Məhkəmə qərarları › İş №1(101)-976/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-976/2021

14.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-976/2021 14.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, iştirakları ilə, xx xxxxxxx 1991-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 07 mart 2016-cı il tarixli qərarı ilə hökmlə təyin edilmiş cəzanın 7 il 18 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Ağdam rayonunun İsmayılbəyli kəndində pasport qeydiyyatında olan, ünvan 1 ünvanında faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən külli miqdarda - 2,165 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı-Ələt yolunun 33-cü kilometrliyində yerləşən “Qaradağ” marketin yaxınlığına daşımış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 13 avqust 2020-ci il tarixdə saat 19:30-da qeyd olunan yerdə saxlanılmaqla Baş İdarəyə dəvət edilmiş, orada həmin gün saat 21:31-dən etibarən barəsində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən çıxarıb polis əməkdaşlarına təqdim etdiyi satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı 1 ədəd şəffaf sellofan bükümdə külli miqdarda - təmiz çəkisi 2,165 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ondan götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, 12 avqust 2020-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olan qohumu Şahid4 ilə danışmışdır ki, növbəti günü, yəni 13 avqust 2020-ci il tarixdə arvadının və azyaşlı övladının gətirilməsi üçün Bərdə rayonuna birgə getsinlər. Digər qohumu Şahid5 da bacısı Bərdə rayonunda ərdə olduğundan o, da birlikdə Bərdə rayonuna getmək istədiyini bildirmiş və onunla razılaşmışlar. Bu qaydada 13 avqust 2020-ci il tarixdə günortadan sonra Şahid4 ilə görüşüb onun taksi fəaliyyəti ilə məşğul olduğu “Daewoo Gentra” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xalasının evinə gedib ondan 100 manat borca pul götürmüş, sonra isə 7-ci mikrorayonda Şahid5 da götürüb birlikdə Bakıdan Bərdə rayonuna getmək məqsədi ilə hərəkət etməyə başlamışlar. Yolda Elnur siqaret almaq istədiyindən Bakı-Ələt yolunda yerləşən “Qaradağ” marketin yaxınlığında avtomobili saxlamağı demiş, bu zaman qarşılarını bir avtomaşın kəsmişdir. Avtomaşında Şahid5 ön sərnişin oturacağında oturmuş, özü isə arxada oturacaqda uzanmışdır. Avtomaşın “Qaradağ” marketin yanında dayandıqdan sonra qəflətən maşına polislər basqın etmiş və onların əl-qoluna qandal vurmuşlar. Polislər həmin yerdə maşına baxış keçirmişlər, maşının “bardaçokundan” onun sənədləri olan çantasını götürüb, içərisində narkotik olmasını deyərək, onun şəxsiyyətini dəqiqləşdirmişlər və sonra hər üçünü birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Həmçinin Şahid4 idarə etdiyi avtomaşın da həmin idarəyə aparılmışdır. İdarədə hər üçünü ayrı-ayrı otaqlarda saxlamışlar. Daha sonra məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, heç bir vaxt narkotiklərin satışı ilə məşğul olmamış, əvvəllər 2-3 dəfə qurudulmuş marixuana qəbul etmiş, bundan sonra isə qəbul etməmişdir. Avtomaşının “bardaçokunda” onun sənədləri olan kiçik çantanın içərisinə psixotrop maddə metamfetamini polis əməkdaşları qoymuşlar və sonra tələb etmişlər ki, video çəkiliş zamanı cibindən çıxarıb masanın üzərinə qoysun və ona məxsus olmasını bildirsin. Çantada olan sənədlər onun olduğu üçün narkotik vasitənin də ona məxsus olduğu deyilmişdir. Lakin nə onun üzərində, nədə ki, çantasında tutulan zaman psixotrop maddə metamfetamin olmamışdır. Bundan başqa, onun üzərinə baxış keçirilərkən hal şahidləri olmamış, video çəkiliş ilə keçirilən baxış isə hadisədən 2 gün sonra, yəni Nərimanov rayon məhkəməsinə barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması üçün aparılmazdan 1-2 saat əvvəl həyata keçirilmişdir. Bundan bir gün əvvəl isə polis əməkdaşları onun əl-ayağı bağlayıb tək kameraya salmışlar və narkotik vasitənin ona məxsus olmasını çəkilişdə etiraf etmədiyi halda üzərinə tapança qoyacaqlarını bildirmişlər. Polis əməkdaşlarının ona qarşı etdiyi qanunsuz hərəkətlər barədə şikayət etməmişdir. İbtidai istintaq zamanı verdiyi bütün ifadələr və video çəkiliş zamanı dedikləri sözlər də məcburiyyət altında olmuşdur. Polis əməkdaşları hətta onu qohumu Şahid4 qarşıda ifadə verərək onunla əlbir olmasını deməyi məcbur etmək istəmişlər, lakin o, buna razı olmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəmədə göstərdi ki, o evlidir, himayəsində bir azyaşlı övladı var. 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonra 2016-cı ildə Nərimanov məhkəməsinin qərarı ilə şərti olaraq vaxtından əvvəl buraxılmışdır. Həmin müddətdən sonra demək olar ki, heç yerdə işləməmiş, iş düşəndə fəhləlik etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, təxminən bir il müddətdir ki, folqa ilə tüstüsünü qəbul etmək yolu ilə “şüşə” adı ilə tanınan psixotrop maddə olan metamfetamin qəbul etmişdir. Təxminən 2020ci ilin avqust ayının 10-da saat 20 radələrində şəhər daxili 1 manatlıq taksilərdən biri ilə yaşadığı ev istiqamətində hərəkət etdiyi zaman taksidə sərnişin qismində olan “Nurlan” adlı şəxs ilə tanışlıqları yaranmışdır. Bakı şəhəri Binəqədi rayonu ərazisində “Təzə Yol” kimi tanınan ərazidə hər ikisi də taksidən düşərək piyada hərəkət etməyə başlamışlar. Piyada getdikləri zaman aralarında narkotiklə bağlı söhbət yaranmış, “Nurlan” adlı şəxs onda psixotrop maddə metamfetamin olduğunu və pul lazım olduğu üçün onu 60 manata satdığını bildirmişdir. Bu zaman “Nurlan” adlı şəxsdən həmin psixotrop vasitəni 60 manat verərək almaq istədiyini demişdir. Araların olan razılaşmaya əsasən 60 manat verərək “Nurlan” adlı şəxsdən həmin 1 ədəd sellofan bükümdə olan metamfetamini almışdır. Həmin psixotrop maddəni aldıqdan sonra əynində olan şalvarın cibinə qoyaraq yaşadığı evə getmişdir. Həmin gecə əldə etdiyi psixotrop maddə olan metamfetaminin bir hissəsini istifadə etmiş, qalan hissəsini isə şalvarının cibində saxlamışdır. 13 avqust 2020-ci il tarixdə qohumları Şahid5 və Şahid4 ilə birlikdə Bakı-Ələt yolunun 33-cü kilometrliyində yerləşən “Qaradağ” marketin qarşısında Şahid4 idarə etdiyi “Daewoo Gentra” markalı, **- UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman saat 19:30 radələrində 3 nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlara da özlərini təqdim etmələrini xahiş etmişlər. O, Şahid5 və Şahid4 özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq törətdiyi cinayət əməlini etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onları polis idarəsinə dəvət etmişlər. O, Şahid5 və Şahid4 buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişlər. Şahid4 idarə etdiyi avtomobildə polis idarəsinə gətirilmişdir. Polis idarəsində hüquqlarının müadafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra polis əməkdaşları tərəfindən video çəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış, Şahid5 və Şahid4 üzərinə isə baxış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman əyinində olan şalvarının cibində psixotrop maddə olan metafetamin olduğunu bildirib, əynindəki qara rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd şəffaf sellofan bükümü və 10 manat pulu, şalvarının sol yan cibində olan bir ədəd “Redmi nout 8” markalı mobil telefonu və özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümün içində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində psixotrop maddə olan metafetamin olduğu aşkar olunmuşdur. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş bir ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamini təxminən 3 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “Nurlan” adlı şəxsdən 60 manata öz istifadəsi üçün aldığını, az bir hissəsini özü istifadə etdiyini və qalan hissəsini isə üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş bir ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qoyulub qablaşdırılmış və qablaşmanın üzəri onlar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 10 manat pul özünə qaytarılmış, üzərindən aşkar edilmiş şəxsiyyət vəsiqəsi və bir ədəd “Redmi nout 8” markalı mobil telefon isə polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra polis əməkdaşları tərəfindən Şahid5 və Şahid4 üzərinə baxış keçirilmişdir. Baxış zamanı onların üzərindən qanunsuz hər hansı bir əşya və yaxud vasitə aşkar olunmamışdır. Sorğu zamanı Şahid5 və Şahid4 onun qohumları olduqlarınını, onun üzərində psixotrop maddə olmasından məlumatsız olmalarını, özlərinin narkotik vasitə və psixotrop maddələrdən istifadə etmədiklərini, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmadıqlarını bildirmişlər. Bundan sonra şəxsi axtarış və baxış keçirilməsi ilə bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o, Şahid5 və Şahid4 tərəfindən imzalarla təsdiq edilmişdir. O, həmçinin qeyd etmişdir ki, törətdiyi cinayət əməlindən peşimandır. Üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını, ümumiyyətlə narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 12 avqust 2020-ci il tarixdə qohumu Təqsirləndirilən şəxs zəng edib, taksi pulunu ödəmək şərti ilə onunla birgə Bərdəyə ailəsini gətirmək üçün getməsini xahiş etmişdir. Növbəti gün ayın 13-də Anar əvvəlcə xalası ilə görüşüb ondan pul götürmüş, sonra isə birgə Binəqədi yolunda yanacaqdoldurma məntəqəsində maşına benzin vuraraq 7-ci mkr-da Bolluq bazarının yaxınlığında Şahid5 götürmüşlər. Belə ki, Şahid5la da qohum olduqlarından, o da Bərdəyə öz qohumları ilə görüşməyə getmək üçün onlara qoşulmuşdur. Bakı-Ələt yolu ilə hərəkət edərkən Elşən düşüb siqaret almaq üçün marketə getmək istədikdə bir neçə şəxs avtomobilə yaxınlaşıb qapıları açaraq onlardan avtomobildən düşməyi tələb etmişlər. Mülki qeyimdə olan həmin şəxslərdən kim olduqlarını soruşduqda, onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər, yaxınlaşmaqlarının səbəbi kimi isə narkotik vasitələr və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olduqlarından şübhələndiklərini demişlər. Polis əməkdaşları hər üçünün əl-qolunu bağlayıb öz maşınlarına əyləşdirmiş və birgə Baş İdarəyə gedəcəklərini demişlər. Lakin sonradan onun “Daewoo Gentra” markalı, **-UZ-*** dövlət nömrə nişanlı avtomobilini polis əməkdaşları idarə edə bilmədikləri üçün onun bir qolu qandal ilə öz avtomaşınını idarə etməyə məcbur etmişlər. Baş idarədə onların üçü də bir otağa salınmışlar və polislər üçünündə üzərilərində nəyin olduğunu bildiklərini deməklə onlardan narkotik vasitələrin və psixotrop maddələrin təqdim edilməsini tələb etmişlər. Polislərə onlarda narkotiklərin olmadığını dedikdə polislər ona bir şillə vurub sakit durmasını tələb etmişlər və Anarın çantasında psixotrop maddənin olmasını deyib ona köməklik etməsində günahlandırmağa çalışmışlar. Buna cavab olaraq polislərə Anarın çantasında nə olduğunu bilmədiyini, qohum olmalarına baxmayaraq Anarın narkotiklərdən istifadə etməsindən xəbərinin olmadığını bildirmiş və polislər onun ifadəsini alaraq buraxmışlar. Daha sonra verilən suallara cavab olaraq Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi ilə bağlı video çəkilişdə iştirak etmiş, lakin bu video çəkiliş onlar tutulan günü deyil, bir və ya iki gün sonra olmuşdur. Anar polislərə psixotrop maddənin özünə məxsus olmasını, onunla Elşənin günahının olmamasını dedikdən sonra polislər onlardan əlçəkmişlər. Lakin onu avtomobili bir gün Baş idarədə qalmışdır. Anarın üzərində narkotik vasitənin aşkar edilməsi ilə bağlı video çəkilişdə Elşənlə birlikdə iştirak etmiş, bu zaman masanın üstündə sellofanda bir büküm görmüş, lakin həmin bükümün haradan ortaya çıxdığına fikir verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, əmisi oğlu Təqsirləndirilən şəxs və bibisi nəvəsi Şahid4 Bərdə rayonuna getmələrini eşidib özü də həmin rayonda yaşayan bacısı gilə getmək üçün onlara qoşulmuşdur. Bu məqsədlə 2020ci ilin avqust ayının 13-də Anar və Elnur ilə görüşərək birlikdə sonuncunun idarə etdiyi avtomobil ilə Bərdə rayonuna yola düşmüşlər. Bakı-Ələt yolu ilə hərəkət edərkən “Qaradağ” marketin qarşısında avtomobili dayandırdıqdan sonra siqaret almaq üçün düşdükdə onları qəflətən Baş Mütəşəkkill Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tutmuşdur. Polislər qışqırmaqla və onları vurmaqla basqın etdiyindən nə baş verdiyini tam anlamamışdır. Polislər onların üst-başını yoxlamışlar, lakin heç nə tapa bilməmişlər. Bundan sonra polislər onları Baş Mütəşəkkill Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Orada da polisilər tərəfindən döyülmüşlər, 2 sutka polislər tərəfindən orada saxlanıldıqdan sonra buraxılmışlar. Təqsirləndirilən şəxs üzərində psixotrop maddənin aşkar edilməsi ilə bağlı video çəkiliş tutulduqdan bir gün sonra aparılmış, həmin vaxt Anarıln üzərində heç nə olmamış, lakin polislər masanın üzərinə bir büküm qoyub çəkiliş aparmağa başlamışlar. Təqsirləndirilən şəxs Elnura və ona problem yaranmasın deyə psixotrop maddəni məcburən öz üzərinə götürdüyü üçün buna etiraz etməmişdir. Daha sonra verilən suallara cavab olaraq Şahid5 bildirmişdir ki, əmisi oğlu Anarın nə vaxtsa narkotik vasitə və ya psixotrop maddə qəbul etməsini görməmiş və ümumiyyətlə onun istifadə etməsini də bilməmişdir. Polislərin tərtib etdiyi sənədləri, o cümlədən, tarixi və vaxtı düzgün olmayan protokolu ona təzyiq edilməsi səbəbindən məcburən oxumadan imzalamışdır. Bundan başqa Şahid5 ifadəsində göstərmişdir ki, Baş İdarədə Elnur və Anardan ayrılıqda olmuş, polislər tərəfindən döyülməsi nəticəsində üzərində heç bir xəsarət olmamış və bununla bağlı şikayət etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 13 avqust 2020-ci il tarixdə “Anar” adlı şəxsin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib, üzərində saxlayaraq daşıması barədə etimad doğuran mənbədən məlumat daxil olmuşdur. Həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində “Anar” adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun xx.xx.1991-ci il tarixdə Ağdam rayonu, İsmayılbəyli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Mənbədən alınan məlumatın yoxlanılması məqsədi ilə Baş İdarənin rəisinə raportla məruzə edilmiş və icazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün 3 nəfərdən yəni, ondan, əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis baş leytenantı X2 ibarət qrup yaradılmışdır. Qrupa rəhbərlik ona həvalə olunmuşdur. Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi üçün tədbirlər davam etdirmişlər. 13 avqust 2020-ci il tarixli qərarın icra edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs 13.08.2020-ci il tarixdə saat 19:30-da Bakı-Ələt yolunun 33-cü kilometirliyində yerləşən “Qaradağ” marketin qarşısında tanışları Şahid5 və Şahid4 ilə birlikdə sonuncunun idarə etdiyi “Daewoo Gentra” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq həmin avtomobillə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan təhqiqatçı tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində 13 avqust 2020ci il tarixdə saat 21:31-də şəxsi axtarış və götürmə aparılmasına, Şahid5 və Şahid4 üzərinə baxış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl təhqiqatçı tərəfindən barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin video çəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd şəffaf sellofan bükümü və 10 manat pulu, şalvarının sol yan cibində olan bir ədəd “Redmi 8” markalı mobil telefonu və özünə məxsus şəxsiyyət vəsiqəsini çıxardıb təqdim etmişdir. Həmin sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamini təxminən üç gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “Nurlan” adlı şəxsdən 60 manata öz istifadəsi üçün aldığını, az bir hissəsini özü istifadə etdiyini və qalan hissəsini isə üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 10 manat pul təhqiqatçı tərəfindən iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bundan sonra Şahid4 idarə etdiyi “Daewoo Gentra” markalı, **-UZ-*** dövlət nömrə nişanlı avtomobilə də video çəkilişlə baxış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Həmçinin Şahid4 və Şahid5 da üzərilərində narkotik vasitə, psixotrop maddə və digər qanunsuz əşyalar aşkar olunmadığından onlar sərbəst buraxılmışlar. Daha sonra məhkəmədə verilən suallara cavab olaraq Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs, Şahid4 və Şahid5 saxlanıldıqdan sonra Baş idarəyə gətməyə etiraz etməmişlər, onlara qarşı hər hansı fiziki və psixi zor tətbiq etmə, hədəqorxu gəlmə halları olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə satması faktı müəyyən edilməmişdir. İlkin olaraq mənbədən belə bir məlumat daxil olmuş, lakin sonradan satış faktı öz təsdiqini tapmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 13 avqust 2020-ci il tarixdə Anar adlı şəxsin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib, üzərində saxlayaraq daşıması barədə məlumat əməliyyat müvəkkili Şahid1 daxil olmuşdur. Bunun əsasında əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri Şahid1 təyin edilmişdir. Həmçinin əməliyyat tədbirləri nəticəsində Anar adlı şəxsin şəxsiyyəti müəyyən edilmişdir. Əməliyyat qrupu 3 nəfərdən yəni, onunla birlikdə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və əməliyyat müvəkkili, polis baş leytenantı X2 ibarət tərkibdə yaradılmışdır. “Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qəbul edilmiş 13 avqust 2020-ci il tarixli qərarın icra edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs həmin gün saat 19:30-da Bakı-Ələt yolunun 33-cü kilometirliyində yerləşən “Qaradağ” marketin qarşısında tanışları Şahid5 və Şahid4 ilə birlikdə sonuncunun idarə etdiyi “Daewoo Gentra” markalı, **-UZ-*** nömrəli avtomobilin yanında saxlanılaraq, hər üç şəxs həmin avtomobillə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və orada Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Onun üzərində narkotik vasitələrin, psixotrop maddələrin, eləcə də qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan təhqiqatçı tərəfindən video çəkilişdən istifadə edilməklə saat 21:31-də şəxsi axtarış və götürmə aparılmasına başlandı. Təqsirləndirilən şəxs isə buna etiraz etmədi. Daha sonra Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə, psixotrop maddə və sair qanunsuz əşyaları könüllü surətdə təqdim edilməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd şəffaf sellofan bükümü və 10 manat pulu, şalvarının sol yan cibində olan bir ədəd “Redmi 8” markalı mobil telefonu və özünə məxsus şəxsiyyət vəsiqəsini çıxardıb təqdim etdi. O, şəffaf sellofan bükümün içində psixotrop maddə metamfetamin olduğunu bildirdi. Həmin sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edildi. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamini təxminən üç gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “Nurlan” adlı şəxsdən 60 manata öz istifadəsi üçün aldığını, az bir hissəsini özü istifadə etdiyini və qalan hissəsini isə üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra aşkar olunmuş psixotrop maddə metamfetamin təhqiqatçı tərəfindən qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs ilə birlikdə saxlanılaraq Baş İdarəyə gətirilmiş Şahid5 və Şahid4 da üzərilərinə baxış keçirilmiş, lakin onların üzərində narkotik vasitə və psixotrop maddə, həmçinin digər qanunsuz əşyalar aşkar edilməmişdir. Bundan sonra, Şahid4 idarə etdiyi “Daewoo Gentra” markalı, **-UZ-*** dövlət nömrə nişanlı avtomobilə də baxış keçirilmiş, lakin baxış zamanı qanunla qadağan edilmiş narkotik vasitə, psixotrop maddə, digər qanunsuz alət və vasitələr aşkar olunmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin ona məxsus olmasına etiraz etməmiş, əksinə, satmaq niyyətinin olmadığını və öz istifadəsi üçün aldığını göstərmişdir. Daha sonra o bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat olmuş, lakin bunu təsdiq edən konkret sübut və ya fakt olmamışdır. Həmçinin o, qeyd etmişdir ki, Təqsirləndirilən şəxs və onunla birlikdə saxlanılan Şahid5 və Şahid4 qarşı zor tətbiq edən, onlara fiziki və ya psixi təsir göstərən olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X3 şahidlər Şahid1 və Şahid2 ilə oxşar məzmunlu ifadələr verərək onların ifadələrində qeyd etdikləri xüsusatları bir daha təsdiq etmişdir. Həmçinin məhkəmədə verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat olmuş, lakin bunu təsdiq edən sübut və ya fakt onlarda olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 avqust 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsində, saxlanılmasında və daşınmasında şübhəli bilinərək həmin gün saat 18:30-da Bakı-Ələt yolunun 33-cü kilometrliyində yerləşən “Qaradağ” marketin qarşısında saxlanılaraq Baş İdarəyə gətirildiyindən onun barəsində şəxsi axtarış və götürülmə aparılmalıması zərurəti yaranmışdır. Göründüyü həmin qərarda Təqsirləndirilən şəxs saxlanıldığı vaxt verilmiş ittiham üzrə göstərilmiş saat 19:30 deyil, 18:30 kimi qeyd edilmişdir. (Cild 1, iş vərəqə 23) Cinayət işinin materiallarında olan “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 13 avqust 2020-ci il tarixli protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 19:30-da Bakı-Ələt yolunun 33-cü kilometrliyində yerləşən “Qaradağ” marketin qarşısında tanışları Şahid5 və Şahid4 ilə birlikdə sonuncunun idarə etdiyi “Daewoo Gentra” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Baş İdarədə saat 21:31-də başlanılan onun barəsində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə video çəkilişlə aparılmış və video görüntülərin əks olunduğu “DVD” formatlı disk protokola əlavə edilmişdir. (Cild 1, iş vərəqə 24-27) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 avqust 2020-ci il tarixli protokolda qeyd olunan xüsusatlar, həmin istintaq hərəkətinin qeydə alındığı video görüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 14 avqust 2020-ci il tarixli 6/1556 №-li rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 6 dairəvi möhür əksi “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir büküm psixotrop maddə metamfetaminə oxşar maddə” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 2,165 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına daxildir. (Cild 1, iş vərəqə 50-54) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji ekspertizasının 12 noyabr 2020-ci il tarixli, 3163 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 166-167) Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi və onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması istiqamətində əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmadığını, üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni nə vaxt, harada və kimdən əldə etməsini, həmçinin psixotrop maddələrin satışı ilə məşğul olmasını görə biləcək şahidləri, külli miqdarda psixotrop maddə metamfetamini Bakı şəhəri Binəqədi rayonunda yerləşən “Təzə Yol” deyilən ərazidə 60 manata aldığı “Nurlan” adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqə 133) İş materiallarında olan 15 avqust 2020-ci il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tədqiqatdan sonra qalıq çəkisi 2,115 qram olan psixotrop maddə - metamfetamin maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 117-118) İş materiallarında olan 15 avqust 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən Təqsirləndirilən şəxs barəsində aparılan şəxsi axtarış və götürmə zamanı çəkilən video görüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqə 171-185) Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işindən, Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetaminin əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə ayrıca material ayrılmışdır (cild 1, iş vərəqə 206-207) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir. Məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı “Sübutların qiymətləndirilməsi haqqında” 15 mart 2021-ci il tarixli qərarda, cinayət qanununun normalarına və vahid məhkəmə təcrübəsinə istinad edərək təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” sübuta yetirlməsini göstərməyə çalışsa da, əksinə toplanmış sübutlar və istinad etdiyi normalar, həmçinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən irəli gələn izah və tövsiyyər, təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” olmadığını təsdiq edir. İstintaq orqanı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən psixotrop maddəni satacağı istehlakçı ilə razılığın əldə edilməsi, psixotrop maddənin çəkilib bir neçə xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Daha sonra, istintaq orqanı həmin qərarda təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən “təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, özünün ifadəsi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, şahidlərin ifadələri, məhkəmə-kimyəvi, ambulator-narkoloji ekspertizalarının rəyləri, maddi sübutlar və digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir” cümləsi ilə öz gəldiyi nəticəni əsaslandırmağa çalışsa da, faktiki olaraq mövcud olmayan sübutlara istinad edib əsassız qənaətə gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi bütün izahat və ifadələrində psixotrop maddəni şəxsi istehlakı üçün əldə etdiyini göstərmişdir. İstintaq orqanının istinad etdiyi istintaq hərəkətlərinin protokolları, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və digər sənədlərdə də təqsirləndirilən şəxsin psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut və dəlil yoxdur. Əksinə istintaq orqanının məhkəməyədək icraat materiallarına əlavə etdiyi əməliyyat tapşırığına cavabının məzmunundan bəlli olur ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasının müəyyən edilməsi, eləcə də bunu təsdiq edən şahidlərin tapılması mümkün olmamışdır. (Cild 1, iş vərəqə 133) Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, təqsirləndirilən şəxsin ətrafında əməliyyat tədbirlərini həyata keçirən və istintaq orqanının əsas şahidləri olan polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələrindən də göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə ilkin əməliyyat məlumatlarının olmasına baxmayaraq, sonradan bu məlumatlar öz təsdiqini tapmamışdır. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, yalnız psixtrop maddənin külli miqdarda olmasına materiallarda öz əksini tapan sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Məhkəmə, ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, narkomaniya xəstəliyindən əziyyət çəkən Təqsirləndirilən şəxs üstündə aşkar edilmiş psixotrop maddənin miqdarının şəxsi istehlak miqdarından artıq - külli miqdarda olması, digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs və onunla qohumluq münasibətlərində olan şahidlər Şahid4 və Şahid5 məhkəmədə verdikləri ifadələrində göstərdikləri bəzi hallara, yəni polis əməkdaşları tərəfindən fiziki və psixi təsirə məruz qalmaları, psixotrop maddənin polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə qoyulması və istintaq hərəkətlərinin prosessual normalara zidd aparılması xüsusatlarına tənqidi yanaşır və həmin ifadələri yalnız bu hissələrdə mötəbər sübut kimi qəbul etməyərək təqsirləndirilən şəxsin müdafiə mövqeyinə, şahidlərin isə qohumluq münasibətlərinə söykənən subyektiv mülahizələr hesab edib, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhd kimi qiymətləndirir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli Qərarının 14-cü bəndinə əsasən satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən nəzərə alınmalıdır ki, CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X4rşı, § 29). Kondraşinanın Rusiya Federasiyasına qarşı işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X10 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X8rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, “Milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər. Bu isə məhkəməyə əsaslı müraciətlərin sayının azalmasına gətirib çıxarmaqla iş yükünün də kəmiyyətinin aşağı düşməsinə səbəb olacaqdır”. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə az ağır cinayətlər kateqoriyasına aid edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2018-ci il təvəllüdlü bir qız övladı var. Həmçinin iş materiallarında olan xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs yaşayış (qeydiyyat) yeri üzrə müsbət xarakterizə olunur. (cild 1, iş vərəqə 168-170) Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımından hesab edirki, Təqsirləndirilən şəxs evli olması və yaşayış (qeydiyyat) yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş məhkəmənin müvafiq hökmü və qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 07 mart 2016-cı il tarixli qərarı ilə hökmlə təyin edilmiş cəzanın 7 il 18 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (cild 1, iş vərəqə 135-145) Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət (burada: Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi) törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu, baxılan iş üzrə cinayət hadisəsinin baş verdiyi 13 avqust 2020-ci il tarixə, bunun üçün qanunla müəyyən olunan 6 il keçmədiyindən, ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu və bu məhkumluğun doğuracağı hüquqi nəticələrlə bağlı məhkəmə qeyd edir ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2013-cü il tarixli hökmünə əsasən qəsdən cinayət törətməyə görə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını cəzaçəkmə müssisəsində çəkmişdir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən az ağır cinayətin törədilməsi onun əməlində cinayətlərin residivini yaradır. Məhkəmə bu halı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun əməlinin cinayətlərin residivini yaratmasını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edildiyindən və təyin olunan cəza çəkilməli olduğundan qeyd olunan qətimkan tədbiri çıxarılacaq hökmlə dəyişdirilib “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı və cəza çəkməsinin əvvəli hökmün elan olunacağı 14 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 13 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 15 avqust 2020-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı təmin edilməyərək həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. İbtidai istintaq orqanının 15 avqust 2020-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqə 18, 110-115) Şərh olunanlarla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 13 avqust 2020-ci il tarixdən 15 avqust 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin edilən qəti cəza müddətinə hesablanmaqla çıxılmalı, cəza çəkməsinin əvvəli isə baxılan iş üzrə hökmün elan edildiyi 14 iyun 2021-ci il tarixdən hesablanmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,115 qram olan psixotrop maddə - metafetamin məhv edilməli, iş materiallarında olan 2 (iki) ədəd disk (1 ədədi maddi sübut kimi tanınan “DVD” formatlı daxil olmaqla) cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. (cild 1, iş vərəqə iş vərəqə 51). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 26 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 2 saylı hüquq məsləhətxanasının hesabına 156 (yüz əlli altı) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 27.12.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs 13 avqust 2020-ci il tarixdən 15 avqust 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək "həbs" qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli hökmün elan olunduğu 14 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,115 qram olan psixotrop maddə - metamfetamin məhv edilsin, iş materiallarında olan 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 156 (yüz əlli altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar