Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-973/2024 22.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16:55-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edərək daşımış və saxlamışdır. Belə ki, ibtidai istintaq orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 12 iyul 2023-cü il tarixdə axşam saatlarında aralarında olan razılaşmaya əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 15 saylı poliklinikanın yaxınlığında sonuncudan külli miqdarda 13,429 qram çəkidə narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşıyaraq, üzərində saxlamış, 12 iyul 2023-cü il tarixdə saat 21:00-da Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ 6-cı PB-nin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan açıq boz rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 13,429 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 15 saylı poliklinikanın yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün narkotik vasitə hesab edilən heroini alıb üzərində saxlamış, polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib və onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ 6-cı PB-nə gətirmişlər. İbtidai istintaqda verdiyi ifadəsində qeyd etdikləri doğrudur, ifadəsi ilə tanış olmuşdur. İttihamda qeyd edilən 13,429 qram narkotik vasitə heroin ona məxsus olmuş, şəxsi istifadə məqsədilə üzərində saxlamışdır. Lakin, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edərək daşıması və saxlaması ilə əlaqədar ittiham həqiqətə uyğun deyildir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsində CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə əldə etməsi, daşıması, istifadə etməsi barədə etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü əməliyyat qrupunun tərkibi müəyyən edilmişdir. Əməliyyat müvəkkili Şahid2la birlikdə xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 20 Yanvar parkının yaxınlığında Təqsirləndirilən şəxs görüb bir qədər onu gizli müşahidə edib əlverişli şərait yarandığı üçün ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddələrin daşımasında şübhəli olduğunu deyərək onu saxlayıb 6-cı polis bölməsinə gətirmişlər. Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis mayoru Orxan Təhməzliyə təhvil vermişlər. X1 tərəfindən müdafiəçi və videoçəkilişin aparılması üzrə mütəxəssis dəvət edilərək, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş aparılmaqla şəxsi axtarışı aparılmışdır. Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs tək saxlamış, saxlanılan zaman Farizin yanında hər hansı şəxs olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsində CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə əldə etməsi, daşıması, istifadə etməsi barədə etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 20 Yanvar parkının yaxınlığında Təqsirləndirilən şəxs görüb bir qədər onu müşahidə edib əlverişli şərait yarandığı üçün ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddələrin daşımasında şübhəli olduğunu deyərək onu saxlayıb 6-cı polis bölməsinə gətirmişlər. Videoçəkiliş aparılmaqla təhqiqatçı tərəfindən şəxsi axtarış həyata keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daşınma və istifadə ilə bağlı olmuşdur. Satışla bağlı məlumat olmamışdır. Təqsirləndirilən şəxs tək saxlamışlar, saxlanılan zaman onun yanında hər hansı şəxs olmamışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 13 iyul 2023-cü il tarixli, 3- 16-16/2-6/3799 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №175» dairəvi möhür əksi olan soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 13,429 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (iş vərəqə 40-44) İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4724 №-li rəyindən görünür ki, Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 114-115) İş materiallarında olan «Respublika Psixiatriya Xəstəxanası» X3 tərəfindən təqdim edilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıbdır. (iş vərəqə 113) İş materiallarında olan 12 iyul 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» və videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD diskə baxış protokollarından görünür ki, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Sorğu sual zamanı Təqsirləndirilən şəxs həmin bükümdə kakos deyilən narkotik vasitə olduğunu, həmin narkotik vasitəni Biənəqədi rayonu, Biləcəri qəsəbəsində 15 saylı Poliklinikanın yanında tanımadığı şəxsdən 560 manata öz istifadəsi üçün aldığını bildirmişdir. (iş vərəqə 30-32; 74-76) Məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinə, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərkən Təqsirləndirilən şəxs narkotik vasitə heroini satış məqsədi ilə əldə edib saxlaması barədə sübut etmə predmetinin müəyyən edilməsi üçün, heç bir mötəbər sübutlar müəyyən etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin onun tərəfindən məhz satış məqsədi ilə əldə edilməsini təsdiq edən sübutlar nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsə satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlama və daşıması barədə verilən ittihama baxmayaraq bunu təsdiq edə bilən, elan edilmiş ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan sübutlar təqdim olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması barədə qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (iş vərəqə 18-19) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” qərardan və protokoldan görünür ki, AR CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. (iş vərəqə 29-32) İş materiallarında olan əməliyyat tapşırığına Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinin cavab məktubundan görünür ki, hər hansı əsaslı mənbə qeyd edilmədən, yalnız bir cümlə ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, hazırda mənbənin müəyyən edilmədiyi göstərilmişdir. (iş vərəqə 92) Eləcə də, 10 oktyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarda Təqsirləndirilən şəxs telefon nömrələrinin və əlaqələrinin müəyyən edilməsi üçün sorğu verildiyi, həmin sorğu ilə əldə ediləcək məlumatların təhlil ediləcəyi, hüquqi qiymət veriləcəyi nəzərə alınsa da, iş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs hər hansı zəng, anten, sms məlumatları cinayət işinə əlavə edilməmişdir. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqan fərziyyələrə əsaslanaraq, heç bir etibarlı sənədə, məlumata istinad etmədən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını qeyd etmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanının şəxsə AR CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürdüyü ittiham öz təsdiqini tapmamış, yalnız şübhələrdən ibarətdir. Bütün qeyd edilənlərə baxmayaraq, ibtidai istintaq orqanının 14 iyul 2023-cü il tarixli qərarına əsasən, kifayət qədər əsaslar olmadan, heç bir mötəbər sübut əldə edilmədən, tamamilə anlaşılmaz şəkildə Təqsirləndirilən şəxs AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (iş vərəqə 59-60) Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.» Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə heroinin bükümlərə ayrılmaması, yalnız 01 ədəd bükümdə, hər hansı istehlakçı ilə razılıq əldə edilməsinə dair məlumatın olmaması, tərəzinin aşkar edilməməsi Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən faktlardır. Lakin, ibtidai istintaq orqanı narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilib-edilməməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülüb-bükülməməsi, eləcə də digər sübutların əldə edilməsinin vacibliyini nəzərə almamışdır. Məhkəmə baxışı zamanı da araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübut aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında ifadələrində narkotik vasitə heroinin ona məxsus olmasını etiraf etsə də, həmin narkotik vasitəni şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirmiş, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edərək daşıması və saxlaması ilə əlaqədar ittihamı qəbul etməmişdir. Eləcə də, məhkəmə iclasında ifadə vermiş şahidlər polis əməkdaşları Şahid1 və Şahid2 da Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatının narkotik vasitənin daşınması və istifadəsi ilə bağlı olduğunu, narkotik vasitələrin satışı ilə bağlı məlumat olmadığını bildirmişlər. Beləliklə ibtidai istintaq orqanı ehtimallara və fərziyyələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ-ci bəndinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində (təqsirsizlik prezumpsiyası) qeyd edilir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmadan qorunmasına yönəlmiş mühüm bir prinsip-təqsirsizlik prezumpsiyası təsbit edilmişdir. Təqsirsizlik prezumpsiyası beynəlxalq insan hüquqları konsepsiyasının tərkib hissəsindən biri kimi insan hüquqlarına dair başlıca sənədlərdəinsan hüquqları haqqında Ümumi Bəyamnamənin 11-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Adı çəkilən konstitusiya normasında təqsirsizlik prezumpsiyası təkcə təqsirləndirilən şəxsə deyil, hər bir şəxsə mənsub olan hüquq kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Əsaslı şübhələr dedikdə, şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. Başqa sözlə, təqsirsizlik prezumpsiyası tələb edir ki, şübhəli və ya təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunsun. Şərh olunan maddənin məzmununa əsasən sübutlarla bağlı elə şübhələrdən söhbət gedir ki, iş üzrə toplanmış materiallarda onların mövcud olması şəxsin təqsiri barədə məsələni birmənalı şəkildə həll etməyə imkan vermir. Belə şübhələr cinayət işinin faktiki tərəfi ilə, yəni cinayət işi üzrə sübut edilməli olan ayrıayrı hallarla bağlı ola bilər. Cəza təyin etmənin ayrı-ayrı məsələləri, habelə cinayət və ya cinayət prosessual qanunun tətbiqi ilə bağlı yaranan şübhələr qanunvericiliyin təfsiri vasitəsilə həll edilir. Lakin belə şübhələr (cinayət və ya cinayət prosessual qanunvericiliyin tətbiqi ilə bağlı olan və aradan qaldırılmamış şübhələr) də təqsirləndirilən və ya şübhəli şəxsin xeyrinə həll olunur. Bu tipli şübhələr qanunvericilikdəki boşluqlarla, ayrı-ayrı normalar və müxtəlif normativ hüquqi aktlar arasındakı kolliziya ilə bağlı ola bilər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 saylı qərarının 22-ci bəndinin 1, 2 və 3-cü abzaslarında qeyd edilmişdir ki, Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi sübutlara qarşılıqlı şəkildə hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 12 iyul 2023-cü il tarixdə satış məqsədi olmadan, şəxsi istifadə məqsədi ilə qanunsuz olaraq bir bükümdə külli miqdarda ümumi təmiz çəkisi 13,429 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış və 12 iyul 2023-cü il tarixdə saat 21:00-da Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ 6-cı PB-nin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan açıq boz rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 13,429 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (iş vərəqə 96-97) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 11 ay 21 gününü çəkmiş, cəzanın 02 il 05 gün hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir, lakin, onun əməlində cinayətlərin residivi halı müəyyən edilmir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə intizam xarakterli hərbi hissədə saxlamanın bir günü, azadlığın məhdudlaşdırılmasının iki günü, islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü, ictimai işlərin səkkiz saatı bərabər tutulur. Odur ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş, 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 05 gün hissəsi, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsi tətbiq edilməklə, 01 (bir) il, 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməlidir. İş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-746/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 12 iyul 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 19; 83-85) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 4724 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 13,429 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 13,379 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının videoyazısını özündə əks etdirən 01 ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 240 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş, 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 05 gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsi tətbiq edilməklə, 01 (bir) il, 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq qalmış 13,379 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının videoyazısını özündə əks etdirən 01 ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədiqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 240 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-973/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-973/2024
22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver