Məhkəmə qərarları › İş №1(101)-970/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-970/2022

13.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-970/2022 13.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1982-ci ildə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Mədən 6, ev 18-də qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 12, mənzil 1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitələri əldə edib üzərində saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən narkotik vasitələr olan metadonu və qurudulmuş marixuananı, külli miqdarda psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Suraxanı RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28.12.2021-ci il tarixdə, saat 00:30-da Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində saxlanılaraq Suraxanı RPİ-nin 31-ci Polis şöbəsinə aparılmış, orada onun üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli dəri gödəkçənin sol iç cibindən 10 (on) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,406 qram, 0,374 qram, 0,188 qram, 0,265 qram, 0,392 qram, 0,450 qram, 0,880 qram, 0,109 qram, 0,097 qram və 0,124 qram, ümumi təmiz çəkisi 3,285 qram, öz aralarında kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 6 (altı) ədəd kağız bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,284 qram, 0,274 qram, 0,316 qram, 0,333 qram, 0,264 qram və 0,337 qram olmaqla, ümumi təmiz çəkisi 1,808 qram və 4 (dörd) ədəd papiros formasında ümumi çəkisi 1,450 qram narkotik vasitə qurudulmuş marixuana və tərkibində metadonun təsiredici maddənin ümumi miqdarı 0,24 qram olan 6 ədəd narkotik vasitə metadon həb, həmçinin üzərində psixotrop maddə metamfetaminin izləri olan 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, həqiqətən də qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə edib saxlamışdır. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda qeyd edilir ki, o, narkotik vasitələri satış məqsədilə əldə etmişdir. Doğrudur ki, onun üzərindən aşkar edilmiş narkotik vasitələrin miqdarı, bükümləri və növləri ittiham aktında düzgün göstərilmişdir. Lakin o, həmin narkotik vasitələri satış məqsədilə əldə etməmişdir. O, heç vaxt heç kimə narkotik vasitələr satmamış, eləcə də narkotik vasitələri əldə etməkdə onun satış məqsədi olmamışdır. İttiham aktında qeyd edilən narkotik vasitələri o, öz şəxsi istifadəsi üçün əldə etmişdir. Belə ki, o, 28.12.2021-ci il tarixdə, saat 00:30-da Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində olduğu zaman PPXB-nin əməkdaşlarının ona yaxınlaşdıqlarını görmüşdür. Həmin vaxt onun üzərində narkotik vasitələr olduğundan o, tutulmaqdan qorxaraq polislərdən qaçmaq istəmişdir. Lakin polis əməkdaşları buna imkan verməyərək onu tutmuşlar. Sonra polislər onu şübhəli şəxs qismində tutaraq Suraxanı RPİ-nin 31-ci Polis bölməsinə aparmışlar. Polis bölməsində xidməti otaqların birində polis əməkdaşları videoçəkiliş vasitəsi ilə onun üzərinə baxış keçirmişlər. Baxış zamanı o, əynində olan gödəkçənin iç cibində saxladığı 3 (üç) ədəd qutunu, 1 (bir) ədəd elektron tərəzini, 4 (ədəd) ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Polis əməkdaşları həmin qutuları açmışlar. Birinci qutunun içində üzərində «Methadone 40» yazılmış 6 (altı) ədəd həb, 2-ci qutunun içərisində 6 (altı) ədəd kağıza bükülmüş ot kütləsi, 3-cü qutunun içərisində isə 7 (yeddi) ədəd şəffaf və 3 (üç) ədəd gümüşü bükümdə içərisində kristal maddə aşkar olunmuşdur. Aşkar olunmuş 10 (on) ədəd bükümdə olan ot kütləsinin narkotik vasitə marixuana, digər 10 (on) ədəd bükümdə olan kristal maddənin psixotrop maddə metamfetamin və 6 (altı) ədəd həbin isə narkotik vasitə metadon olduğu məlum olmuşdur. O, üzərindən aşkarlanmış kütlələri öz istifadəsi üçün əldə etdiyini polis əməkdaşlarına bildirmişdir. Elektron tərəzini isə o, narkotik vasitələri əldə edərkən, eləcə də aldığı narkotik vasitələri istifadə edərkən çəkisini dəqiq ölçmək üçün istifadə etmişdir. Sonra aşkarlanmış kütlələr qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Suraxanı RPİ-nin PPXB-də polis serjantı işləyir. O, 28.12.2021-ci ildə Suraxanı RPİ-nin PPXB-nin əməkdaşları Şahid1, Şahid2 və Azər Osmanovla birlikdə 5660 nömrəli çağırış avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu ərazisində xidmət aparmışlar. Həmin gün gecə saat 00:30 radələrində onlar Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsində xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli aparmasını və onları görərkən dərhal qaçmağa cəhd etməsini görmüşlər. Onlar həmin şəxsdən şübhələnərək həmin şəxsə yaxınlaşaraq saxlamışlar və həmin şəxsdən kim olmasını soruşmuşlar. Həmin şəxs də özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs onlardan hansı səbəbdən qaçmaq istəməsini soruşmuşlar. Təqsirləndirilən şəxs də narkoman olduğunu, həmin vaxt üzərində narkotik vasitə olduğundan polislərdən qorxaraq qaçmaq istədiyini bildirmişdir. Onlar Təqsirləndirilən şəxs bir neçə sual vermişlər. Lakin Təqsirləndirilən şəxs onların suallarına şübhəli cavablar vermişdir. Ona görə də onlar Təqsirləndirilən şəxs xidməti avtomobilə mindirib 31-ci Polis şöbəsinə aparmışlar. Onlar 31-ci Polis şöbəsinə çatdıqda o, bu barədə rəhbərliyə raportla məruzə etmişdir. Bundan sonra rəhbərlik tərəfindən saxlanılmış şəxs barəsində prosessual hərəkətlərin aparılması Polis şöbəsinin təhqiqatçı Elnur Mənsimova həvalə edilmişdir. Sonra təhqiqatçı Elnur Mənsimov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və sonuncuya hüquq və vəzifələri izah edilməklə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilməsi bildirilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkçənin cibindən qara rəngli pulqabını çıxarmışdır. Sonra Təqsirləndirilən şəxs həmin pulqabını açaraq pulqabının içərisindən 3 (üç) ədəd qutunu, 1 (bir) ədəd elektron tərəzini və 4 (dörd) ədəd siqaret formasında olan bükümü çıxararaq təhqiqatçıya təqdim etmişdir. 3 (üç) ədəd qutunun içinə baxış keçirildikdə birinci qutunun içində üzərində «Methadone 40» yazısı olan 6 (altı) ədəd həb, ikinci qutunun içində 6 (altı) ədəd bükümdə ot kütləsi, üçüncü qutunun içində isə ümumilikdə 10 (on) ədəd bükümdə ağ rəngli kristal maddə aşkar olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş vasitələri bir neçə gün əvvəl internet vasitəsi ilə online qaydada tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığını da həmin vaxt onlara bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş predmetlər təhqiqatçı tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Həmçinin aparılmış prosessual hərəkətlə bağlı protokol tərtib edilmiş və həmin prosessual hərəkətdə iştirak edən bütün şəxslər həmin protokolu imzalamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28.12.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 11) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28.12.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 12) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28.12.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 22) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28.12.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 25-26) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı o, əynində olan qara rəngli dəri gödəkçənin sol iç cibindən qara rəngli pul kisəsini çıxararaq həmin pul kisəsinin içərisindən 3 ədəd qəhvəyi rəngli qutunu, 1 ədəd elektron tərəzini və 4 ədəd siqaret formasında olan bükümü çıxarıb təqdim etmişdir. Qəhvəyi rəngli qutuların içərisinə baxış keçirildikdə, birinci qutunun içərisində üzərinə «Methadone 40» yazısı olan 6 ədəd həb, ikinci qutuda 6 ədəd bükümdə quru ot kütləsi, üçüncü qutuda isə 7 ədəd şəffaf və 3 ədəd gümüşü rəngli bükümdə ağ rəngli kristal maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri iki gün əvvəl internet vasitəsi ilə online qaydada tanımadığı şəxsdən aldığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29.12.2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/5652 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 36-40) görünür ki, tədqiqata təqdim edilmiş və üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün 195» dairəvi möhür əksi olan «şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...» yazı və imzalar olan zərfdə, 6 ədəd konvalyut kəsiyində üzərində F\M 40 yazılan qəhvəyi rəngli, dairəvi formalı həb öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub sintetik narkotik vasitə metadondur, 6 ədəd həbin tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,24 qramdır (həbin üzərində olan göstəriciyə əsasən 1 (bir) ədəd həbdə metadon təsir maddəsinin miqdarı 0,04 qramdır), 10 ədəd bükümdə hər birinin ayrıayrılıqda təmiz çəkiləri 0,406 qram, 0,374 qram, 0,188 qram, 0,265 qram, 0,392 qram, 0,450 qram, 0,880 qram, 0,109 qram, 0,097 qram və 0,124 qram olmaqla, ümumi təmiz çəkisi 3,285 qram olan ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin zərfdə olan gümüşü-qara rəngli elektron tərəzinin səthində, çantanın daxilində və üzərində «süfrə süyü» yazılan qabın daxilində psixotrop maddə metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Üzərində «Coffee» yazılan qabın içərisində narkotik vasitə və psixotrop maddələrin izləri yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29.12.2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/1325 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 43-46) görünür ki, tədqiqata təqdim edilmiş və üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün 195» dairəvi möhür əksi olan «şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...» yazı və imzalar olan zərfdə 1 ədəd plastik qabın içərisində 6 ədəd kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,284 qram, 0,274 qram, 0,316 qram, 0,333 qram, 0,264 qram və 0,337 qram olmaqla, ümumi təmiz çəkisi 1,808 qram bitki mənşəli kütlə və 4 ədəd papiros formasında düzəldilmiş kağız borucuqda tütün və ümumi təmiz çəkisi 1,450 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29.12.2021-ci il tarixli əməlin tövsif olunması haqqında qərardan (cild 1, iş vərəqə 54) görünür ki, həmin gün Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif olunması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29.12.2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 56-57) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29.12.2021-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-662/2021 saylı qərarından (cild 1, iş vərəqə 79-82) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu gündən, yəni 28.12.2021ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18.01.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 86) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsin 128-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilsə də, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11.10.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən barəsində olan cinayət işinə xitam verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22.01.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 152 nömrəli rəyindən (cild 1, iş vərəqə 109-110) görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli törədildiyi dövrdə hər hansı psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir, Təqsirləndirilən şəxs hadisə zamanı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29.01.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı RPİ-nin 31-ci Polis şöbəsinin əməliyyat tapşırığına verilmiş cavab məktubundan (cild 1, iş vərəqə 107) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, lakin onun konkret olaraq kimə/kimlərə narkotik vasitə satması müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17.03.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 1363 nömrəli rəyindən (cild 1, iş vərəqə 111-112) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03.04.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqənda qərardan (cild 1, iş vərəqə 113-118) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 10 ədəd bükümdə ümumi təmiz çəkisi 3,285 qram olan psixotrop maddə metamfetaminin, 6 ədəd həb şəklində narkotik vasitə metadonun, 10 ədəd bükümdə ümumi çəkisi 3,258 qram olan narkotik vasitə qurudulmuş marixuananın, 1 ədəd elektron tərəzinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,085 qram təşkil edən psixotrop maddə metamfetaminin, 4 ədəd həb şəklində narkotik vasitə metadonun, 2,758 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananın və 1 ədəd elektron tərəzinin maddi sübut kimi tanınması və saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən 1 ədəd diskin maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 206-cı maddələri ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05.04.2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan (cild 1, iş vərəqə 122- 123) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21.02.2007-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 137) görünür ki, 04.02.2007-ci il tarixdə X3 doğulmuş, onun anası X6, atası isə Təqsirləndirilən şəxsdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13.08.2009-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 136) görünür ki, 24.07.2009-cu il tarixdə X1 doğulmuş, onun anası X6, atası isə Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 12 və 13-cü bəndlərinə əsasən - təmiz halda 500 (beş yüz) qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana, təmiz halda 1,6 qramdan artıq çəkidə narkotik vasitə metadon və 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən narkotik vasitələr olan metadonu və qurudulmuş marixuananı, eləcə də külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, daha sonra üzərində saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs 28.12.2021-ci il tarixdə, saat 00:30-da Suraxanı RPİ-nin PPXBnin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində özünü şübhəli apardığına görə saxlanılaraq Suraxanı RPİ-nin 31-ci Polis şöbəsinə aparılmışdır. Orada Təqsirləndirilən şəxs müdafiə hüququ təmin olunmaqla onun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan qara rəngli dəri gödəkçənin sol iç cibindən ümumi təmiz çəkisi 3,285 qram təşkil edən 10 (on) ədəd bükümdə psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 1,808 qram və 4 (dörd) ədəd papiros formasında ümumi çəkisi 1,450 qram təşkil edən 6 (altı) ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana, ümumi miqdarı 0,24 qram olan 6 (altı) ədəd narkotik vasitə metadon həbi və üzərində psixotrop maddə metamfetaminin izləri olan 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs ümumi təmiz çəkisi 3,285 qram təşkil edən 10 (on) ədəd bükümdə psixotrop maddə metamfetamini, ümumi təmiz çəkisi 1,808 qram və 4 (dörd) ədəd papiros formasında ümumi çəkisi 1,450 qram təşkil edən 6 (altı) ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuananı, ümumi miqdarı 0,24 qram olan 6 (altı) ədəd narkotik vasitə metadon həbini və 1 (bir) ədəd elektron tərəzini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Təqsirləndirilən şəxs üzərindən ümumi təmiz çəkisi 3,285 qram təşkil edən 10 (on) ədəd bükümdə psixotrop maddə metamfetaminin, ümumi təmiz çəkisi 1,808 qram və 4 (dörd) ədəd papiros formasında ümumi çəkisi 1,450 qram təşkil edən 6 (altı) ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuananın, ümumi miqdarı 0,24 qram olan 6 (altı) ədəd narkotik vasitə metadon həbinin və 1 (bir) ədəd elektron tərəzinin aşkar edilməsini, aşkarlanmış narkotik vasitə və psixotrop maddələrin çoxlu sayda bükümlərdə olmasını, hər bir bükümdə olan kütlənin istifadə üçün yararlı olmasını, həmin kütlələrin istifadə etməyə kifayət etməsini, aşkarlanmış vasitə və maddələrin müxtəlif növdə olmasını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üzərindən aşkarlanmış müxtəlif narkotik vasitələri və külli miqdarda psixotrop maddə metamfetamini əslində satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini və müxtəlif növdə olan narkotik vasitələri əldə edib üzərində saxlamaqla daşımışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadə verərək üzərində şəxsi axtarış keçirilərkən aşkar edilmiş narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin, eləcə də elektron tərəzinin ona məxsus olduğunu etiraf etsə də, həmin vasitə və maddələri öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cazadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran digər hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiyanın aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə cəzanın əvvəli onun tutulduğu gündən, yəni 28.12.2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan 17.03.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 1363 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunmuşdur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə qeyd edilən rəyi təhlil edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,085 qram təşkil edən psixotrop maddə metamfetamin, 4 (dörd) ədəd həb şəklində narkotik vasitə metadon, 2,758 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 177 (yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 177 (yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu gündən, yəni 28 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,085 qram təşkil edən psixotrop maddə metamfetamin, 4 (dörd) ədəd həb şəklində narkotik vasitə metadon, 2,758 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və 1 (bir) ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 177 (yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar