada olmasını bilmədiyini bildirir. Evin həyətindəki yardımçı tikilidəki dolabın içərisindən bir ədəd sellofan torba və iki ədəd qutu çıxarılaraq orada olan stolun üzərinə qoyulur. 1 ədəd sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuananın olması müşahidə edilir. Həmçinin qutulardan içərisində narkotik vasitə qurudulmuş marixuana olan 5 ədəd müxtəlif ölçülü sellofan torbalar, 1 ədəd kağız büküm, 1 ədəd kibrit qutusu və 1 ədəd elektron tərəzi aşkar edilir. Həmin yerdəki digər dolabın içərisindən ümumilikdə 8 ədəd içərisində müxtəlif miqdarlarda narkotik vasitə qurudulmuş marixuana olan sellofan torbalar və 2 ədəd içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan kibrit qutusu aşkar edilir. Bundan başqa baxış zamanı içərisi boş və ya içərisində bitki kütləsi olmayan kibrit qutuları müşahidə edilir. Bundan sonra evin həyətyanı sahəsindəki toyuq hininin içərisinə baxılan zaman orada kəsilmiş halda 19 ədəd narkotik tərkibli çətənə bitkisinin olması aşkar edilir. Mütəxəssis həmin çətənə bitkilərinə qulluq olunduğunu bildirir. Bundan sonra evin həyətyanı sahəsində əkilmiş çətənə bitkisinin kolları polis əməkdaşları tərəfindən çıxarılır. Daha sonra videogörüntü dayandırılır. Disk daşıyıcıda olan videogörüntüyə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxsin onun bacısı Şahid1 olduğunu, baxış zamanı aşkar edilmiş çətənə bitkilərini özünün əkdiyini, becərərək suvardığını və narkotik vasitə olan qurudulmuş marixuanaların özünə məxsus olduğunu bir daha etiraf etmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 237.2.3 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitlərin satışı ilə məşğul olmaması ilə bağlı ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-cimaddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu və 61-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət törətməsinə və əvvələr azadlıqdan məhrumetmə növündə cəza çəkmədiyinə görə ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli və onun ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir.Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və saxlanması üçün Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmiş narkotik vasitə olan qurudulmuş marixuananın, ekspertiza tədqiqatından sonra qalan 640.984 qram qalığı, narkotik tərkibli çətənə bitkilərinin ekspertiza tədqiqatından sonra qalan 643999.0 qram qalığı, üzərində narkotik vasitə qurudulmuş marixuana hissəçikləri olan elektron tərəzi məhv edilməli, iki ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdr. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs «şübhəli şəxs», «ev dustaqlığı» və «həbs»də saxlanıldığı müddətlər ona təyin olunacaq cəzaya hesablanmaqla cəza çəkməsinin əvvəli –17 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3 və 234.4.3cü maddələrində nəzərdə tutlan cinayət əməlini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü ilə 06 (altı) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplanmaqla ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edlsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 17 sentyabr 2020-ci il -ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olan və saxlanması üçün Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmiş narkotik vasitə olan qurudulmuş marixuananın, ekspertiza tədqiqatından sonra qalan 640,984 qram qalığı, narkotik tərkibli çətənə bitkilərinin ekspertiza tədqiqatından sonra qalan 643999.0 qram qalığı, üzərində narkotik vasitə qurudulmuş marixuana hissəçikləri olan elektron tərəzi məhv edilsin, iki ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-970/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-970/2021
18.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver