Məhkəmə qərarları › İş №1(101)-976/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-976/2022

14.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-976/2022 14.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, “Femida” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib, üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs özünə məlum olan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlayaraq, daşımış, 07 yanvar 2022-ci il tarixdə saat 16:30 radələrində ünvan 3 binanın qarşısında Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, Nərimanov rayon Polis İdarəsinə gətirilmiş, polis idarəsinin xidməti otaqlarından birində üzərinə aparılmış şəxsi axtarış və götürmə zamanı əynindəki qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə, təmiz çəkisi 2,501 qram olan ağ rəngli kristallik formada maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, marixuanadan istifadə edir. Saxlanıldığı gün oğlugilə gəlmiş, sonra oradan itini gəzdirmək üçün çıxmışdır. Piyada itini gəzdirərkən 3-4 nəfər mülki geyimli şəxslərin ona diqqətlə baxdıqlarını görüb onların polis əməkdaşları olduqlarından şübhələnmişdir. Həmin zaman üzərində narkotik vasitə olduğundan həmin ünvandan uzaqlaşmağa cəhd etmişdir. Bu zaman həmin şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib onun narkotik maddələrdən istifadə etməyindən şübhələndiklərini deyərək onlarla Nərimanov rayon Polis İdarəsinə getməsini bildirmiş, onu və itini maşına mindirib polis bölməsinə aparmışlar. Onun üzərində ittihamda göstərilən çəkidə narkotik vasitə olmamışdır. Onu məcbur etmişlər ki, polis əməkdaşlarının dedikləri miqdarda narkotik vasitəni öz boynuna götürsün. O, təzyiqlər nəticəsində narkotik vasitəni boynuna götürmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs bildirdi ki, o, 2014-cü ildən marixuana istifadə edir. O, pulu olandan-olana narkotik vasitə almışdır. O, tutulandan 5-6 gün qabaq Məmmədov Aydından 10 manatlıq “pat”ı almışdır. O, heç kimə narkotik vasitə verməmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, təxminən 2 ilə yaxın müddətdir ki, “şüşə” kimi tanınan metamfetamin adlı psixotrop maddədən istifadə edir. 06 yanvar 2022-ci il tarixdə axşam saatlarında o, yaşadığı ünvanın yaxınlığında piyada hərəkət edən zaman yerdə şəffaf rəngli selofana bükülmüş kiçik bir bükülü diqqətini cəlb etdiyindən o, əyilib həmin bükümü götürüb açmışdır. Bu zaman bükümün içərisində metamfetamin olduğunu aşkar etmişdir. Özü metamfetamin istifadəçisi olduğundan həmin bükümün başlıq hissəsini yandırmaq üsulu ilə bağlayaraq şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 07 yanvar 2022-ci il tarixdə, saat 16:20 radələrində o, ünvan 3 ünvanın yaxınlında piyada hərəkət edərkən 02 (iki) nəfər mülki geyimli şəxsin ona diqqətlə baxdıqlarını görüb onların polis əməkdaşları olduqlarından şübhələnmişdir. Həmin zaman üzərində narkotik vasitə olduğundan həmin ünvandan uzaqlaşmağa cəhd etmişdir. Bu zaman həmin şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib onun narkotik maddələrdən istifadə etməyindən şübhələndiklərini deyərək onlarla Nərimanov RPİ-nə getməyini bildirmişlər. O da həmin şəxslərlə Nərimanov RPİ-nə getmişdir. İdarədə ona bildirmişlər ki, üzərində narkotik maddə olmasında şübhələndiklərinə görə üzərində axtarış və götürmə aparacaqlar. Ona görə də hüquqlarını izah edib vəkil dəvət etmişlər. X8 adlı vəkil gəldikdən sonra onun və onu Nərimanov RPİnə gətirmiş əməkdaşların iştirakları ilə üzərində axtarış və götürmə aparmağa başlamışlar. Polis əməkdaşı ona təklif etmişdir ki, əgər üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. O da 06 yanvar 2022-ci il tarixdə, axşam saatlarında yaşadığı ünvanın yaxınlığından taparaq, şəxsi istifadəsi üçün üzərində saxladığı narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. Polis əməkdaşı təqdim etdiyi, içərisində metamfetamin maddəsi olan 01 (bir) ədəd bükümü zərfə qoyaraq qablaşdırmış və möhürləyib götürərək bu barədə protokol tərtib etmişdir. O, hüquqlarını müdafiə edən vəkil, eyni zamanda iştirakçılar tərtib edilmiş protokolu imza etmişlər. Polis əməkdaşları tərəfindən Nərimanov RPİ-nə gətirilərkən, eyni zamanda polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı bir qanunsuz hərəkətlər, eyni zamanda fiziki və ya psixoloji təzyiqlər olmamışdır (cild 1, iş vərəqi 52-54, 69-70). Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Nərimanov rayon Polis İdarəsinin Narkotiklə Mübarizə bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Mahiyyəti üzrə bildirmək istəyir ki, “Funda” klinikasının yanında Təqsirləndirilən şəxs adlı şəxs özünü şübhəli apardığı üçün yaxınlaşıb özlərini təqdim etmiş və şəxsi polis bölməsinə dəvət etmişlər. Nərimanov RPİ-nin inzibati binasındakı xidməti otaqlardan birində Nərimanov RPİ-nin təhqiqatçısı Orxan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin edilmişdir. Daha sonra isə Nərimanov RPİ-nin inzibati binasındakı xidməti otaqlardan birində Nərimanov RPİ-nin Narkotiklə Mübarizə bölməsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid1, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət edilmiş "Yusifbəyli və partnyorları" vəkil bürosunun vəkili X6 və onun iştirakı ilə təhqiqatçı Orxan Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən təklif edilmişdir ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçəsinin cibindən 01 (bir) ədəd “Samsung” markalı mobil telefon cihazını və içərisində 02 (iki) ədəd siqaret olan, üzərində “Prima” yazısı olan 01 (bir) ədəd siqaret qutusunu, əynində olan qara rəngli idman şalvarının cibindən isə bir ədəd 1 manatlıq pul əskinasını çıxarıb təqdim etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülərək başlıq hissəsi yandırılmaq üsulu ilə bağlanmış, içərisində ağ rəngli kristal hissəciklərdən ibarət maddələr olan 01 (bir) ədəd bükümü çıxardıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümün içərisindəki maddə psixotrop maddə olan metamfetamin olduğunu və həmin metamfetamini 06 yanvar 2022-ci il tarixdə axşam saatlarında yaşadığı ünvanın yaxınlığında yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm iş üçün əhəmiyyət kəsb etdiyinə görə təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi, 01 ədəd “Samsung” markalı mobil telefon cihazı cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüş, 01 manat nağd pul və üzərində "Prima" yazısı olan 01 ədəd siqaret qutusu Təqsirləndirilən şəxs qaytarılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid1 və Şahid2 eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları xidməti zərurətlə əlaqədar xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində ünvan 4 ünvanın yaxınlığında olduqları zaman, bir nəfər şəxsin hərəkətləri və davranışı ilə özünü şübhəli aparmasını müşayiət etmiş, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib, ondan özünü təqdim etməyini təklif edən zaman həmin şəxs davranışı və onunla danışan zaman həmin şəxsin gözlərinin axması, verilən suallara qeyri-müəyyən cavab verməsi ilə şübhələri daha da artıraraq oradan uzaqlaşmağa cəhd göstərmişdir. Polis əməkdaşları həmin şəxsi saxlayaraq Nərimanov RPİ-nə gətirib növbətçi hissəyə təqdim etmiş, müəyyən olunmuşdur ki, həmin şəxs xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1-də qeydiyyatda olan və hal-hazırda Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə 49A, mənzil 3-də yaşayan Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd “Samsung” markalı mobil telefon cihazını və içərisində 02 (iki) ədəd siqaret olan, üzərində “Prima” yazısı olan 01 (bir) ədəd siqaret qutusunu, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən isə 01 (bir) ədəd G 15779582 nömrəli 01 (bir) manatlıq pul əskinasını çıxardıb təqdim etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülərək, başlıq hissəsi yandırılmaq üsulu ilə bağlanmış, içərisində ağ rəngli kristal hissəciklərdən ibarət maddələr olan 01 (bir) ədəd bükümü çıxardıb təqdim etmişdir. Sorğu zamanı, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd bükümün içərisində olan maddənin metamfetamin olduğunu bildirmişdir. O, həmin maddəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında, yaşadığı ünvanın yaxınlığında taparaq, şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı digər əşya və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi 01 (bir) ədəd büküm iş üçün əhəmiyyət kəsb etdiyinə görə götürülərək qablaşdırılmış və DİN-nin “44” nömrəli möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi, 01 (bir) ədəd “Samsung” markalı mobil telefon cihazı cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüş, 01 (bir) manat nağd pul vəsaiti və üzərində “Prima” yazısı olan 01 (bir) ədəd siqaret qutusu isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır (cild 1, iş vərəqi 23-24). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın görüntülərini əks etdirən diskə baxış keçirilmiş, müəyyən edilmişdir ki, diskə yazılmış fayldakı görüntülər 08 dəqiqə 16 saniyə davam edir. Görüntüdə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs görüntünün 02 dəqiqə 06 saniyəsində əynində olan qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd “Samsung” markalı mobil telefon cihazını və içərisində 02 (iki) ədəd siqaret olan, üzərində “Prima” yazısı olan 01 (bir) ədəd siqaret qutusunu, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən isə bir ədəd 1 manatlıq pul əskinasını çıxarıb təqdim edir. Bundan başqa, görüntüdə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs görüntünün 02 dəqiqə 38 saniyəsində əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülərək, başlıq hissəsi yandırılmaq üsulu ilə bağlanmış, içərisində ağ rəngli kristal hissəciklərdən ibarət maddələr olan 01 (bir) ədəd bükümü çıxarıb təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümün içərisindəki maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2022-ci il tarixdə axşam saatlarında yaşadığı ünvanın yaxınlığında yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm iş üçün əhəmiyyət kəsb etdiyinə görə baş təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülür. Təqsirləndirilən şəxs təqdim etdiyi, 01 ədəd “Samsung” markalı, mobil telefon cihazı cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün baş təhqiqatçı tərəfindən götürülür, 01 manat nağd pul və üzərində “Prima” yazısı olan 01 ədəd siqaret qutusu Təqsirləndirilən şəxs qaytarılır (cild 1, iş vərəqi 55). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş iltizamdan görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov RPİ-nin inzibati binasında üzərində axtarış və götürmə aparılan zaman könüllü olaraq təqdim etdiyi 01 (bir) manat nağd pul vəsaitini və içərisində 02 (iki) ədəd siqaret olan 01 (bir) əsəs “Prima” markalı siqaret qutusunu Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Orxan Məmmədovdan qəbul etmişdir (cild 1, iş vərəqi 28). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/86 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs aşkar olunmuş ” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,501 qram ağ rəngi kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 36-41). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 2,501 qram olan psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın gedişatını özündə əks etdirən bir ədəd DVD disk iş üzrə maddi sübut hesab edilmiş, ekspertiza tədqiqatına sərf edilmiş kütlə çıxılmaqla təmiz qalıq çəkisi 2,401 qram olan 01 ədəd bükümdə psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, 1 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 105-106). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş axtarış və götürülmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs qanunla qadağan olunmuş əşya və ya predmetin yerinin könüllü surətdə göstərilməsi təklif edilmiş, sonuncu, yaşadıqları evdə qanunla qadağan edilmiş maddə, əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra həmin ünvanda axtarış aparılmış, axtarış aparılan zaman qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir (cild 1, iş vərəqi 124-128). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 xx.xx.2022-ci il tarixli, 1/125 saylı məktubundan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X3 müraciət etməyib (cild 1, iş vərəqi 129). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 354 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixindən “Opioidlərin istifadə edilməsi nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə BŞNM-də qeydiyyatdadır (cild 1, iş vərəqi 130). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, xx/xx-1833 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 5 ünvanında yaşayan, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicə olunmayıb və qeydiyyatda yoxdur (cild 1, iş vərəqi 134). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, ***-**** saylı məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, 08 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 23 ünvanın qarşısında X4 üzərində aşkar olunaraq götürülmüş psixotrop maddə olan “metafetamin”in əldə edilmə mənbəyini müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 139). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, ***-**** saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi, bundan əlavə Təqsirləndirilən şəxs psixotrop maddələr satdığı şəxslərin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat axtarış tədbirləri keçirilsə də həmin psixotrop maddənin mənbəyini, sonuncunun psixotrop maddəni satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 140). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonda iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir (cild 1, iş vərəqi 156). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 636 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən olunmur. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs təsvir olunan cinayət hadisəsi dövründə də xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, törətdiyi cinayət əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs Mirzaağa oğlu törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 159-162). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1206 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 163-164). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022ci il tarixli protokoldan və ona əlavə edilmiş çıxarışdan görünür ki, "xxxx" MMC-dən daxil olmuş ***- ***-**-** saylı mobil nömrə ilə bağlı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddət ərzində telefon danışıqlarını, SMS yazışmaları, anten və digər məlumatları özündə əks etdirən CD diskə baxış zamanı müəyyən edildi ki, diskdə 04 ədəd fayl vardır. - SMS_Tarixçəsi__**********5329__708865888 - SMS_Tarixçəsi__**********5332__708865888 - Zənglərin_Detallaşması__**********2435__70886588_4 - Zənglərin_Məxsusluq_Tarixçələri_**********2455__708865888_NAR_4 “Zənglərin_Detallaşması__**********2435__70886588_4” adlı qovluğa baxış keçirdikdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilmədi. “Zənglərin_Məxsusluq_Tarixçələri_**********2455__708865888_NAR_4” adlı qovluğa baxış keçirdikdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilmədi. “SMS_Tarixçəsi__**********5332__708865888” adlı qovluğa baxış keçirilərkən aşağıdakı SMSlər aşkar edilmişdir. xx-xx-2021-ci il tarixdə saat 21:23:57-də **********66-dan **********88-ə Qara temadan isdiy. xx-xx-2021-ci il tarixdə saat 02:10:29-da **********15-dən **********88-ə Metadon isdiyirsa. xx-xx-2021-ci il tarixdə saat 02:13:20-də **********66-dan **********88-ə Har şeyim var üsd. xx-xx-2021-ci il tarixdə saat 02:00:30-da **********66-dan **********88-ə Agrikesici lazimdi yeke adamsan bes meni guya cox istiyirsen. Bele wey olar? Olurem agridan. Gelim matasqaletnen goturum hara lazimdi. Yigda meni. xx-xx-2021-ci il tarixdə saat 17:51:25-də **********24-dən **********88-ə brat salam. qram kola düz qowda qardasiva. pulumda var. xx-xx-2021-ci il tarixdə saat 23:59:38-də **********59-dan **********88-ə Cavab dida canim agrayir qardasim bir soz deda. xx-xx-2021-ci il tarixdə saat 20:34:53-də **********90-dan **********88-ə Alik 25m var gellm ora he yox de uwaqan bayira qalmiwam. xx-xx-2021-ci il tarixdə saat 13:08:17-də **********53-dən **********88-ə X17 X15 Ya Yox. X12 2nefer X7 Burda. X16 X10 ldun Uje. xx-xx-2021-ci il tarixdə saat 20:56:23-də **********24-dən **********88-ə Eliaga rayona cixiram 30 man varimdi qram kola isdiyirem. xx-xx-2021-ci il tarixdə saat 19:03:02-də **********33-dən **********88-ə Hesen noldu bes diyurdun uje duzelir uje lomka gelibe mene yoxdu mal men gelim yaniva ya Sen sel eve pulu gotur kola-02, pati-1dene cet 5man helelik bes. xx-xx-2021-с1 il tarixdə saat 22:44:41-də **********45-dən **********88-ə aleq getirda bila bila eliyirsen mayam cixsin alimnan pati var???? xx-xx-2021-ci il tarixdə saat 14:34:02-də **********43-dən **********88-ə Eli heleliy bidene 5 diyim var gelimm duzelim gedim axwama duzeldim birwey.burdayame vayenkomatin yanindayam.razisansa bidene vzv at mene qalxim. xx-xx-2021-ci il tarixdə saat 05:28:59-də **********45-dən **********88-ə kisi diyilan saxs bunu elamaz mani qoydun lomkada muna cavab vericeysen kandin narkamanlarina kurs qpyaram. xx-xx-2021-ci il tarixdə saat 05:40:44-də **********45-dən **********8-ə adam bela izdivacca elamaz gor razinda sani tutub alinnan alillar har seyini budana ceta usagla yalvari xx.xx.2021-ci il tarixdə saat 13:30:49-da **********19-dan **********88-ə 2 dene lazimdi kertof evdesen gelim. xx-xx-2021-ci il tarixdə saat 19:52:27-də **********99-dan **********88-ə Aga gelim qapidan yola sal meni xahis edirem.senol cox dilxoram.40 manat verim yarim kofe ver birde obirinnen.aga kisi senol dilxorculugdu bezi problemlerim var evde. Gelim orda oturum .xahis edirem.pulda ne lazimdi verecem. xx-xx-2021-ci il tarixdə saat 04:04:29-da **********19-dan **********88-ə Nenirsen yetm 1 klo kertof lazim 25 man gelim? xx-xx-2021-ci il tarixdə saat 11:27:57-də **********99-dan **********88-ə Aga amanat goturmey istiyirem.gelirem qapiya 10 manatim var.bidene verde mene qardasimsan. xx-xx-2021-ci il tarixdə saat 14:23:27-də **********99-dan **********88-ə 50 manat var.2 derman bide amanat lazimdi.alinir gelim?tecili bir sey denen. xx-xx-2021-ci il tarixdə saat 03:23:05-də **********69-dan **********88-ə О kör gozunnen yaxşı oxu cirig 50 m yada ot bu gün çatmasa seni doğulduğun güne gotdi yalan diyen peşman elecem seni doğulduğun güne men seni bilirem nece tapmag lazımdı.Cindir harda qabağıma çıxdın. xx-xx-2021-ci il tarixdə saat 17:37:14-də **********37-dən **********88-ə Yetim bidene pati saxla arxainam sene.kende gayidanda bir dene bomba ot gardawun getirir.Sen meni begem ne bilirsen.Dedim ki gel cerez mawtaga gedey,artiq pul getdi ortada. xx-xx-2021-ci il tarixdə saat 01:25:31-də **********99-dan **********88-ə А kisi pulnan istiyirem 2 dene. xx-xx-2022-ci il tarixdə saat 16:43:49-də **********89-dan **********88-ə Gagaw men haziqam 70manat duzeltmiwem ama sena zngcatmiq men nece eliyim indi?cvbyazda bilim tema gorum yayox kendan ozumunda vezietim yaxwi deyil gagaw. xx-xx-2022-ci il tarixdə saat 23:12:23-də **********89-dan **********88-ə Gagaw 40manat pulum var temavar gelim ama dagig diya gagaw. “SMS_Tarixçəsi__**********5332__708865888” adlı qovluğa baxış keçirilərkən aşağıdakı SMSlər aşkar edilmişdir. xx.xx-2021-ci il tarixdə saat 15:24:32-də **********88-dən **********66-ya Yetim salam.1 karopka nagd pula düzeler? Eger düzelerse mene bidene cavab denen gelib götürüm nagd puluynan. xx-xx-2021-ci il tarixdə saat 22:45:06-da **********88-dən **********66-ya Yetim senin iwun ne qeder ceker.Takside gozdemire yetim. Ozumde qurujonnuyame qaqaw. Saxlatmada meni kentde qrujonnu. xx-xx-2021-ci il tarixdə saat 18:23:06-da **********88-dən **********66-ya Yetim çalişginan 3 karopka duzeltde menimcun.Pulda var mende qaqaw. xx-xx-2021-ci il tarixdə saat 02:10:25-də **********88-dən **********15-ə Metadon isdiyirsan var kanddeyam. xx-xx-2021-ci il tarixdə saat 23:47:39-də **********88-dən **********01-ə Yenədə firlatdun məni.Bundan sonra mənim qapıma gəlib zad eləməginən yaxşı.Bundan sonra mənim qapıma gələndə ..... (söyüş) olar.Mən sənin sözünə gedib 3karopka əmanəti götürmüşəm sənə inanıb.Eybi yoxmənə heçnə eləmədune neynədunsə sən özün özüvə elədun.İsti yerivi siyuq elədin.Bax mən sənə sözümü dedim bundan sonra mənim qapıma gəlməginən. xx-xx-2021-ci il tarixdə saat 05:21:51-də **********88-dən **********34-ə Cavid seher gelende 1dene ot götürde menimcun. xx-xx-2021-ci il tarixdə saat 00:36:59-da **********88-dən **********70-ə TEREZİ yaddan çıxdı. xx-xx-2021-ci il tarixdə saat 04:33:45-də **********88-dən **********62-ə 30 qret əliyirəm sənə qret əliyirəm 15man 1 qr düzəldə. xx-xx-2021-ci il tarixdə saat 22:07:49-da **********88-dən **********01-ə 6k,ve 1pati =150man. xx-xx-2021-ci il tarixdə saat 04:27:42-də **********88-dən **********59-ə Yetim birden sene tema lazim olsa yarim zad zeng ele mene duzub qowum.Kentdeyem yetim isdesen denen naxadi duzub qowum yaxwi.Ozudeki yetim size yaxinam kentde. xx-xx-2021-ci il tarixdə saat 14:12:36-da **********88-dən **********77-ə Aslan lomkadayam axi ..... (söyüş) dolamada meni dunen onsuzda tuxda mali soxdun mene danismadim hardasan gel 10m pativer mene duz 10m pulum var varyoxnu ..... (söyüş) . xx-xx-2021-ci il tarixdə saat 00:28:24-də **********88-dən **********37-ə Tural salam. Heci menem Orxan Eldarin bacisi oglu. Heci bidene imkan varsa teli götrde das lazimdiye 0,5 yarim. xx-xx-2021-ci il tarixdə saat 18:21:38-də **********88-dən **********00-ə Niko qardasimsan hele etki babat olsun eger alinirsa 2dene cet gonder ayri ayri 8man verim. xx-xx-2021-ci il tarixdə saat 22:01:58-də **********88-dən **********26-ya Yetim niyə belə edirsən axi qaqaş.Götürdə telefonu sroçnu işim var axı səninlə.2qram patı lazımdı mənə yetim xx-xx-2021-ci il tarixdə saat 00:24:27-də **********88-dən **********19-a Tema lazmdi 5 gr. xx-xx-2021-ci il tarixdə saat 18:40:10-da **********88-dən **********44-a Tərəzidə hamsi qurbandı sənə. xx-xx-2021-ci il tarixdə saat 02:39:59-da **********88-dən **********44-ə Mənəm qardaşıməliaga. xx-xx-2022-ci il tarixdə saat 06:56:51-də **********88-dən **********5-ə Asaf 1 dana quş рау qatiriblar qal apar sahar tezda bu ıran cinsidi. xx-xx-2022-ci il tarixdə saat 23:59:03-də **********88-dən **********44-ə Qaqa sen qec 6 qram kok 2 karobka cıxır alimnan (cild 1, iş vərəqi 172-223). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-dən daxil olmuş ***-***-**-** saylı mobil nömrə ilə bağlı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddət ərzində telefon danışıqlarını, SMS yazışmaları, anten və digər məlumatları özündə əks etdirən bir ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 230-243). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, X9 atası Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefonu saz vəziyyətdə Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Şahmar Qurbanovdan təhvil almışdır (cild 1, iş vərəqi 248). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünün psixotrop maddənin yalnız istifadəçisi olması, psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısına dair apardığı SMS yazışmaları, habelə yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib, üzərində saxlayaraq daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 iyul 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 iyun 2016-cı il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2016cı ildə cəza müddəti başa çatmışdır (cild 1, iş vərəqi 131-133,150-155). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayətə görə təyin edilmiş cəzadan azad edildiyi vaxtdan iki ildən çox müddət keçdiyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, 09 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 07 yanvar 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 16-17, 80-84). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 07 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edilmiş kütlə çıxılmaqla təmiz qalıq çəkisi 2,401 qram olan 01 ədəd bükümdə psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın görüntülərini əks etdirən bir ədəd “DVD” formatlı disk və ***-***-**-** saylı telefon nömrəsi ilə bağlı telefon danışıqlarını, SMS yazışmaları, anten və digər məlumatları özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 07 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edilmiş kütlə çıxılmaqla təmiz qalıq çəkisi 2,401 qram olan 01 ədəd bükümdə psixotrop maddə metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın görüntülərini əks etdirən bir ədəd “DVD” formatlı disk və ***-***-**-** saylı telefon nömrəsi ilə bağlı telefon danışıqlarını, SMS yazışmaları, anten və digər məlumatları özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar