Məhkəmə qərarları › İş №1(101)-974/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-974/2025

04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-974/2025 04.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi, hakimlər Məmmədov Fəxri Afiq oğlu və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı2 və X3, müdafiəçi- Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1996-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Daşkəsən rayonu, Daşkəsən şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki ünvan 2 ünvanında yaşayan, barəsində 22 fevral 2024-cü il tarixli qərarla başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, xeyli miqdarda psixotrop maddəni əldə edib, üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki halları

2. Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi külli miqdarda - 2,055 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, təmiz çəkisi xeyli miqdarda - 0,465 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla cinayətdən məlumatı olmayan tanışı Şahid1 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Hacı Murad küçəsi 16 ünvanına daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əldə edilmiş məlumat əsasında 20 fevral 2024-cü il tarixdə saat 19:20-də Bakı Şəhəri Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı ünvan 3 ünvana baxış keçirilərkən evin qonaq otağında olan masanın altına atdığı bir ədəd kibrit qutusunun içərisində saxladığı bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi külli miqdarda - 2,055 qram təşkil edən narkotik vasitə olan heroin və bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi xeyli miqdarda - 0,435 qram təşkil edən psixotrop maddə olan metamfetamin aşkar edilərək götürüldükdən sonra 13-cü Polis Şöbəsinə aparılmış, orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən şəxsi istehlak miqdarında təmiz çəkisi 0,03 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. 20 fevral 2024-cü il tarixli axtarış və götürmə aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş müvafiq istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskdən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Hacı Murad küçəsi 16 ünvanında axtarış zamanı Təqsirləndirilən şəxs həmin mənzildə narkotik vasitə olub-olmadığı soruşulmuş, bundan sonra Təqsirləndirilən şəxs qonaq otağında masanın altına atdığı kibrit qutusunu təqdim edib ona məxsus olduğunu bildirmişdir. Baxış zamanı qutunun içərisindən iki büküm şəffaf sellofana bükülmüş, birinin içərisində qəhvəyi rəngli maddə, digərinin içərisində kristal formada olan maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələrin “kakos” və “patı” adlanan narkotik vasitə olduğunu, səhər saatlarında Nərimanov rayonu ərazisindən öz istifadəsi üçün üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən ümumilikdə 70 manata aldığını bildirmişdir(cild 1, iş vərəqə 12-13,87-88).

4. 20 fevral 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş müvafiq istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd siqaretin iç kağızına bükülmüş içərisində ağ rəngli kristal formalı maddəni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin “şüşə” olduğunu, 20 fevral 2024-cü il tarixdə Nərimanov rayonu ərazisindən üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün 70 manata aldığı bükümdən götürüb üzərində saxladığını bildirmişdir (cild 1, iş vərəqə 37-39, 87-88).

5. 21 fevral 2024-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...1 büküm” yazı və imzalar olan zərfdə 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,03 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 büküm” yazı və imzalar olan zərfdə 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 2,055 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,435 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir.Tədqiqata təqdim edilmiş metamfetaminlər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 2,005 qram, metamfetaminin qalıq çəkisi 0,445 qram təşkil etmişdir. Məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə 88 manat pul vəsaiti sərf edilmişdir (cild 1, iş vərəqə 54-59).

6. 20 noyabr 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd qablaşdırılmış kağız paketin içərisində bir ədəd bükümdə təmiz çəkisi - 2,055 qram olmuş narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi - 0,435 qram olmuş psixotrop maddə metamfetamin və bir ədəd qablaşdırılmış kağız paketin içərisində bir ədəd bükümdə təmiz çəkisi - 0,03 qram olmuş psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra çəkisi 2,005 qram təşkil edən heroin, 0,445 qram təşkil edən metamfetamin saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqə 153-154).

7. 22 noyabr 2024-cü il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə eilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir (cild 1, iş vərəqə 169-170).

8. 22 noyabr 2024-cü il tarixli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda Üzvi mənşəli (İİ Qarabağ müharibəsi zamanı aldığı QKBT nəticəsində) şəxsiyyət pozuntusu müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar (anamnestik məlumatlara və tibbi sənədlərə görə könüllü olaraq İİ Qarabağ müharibəsində döyüşlərdə iştirak etdiyi zaman mərmi partlaması nəticəsində kontuziya və güllə yarası alması, bununla əlaqədar hərbi hospitalda, sonra Qazax MRX-da, Gəncə şəhər xəstəxanasında müalicələrdə olması, həmin xəstəxanada əməliyyat olması, psixi vəziyyəti ilə əlaqədar X1, həmçinin Psixi Sağlamlıq Mərkəzində müalicədə olması, aldığı kəllə-beyin travmasından sonra onda əsəbilik, hövsələsizlik, qıcıqlara qarşı həssaslıq, yuxu pozuntusu halları, qulağında eşitmə funksiyasının zəifləməsi, əsəbi gərginliklər keçirdiyi zaman özünə kəsmələrlə xəsarətlər yetirməsi, kəkələmələrin olması, AR ƏƏSMN TSEK tərəfindən xx.xx.2022-ci il tarixdə müayinə edilərək “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, keçirilmiş qapalı KBT nəticəsində üzvi şəxsiyyət pozuntusu. Uzun müddətli depressiv pozuntu. Eşitmənin konduktiv və neyrosensor itirilməsi, Xr koxtear nevrit. İkitərəfli neyrosensor ağıreşitmə. Astiqmetlizm, Hər iki gözün qarışıq astiqmatizm” diaqnozu ilə ona müddətsiz İİİ qrup əlillik təyin edilməsi, onda yaranmış əsəbi gərginlik və ağrıların qarşısını almaq üçün narkotik maddələrdən “kokos, patı” qəbul etməsini, hal-hazırkı psixiatrik müayinənin nəticələri: əhvali ruhiyyəsinin dəyişkən olması, əsəbiliyi, yaddaşında zəifləmə, emosional qeyri-sabitliyi və s.) sübut edir. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq müəyyən edilmir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs müəyyən edilən “Üzvi mənşəli şəxsiyyət pozuntusu” o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməli törətdiyi zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın, yəni Təqsirləndirilən şəxs əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, buna görə də, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs aşkar edilən Üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozlu psixi xəstəliklə əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətlidir (cild 1, iş vərəqə 172-174).

9. 11 dekabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd CD disk maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş, 01 ədəd “Samsung” markalı mobil telefonun Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmışdır (cild 1, iş vərəqə 175-189).

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 fevral 2026-cı il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli amnistiya qərarının 1.2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan iş üzrə icraata xitam verilmişdir.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, 21 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Nərimanov rayonu, Hacı Murad küçəsində Şahid1 məxsus olan evdə qonaq qismində olduğu müəyyən edilmişdir. Ev sahibinin icazəsilə evə daxil olub, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, daşınmasında və satışında şübhəli şəxs olduğunu bildirmişdirlər. Təqsirləndirilən şəxs narkotik vasitənin stolun kənarında olan kibrit qutusunda olduğunu bildirmişdir. Kibrit qutusunda narkotik vasitə olan “Heroin” və psixotrop maddə olan “metamfetamin” aşkar edilmişdir. Həmin evdə olan Şahid4 adlı şəxs də Polis İdarəsinə dəvət edilmiş və prosessual hərəkətlər edilmişdir.

12. Şahid2 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki,təqsirləndirilən şəxs narkotik vasitəni 70 manat məbləğində tanımadığı şəxsdən əldə etdiyini söyləmişdir.Onlar evin sahibindən razılıq almışdır.Zamiq və Ramin adlı şəxslər də istintaqa cəlb olunmuş, lakin onların əməllərində qanunsuz heç nə aşkar edilməmişdir.Evə videoçəkilişlə daxil olmuşdurlar.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Elnur adlı şəxsin narkotik vasitəslərin saxlaması və istifadə etməsilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında onlar Nərimanov rayonu, Keşlə qəsəbəsində yerləşən evə getmişdirlər. Onlar həmin evin qapısını döydükdən sonra ev sahibindən icazə alıb evə daxil olmuş və videoçəkilişlə evə daxil olduqdan sonra təqsirləndirilən şəxs narkotik vasitəni onlara təqdim etmişdir. Daha sonra təqsirləndirilən şəxs Polis Şöbəsinə gətirilib və prosessual hərəkətlər aparılmışdır. Şahid3 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki,təqsirləndirilən şəxs saxlanılarkən evdə üç nəfər olmuşdur.Əməliyyat tədbirində üç nəfər iştirak etmişdirlər.Evdə ev sahibi, Ramin və təqsirləndirilən şəxs olmuşdur.Təqsirləndirilən şəxsin üzərinə evin daxilində baxış keçirilmişdir.Polis Şöbəsində şəxsin üzərində axtarış müdafiəçinin iştirakı ilə keçirilmişdir.Əməliyyat tədbirində o, Şahid2 və təhqiqatçı İlqar Əsədov iştirak etmişdir.Əməliyyat məlumatı Şahid2 daxil olmuşdur.

14. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki,hadisə günü evində Təqsirləndirilən şəxs qonaq olmuşdur. Onların evində Elnurdan başqa Ramin və iki nəfər qadın da olmuşdur. Videoçəkiliş zamanı o, özü də evdə olmuşdur. Çəkiliş zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilmişdir. Elnur narkotik vsaitənin özünə məxsus olduğunu bildirmişdir. Evdə olan zaman Təqsirləndirilən şəxs narkotik vasitə olduğunu bilməmişdir. Elnurun dayısı oğlu Sadiq adlı şəxs də onların evinə qonaq gəlmişdir. Narkotik vasitə Təqsirləndirilən şəxs olmuşdur. Polis əməkdaşları onların evinə gecə vaxtı gəlmişdir. Ramin adlı şəxs də narkotik vasitə istifadə etmişdir. Hadisə günü Sadiq adlı şəxs narkotik vasitə istifadə etməmişdir. Şahid1 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki,Təqsirləndirilən şəxsla hadisə günü tanış olmuşdur.Onların yanında Təqsirləndirilən şəxs fiziki və psixi təzyiq göstərilməmişdir.

15. Məhkəmə iclasında elan edilərək tədqiq edilən şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, 20 fevral 2024-cü il tarixdə onunla eyni məhlədə böyüyən tanışı Şahid1 istifadəsində olan mobil nömrəsinə zəng edərək yaşadığı evdə qaz peçinin xarab olduğunu deyib, qaz peçini düzəltməsini xahiş edərək onu yaşadığı evə dəvət etmiş, o da etiraz etməmiş və Zamiqin yaşadığı evə gələrək qaz peçini düzəltmişdir. Zamiqlə evdə olarkən tanışları Təqsirləndirilən şəxs Zamiqin yaşadığı evə qonaq gəlmişdir. Təqsirləndirilən şəxs Zamiqin yaşadığı evə gəldikdən bir qədər sonra üzərində olan kibrit qutusundan bir ədəd şəffaf sellofan büküm çıxartmış, həmin kibrit qutusunun içərisində bir ədəd bükümdə “kakos”, bir ədəd bükümdə İsə “patı” olduğunu deyib, kibrit qutusundan çıxartdığı bükümün içərisində olan maddənin “patı” olduğunu bildirmiş və bükümdə olan maddədən bir az götürüb istifadə etməsi üçün siqaretin iç kağızına qoymuşdur. Həmin vaxt təxminən saat 19:20 radələrində Zamiqin yaşadığı evin küçə qapısı döyülmüş, Zamiq qapını döyənin kim olmasını bilmək üçün evdən həyətə çıxmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində olan kibrit qutusunu masanın altına atmış, siqaretin iç kağızına qoyduğu maddəni isə əynində olan göy rəngli gödəkçənin cibinə qoymuşdur.Biri polis geyimində, digəriləri isə mülki geyimdə olmuşdur. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirdikdən sonra Təqsirləndirilən şəxs və o, özlərini polis əməkdaşlarına təqdim etmişlər. Bundan sonra həmin polis əməkdaşları videoçəkiliş vasitəsilə Zamiqin yaşadığı evə baxış keçirməyə başlamışlar, baxış zamanı polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib, evin hər hansı bir yerində narkotik vasitə olub-olmamasını soruşmuşlar və həmin narkotik vasitəni könüllü olaraq onlara təqdim etməsini bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs masanın altına atdığı kibrit qutusunu polis əməkdaşlarına təqdim edərək ona məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən kibrit qutusuna baxış keçirilərkən içərisindən iki ədəd şəffaf sellofan bükümlər və həmin bükümlərin birinin içərisindən qəhvəyi rəngli maddə, digər bükümün içərisindən isə kristal şəkilli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs kibrit qutusunda olan bükümlərdən aşkar edilmiş maddələrin “kakos” və “patı” deyilən narkotik vasitə olduğunu deyib, səhər saatlarında Nərimanov rayonu ərazisində ümumilikdə 70 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Zamiqin yaşadığı evə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, içərisində maddələr olan bükümlər qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o, da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Bundan sonra polis əməkdaşları, tanışları Şahid1, Təqsirləndirilən şəxs və ona onlarla birlikdə Sabunçu RPİ-nin 13-cü polis şöbəsinə getmələrini təklif etmişlər. Onlar da səs-küy salmadan etiraz etməmişlər və polis əməkdaşlarının təklifi əsasında onlarla birlikdə 13-cü polis şöbəsinə getmişlər və onları polis şöbəsinə gətirib təhvil vermişlər. Polis şöbəsində gətirildikdən sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı polis əməkdaşı ona üzərində qanunla saxlanılması, daşınması, istifadəsi qadağan olunmuş əşya, predmet, narkotik vasitə və ya başqa nə varsa təqdim etməsini xahiş etmişdir. O, polis əməkdaşına üzərində qanunla saxlanılması, daşınması, istifadəsi qadağan olunmuş əşya, predmet, eləcə də narkotik vasitə olmadığmı bildirmişdir. Bundan sonra polis əməkdaşları üzərinə baxış keçirmişlər, lakin baxış keçrilən zaman üzərindən qeyri-qanuni əşya tapılmamışdır. Şahid4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Sabunçu rayon Polis İdarəsinin 13-cü polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq göstərilməmişdir. Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroini və psixotrop maddə metamfetamini haradan əldə etməsi barədə heç bir məlumatı yoxdur, bu barədə ona heç bir sözdə deməmişdir. Bu günə kimi heç kimə narkotik vasitə satmamış, həmçinin Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitəni və psixotrop maddəni kiməsə satmaq istəməsi barədə ona heç bir söz demişdir, bu barədə də qabaqcadan aralarında heç bir danışıqları da olmamışdır. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

16. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, “Vətən Müharibəsi”ndən sonra narkotik vasitələrdən istifadə etməyə başlamışdır. “Vətən Müharibəsi”ndən sonra psixologiyası pozulmuşdur. Müharibə zamanı qapalı kəllə beyin travması almışdır, eyni zamanda ayağında qəlpələr mövcuddur. Bədənində ağrılar yarandığı üçün narkotik vasitələrdən istifadə etmişdir. Narkotik vasitəni ilk dəfə müharibədə olarkən azad etdikləri ərazilərdə istifadə etmişdir. Aşkar olunan narkotik vasitə ona məxsus olmuşdur. Narkotik vasitəni internet vasitəsilə tanımadığı şəxsdən 120 manat məbləğində “konum” vasitəsilə almışdır. “Konum” Nərimanov ərazisi kimi qeyd olunmuşdur. O, hadisə günü qonaq getdiyi şəxsin evində saxlanılmışdır. İttiham aktında qeyd olunanlar düzgündür. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixoloji təzyiq olunmamışdır. Narkotik vasitə istifadə etdiyi üçün peşmandır.Hadisə günü dayısıoğlu da evdə olduğu üçün dayısıoğlunun qurtulması üçün ona deyilənlərlə razılaşmışdır. Həmin evdə onlardan başqa iki nəfər qadın da olmuşdur.Evin qapısı döyülməmişdən əvvəl polis əməkdaşları hasarın üzərindən evə daxil olmuşdurlar.Şahid2 ona qarşı fiziki təzyiq göstərməyib. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirdi ki, müharibədə iştirak etdiyinə görə səkkiz ədəd medalı var.Hal hazırda narkotik vasitədən istifadə etmir. Zamiq adlı şəxsin evində saxlanılmışdır. Ona Bəxtiyar adlı şəxs fiziki təzyiq göstərmişdir. Onun mobil nömrəsinin sonu 06 -16 ilə bitir.O, narkotik vasitələrin satışı ilə məşğul olmur.

Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

17. CM-nin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

18. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

19. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

20. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

21. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

22. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

23. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

24. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

25. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

26. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

27. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

28. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

29. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

30. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

31. Maddə 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir.

32. Maddə 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir;

33. Maddə 139. Cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar,Cinayət Məcəlləsi ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilməlidir.

34. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

35. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın 1-ci Siyahısının 83-cü bəndinə əsasən - 2 qram və daha artıq çəkidə (800 qrama qədər) narkotik vasitə heroin külli miqdar, 2-ci Siyahısının 118-ci bəndinə əsasən – 0,15 qram və daha artıq çəkidə (2 qrama qədər) psixotrop maddə metamfetamin xeyli miqdar təşkil edir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

36. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

37. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

38. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Avropa Məhkəməsinin president hüququ:

39. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.

40. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.

41. Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

42. Məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətdir. Qeyd olunan əməl təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.

43. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (qərarın 25-27-cı bəndləri) həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

44. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin və psixotrop maddənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (qərarın 35-ci bəndi) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

45. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 24-cü bəndi).

46. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur (qərarın 17-ci bəndi).

47. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 18- 21-ci bəndləri).

48. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinə, döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar “Müharibə Veteranı”, “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə”, “Fizulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmasını Cinayət Məcəlləsinin 59.2-ci əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır və qiymətləndirir.

49. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.

50. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

51. Təqsirləndirilən şəxs ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 22-ci bəndi).

52. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 25), ibtidai istintaq orqanının 22 fevral 2024-cü il tarixli qərarı ilə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 103-104).

53. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 20 fevral 2024-cü il tarixdən 22 fevral 2024-cü il tarixədək tutulduğu 2 gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. (qərarın 23-cü bəndi).

54. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

55. İş üzrə maddi sübut olan, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,005 qram təşkil edən heroin və qalıq çəkisi 0,445 qram təşkil edən metamfetamin məhv edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Hacı Murad küçəsi 16 ünvanında axtarış və götürmə aparılması zamanı,eləcə də Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd CD disk, ,”Bakcell” MMC tərəfindən təqdim edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 30- 32-ci bəndləri).

56. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halın olduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir (qərarın 7-ci bəndi).

57. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 5-ci və 34-cü bəndləri).

58. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 28 aprel 2025-ci il tarixədək göstərilmiş xidmət müqabilində 6 manat, 28 aprel 2025-ci il tarixdən sonra 11 manat miqdarında haqq ödənilməlidir.

59. Müdafiəçi göstərdiyi hüquqi yardım ilə əlaqədar 64 (altmış dörd) iş saatı həcmində vaxt sərf etmişdir. Buna görə də, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 64 (12+52) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi 644 (altı yüz qırx dörd) (72+572) manat məbləğində pul vəsaiti Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. 60.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 fevral 2024-cü il tarixdən 22 fevral 2024-cü il tarixədək tutulduğu müddət ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən, yəni 04 mart 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,005 qram təşkil edən heroin və qalıq çəkisi 0,445 qram təşkil edən metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd CD disk, ”Bakcell” MMC tərəfindən təqdim edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 64(altmış dörd)(12+52) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi 644 (altı yüz qırx dörd) (72+572) manat məbləğində pul vəsaiti Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Fəxri Məmmədov

Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar