Məhkəmə qərarları › İş №1(101)-971/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-971/2021

06.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-971/2021 06.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X14 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər mühafizəçi işləmiş, orta təhsilli, əvvəllər məhkum olunmuş (Nərimanov rayon məhkəməsinin 11 aprel 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci il tarixli 2744 saylı “əfv” Sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş) məhkumluğu ödənilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi, bina 90, mənzil 38-də qeydiyyatda olmaqla ünvan 4-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 9,555 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 5 noyabr 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 18:10-da ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda ümumilikdə 9,555 qram çəkidə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 3 ədəd şəffaf sellofan bükümdə 2,957 qram, 3,185 qram və 3,413 qram olmaqla aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ünvan 4-də yaşamışdır və şəhid övladıdır. Belə ki, atası 1993-cü il tarixdə Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. BMCMİ tərəfindən tutulmazdan 10 gün əvvəl yaşadığı ərazidə narkotik vasitə satan şəxslər olduğu haqqında xəbər almış, bu barədə ailə üzvləri ona demişdir. O həmin şəxslərlə mübahisə edərək “niyə gəlib mənim yaşadığım ərazidə narkotik vasitə satırsız, məndən utanmırsızsa bu şəhid şəklindən utanın” deyib onlarla dalaşmışdır. Mübahisə zamanı həmin şəxslərdən biri ona “BMCMİ-ə necə cavab verəcəksən” demişdir. Həmin hadisədən 10 gün sonra Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən “Odero” adlı kafedə dostları ilə oturan zaman BMCMİ əməkdaşları 5 maşınla gələrək onu yerə yıxıb təpikləmiş və əlini qandallayıb BMCMİ-nə aparmışlar. Oraya həmin idarənin polkovniki Nəriman müəllim də gəlmişdir. Onu idarəyə gətirdikdən sonra Müzəffər müəllimin otağına aparmışlar. Orada Müzəffər müəllimə şəhid övladı olduğunu dedikdən sonra Müzəffər müəllim polislərə onu buraxmalarını demişdir. Bu zaman Hətəm adlı polis əməkdaşı otağa daxil olub Müzəffər müəllimə “mənim bununla işim var” demiş və sonra polis əməkdaşları onu başqa otağa aparmışlar. Hətəm adlı polis əməkdaşı əlindəki narkotik vasitə bükümünü ona göstərib demişdir ki, “bu bizdən sənə hədiyyədir, sənin sol cibindən çıxacaq”. O da etiraz edib demişdir ki, “mənim heç vaxt narkotik vasitə ilə işim olmayıb, bu nədir mənə verirsiniz?”. Bundan sonra üzərinə videoçəkilişlə baxış keçirilmişdir. 4 dəfə videoçəkilişlə üzərinə baxış keçirsələr də, o, narkotik vasitənin ona məxsus olmasını qəbul etməmişdir. Sonra onu döyüb işgəncə etmişlər və nəticədə, o məcbur qalıb videoçəkiliş zamanı həmin narkotik vasitənin özünə məxsus olmasını demişdir. Müqabil adlı şəxsi tanımır. Üzərinə baxış onu tutan şəxslərin yanında keçirilmişdir. Onu tutan şəxslər arasında əməliyyat müvəkkilləri Şahid2, Şahid1 və Nəriman adlı şəxs olmuşdur. Şamil adlı polis əməkdaşı onu döymüşdür. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İbtidai istintaq zamanı yazılan həmin ifadələrə fiziki və psixi təsir göstərildiyindən imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində tutulduğu gündən təxminən 1 il əvvəl bədənində olan ağrıları azaltmaq və fikirlərini dağıtmaq məqsədi ilə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməyə başladığını, qurudulmuş marixuananı siqaret giləsinin içərisinə doldurub çəkməklə qəbul etdiyini, narkotik vasitələri tanımadığı şəxslərdən müxtəlif qiymətlərə alıb istifadə etdiyini, əvvəllər istifadə etdiyi narkotik vasitələri Bakı şəhərində “Papanin” adlanan yerdən tanımadığı və adını bilmədiyi şəxslərdən aldığını, həmin şəxləri tanımadığı üçün anket məlumatlarını qeyd edə bilməyəcəyini, son bir neçə gündür bədənində olan ağrıları yenidən artdığına görə bu dəfə narkotik vasitə olan heroindən istifadə etmək qərarına gəldiyini, narkotik vasitə almaq üçün 5 noyabr 2020-ci il tarixdə səhər saatlarında yenə də Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Papanin” adlanan yerə getdiyini, orada ona hər zaman narkotik vasitə satan şəxsləri axtarmasına baxmayaraq tapa bilmədiyini, bundan sonra yaşadığı Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Montin” adlanan yerə qayıtdığını, avtobusdan düşüb yolun kənarında dayanıb siqaret çəkən zaman bir nəfər adını bilmədiyi şəxsin ona yaxınlaşaraq bir gilə siqaret istədiyini, onun da özündə olan siqaret qutusundan bir gilə siqaret verdiyini, bu zaman həmin şəxsin ondan adını soruşanda onun da adını dediyini, həmin şəxsin də özünü ona təqdim edərək “Müqabil” olduğunu bildirdiyini, söhbət edən zaman həmin şəxs onun narkotik vasitə istifadə edənə oxşadığını bildirdiyini, onun ilk başda həmin adamdan ehtiyyat etdiyini və narkotik vasitə istifadə etmədiyini bildirdiyini, lakin həmin şəxsin gülə-gülə ona baxıb üzündən narkotik vasitə istifadə edənə oxşadığını dediyini və lazım olsa ona narkotik vasitə sata biləcəyini bildirdiyini, onun da hansı növ narkotik vasitələrinin olduğunu soruşanda həmin şəxsin özündə hər növ narkotik vasitələrdən olduğunu dediyini, ondan narkotik vasitə heroin verməsini xahiş etdiyini, həmin vaxt “Müqabil” adlı şəxsin onu kənara dəvət etdiyini və üzərində saxladığı 1 ədəd əl çantasını açaraq oradan 3 ədəd şəffaf bükümü çıxarıb ona verdiyini, onun da nə qədər pul verəcəyini soruşanda həmin şəxsin ona ümumilikdə 100 manat verməsini istədiyini, onun da həmin bükümlərin içərisində nə qədər narkotik vaistə olduğunu soruşanda həmin şəxsin orada təxminən 10 qrama yaxın narkotik vasitə olduğunu bildirdiyini, onun da narkotik vasitələri götürüb əynində olan şalvarın sol yan cibinə qoyduğunu və 100 manat pulu həmin şəxsə verdiyini, həmin vaxt “Müqabil” adlı şəxsin nə vaxt lazım olsa ona yaxınlaşmağını bildirdiyini və özünün mütəmadi olaraq “Montin” ərazisində olduğunu dediyini, bundan sonra onların sağollaşıb getdiklərini, həmin gün narkotik vasitələrdən istifadə etmədiyini və üzərində saxladığını, lakin üzərində narkotik vasitə olması barədə heç kimə məlumat vermədiyini, 5.11.2020-ci il tarixdə saat 18:10 radələrində yaşadığı evə gedən zaman ünvan 2 ünvanında 3 nəfər mülki geyimdə olan şəxslərin ona yaxınlaşıb özlərini təqdim etdiklərini, onların öz xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirdiklərini, polis əməkdaşlarının ondan özünü təqdim etməsini xahiş etdiklərini, onun da özünü təqdim etdiyini, bundan sonra onların ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirdiklərini, onu qərarla tanış etdiklərini, onun da yalan danışmayaraq səmimi olaraq etiraf edib hazırda üzərində narkotik vasitə heroinin olduğunu bildirdiyini, bundan sonra polis əməkdaşlarının onu polis idarəsinə dəvət etdiklərini, onun da buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəldiyini, polis idarəsində ona hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkillərinin adları olan siyahının təqdim edildiyi, onun da siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini dediyini, bundan sonra vəkil Səyyad Nurəliyevin dəvət edilərək ona təqdim olunduğunu, həmin vaxt onun vəkilə etirazının olub-olmaması soruşulduğunu, onun da etiraz etmədiyini dediyini, bundan sonra ona hüquq və vəzifələrinin izah olunaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışın keçiriləcəyinin bildirildiyini, onun da etiraz etmədiyini, şəxsi axtarış aparılan zaman təhqiqatçının onun üzərində olan əşyaları masanın üzərinə qoymağını təklif etdiyini, bu zaman onun üzərində narkotik vasitə heroin olduğunu bildirib masaya yaxınlaşdığını və əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 3 ədəd içərisində narkotik vasitə heroin olan şəffaf sellofan bükümləri, şalvarının sağ yan cibində olan 1 ədəd “Samsung” markalı telefonu və 20 manat pulu, əynində olan gödəkcəsinin sol yan cibində olan 1 ədəd eynəyi çıxarıb təqdim etdiyini, təqdim etdiyi 3 ədəd şəffaf sellofan bükümün içində narkotik vasitə heroin olduğunu bildirdiyini, təqdim etdiyi 3 ədəd sellofan bükümün iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisindən narkotik vasitə heroinin aşkar edildiyini, sorğu zamanı həmin narkotik vasitəni “Müqabil” adlı şəxsdən 100 manata aldığını bildirdiyini, qalan əşyaların isə ona məxsus olduğunu dediyini, həmin bükümlərin ağ rəngli içərisi boş olan zərfdə qablaşdırılaraq götürüldüyünü, pulunun və eynəyinin özünə geri qaytarıldığını, mobil telefonunun isə götürüldüyünü, bundan sonra videoçəkilişin dayandırılıb onunla bərabər digər iştirakçılara da həmin videoçəkilişin nümayiş etdirildiyini, sonda isə bu barədə protokol tərtib olunaraq ucadan oxunduğunu, düz yazıldığı üçün digər iştirakçılarla birlikdə onun da həmin protokola imza etdiyini, ona qarşı hər hansı formada təsir və ya təzyiqin olmadığını, aldığı narkotik vasitələrdən istifadə etmədiyini, narkotik vasitələri əldə etdiyi “Müqabil” adlı şəxsi birinci dəfədir ki, gördüyünü, onun kim olduğunu dəqiq bilmədiyini, həmin şəxsin ona özünü “Müqabil” kimi təqdim etdiyini bildirmişdir (cild 1, iş vərəqə 54-57; 69-72). Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirdi ki, 5 noyabr 2020-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında faktiki olaraq yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat onun tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, idarənin baş əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 daxil olmuşdur. Qrup üzvlərinin hər biri keçiriləcək əməliyyat tədbiri zamanı necə hərəkət etməli olması barədə təlimatlandırılmışdır. Təqsirləndirilən şəxs ünvan 1 ünvanının yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin şəxsi müəyyən etmək məqsədi ilə həmin yerə getmişlər. ünvan 1 ünvanının yaxınlığında olduqları zaman saat 18:10 radələrində xarici görünüşü Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşıb özlərini təqdim edərək BMCMİ-nin əməkdaşları olduqlarını deyib adını və soyadını soruşduqda həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib onlarla birlikdə BMCMİ-yə gəlməsini təklif etmişlər. Təqsirləndirilən şəxs də etiraz etməmiş və onlarla birlikdə idarəyə gəlmişdir. Onlar BMCMİ-yə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə saxlaması, qəbul etməsi və satışı ilə məşğul olmasında şübhəli olması ehtimal edildiyindən üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə raportla məruzə edilmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs təhqiqatçı Mirata Seyidovun xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib vəkillərin siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs siyahıda olan istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X5 idarəyə dəvət edilib Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs həmin vəkilə etirazının olubolmaması soruşulduqda o, vəkilə etiraz etmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin ona hüquq və vəzifələri izah edilmiş, şübhəli şəxsə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma və satışı ilə məşğul olmasında şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da şəxsi axtarış və baxış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs masaya yaxınlaşıb əynində olan şalvarının cibində narkotik vasitə heroin olduğunu bildirmiş və əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 3 ədəd şəffaf sellofan bükümü, şalvarının cibində olan 1 ədəd “Samsung” markalı telefonu və 20 manat pulu, həmçinin əynində olan gödəkcəsinin cibində olan 1 ədəd eynəyi çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 3 ədəd şəffaf sellofan bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 3 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açılmış, bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini 5 noyabr 2020-ci il tarixdə günorta vaxtı Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində anket məlumatlarını dəqiq bilmədiyi “Müqabil” adlı şəxsdən öz şəxsi istifadəsi üçün 100 manata aldığını, narkotik vasitəni üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 3 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmış, aşkar edilmiş 20 manat pul isə iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış qurtardıqdan sonra videoçəkiliş dayandırılmış, bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, əlavə və düzəliş olmadığından iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Hətəm və Nəriman adlı polis əməkdaşları əməliyyat qrupuna daxil olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış saxlanıldığı gün keçirilmişdir. Baxışda əməliyyat qrupunun üzvləri, təhqiqatçı və müdafiəçi iştirak etmişdir. Onlar Təqsirləndirilən şəxs şəhid övladı olduğunu bilməmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etməsi, daşıması və satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olsa da, onun həmin maddələri kiməsə satmasını müəyyənləşdirmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs 3 ədəd şəffaf sellofan bükümdə olan heroini “Müqabil” adlı şəxsdən öz şəxsi istifadəsi üçün 100 manata aldığını bildirmişdir. Baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 101-103). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6 noyabr 2020-ci il tarixli 6/2404 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” yazısı olan zərfdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,957 qr, 3,185 qr və 3,413 qr, ümumi təmiz çəkisi 9,555 qr qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 9,555 qram, tədqiqata sərf edildi 0,15 qram, qalıq 9,405 qram, cild 1, iş vərəqə 41-44). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 30 noyabr 2020-ci il tarixli 3340 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 122-123). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 12 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi, fiziki və psixi təzyiqlərə məruz qalması barədə aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir (cild 1, iş vərəqə 184-188). Cinayət işinin materiallarında olan “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 18 mart 2021-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından narkotik vasitə heroinin əldə edilməsi, saxlanması, daşınması və satılması faktlarına görə ayrıca icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılaraq ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir (cild 1, iş vərəqə 213-214). İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə 5 noyabr 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 18:10-da ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ümumilikdə 9,555 qram çəkidə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 3 ədəd şəffaf sellofan bükümdə 2,957 qram, 3,185 qram və 3,413 qram olmaqla aşkar edilərək götürülmüşdür. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən heç bir sübut əldə etməmiş, məhkəmə baxışında da təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmamışdır. İbtidai istintaq orqanı gəldiyi nəticəni həm də təkzibedilməz sübutlar kimi sadaladığı şahid ifadələri, əməliyyat məlumatı və məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə də təsdiq edildiyini vurğulamışdır. Ancaq həmin sübutların heç birində təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınmasını təsdiq edən hallar mövcud deyildir. Beləliklə, faktiki olaraq ibtidai istintaq orqanının qiymətləndirdiyi sübutlar əslində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələtin və psixotrop maddələrin satışı ilə bağlı məlumat daxil olsa da, həmin şəxsləri, habelə onun cinayət əməllərinə şahid olmuş şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə olunmamışdır (cild 1, iş vərəqə 146). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən onun üzərindən aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyidir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı Qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da, işin ədalətli həlli məhz təqsirkarın yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadədən də görünür ki, bədənində olan ağrıları azaltmaq və fikirlərini dağıtmaq məqsədi ilə narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Məhkəmə bu halı da nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin onun şəxsi istifadəsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamış və faktiki olaraq bu istiqamətdə hər hansı istintaq hərəkəti yerinə yetirilməmişdir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini və istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir sübut yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitələrə aidiyyəti barədə məlumatı əldə etmiş və narkotik vasitənin aşkar edilib götürülməsi üçün müvafiq əməliyyat tədbirinə rəhbərlik edərək həyata keçirmiş polis əməkdaşı Şahid1 da məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etməsi, daşıması və satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olsa da, onun həmin maddələri kiməsə satmasını müəyyənləşdirməyin mümkün olmadığını, Təqsirləndirilən şəxs 3 ədəd şəffaf sellofan bükümdə olan heroini “Müqabil” adlı şəxsdən öz şəxsi istifadəsi üçün 100 manata aldığını bildirmişdir. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə narkotik vasitənin yalnız külli miqdarda olması, şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroinin 9,555 qram çəkidə və 3 ədəd bükümdə olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə əldə etməsinə dair fikir istintaq orqanının mülahizəsidir ki, o da ittihamın əsasına qoyula bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri (cild 1, iş vərəqə 54-57; 69-72) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olmasını sübut etdiyindən məhkəmə həmin ifadələri mötəbər hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması özünün ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə, hərtərəfli, tam və obyektiv tədqiq edilərək şahidlərin ifadələri, eləcə də işin bir-birini təsdiq edən digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Nərimanov rayon məhkəməsinin 11 aprel 2016cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci il tarixli 2744 saylı “əfv” Sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (cild 1, iş vərəqə 93-94; 105-112). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki cinayətə görə cəzasını çəkib qurtardıqdan 2 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələrinin tələblərinə əsasən onun məhkumluqları ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (cild 1, iş vərəqə 118). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs atası X4 5 fevral 1993cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur. Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikası Qanununa əsasən 5 fevral 1993-cü il tarixdən X4 “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilmişdir (cild 1, iş vərəqə 126). Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, atası X3 “Şəhid”, ailəsinin isə “Şəhid ailəsi” hesab edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif etməklə yanaşı onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Bundan başqa iş materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 7 noyabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 5 noyabr 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 80-86). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-ci maddəsinin tələbinə əsasən cinayətlərin təsnifatına görə “az ağır” cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni 5 noyabr 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və BMCMİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalan 9,405 qram qalmış narkotik vasitə heroin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videoçəkiliş diski cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197,198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 5 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi üzrə üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və BMCMİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalan 9,405 qram qalmış narkotik vasitə heroin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videoçəkiliş diski cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar