Məhkəmə qərarları › İş №1(101)-979/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-979/2020

09.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-979/2020 09.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əhmədli Səxavət Böyükağa oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, müdafiəçi - Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, «TuranBank» Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialında əməliyyatçı vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi olan avtomobili alkoqollu içkinin qəbulu nəticəsində sərxoş vəziyyətdə idarə etməklə yol hərəkəti qaydalarını pozub, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, xx xxxxx 2020-ci ildə saat 20:30 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməyərək alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Hyundai İX-35» markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz-Niyazoba yolunun Xaçmaz rayonu, Ağçay kəndi ərazisindən keçən 6-cı kilometrliyində yaşayış məntəqəsində təxminən 130-140 km/saat sürətlə Niyazoba istiqamətində hərəkətdə olarkən həmin Qanunun 36-cı maddəsinin maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, yolun sərt döngəli hissəsində idarəetməni itirdiyindən avtomobil sağ kənardakı dərəyə aşmış, nəticədə ehtiyatsızlıqdan «Hyundai İX-35» markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs baş beyin toxuma və mədəciklərinə qansızma ilə müşahidə olunmuş kəllə əsası sümüklərinin qapalı sınığı, təpə nahiyəsinin şişkinliyi və sol gicgah nahiyəsinin qançırı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri alaraq ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, mərhum Zərərçəkmiş şəxs ilə uşaqlıqdan dostluq etmiş, yaxın dostlar kimi müntəzəm əlaqə saxlayıb görüşmüş, bir-birlərinin evlərinə getmiş, qarşılıqlı olaraq valideynlərini, digər ailə üzvlərini tanımışlar. xx xxxxx 2020-ci il tarixdə idarə etdiyi «Hyundai İX-35» markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ramilin işlədiyi Xaçmaz şəhəri, Nərimanov küçəsində yerləşən ofisə getmişdir. Orada Ramil, sonuncunun qardaşı Rəşad, əmisi oğlanları Elşad və Eyyub, habelə Həzrət və Məhəmməd olmuşdur. Əyləşib bir qədər söhbətləşdikdən sonra öz aralarında danışaraq çaxır içmək qərarına gəlmişlər. O özü ümumən arabir spirtli içki içsə də həmin günə qədər heç vaxt çaxır içməmişdir. Həzrət ibadət etdiyi, namaz qıldığı üçün spirtli içki içiləcək yerdə olmamaq üçün ofisdən çıxıb getmişdir. Həmçinin Məhəmmədin özü də spirtli içki qəbul etmədiyinə görə onlardan bir qədər kənarda əyləşmişdir. O, Rəşadla birlikdə ofisin yaxınlığında yerləşən obyektdən çaxır içəndə yemək üçün alma, limon və portağal alıb gətirmişlər. Məhəmməddən başqa beş nəfərə 5 şüşə çaxır içmiş, istirahət etmiş, adi söhbətlər etmişlər. Artıq axşama doğru, yəni saat 20:15 radələrində öz aralarında danışıb belə qərara gəlmişlər ki, Niyazoba kəndi ərazisində yerləşən dənizə gedib istirahətlərini bir qədər də orada davam etdirsinlər. Bu məqsədlə də ofisdən çıxmışlar və o, özünün «Hyundai İX-35» markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sükanı arxasına, mərhum Zərərçəkmiş şəxs də onun yanında qabaq sağ oturacaqda - sərnişin yerində əyləşmişdir. Digərləri isə Elşadın avtomobilinə əyləşmişlər. Bundan sonra onlar Niyazoba kəndi istiqamətində hərəkətə başlamışlar. Sükan arxasında Ramillə adi mövzularda söhbət edə-edə yola davam etmişdir. Həmin asfalt yol rahat və boş olduğundan idarə etdiyi avtomobilin sürətini artırmış, təxmini yadında qalana görə 120-130 km/saat sürətlə hərəkət etmişdir. Bir qədər hərəkət etdikdən sonra artıq havanın da qaralmağa başlaması səbəbindən qarşıdakı sərt döngəni vaxtında görə bilməmiş və oraya çatdıqda dönmək istəyərkən idarəetməni itirmiş, artıq heç bir manevr edib dönə bilməmiş və avtomobil asfalt yoldan kənara çıxaraq aşmışdır. Bundan sonra baş verənləri isə artıq xatırlamır. Sonradan ayıldıqda xəstəxanada olduğunu, çoxsaylı xəsarətlər aldığını və dostu Ramilin isə qəza zamanı aldığı xəsarətlərdən öldüyünü bilmişdir. Bu hadisəyə görə özünü tam günahkar bilir və yaxın dostunun ölümünə məhz onun ehtiyatsızlığının səbəb olması hissi ömrünün sonunadək ona əzab verəcək, bu bədbəxt hadisəyə görə də özünü heç vaxt bağışlamayacaqdır. Bir an belə unutmadığı dostunun, ona çox əziz olan bir insanın ölümü ilə heç cür barışa bilmir. Amma onu bağışlamış Ramilin valideynləri qarşısında baş əyir və ömrü boyu özünü onlara borclu biləcəkdir. Özünün atası vəfat etmişdir. Ailənin yeganə gəlir gətirənidir. Atası vəfat etdiyindən anası da onun himayəsindədir. Həyat yoldaşı da evdar qadındır və heç yerdə işləmir. Məhkəmədən bütün bu halların, özünün də çoxsaylı xəsarətlər almasının və aldığı xəsarətlər, o cümlədən sınıqlarla bağlı dözülməz ağrılardan əziyyət çəkməsinin və ciddi müalicəyə ehtiyacının olmasının, zərərçəkmiş şəxsin hüquqi varisi ilə ilk gündən barışıq əldə olunmasının və ona qarşı heç bir tələb və şikayətin olmamasının, himayəsində iki körpə uşağının olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı tam etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 göstərdi ki, o, xx xxxxx 2020-ci il tarixdə saat 20:40 radələrində evdə olarkən kiçik oğlu Rəşad telefonla ona zəng edərək böyük oğlu Ramilin yol qəzasına düşdüyünü və baş nahiyəsinin əzildiyini bildirmişdir. O, dərhal Xaçmaz rayonunun Niyazoba kəndi ərazisində sərt döngə deyilən əraziyə getmiş və orada ona məlum olmuşdur ki, tanıdığı Təqsirləndirilən şəxs özünə məxsus «Hyundai İX-35» markalı **-KF- *** dövlət qeydiyyat nişanlı avtomobili sürərkən aşırtmış və nəticədə sərnişin qismində yanında olmuş oğlu Zərərçəkmiş şəxs hadisə yerində ölmüşdür. xx xxxxx 2020-ci il tarixdə mərhum oğlu Ramili Arzu kənd qəbiristanlığında dəfn etmişlər. Eşitdiyinə görə hadisədən az əvvəl oğlu Ramil və tanışı Kamran digərləri ilə birlikdə çaxır içmiş, avtomobili idarə edən Kamran sərt döngədə idarəetməni itirərək yol qəzası törətmişdir. Oğlunun ölümü bir valideyn kimi onu çox sarsıtmışdır. Bununla belə o, özünün heç bir şikayəti olmaması ilə bağlı mövqeyini elə hadisə günü axşam ifadə etmiş, sonradan da ibtidai istintaq orqanına dəvət olunarkən bununla bağlı rəsmi şəkildə yazılı ərizəsini təqdim etmişdir. Təqsirləndirilən şəxsin qohum-əqrabası sonradan da ən müxtəlif ümumi tanışların, yaxud başqa-başqa şəxslərin vasitəsilə üzrxahlıq və barışıqla bağlı ismarıclarını göndərməkdə davam etmişlər. O da hadisə baş verən gündən mövqeyini ifadə etdiyi üçün bütün bu əlavə cəhdlərə ehtiyac olmadığını bildirmişdir. Təqsirləndirilən şəxslə barışmış və bağışlamışdır, heç bir tələb və şikayəti yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, təxminən 5 ilə yaxındır ki, «Gəncə şərab» şirkətinin mağazasında satış müdiri işləyir. xx xxxxx 2020-ci il tarixdə saat 19 radələrində işlədiyi ofisdə Zərərçəkmiş şəxs, Şahid2, Şahid3 və Şahid4 əyləşib söhbətləşərkən ümumi tanışları Təqsirləndirilən şəxs gəlib çıxmışdır. Bir qədər söhbətləşib çaxır içmək qərarına gəlmişlər. Meyvə də alıb hərəyə bir şüşə «Yanardağ» markalı çaxır içmişlər. Məhəmməd isə namaz əhli olduğundan çaxır içməmişdir. Saat təxminən 20 radələrində Kamran Niyazoba kəndi ərazisinə dəniz kənarına gedib istirahətlərini orada davam etdirmələrini təklif etmişdir. Rəşad, Məhəmməd və Əyyub ona məxsus «VAZ-21114» markalı **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. Məhəmməd spirtli içki qəbul etmədiyindən avtomobili idarə etmək üçün sükan arxasına əyləşmişdir. Ramil isə dostu Kamranın «Hyundai İX35» markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilində qabaq sağ oturacaqda, Kamran özü də sükan arxasında əyləşmişlər. Onlardan irəlidə gedən Kamranın avtomobili yüksək sürətlə idarə etdiyini görən və irəlidə sərt döngə olduğunu bilən Məhəmməd idarə etdiyi avtomobillə siqnal verərək həm də qabaq fara işıqlarını yandırıb söndürməklə avtomobilinin sürətini aşağı salması üçün Kamrana işarə vermək istəmişdir. Amma Kamran avtomobili sürətlə idarə etməkdə davam etdiyindən Niyazabad kəndi ərazisində sərt döngədə idarəetməni itirmiş və yoldan çıxaraq avtomobili aşırtmışdır. Onlar dərhal avtomobildən düşüb Kamranın avtomobilinə yaxınlaşmışlar və Ramilin avtomobilin yanında palçıqlı suda üzü aşağı uzanaraq xırıldadığını, Kamranın isə avtomobildən düşərək ayaq üstə dayandığını görmüşlər. Dərhal 103 xidmətinə zəng vurmuşlar, amma təcili tibbi yardım avtomobili gec gəldiyindən huşsuz vəziyyətdə olan Ramili yoldan keçən tanışının avtomobili ilə xəstəxanaya aparmışlar. Xəstəxanada həkimlər Ramilin aldığı xəsarətlərdən öldüyünü bildirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx xxxxx 2020-ci il tarixli protokolda, ona əlavə edilmiş sxemdə və fotoşəkillərdə hadisənin baş yerdiyi ərazinin təsviri, hadisə baş verən zaman təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilin hərəkət istiqaməti və iş üzrə əhəmiyyət kəsb edən digər detallar ətraflı şəkildə öz əksini tapmışdır (cild 1, iş vərəqə 12-16). Avtomobilə baxış keçirilməsi haqqında xx xxxxx 2020-ci il tarixli protokolda yol-nəqliyyat hadisəsi nəticəsində «Hyundai İX-35» markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobildə yaranmış zədələr ətraflı təsvir edilmiş və müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 29-34). İbtidai istintaq zamanı ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsinin baş verdiyi yeri əyani olaraq ətraflı şəkildə göstərərək ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 87-93). İbtidai istintaq zamanı ekspertin iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai İX35» markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərək həmin avtomobilin tormoz sisteminin və sükan idarə etmə sisteminin işlək vəziyyətdə olması müəyyən edilmişdir (cild 1, iş vərəqə 99). Məhkəmə-tibbi ekspertizasının xx xxxxx 2020-ci il tarixli 15 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər – baş-beyin toxuma və mədəciklərinə qansızma ilə müşahidə olunmuş kəllə əsası sümüklərinin qapalı sınığı, təpə nahiyəsinin şişkinliyi və sol gicgah nahiyəsinin qançırı dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olub, bərk küt əşya (əşyalar) təsirindən xx xxxxx 2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində baş-beyin toxuma və mədəciklərinə, onların qişası altına qansızma olmuşdur. Ölümün baş vermə müddəti müayinədən 2-3 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir (cild 1, iş vərəqə 79-80). Xaçmaz rayon Mərkəzi xəstəxanası tərəfindən verilmiş stasionar xəstənin tibbi kartasından xx xxxxx 2020-ci il tarixli və xx xxxxx 2020-ci il tarixli çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 20:45 dəqiqədə qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ bazu sümüyünün yuxarı 1/3-nin qapalı qəlpəli yerini dəyişmiş sınığı, soldan Vİİİ-İX qabırğaların qapalı sınığı diaqnozu ilə alkaqol sərxoşluğu vəziyyətində xəstəxanaya daxil olmuş, xəstə sonradan digər tibb müəssisəsində stasionar müalicə olunmuş, üzərində müvafiq cərrahi əməliyyatlar aparılmış, gips sarğıları qoyulmuşdur (cild 1, iş vərəqə 45-46). Məhkəmə-tibbi ekspertizasının xx xxxxx 2020-ci il tarixli 221 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər – baş beyin silkələnməsi ilə müşayiət olunmuş təpə nahiyəsinin əzilmiş yarası, sağ bazu sümüyünün qapalı sınığı, soldan Vİİİ və İX qabırğaların sınığı, sağ əlin İİİ barmağının əzilmiş yarası, sol bazu, sol bud və sol böyür nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənməklə xx xxxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Xəsarətlərin yerləşmə yerlərinə və xarakterinə görə demək olar ki, həmin xəsarətlər qəza zamanı avtomobili idarə edən şəxdə, yəni sürücüdə əmələ gələ bilərdi (cild 1, iş vərəqə 81-82). Kompleks məhkəmə trasoloji-yol-nəqliyyat hadisəsi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 8/623 nömrəli rəyindən görünür ki, təqdim olunmuş «Hyundai İX-35» markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə zamanı tormoz sistemi və sükan idarəetmə sistemi işlək vəziyyətdə olmuş, qabaq sağ təkərin diskisi üzərində olan zədələr avtomobilin aşması zamanı həmin sahəyə təsir edən güclü xarici dinamiki qüvvə nəticəsində yaranmışdır. Avtomobilin təkərləri üzərində daxilə kimi davam edən zədələr yoxdur. «Hyundai İX-35» markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilin tormoz sisteminin və sükan idarəetmə sisteminin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur. «Hyundai İX-35» markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs «Hyundai İX-35» markalı **-KF-*** dövlət qeydiyyt nişanlı avtomobili sərxoş vəziyyətdə və yaşayış məntəqəsində icazə verilən 60 km/saatdan artıq, yəni 130- 140 km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (cild 1, iş vərəqə 137- 141). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 186-187). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X5 Qeydiyyat-imtahan İdarəsinin xx xxxx 2020-ci il tarixli 016-60612-1220 nömrəli məktubundan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət X5 Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixində AF seriyalı 321680 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur (cild 1, iş vərəqə 185). «Hyundai İX-35» markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır (cild 1, iş vərəqə 142). Zərərçəkmiş şəxsin hüquqi varisi X3 xx xxxxx 2020-ci il tarixli ərizə ilə ibtidai istintaq orqanına müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir (cild 1, iş vərəqə 58). Ölmüş zərərçəkmiş şəxsin həyat yoldaşı X2 xx xxx 2020-ci il tarixli ərizə ilə ibtidai istintaq orqanına müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, tələb və iddiasının olmadığını bildirmişdir (cild 1, iş vərəqə 98). Xaçmaz rayon İcra hakimiyyəti Başçısının Xaçmaz şəhəri X4 üzrə nümayəndəsinin xx xxxx 2020-ci il tarixli 2472 saylı arayışından və doğum haqqında müvafiq şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il və xx.xx.2017-ci il təvəvllüdlü iki azyaşlı uşağı var, habelə həyat yoldaşı və anası da onun himayəsindədir (cild 1, iş vərəqə 130, 132-136). Yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilərək ailə üzvləri və qonşularla yaxşı münasibətdə olduğu, ictimaiyyət arasında özünü intizamlı apardığı, ətrafdakılara qarşı mehriban olduğu, ictimai işlərdə yaxından iştirak etdiyi qeyd olunmuşdur (cild 1, iş vərəqə 131). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl ehtiyatsızlıqdan törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə əsas və nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzalar təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən isə özünü tam təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailənin yeganə qazanc gətirəni olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən həm də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş halın mövcudluğu şəraitində təyin olunan cəzanın müddətinin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməyəcəyi ilə bağlı müddəasını da nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin - əlavə cəzanın icrasının Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini də əsaslı hesab edir. Bu halda əlavə cəza, cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin xx xxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 103, 114-115, 166-169). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan «Hyundai İX-35» markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq vaxtı qanuni sahibinə qaytarıldığı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 200 (iki yüz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2013-cü il qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası cəzanı icra edən müəssisə və orqan tərəfindən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. İş üzrə maddi sübut olan «Hyundai İX-35» markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 200 (iki yüz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar