Məhkəmə qərarları › İş №1(101)-975/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-975/2021

23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-975/2021 23.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X2, xx xxxxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2da yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmək məqsədi ilə 2020-ci ilin may ayında yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, B.Səfəroğlu küçəsində yerləşən 114 saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində olan üç ədəd plastik dibçəklərdə qanunsuz olaraq külli miqdarda, yəni 16 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri əkib aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş, istintaqa məlum olmayan vaxtda və şəraitdə həmin çətənə bitkilərinin hissələrini toplayıb qurutmaqla satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 2.430 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə etdikdən sonra həmin narkotik vasitənin 1.595 qramını bir ədəd karton qutuda, 835 qramını isə bir ədəd sintetik torbada qablaşdırıb daşıyaraq yaşadığı evin həyətində olan mətbəx əşyaları yığılan dolabın üzərində saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 25 avqust 2020-ci il tarixdə saat 16:32-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən həmin ərazidə xüsusi qulluq göstərilərək yetişdirilib kultivasiya edilmiş 13 ədəd və üç ədəd plastik dibçəklərdə 3 ədəd, ümumilikdə külli miqdarda, yəni 16 ədəd təmiz çəkisi 18.550 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və narkotik tərkibli çətənə bitkilərindən qurutmaqla satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda, yəni 2.430 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana fərdi yaşayış evinin həyətində olan dolabın üzərindən bir ədəd karton qutuda 1.595 qram və bir ədəd sintetik torbada 835 qram olmaqla aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə təqsirli bilməmiş, Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanda həyat yoldaşı X4, oğlu Elgün Hüseynli və azyaşlı qızı Sənubər Hüseynli ilə birlikdə yaşayır, 5-6 il olar ki, narkotik vasitənin heroin növündən istifadə edir və hal-hazırdada narkotik vasitə heroin aludəçisidir, heroin istifadə etməsi ilə yanaşı narkotik vasitə 2 il olar ki narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmiş, içərisindən yığdığı toxumlarını yaşadığı evdə saxlamış, gələcəkdə həmin toxumları əkib narkotik tərkibli çətənə bitkilərini yetişdirmək məqsədlə 2020-ci ilin may ayının ortalarında təxminən 2 il bundan qabaq əldə edərək yaşadığı ünvanda saxladığı çətənə bitkilərinin toxumlarını yaşadığı evin qarşısında olan həyətyanı sahədə həm torpaq səthinə həm də plastmas dibçək qablarınn içərisinə torpaq yığmaqla dibçək qablarında əkmişdir. Əkdikdən sonra əkdiyi həyətyanı torpaq sahəsində olan toxumların və dibçəklərdə olan toxumların cücərməsi və inkişafı üçün onlara xüsusi qaydada qulluq göstərərək vaxtı vaxtında su ilə təmin etmiş və diblərini yumşaldaraq inkişafları üçün əlverişli şərait yaratmışdır. Əkdiyi həmin çətənə bitkilərinin toxumlarından 13 ədəd narkotik tərkibli çətənə bitkisi yaşadığı evin qarşısındakı torpaq səthində, qalan 3 ədəd çətənə bitkisi isə plastmas dibçək qablarında cücərərək yetişməyə başlamışdır. Həmin bitkiləri vaxtı vaxtında suyla təmin etmiş, bitkiərinin diblərində olan torpaq səthini yumşaldaraq suvarmaq üçün əlverişli şəait yaratmışdır, həmçinin inkişaf etdikdən sonra həmin çətənə bitkilərinin aşağı hissələrində yetişmiş əlavə budaqlarını və keyfiyyətli yetişməsi üçün digər zərərverici hissələrini təmizləyərək həmin bitkiləri inkişaf etdirmişdir. Artıq 2020-ci ilin avqust ayında həmin bitkilər kifayət qədər inkişaf edərək yetişmidir. Həyətyanı sahədə əkib yetişdirməklə kultivasiya etdiyi çətənə bitkilərinin yarpaqlarını yığaraq sintetik kisədə və karton qutuda qablaşdırıb yaşadığı evin həyətində olan mətbəxt əşyaları yığılan dolabın üstündə saxlamışdır. Həmin sintetik kisədə və karton qutuda qablaşdıraraq saxladığı çətənə bitkisinin yarpaqları qutuda və sintetik kisənin içərisində quruyaraq qurudulmuş marixuana olmuşdur. Lakin həmin kisədə və karton qutuda qablaşdıraraq saxladığı qurudumuş marixuananı tullamaq fikrində olmuşdur. Çünki həmin qurudulmuş marixuana yaşadığı evin həyətyanı sahəsində kultivasiya etdiyi narkotik tərkibli çətənə bitkilərinin artıq yarpaqları olmuşdur. O da həmin yarpaqları yığıb qablaşdıraraq evin həyətində olan mətbəxt əşyaları yığılan dolabın üstündə saxlamışdır ki, tullasın. 25 avqust 2020-ci il tarixdə saat 16:15 radələri olardı yaşadığı ünvan 3 ünvanın giriş qapısının döyüldüyünü eşidib gedib qapını açan zaman qapının qarşısında 5 nəfər mülki geyimdə olan şəxs görmüşdür. Həmin şəxslər özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmişlər. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməklə məşğul olmaqda şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib hazırda yaşadığı ünvan 3 ünvanın həyətində narkotik tərkibli çətənə bitkisi kolları əkib-becərməklə məşğul olmasını bildirmişdir. Polis əməkdaşları bununla bağlı yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməli olduğunu bildirmişlər və bununla bağlı ondan icazə istəmişlər. O polis əməkdaşları tərəfindən yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etmədiyi üçün onları evin həyətinə dəvət etmişdir. Yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmaması ilə bağlı onun yazılı şəkildə ərizəsi alınmışdır. Polis əməkdaşları yaşadığı evdə ondan başqa kimlərin olduğunu soruşmuşlar, həmin vaxtı atası Şahid5 onun evinə gəlmişdir. Evdə ondan başqa atasının olduğunu bildirdikdən sonra polis əməkdaşları atasını evin giriş qapısının qarşısına çağırmasını xahiş etmişlər. O atasını evin giriş qapısının qarşısına çağırmışdır. Polis əməkdaşları özlərini atasına təqdim etmişlər. Bundan sonra polis əməkdaşları atasına onun yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməklə məşğul olmaqda şübhəli olduğunu bildirib bu barədə ətraflı şəkildə atasına məlumat vermişlər. Atası onunla birlikdə ünvan 3 ünvanda yaşamadığını və buna görə də onun yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkiləri əkib-beçərməklə məşğul olmasından heç bir məlumatının olmadığını bildirmişdir. Polis əməkdaşları yaşadığı ünvan 3 ünvana baxış keçirilməli olduqlarını bildirib, baxışın keçirilməsi ilə bağlı atasından da icazə istəmişlər. Atası yaşadığı ünvana baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra polis əməkdaşları ona yaşadığı evin həyətyanı sahəsində əkdiyi narkotik tərkibli çətənə bitkisi kollarının olduğu sahəni onlara göstərməsini təklif etmişlər. Bundan sonra polis əməkdaşlarını yaşadığı evin həyətyanı sahəsinə dəvət edib, həyətyanı sahədə əkdiyi narkotik tərkibli çətənə bitkisi kollarını polis əməkdaşlarına göstərmişdir. Baxışda iştirak edən aqranom həmin bitkilərin yarpaqlarına və gövdəsinə baxıb bitkilərin narkotik xassəli çətənə bitkiləri olduğunu, diblərinin boşaldıldığını və su verilməklə bitkilərə qulluq göstərildiyini bildirmişdir. Sorğu zamanı əkdiyi bitkilərin narkotik tərkibli çətənə bitkisi olduğunu, 2020-ci ilin may ayının ortalarında özündə olan çətənə bitkisi toxumlarını əkib-becərməklə həmin bitkiləri yetişdirdiyini, bitkilərə su verərək onlara qulluq etdiyini qeyd etmişdir. Polis əməkdaşlarına uzun müddətdir narkotik vasitə qurudulmuş marixuana qəbul etdiyini, çətənə bitkilərini əkməkdə məqsədinin bitkiləri yetişdirib, sonra bitkiləri qurudub narkotik vasitə marixuana əldə edərək özü istifadə etmək olduğunu bildirmişdir. Əkdiyi çətənə bitkisinin toxumlarını qəbul etdiyi narkotik vasitə olan marixuananın içindən götürüb yığaraq əldə etmişdir. Polis əməkdaşları yaşadığı evin həyətində əkdiyi çətənə bitkilərini onun iştirakı ilə bir-bir torpaqdan çıxardıb saymışlar və əkdiyi çətənə bitkilərinin sayının ümumilikdə 16 ədəd olması müəyyən edilmişdir. Belə ki, yaşadığı ünvanın həyətyanı sahəsində əkib yetişdirməklə kultivasiya etdiyi narkotik tərkibli çətənə bitkilərindən 13 ədədi həyətyanı sahəsində torpaq sətində, qalan 3 ədədini isə plastmas dibçək qablarında aşkar olunmuşdur. Bundan sonra polis əməkdaşları içərisinə çətənə kollarının yarpaqlarını tullamaq məqsədi ilə yığdığı sintetik kisəni və karton qutunu aşkar etmişlər. Həmin qutu və sintetik torbadakı yarpaqlar tullantı və yararsız yarpaqlar olmuş, məqsədi həmin yarpaqları zibil kimi tullamaq olmuşdur. O, həmin yarpaqları yığaraq qurutmamış və qurudulmuş marixuana vəziyyətinə gətirməmiş və satmaq məqsədi ilə hazırlamamışdır. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, polis əməkdaşları yaşadığı evin həyətində əkdiyi çətənə bitkilərini onun iştirakı ilə bir-bir torpaqdan çıxardıb saydıqdan və əkdiyi çətənə bitkilərinin sayının ümumilikdə 16 ədəd olması müəyyən edildikdən sonra, ona yaşadığı evdə narkotik vasitələr, psixotrop maddələr və hər hansı qanunsuz saxladığı əşyalar varsa həmin maddələri və əşyaları təqdim etməsini təklif etmiş, o səmimi olaraq etiraf edib yaşadığı evin həyətində narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmiş, sonra evin həyətində olan mətbəxt əşyaları yığılan dolabın üstündə saxladığı bir ədəd karton qutuda olan və bir ədəd sintetik kisədə olan narkotik vasitə qurudulmuş marixuananı götürüb polis əməkdaşlarına təqdim etmiş, Həmin karton qutu və sintetik kisə polis əməkdaşları tərəfindən açılmış, qutunun və kisənin içindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, sorğu zamanı polis əməkdaşlarına təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuananı əkdiyi çətənə bitkilərinin yarpaqlarını təxminən 1 həftə bundan əvvəl yığıb qurudaraq əldə etməsini və yaşadığı evin həyətində saxlamasını bildirmiş, təqdim etdiyi bir ədəd karton qutuda olan və bir ədəd sintetik kisədə olan narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən qablaşdırılmış, qablaşmaların üzəri möhürlənmiş və onunla birlikdə digər iştirrakçılar tərəfindən qablaşmaların üzəri imzalanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşaraq həmin ifadələri özünü müdafiə xarakterli hesab edir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. İş üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, 25 avqust 2020-ci il tarixdə “Vüsal” adlı şəxsin qanunsuz olaraq satış məqsdədi İlə külli miqdarda tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya etməsi barədə məlumat daxil olmuş, keçirilən əməliyyat tədbirləri nəticəsində “Vüsal” adlı şəxsin 28 09.1981 -ci i! tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla, ünvan 5nında faktiki yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir; məlumatın yoxlanılması məqsədi ilə Baş İdarənin rəisinə raportla məruzə etmiş, əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmiş, 5 nəfərdən yəni, ondan, baş əməliyyat müvəkkili polis polkovnik- leytenantı Şahid2, əməliyyat müvəkkili, polis kapitanı Şahid3, əməliyyat müvəkkili, polis leytenantı Şahid4 və baş təhqiqatçı, polis mayoru X1 ibarət əməltyyat qrupu yaradılmış, qrupa rəhbərlik ona həvalə edilmiş, 25 avqust 2020-ci il tarixdə saat 16:15-də tədbir iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanın qarşısına gəlmiş, evin giriş qapısı döymüş, qapını açan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib becərməklə kultivasiya etməkdə şübhəli olduğu bildirilmiş, Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” qəbul edilmiş qərarla tanış edilmiş, Təqsirləndirilən şəxs könüllü olaraq səmimi şəkildə yaşadığı ünvan 3 ünvanın həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini və həmin sahəni göstərə biləcəyini bildirərək yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazaraq təqdim etmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvana və ünvanın həyətyanı sahəsinə baxış keçirilməzdən əvvəl baxışda iştirak edən şəxslərə və Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahəsinə və yaşayış sahəsinə 25.08.2020-ci il tarixdə saat 16:32-də “Sony” markalı rəqəmsal videokamera vasitəsilə çəkliş aparılmaqla baxış keçirilməyə başlanılmış, baxışın keçirilməsi Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə aparılmış, baxışın keçirilməsində Təqsirləndirilən şəxs atası Şahid5 İştirak etmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində, yaşadığı evdə və evin həyətyanı sahəsində olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, həmçinin evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan kultivasiya etdiyi bitkiləri təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs etiraz etməyərək iştirakçılara yaşadığı evin həyətində torpaq sahəsində əkdiyi narkotik xassəli çətənə bitkilərini göstərmiş, həmin ünvanda bir mərtəbəli yaşayış evi ilə üzbə-üz yerləşən torpaq sahəsində 1,5-3,0 metr hündürlükdə bitkilər əkildiyi aşkar olunmuş, bitkilərin 3 ədədi dibçəklərdə, digərləri isə torpaqda əkilmiş, baxışda iştirak üçün dəvət olunmuş aqronom-mütəxəssis Mərdan Tağıyev həmin bitkilərə baxış zamanı yarpaqlarına, gövdəsinə, zoğuna və iyinə görə narkotik xassəli çətənə bitkisi olduğunu, bitkilərin ətrafının yabanı ot örtüyündən təmizləndiyini, diblərinin boşaldıldığını, suvarılmaq məqsədi ilə bitkilərin diblərinin yuva şəkilində hazırlandığını, torpağında suvarılma əlamətləri aşkar edildiyini bildirərək gövdələrin inkişafda olması, budaqların və yarpaqların inkişaf müddətinə uyğun tam inkişaf fazasında olduğunu həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsini və kultivasiya edilməsini bildirmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsində əkilmiş bitkilərin narkotik tərkibli çətənə bitkisi kolları olduğunu, 2020-ci ilin may ayının ortasında özündə olan çətənə bitkisi toxumlarını əkdiyini, sonradan bitkilərə su verərək onlara qulluq etdiyini qeyd etmiş, Təqsirləndirilən şəxs uzun illərdi narkotik vasitə olan qurudulmuş marixuana qəbul etdiyini və bitkiləri əkməkdə məqsədinin sonradan bitkilərin yarpaqlarını yığıb qurudaraq istifadə etmək olduğunu bildirmiş, narkotik tərkibli çətənə bitkisinə oxşar kollar bir-bir torpaqdan və dibçəklərdən çıxarılıb sayılmış, tam yığılıb qurtardıqdan sonra aşkar olunmuş bitkilərin ümumi sayının 16 ədəd olması müəyyən edilmiş, aşkar olunmuş narkotik xassəli çətənə bitkisinə oxşar kollar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 2 ədəd sellofanda qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün’’ 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış; həyətyanı sahəyə baxış keçirilməsi başa çatdıqdan sonra təhqiqatçının sualına Təqsirləndirilən şəxs əkib-becərdiyi çətənə kollarının yetişmiş yarpaqlarından bir qədərini yığıb qurudaraq yaşadığı evin həyətində gizlədib saxladığını və həmin kütləni könüllü olaraq təqdim edə biləcəyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan mətbəxt əşyaları yığılan dolabın üst hissəsində saxladığı bir ədəd karton qutunu və bir ədəd sintetik kisəni götürüb təqdim etmiş, karton qutu və sintetik kisə açıldıqda içində ot şəkilli, yaşıl rəngli, spesifik qoxuya malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni yaşadığı evin həyətində əkdiyi narkotik tərkibli çətənə bitkilərinin yarpaqlarını yığıb qurudaraq əldə etdiyini və yaşadığı evin həyətində gizlədib saxladığını bildirmiş, təqdim olunmuş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan aşkar olunduğu bir ədəd karton qutuda və bir ədəd sintetik kisədə qablaşdırılmış və Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, evin həyətində yerləşən mətbəxt dolabının içindən aşkar olunmuş Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, iştirak edən Təqsirləndirilən şəxs atası Şahid5 sorğu zamanı oğlunun yaşadığı evin həyətyanı sahəsində narkotik xassəli çətənə bitkiləri əkib-beçərməklə məşğul olmasından məlumatının olmadığını hadisə yerində keçirilən baxışla bağlı sənədləşmənin aparılması üçün əlverişli şərait olmadığından təhqiqatçı tərəfindən bütün iştirakçılar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuş, Təqsirləndirilən şəxs təhqiqatçının təklifinə etiraz etməyib Baş İdarəyə getməyə razı olduğunu bildirmiş, baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə “Yusifbəyli və partnyorlar» Vəkil Bürosunun vəkili X8 Baş İdarəyə dəvət olunaraq ona təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının vəkil Kamal Əliyev tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və onlara konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmış, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə təhqiqatçı tərəfindən müvafiq qərar və protokol tərtib edilmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan 21 iyun 2020-ci il tarixli baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 25 avqust 2020-ci il tarixdə saat 16:32-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 2a baxış keçirilmiş, həyətyanı sahədən tərkibində narkotik maddələr olan külli miqdarda, yəni ümumilikdə 16 ədəd çətənə bitkiləri və yaşayış evinin həyətində olan mətbəxt əşyaları yığılan dolabın üst hissəsindən 1 ədəd sintetik torbanın içərisində 835,0 qram, 1 ədəd karton kutunun içərisində 1595 qram olmaqla ümumilikdə 2430 qram qurudulmuş marixuana, aşkar edilərək götürülmüşdür (1-ci cild iş vərəqi 13-17). İşdə olan məhkəmə-bioloji ekspertiza üzrə 26 avqust 2020-ci i! tarixli 7/564 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı...ünvanın həyətyanı sahəsindən aşkar olunmuş” sözləri yazılmış 2 ədəd şəffaf sellofan bağlamada ümumi sayı 16 (on altı) ədəd, yaş vəziyyətdə ümumi çəkisi 18.550 qram (18 kq 550 qram) bitki nümunələri tərkiblərinə görə eyni olub, əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis)bitkiləridir; aqronomun rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir; tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı...ünvandan aşkar edilmiş” sözləri yazılmış sintetik torbada təmiz çəkisi 835,0 qram və üzərində “Təqsirləndirilən şəxs yaşadığı...ünvandan aşkar edilmiş” sözləri yazılmış karton qutuda ağ rəngli parçanın içərisində təmiz çəkisi 1.595 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır, ümumi çəkisi 2430 qramdır (2 kq 430 qram); - tədqiqata təqdim olunmuş marixuanalar və çətənə bitkiləri tərkiblərinə görə eynidirlər (1-ci cild iş vərəqi 52-55). İşdə olan məhkəmə-narkoloji ekspertizası üzrə 16 noyabr 2020-ci il tarixli 3211 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi pereparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 189-190). İşdə olan ambulator məhkəmə-psixatrik ekspertiza üzrə 17 noyabr 2020-ci il tarixli 2270 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda heç bir psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövrdə o, öz hərəkətlərinin xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, onun hərəkətləri AzərbaycanRespublikası CM-in21 və 22-ci maddələrinin təsiri altına düşmür, yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, Təqsirləndirilən şəxs məcburi mülaicəyə ehtiyacı yoxdur (1-ci cild iş vərəqi 191-193). İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli qərarından göürünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid1 tərəfindən 25.08.2020-ci il tarixdə qəbul edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərarın qanuni hesab edilmişdir (1-ci cild iş vərəqi 174-175). İşdə olan 27 avqust 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman yaşadığı ünvandan aşkar olunaraq götürülmüş ümumi sayı 16 ədəd yaş vəziyyətdə tədqiqatlardan sonra ümumi təmiz çəkisi 18.549,2 qram olan narkotik tərkibli çətənə bitkiləri və tədqiqatlardan sonra ümumi təmiz çəkisi 2.429,8 qram qalmış narkotik vasitə qurudulmuş marixuana məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (1-ci cild iş vərəqi 113-116). İşdə olan DİN-in BƏSİİ-dən alınmış təlabnəmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-cicild iş vərəqi 146). İşdə olan tutma haqqında 25 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cld iş vərəqi 27). İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 25 avqust 2020-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 107-109). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr)» əsasən qurudulmuş marixuana narkotik vasitəsinin külli miqdarının aşağı həddi 500 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, daşıdığı və saxladığı narkotik vasitə qurudulmuş marixuananın çəkisi 2.430 qram olduğundan külli miqdar təşkil edir. İş üzrə Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməsi və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və saxlaması tam təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 237.2.3-cü maddəsinin sanksiyasında üç ildən səkkiz müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 25 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzasının əvvəlinin 25 avqust 2020-ci il tarixdən hesablanmasını və Cinayət Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 16 noyabr 2020-ci il tarixli 3211 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi pereparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 189- 190). Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübutlar - saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilmiş 16 ədəd yaş vəziyyətdə ekspertiza tədqiqatından sonra qalıq qalan 18.549,2 qram narkotik tərkibli çətənə bitkiləri və ekspertiza tədqiqatından sonra qalıq qalan 2.429,8 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri - 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 237.2.3-cü maddəsi ilə 4 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 25 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilmiş 16 ədəd yaş vəziyyətdə ekspertiza tədqiqatından sonra qalıq qalan 18.549,2 qram narkotik tərkibli çətənə bitkiləri və ekspertiza tədqiqatından sonra qalıq qalan 2.429,8 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə-bioloji ekspertiza üzrə tədqiqatının dəyəri - 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar