Məhkəmə qərarları › İş №1(101)-976/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-976/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-976/2025 05.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlunun sədrliyi ilə, X2 və X ibarət tərkibdə, məhkəmə iclasının katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: 8 yanvar 2025-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-in) 299.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclası cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı yazılı vəsatətlə məhkəməyə müraciət etməklə vəsatətini əsaslandıraraq göstərdi ki, cinayət işinin materialları tərəfindən məhkəmə hazırlıq iclasından əvvəl öyrənilərkən bir sıra kobud qanun pozuntularına yol verilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yol verilmiş kobud qanun pozuntularının aradan qaldırılması üçün cinayət işinin məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə məhkəməyədək icraat zamanı CPM-in tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmalı və təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətində uzadılmalıdır. Dövlət ittihamçısı qeyd etdi ki, cinayət işinin 2-ci cildinin 235-ci vərəqində olan 18 dekabr 2024-cü il tarixli “İbtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə elan edilməsi haqqında” protokolda göstərilmişdir ki, təqsirləndirilən şəxs maddi sübutlarla tanış olmaq istəmədiyini bildirmişdir. Eyni zamanda, cinayət işinin 2-ci cildinin 236-cı vərəqində olan 18 dekabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsin və onun vəkilinin cinayət işi materialları ilə tanış olması haqqında” protokolun məzmunundan görünür ki, müstəntiq tərəfindən maddi sübutlar təqsirləndirilən şəxsə təqdim edilməmişdir. Halbuki, CPM-in 284.2-ci maddəsinin tələbinə görə müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün təqsirləndirilən şəxsə və müdafiəçiyə onların xahişindən asılı olmayaraq imkan yaradır. Tərtib edilmiş ittiham aktına əlavə edilmiş arayışdan və “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumi təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan 2(iki) ədəd narkotik vasitə metadon həbindən tədqiqata sərf edildikdən sonra qalıq 1(bir) ədəd həb saxlanılması üçün Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanması yerinə təhvil verilməklə orada saxlanılması və Təqsirləndirilən şəxs məxsus 1(bir) ədəd “Honor” markalı mobil telefonun isə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanması yerinə təhvil verilməsinin nəzərə alınması qeyd edilmişdir. Başqa sözlə, iş üzrə maddi sübut kimi tanınmış iki predmetdən heç biri ümumiyyətlə ibtidai istintaqı aparmaqla yekunlaşdırmış istintaq orqanında olmamış, həmin predmetlər ibtidai istintaq orqanı tərəfindən müvafiq qaydada tələb edilərək əldə edilməmişdir. Bundan başqa, cinayət işinin 2-ci cildinin 236-cı vərəqində olan 18 dekabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsin və onun vəkilinin cinayət işi materialları ilə tanış olması haqqında” protokolun məzmunundan həmçinin görünür ki, müstəntiq tərəfindən təqsirləndirilən şəxs və müdafiəçiyə təqdim edilmiş iki cilddən ibarət olan cinayət işi materiallarının 1(bir) cild “235” vərəqədə olması qeyd edilməsinə baxmayaraq, iş materiallarından 1-ci cildin “275” vərəqdən olması müəyyən edilmiş, habelə həmin protokolda 2-ci cildin neçə vərəqdən ibarət olması isə ümumiyyətlə qeyd edilməmişdir. Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxs ümumiyyətlə cinayət işi materialları ilə tanış olmadığını, protokoldakı “təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə cinayət işi materialları ilə tanış oldular, etiraz və vəsatətləri yoxdur, maddi sübutlarla tanış olmaq istəmirlər” məzmunundakı əlyazma ilə yazılmış qeydin ona məxsus olmadığını bildirmişdir. Halbuki, CPM-in 285.1-ci maddəsinin tələbinə görə müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. Göründüyü kimi, müstəntiq tərəfindən kobud pozuntuya yol verilməklə təqsirləndirilən şəxsin hüquqları əsassız surətdə məhdudlaşdırılmışdır. Eyni zamanda, cinayət işinin materialları öyrənilərkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsində audio-video yazı ilə aparılmış məhkəmə iclasları zamanı üzərində hər hansı narkotik vasitənin olmadığını bildirdiyi halda, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi polis kapitanı X4 tərəfindən alınmış və təqsirləndirilən şəxs tərəfindən imzalamaqdan imtina edilmiş 17 dekabr 2024-cü il tarixli yeganə ifadəsində guya üzərindən narkotik vasitə metadon həbləri aşkar olunmasını bildirmişdir. Başqa sözlə, iş materiallarına əsasən təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin mövcudluğunu bütövlükdə mübahisələndirmişdir. Belə olan halda ittihamın əsası və sübutetmə predmeti olan maddi sübutun təqsirləndirilən şəxsə təqdim olunmaması qanunsuz olaraq onun müdafiə hüququnu məhdudlaşdırır. Bu isə öz növbəsində CPM-in 303.3.1 və 303.3.8-ci maddələrinin pozuntusunu yaradır. Belə ki, CPM-in 303.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin maddənin 3cü hissəsinin 1-ci bəndinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və 8-ci bəndinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud qanun pozuntularıdır və bu qanun pozuntularına yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən, dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilərək onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, məhkəməyədək icraat zamanı CPM-in tələblərinin kobud surətdə pozulmasına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi polis kapitanı X4 barəsində xüsusi qərar çıxarılması və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin 1 (bir) ay müddətə uzadılması barədə qərar qəbul edilməsini xahiş etdi. Həmçinin Təqsirləndirilən şəxs yazılı vəsatət təqdim edərək məhkəməyədək icraat zamanı saxlanılarkən və sonradan fiziki zorakılıq və psixi təzyiqlərə məruz qaldığını, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların saxtalaşdırıldığını bildirərək dövlət ittihamçısının vəsatətinin cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi hissəsində təmin olunmasını xahiş etdi. Eyni zamanda Müdafiəçi dövlət ittihamçısının vəsatətinin cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi hissəsində təmin olunmasını xahiş etdi. Məhkəmə tərəflərin fikirlərini dinləyib hesab edir ki, dövlət ittihamçısının vəsatəti əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, qeyd edilən cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. CPM-in 306.2-ci maddəsinə görə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və ya cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli, 4(006)- 739/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 27 yanvar 2025-ci il tarixədək uzadılmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 yanvar 2025-ci il tarixli qərarı ilə məhkəmənin hazırlıq iclasının yekununa dair qərar qəbul edilənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin barəsində əlavə istintaq aparılması zərurətini və ibtidai istintaq zamanı seçilmiş qətimkan tədbirinin seçilməsi əsaslarının hazırda da dəyişmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə uzadılmalıdır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə, şərh olunanlara əsasən hesab edir ki, dövlət ittihamçısının vəsatəti təmin edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi polis kapitanı X4 barəsində xüsusi qərar çıxarılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 298-300, 303.3.1, 303.3.8, 306 və 307.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Dövlət ittihamçısının vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə, yəni 5 mart 2025-ci il tarixədək uzadılsın. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi polis kapitanı X4 barəsində xüsusi qərar çıxarılsın. Qərarın surətinin 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar