Məhkəmə qərarları › İş №1(101)-971/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-971/2025

03.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-971/2025 03.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Fəxri Afiq oğlunun (sədrlik edən), Əsgərova-X3 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçilər - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 və Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1994-cü ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, Kəlbəcər rayonu, İstisu qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuş, həmçinin ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə silah qismində istifadə olunan əşyalardan istifadə etməklə müqavimət göstərərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 14 sentyabr 2024-cü il tarixdə saat 24 radələrində alkoqol sərxoşluğu vəziyyətində Bakı-Şamaxı yolunun Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisindən keçən hissəsində olan körpünün yaxınlığında yerləşən “Körpü” kafesinə gələrək həmin kafedə müştəri qismində əyləşmiş əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 yaxınlaşıb heç bir səbəb olmadan mübahisə yaradaraq kafedən çıxarıb özünü cəmiyyətin fövqündə qoyaraq insanlar arasında bərqərar olmuş davranış qaydalarına və əxlaq normalarına etinasızlıq nümayiş etdirib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə Zərərçəkmiş şəxs1 hücum edib giriş qapısının qarşısında qəflətən yumruqla sifət nahiyəsinə bir zərbə vuraraq xuliqanlıq etmiş, hadisə yerindən aralanıb gedərkən Zərərçəkmiş şəxs1 öz tanışları ilə birlikdə onun arxasınca gedib haqlı olaraq qanunsuz davranışlarının səbəbini aydınlaşdırmaq istəyərkən xuliqanlıq hərəkətlərini davam etdirib üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçaqdan silah qismində etməklə Zərərçəkmiş şəxs1 hücum edib qəsdən həmin bıçaqla sonuncunun döş qəfəsinə bir zərbə vuraraq döş qəfəsinin sol yarısının arxa qoltuqaltı xətt üzrə döş boşluğuna nüfuz edərək diafraqmanı zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət həyat üçün təhlükəli olan xəsarət yetirməklə xuliqanlıq niyyətilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuş, həmçinin yaranmış münaqişəyə müdaxilə etməklə ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxs Zərərçəkmiş şəxs2 müqavimət göstərərək silah qismində istifadə edilən bıçaqla sonuncunun qarın nahiyəsinə bir zərbə vurub qarının ön divarının qarın boşluğuna nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət yetirərək qərəzli xuliqanlıq etmişdir. İşin halları və dəlilləri Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hadisəni tam xatırlamır. Həmin vaxt onun fikri özündə olmamışdır. O, zərərçəkmiş şəxsləri tanımamış, həmin şəxslərlə heç bir münasibəti olmamışdır. Hadisə günü o, kafeyə getmiş, əhval-ruhiyyəsi yaxşı olmuşdur. Kafeyə daxil olan zaman Rafiqin “mərdimazar gəldi” dediyini eşitmişdir. Bundan sonra o, Rafiqə yaxınlaşıb çağırmış, onunla nə problemi olduğunu, bir-birini tanımadıqlarını, nəyə görə ona mərdimazar dediyini soruşmuşdur. Rafiqgil 3-4 nəfər olmuşlar. O Rafiqgilin onu vura biləcəklərini düşünmüş və Rafiqgili qabaqlayaraq əvvəlcə sonuncunu vurmuşdur. O ümumilikdə iki nəfəri bıçaqlamışdır. Törətdiyi əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, kafe balaca bir yer olmuşdur. O, Rafiqə yaxınlaşıb çağırmışdır. Rafiq onun yanına gəlmişdir. Rafiq onun qoluna girəndə Rafiqi əvvəlcə yumruqla vurmuşdur. O, içkili olmamış, Rafiq isə içkili olmuşdur. Rafiq və dostlarının onun arxasınca qaçdıqlarını xatırlamır. O, əvvəlcə Rafiqə bıçaq vurmuşdur. Körpünün yanında ümumilikdə 3-4 nəfər olmuşlar. O sonuncu dəfə azadlığa çıxdıqdan sonra üstündə bıçaq gəzdirməmişdir. Lakin həmin gün bıçağı özü ilə götürmüşdür. Onun Rafiqi vurmağına səbəb Rafiqin ona “mərdimazarı axtarmaqla deyil” deməsi olmuşdur. O, bu ifadəni eşitdikdən sonra əvvəlcə ona deyilmədiyini düşünmüş, lakin ikinci dəfə kafeyə daxil olan zaman təkrar deyildikdə ona dediyini başa düşmüşdür. Onun zərərçəkmiş şəxslərlə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. O zərərçəkmiş şəxsləri ilk dəfə hadisə günü kafedə görmüşdür. O, əvvəllər Azərbaycan Respublikası CM-nin 126-cı maddəsi ilə məhkum olunmuşdur. Hadisə günü getdiyi kafeyə tez-tez gedib gəlirmiş, kafedəki şəxslər onu tanıyırlar. Zərərçəkmiş şəxslərin onun əvvəllər məhkum olunmağı barədə məlumatları olmamışdır. O üstündə bıçaq gəzdirmir. Rafiq ona mərdimazar dedikdən sonra gedib bıçağı götürüb gəlmişdir. O, Mahirəni tanıyır. Aralarında heç bir münasibət olmamışdır. Mahirənin hazırki cinayət işi ilə heç bir əlaqəsi yoxdur. O epilepsiyası ilə bağlı hərbi xidmətdə olmamışdır. Onu psixoloji ekspertizadan keçirmək üçün Maştağaya aparmışlar. Ekspertizanın nə qədər davam etdiyini xatırlamır. O, Bakı İstintaq Təcridxanasında dərmanlar qəbul edir, lakin həmin dərmanların adlarını bilmir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Kəlbəcər rayon sakinidir, məcburi köçkün kimi Qaradağ rayonu Müşfıqabad qəsəbəsi, Məcburi Köçkünlər şəhərciyində yaşayır. 2015-ci ildə Azərbaycan Respublikası CM-nin 126-cı maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasını çəkib qurtardıqdan sonra Müşfıqabad qəsəbəsi, Məcburi Köçkünlər şəhərciyində anası Sevda ilə yaşamışdır. Hərbi xidmətdə olmamışdır, eyni zamanda epilepsiya xəstəliyindən əziyyət çəkir. Barəsində şikayət edən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 adlı şəxsləri əvvəllər tanımamış, onlarla heç bir münasibəti, o cümlədən düşmənçilik və ədavəti olmamışdır. 14 sentyabr 2024-cü il tarixdə saat 24 radələrində sərxoş vəziyyətdə yaşadığı qəsəbənin yaxınlığında Elman adlı şəxsin avtomobil təmiri sexinin qarşısına gəlmiş və orada sonradan adlarının Rafiq və Səxavət olduğunu bildiyi şəxslərdən hansısa “mərdimazar haradan gəldi” sözlərini demiş, buna görə də onlarla aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə yaranandan sonra sexin yaxınlığında olan körpünün altına getmişlər və orada aralarında olan mübahisə qızışmışdır. Mübahisə zamanı onlar ünvanına söyüş söydükləri üçün bundan əsəbiləşərək cibində olan düyməli (knopkalı) bıçağı çıxarıb açaraq həmin şəxsləri bıçaqla vurmuş və həmin yerdən çıxıb getmişdir. Sonradan bıçağı unutduğu yerdə tullamışdır. Baş verən hadisə zamanı sərxoş olduğu üçün hadisənin necə və nədən baş verdiyini dəqiq və ətraflı xatırlamamış, ancaq bu hadisəni törətdiyinə görə çox peşman olmuşdur. Hadisə zamanı ətrafda bir neçə şəxsin olduğunu xatırlayır, lakin onların kim olduqlarını bilmir. Hadisədən əvvəl yaşadığı ərazidə yerləşən “Körpü kafesi” adlanan kafedə olmuş, orada yemək yemiş, ancaq kafeyə gəlməzdən əvvəl təxminən yarım litr araq və 2-3 bokal pivə içmişdir. Üzərində olan bıçaq üstündə olan düymənin basılması nəticəsində açılırdı, dəstəyinin üzərində canavara bənzəyən şəkil olmuş, özü metal rəngində, tiyəsinin uzunluğu təxminən 8-9 sm. olmuşdur. Həmin bıçağı hadisədən sonra harada atdığımı xatırlamır. (cild 1, iş vərəqə 151-152) Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, onlar çayxanada əvvəl çox mehriban şəkildə oturmuşlar. Sonradan isə Taleh onun yanında oturan şəxsi söhbət etmək üçün çölə çağırmış, o da məsələnin nə olduğunu soruşmuşdur. Daha sonra isə çölə çıxmışlar. Çöldə olan zaman əlbəyaxa olmuş və bıçaqlanma hadisəsi baş vermişdir. Əvvəlcə Rafiq, daha sonra isə o bıçaqlanmışdır. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Rafiq onun iş yoldaşıdır. Onlar fəhləliklə məşğul olmuşlar. Hadisə baş verənə qədər Təqsirləndirilən şəxs tanımamışlar. Hadisə axşam saat 23 radələrində baş vermişdir. Hadisə vaxtı onlar Müşfiqabadda Yeni qəsəbədə çayxanada əyləşmişlər. Çayxanada o, Rafiq və Tehran birlikdə oturmuş, oturduqları yerdə Taleh yanlarına gəlib Rafiqi çağırmışdır. O, Talehin Rafiqi nəyə görə çağırdığını bilməmişdir. Taleh Rafiqi çağıran zaman Rafiq Talehi tanımadığını, buna görə onunla getməyəcəyini demişdir. Daha sonra isə çayxananın içində dava başlamışdır. Çayxanada onların və Talehin əyləşdiyi stolda adamlar olmuş, başqa heç kəs olmamışdır. X19 müqavimət göstərməyə başlamış, sonra isə onlar qarşılıq vermişlər. O da Rafiqə zərbələr vurmuş, onlar əlbəyaxa olmuşlar. Bıçaqlanma hadisəsi çöldə baş vermişdir. Çayxananın içində yalnız əlbəyaxa dava olmuşdur. Onlar çayxananın həyətinə çıxmışlar, çayxananın həyətində heç kəs olmamış, ətrafda körpü olmuşdur. Çayxanadan çölə çıxdıqdan sonra təxminən 100 metrdən daha az uzaqlaşmışlar. Onlar əvvəlcə çayxanada əlbəyaxa olmuş, daha sonra Taleh çölə getmişdir. Çayxanada dava edən zaman Talehin yanında heç kəs olmamış, sonradan çöldə dava edən zaman isə onun tanışları gəlmişdir. Çölə çıxdıqdan sonra Rafiqin bıçaqlandığını görmüş, bıçaqlanma hadisəsinin necə baş verdiyini görməmişdir. Rafiq sol böyründən bıçaqlanmışdır. O çölə çıxanda Talehin əlində bıçaq görməmişdir. Çölə Rafiq və Talehi ayırmaq məqsədilə çıxmışdır. Lakin Taleh ona yenidən xəsarət yetirmişdir. Taleh onu sol qabırğa hissəsindən bıçaqlamışdır. Bıçaqlanma baş verdikdən sonra Taleh və yanında olan şəxs getmişlər. Talehin yanında olan şəxs sadəcə ayırmağa çalışmışdır. O hələ də Taleh və Rafiq arasında hansı səbəbə münaqişə yarandığını bilmir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə elan edilərək tədqiq olunmuş ifadəsindən görünür ki, Abşeron rayonu Qobustan kəndində yaşayır. Abşeron rayonu, Xırdalan şəhərində yaşayan Rafiqi təxminən 3 ildir ki, tanıyır. Rafiq Kamaz markalı yük avtomobili idarə edir, o da sifariş olan zaman avtomobilinə yük yığaraq, yaxud yük boşaldaraq fəhlə kimi işləyir. Rafiqə və ona xəsarət yetirmiş Taleh adlı şəxsi əvvəllər tanımamış, onunla heç bir münasibəti, o cümlədən düşmənçilik və ədavəti olmamışdır. 14 sentyabr 2024-cü il tarixdə gecə saatlarında fəhlə yoldaşı Tehranla birlikdə Rafiqin Müşafıqabad qəsəbəsinin ərazisində yerləşən kərpic zavodunda avtomobilinə yüklənən kərpicləri boşaldacaqları üçün gözləmək lazım olduğuna görə yemək məqsədilə Tehran, Rafiq və tanışları Sərxanla birlikdə Müşfiqabad qəsəbəsində, Bakı-Şamaxı avtomobil yolunun Müşfiqabad qəsəbəsi ərazisindən keçən hissəsində olan körpünün yaxınlığında yerləşən “körpü kafesi” adlanan kafeyə getmişlər. Kafeyə daxil olaraq stol arxasında əyləşmiş və yemək sifariş vermişlər. Təxminən 10-15 dəqiqə sonra, əyləşdikləri stola hələ yemək gəlməmişdən qabaq sonradan adının Taleh olduğunu bildikləri şəxs kafeyə daxil olub birbaşa Rafiqə yaxınlaşaraq əlinin onun çiyninə qoymuş, “dur çıx çölə, səninlə işim var” sözlərini demişdir. Rafiq ona “mən səni tanımıram, sənin mənimlə nə problemin var?” deyərək soruşmuş. Onlar da Talehi tanımadıqları üçün onun bu hərəkətlərinə təccüblənmiş və Rafiq ayağa qalxanda onlar da ayağa qalxmışlar. Talehdən “qardaş, sən kimsən, nə problem var?” deyib soruşarkən söhbət zamanı yavaş-yavaş kafenin giriş qapısına tərəf getmişlər. Qapının yaxınlığında olan zaman isə Taleh qəflətən yumruqla Rafiqin sifət nahiyəsinə qüvvətli bir zərbə vurmuş və bu zərbənin nəticəsində Rafiq yerə yıxılmışdır. Talehin bu hərəkətini gözləmədikləri üçün çaş-baş qalmışlar. Taleh kafedən çıxaraq körpüyə tərəf qaçmış, Rafiq də yerdən çaş-baş halda qalxaraq kafedən çıxıb Talehin arxasınca qaçmışdır. Bundan sonra onlar da, yəni Tehran, o və Sərxan da kafedən çıxaraq körpüyə tərəf qaçmışlar. Körpünün altına çatan zaman Talehin Rafiqlə əlbəyaxa olduğunu görmüşlər. Araya girib onları aralaşdırmağa çalışan zaman Rafiq onlara “bu məni bıçaqla vurdu” sözlərini demişdir. X18 kənarlaşdırmış və bundan sonra Taleh həmin yerdən yaxınlıqda yerləşən Məcburi Köçkünlər qəsəbəsinə tərəf qaçmışdır. Bu zaman yanında olan yoldaşları ona köynəyinin qanlı olduğunu dedikləri üçün köynəyinə baxıb sol böyrünün qanlı olduğunu görmüşdür. Köynəyini soyunub bədəninə baxandan sonra isə sol böyründə kəsilmiş yara görərək Talehin bıçaqla ona da xəsarət yetirdiyini anlamışdır. Bundan sonra tanımadıqları taksi ilə Rafiqi xəstəxanaya yola salmışlar. Həmin maşında yer olmadığı üçün özü tanımadığı taksi ilə xəstəxanaya getmiş, bir neçə gün müalicə olunub evə buraxılmışdır. Taleh Rafiqlə əlbəyaxa olarkən aralaşdıran zaman bıçaqla onu vuraraq xəsarət yetirmişdir. Talehin onu bıçaqla vurmasını sonradan bilmişdir, bıçağın özünü görməmişdir. Zərərçəkmiş şəxs2 ifadəsinin sonunda göstərmişdir ki, hadisənin heç bir səbəbi olmamışdır. Belə ki, kafedə oturduqları zaman Taleh kafeyə daxil olaraq birbaşa münaqişə başlatmışdır. X10 tanıyıb-tanımadığını soruşduqda Rafiq Talehi tanımadığını, onu ilk dəfə gördüyünü, heç bir münaqişəsinin olmadığını bildirmişdir. Kafe ilə hadisə yerinin arasında təxminən 20-25 metr məsafə olmuşdur (cild 1, iş vərəqə 61-62) İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra Zərərçəkmiş şəxs2 suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı dediyi hadisə yeri ilə çayxana arasında 20-25 metr olduğunu təsdiq edir. Hadisə vaxtı çayxanada yalnız ofisiant olmuşdur. Çayxanada olan şəxslər hadisə yerini görə bilərdilər. Çayxanada işləyən xanımın adını dəqiq xatırlamır. Rafiqi 2 il olar ki, tanıyır. Onlar həmin çayxanaya ilk dəfə idi getmişlər. Hadisədən sonra Rafiqdən Talehin nəyə görə onu çölə çağırdığını soruşmuş, Rafiq isə səbəbini bilmədiyini demişdir. Münaqişəyə səbəb kimi çayxanada işləyən qadının təhriki ilə baş verdiyi barədə məlumatı olmamışdır. Hadisə vaxtı onlar tərəfdən üç nəfər olmuş, bir nəfər isə sonradan gəlmişdir. Onlar oturan zaman Taleh yaxınlaşıb Rafiqi söhbət etmək üçün çağırmış, Rafiq getmək istəməyəndə onlar hamısı ayağa qalxmışlar. Bu vaxt Taleh çayxananın içində onlara zərbə vurmağa başlamış və onlar əlbəyaxa olmuşlar. Çayxana balaca olmuş, oturduqları yerdən qapıya qədər bir metr olardı. Körpü çayxanaya yaxın olmuşdur. Talehin arxasınca üç nəfər qaçmamışlar.Rafiq çayxanadan çölə çıxmış, onlar da Rafiqin dalınca nə baş verdiyini öyrənmək üçün çıxmış və körpünün altına tərəf getmişlər. Söhbət körpünün altında başlamışdır. Körpünün üstündən və altından avtomobillər gedirmiş. Hadisə baş verən yer qaranlıq və səs-küylü olmuşdur. Rafiq və Taleh çayxanadan çıxan kimi o da onların dalınca getmişdir. Rafiq Talehin arxasınca getmişdir, onu qovmamışdır. Onlar çayxanada üç nəfər oturmuşlar - o, Rafiq və Tehran. Sərxan isə hadisə baş verdikdən az müddət sonra gəlmişdir. Sərxan çayxanaya gəlmiş, Sərxan gələn vaxt Taleh də orada olmuşdur.Sərxanı Rafiq bıçaqlandıqdan sonra çağırmışlar. Taleh onların yanına söz-söhbət yaratmaq üçün gəlmiş, buna görə onlar münaqişənin qarşısını almaq üçün ayağa qalxmışlar. Bıçaqlanma hadisəsi olan vaxt Taleh və onlar tərəfdən olan şəxslərdən başqa ətrafda heç kəsi görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Onun Taleh və Rafiqin çayxanada işləyən xanıma görə dava etdiklərindən xəbəri olmamışdır. O sonradan hadisənin səbəbi barədə Rafiqdən soruşduqda, Rafiq də bunu bilmədiyini demişdir. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti olmadığını bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, kafedə olan zaman Talehlə aralarında anlaşılmazlıq yaranmışdır. O kafedə oturub yemək yemiş, sonra Taleh də kafeyə gəlmişdir. Bundan sonra mübahisələri düşmüşdür. Əvvəldən Talehlə tanışlıqları olmamışdır. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, hadisə olan vaxtadək Təqsirləndirilən şəxs tanımamış, əvvəllər görməmişdir. O sürücülüklə məşğul olur. Talehi kafedə ilk dəfə idi ki, görmüşdür. Kafedə o, Səxavət və Tehran oturub pivə içmişlər. Onlar hələ təzə içməyə başlamış, 2 bakal pivə içmişdirlər. Bir müddət sonra kafedə səs-küy yaranmışdır. Sonra Taleh yanlarına gəlib öz narazılığını bildirmiş, onlar da dava-dalaş lazım olmadığını, istirahət etməyə gəldiklərini demiş və birbirlərini başa düşmələrini demişdir. Bundan sonra Taleh ona yumruq atmış, yumruq onun sinəsindən dəymiş, sonra isə Taleh qaçmışdır. O da Talehin dalınca getmişdir. Taleh ona yumruğu kafenin içərisində vurmuşdur. Oturduqları stolla kafenin çıxışı arasında 3-4 metr məsafə olmuşdur. O, Talehin dalınca gedən zaman Tehran və Səxavət onun ardınca gəlməmişlər. Dava zamanı söyüş söyən olmamışdır. Kafedən çıxdıqdan sonra üzü körpü tərəfə getmiş, kafedə onlardan başqa heç kəs olmamışdır, kafenin sahibi də mətbəxdə olmuşdur. Kafe Müşfiqabad qəsəbəsində yerləşir. Saat təxminən 00 radələri olardı. Kafedən təxminən 30-40 metr uzaqlaşmışlar. Onların Talehlə dava etdikləri yerdən kafe görünməmiş, onlar kafedən çıxıb sol tərəfə getmişlər. Hadisə körpünün altında baş vermiş, həmin yerdən avtomobillər keçmişdir. Onlar dava edən zaman avtomobili saxlayıb nə etdiklərini soruşan olmamışdır. Taleh ona 3 bıçaq atmış, ona 2 zərbə dəymişdir. Bıçağın Talehin hansı əlində olduğunu xatırlamır. Bıçaq zərbələri onun ağ ciyərinə dəymişdir. Taleh ona bıçaq vurduqdan sonra uzaqlaşmış, o da taksiyə əyləşib getmişdir. O Talehin onu hansı səbəbə vurduğunu bilmir. Onu xəstəxanaya yanındakı uşaqlar aparmışdır. Taleh yəqin ki, onun dostlarının gəldiyini görüb qaçmışdır. Xəstəxanada olan zaman onunla maraqlanan olmamışdır. Hadisə baş verən kafenin adını bilmir. Kafeni Mahirə adlı bir xanım işlətmişdir. O, Mahirəni kafedən tanımışdır. Mahirə ona Taleh haqqında heç bir şey deməmişdir. Onlar masada üç nəfər olmuşlar. Taleh kafeyə gələn zaman “mərdimazar gəldi” ifadəsini işlətmişdir. Onlar kafedə olan zaman bir az səs-küy salmış, Taleh yaxınlaşıb iradını bildirmiş, onlar da bura dincəlməyə gəldiklərini demişlər. Daha sonra Taleh onlardan uzaqlaşmış, amma baxışları ilə onları süzmüşdür. O da həmin ifadəni o vaxt işlətmişdir. Yəqin ki, Taleh də həmin ifadəni eşitmiş, buna görə də onu çağırmışdır. Daha sonra kafenin içində olan zaman Taleh yumruqla onun sinəsindən vurub qaçmış, o da Talehin arxasınca getmişdir. Talehin arxasınca o tək getmiş, Talehin əlində bıçaq olduğunu görməmişdir. Onlar mübahisə edən zaman zil qaranlıq olmuşdur. Kənardan keçən şəxslərin onları görüb-görə bilməyəcəyinə fikir verməmişdir. Taleh onu bıçaqlayan zaman ətrafda heç kəs olmamışdır. Magistral yolla dava etdikləri yerin arasında 2-3 metr olmuşdur. Onun Təqsirləndirilən şəxs şikayəti yoxdur, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsindən görünür ki, Abşeron rayonu Xırdalan şəhərində yaşayır və Abşeron rayonu, Qobustan kəndində yaşayan Səxavəti təxminən 3 ildir ki, tanıyır. Səxavət onun idarə etdiyi Kamaz markalı yük avtomobilinə sifariş olan zaman yük yığaraq, yaxud yük boşaldaraq fəhlə kimi işləyir. Ona və Səxavətə xəsarət yetirmiş Taleh adlı şəxsi əvvəllər tanımamış, onunla heç bir münasibəti, o cümlədən düşmənçilik və ədavəti olmamışdır. 14 sentyabr 2024-cü il tarixdə gecə saatlarında, yəni təxminən saat 23-24 radələrində avtomobilinə yük yığan tanışları, Səxavət, Tehran, habelə Sərxanla birlikdə Müşfiqabad qəsəbəsində, Bakı-Şamaxı avtomobil yolunun Müşfiqabad qəsəbəsi ərazisindən keçən hissəsində olan körpünün yaxınlığında yerləşən “körpü kafesi” adlanan kafeyə getmişlər. Kafeyə daxil olaraq stol arxasında əyləşərək yemək sifariş verdikdən təxminən 10-15 dəqiqə sonra, əyləşdikləri stola hələ yemək gəlməmişdən qabaq sonradan adının Taleh olduğunu bildikləri şəxs kafeyə daxil olmuş, birbaşa ona yaxınlaşaraq əlini çiynimə qoymuş və “dur çıx çölə, səninlə işim var” sözlərini demişdir. Onun bu hərəkətinə təəccüblənərək “mən səni tanımıram, sənin mənimlə nə problemin var ki?” deyərək soruşmuşdur. Birgə oturduqları yoldaşları da Talehin bu hərəkətlərinə təəcüblənmişlər. Taleh kənarlaşmadığı üçün ayağa qalxmış və oturduğu stoldan bir qədər kənara, giriş qapısına tərəf çəkilmişdir. Yoldaşları da Talehdən “qardaş, sən kimsən, nə problem var?” deyib soruşmuşlar. Bu zaman Taleh qəflətən yumruqla onun sifət nahiyəsinə qüvvətli bir zərbə vurmuş və bu zərbənin nəticəsində yerə yıxılmışdır. Ani olaraq Talehin onu nə üçün vurduğunu düşünərək ayağa qalxmış və Talehin kafedən çıxaraq yaxınlıqda olan körpüyə tərəf qaçdığını görüb nə üçün onu vurduğunu soruşmaq üçün o da arxasınca qaçmışdır. Taleh körpünün altına çataraq dayanmış və ona çatan zaman üzərinə hücum edərək əlbəyaxa olmuşlar. Əlbəyaxa olan zaman Talehin sağ əlində bıçaq olduğunu görmüş, Taleh həmin bıçaqla onu vurmaq üçün bir dəfə yelləmiş, lakin vura bilməmişdir. İkinci dəfə isə bıçağı onun sol böyrünə vuran zaman onun bıçaqla vurduğunu hiss edib “məni nə üçün bıçaqla vurdun?” deyərək soruşmuşdur. Taleh isə cavab verməmiş və bu zaman Səxavət, Tehran və Sərxan həmin yerə çataraq əlbayaxa olduğu Talehi ondan kənarlaşdırmağa başlamışlar. Onlara Talehin bıçaqla vurduğunu deyəndə onlar Talehi kənarlaşdırmış və bundan sonra Taleh həmin yerdən yaxınlıqda yerləşən Məcburi Köçkünlər qəsəbəsinə tərəf qaçmağa başlamışdır. Bundan sonra Sərxan tanımadığı taksi ilə onu xəstəxanaya aparmış, xəstəxanada bir neçə gün müalicə olunub evə buraxılmışdır. Zərərçəkmiş şəxs1 həmçinin ifadəsində göstərmişdir ki, Taleh arasında hər hansı bir münaqişə olmamışdır, əlində heç bir alət olmamışdır və onu vurmamışdır. Talehin Səxavəti bıçaqla vurduğunu da sonradan bilmişdir. Aralarında baş verən hadisənin heç bir səbəbi olmamışdır. Belə ki, kafedə oturan zaman Taleh kafeyə daxil olaraq onunla birbaşa münaqişə başlatmışdır. Aralarında əvvəlcədən heç bir münaqişə olmamış, Talehi də ilk dəfə elə məhz həmin kafedə görmüşdür. (cild 1, iş vərəqə 67-69) İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra Zərərçəkmiş şəxs1 məhkəmədə verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Dostları gəldikdən sonra Taleh və onu aralaşdırmışlar. O, Talehin Səxavəti vurduğunu sonradan öyrənmişdir. Talehin arxasınca dalaşmaq məqsədilə, onu nəyə görə vurduğunu öyrənmək üçün getmişdir. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirmişdir ki, o, yeməkxana işlədir. Taleh və başqa şəxslər həmin yeməkxanaya gəlib çay içmiş, yemək yemişlər. Hadisə baş verən gün o yeməkxanada olmuşdur. Taleh iki nəfər dostu ilə birlikdə yeməkxanaya gəlmiş və yemək yemişlər. Daha sonra Talehin dostları getmiş, Taleh isə yeməkxananın çölündə ağacların altında oturmuşdur. Bir az sonra Rafiqgil yeməkxanaya gəlmişlər. O Rafiqgildən yemək istəyib-istəmədiklərini soruşmuş, onlar yemək istəmədiklərini, pivə içmək istədiklərini demişlər. Mətbəx yeməkxanadan kənarda idi. O Rafiqgilə pivə süzüb gətirmək üçün mətbəxə getmiş, onlara bir dəfə pivə gətirmişdir. Sonra təkrar pivə istəmişlər, ikinci dəfə onlara pivə gətirib qulluq edən zaman Taleh içəriyə daxil olmuşdur. Bu zaman Rafiq və onunla gələn dostlarından biri “bu mərdiməzar hardan gəldi” ifadəsini işlətmişdir. Bu sözü dəqiq kimin dediyini bilməmişdir. Daha sonra o təkrar mətbəxə getmiş, yeməkxanaya qayıdan zaman Taleh və Səxavətin söhbət etdiklərini görmüşdür. O, bir problem olub-olmadığını soruşmuş, ona bir problem olmadığını demişlər. Daha sonra o təkrar mətbəxə qayıdıb qab yumuş, bu zaman səs-küy eşitmişdir. Qapıya çıxan zaman Talehin ayaqyalın qaçdığını, digər dörd nəfərin əllərində bokalla onun arxasınca qaçdıqlarını görmüşdür. O hara qaçdıqlarını soruşmuş, onları geri çağırmış, amma onu eşitməmişlər. Onlar kafedən təxminən 300 metr uzaqlaşmışlar. O yanlarına çatanda artıq hadisənin baş verdiyini görmüşdür. Yəqin ki, hamısı Talehin üstünə tökülmüş, Taleh də özünü müdafiə üçün şəxsləri bıçaqlamışdır. Şahid3 məhkəmədə verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, hadisə təxminən gecə saat 01 radələrində baş vermişdir. Kafedən 200-250 metr uzaqda bir döngə var idi. O Taleh və digər şəxslər döngədən keçəndə onları görmüşdür. Hətta şəxslərdən biri Talehin arxasınca bokalı da atmışdır. Yeməkxananın çölündə işıqlandırılma olmuşdur. Talehin arxasınca 4 nəfər qaçmış, onlardan ikisinin əlində bokal olmuş, digər iki nəfər isə onları ayırmaq üçün getmişlər. O, həmin şəxslərin adlarını bilmir. Ayırmaq üçün qaçan şəxslər Rafiqlə gəlmişlər. O, hadisə yerinə çatanda Taleh orada olmamışdır. Rafiq və Səxavətin isə bıçaqlandığını görmüşdür. O, düşünür ki, Rafiq və Səxavət Talehi təklədikləri üçün Taleh özünü qorumaq üçün onları bıçaqlamışdır. X13 “mərdiməzar” deməsi üstündə başlamışdır. O, Rafiqin nəyə görə Talehə “mərdiməzar” dediyini bilməmişdir. Rafiq həmin ifadəni işlətdikdən sonra Talehin nə etdiyini bilməmiş, çünki o çıxıb mətbəxə getmişdir. O, heç bir söyüş və qışqırtı eşitməmişdir. Sadəcə Taleh qaçan zaman bir səs eşitmiş və çölə çıxmışdır. Həmin vaxt ətrafda heç kəs olmamışdır. Yeməkxanada da ondan başqa heç kəs olmamışdır. Hadisə yerində başqa şəxslər olmamışdır. Orada körpü olmuş, həmin körpünün altı ilə avtomobillər hərəkət etmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfıqabad qəsəbəsi ərazisində yerləşən “Körpü” kafesini təxminən 1 il 6 ay olar ki, icarəyə götürüb işlədir, əsl adı Mahirə olmasına baxmayaraq bəziləri “Makoş” adı ilə tanıyır. Təqsirləndirilən şəxs təxminən həmin kafeni işlətməyə başlayan tarixdən tanıyır, onunla heç bir münasibəti,qohumluq əlaqəsi, yaxud ədavət və düşmənçiliyi yoxdur. Həmçinin Zərərçəkmiş şəxs1 xeyli müddətdir ki, tanıyır, qohumluq əlaqəsi, yaxud ədavət və düşmənçiliyi yoxdur. 14 sentyabr 2024-cü il tarixdə saat 23 radələrində kafedə olan zaman Rafiq yanında olan, tanımadığı 3 nəfərlə gəlib kafenin zalında əyləşərək pivə sifariş vermiş, onlara pivə verib kafenin mətbəxinə keçərək işlərinə davam etmişdir. Bir qədər sonra isə kafenin zalında səs küy eşidərək zala keçmiş, Talehlə sonradan adının Səxavət olduğunu bildiyi şəxsi kafenin giriş qapısının qarşısında söhbət etdiklərini görmüş, nə baş verdiyini soruşmaq istədikdə onlar sənlik deyil dedikləri üçün mətbəxə qayıtmış,mətbəxə qayıdan zaman Talehin kafenin qarşısına, yəni həyətinə tərəf getdiyini görmüşdür.Kafenin mətbəxinə çatan zaman isə kafenin həyətindən “çaxnaşma” səsi eşidərək yenidən həmin yerə tərəf gələndə Talehin ayaqyalın şəkildə yaxınlıqda olan körpüyə tərəf qaçdığını, Rafiq və Səxavətin də onun arxasınca qaçdıqlarını görmüşdür. Sonradan isə bilmişdir ki, Taleh onları körpünün altında bıçaqla vurmuşdur. Yaranmış mübahisənin səbəbini bilmir, Talehin onları necə vurduğunu görməmişdir. Taleh hadisədən xeyli əvvəl kafedə spirtli içki içmiş,lakin nə qədər içdiyini bilmir.Şahid3 ifadəsinin sonunda göstərmişdir ki, qeyd edilən mübahisə yaranan zaman kafenin mətbəxində olduğu üçün mübahisənin nədən və necə yarandığını görməmişdir. Ancaq mübahisədən sonra Talehin yaxınlıqda olan körpüyə tərəf qaçdığını, Rafiqin, eləcə də yanında olanların onun arxasınca qaçdıqlarını görmüş, körpünün altında hadisənin necə davam etməsini görməmişdir. (cild 1, iş vərəqə 113-115) Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Səxavət oğlu ifadə verərək bildirmişdir ki, hadisə baş verən gün işdən çıxıb kafeyə getmiş, orada yemək yeyib çay içmişlər. Hadisənin necə başladığından xəbəri olmamışdır. Kafedən çölə çıxdıqda artıq dava etdiklərini görmüşdür. Şahid1 Səxavət oğlunun ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yaşayır. Abşeron rayonu, Xırdalan şəhərində yaşayan Rafiqi təxminən 2 ildir ki, tanıyır. Rafiq Kamaz markalı yük avtomobili idarə edir, sifarişi olan zaman onun avtomobilinə yük yığaraq, yaxud yük boşaldaraq fəhlə kimi işləyir. Rafiqə və Səxavətə xəsarət yetirmiş Taleh adlı şəxsi əvvəllər tanımamış, onunla heç bir münasibəti, o cümlədən düşmənçilik və ədavəti olmamışdır. 14 sentyabr 2024-cü il tarixdə gecə saatlarında fəhlə yoldaşı Səxavət və Tehranla birlikdə Rafiqin Müşafiqabad qəsəbəsinin ərazisində yerləşən kərpic zavodunda avtomobilinə yüklənən kərpicləri boşaldacaqları üçün gözləmək lazım olduğuna görə yemək məqsədilə Səxavət, Rafiq və Tehranla birlikdə Müşfiqabad qəsəbəsində, Bakı-Şamaxı avtomobil yolunun Müşfiqabad qəsəbəsi ərazisindən keçən hissəsində olan körpünün yaxınlığında yerləşən “Körpü kafesi” adalanan kafeyə gedib stol arxasında əyləşib yemək sifariş vermişlər. Təxminən 10-15 dəqiqə sonra, əyləşdikləri stola hələ yemək gəlməmişdən əvvəl, sonradan adının Taleh olduğunu bildikləri şəxs kafeyə daxil olub birbaşa Rafiqə yaxınlaşaraq əlini onun çiyninə qoyaraq “dur çıx çölə, səninlə işim var” sözlərini demişdir. Rafiq ona “mən səni tanımıram, sənin mənimlə nə problemin var?” deyərək soruşmuşdur. Həmin şəxsi tanımadıqları üçün onun bu hərəkətlərinə təccüblənmiş və Rafiq ayağa qalxdığı üçün ayağa qalxmışlar. Onlar Talehdən “qardaş, sən kimsən, nə problem var?” deyib soruşmuş və söhbət zamanı yavaş-yavaş kafenin giriş qapısına tərəf çıxmışlar. Qapının çıxışında mübahisəyə çıxanda Talehin körpüyə tərəf qaçdığını və Rafiqin Talehin arxasınca qaçdığını görmüşdür. Bundan sonra Səxavət, sonra da özü Tehranla kafedən çıxaraq körpüyə tərəf qaçmışlar. Körpünün altına çatan zaman Talehin Rafiqlə əlbəyaxa olduğunu görmüşlər. Araya girib onları aralaşdırmağa çalışan zaman Rafiq “bu məni bıçaqla vurdu” sözlərini demiş, buna görə də Talehi Rafiqdən kənarlaşdırmış və bundan sonra Taleh həmin yerdən yaxınlıqda yerləşən Məcburi Köçkünlər qəsəbəsinə tərəf qaçmışdır. Bu zaman Səxavətə köynəyinin qanlı olduğunu dedikdə Səxavət köynəyinə baxıb sol böyrünün qanlı olduğunu görmüş, köynəyini soyunub bədəninə baxandan sonra sol böyründə kəsilmiş yara görmüşlər. Bununla da, Talehin bıçaqla Səxavətə də xəsarət yetirdiyini anlamış, bundan sonra tanımadıqları taksi ilə Rafiqi xəstəxanaya yola salmışlar. Həmin maşında yer olmadığı üçün isə Səxavəti də tanımadıqları başqa taksi ilə xəstəxanaya aparmışlar. Talehlə arasında hər hansı bir münaqişə, eləcə də əlində heç bir alət olmamış, sonuncunu vurmamışdır. Taleh Rafiqlə əlbəyaxa olarkən Rafiqi Talehdən kənarlaşdıran zaman sonuncu bıçaqla Səxavəti və Rafiqi vuraraq xəsarət yetirmişdir. Talehin Rafiqi və Səxavəti bıçaqla vurmasını sonradan bilmiş, bıçağın özünü görməmişdir. Baş verən hadisənin heç bir səbəbi olmamış, belə ki, onlar kafedə oturan zaman Taleh kafeyə daxil olaraq birbaşa münaqişə başlatmışdır. X10 tanıyıb-tanımadığını soruşduqda Rafiq Talehi tanımadığını, onu ilk dəfə gördüyünü, heç bir münaqişəsinin olmadığını bildirmişdir. Şahid1 ifadəsinin sonunda göstərmişdir ki, Taleh kafeyə daxil olan zaman kafedə özü, Səxavət, Sərxan və Rafiq olmuşdur. (cild 1, iş vərəqə 105-107) İbtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra Şahid1 Səxavət oğlu məhkəmədə verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, ifadəsində qeyd olunanların hamısı doğrudur, ifadəsini təsdiq edir. O, Rafiqin “mərdimazar gəldi” ifadəsini dediyini eşitməmişdir. Həmin vaxt kafeyə onlardan başqa girib-çıxanlar olmuşdur. Taleh və Rafiq kafedən çölə çıxmış, onlar da Taleh və Rafiqin dalınca söz-söhbət olmasın deyə getmişlər. Hadisə baş verən yer qaranlıq olmuş, amma cüzi işıq düşmüşdür. O, Rafiqin bıçaqlandığını Rafiqin özü dedikdən sonra bilmişdir. O, ətrafda bıçaq görməmişdir. Yoldan keçən şəxslərin hadisəni görüb-görə bilməyəcəklərini deyə bilməz. Hadisə baş verən yer magistralın qırağı olmuş, hadisə baş verən yerdən 10 metr aralıda avtomobillər hərəkət etmişdir. Qanunla müəyyən olunan qaydada məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş X6 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsində digər Şahid1 Səxavət oğlunun ibtidai istintaq zamanı verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək sonuncunun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. (cild 1, iş vərəqə 110-112) Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. (cild 1, iş vərəqə 1) 19 sentyabr 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, 1 saylı X16 həkim Əliyev məlumat verərək Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində 2 nəfər şəxsin, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaq xəsarəti ilə həkimə müraciət etməsi barədə bildirmişdir. (cild 1, iş vərəqə 3) “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Qaçqınlar və Məcburi köçkünlər şəhərciyinin girişində olan Bakı-Şamaxı magistral yolunun üzərində olan körpünün altıdır. Hadisə yeri quru asfalt örtüklüdür. Baxış zamanı Zərərçəkmiş şəxs1 təhqiqat orqanına vermiş olduğu ərizə və izahatı təsdiq edərək göstərmişdir ki, 14 sentyabr 2024-cü il tarixdə qeyd olunan ünvanda tanımadığı şəxsin bıçaqla ona xəsarət yetirməsini bildirmişdir. (cild 1, iş vərəqə 8-14) “Sənədin götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdən adına olan aidiyyəti tibbi sənədlər ( xəstəlik tarixi, arayış və rentgen görüntüləri və s. X16 götürülmüşdür. (cild 1, iş vərəqə 16) “Tibbi sənədlərin götürülməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 adlarına tərtib edilmiş tibbi sənədlər TƏBİB PHŞ KTM PHŞ mərkəzindən götürülmüşdür. (cild 1, iş vərəqə 19) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:30-da Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 29, 45-48) “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 57-59) “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 63-65) “Əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 126.2.4 və 221.3-cü maddələrinə tövsif olunmuşdur. (cild 1, iş vərəqə 73) “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 75-76) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(002)-240/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 96-98) DİN BƏSİİ-nin verdiyi tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 03 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, bundan başqa Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 08 ay islah işləri cəzasına məhkum olunmuş, xx.xx.2016-cı ildə yuxarıda qeyd olunan hökm ləğv olunaraq qeydiyyatdan çıxarılmış, bundan başqa Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3 və 62-ci maddələri ilə təqsirli bilinərək 01 il 02 ay 20 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə Nizami rayon məhkəməsinin qərarı ilə çəkilməmiş 09 ay 24 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. (cild 1, iş vərəqə 99-101; 131-136) Məhkəmə-tibbi ekspertizasının 14 oktyabr 2024-cü il tarixli, 620 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət qarının ön divarının qarın boşluğuna nüfuz etməyən bir ədəd - deşilmiş kəsilmiş yarası iti kənara və ya iti uca malik əşya (alət) təsirindən törənmişdir, xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. S.N. Süleymanovun almış olduğu xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. (cild 1, iş vərəqə 120-123) Məhkəmə-tibbi ekspertizasının 09 oktyabr 2024-cü il tarixli, 621 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət - döş qəfəsinin sol yarısının arxa qoltuqaltı xətt üzrə döş boşluğuna nüfuz edərək diafraqmanı zədələyən bir ədəd deşilmiş - kəsilmiş yarası deşici-kəsici əşya (alət) ola bilsin bıçaq təsirindən törənə bilərdi, xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. (cild 1, iş vərəqə 124-127) Ambulator məhkəmə - psixiatrik ekspertizasının 21 oktyabr 2024-cü il tarixli, 3069 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də X4 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özü və ətrafdakılara qarşı təhlükə müəyyən edilmədi. (cild 1, iş vərəqə 128-130) “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilərək o, Azərbaycan Respublikası CMnin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur. (cild 1, iş vərəqə 140-142) Təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq orqanına təqdim olunmuş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməli tam etiraf edir, bu səbəbdən ifadəsinin hadisə yerində yoxlanması istintaq hərəkətinin keçirilməsini istəməmişdir. (cild 1, iş vərəqə 153) Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsi tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 04 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs bədən nahiyəsində xəsarətlərin aşkar edilməsi barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasından daxil olmuş məlumatla əlaqədar Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış və Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs izahatında göstərilmiş xəsarətlərin törənmə şəraiti ilə bağlı xüsusatın araşdırılması üçün toplanmış material həmin hissədə Baş Prokurorluğun Daxili İşlər Orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. (cild 1, iş vərəqə 154-157) Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, 03 oktyabr 2024-cü il tarixdə təxminən saat 18:50 radələrində DİN-nin Qaradağ RPİ-nin müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən Bakı istintaq təcridxanasına təhvil verilmiş, xx.xx.1994-cü il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, məhkumluğu olan, hazırki iş üzrə Qaradağ RPİ-nin İŞ-si tərəfindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmiş və Qaradağ rayon məhkəməsinin xx.xx.2024cü il tarixli qərarına əsasən barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda cinayət işi Qaradağ RPİ-nin İŞ-nin hesabında olan həbs edilmiş şəxs Təqsirləndirilən şəxs, xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində müəssisənin Tibbsanitar hissəsində üzərinə baxış keçirilən zaman hər iki biləyin bayır səthində qərtməkli yara xəsarətlər, gövdənin sağ səthində sarımtıl rəngli qançır izləri və qərtməkli yara xəsarəti aşkar olunmuşdur. Fakt ilə əlaqədar həbs olunmuş şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin xəsarətləri həbs olunan zaman almışdır. (cild 1, iş vərəqə 159) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-ci maddələri ilə yenidən elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29,120-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi cinayət təqibi başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlərlə bağlı cinayət işi başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət təqibi başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncə və digər qanunsuzluqlara yol verilməsi ilə bağlı məlumat əsasında Azərbaycan Respublikası Baş Prokurorluğu Xidməti Araşdrımalar idarəsindən təqdim edilmiş 04 dekabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar nəzərə alınmış, Şahid3 Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində “Körpü” kafesini icarə müqaviləsi olmadan işlətməsi ilə bağlı barəsində inzibati tədbir görülməsi üçün cinayət işinin materiallarından ayrica icraata material ayrılaraq Qaradağ rayon Prokurorluğuna göndərilmişdir. (cild 1, iş vərəqə 162-169) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin verdiyi xx.xx.2026-cı il tarixli, 3-16-21-1/2-28805/2026 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 09 ay 24 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəza müddəti bitdiyinə görə xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, xx.xx.2016cı il il təvəllüdlü İslam adlı uşağın atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirərkən sonuncular Təqsirləndirilən şəxs üçün təhlükəli olmamış, həmin vaxt Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 üzərində bıçaq, digər silah və ya silah qismində istifadə edilə biləcək predmet olmamışdır. Başqa sözlə, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs üçün təhlükəli olmadığı halda Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan bıçaqla xəsarət yetirmişdir. Beləliklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yaxınlaşıb heç bir səbəb olmadan mübahisə yaradaraq kafedən çıxarıb özünü cəmiyyətin fövqündə qoyaraq insanlar arasında bərqərar olmuş davranış qaydalarına və əxlaq normalarına etinasızlıq nümayiş etdirib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə Zərərçəkmiş şəxs1 hücum edib qəflətən yumruqla sifət nahiyəsinə bir zərbə vuraraq xuliqanlıq etmiş, hadisə yerindən aralanıb gedərkən Zərərçəkmiş şəxs1 öz tanışları ilə birlikdə onun arxasınca gedib qanunsuz davranışlarının səbəbini aydınlaşdırmaq istəyərkən xuliqanlıq hərəkətlərini davam etdirib üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçaqdan silah qismində etməklə Zərərçəkmiş şəxs1 hücum edib qəsdən həmin bıçaqla sonuncunun döş qəfəsinə bir zərbə vuraraq döş qəfəsinin sol yarısının arxa qoltuqaltı xətt üzrə döş boşluğuna nüfuz edərək diafraqmanı zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət həyat üçün təhlükəli olan xəsarət yetirməklə xuliqanlıq niyyətilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuş, həmçinin yaranmış münaqişəyə müdaxilə etməklə ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxs Zərərçəkmiş şəxs2 müqavimət göstərərək silah qismində istifadə edilən bıçaqla sonuncunun qarın nahiyəsinə bir zərbə vurub qarının ön divarının qarın boşluğuna nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət yetirərək qərəzli xuliqanlıq etməsi tam sübuta yetmişdir. Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2-ci maddəsi ilə yanaşı CM-in 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin müddəalar qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır və az ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, AR Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. Həmin Qərarın 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri var, həmin cinayət hadisələri həqiqətən baş vermiş və qeyd edilən cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Bundan başqa, Təqsirləndirilən şəxs hər iki cinayət əməllərini qəsdən törətmişdir. Onun hər iki cinayət əməli ayrı-ayrılıqda başa çatmış cinayətlərdir, həmin cinayətlərdən biri (Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi) cinayətlərin təsnifatına görə ağır cinayət, digəri isə (Cinayət Məcəlləsinin 221.3-cü maddəsi) cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində cinayətlərin məcmusu qaydasında cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Belə ki, DİN BƏSİİ-nin verdiyi tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə Nizami rayon məhkəməsinin qərarı ilə çəkilməmiş 09 ay 24 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, cəza müddəti bitdiyinə görə xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən, yəni xx.xx.2024-cü il tarixdə hazırki iş üzrə cinayət əməllərini törətmişdir. Həmin cinayətlərdən biri (Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi) cinayətlərin təsnifatına görə ağır cinayət, digəri isə (Cinayət Məcəlləsinin 221.3-cü maddəsi) cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir. Göründüyü kimi, Təqsirləndirilən şəxs sonuncu dəfə ağır cinayət törətməyə görə məhkum olunmuş və həmin cinayətə münasibətə qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən (məhkumluğu ödənilmədən və ya götürülmədən) yenidən qəsdən ağır və az ağır cinayət törətmişdir. Həmin Məcəllənin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə təhlükəli residiv sayılır. Belə olan halda, cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan müddəasına görə Təqsirləndirilən şəxs əməlində CM-nin 221.3-cü maddəsinə münasibətdə cinayətlərin residivi, CM-nin 126.2.4-cü maddəsinə münasibətdə isə təhlükəli residivi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.5-ci maddəsinə əsasən Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayəthüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı olaraq məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxsə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Bundan başqa, Təqsirləndirilən şəxs əməllərində cinayətlərin məcmusu var və ona görə də ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbi nəzərə alınmaqla təqsirli bilindiyi maddələr ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən - bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onların törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halları, eləcə də cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən təqsirləndirilən şəxsin yeni cinayətlər törətməsinin qarşısını almağa nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 oktyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli qərarı ilə əvvəli 01 oktyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 01 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlakın, maddi sübutun, mülki iddianın və ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 4 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X7 üçün hər iş saatına 11 manat hesab edilməklə, cəmi 44 (qırx dörd) manat məbləğində pul köçürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 4 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X7 üçün hər iş saatına 11 manat hesab edilməklə, cəmi 44 (qırx dörd) manat məbləğində pul köçürülsün. İş üzrə üzərinə xüsusi müsadirə edilməli olan əmlak, mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu, (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Leyla Əsgərova-Məmmədova Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar