Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-979/2025 05.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu, Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs və müdafiəçi - "M.B.M" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1971-ci il tarixdə Bakı şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, 23 dekabr 2024-cü il tarixdə iş üzrə təsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 17 iyul 2024-cü il tarixdə saat 11 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci bəndinin sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı kimi tələblərinə riayət etməklə yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməyib, həmin Qanunun 33-cü maddəsinin 5-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub ona verilmiş AC 320272 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq nəqliyyat vasitələrini idarə hüququ olmadan etibarnamə əsasında "Hyundai SantaFe" markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanın qarşısında yolun sol tərəfinə manevr edib dönən zaman ehtiyatsızlıqdan yolu keçən piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə sonuncuya baş beyinin və onurğa beynin boyun şöbəsinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızma, sağ gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, l-ll-lll boyun fəqərələrinin fəqərə qövslərinin və cisminin yerini dəyişən qapalı, qəlpəli sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinə qansızma, sol ağciyərin kontuziyası, soltərəfli ll-lll-İV-V qabırğaların yerini dəyişən qapalı sınıqları, döş qəfəsinin yumşaq toxumalarına qansızma, sol bazu sümüyünün qapalı sınığı, başın, gövdənin, sol yuxarı ətrafın dərialtı hematoması və qançırları ilə müşaiyət edilən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan bədən xəsarətləri yetirməklə, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs həmin xəsarətlər nəticəsində baş vermiş baş beyinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə günü Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində hərəkətdə olarkən maşınla sola dönmə etmək istəmişdir. Bu vaxt yolun boş olmasını yoxlamaq üçün sağa-sola baxmış, sağa baxıb maşın olmadığını görüb sola hərəkət edən vaxt adının sonradan Qətibə olduğunu bildiyi qadını avtomobilin sol qabaq hissəsi ilə vurmuşdur. Bundan sonra dərhal maşını saxlamışdır. Maşından düşüb həmin qadına ilkin tibbi yardım etmək üçün orada olan digər şəxslərlə birlikdə qadını səkinin yanına gətirmişlər. O, təcili yardım maını çağırmaq istəmiş, lakin həmin maşının gec gələcəyini fikirləşib öz maşını ilə Qətibə xanımı "Stimul" xəstəxanasına aparmışdır. Xəstəxanada Qətibə xanıma ilkin tibbi yardım göstərilmiş, lakin bir neçə dəqiqə sonra Qətibə xanımın vəfat etdiyi ona bildirilmişdir. Həmin vaxt mərhumun nəvəsi də orada olmuşdur. Bundan sonra mərhumun evə aparılmasında onun qohumlarına köməklik göstərmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs 20 ilə yaxındır ki, sürücülük hüququ əldə etdiyini və nəqliyyat vasitəsi idarə etdiyini, sürücülük vəsiqəsinin etibarlılıq müddətinin 11 aprel 2024-cü il tarixdə bitdiyini, lakin onun yadında 04 noyabr 2024-cü il tarixdə bitəcəyi kimi qaldığını, bu səbəbdən sürücülük vəsiqəsini yeniləmədiyini, hadisə vaxtı sol tərəfə baxanda qadının görmədiyini, çünki hadisə yerinin həm ağacın altına düşdüyünü, həm də meyvə-tərəvəz satıldığı bir yer olduğu üçün piyadanı görməyin mümkün olmadığını, buna baxmayaraq özünü təqsirli bildiyini, törətdiyi əməldən peşman olduğunu, hadisədən qısa müddət sonra mərhumun ailəsi ilə barışıq əldə olunduğunu məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində bildirdi ki, o, hadisənin birbaşa şahidi olmamışdır. Mərhum Zərərçəkmiş şəxs onun həyat yoldaşı olmuşdur. Qətibə Bakıxanov qəsəbəsində un məmulatları hazırlanan köşkdə işləmişdir. Hadisə günü Qətibə səhər saatlarında işə getmiş, lakin bir neçə saatdan sonra Qətibənin yol-nəqliyyat hadisəsi zamanı vəfat etdiyi ona bildirilmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır, hadisə ehtiyatsızlıqdan törəndiyi üçün ona qarşı heç bir şikayəti və iddia tələbi yoxdur. Həmçinin, zərərçəkmiş şəxsin hüquqi varisi Tarış Rzayev məhkəməyə təqdim etdiyi yazılı ərizəsində bir daha Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı heç bir şikayəti və iddia tələbinin olmadığını məhkəməyə bildirdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 17 iyul 2024-cü il tarixli raporta əsasən qeyd olunan tarixdə saat 12:19 radələrində «102» Zəng Mərkəzindən (2********) X4 məlumat verərək, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində "Hyundai" markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs vurması və ölümlə nəticələnməsi barədə məlumat vermişdir. Qeyd olunan raport Bakı şəhəri, Sabunçu rayon Polis idarəsində "cinayətlər haqqında ərizələr və məlumatların uçotu kitabında" 17 aprel 2024-cü il tarix 625 nömrə ilə qeydiyyata alınmışdır (cild 1, iş vərəqi 2). İş materiallarında olan 17 iyul 2024-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında eni 10 metr, hərəkət hissəsinin eni 5 metr, iki zolaqlı asfalt örtüklü yolun olduğu müəyyən edilmişdir. İstintaq hərəkəti zamanı hadisə yerinin sxemi, həmçinin müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 3-10). Cinayət işində olan 17 iyul 2024-cü il tarixli 1/6430 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə (saat 15:20) alkoqol qəbulu əlamətləri aşkar olunmamışdır və adı çəkilən şəxs ayıq olmuşdur (cild 1, iş vərəqi 12). Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2024-cü il tarixli 3-16-16/2-8/2360 nömrəli rəyindən görünür ki, «Hyundai Santafe» markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 1, iş vərəqi 49-52). Məhkəmə-tibbi ekspertizasının 17 iyul 2024-cü il tarixli 154 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində baş beyinin və onurğa beynin boyun şöbəsinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızma, sağ gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, l-ll-lll boyun fəqərələrinin fəqərə qövslərinin və cisminin yerini dəyişən qapalı, qəlpəli sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinə qansızma, sol ağciyərin kontuziyası, soltərəfli İl- İl l-İV-V qabırğaların yerini dəyişən qapalı sınıqları, döş qəfəsinin yumşaq toxumalarına qansızma, sol bazu sümüyünün qapalı sınığı, başın, gövdənin, sol yuxarı ətrafın dərialtı hematoması və qançırları kimi xəsartlər müəyyən edilmişdir. Xəsarətlər həyatidir, Zərərçəkmiş şəxs ölümündən az əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nətisəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-4 saat əvvələ uyqun gəlir (cild 1, iş vərəqi 42-46). Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsindən alınmış 05 avqust 2024-cü il tarixli 3-13-16/2-120909/2024 nömrəli məktubdan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 11 aprel 2014-cü il tarixdə (xx.xx.2024-cü il tarixədək etibarlı olan) “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır (cild 1, iş vərəqi 40). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 1, iş vərəqi 35). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək müdafiəsi üçün dəlillər gətirməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin "nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs" müddəasının şərh edilməsinə dair" 24 sentyabr 2014-cü il tarixli Qərarınının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, “Yol hərəkəti haqqında” Qanunun qeyd olunan normasında nəqliyyat vasitələrini idarəetmə hüququnun əldə edilməsinin şərtləri və qaydaları dəqiq müəyyən olunmuşdur və bu Qanuna uyğun olaraq sürücülük vəsiqəsini əldə etmiş şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxs hesab edilməlidir. Beləliklə, Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası, ilk növbədə, hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi ehtiva edir. Bununla yanaşı, “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin V hissəsində fiziki şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasından bəhs olunur. Belə ki, həmin normaya əsasən Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 1) şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa - sürücülük vəsiqəsi dəyişdirilənədək; 2) şəxs tərəfindən yol hərəkətinin qaydaları bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulmuşdursa - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada beş ildən artıq olmayan müddətin qurtarmasınadək; 3) şəxsdə bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş xəstəliklər və ya fiziki qüsurlar müəyyən edilərsə - xəstəlik müalicə olunanadək və ya fiziki qüsur aradan qaldırılanadək. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin "nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs" müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl ehtiyatsızlıqdan törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 26-cı maddəsinin tələblərinə görə, cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12 və 59.1.13-ci maddələrinə görə, zərərçəkmiş şəxslə və onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, həmçinin törətdiyi əməldən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarında dəyişikliklər edilməsi haqqında 18 fevral 2022-ci il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 106.6.1-cı maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulduğunu, hüquqi varis qismində tanınmış digər şəxslərin isə bu hüquqa malik olmadıqlarını nəzərə alaraq, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi CM-nin 59.1.12-ci maddəsində nəzərə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən CM-nin 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Qeyd olunan tövsiyyələri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eyni zamanda cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə törətdiyi əməldən səmimi peşman olmasını, həmçinin barəsində yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələbinə görə, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri məntəqə tipli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən, nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə cəzası bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübut olan yol-nəqliyyat hadisəsinin videogörüntüsünün olduğu bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatlarına görə 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, ekspertiza tədqiqatlarının dəyəri olan 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işində olan orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi müdafiə etmiş, vəkil bununla bağlı 20 saat vaxt sərf etmişdir. Odur ki, vəkil Müdafiəçi ödənilməli olan 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti "M.B.M" Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Azadlıqdan məhrum etmə cəzasına aid hissədə hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut - yol-nəqliyyat hadisəsinin videogörüntüsünün olduğu bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti "M.B.M" Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-979/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-979/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver