Məhkəmə qərarları › İş №1(101)-982/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-982/2025

17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-982/2025 17.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun üzvü Müdafiəçi iştirakları ilə, xx xxx 1982-ci il tarixdə Qazax rayonunda doğulmuş, ali təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-53/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, “Nizami” metrostansiyasının yaxınlığında kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi və ya CM) 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs ittiham irəli sürülmüşdür ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 2,410 qram olan narkotik vasitə heroini, xeyli miqdarda, yəni 2,877 qram olan narkotik vasitə tiryəki və xeyli miqdarda, yəni 1,913 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır.

İşin faktiki halları

2. İttiham aktına görə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli və xeyli miqdarda, psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olan “Abbas” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında əvvəldən əldə edilən razılaşmaya əsasən 04 iyul 2024-cü il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Nəsimi rayonunun «Kubinka» adlanan ərazisinə gələrək sonuncudan bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 2,410 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 1,913 qram olan ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin və bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 2,877 qram tünd qəhvəyi rəngli qətrana bənzər kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə tiryəki qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 04 iyul 2024-cü il tarixdə saat 23:20 dəqiqədə Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında piyada hərəkət edən zaman saxlanılaraq, Yasamal Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 2,410 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 1,913 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 2,877 qram tünd qəhvəyi rəngli qətrana bənzər kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Şəxsi axtarış və götürmə aparılması haqqında tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokol və ona əlavə olunmuş diskdən, CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sarı rəngli yapışqan kağız büküm çıxarıb təqdim etmiş, həmin büküm açılan zaman içərisində 03 ədəd şəffaf sellofan büküm aşkarlanmışdır. Həmin bükümlərdən 01 ədəd şəffaf sellofan büküm açılan zaman içərisində qəhvəyi rəngli maddə aşkar olunmuş, həmin maddənin nədən ibarət olduğu soruşulduqda o bildirmişdir ki, həmin bükümün içərisində narkotik vasitə heroindir. Digər 01 ədəd şəffaf sellofan büküm açılan zaman içərisində ağ rəngli kristal formalı maddə aşkarlanmış, həmin maddənin nədən ibarət olduğunu soruşduqda o bildirmişdir ki, həmin bükümün içərisində metamfetamindir. Digər 01 ədəd şəffaf sellofan büküm açılan zaman içərisində qara rəngli bərk maddə aşkarlanmış, həmin maddənin nədən ibarət olduğu soruşulduqda o bildirmişdir ki, həmin bükümün içərisində tiryəkdir və həmin maddələri İran İslam Respublikasının vətəndaşı Abbas adlı şəxsdən 100 manat civarında pul ödəyərək götürmüşdür. Həmin şəxs “Whatsapp” tətbiqi vasitəsilə əlaqə saxlayaraq ona məkan göndərmiş və o, həmin maddələri məkan göndərdiyi ünvandan götürmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddələr ekspertizaya təqdim edilməsi üçün 01 ədəd ağ rəngli zərflə qablaşdırılaraq götürülmüş, bundan başqa Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən içərisində ***-***-**-** nömrə olan “Xiaomi-Redmi” markalı mobil telefon təqdim etmişdir. Telefon materiala əlavə edilməsi üçün 01 ədəd ağ rəngli zərflə qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən pul qabını çıxardaraq təqdim etmişdir. Həmin pul qabına baxış keçirilərək içərisində 01 ədəd açar aşkar olunmuş, əhəmiyyət kəsb etmədiyi üçün pul qabı açarla birgə özünə qaytarılmışdır. (cild 1, iş vərəqi 32-34; 98).

4. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3484 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: - Tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №42” möhür əksi, “/imza/ Təqsirləndirilən şəxs; /imza/ X6; /imza/ Şahid2; /imza/ Şahid1; Təhq: /imza/ Ariz Qədiməliyev” yazılar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,913 qram olan ağ rəngli, kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,410 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir; - 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,877 qram olan tünd qəhvəyi rəngli, qətrana bənzər maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- tiryəkdir. - Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İİ) daxildir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Tiryək Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. - Qeyd: Metamfetaminin təmiz çəkisi 1,913 qram olmuş, 0,10 qram tədqiqata sərf edildikdən sonra 1,813 qram qalıq qalmışdır. Heroinin ümumi təmiz çəkisi 2,410 qram olmuş, 0,10 qram tədqiqata sərf edildikdən sonra 2,310 qram qalıq qamışdır. Tiryəkin təmiz çəkisi 2,877 qram olmuş, 0,10 qram təqdiqata sərf edildikdən sonra 2,777 qram qalıq qalmışdır. Aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil edir. (cild 1, iş vərəqi 42-44)

5. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, 04 iyul 2024-cü il tarixdə keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov 25 ünvanında saxlanılmışdır. Yasamal Rayon Polis İdarəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilən zaman 01 ədəd bükümdə sarı rəngdə olan bükülü aşkarlanmış, həmin bükülünün içərisi nəzərdən keçirildikdə 3 ədəd müxtəlif növdə narkotik tərkibli maddəyə bənzər qanunsuz maddələr aşkarlanmış və həmin bükümlər təhqiqatçı tərəfindən qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuş, polis əməkdaşlarına hər hansı müqavimət göstərməmiş və könüllü şəkildə Yasamal Rayon Polis İdarəsinə gəlmiş, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmiş, sonuncu həmin narkotik tərkibli maddələri “Kubinka” ərazisindən əldə etdiyini demiş, videoçəkilişdə iştirak etmiş, o və digər polis əməkdaşı tərəfindən təqsirləndirilən şəxsə əlavə videoçəkilişdə nümayiş etdirilməsi üçün heç bir kütlə təqdim olunmamış, ərazidə xidmətdə olan zaman saxlanılmış, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləmiş, imzalar ona məxsus olmuşdur.

6. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 Şahid1 məhkəmə iclasında verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək Təqsirləndirilən şəxs üzərindən ittihamda qeyd edilən sayda və növdə narkotik vasitə heroin, narkotik vasitə tiryək və psixotrop maddə metamfetamin aşkarlandığını bildirdi.

7. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, uzun müddətdən bəri müxtəlif narkotik vasitələrdən istifadə etmişdir. Bu, onda birbaşa asıllıq yaratdığı üçün narkotik maddələrdən istifadə etmədikdə ağrıları şiddətlənir və bu zaman məcbur olub haradansa narkotik vasitə, yaxud psixotrop maddə tapıb qəbul edir. Belə ki, 04 iyul 2024-cü il tarixdə saat 22:30 radələrində narkotik vasitə, yaxud psixotrop maddə almaq üçün Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka” deyilən əraziyə tərəf getmiş, orada üzdən tanıdığı, lakin anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşı Abbas adlı şəxsdən 100 manat pul müqabilində şəxsi istifadəsi üçün üç ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü alıb əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibinə qoymuş, həmin üç ədəd bükümün içərisində narkotik vasitələr olan heroinlə tiryək və psixotrop maddə olan metamfetamin olmuşdur. 04 iyul 2024-cü il tarixdə saat 23:20 dəqiqədə o, ünvan 3 ünvanın qarşısında piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslərdən onu hansı səbəbə saxladıqlarını soruşduqda polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələrlə psixotrop maddələrin əldə olunmasında, istifadəsində və dövriyyəsində şübhəli olduğunu bildirib onu polis idarəsinə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Yasamal Rayon Polis İdarəsinin inzibati binasına getmiş, orada xidməti otaqda müdafiəçisinin iştirakı ilə təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunmuş, bundan sonra isə tələb edilmişdir ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin. O da həmin an üzərində olan narkotik vasitələrlə psixotrop maddəni gizlətməyin mümkün olmadığını görüb əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibində gizlətdiyi sarı rəngli yapışqan kağıza bükülmüş bir ədəd bükümü çıxarıb masanın üstünə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açılarkən içərisində şəffaf sellofana bükülmüş üç ədəd büküm aşkarlanmışdır. Ondan təqdim etdiyi üç ədəd bükümün içərisindəki maddələrin nə olduğu və həmin maddələri haradan əldə etdiyi soruşulduqda o bildirmişdir ki, həmin bükümlərin birinin içərisindəki psixotrop maddə olan metamfetamindir, digər iki bükümün içərisindəkilər isə narkotik vasitələr olan heroinlə tiryəkdir. Bundan sonra üzərindən aşkar olunmuş psixotrop maddə ilə narkotik vasitələr gözünün qarşısında təhqiqatçı tərəfindən içərisi boş olan zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və zərfin üzəri iştirakçılar, müdafiəçisi və onun tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə zamanı o, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində saxladığı içərisində ***-***-**-** nömrəsi olan bir ədəd «Xiomi-Redmi» markalı mobil telefonu təqdim etmişdir. Həmin mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür.

8. Məhkəmə istintaqı zamanı tədqiq olunan xx.xx.2024-cü il tarixli əməliyyat raportundan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən xx.xx.1982-ci il tarixdə ünvan 7 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, yasamal rayonu, “Nizami” metrostansiyasının yaxınlığında kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi, satması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. (cild 1, iş vərəqi 4)

9. xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar, 3-xx-xx/7309/2024 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə sözügedən əməliyyat qərarı qanuni hesab edilmişdir. (cild 1, iş vərəqi 6-7; 8; 77)

10. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqi 20; 21)

11. 20.09.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild 1, iş vərəqi 117-118)

12. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 6333 nömrəli rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqi 109-110).

13. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2709 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən ziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə ifadə vermək, baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. (cild 1, iş vərəqi 112-113)

14. “Maddi sübut kimi tanınması haqqında” xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Xiaomi-Redmi” markalı mobil telefon, bir ədəd bükümdə təmiz çəkisi 1,913 qram psixotrop maddə metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 2,877 qram olan narkotik vasitə tiryək və bir ədəd bükümdə təmiz çəkisi 2,410 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,813 qram psixotrop maddə metamfetamin, 2,777 qram narkotik vasitə tiryək və 2,310 qram narkotik vasitə heroin saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 78-79).

15. "xxxx" MMC-dən ələ keçirilərək götürülmüş CD formatlı diskin yaddaşına köçürülmüş məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli və “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkarlanmamışdır (cild 1, iş vərəqi 132; 133-134).

16. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 53/1- 24710/24 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İran islam respublikasının vətəndaşı “Abbas” adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmasa da, Təqsirləndirilən şəxs yaşadığı ərazidə narkotik vasitə və yaxud psixotrop maddələrin satışı ilə məşğul olması barədə bir sıra məlumatlar daxil olmuşdur (cild 1, iş vərəqi 135).

17. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, maddi sübut kimi tanınma haqqında qərarın mövcudluğu nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə hərəkəti prosesinə dair videoçəkilişi özündə əks etdirən “CD-R” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, həmin disk, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və digər istintaq sənədləri sübut kimi qiymətləndirilmişdir. (cild 1, iş vərəqi 136-145)

18. “Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr olan heroin və tiryək, psixotrop maddə metamfetamini əldə etdiyi şəxsiyyəti istintaqa məlum olmayan şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə hazırki cinayət işindən ayrıca cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 147-148).

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

19. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, 2024-cü ilin iyul ayında “Kubinka” ərazisində Yasamal Rayon Polis İdarəsinin polis əməkdaşları tərəfindən saxlanılmışdır. Üzərində şəxsi axtarış və baxış keçirilən zaman polis əməkdaşları üzərindən 100 manat pul müqabilində şəxsi istifadəsi üçün əldə etdiyi narkotik tərkibli maddələri aşkar etmişlər. O, həmin narkotik tərkibli maddələri şəxsi istifadəsi məqsədilə əldə etmiş, heç bir satış niyyəti olmamışdır. O, əvvəl elə bilmişdir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş, lakin sonradan əməlinin Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə tövsif edilməsini öyrənmişdir. Bundan əvvəl narkotik tərkibli maddənin istifadəçisi kimi məhkumluğu olmuş, bu səbəbdən narkoloji dispanserdə qeydiyyatdadır. Təqsirləndirilən şəxs məhkəmə baxışında həmçinin bildirmişdir ki, narkotik tərkibli maddəni şəxsi istifadəsi məqsədilə İran İslam Respublikasının vətəndaşından əldə etmiş, həmin şəxslə “İnstagram” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamış, heroin və metamfetamin istifadəçisi olmuş, əvvəllər də həmin şəxsdən narkotik tərkibli maddə əldə etmiş, “Kubinka” ərazisinə həmin narkotik tərkibli maddəni əldə etmək məqsədilə getmiş, 100 manat müqabilində narkotik tərkibli maddələri almış, polis əməkdaşları ona heç bir fiziki və psixi zorakılıq etməmiş, üzərindən çıxan narkotik tərkibli maddələr ona məxsus olmuş, 1,5 qram heroin, 1,5 qram metamfetamin və 2 qram tiryək əldə etmək üçün getmiş, narkotik tərkibli maddəni alan zaman tərəzi vasitəsilə çəkməmiş, könüllü şəkildə narkotik tərkibli maddələri təqdim etmiş, gözünün qabağında həmin narkotik tərkibli maddələr qablaşdırılmış, polis əməkdaşları tərəfindən əlavə maddə qoyulub-qoyulmadığını bilməmişdir. Hüquqi məsələlər:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

20. CM-in 234.4.1-ci və 234.4.3-cü maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

21. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

22. Maddə 17.1. Bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır.

23. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

24. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

25. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

26. Maddə 56.1.3. Xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

27. Maddə 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.

28. Maddə 66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.

29. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

30. Maddə 15.4, 18.1, 83.3.3 və 83.6. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

31. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

32. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

33. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

34. Maddə 125.8. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

35. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

36. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

37. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

38. Maddə 138.2. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.

39. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

40. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, psixotrop maddə metamfetaminin və narkotik vasitə heroinin hər birinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, narkotik vasitə tiryəkin təmiz halda 0,5 qrama qədəri şəxsi istehlak miqdarı, 50 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

41. Maddə 1.0.1. Narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir).

42. Maddə 1.0.2. Psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır.

43. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

44. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

45. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

46. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı

47. Qərarın 9-cu bəndi və 25-ci bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

48. Qərarın 16-cı bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.1-1-ci maddəsində həmin Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir.

49. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib törədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

50. Qərarın 37-ci bəndi. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

51. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir.

52. Belə ki, xx.xx.2024-cü il tarixli 53/1-24710/24 nömrəli əməliyyat məlumatı mövcud olsa da, sonradan Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddənin satışı və dövriyyəsi ilə məşğul olması sübuta yetirilməmişdir. Şahid ifadələri, mobil nömrə və mobil telefonda olan məlumatlar, eləcə də cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı, qanunsuz dövriyyəsi ilə məşğul olması barədə hər hansı məlumat aşkarlanmamış, onun istehlakçı ilə əvvəlcədən razılıq, habelə onda narkotik vasitə və ya psixotrop maddələrin hazırlanması üçün avadanlıq müəyyən edilməmiş, həmin maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi və ya saxlanılması, hazırlanması, istehsal etmə, emal etmə, daşıma, göndərmə halları müəyyən olunmamışdır. (hökmün 16-cı və 46-cı bəndləri)

53. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 01 ədəd bükümdə külli miqdarda 2,410 qram çəkidə narkotik vasitə heroini, 01 ədəd bükümdə xeyli miqdarda 2,877 qram çəkidə narkotik vasitə tiryəki və bir ədəd bükümdə 1,913 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədilə yox, satış məqsədi olmadan əldə edib, üzərində saxlamaqla daşımışdır.

54. Narkotik vasitələr və psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı verdiyi ifadələri, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

55. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş narkotik vasitələr və psixotrop maddənin növü qadağan olunmuş əşya olduğundan və miqdarları qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. (hökmün 40-42-ci bəndləri)

56. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni, habelə xeyli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. (hökmün 51-53-cü bəndləri)

57. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs üzərində ittihamda göstərilən miqdarda yox, 1,5 qram çəkidə narkotik vasitə heroin, 1,5 qram çəkidə psixotrop maddə metamfetamin və 2 qram çəkidə narkotik vasitə tiryək almaq üçün getdiyini bildirmişdir.

58. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji, fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nədə başqa şəxslər bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət aşkarlanması və onun döyülməsi barədə məlumat verməmişdir.

59. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə baxışında şəxsi axtarış və götürmə istintaqı hərəkətini mübahisələndirməmişdir. Həmin istintaq hərəkətinin videoçəkilişdən görünür ki, videoyazı fasiləsiz aparılmış, hər hansı kəsintiyə yol verilməmiş, təqsirləndirilən şəxs könüllü şəkildə cibindən narkotik vasitələri və psixotrop maddəni çıxarıb təqdim etmiş, təhqiqatçı tərəfindən qablaşdırılmaqla, iştirakçılar tərəfindən imzalanıb möhürlənmişdir. Daha sonra müvafiq zərf ekspertizaya göndərilmiş və ekspertizanın nəticəsinə dair rəy tərtib edilməklə cinayət işinin materiallarına əlavə olunmuşdur. (hökmün 3-4-cü bəndləri)

60. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.

61. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik tərkibli maddələrdən yalnız narkotik vasitə heroinin külli miqdar təşkil etməsini, digər narkotik vasitə tiryək və psixotrop maddə metamfetaminin isə xeyli miqdarda olmasını, təqsirləndirilən şəxsin opioid və psixostimulyatorların birgə qəbulu nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkməsini, narkotik vasitə və psixotrop maddələrin satışına dair hər hansı məlumatın işdə mövcud olmamasını, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitələr və psixotrop maddəni qanunsuz olaraq satış məqsədi olmadan əldə etmiş, üzərində saxlamaqla danışmışdır. (hökmün 2, 3, 4, 12 və 52-ci bəndləri)

62. Məhkəmə tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu ilə təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməklə həmin cinayətdə təqsiri müəyyən edildiyindən ittiham hökmü çıxarmaq qənaətinə gəlir.

63. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

64. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (hökmün 21-25-ci bəndləri).

65. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin səmimi etirafını, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı davranışını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.

66. Məhkəmə CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivinin mövcudluğunu nəzərə alır. (hökmün 30-cu bəndi)

67. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsilə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə CM-in 76-cı maddəsinin tələblərinə əsasən o, 02 (iki) ay 01 (bir) gün müddətinə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. (cild 1, iş vərəqəsi 82-83)

68. Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-53/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə 01 (bir) il 09 (ay) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 2 gün müddət çıxılaraq üzərində 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır.

69. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-53/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadıqdan məhrumetmə cəzası hazırkı iş üzrə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla ona cinayətlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs birinci hökm üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə cəmi 02 (iki) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, təyin edilmiş cəzadan çıxılmalı və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 04 iyul 2024-cü il tarixdən hesablanmalıdır. (hökmün 22, 27-29-cu bəndləri)

70. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

71. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (hökmün 30-cu bəndi).

72. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 06 iyul 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 21, 67-69, 178-179, 201-202, 246-247). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidr (hökmün 10, 29-cu bəndləri).

73. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 04 iyul 2024cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

74. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

75. İş üzrə maddi sübut olan, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,813 qram psixotrop maddə olan metamfetamin, 2,310 qram narkotik maddə olan heroin və 2,777 qram narkotik maddə olan tiryək məhv edilməli, xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, xx.xx.2024-cü il tarixdə şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Xiaomi Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılmalıdır. (hökmün 14;17-ci bəndləri).

76. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır (hökmün 12-ci bəndi).

77. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (hökmün 4-cü bəndi).

78. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinsin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli, 1(001)-53/2025 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırki hökmlə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına qismən toplanılmaqla, ona qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli, 1(001)-53/2025 nömrəli hökmü üzrə Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixdən 28 yanvar 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, bir günə bir gün hesabı ilə cəmi 02 (iki) gün müddətə azadlıqdan məhrumetmə cəzası hesablansın və təyin edilmiş cəzadan çıxılaraq üzərində 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti, yəni hazırki iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 04 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,813 qram psixotrop maddə olan metamfetamin, 2,310 qram narkotik maddə olan heroin və 2,777 qram narkotik maddə olan tiryək məhv edilsin. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. xx.xx.2024-cü il tarixdə şəxsi axtarış və götürmə aparılarkən aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Xiaomi Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar