Məhkəmə qərarları › İş №1(101)-970/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-970/2025

27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-970/2025 27.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Tərcüməçi – X1, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməmiş, əməlində xüsusi təhlükəli residiv olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.4 və 120.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 66.3-cü maddəsinə əsasən 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə Nizami Rayon Məhkəməsinin qərarına əsasən cinayət əməlindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi xaric edilərək cəzası 12 ildən 11 il 06 aya endirilmiş, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2-ci maddələrinə tövsif edilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 11 il cəza təyin edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X7 küçəsi, ev 8, mənzil 3A ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə – CM) 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşya tətbiq edilməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 19 sentyabr 2024-cü il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi ilə yeraltı keçidin yaxınlığında piyada hərəkətdə olan Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq yerdən götürdüyü daşı silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib baş və bədəninin müxtəlif nahiyələrindən daşla bir neçə zərbə vurub Fora Fərəcovaya sol yanaq nahiyəsinin hematoması, üst dodağın selikli qişasının qansızması və səthi əzilmiş yarası, sağ çiyinüstü nahiyənin qançırı, sol qulaq keçəcəyinin səthi əzilmiş yarası, həmin qulağın sırğalığının sıyrığı, ənsə nahiyəsinin şişkinlik və qançırı, sağ əlin İ barmağının şişkinliyi kimi dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid olan xəsarətlər yetirib onun çantasının içərisində olan 35 (otuz beş) manat pulu və 500 (beş yüz) manat dəyərində “Oppo” markalı mobil telefonu talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 535 (beş yüz otuz beş) manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 181.2.5-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, suallara cavab olaraq bildirmişdir ki, verilmiş ittiham üzrə özünü təqsirli bilir. Zərərçəkmiş şəxsdən götürdüklərini geri qaytarmış, amma pul onda qalmışdır. O, evdə olan zaman polis əməkdaşları gəlmişdir. O, telefonu polis əməkdaşlarına təqdim etmişdir. O, zərəri ödəmiş, 500 AZN telefonun qiyməti olmuş və geri qaytarmışdır. 35 AZN məbləği geri qaytarmamışdır. İstintaq zamanı ona fiziki və psixi təsir göstərilməmişdir. O, hadisəni törədən vaxt özündə olmamış, içki içmiş, amma içki içən zaman özünü itirmir. Həmin gün spirtli içkinin üstündən enerji içkisi içmişdir. Həmin içkini içəndən sonra o, özündə olmamışdır. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində 250 qramlıq şüşədə olan spirtli içki hesab edilən araq alıb içmişdir. Tanıdığı şəxslərdən ona iş tapmağa köməklik etməsini və ya həmin şəxslərdən ehtiyaclarını ödəmək üçün pul istəmək üçün qeydiyyatda olduğu məhəllədə gəzişmişdir. Tanış heç kimlə qarşılaşmadığını gördükdə Bakıxanov qəsəbəsinə getməyə qərar vermişdir. Həmin gün saat 19:30-da Ramana qəsəbəsindən gəzərək Suraxanı rayonu, Bülbülə qəsəbəsinə gəlmişdir. Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi ilə üzü uşaq baxçası istiqamətində gedən vaxtı bir nəfər təxminən 55-60 yaşlı bəsdəboylu qadının ona üzbəüz gəldiyini görmüşdür. Qadın onu keçdikdən sonra pul əldə etmək məqsədi ilə qadının əlində olan çantanı əlindən almaq qərarına gəlmişdir. Ətrafa baxdıqda kənar heç kimin olmadığını görmüşdür. Elə bu fıkirlə də yerdə olan daş parçasını götürüb həmin qadının arxasınca getməyə başlamışdır. Qadına çatan an əlində olan daşla onun arxadan başına zərbə vurmuşdur. Qadın özünü itirərək həmin yerdə qoyulmuş divanın üstünə uzanmışdır. Lakin onun əlində olan çantanı bərk-bərk tutmuş olduğunu gördükdə yumruqla sifətinə bir neçə dəfə zərbələr vurmuşdur. Sifətinə zərbələr vurduqda qadın çantanı buraxmış və o, qadının əlindən çantanı alıb oradan qaçıb getmişdir. Yol boyunca getdikcə çantanı açıb içindən qiymətli əşya, pul axtarmağa başlamışdır. Çantaya baxdıqda orada, 01 ədəd “Oppo" markalı mobil telefonun, qara rəngli üzəri zərli pul qabında həmin qadına aid şəxsiyyət vəsiqəsinin və 2 ədəd 5 manatlıq və 4 ədəd 1 manatlıq cəmi 14 manat pulun olduğunu görmüşdür. Çantadan 14 manat pul və “OPPO” markalı mobil telefonu və 3 ədəd ictimai nəqliyyat vasitələrində istifadə edilən “Bakı kartı” götürmüşdür. Çantanı, pul qabını və şəxsiyyət vəsiqəsini Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yolun kənarında atmışdır. Yol boyunca gedərkən dəqiq xatırlamadığı yerdə 3 ədəd Bakı kartı, daha sonra isə OPPO markalı mobil telefonun içərisində olan sim kartı telefondan çıxarıb atmışdır. Daha sonra çantadan oğurladığı 14 manat pulla özü üçün bir şüşə araq, siqaret alıb yaşadığı evə getmişdir. xx.xx.2024-cü il tarixdə, saat 09:40 radələrində yaşadığım evdə olan zaman polis əməkdaşları gəlib onu orada saxlayıb Suraxanı RPİ-nin 31-ci PŞ-nə dəvət etmişlər, baş vermiş hadisəni o törətmiş, etdiyi əməli tamlığı ilə etiraf etmiş və özünü təqsirkar hesab etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, Qara Qarayev ərazisində bazarlıq edib evə gedirdi. Axşam saatları olmuş, hava biraz qaralmışdır. Üzərindəki telefonunu oğlu ona təzə almışdır. O, işdən çıxıb evə gedirdi. Təqsirləndirilən şəxsin özündə olmaması barədə verdiyi ifadələrə inanmır. Çünki sonuncu onu insanların olmadığı yerdə tutmuşdur. Həmin ərazidə olan müşahidə kamerasında hər şey açıq-aşkar görünür. Təqsirləndirilən şəxs əlindəki daşı arxasında gizlədərək ona yaxınlaşır. Təqsirləndirilən şəxs ona həm əlindəki daşla, həm də yumruqla xəsarətlər yetirmiş və əlindəki çantanı alaraq qaçıb getmişdir. Əgər dediyi kimi özündə olmasaydı insanlar olan tərəfə qaçardı. Lakin sonuncu insanlar olmayan tərəfə qaçmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, hadisənin baş verdiyi tarix xx.xx.2024-cü il tarix, saat təxminən, axşam saat 8-ə işləmiş olardı. Hadisəni görən heç bir şahid olmamışdır. Həmin vaxt yoldan bir nəfər keçirdi. O, sonuncudan kömək istəmiş və oğluna zəng etməsini xahiş etmişdir. Sonra hadisə yerinə polis gəlmişdir. Telefonu müstəntiqdə olmuş və ona geri qaytarmışdır. Polis əməkdaşları hadisədən 15-20 dəqiqə sonra hadisə yerinə gəlmişdir. O, əvvəllər təqsirləndirilən şəxsi heç yerdə görməmişdir. Ona elə gəlir ki, təqsirləndirilən şəxs onu tanımamışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir, aralarında barışıq yoxdur. Təqsirləndirilən şəxsin cəzasını çəkməsini məhkəmədən xahiş etmişdir. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır. Onlar birlikdə ünvan 3 ünvanında yaşayırlar. 19 sentyabr 2024-cü il tarixdə, axşam saatlarında anası Flora evə gələn zaman onun bədəninin müxtəlif nahiyələrində xəsarətlər olduğunu görmüşdür. Anasından bu barədə soruşduqda o tanımadığı şəxsin ona arxadan yaxınlaşmasını, əlindəki daş parçası ilə baş və bədənin müxtəlif nahiyələrinə xəsarət yetirməsini bildirmişdir. O, anasına bu barədə polisə məlumat verməsini bildirmişdir. Anası isə artıq polisə məlumat verdiyini, onun çantasının tapıldığını, lakin telefonunun oğurlandığını bildirmişdir. Növbəti gün polis əməkdaşları onlarla əlaqə saxlamış və həmin şəxsi tapdıqlarını bildirmişlər. O, anasını həkimə aparmış, həkim onu müayinə etmiş, müayinədən sonra ciddi xəsarətinin olmadığını öyrənmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs əmlakının talanması faktına görə CM-in 180.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində baş vermişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İ cild, i.v. 8-10) xx.xx.2024-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi və hadisə zamanı istifadə etdiyi qara rəngli daş parçasıdır. Həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs quldurluq yolu ilə götürdüyü çanta açıq qəhvəyi rəngli çantadır. Baxış zamanı çantada içərisi boş olan 01 ədəd qara rəngli pul qabı, şəxsiyyət vəsiqəsi və 01 ədəd əl təmizələmək üçün dezinfeksiyaedici vasitə aşkar edilmişdir. (İ cild, i.v. 13) xx.xx.2024-cü il tarixli əşyanın tanınmasının aparılması haqqında protokoldan görünür ki, 04 ədəd mobil telefon Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs ona təqdim edilən mobil telefonların içərisində olan 02 nömrəli mobil telefonu tanıdığını, həmin telefonun ona məxsus olmasını bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İ cild, i.v. 30) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:30-da CM-in 180.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə saat 16:30-dan tutulmuş hesab edilmişdir. (İ cild,i.v. 55-56) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 180.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 69-70) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(010)-313/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 16:30-dən hesablanmış, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(010)-421/2024 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. (İ cild i.v. 94-97, 149-151) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(101)-1111/2013 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdə Sabunçu Rayon Məhkəməsinin hökmü ilə CM-in 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.4 və 120.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 66.3-cü maddəsinə əsasən 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə Nizami Rayon Məhkəməsinin qərarına əsasən cinayət əməlindən CM-in 177.2.4-cü maddəsi xaric edilərək cəzası 12 ildən 11 il 06 aya endirilmiş, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarına əsasən CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2-ci maddələrinə tövsif edilərək CMin 66.3-cü maddəsinə əsasən 11 il cəza təyin edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. ( İ cild, i.v. 103-105, 152-163) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə tördilmiş cinayət əməli CM-in 180.2.4-cü maddəsindən həmin Məcəllənin 181.2.5-ci maddəsinə tövsif edilmişdir. (İ cild, i.v. 106-107) Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-44/2-16389/2024 nömrəli məktubundan görünür ki, tədqiqata təqdim edilmiş əl-barmaq izləri Bakı Şəhər Baş Polis İdarəsinin Kriminalistik Tədqiqatlar Şöbəsində “NEC-İBW” sisteminin məlumat bankında olan şəxslərin əl- barmaq əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl-barmaq izlərindən 01 ədədin (Suraxanı RPİ-dən ADİS məlumat bankına daxil olmuş) Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağı 01 dəfə (şəxsiyyət vəsiqəsinin üzərindən götürülmüş) əksi ilə eynilik müəyyən edilmişdir. (İ cild, i.v. 110-111) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 769 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol yanaq nahiyəsinin hematoması, üst dodağın selikli qişasının qansızması və səthi əzilmiş yarası, sağ çiyinüstü nahiyənin qançırı, sol qulaq keçəcəyinin səthi əzilmiş yarası, həmin qulağın sırğalığının sıyrığı, ənsə nahiyəsinin şişkinlik və qançırı, sağ əlin İ barmağının şişkinliyi. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən, törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətinə əsasən, demək olar ki, xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində alınması inkar olunur. (İ cild, i.v. 114-116) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 ambulator məhkəmə-psixiatrik ekspertizasının 3251 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsidə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. (İ cild, i.v. 117-119) xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəni hadisə yerində təsdiq edərək cinayət hadisəsinin baş verdiyi yeri əyani surətdə göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İ cild,i.v. 121-124) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 181.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. (İ cild, i.v. 125-127) xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi qara rəngli daş parçası, bundan əlavə, açıq qəhvəyi rəngli çanta, 01 ədəd qara rəngli pul qabı, şəxsiyyət vəsiqəsi və 01 ədəd əl təmizələmək üçün dezinfeksiyaedici vasitə maddi sübut kimi tanınmış və açıq qəhvəyi rəngli çanta, 01 ədəd qara rəngli pul qabı, şəxsiyyət vəsiqəsi və 01 ədəd əl təmizələmək üçün dezinfeksiyaedici vasitə Zərərçəkmiş şəxs qaytarılmış, qara rəngli daş parçası, Suraxanı RPİ-nin MSK-a təhvil verilmişdir. (İ cild i.v. 164-171) Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini, zərərçəkmiş şəxsin, şahidin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 181.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CMin 181.2.5-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. CM-in 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən cinayət törətmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 18.3.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətməsi cinayətlərin xüsusilə təhlükəli residivi sayılır. Odur ki, CM-in 18.3.2-ci maddəsinə müvafiq olaraq əvvəllər xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs yenidən qəsdən ağır cinayət törətdiyindən onun əməlində cinayətlərin xüsusilə təhlükəli residivi mövcuddur. Məhkəmə, CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusilə təhlükəli residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 181.2.5-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasını, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:30-da şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə saat 16:30-dan tutulmuş hesab edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxsna təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə xüsusi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.4-cü maddəsinə əsasən xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi qara rəngli daş parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin iş üzrə maddi sübut kimi tanınmış açıq qəhvəyi rəngli çanta, 01 ədəd qara rəngli pul qabı, şəxsiyyət vəsiqəsi və 01 ədəd əl təmizələmək üçün dezinfeksiyaedici vasitənin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Müdafiəçi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 240 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur və ekspertiza xərci müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxsna təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi qara rəngli daş parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış açıq qəhvəyi rəngli çanta, 01 ədəd qara rəngli pul qabı, şəxsiyyət vəsiqəsi və 01 ədəd əl təmizələmək üçün dezinfeksiyaedici vasitənin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxsna göstərdiyi cəmi 40 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar