Məhkəmə qərarları › İş №1(101)-975/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-975/2024

07.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-975/2024 07.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X10 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X11 , dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X3 hüquqi varisi - oğlu X2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Elbruz oğlunun iştirakı ilə, xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “SOCAR” “NeftQazTikinti” Tresti 7 saylı tikinti quraşdırcı bölümündə iş icraçısı işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yaşayır və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tərəfindən tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də, mədən işlərinin və sair işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozması ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Tresti ilə bağlanılmış 1 sentyabr 2015-ci il tarixli 4007 nömrəli “əmək müqaviləsi” əsasında iş icraçı vəzifəsini icra edərkən 1 yanvar 2022-ci il tarixdə reviziya olunmuş “iş icraçısının vəzifə standart”-larında nəzərdə tutulmuş öhdəliklərinin icrası ilə əlaqədar tikinti-quraşdırma işlərinin layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə, texnoloji xəritələrə, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil etməli, estekadaların, meydançaların tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin etməli olduğu halda, bu tələblərə əməl etməyərək həmin “iş icraçısının vəzifə standartlarinin 2 və 3-cü bəndlərinin tələblərini pozmaqla iş yerinin və keçidlərinin təşkil edilməsi, texnoloji əməliyyatların ardıcıllığının müəyyən edilməməsi, işlərin təhlükəsizliyi üçün üsulları və tərtibatları tərtib edilməməsi, DNQT (dəniz neftqazmədən tikilisi) tikintisi (sökülməsi) zamanı iş aparılan sahələrdə mühafizəçinin ayrılmaması, iş yerində hər bir işçi üçün xilasetmə kəməri kəndirdən tutacaqları olan 2-3 ədəd xilasetmə dairələrinin qoyulmaması, həmçinin tikinti-montaj (demontaj) işlərinin icrası zamanı istehsalat əməliyyatlarında əvvəlki əməliyyat, sonrakı əməliyyatlar yerinə yetirilən zaman istehsalat təhlükə mənbəyi olmaması kimi texnoloji ardıcıllığa əsasən həyata keçirilməsinə, iş meydançası, iş sahəsi və iş yerinin təşkilinin, işin bütün mərhələlərində işçilərin təhlükəsizliyinin təmin edilməsinə, iş meydançasının təşkili, iş sahələrinin və iş yerlərinin yerləşdirilməsi zamanı insanlar üçün təhlükəli istehsalat faktorları olan zonalar müəyyən edilməsinə, təhlükəli zonalarda təhlükəsizlik nişanları və müəyyən edilmiş formada yazılar ilə nişanlanmasına lazımı nəzarət etməməsi səbəbindən “Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları”-nın 2.7.2 və 2.7.13-cü bəndlərinin və “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”-nın 1.29, 2.1 və 2.2 bəndlərinin tələblərini pozaraq öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ya ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunları görməyərək 24 avqust 2023cü il tarixdə saat 7:15-də Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsindən 18 km məsafədə (koordinantları 40, 10257* N; 49,54206* E) Xəzər Dənizində yerləşən “Nəriman Nərimanov” adına X37 İdarəsinin 3 saylı X29 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Tresti ilə bağlanılmış 1 sentyabr 2015-ci il tarixli 4048 nömrəli “əmək müqaviləsi” əsasında əl ilə qaynaqda elektrik qaynaqçısı işləyən Zərərçəkmiş şəxs2 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Tresti ilə bağlanılmış 1 sentyabr 2015-ci il tarixli 4062 nömrəli “əmək müqaviləsi” əsasında konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı işləyən X12 platformanın meydançasına beton blokların quraşdırılması işlərinin apararkən üzərində durduqları beton pilitələrin metal konstruksiyaların korroziya səbəbindən dağılması nəticəsində suya düşərək tənəffüs yollarının maye (su) ilə tutulduğundan baş vermiş mexaniki asfiksiya baş verməsi ilə səbəbli əlaqə təşkil edən tikinti obyektinin sökülməsi işlərinin aparılmasının təhlükəsizliyi qaydalarını pozmaqla ehtiyatsızlıqdan Şirvan Ağaməmmədovun və Zərərçəkmiş şəxs2 ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.4-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2003-cü il tarixdən “SOCAR” “Neft Qaz Tikinti” Tresti 7 saylı tikinti quraşdırma bölümündə işləmiş, təxminən 2005-ci il fevral ayından tikinti quraşdırcı bölümündə məlum hadisəyə qədər iş icraçısı işləmişdir. Vəzifəsi tikinti işləri zamanı sahə rəisinin verdiyi tapşırıqları icra etməkdən, yəni həmin tapşırıqları briqadirə verərək onların icrasına nəzarət etməkdən ibarət olmuşdur. X1 və mərhum X5 işlədiyi yerdən tanımış, X6 vəzifəsi qaynaqçı, X12 isə quraşdırıcı olmuşdur. 24 avqust 2023-cü il tarixdə saat 7:00 radələrində 375 saylı estekada yanı meydançasından çıxaraq sahə rəisi Şahid4 göstərişi əsasında “Şirvan” tikinti gəmisi ilə “Azneft” İB-nin “N.Nərimanov” adına NQÇİ-nin 3 saylı X35 getmişlər. Təxminən 15 dəqiqə sonra “Azneft” İB-nin “N.Nərimanov” adına NQÇİ-nin 3 saylı X35 çatmışlar. Briqada da onunla birlikdə 12 nəfər işçi olmuşdur. Briqada həmin tarixdə köhnə platformaya yeni beton pilitələri döşəməli, yeni döşənmiş beton bloklarının üzərinə vaqonları yükləməli idi. Bu vaqonlar yaşayış üçün nəzərdə tutulmuş, yəni platformada iş gedə-gedə işçilər istirahət etməli idi. O, iş bölgüsünü aparmış, həmin bölgünü briqadirinə vermiş, həmçinin 4-5 dəqiqəlik təlimat keçmişdir. Təlimatdan sonra işçilərə təlimat jurnalına imza çəkdirmişdir. O, əvvəl briqadiri Asif ilə birlikdə platformaya qalxmış, platformadakı vəziyyətə baxmışlar. Asiflə platformada gəzəndə platformada təhlükəli halla qarşılaşmamış, bu səbəbdən işə başlamağı uyğun bilmişlər. Daha sonra o, Nuhbala, Şirvan, Şamo ilə birlikdə platformaya qalxmışdır. Platformada onunla Nuhbala dəmir boruların üzərində dayanmışdır. Şamo ilə Şirvan isə bir qədər irəli gedərək gəmidən qaldırılan beton blokları platformanın üzərindəki yerə oturtmalı idilər. Beton pilitələr iki kəndirə bağlanmış şəkildə platformaya otuzdurmalı, Şamo ilə Şirvan isə həmin kəndirdən tutaraq piltəni platformanın üzərinə yerləşdirməli idi. O, bu proseslər gedən zaman Nuhbala ilə söhbət etmiş, Şamo və Şirvandan 4-5 addım aralıda olmuşdur. Bu zaman qəflətən Şamo ilə Şirvanın ayaqlarının altındakı beton döşəmə dağılmış və hər ikisi suya düşmüşlər. Dərhal Nuhbalanı gəmiyə düşürtmüşdür. Gəmidə heyət ilə birlikdə suya baxaraq “Şamo, Şirvan kişi” deyə səslənməyə başlamışlar. Şamo ilə Şirvanın əyinlərində “xilasedici jilet” olmadığı üçün görsənməmişlər. Dərhal sahə rəisi Şahid4 məlumat vermişdir. Hadisədən təxminən 1 saat yarım sonra Şamo ilə Şirvanın meyitləri dalğıclar tərəfindən tapılmışdır. Mərhumların “xilasedici jileti” əyinlərindən çıxartdıqlarına fikir verməmişdir. Təlimat keçərkən bütün işçilərin üzərində “xilasedici jiet” olur, lakin sonradan bəzi işçilər jiletləri çıxardırlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmə istintaqında təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında şahid qismində dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, mərhum X12 doğma atasıdır. X21 “neft qaz tikinti” trestində işləyirdi. Sonuncu dəfə atasını 16 avqust 2023-cü il tarixdə görmüş, işə yola salmışdır. Atasını “Nəriman Nərimanov” adına NQÇİ-nin Səngəçal qəsəbəsində olan limanına düşürtmüş, əşyalarını atasına verib getmişdir. 21, 22 və 23 avqust 2023-cü il tarixlərdə atası ilə mobil telefonla danışmışdır. Hadisə olan gün, yəni 24 avqust 2023-cü il tarixdə saat 8:00 radələrində bibisinin yoldaşı Minadi zəng edərək “deyəsən dənizdə nəsə olub, bir dənə atanla əlaqə saxla” demişdir. O, dərhal atasına zəng etmiş, cavab verən olmamış, daha sonra yenə də atasına zəng etmiş, adını bilmədiyi atasının iş yoldaşı telefonu götürmüş və demişdir ki, “hadisə baş verib, uzaqdadırlar”. O, artıq anlamışdır ki, hadisəni ona demək istəmirlər. Bu səbəbdən bir az sonra yenidən zəng etmiş, bu dəfə ona demişlər ki, atası vəfat etmişdir. O, dərhal dayısı və dostlarıyla birlikdə ilkin olaraq Səngəçal limanına, sonra isə Sahil qəsəbəsindəki limana getmişdir. Saat 15:00 radələrində atasının və mərhum Zərərçəkmiş şəxs2 meyitlərinin olduğu gəmi limana yaxınlaşmışdır. Mərhum atası X3 ölümü ilə əlaqədar heç bir şəxsə qarşı şikayət və tələbi yoxdur və bunun nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X8 ibtidai istinaq zamanı ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs2 onun doğma oğludur. Zərərçəkmiş şəxs2 xx xxxxxxxx 1984cü il tarixdə Ağsu rayonunun Padar kəndində doğulmuş, həmin ünvanda öz ailəsi ilə birlikdə yaşamışdır. Mərhumun iki övladı var, qızı Şəfa Nərmanlı, oğlu Polad Nərmanlı. Hər iki övladının yaşları azdır, müvafiq olaraq 16 və 15 yaşları vardır. X15. Mərhum oğlu Zərərçəkmiş şəxs2 2004-cü il tarixdən “Azneft” İB-nin “Nef Qaz Tikinti” Trestinin 7 saylı quraşdırıcı bölümündə qaynaqçı vəzifəsində işləmiş, iş yoldaşları ilə münasibəti yaxşı olmuş, heç kimlə mübahisə və ya ədavəti olmamış, siqaret, narkotik vasitə qəbul etməmiş, ara-sıra spirtli içki içmiş, psixoloji və fizioloji problemləri olmamış, iş rejimi 15 gün dənizdə, 15 gün istirahət gün olmaqla saat 7:00-da iş başlanmış, 19:00-da iş vaxtı bitirmiş, işindən razı olmuşdur. Sonuncu dəfə 17 avqust 2023-cü il tarixdə oğlunu işə yola salanda görmüşdür. Demək olar ki, hər gün mobil telefonda oğlu il danışmış, telefonla əlaqədə olan zaman Zərərçəkmiş şəxs2 heç bir şikayət eşitməmişdir. Hadisə olan gün, yəni 24 avqust 2023-cü il tarixdə saat 13 radələrində Ramiz adlı tanışı mobil telefonla ona zəng edərək oğlu Zərərçəkmiş şəxs2 iş gördüyü “Nərimanov” adına NQÇİ-nin 3 saylı YĞM-də qəzanın baş verdiyini, oğlunun həmin hadisədə əzildiyini bildirmişdir. O, telefonla danışanda artıq evə çatırmış. Bu zaman insan izdihamının məhəlləyə toplaşdığını görmüşdür. Həyətdəki maşın çoxluğundan evə belə girə bilməmişdir. Məhlədəki səsküydən anlamışdır ki, oğlu Zərərçəkmiş şəxs2 vəfat edib. Şokda olduğu üçün heç kimdən heç nə soruşa bilməmişdir. Ortalıqda gəzən söz-söhbətlərdən və Elvin Basqallı adlı jurnalistin verilişindən ona aydın olmuşdur ki, oğlu Zərərçəkmiş şəxs2 və sonuncunun iş yoldaşı Şirvan Ağaməmmədov saat 7 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsindən 18 km məsafədə Xəzər Dənizində yerləşən işlədikləri “Nəriman Nərimanov” adına X37 İdarəsinin 3 saylı X29 platformanın zəmininə beton blokları quraşdıran zaman ayaqlarının altındakı beton döşəmənin dağılması nəticəsində suya düşmüş, nəticədə boğulmuşlar. Mərhum oğlu Zərərçəkmiş şəxs2 ölümü ilə əlaqədar heç bir şəxs və ya şəxslərə qarşı şikayət və tələbi yoxdur və bunun nəzərə alınmasını xahiş etmişdir (cild 2, iş vərəqə 164-173). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2006-cı il tarixindən “Neft Qaz Tikinti” Trestində işləyir. 7 saylı quraşdırıcı bölümünün birinci sahəsinin rəisi kimi isə vəzifəsi verilən tapşırığı keyfiyyətlə və təhlükəsizliklə yerinə yetirməkdən, tabeliyində olan işçilərə işlərin yerinə yetirilməsi ilə əlaqədar tapşırıqlar verməkdən ibarətdir, işçilərin ümumi təhlükəsizlik ilə bağlı məsələlərinə nəzarət edir, lakin obyektlərdə isə iş icraçısı tərəfindən nəzarət edilir. O, bölümün müavini Rasim və Zaur Quliyevlərə tabedir, tabeliyində 83 nəfər işçi var, müavini Azər Feyzullayevdir. Mərhum Zərərçəkmiş şəxs2 və Şirvan Ağaməmmədov onun sahəsində işləmişlər. Zərərçəkmiş şəxs2 qaynaqçı işləmiş, vəzifəsi qaynaq işlərini görməkdən ibarət olmuş, Şirvan Ağaməmmədov isə quraşdırıcı işləmiş, vəzifəsi metal konstruksiyası quraşdırmaqdan ibarət olmuşdur. 23 avqust 2023-cü il tarixdə trestdən ona “Nərimanov” adına NQÇİ 3 saylı yığım mərkəzinə təmirə gedəcəklərini bildirmişlər. Zərərçəkmiş şəxs2 və Şirvan Ağaməmmədovun daxil olduğu briqada 23 avqust 2023-cü il tarixdə 375 saylı EYM-dən 116 saylı EYM-ə getmiş, 24 avqust 2023-cü il tarixdə saat 6 radələrində heyət Nərimanov adına NQÇİ 3 saylı yığım mərkəzinə çatmışdır. O, həmin vaxt 620 saylı EYM-də kiçik gəmiləri gözləmişdir ki, nəzarət etdiyi obyektlərə getsin. Ona saat 6:55-də iş icraçısı Təqsirləndirilən şəxs zəng edərək ağlaya-ağlaya “Şirvan batdı, Şirvan batdı” demiş, o da elə bilmişdir ki, kran gəmisi “Şirvan” batıb. Sonra Təqsirləndirilən şəxs ona baş verənləri danışmış, dediyinə görə platformada iş icraçısı Samir, qaynaqçı Nuhbala, mərhum Zərərçəkmiş şəxs2 və mərhum Şirvan Ağaməmmədov olmuşdur, digər işçilər gəmiyə piltələri yükləmişlər. Şamo ilə Şirvan gəmidən qaldırılan beton blokları platformanın üzərindəki yerə oturtmalı imişlər. Şamo ilə Şirvan isə həmin kəndirdən tutaraq pilitəni platformanın üzərinə yerləşdirəndə Şamo ilə Şirvanın ayaqlarının altındakı beton döşəmə dağılmış və hər ikisi suya düşmüşdür. O, dərhal bu barədə Rasim Quliyevə, daha sonra isə Zaur Quliyevə zəng edib hadisə yerinə getmişdir. 8 radələrində hadisə yerinə çatmış, bir saat sonra dalğıclar tərəfindən mərhum Zərərçəkmiş şəxs2 və Şirvan Ağaməmmədovun meyitləri düşdükləri yerin dibindən tapılmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 və Şahid2 Şahid4 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid4 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdirlər (cild 2, iş vərəqə 123-126). Cinayət işinin materiallarında olan 24 avqust 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsindən 18 km məsafədə Xəzər dənizi istiqamətində yerləşən “Azneft” İBnin “Nəriman Nərimanov” adına X37 İdarəsinin 3 saylı X32. Hadisə yerinə “X27” QSC-ə məxsus “Ağdərə-4” gəmisi ilə Sahil qəsəbəsindəki limandan çıxış edilməklə gedilir. “Nəriman Nərimanov” adına X37 İdarəsinin 3 saylı X36 Sahil qəsəbəsi limanından təxminən 1 saat 42 dəqiqəlik məsafədə, Səngəçal qəsəbəsi limanından isə 18 km məsafədə yerləşir, koordinantları 40, 10257*N; 49,54206*E-dir. Mərkəzə yaxınlaşdıqda 2 ədəd ağ rəngli çən, 1 ədəd sarı rəngli qaldırıcı kran, 3 ədəd gəmi görünür. Mərkəzə çatdıqda “Şirvan” adlı tikinti gəmisi, “Orion-4” adlı dalğıc gəmisi, “Qaradağ-4” adlı gəmi orada idi. “Şirvan” adlı tikinti gəmisi ağ-göy rəngli olmaqla platformaya paralel şəkildə dayanmışdır. Gəmi platformaya sağ tərəfdən 2 “knext”-lə bağlanmışdır. Gəminin göyərtəsində çoxlu sayıda vaqonlar, tikinti əşyaları və məişət əşyaları vardır. Gəminin burun hissəsində sarı rəngli qaldırıcı kran vardır. Hal şahidlərinin deməsinə görə bu kran vasitəsi ilə gəmidə olan beton bloklar gəminin bağlandığı platformaya qaldırılır. Hadisənin baş verdiyi yer, yəni platformanın beton pilitəsinin dağılıb düşdüyü yer platformanın ortasında yerləşir. “Şirvan” adlı tikinti gəmisindən həmin yerə baxış keçirmək mümkün olmadığından platformaya qalxıb platformanın üzərinə qalxmaq üçün gəminin yan aldığı dəmir konstruksiyanın üzərinə çıxılır. Həmin konstruksiya, ümumiyyətlə platformadakı bütün dəmirlər paslanmış, pilləkənlərdən bəziləri sıradan çıxmış, pillələr arasında məsafələr çox idi. Platformanın üzərində 2 ədəd ağ rəngli xammal neftin saxlanılması üçün nəzərdə tutulmuş çən, paslanmış daşıyıcı borular vardır. Platformanın döşəməsi betondan idi, lakin bir çox yerlərdə beton pilitələr dağılmış, qəzalı vəziyyətdə idi, üzərində gəzdikdə titrəmə hiss edilirdi. Mərhum Zərərçəkmiş şəxs2 və mərhum X3 üzərində durduğu beton pilitənin ölçüsü 4x10 m-dir. Beton pilitə dağılıb suya düşdüyünə görə yer boşdur. Həmin yerdən suya qədər olan hündürlük təxminən 8-10 m, “Şirvan” adlı tikinti gəmisindən olan məsafə isə 12-15 m-dir. Dağılmış yerin yanında üst-üstə qoyulmuş yeni, ağ rəngli beton pilitələr var idi (cild 1, iş vərəqə 6-19). Cinayət işinin materiallarında olan 24 avqust 2023-cü il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, mərhum Şirvan Ağaməmmədovun meyitinin əynində qırmızı rəngli dəst kombinezon, öndən zəncirbəndli uniforma, qolsuz qara rəngli mayka, göy rəngli tuman, 1 cüt qara rəngli corab, 1 cüt qara rəngli qısa boğaz çəkmə vardır. Paltarların geyim qaydası pozulmayıb, köhnədir. Meyit kişi cinsi olub, düzgün bədən quruluşlu, kafi qidalıdır, boyu 168 m-dir. Meyit qacıması bütün qrup əzələlərində tam inkişaf etmişdir. Meyit ləkələri bədənin arxa və yan səthlərində olub bənövşəyi rəngdədir, təzyiq etdikdə rəngi avazıyır və 2-3 dəqiqə müddətində bərpa olunur. Başın tükləri alın-təpə nahiyəsində tökülmüşdür, qalan hissələrdə saçları ağlı-sarımtıl rəngdə olub uzunluğu 1-2 sm-ə qədərdir, ağzı qapalıdır. Dişləri tam və təbii olmaqla yerindədir. Gözləri yarım açıqdır, buynuz qişa parlaqdır. Meyitin burun və ağız boşluğu ətrafında köpüklü maye vardır. Bu da “kuşevski” əlamətidir. Meyitin yuxarı və aşağı ətraflarında suda çox qalmağa xarakterik olan dəri qırışmaları vardır. Meyitin bədən səthində digər xəsarət aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs2 meyitinin əynində göy rəngli dəst kombinezon, öndən zəncirbəndli uniforma, boz rəngli tuman, 1 cüt qara rəngli corab, 1 cüt qara rəngli uzun boğaz çəkmə vardır. Paltarların geyim qaydası pozulmayıb, köhnədir. Meyit kişi cinsi olub düzgün bədən quruluşlu, kafi qidalıdır, boyu 169 m-dir. Meyit qacıması bütün qrup əzələlərində tam inkişaf etmişdir. Meyit ləkələri bədənin arxa və yan səthlərində olub bənövşəyi rəngdədir, təzyiq etdikdə rəngi avazıyır və 2-3 dəqiqə müddətində bərpa olunur. Başın tükləri alın-təpə nahiyəsində tökülmüşdür, qalan hissələrdə saçları ağlı-qaralı rəngdə olub uzunluğu 2-3 sm-ə qədərdir, ağzı qapalıdır. Dişləri tam və təbii olmaqla yerindədir. Gözləri yarım açıqdır, buynuz qişa parlaqdır. Meyitin burun və ağız boşluğu ətrafında köpüklü maye vardır. Bu da “kuşevski” əlamətidir. Meyitin yuxarı və aşağı ətraflarında suda çox qalmağa xarakterik olan dəri qırışmaları vardır. Meyitin bədən səthində digər xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəqə 20-26). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X17 X28 14 sentyabr 2023-cü il tarixli 71 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 1960-cı il təvəllüdlü mərhum X3 meyitinin məhkəmə-tibbi ekspertizasında hər hansı xəsarət aşkar edilməmişdir. X3 ölümünə səbəb tənəffüs yollarının maye (su) ilə tutulması nəticəsində baş vermiş mexaniki asfiksiya olmuşdur. Gözün ağlı qişasına, ağciyərlərə, ürəyə nöqtəvari qansızmaların olması, daxili orqanların doluqanlılığı bu növ ölümün təsdiq edici əlamətlərindəndir. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum X3 ölümü onun meyitxanada müayinə olunduğu (xx.xx.2023-cü il tarixdə saat 14:10-da) 4-8 saat əvvəl baş vermişdir. X3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (cild 2, iş vərəqə 95-101). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X17 X28 14 sentyabr 2023-cü il tarixli 72 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 1984-cü il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs2 meyitinin məhkəmə-tibbi ekspertizasında hər hansı xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs2 ölümünə səbəb tənəffüs yollarının maye (su) ilə tutulması nəticəsində baş vermiş mexaniki asfiksiya olmuşdur. Gözün ağlı qişasına, ağciyərlərə, ürəyə nöqtəvari qansızmaların olması, daxili orqanların doluqanlılığı bu növ ölümün təsdiq edici əlamətlərindəndir. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum Zərərçəkmiş şəxs2 ölümü onun meyitxanada müayinə olunduğu (xx.xx.2023-cü il tarixdə saat 14:10-da) 4-8 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (cild 2, iş vərəqə 102-107). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 sentyabr 2023-cü il tarixli 10/6526 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar “İş icraçısının vəzifə standartı”-nın 2 və 3-cü bəndlərinin, “Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları”-nın 2.7.2 və 2.7.13-cü bəndlərinin və “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”-nın 1. 29, 2.1, 2.2 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsindən 18 km məsafədə X19 adına NQÇİ-nin 3 saylı X29 platformanın meydançasına beton blokların quraşdırılması işləri ilə əlaqədar işçilər üçün təhlükəli istehsalat faktorları olan zonaların müəyyən edilməsi və işlərin texnoloji ardıcıllığı təmin edilmədiyinə görə “İş icraçısının vəzifə standartı”-nın 2, 3-cü bəndlərinin, “Neftqazçıxarma” sənayesində təhlükəsizlik qaydaları”-nın 2.7.2, 2.7.13-cü bəndlərinin və “Tikinti norma və qaydaları İİİ-4-80, 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 1.29, 2.1, 2.2 bəndlərinin tələbləri “Neft Qaz Tikinti” Tresti 7 saylı tikinti quraşdırma bölümündə iş icraçısı işləyən Təqsirləndirilən şəxs Zəhmağa oğlu tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda zərərçəkmiş Zərərçəkmiş şəxs2 və X3 özləri tərəfindən təhlükəsizlik texnikası qaydalarının tələblərinin pozulması halı müəyyən edilməmişdir (cild 2, iş vərəqə 108-114). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.4-cü maddəsi üzrə azadlıqdan məhrum etmə növündə əsas cəza təyin edilməklə yanaşı, həmin maddə üzrə ona dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası da əlavə cəza kimi təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin ediləcək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi 129 saylı MKİS tərəfindən verilmiş 18 oktyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Səttar Nəcəfov küçəsi ev 20 ünvanında arvadı X14, oğlu 12 may 2007-ci il təvəllüdlü X18 və oğlu 1 avqust 2012-ci il təvəllüdlü X9 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs barəsində yaşadığı müddət ərzində qonşuları və qəsəbə əhalisi tərəfindən Qobustan qəsəbəsi 129 saylı MKİS-ə heç bir rəsmi şikayət daxil olmamışdır (cild 2, iş vərəqə 175-177). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğu Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin 20 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 198). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və etirafedici ifadə verərək səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Cinayət işinin materiallarında olan notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, zərərçəkmiş şəxslərin hüquqi varisləri X7 və X8 Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbləri yoxdur (cild 2). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin hüquqi varisləri X7 və X8 ilə barışmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin hüquqi varisləri X7 və X8 ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən bu hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdırıcı halların olmamasını, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və etirafedici ifadə verərək səmimi peşman olmasını, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzaya münasibətdə cəza çəkmədən islah olunması mümkündür və barəsində cəza təyin edilməklə həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə alaraq məhkumun əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzaya münasibətdə cəza çəkmədən islah olunmasını mümkün sayır. Cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçmə haqqında” 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 23 oktyabr 2023-cü il tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 226-228). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.4-cü maddəsi ilə tövsif edərək ona həmin maddənin sanksiyasının ən aşağı həddində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 102 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı şərti məhkum etmə tətbiq edilməklə ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin və əlavə cəzanın çəkilməsinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 102 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar