Məhkəmə qərarları › İş №1(101)-981/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-981/2021

24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-981/2021 24.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: Səbuhi Sabir oğlu Hüseynov və Əli İrfan oğlu Məmmədovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Bayram qızının iştiraki ilə, Təqsirləndirilən şəxs (xx xxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 30 iyul 2020-ci il tarixdə səhər saatlarında «Papanin» adlanan ərazidə istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 17,062 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək üzərində saxlayıb daşımış, 30 iyul 2020-ci il tarixdə təxminən saat 19 radələrində Binəqədi RPİ-si 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Məlikaslanov, döngə 5 ünvanın qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən 6-cı Polis Bölməsinə gətirilmiş və saat 20:15-də Polis Bölməsində üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli parça şalvarının sağ yan cibində iki ədəd şəffaf selofana bükülmüş vəziyyətdə ayrı-ayrılıqda təmiz çəkiləri 12, 872 qr., 4, 190 qr., ümumi təmiz çəkisi 17,062 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, həbs olunmamışdan 15-20 gün əvvəl yaşadığı məhəllədə tanımadığı bir şəxs «VAZ 2107» markalı avtomobildə narkotik vasitədən istifadə etdiyi üçün həmin adamla mübahisə edərək, məhəllədə narkotik vasitə istifadə etdiyi üçün onu məhəllədən qovmuşdur. 30 iyul 2020-ci il tarixdə axşam saatlarında yaşadığı evin qarşısında olan zaman bir neçə nəfər ona yaxınlaşıb salam verdikdən sonra əlinə qandal vuraraq maşina otuzdurmuşlar, maşında telefonunu, pul kisəsini, anasına aid pensiya kartını əlindən almışlar və maşındakılardan biri onu sillə ilə vurmuş, o da onu sillə ilə vuran şəxsi vurmuşdur. Həmin vaxt onun üzərində öz istifadəsi üçün saxladığı 1 qramdan bir az artıq kakos kimi adlanan narkotik vasitə olmuşdur. Sonra onu Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinə aparmışlar. Onu bölməyə aparan polislər iş üzrə keçən şahidlər olmamışlar, həmin şəxslər şahid qismində işdə dindirilməmişlər. Orada olan polis əməkdaşlarından biri bildirmişdir ki, polislərdən biri yuxarı vəzifəyə təyin olunması üçün kimisə narkotik vasitə ilə bağlı həbs eləməlidirlər. Sonradan Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsində əli arxada bağlı olarkən onun cibinə başqa bükümlər də qoymuşlar və bildirmişlər ki, bu vidioçəkilişə görədir. Sonra üzərində şəxsi axtarış barədə video çəkiliş aparılmaqla polislər onun üzərindəki əşyaları masanın üzərinə qoymasını tələb etmişlər. O da üzərindəki əşyaları masanın üzərinə qoymuş, polis əməkdaşlarına üzərində başqa maddə və əşya olmadığını bildirmişdir. Polis əməkdaşları masanın üzərinə onun qoyduğu həmin iki ədəd bükümdə olan maddələrin nə olduğunu soruşduqda o, üzərindən aşkar olunmuş, masanın üzərinə qoyduğu həmin iki ədəd kiçik şəffaf sellofana bükülüdə olan maddələrin özünə məxsus narkotik vasitəheroin olduğunu, üzərindən aşkar olunmuş həmin iki ədəd bükümdə olan narkotik vasitə heroinləri 30 iyul 2020-ci il tarixdə səhər saat 10:00 radələrində «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən cəmi 80 manat pula şəxsi istifadəsi üçün aldığını və qəbul etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Polis əməkdaşları ona barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılacağını desələr də sonra onun barəsində qanunsuz olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. İş üzrə onu saxlamayan polis əməkdaşları da üzləşmələrdə yalandan ifadələr verərək güya onu onların saxladıqlarını bildirmişdlər. O, bir neçə orqanlara şikayət etsə də şikayətlərinə baxılmamışdır. Evinin qarşısında saxlanılarkən üzərindən aşkar olunmuş narkotik vasitə 1,70 qram kakos olmuşdur. Narkotik vasitəni “Papanində” onun tutan şəxsdən almışdır. Çəkiliş vaxtı isə onu evinin qarşısında saxlayan şəxslər orada iştirak etməmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi RPİnin 6-cı PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. O, əməliyyat müvəkkili işlədiyi Binəqədi RPİ-nin 6-cı PB-in CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və Binəqədi RPİ-nin CAŞın kiçik inspektoru, polis serjantı Şahid2lə birlikdə 30 iyul 2020-ci il tarixdə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri ərazisində narkotik vasitələrin qanunsuz istifadə etməsi, saxlaması və gəzdirməsi ilə məşğul olması barədə əməliyyat məlumatını yoxlamaq məqsədilə yaradılmış qrupun tərkibində ünvan 6 ünvanında saat 19 radələrində xarici görünüşcə Təqsirləndirilən şəxs oxşayan şəxsə yaxınlaşıb şəxsiyyətini müəyyən etmişlər. Biz həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş və onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə məlumat aldıqlarını bildirib üzərinə baxış keçirilməsi üçün 6-cı polis bölməsinə dəvət etmişlər. Onların nəzarəti altında Təqsirləndirilən şəxs əlini cibinə salmağa imkan verməyərək avtomobilə əyləşdirib 6-cı polis bölməsinə aparmışlar. 6-cı polis bölməsində xidməti iş otaqlarının birində X1 tərəfindən Təqsirləndirilən şəxs bildirilmişdir ki, video çəkiliş ilə üzərində şəxsi axtarış keçiriləcəkdir. Ona hüquq və vəzifələri izah edilmiş, video görüntü ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı X1 Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim etməyi təklif etmiş və Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofana bükülmüş bükülüləri masanın üzərinə qoymuşdur. Bundan sonra X1 tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və başqa heç nə aşkar edilməmişdir. X1 Təqsirləndirilən şəxs bükümlərin içərisində nə olduğunu soruşanda Təqsirləndirilən şəxs bükümlərdə “heroin” olduğunu, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini 30.07.2020-ci il tarixdə, səhər 10-11 radələrində Papanin adlanan yerdə tanımadığı şəxsdən istifadə etmək üçün 80 manata aldığını bildirmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan 02 ədəd büküm zərfə qoyulmuş, zərfin ağzı zərflər üçün nəzərdə tutulmuş 175 nömrəli möhür ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra video çəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olunmamış, o heç bir etiraz etmədən narkotik vasitə olan bükümləri təqdim etmişdir. Təqsirləndirilən şəxs məhz onlar saxlayaraq polis bölməsinə aparmışlar. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 və Şahid2 ifadələrində Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi şahid ifadələri, ekspkrtiza rəyləri və tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapır. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında 30 iyul 2021-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri rayon Binəqədi rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 01 avqust 2020-ci il tarixli 4(001)-655/2020 qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 30 iyul 2020-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan və DVD diskdən görünür ki, Binəqədi RPİ-nin 6-cı polis bölməsinin təhqiqatçısı, polis mayoru Kamandar Ələsgərov 6-cı polis bölməsinin inzibati binasının xidməti iş otaqların birində üzərində qanunla qadağan olunmuş əşyaların, yəni narkotik vasitənin olduğu güman edildiyindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs video çəkilişdən istifadə edilməklə 30.07.2020-ci il tarixdə üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanıldığını bildirmişdir. Daha sonra X1 şəxsi axtarış və götürmənin aparılmasında iştirak edən polis əməkdaşlarının, ilkin təhqiqat araşdırılması aparılanı təqdim etmiş və iştirakçılar barədə məlumat vermişdir. Sonra bütün iştirakçıların hüquq və vəzifələri izah edilmişdir. Daha sonra X1 şəxsi axtarışın başlandığını bildirməklə şübhəli kimi gətirilən şəxsə üstündə, paltarında, paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları könüllü təqdim etməyi təklif etmişdir. Vətəndaş Təqsirləndirilən şəxs əynindəki qara rəngli parça şalvarın sağ yan cibindən 2 ədəd bükümü masanın üzərinə qoymuş və üzərində heç bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərindən heç bir əşya aşkar edilməmişdər. Daha sonra Təqsirləndirilən şəxs ayağında olan tərliyə baxış keçirilmiş, lakin heç nə aşkar edilməmişdir. Həmin bükümlərdə nə olduğu Təqsirləndirilən şəxs soruşan zaman Təqsirləndirilən şəxs həmin bükümlərdə narkotik vasitə heroin olduğunu, heroini 30.07.2020-ci il tarixdə səhər saatlarında Papanin adlanan yerdə tanımadığı şəxsdən 80 manata aldığını bildirmişdir. Bundan sonra X1 tərəfindən Təqsirləndirilən şəxsdun təqdim etdiyi 02 ədəd bükümlər zərfə qoyularaq zərfin ağzı zərflər üçün nəzərdə tutulmuş möhür ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra video çəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılır. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 31.07.2020-ci il tarixli, 6/1433 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs.... sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 12,872 qr., 4,190 qr., ümumi təmiz 17,062 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Bundan başqa iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 18.08.2020-ci il tarixli, 6/1461 saylı rəyindən görünür ki, təqdiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs.... sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 12,822 qr., 4,140 qr., ümumi təmiz 16,962 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizanın 21.09.2020-ci il tarixli, 2600 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zaman Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metanfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ilkin ümumi çəkisi 17,062 qram olmuş narkotik vasitə olan heroinin cinayət işinə əlavə edilməklə maddi sübut kimi tanınması və qalıq qalmış 16,962 qram çəkidə narkotik vasitə olan heroin məsul saxlanı şüçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq istintaq materiallarına əlavə edilmidir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin 22.05.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 04 il 06 ay azadlıqdan məhrum edilmişdir. 23.05.2017-ci il tarixdə Nizami rayon məhkəməsinin qərarı ilə 01 ay, 14 gün vaxtından əvvəl şərti azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və onda cinayətlərin residivi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Binəqədi rayon məhkəməsinin 31.07.2020-ci il tarixli qərarından görünür ki, Binəqəri RPİ-nin 6-cı PB rəisi vəzifəsini müvəqqəti icra edən Ramin Mehtiyevin əməliyyat-axtarış təbdirinin həyata keçirilməsi haqqında 30 iyul 2020-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməlləri törətməsini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə özünü təqsirli bilməməsi barədə ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cü və 61-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddi sübut kimi tanınaraq Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş 02 ədəd bükümdə ilkin təmiz çəkisi 17,062 qram olmuş narkotik vasitə olan heroindən qalıq qalmış 16,962 qram çəkidə narkotik vasitə olan heroin məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan maddi sübut kimi tanınmış 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 30 iyul 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 163,64 (yüz altmış üç manat altmış dörd qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 30 iyul 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş 02 ədəd bükümdə ilkin təmiz çəkisi 17,062 qram olmuş narkotik vasitə olan heroindən qalıq qalmış 16,962 qram çəkidə narkotik vasitə olan heroin məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan maddi sübut kimi tanınmış 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 163,64 (yüz altmış üç manat altmış dörd qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar