Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-977/2020 23.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Rusiya Federasiyası, Voronej vilayəti, Novousmenskiy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, -Cəlilabad Şəhər Məhkəməsinin xx xxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxxx 2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 mənzil 53 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə, qanunsuz olaraq, külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmiş, daşımış və özündə saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 337,349 qram külli miqdarda qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 3,635 qram külli miqdarda ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 10,745 qram tünd qəhvəyi rəngli qətranabənzər xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək və 5 həbdə tərkibində ümumilikdə 0,2 qram narkotik vasitə olan metadon tərkibli üzərlərində «Z/40» yazısı həkk olunmuş ağ rəngli dairəvi formalı dərman preparatlarını əldə edib idarə etdiyi “Hyundai Elantra” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, xx xxx 2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «4-cü mikrorayon dairəsi» adlanan yerdə özündə olan 337,349 qram narkotik vasitə heroindən 2,349 qramını tanışı Şahid4 hədiyyə vermiş, Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxx 2020-ci il tarixdə saat 00:15 radələrində ünvan 3 saylı yaşayış binasının qarşısında idarə etdiyi “Hyundai Elantra” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq 19-cu PŞ-nə gətirilmiş və polis şöbəsində onun üzərinə və idarə etdiyi avtomobilə video çəkilişdən istifadə edilməklə baxış keçirilərkən, avtomobilin sağ qabaq saxlanc yerindən 1 ədəd şəffaf bükülüdə təmiz çəkisi 335 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd şəffaf bükülüdə təmiz çəkisi 3,635 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd şəffaf bükülüdə təmiz çəkisi 10,745 qram tünd qəhvəyi rəngli qətranabənzər bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, 1 ədəd şəffaf bükülüdə 5 həbdə tərkibində ümumilikdə 0,2 qram narkotik vasitə olan metadon tərkibli üzərlərində «Z/40» yazısı həkk olunmuş ağ rəngli dairəvi formalı dərman preparatları, 2 ədəd üzərində narkotik vasitə olan heroinin və tiryəkin izləri olan «500g/0,01q» markalı elektron tərəzilər aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. O, narkotik vasitə istifadəçisidir. Hadisədən təxminən bir həftə əvvəl o, Cəlilabad rayonunda olarkən təsadüfən tanış olduğu, adını və digər anket məlumatlarını bilmədiyi bir nəfərlə söhbət zamanı həmin şəxsə narkotik vasitə istifadəçisi olduğunu bildirdikdə, həmin şəxs ona narkotik vasitə təşkil edə biləcəyini bildirmişdir. O, həmin şəxsdən cəmi 10 qram tiryək və 5 ədəd də metadon dərman preparatını 100 manata almışdır. O, saxlanıldıqdan təxminən 3 gün əvvəl isə tanışı Şahid4 ona zəng edərək ağrıları olduğunu, ona narkotik vasitə verməyini xahiş etdiyindən, o, Eldənizlə görüşərək, Eldənizə bir dəfə istifadə etməsi üçün narkotik vasitə vermiş, həmin narkotik vasitəyə görə Eldənizdən pul almamışdır. xx xxx 2020-ci il tarixdə o, «Rent Car» avtomobil icarə şirkətindən “Hyundai Elantra” markalı **-ND-*** dövlət nömrəli avtomobili icarəyə götürmüşdür. Polis əməkdaşları xx xxx 2020-ci il tarixdə onu idarə etdiyi “Hyundai Elantra” markalı **-ND-*** dövlət nömrəli avtomobillə saxlamamışlar. O, evində olan zaman polis əməkdaşları evinə gəlmiş və evində stolun üstündə olan Cəlilabad rayonundan aldığı 10 qrama yaxın tiryəki və 5 ədəd də metadon dərman preparatını götürmüşlər. Bundan sonra onu Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirmişlər. Ona verilən ittihamda avtomobilinin salonunda idarəetmə panelinin alt hissəsində, qabaq sağ oturacaqla üzbəüz olan saxlanc yerindən bir ədəd şəffaf sellofan bükülüdə qəhvəyi rəngdə narkotik vasitəyə bənzər maddə, bir ədəd şəffaf sellofan bükülüdə 5 ədəd dərman preparatı, iki ədəd elektron tərəzi, bir ədəd şəffaf sellofan bükümdə qara rəngdə narkotik vasitəyə bənzər maddə və bir şəffaf sellofan bükümdə ağ rəngli narkotik vasitəyə bənzər maddə olmamışdır. Onda cəmi 10 qram tiryək və 5 ədəd də metadon dərman tapmışlar. Onu polis idarəsinə apararkən avtomobilini də həyətdən götürmüşlər. O, narkotik istifadəçisidir, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Hərəkətindən peşman olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 86-89, 100-103 və 227-230-cu vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs Rami oğlu göstərmişdir ki, o, Cəlilabad rayonunda olarkən təsadüfən tanış olduğu, lakin tanımadığı bir nəfər, təxminən 30-35 yaşlı şəxslə arasında olan söhbət zamanı həmin şəxsə narkotik vasitə istifadəçisi olduğunu bildirdikdə, həmin şəxs ona müxtəlif narkotik vasitələr təşkil edə biləcəyini bildirmişdir. Onun özü də tez-tez narkotik vasitələr qəbul etdiyindən, həmin şəxsə onun üçün narkotik vasitə təşkil etməsini xahiş etmişdir. Həmin şəxs də onun üçün müxtəlif miqdarlarda heroin, tiryək, metamfetamin, metadon təşkil edəcəyini bildirdiyinə görə onunla razılaşıb həmin şəxsdən özü istifadə etmək üçün 1 büküm heroin, 1 büküm metamfetamin, 1 büküm tiryək və 5 ədəd metadon dərman preparatını 100 manata almışdır. Bundan sonra, Bakı şəhərinə gələrkən həmin nakotik vasitələri özü ilə gətirmişdir. Bakı şəhərində olduğu zaman isə «Rent Car» avtomobil icarəsindən idarə etmək üçün “Hyundai Elantra” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobili götürmüş və üzərində gəzdirdiyi həmin narkotik vasitələri də həmin avtomobilin salonunda qabaq sağ tərəfdəki saxlanc yerinə qoyaraq gizlətmişdir ki, özünə lazım olduqda istifadə etsin. xx xxx 2020-ci il tarixdə saat təxminən 20 radələrində, təxminən 5-6 ay bundan əvvəl Bakı şəhərində narkotik vasitələrin istifadəçisi kimi tanıdığı Eldəniz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng vuraraq, ona ağrıları olduğunu, əgər varıdırsa ona narkotik vasitə verməyi ondan xahiş etmişdir. O, da buna görə Eldənizə etiraz etməmiş və özündə olan narkotik vasitələrin arasındakı bükümlərdən heroin olan bükümdən bir qədər götürüb, Nəsimi rayonu, 4-cü mikrorayon dairəsində Eldənizlə görüşərək ona hədiyyə olaraq vermişdir. Bundan sonra, xx xxx 2020-ci il tarixdə saat təxminən 00:15 radələrində o, idarə etdiyi “Hyundai Elantra” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 3 saylı ünvanın qarşısında olduğu zaman ona mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini təqdim edib Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları olduğunu bildirdikdən sonra ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdə polis əməkdaşları onun narkotik vasitələrin satışı, istifadə etməsi və üzərində gəzdirməsi barədə onlarda məlumatların olduğunu ona bildirirək onu Nəsimi RPİnin 19-cu PŞ-nə dəvət etmişlər. O, buna etiraz etməmiş və idarə etdiyi avtomobil ilə birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində polis əməkdaşları üzərində axtarış aparacaqlarını və bunun üçün video çəkilişdən istifadə edəcəklərini ona dedikdə o, buna etiraz etməmişdir. Vəkilin iştirakı ilə ona hüquq və vəzifələri elan olunmuş və axtarış video çəkiliş vasitəsi ilə aparılmışdır. Axtarış zamanı onun üzərindən narkotik vasitə aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları ondan narkotik vasitə və ya qeyri qanuni əşya saxlayıb-saxlamadığını soruşduqda o, bu zaman onlara idarə etdiyi “Hyundai Elantra” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə olmasını bildirmişdir. Daha sonra onun iştirakı ilə idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Polis əməkdaşları ondan avtomobilin hansı hissəsinə narkotik vasitə qoyduğunu ondan soruşduqda o, avtomobilin salonunda qabaq sağ yan hissədə olan saxlanc yerini açmış və həmin yerdə saxladığı Cəlilabad rayonunda tanımadığı şəxsdən əldə etdiyi və həmin saxlanc yerində saxladığı 1 ədəd şəffaf bükülüdəki narkotik vasitə heroini, 1 ədəd şəffaf bükülüdəki metamfetamini, 1 ədəd şəffaf bükülüdəki narkotik vasitə tiryəki, 1 ədəd şəffaf bükülüdəki 5 ədəd metadon dərmanlarını və 2 ədəd elektron tərəziləri polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitələr polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmış, daha sonra keçirilmiş baxışla bağlı protokol tərtib edilmiş, protokol oxunduqdan sonra onun və digər iştirakçılar tərəfindən imza edilmişdir. xx xxx 2020-ci il tarixdə 19-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilən baxış zamanı idarə etdiyi “Hyundai Elantra” markalı **- ND-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş nakrotik vasitələr və 2 ədəd tərəzi onun özünə məxsusdur və həmin narkotik vasitələri öz istifadəsi üçün Cəlilabad rayonunda tanımadığı şəxsdən əldə etmiş və həmin avtomobildə saxlayaraq gəzdirmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş ifadəsində olan əlyazma və imza ona məxsusdur. İfadəsində yazılanları bilmiş və nə üçün onda olan narkotik vasitənin çəkisini artıq yazdıqlarını soruşduqda ona belə lazım olduğunu bildirmişlər. Ona görə o, protokolu imza etmişdir. Ona təzyiq olmamışdır. Onda cəmi 10 qrama yaxın tiryək və 5 ədəd də metadon dərman preparatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. O, Nəsimi RPİ-nin 19-cu PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxx 2020-ci il tarixdə Bakı şəhər sakini Eldəniz adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda o, Nəsimi RPİ-nin 19-cu PŞ-nin digər əməkdaşları Şahid3 və Şahid1 iştirak etmişlər. xx xxx 2020-ci il tarixdə saat təxminən 21:05 radələrində Nəsimi rayonu, Cavadxan küçəsi 15 saylı yaşayış binasının qarşısında xarici əlamətləri barədə məlumatlı olduqları, sonradan şəxsiyyəti onlar tərəfindən müəyyənləşdirilən Şahid4 saxlayaraq özlərini təqdim edib onlarla Nəsimi RPİ-nə getməsini təklif etmişlər. Şahid4 onlarla şöbəyə gəlmiş və şöbədə Eldənizə narkotik vasitələrin qəbulu və saxlamasında şübhəli olduğu izah edilmiş, ona müdafiəçi təqdim olunmuş və müdafiəçinin iştirakı ilə Eldənizin üzərində axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl Eldənizə üzərində qanunsuz əşya varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Şahid4 əynindəki şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb stolun üzərinə qoymuş və üzərində başqa qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra Şahid4 üzərində axtarış aparılmış, lakin, hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Sorğu zamanı Şahid4 aşkar olunan bükümdəki maddənin narkotik vasitə olduğunu, narkotik vasitəni Rəşad adlı şəxsdən özü istifadə etməsi üçün aldığını bildirmişdir. Bundan sonra onun və digər əməkdaşlar Şahid3 və Şahid1 iştirakı ilə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxx 2020ci il tarixdə saat 00:15 radələrində şəxsiyyəti sonradan onlara məlum olan Təqsirləndirilən şəxs müəyyən edilərək idarə etdiyi “Hyundai Elantra” markalı **-ND-*** dövlət nömrəli avtomobillə birlikdə Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış aparılacağı izah edilmişdir. 19-cu PŞ-nin xidməti otağında dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, **-ND-*** dövlət nömrə nişanlı avtomobilə video çəkilişlə baxış aparılmışdır. Avtomobilə baxış zamanı avtomobilin salonunda idarəetmə panelinin alt hissəsində, qabaq sağ oturacaqla üzbəüz olan əşya qutusu, yəni, saxlanc yerindən bir ədəd şəffaf sellofan bükülüdə qəhvəyi rəngdə narkotik vasitəyə bənzər maddə, bir ədəd şəffaf sellofan bükülüdə 5 ədəd dərman preparatı, iki ədəd elektron tərəzi, bir ədəd şəffaf sellofan bükümdə qara rəngdə narkotik vasitəyə bənzər maddə və bir şəffaf sellofan bükümdə ağ rəngli narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümdəkilərin narkotik vasitə olduğunu və tanımadığı şəxsdən özünün istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra avtomobildən aşkar edilmiş bükümlər və iki ədəd tərəzi zərflərə qoyularaq qablaşdırılmış və möhürlənərək protokol tərtib edildikdən sonra protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsin evində olmamışlar. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid1 ifadəsindən görünür ki, o, Şahid3 və Şahid2 dediklərinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, xx xxx 2020-ci il tarixdə saat təxminən 20 radələrində bədənində ağrılar olduğu üçün narkotik vasitə qəbul etmək qərarına gəlmiş, lakin pulu olmadığından, narkotik vasitələrdən istifadə etdiyini bildiyi tanışı Rəşadla əlaqə saxlayıb, ondan istifadəsi üçün narkotik vasitə istəmişdir. Rəşad da etiraz etməmiş və ona istifadəsi üçün narkotik vasitə verəcəyini bildirib, ona 4-cü mikrorayon dairəsində görüşmələrini demişdir. O da, həmin vaxt yaxınlıqda olduğundan 4-cü mikrorayon dairəsinin yaxınlığında Rəşadla görüşmüş və ondan bir ədəd şəffaf sellofana bükülmüş halda olan narkotik vasitə heroin götürmüşdür. Rəşad həmin bükümü istifadəsi üçün hədiyyə olaraq ona vermiş və ondan pul götürməmişdir. Bundan sonra, o, həmin bükümü əynindəki parça şalvarının sol yan cibinə qoymuşdur ki, sonradan istifadə edər. Belə ki, Rəşaddan ayrıldıqdan sonra, Nəsimi rayonu, Cavadxan küçəsi ilə piyada olaraq hərəkət edərkən Cavadxan küçəsi 15 saylı ünvanın qarşısında mülki geyimdə olan 3 nəfər şəxs ona yaxınlaşaraq, özlərini təqdim edib Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları olduğunu bildirib, ondan özünü təqdim etməyini xahiş etmişlər. O da, özünü təqdim etdikdə, polis əməkdaşları onun narkotik vasitələrdən istifadə etdiyini və üzərində gəzdirməyi barədə məlumatları olduğunu bildirirək, üzərində narkotik maddənin olub-olmadığını soruşmuşlar. O isə həmin vaxt üzərində heç nə olmadığını bildirmişdir. Buna baxmayaraq həmin polis əməkdaşları onu üzərinə baxış keçirilməsi üçün polis şöbəsinə dəvət etmişlər, o da etiraz etmədiyindən oradan onu öz avtomobillərinə otuzdurub Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirmişlər. Polis Şöbəsində polis əməkdaşları üzərində axtarış aparacaqlarını bildirmişlər və bunun üçün video çəkilişdən istifadə edəcəklərini demişlər. O, buna etiraz etməmişdir. Vəkilin iştirakı ilə ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra axtarış video çəkiliş vasitəsi ilə aparılmışdır. Axtarış zamanı o, artıq ifşa oldunduğunu başa düşərək qara rəngli parça şalvarının sol cibində olan narkotik vasitəni çıxardıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşları ondan narkotik vasitəni nə məqsədlə üzərində saxladığını, kimdən və harada aldığını soruşmuşlar. O, onlara cavab olaraq qeyd edilən narkotik vasitəni bir neçə saat əvvəl Nəsimi rayonu, 4-cü mikrorayon dairəsi yaxınlığında “Rəşad” adlı tanışından aldığını, narkotik vasitəni yalnız öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 19-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Kənan Kərimlinin xx xxx 2020-ci il tarixli raportundan görünür ki, vət. Şahid4 üzərində tapılmış narkotik vasitəyə bənzər maddənin tanışı olan “Rəşad” adlı şəxsdən əldə etməsi müəyyən olunmuşdur. Cinayət işinin 59-64-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, xx xxx 2020-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 00:15 radələrində xx xxxx 1988-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Cəlilabad rayonu, Ə.Cavad küçəsi ev 12-də qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbekov küçəsi ev 5, mənzil 53-də yaşayan Təqsirləndirilən şəxs müəyyən edilərək idarə etdiyi “Hyundai Elantra” markalı **-ND-*** dövlət nömrəli avtomobilə baxış keçirilmişdir. Avtomobilə keçirilmiş baxış zamanı avtomobilin salonunda sağ qabaq saxlanc yerində bir ədəd şəffaf sellofan bükülüdə qəhvəyi rəngdə narkotik vasitəyə bənzər maddə, bir ədəd şəffaf sellofan bükülüdə 5 ədəd dərman preparatı, iki ədəd elektron tərəzi, bir ədəd şəffaf sellofan bükümdə qara rəngdə narkotik vasitəyə bənzər maddə və bir ədəd şəffaf sellofan bükümdə ağ rəngli narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. Axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmişdir. Cinayət işinin 70-73-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 6/719 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” yazısı olan 3 (üç) ədəd zərfdəki; -1 (bir) ədəd bükümdə, təmiz çəkisi 335 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -1 (bir) ədəd bükümdə, təmiz çəkisi 3,635 qram ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. -1 (bir) ədəd bükümdə, təmiz çəkisi 10,745 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. -5 ədəd üzərlərində “Z/40” yazısı həkk olunmuş ağ rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 5 ədəd həbdə təsiredici maddəsi metadonun ümumi miqdarı 0,2 qram (bir həbdə 0,04 qram metadon olmaqla) təşkil edir. -2 ədəd “500g/0,1q” markalı elektron tərəzilərin üzərində narkotik vasitə olan heroinin və tiryəkin izləri vardır. Heroin xx xxxx 2005-ci il Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” İ siyahısına və metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” İİ siyahısına daxildirlər. Ekspertiza tədqiqatı zamanı heronin təmiz çəkisi 335 qram olmuş, tədqiqata 0,2 qram sərf edilmiş və 334,8 qram qalıq qalmışdır. Metamfetaminin təmiz çəkisi 3,635 qram olmuş, tədqiqata 0,5 qram sərf edilmiş və 3,585 qram qalıq qalmışdır. Tiryəkin təmiz çəkisi 10,745 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş və 10,645 qram qalıq qalmışdır. 5 ədəd metadon həbdən 1 həb tədqiqata sərf edilmiş və 4 həb qalıq qalmışdır. Cinayət işinin 189-190-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının xx xxx 2020-ci il tarixli, 6/718 nömrəli rəyin surətindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid4” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,349 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 178-182-ci vərələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/815 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində ƏN MEM-nin “Tədqiqat obyekti №59” ştamp əksi olan paketlərdə, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bükümdəki heroin Şahid4 götürülmüş 1 ədəd bükümdəki heroinlə xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Ekspertiza tədqiqatı zamanı Şahid4 götürülümüş heroninin təmiz çəkisi 2,249 qram olmuş, tədqiqata 0,03 qram sərf edilmiş və 2,219 qram qalıq qalmışdır. Təqsirləndirilən şəxs götürülümüş heroninin təmiz çəkisi 334,8 qram olmuş, tədqiqata 0,03 qram sərf edilmiş və 334,77 qram qalıq qalmışdır. Cinayət işinin 90-92-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid4 ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşmə protokolundan görünür ki, Şahid4 öz ifadələrini bir daha təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs özünün istifadəsi üçün bir ədəd şəffaf sellofan bükümdə hədiyyə olaraq narkotik vasitə heroin əldə etmişdir. Cinayət işinin 170-173-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2020-ci il tarixli baxış aparılması haqqında protokoldan və protokola əlavə edilmiş “xxxxxxx” MMC-dən daxil olan CD diskdən görünür ki, Təqsirləndirilən şəxs adına “xxxxxxx” MMC-də “***-***-**-**” mobil nömrəsi qeydiyyatdadır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə daxil olan sms-mətnlərinin çıxarışından görünür ki, Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinə xx.xx.2020-ci il tarixdə saat 19:20:50-də ***-***-**-** saylı nömrədən “Rewi 1 qiram kakos yarimda patpires neceye verersen ikisin”; xx.xx.2020-ci il tarixdə saat 17:13:14-də ***-***-**-** mobil nömrəsindən “Qaqa 15 koko 5 patpreals”; xx.xx.2020-ci il tarixdə saat 16:02:16-da ***-***-**-** saylı nömrədən “Salam rawad navar na yox gagaw uzumda galmir sana yixim gagawim bir soznan mani atiblar 75 m puli biraz tema galmiwti onida axriyirdim vurmiwam brat bilmiram neynayim hindi pis axriyiram”; xx.xx.2020-ci il tarixdə saat 19:07:43-də ***-***-**- ** saylı nömrədən “Qardaş bidene yari isdirdime pisdi vezyet 20 m varmdı .qardaş”; xx.xx.2020-ci il tarixdə saat 00:04:48-də ***-***-**-** mobil nömrəsindən “Reşad burda tema qoyubsa nsa. Denən bular versin lər agrıyıram”; xx.xx.2020-ci il tarixdə saat 08:18:55-də ***-***-**-** saylı nömrədən “Salam qaqa sabahun xeyir menem mircelal dediyim dermanan xeber cixmadi maraqlandun hec olmasa bir xeber de mene bilim”; xx.xx.2020-ci il tarixdə saat 11:50:58-də ***-***-**-** mobil nömrəsindən “QAQA MENEM SEYMURDU. QAQA 60 MANAT VAR İKİSİNDENDE LAZİMDİ. RAYON”; xx.xx.2020-ci il tarixdə saat 16:15:25-də ***-***-**-** mobil nömrəsindən “Qaqa sen Allah tez bazar menne 2qram kola catdir 0.5de pati”; xx.xx.2020-ci il tarixdə saat 17:14:11-də ***-***-**-** mobil nömrəsindən “2dene yarim istiyen var 30mandan 60man bu eliyir 2dene cet pati istiyen var 20man bu eliyir 20man mende var Cemi100man eliyir 2qr kola getir 0.5pati ama tez” məzmunlu mesajlar göndərilmişdir. Cinayət işinin 174-177-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2020-ci il tarixli baxış aparılması haqqında protokoldan və protokola əlavə edilmiş “xxxxxxx” MMC-dən daxil olmuş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs adına “xxxxxxx” MMC-də “***-***-**-**” mobil nömrəsi qeydiyyatdadır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə daxil olan sms-mətnlərinin çıxarışından görünür ki, Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinə xx.xx.2020-ci il tarixdə saat 05:17:27-də ***-***-**-** mobil nömrəsindən “Gagaw sana dedim axi manim vazyatim pisti man onda gedim bawga yera bawima cara gurum neyniyak”; xx.xx.2020-ci il tarixdə, saat 13:47:40-da **********12 saylı nömrədən “Qaqa ac bunu sen ol Allaha and olsun 40man pul var gelim mene tez bazar bir wey ele”; xx.xx.2020-ci il tarixdə saat 14:31:18-də **********12 saylı nömrədən “Qaqa acda bunu mene yene tema lazimdi negd puluynan sen ol meni cox gozdetme yene pul elden cixacag neteri eliyey hara gelim goruwey” məzmunlu mesajlar göndərilmişdir. Məhkəmə iştirakçılarının vəsatəti əsasında cinayət işinə əlavə edilmiş «CD» diskə baxış aparılaraq müəyyən edilmişdir ki, Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobildə aparılmış baxış zamanı avtomobilin idarə etmə panelində yerləşən əşya qutusundan 1 ədəd şəffaf sellofan bükülü, 1 ədəd şəffaf sellofan bükülü, 1 ədəd şəffaf sellofan bükülü,1 ədəd şəffaf sellofan bükülü, üzərlərində «Z/40» yazısı həkk olunmuş ağ rəngli dairəvi formalı, 5 ədəd dərman preparatı, 2 ədəd «500g/0,01q» markalı elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Baxışın gedişatı və nəticələri videokamera ilə qeydə alınmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək onun yaşadığı evində yalnız 10 qram tiryək və 5 ədəd metadon dərmanının olduğunu və istifadəsi üçün evində saxladığını, satmaq məqsədi olmadığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadələr verib ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun məhkəmədəki ifadələrinin təkzib olunduğu, ibtidai istintaq zamanı verdiyi ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və Təqsirləndirilən şəxs məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Metamfetaminin» 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. Narkotik vasitə olan “tiryəkin” 0,5 qramı şəxsi istehlak miqdarından artıq, 50 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs oğlu barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 145-ci və 153-159-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən və xx xxx 2009-cu il tarixli Cəlilabad Şəhər Məhkəməsinin 1(073)-71/2009 nömrəli hökmünün surətindən görünür ki, Kazımov X2 Şəhər Məhkəməsinin xx xxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxxx 2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində qeyd edilmişdir ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.3.3-ci maddəsinə müvafiq olaraq az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş ksresurətindən görünür ki, Təqsirləndirilən şəxs 2015-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Cinayət işinin 184-186-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 Ambulator məcburi-narkoloji tibbi yoxlamanın məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 1509 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq xx xxx 2020ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 124-128-ci vərəqələrində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 4(006)-242/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, **- ND-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobildən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 334,77 qram heroin, 3,585 qram psixotorp maddə metamfetamin, 10,645 qram tiryək, 4 həb metadon və 2 ədəd «500g/0,01q» markalı elektron tərəzi məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, **- ND-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobildən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 334,77 qram heroin, 3,585 qram psixotorp maddə metamfetamin, 10,645 qram tiryək, 4 həb metadon və 2 ədəd «500g/0,01q» markalı elektron tərəzi məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 228 (iki yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-977/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-977/2020
23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver