Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-971/2024 12.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi, “AİM” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2003-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Qurban Sadıqov küçəsi, ev 2, mənzil 3-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Firdovsi küçəsi, ev 32-də yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 13 iyul 2023-cü il tarixdə təxminən saat 20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Firdovsi küçəsində yeznəsi Zərərçəkmiş şəxs onu doğum günü münasibətilə təbrik etməsini xahiş edən zaman sonuncunun onu təbrik etmək əvəzinə ünvanına nalayiq söyüş söyməsi ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Təqsirləndirilən şəxs yaşadığı evə daxil olub evin mətbəx otağında olan, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı götürməklə küçəyə çıxıb Zərərçəkmiş şəxs sol bel nahiyəsinə bir dəfə qəsdən vurmaqla, Zərərçəkmiş şəxs dalağın yaralanması və xaric edilməsi, mədəaltı vəzin quyruq hissəsinin zədələnməsi, sol böyrəyin yaralanması və xaric olunması, hemoperitoneum ilə nəticələnmiş sol bel nahiyəsinin periton boşluğuna nüfuz edən və 1 ədəd deşilmiş-kəsilmiş yara ilə müşayiət olunan xəsarət yetirib həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs Əfqan onun bacısının əridir. Əfqan bacısı ilə birlikdə onun evinin yanında qonşuluqda yaşayır. O, dükanlardan alışqan doldurmaq üçün istifadə olunan qaz balonlarından alıb qoxulamaq yolu ilə içinə çəkmiş, bu ona həzz vermişdir. Onda bu vərdiş əsgərlikdən gəldikdən sonra yaranmışdır. Yeznəsi Əfqan bir neçə dəfə ona buna görə irad bildirmişdir. 13 iyul tarixdə, onun ad günündə o, yeznəsi Əfqana onu doğum günü münasibətilə təbrik etməsini demiş, amma Əfqan onu təbrik etmək əvəzinə lağ mənasında “get iki dənə qaz balonu al, sal burnuna" demişdir. Əfqanın bu sözü ona pis təsir etmiş, Əfqandan onunla bu cür danışmamasını xahiş etmiş, əgər bu cür danışmağa davam edərsə yeznəsini vura biləcəyini bildirmişdir. Əfqan isə kinayə ilə ona nalayiq ifadə işlətmişdir. Əfqanın bu sözündən sonra o, evə girib mətbəxdən bıçaq götürmüş, onu görən Əfqan yenə onunla nalayiq ifadələrlə danışaraq “hünərin varsa məni vur” demiş, daha sonra Əfqan özünə məxsus olan avtoyuma məntəqəsindən taxta parçası götürüb onu qorxutmaq üçün üzərinə gəlmişdir. Bu zaman Əfqan yenə söyüş söymüşdür. Əfqan çıxıb getmək istəyəndə o, Əfqanın bel nahiyəsindən bıçaqla vurmuş və evə gedərək anasına Əfqanı vurduğunu demiş, sonra evin damında gizlənmişdir. Daha sonra polis əməkdaşlarının gəldiyini görüb təslim olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun qaynıdır. Onların arasında əvvəl heç bir düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxslə bir məhəllədə yaşamış, qonşudurlar. Zaur məhəllədə dayanıb qaz iyləməklə məşğul olmuş, ətrafda camaat bunu görmüşdür. O, Zaura dəfələrlə belə işlə məşğul olmamağını, cavan olduğunu, həyatının qabaqda olduğunu söyləmiş, onun bu sözləri Zaura xoş gəlməmişdir. O, neçə dəfə Zaura irad tutsa da ki, xeyri olmamışdır. Hadisə günü Zaur gəlib moykanın yanında dayanmış, o, Zaura əgər bu işlə məşğul olacaqsa onun yanına gəlməməyini, öz taylarının yanına getməyini söyləmişdir. Onun bu sözü Zaura toxunmuşdur. Həmin gün Zaurun ad günü olmuşdur. Aralarında başqa söhbət olmamışdır. Zaur həmin ana kimi ona cavab qaytarmasa da, həmin vaxt ona cavab qaytarmış və onu öldürəcəyinə and içmişdir. Zaur evə girmiş, 10 dəqiqə keçdikdən sonra evdən çıxmışdır. O, hələ də Zaurun onu vuracağına inanmamışdır. Bu zaman Zaur onu arxadan bıçaqla vurmuş və evə qaçmışdır. O da xəstəxanaya getmişdir. İndi sağlığı yaxşıdır, işləyir. Qohumluğu olduğu üçün Zauru bağışlamışdır, sonuncudan şikayəti yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona vurulan ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində Şahid göstərmişdir ki, Əfqan onun oğludur, sonuncu təxminən 6 ildir ki, evlidir və bu evlilikdən 2 qız övladı vardır. Zaur Əfqanın qaynıdır. Bir müddət olar ki, Zaur pis vərdişlərə qurşanmışdır. Belə ki, Zaur siqaret yandırmaq üçün istifadə olunan qaz balonu alıb qoxulamaqla içinə çəkmişdir. Zaur bu pis vərdişini küçədə hər kəsin gözü qarşısında etmişdir. Qohum olduqları üçün Zaurun bu hərəkətlərinə görə o və ailə üzvləri utanc hisləri keçirmişlər. Oğlu Əfqanın dəfələrlə Zauru xəbərdar etməyinə baxmayaraq Zaur Əfqana məhəl qoymamış və pis vərdişlərinə davam etmişdir. Sonuncu dəfə 13 iyul 2023-cü il tarixdə təxminən axşam saatlarında evdə olarkən oğlu Əfqanın yaralı vəziyyətdə evə daxil olduğunu görmüşdür. Oğlu qaynı Zaurla aralarında mübahisə yarandığını və bu səbəbdən də Zaurun onu bıçaqladığını bildirmişdir. O da dərhal vaxt itirmədən oğlu Əfqanı Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 3 saylı xəstəxanaya çatdırmışdır (cild 1, iş vərəqi 106-107). Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, HK-1/2138 saylı raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:50-də 3 saylı Şəhər Xəstəxanasından həkim Əfəndiyeva Polis şöbəsinə məlumat verǝrǝk, 1993-cü il təvəllüdlü, Xəzər rayonu, Türkan qəsəbəsi, Poçt küçəsi, ev 7-də yaşayan Zərərçəkmiş şəxs kürəyinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə daxil olmasını, yıxıldığını bildirmişdir (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Xəzər rayonu, Türkan qəsəbəsində vətəndaş Zərərçəkmiş şəxs bıçaqlanma xəsarəti ilə bağlı şübhəli bilinən Xəzər rayonu, Türkan qəsəbəsi sakini Təqsirləndirilən şəxs Xəzər Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin əməkdaşları tərəfindən aşkar edilərək 1-ci Polis şöbəsinə gətirilmişdir (cild 1, iş vərəqi 8). İşdə olan və məhkəmədə tədqiq edilmiş əşyanı könüllü təqdim etmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs araşdırması aparılan Hk-1-2138 nömrəli material üzrə sübut əhəmiyyəti kəsb edə bilən 01 ədəd bıçağı könüllü olaraq araşdırmaya təqdim etmiş, həmin bıçaq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 12). İşdə olan və məhkəmədə tədqiq edilmiş hadisə yerinə baxış və ifadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Firdovsi küçəsində baş vermişdir. Hadisə yeri sağ və sol istiqamətdə bir cərgədə tikilmiş vəziyyətdə evlər olan küçədən ibarətdir. Küçə torpaq örtüklüdür. Hadisə yerində olan zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, 13 iyul 2023-cü il tarixdə, saat 19:00 radələrində işdən evə gəlib bir qədər istirahət etmiş, daha sonra evdən çıxaraq hava almaq qərarına gəlmişdir. Bu zaman yeznəsi Zərərçəkmiş şəxs görmüş, sonuncu ilə söhbət zamanı Təqsirləndirilən şəxs ad günü olduğunu, onu təbrik etməsini bildirmişdir. Lakin Zərərçəkmiş şəxs onunla lağ etmişdir. Sonuncunun onunla lağ etməsindən narazı qalaraq evdən götürdüyü bıçaqla Əfqanı sol böyrək nahiyəsindən vurmuşdur (cild 1, iş vərəqi 17-19). İşdə olan və məhkəmədə tədqiq edilmiş əşyaya baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə iş üzrə maddi sübut əhəmiyyətinə malik olan 01 (bir) ədəd bıçağa baxış keçirilən zaman müəyyən edilmişdir ki, bıçağın ümumi uzunluğu 30 santimetr, dəstəyi 12 santimetr, bir tərəfi küt, bir tərəfi isə kəsici xüsusiyyətə malik olmaqla iti uca sahib olan tiyəsi isə 18 santimetrdir. Dəstəyi yaşıl rəngli plastmas materialdan, tiyəsi isə gümüşü rəngli metaldan hazırlanmışdır (cild 1, iş vərəqi 40-42). İşdə olan və məhkəmədə tədqiq edilmiş götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 3 saylı Şəhər Kliniki Xəstəxanasının Cərrahiyyə Təcili-tibbi yardım şöbəsinin təsərrüfat bacısı X2 Zərərçəkmiş şəxs məxsus olan paltarlar cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür (cild 1, iş vərəqi 48). İşdə olan və məhkəmədə tədqiq edilmiş geyim əşyasına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş və 3 saylı Şəhər Kliniki Xəstəxanasından götürülmüş geyim əşyası olan bir ədəd köynəyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, köynək yaşıl rəngli, qısaqol, qarışıq materialdan hazılanmış, üzərində parça defekti ilə müşahidə olunan geyilmə izləri var, boyun səthində və qolların aşağı kənarında göy rəngli zolaq keçir, daxili boyun nahiyəsində “US Polo” yazısı olan etiket tikilmiş, ön səthinin orta nahiyəsində iki ədəd yaşıl rəngli plastmas materialdan olan düymə bağlanmışdır. Köynəyin sol qolunun arxa səthində bir ədəd cırılma zədəsi həmçinin ön səthinin orta nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olunmuşdur (cild 1, iş vərəqi 49). İşdə olan və məhkəmədə tədqiq edilmiş zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət nəticəsində Zərərçəkmiş şəxs fiziki zərər vurulduğuna kifayət qədər əsaslar olduğu üçün o, zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 98). İşdə olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik Hüquqi şəxsi Sabunçu rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 875 nömrəli rəyindən görünür ki:
1. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət - dalağın yaralanması və xaric edilməsi, mədəaltı vəzin quyruq hissəsinin zədələnməsi, sol böyrəyin yaralanması və xaric olunması, hemoperitoneum ilə nəticələnmiş sol bel nahiyəsinin periton boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici kəsici alət (ola bilsin bıçaq) təsirindən törənmiş, törənmə müddəti onun "X7” Publik Hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddir.
2. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir.
3. Zərərçəkmiş şəxs bədənində qeyd olunmuş xəsarət ekspertizaya təqdim edilmiş bıçaqla, eləcə də o tipli bıçaqlarla yarana bilərdi (cild 1, iş vərəqi 109-111). İşdə olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-3/1183 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil edir (cild 1, iş vərəqi 113-115). İşdə olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 121). İşdə olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 2234 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs cinayət törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqi 123-125). İşdə olan və məhkəmədə tədqiq edilmiş maddi sübutların ekspertizasının xx.xx.2023cü il tarixli 606/2023-MTBŞ saylı rəyindən görünür ki:
1. Təqsirləndirilən şəxs portalında çıxarışın kserosurətinə əsasən onun qan qrupu- A(ll).
2. Zərərçəkmiş şəxs portalında çıxarışın kserosurətinə əsasən onun qan qrupu- Oalfa,beta/H/(l)
3. Ekspertizaya təqdim olunan bir ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol köynək üzərində olan ləkələrdə insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı. Bu ləkələr ABO sistemi üzrə Oalfa, beta(l) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqi 128-131). İşdə olan və məhkəmədə tədqiq edilmiş maddi sübutların ekspertizasının xx.xx.2023cü il tarixli, 440/2023-MTKŞ saylı rəyindən görünür ki:
1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin orta nahiyəsində bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur.
2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin sol qolunun arxa səthində bir ədəd cırılma zədəsi aşkar olundu. Bu cırılma, köynəyin müvafiq nahiyələrinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişdir.
3. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin orta nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol bel nahiyəsində olan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər (cild 1, iş vərəqi 134-137). İşdə olan və məhkəmədə tədqiq edilmiş üzləşdirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs Elda oğlu törətdiyi cinayəti etiraf etmişdir (cild 1, iş vərəqi 139-141). İşdə olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır, bu barədə heç bir şikayət, tələb və şikayəti yoxdur (cild 1, iş vərəqi 145). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olan bir ədəd köynək və hadisə vaxtı istifadə olunmuş bir ədəd bıçaq maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 146-153, 155). Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda göstərilən sübutları geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində qeyd edilən cinayət əməlini törətməsi cinayət işi üzə olan sübutların məcmusu, həmçinin işin faktiki halları ilə tam sübuta yetirilir, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13cü maddəsində nəzərdə tutulmuş dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan, məhkəmənin və müstəntiqin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 14 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 iyul 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət və təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs məhkəmə zalından dərhal həbsdən azad edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (cild 1 iş vərəqə 31, 70-76, 77-79, 90-94). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. Təqsirləndirilən şəxs ibtidai həbsdə saxlandığı 2 (iki) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalı, cəza çəkməsinin başlanğıcı hökmün elan olunduğu tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, cinayət hadisəsi zamanı istifadə edilmiş bir ədəd bıçaq, habelə vaxtı Zərərçəkmiş şəxs əynində olan bir ədəd köynək təyinatını itirdiyindən məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi 12 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan bir ədəd bıçaq və hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olan bir ədəd köynək təyinatını itirdiyindən məhv edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 64 (altmış dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov