Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-976/2023 07.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 38 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üstündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsində şəxsiyyəti istintaqa məlum olmayan Məhəmməd adlı şəxsdən 960 manat pul müqabilində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 55,862 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxil edilən narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 12 sentyabr 2022-ci il tarixdə saat 10:20 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, C.Məmmədquluzadə küçəsi 21 ünvanın qarşısında Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 3 ünvanda yerləşən Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, əynindəki boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükülüdə təmiz çəkisi 55,862 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, hadisə ilə əlaqədar bildirmək istəyir ki, polis əməkdaşları səhər saat 9-10 radələrində gəlib onu ünvan 5 ünvanında yerləşən evindən aparmışlar. Onun həmin vaxt ayağında elektron nəzarət vasitəsi də olmuşdur. Belə ki, onun çoxdan tanıdığı İrfan adlı polis əməkdaşı səhər saatlarında gəlib onu evdən çağırmış və onunla işi olduğunu demişdir. İrfan onu maşına mindirib birbaşa 27ci Polis bölməsinə aparmış və bölmədə ona tanımadığı Məhəmməd adlı bir şəxsi göstərib həmin adamın üzünə dayanmasını demişdir. O da tanımadığı birinə qarşı belə edə bilməyəcəyini dedikdə İrfan narkotiki onun qarşısına qoyub boynuna götürməyini demişdir. O da məcburiyyət qarşısında narkotik vasitə olan heroini boynuna götürmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, neçə illərdir ki, narkotik vasitə istifadə edir. Ayağına elektron nəzarət vasitəsini narkotikə görə məhkum olunmağı ilə əlaqədar taxmışlar. Ayağında elektron nəzarət vasitəsi olduğu zamanlarda da narkotik istifadə etmişdir. O, hər gün narkotik vasitə istifadə etmiş, narkotik vasitəni 10-15 manata almışdır. İrfan adlı polis tərəfindən zorakılığa məruz qaldığı üçün, yəni təhqiredici hərəkət edərək üzərinə sidik atmaq istəyinə görə narkotik vasitəni boynuna götürmüşdür. İrfan onu çağırıb polis bölməsinə aparan zaman onun üzərində 0,3-0,4 qram narkotik vasitə heroin olmuşdur, ancaq üzərində olan həmin 0,3-0,4 qram narkotik vasitəni hələ istifadə etməmişdir. Həmin narkotiki hadisədən bir gün öncə, yəni 11 sentyabr tarixində axşam saat 9 radələrində Papanin məhəlləsindən tanımadığı şəxsdən 10 manata əldə etmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilmiş ifadəsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 20 ilə yaxındır ki, narkotik maddələrin müxtəlif növlərini qəbul etmişdir. Son zamanlar narkotik almağa pulu olmadığına görə məcburən narkotik maddə sataraq pul əldə etmək fikrinə düşmüşdür. Əvvəllər tanımadığı Məhəmməd adlı şəxslə 09 sentyabr 2022-ci il günorta saatlarında Yasamal rayonu, M.Seyidov küçəsində görüşmüş, Məhəmməd ona nisyə olaraq 80 qrama yaxın heroin vermişdir. O, həmin heroinin qramına görə 12 manat pul, yəni həmin narkotikə görə Məhəmmədə 960 manat pul verməli olmuşdur. Narkotikin bir qədərini istifadə etmiş, bir qədərini satmaq üçün üzərində saxlamışdır. 12 sentyabr 2022-ci il tarixdə saat 10:20 dəqiqədə ünvan 6 ünvanda olan zaman mülki geyimdə olan 2 nəfər şəxs yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olmalarını bildirmişlər. Ona narkotik maddələrin qanunsuz istifadəsi, saxlaması və daşınmasında şübhəli olduğunu deyib ona Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsinə üzərinə şəxsi axtarış və götürmə həyata keçirmək üçün dəvət etmişlər. Birlikdə 27-ci Polis bölməsinə getmişlər. Polis bölməsinin inzibati binasında hüquqlarının müdafiə olunması üçün vəkil dəvət olunmuş və ona üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi elan olunmuşdur. Bundan sonra ona üzərində hər hansı dövriyyəsi qadağan olunan maddənin olub-olmaması soruşulmuşdur. O da üzərində olan 9 sentyabr 2022-ci il tarixdə aldığı, “kakos” kimi tanınan narkotik vasitə heroini əynində olan boz rəngli şalvarının sağ yan cibindən çıxardaraq təqdim etmişdir. Ondan üzərində olan maddənin nə olması soruşulmuş, o, həmin maddənin narkotik vasitə olan heroin olmasını bildirmişdir. Ondan həmin maddəni haradan, kimdən, hansı məqsədlə əldə etməyi soruşulmuş, o, polis əməkdaşlarına həmin maddənin narkotik vasitə olan heroin olmasını, həmin maddəni nisyə olaraq Yasamal rayonu M.Seyidov küçəsində 09 sentyabr 2022-ci il tarixdə Məhəmməd adlı şəxsdən aldığını bildirmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə hesab edilən heroini satıb, pul əldə etmək üçün üzərində saxlamışdır. Narkotik maddəni aldığı şəxsi sadəcə üzdən tanımış, anket məlumatlarını bilməmiş, adının Məhəmməd olmasını, əslən iranlı olmasını bilmişdir (cild 1, səhifə 287-288). Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 12 sentyabr 2022-ci il tarixində alınmış əməliyyat məlumatı əsasında polis bölməsinin rəhbərliyi tərəfindən əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunun rəhbəri o, təyin edilmişdir. Alınmış əməliyyat məlumatının yerində yoxlanılması məqsədilə əməliyyat qrupu ilə birlikdə qeyd edilən ərazidə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 sentyabr 2022-ci il tarixində, saat təxminən 11-in yarısında ünvan 7 ünvanında Təqsirləndirilən şəxs saxlanılmış və 27-ci Polis bölməsinə gətirilmişdir. Polis bölməsində təhqiqatçının keçirdiyi baxış nəticəsində Təqsirləndirilən şəxs üzərindən qanunsuz olaraq əldə etdiyi narkotik vasitə aşkar edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs üzərindən 1 büküm narkotik vasitə heroin aşkar edilmiş, Babayev X4 adlı şəxsdən aldığı 80 qram narkotik vasitə müqabilində ya 960, ya da 1960 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı təsir olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid3 və Şahid2 eyni məzmunlu ifadələr verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, xx.xx.1976-cı ildə ünvan 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsində və dövriyyəsində şübhəli olması barədə Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 43). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, müvafiq təklifdən sonra o, əynindəki boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli, spesifik iyə malik toz şəkilli narkotik vasitə olan heroinə bənzər maddəni təqdim etmiş və həmin bükümdəki maddənin narkotik vasitə heroin olmasını, bu narkotik vasitəni 09 sentyabr 2022-ci il tarixdə ünvan 9 ünvanında əvvəllər tanıdığı Məhəmməd adlı şəxsdən nisyə olaraq 960 manata almasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddə müvafiq qaydada qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 168 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 72-73). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5128 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün № 168” dairəvi möhür əksi olan “şübhəli şəxs Babayev” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 55,862 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 105-109). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 110). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsinin inzibati binasında baş təhqiqatçı, polis mayoru Nəsimi Seyidzadənin xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X2, 27-ci Polis bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli, spesifik iyə malik olan toz şəkilli narkotik vasitə olan heroinə bənzər maddəni təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirilir. Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi bağlamanın içərisindəki maddənin nədən ibarət olduğu barədə sual verilir. Təqsirləndirilən şəxs bildirir ki, onun üzərindən aşkar edilmiş maddə narkotik vasitə olan heroindir, həmin narkotik maddəni xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində ünvan 9 ünvanında əvvəllər tanıdığı Məhəmməd adlı şəxsdən nisyə olaraq 960 manata almışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 168 saylı möhürü ilə möhürlənərək götürülür (cild 1, iş vərəqi 118). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7525 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 201-202). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 3383 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə hazırda ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır (cild 1, iş vərəqi 203-205). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 55,862 qram külli miqdarda narkotik vasitə heroin, habelə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan 01 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalan 55,812 qram heroin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 259- 271). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin materiallarından digər cinayət işinin ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi naməlum şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 273-275). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs onun polis bölməsinə aparılan zaman üzərində yalnız 0,3-0,4 qram narkotik vasitə heroin olması, polis əməkdaşları tərəfindən evindən götürülüb bölməyə aparılması, polis bölməsində Məhəmməd adlı şəxsin üzünə durmasının tələb edilməsi, bundan imtina etdiyi üçün İrfan adlı polis əməkdaşının ona qarşı təhqiredici hərəkət edərək üzərinə sidik atmaq istəyinə görə narkotik vasitəni boynuna götürməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, polis bölməsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynindəki şalvarının cibindən içərisində heroin olan bükümü çıxarıb təqdim etmiş və bu narkotik vasitəni 09 sentyabr 2022-ci il tarixdə ünvan 9 ünvanında əvvəllər tanıdığı Məhəmməd adlı şəxsdən nisyə olaraq 960 manata almasını bildirmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə eyni məzmunlu ifadələr vermişdir. Lakin məhkəmədə ifadəsində və ona verilən suallara cavab olaraq polis bölməsində polis əməkdaşı tərəfindən ona psixoloji təzyiq edildiyi və onun həmin təzyiq altında etirafedici ifadələr verdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotikin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, habelə yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Məhkəmə belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs özünün narkotik vasitənin satışı ilə məşğul olması barədə ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini sübut kimi qəbul edir və qiymətləndirir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib, üzərində saxlayaraq daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05 may 2022-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 02 (iki) il 02 (iki) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsindən məhkəməyə daxil olmuş 12 iyun 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş həmin cəzanın axımı, onun barəsində Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçildiyi üçün dayandırılmışdır. 12 iyun 2023-cü il tarixədək Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın 1 (bir) ay 19 (on doqquz) gün hissəsini çəkmiş, 2 (iki) il 15 (on beş) gün hissəsi çəkilməmiş qalmışdır (cild 1, iş vərəqi 241-243, 244-251, 252-255). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022- ci il tarixli qərarı ilə ona təyin edilmiş cəzanı çəkərkən yeni cinayət törətdiyinə görə qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs daha əvvəl törətdiyi cinayətə görə ona azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən onun əməlində cinayətlərin residivi mövcud deyildir. Beləliklə, məhkəmədə Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə bu cinayət ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 14 sentyabr 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 sentyabr 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 62, 172-176, 232- 235). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 12 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş tədqiqatdan sonra qalıq qalan 55,812 qram heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının Bakı Apellyasiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qərarı ilə dəyişdirilərək təyin edilmiş 02 (iki) il 02 (iki) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 (iki) il 15 (on beş) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanmaqla 1 (bir) il 7 (yeddi) gün azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə ona qəti olaraq 6 (altı) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 12 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, tədqiqatdan sonra qalıq qalmış 55,812 qram heroin məhv edilsin. Digər maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-976/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-976/2023
07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver